Azərbaycandakı dini icmalar və Azadlıq Partiyasının sədri Prezidentə təşəkkür edirPrezident İlham Əliyevin rəhbərliyi altında dövlətin resurslarının koronavirusla mübarizəyə səfərbər olunması artıq effekt verməkdədir. Ölkə üzrə son günlərin statistikası gələcəyə nikbin baxmaq üçün stimuldur.

Azərbaycan üzrə koronavirusdan sağalma hallarının yoluxma hallarını üstələməsi dövlətin məqsədyönlü siyasətinin və tibb işçilərinin qəhrəmancasına səylərinin təzahürüdür.

Prezident İlham Əliyevin uzaqgörənliyi və qabaqlayıcı konsepsiyasının nəticəsi olaraq ölkədə koronavirusun yayılma arealı məhdudlaşdırılıb. Azərbaycan xalqı bütün bunları dəyərləndirir və ölkə başçısına təşəkkür edir. Əhalinin dövlət başçısına etibarının göstəricilərindən biri də Prezidentə ünvanlanan minnətdarlıq məktublarıdır.

Bu dəfə Prezidentə minnətdarlıq edənlər sırasında dini statusuna görə fərqlənən şəxslər də yer alıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete, Alban-udi icmasının rəhbəri Robert Mobilinin Prezidentə ünvanladığı birgə müraciətində yazılır:

“Bir Olan Yaradanın adı ilə.

Möhtərəm cənab Prezident!

Biz, Azərbaycanda yaşayan dini konfessiya rəhbərləri, ölkəmizin din xadimlərinin və dindarların iradəsini, həmçinin çox sayda müraciətlərini nəzərə alaraq, Sizə - Azərbaycan xalqının ümummilli rəhbərinə və Birinci vitse-prezident Mehriban xanıma bu çətin dönəmdə həyata keçirdiyiniz böyük işlərə, nümayiş etdirdiyiniz xüsusi diqqətə, səmimi müraciətlərinizə, xalqa ünvanlı maddi-mənəvi dəstəyə görə dərin minnətdarlığımızı ifadə edirik. Bu, bizim dini rəhbərlər olaraq mənəvi borcumuzdur və biz bunu təmsil etdiyimiz dini icmalar adından böyük məmnuniyyətlə bəyan edirik.

Zati-aliləri!

Dünyanın mürəkkəb dövr yaşadığı, həyatın bütün sahələrində gərgin imtahanlardan keçdiyimiz bir zamanda biz yenə də Sizin şəxsiyyətinizin və dövlət xadimi olaraq əzəmətinizin şahidi olduq. Koronavirus bəlasının qarşısının alınmasında misilsiz əməyinizlə, Zati-aliləriniz, Azərbaycan xalqının yenilməz lideri, ümummilli dövlət xadimi kimi nəzərimizdə bir daha ucaldınız. Ulu Yaradanın lütfü ilə Siz insanlara ümid bəxş edən, həyatları xilas edən qəhrəman Vətən övladı timsalında xalqın qəlbində yer almısınız.

Möhtərəm cənab Prezident!

Bütün səmavi dinlərdə bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etmək qədər yüksək dəyərləndirilir. Uca Yaradanımıza xoş gedən bu missiyanın reallaşması baxımından Sizin hər bir vətəndaşımızın həyatının qorunması uğrunda gecəli-gündüzlü mübarizə aparmağınız, öz nümunənizlə hamımızın birlikdə güclü olduğumuzu nümayiş etdirməyiniz tarixə həkk olundu. Dünyanın aparıcı dövlətlərinin belə qibtə edəcəyi çeviklik, operativliklə ərsəyə gələn yeni xəstəxanalar, ölkəyə gətirilən tibbi qurğular və zamanında verdiyiniz dəyərli qərar və Sərəncamlar sayəsində cəmiyyətimiz səfərbər edildi və Azərbaycanda xəstəlik üzərində qalibiyyətin bünövrəsi qoyuldu. Azərbaycanda koronavirusa yoluxma hallarının aşağı səviyyəsi, sağalanların daha çox sayda olması görülən böyük işlərin, davamlı və gərgin zəhmətin nəticəsidir. Həmçinin cənabınızın COVİD-19 pandemiyası ilə mübarizəyə beynəlxalq müstəvidə dəstəyi, müvafiq qurumlara, dünya birliyi ölkələrinə humanitar yardımı ölkəmizin ümumbəşəri bəla ilə mübarizədə real iştirakının bariz nümunəsi, bəşəri yardımlaşmaya gözəl örnəkdir. Zati-alilərinizin Azərbaycan həkimlərinin fədakar əməyinə verdiyi yüksək dəyərə biz də qoşulur, hökumətimizin, bütün aidiyyəti dövlət qurumlarının zəhmətini təqdirəlayiq qiymətləndiririk. Əminik ki, Sizin rəhbərliyinizlə görülən misilsiz tədbirlər, bu mürəkkəb dövrdə iqtisadi islahatların davam etdirilməsi yönündə səyləriniz, sosial rifaha dair addımlarınız və ən əsası, xalq-dövlət birliyi sayəsində Azərbaycan bu sınaqdan tezliklə uğurla çıxacaq.

Möhtərəm cənab Prezident!

Biz, Azərbaycanın dini konfessiya rəhbərləri, təmsil olunduğumuz dünya dini liderlərinin nüfuzlu platforması olan Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin çoxsaylı üzvlərinin də iradəsini ifadə edərək, cənabınızın uzun illər ərzində ümumbəşəri əhəmiyyətli səmərəli fəaliyyətini, ələlxüsus, pandemiya dövründə bəşərin qorunması yönündə milli və qlobal müstəvidə atdığınız addımları təqdirəlayiq hesab edir, Sizi dünya miqyaslı lider və Azərbaycan millətinin qəhrəman oğlu kimi dəyərləndiririk.

Möhtərəm cənab Prezident!

Biz bir daha Sizin ümumbəşəri bəla ilə fövqəladə mübarizənizə öz dəstəyimizi ifadə edirik. Dünya yəhudiləri üçün önəmli bayram olan Pesax, dünya xristianlarının müqəddəs Pasxa bayramı münasibətilə Cənabınızın və hörmətli Mehriban xanımın səmimi təbriklərinə görə dərin minnətdarlığımızı bildiririk. Uca Rəbbimizdən istəyimiz budur ki, Sizin siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyiniz fövqəladə işlər, xalqa bəxş etdiyiniz böyük ümid və dayaq Vətənimiz Azərbaycanın hər sahədə zəfərini təmin etsin, ölkəmizin tezliklə virus təhlükəsindən qurtulmasına rəvac versin. Dünya müsəlmanlarının mübarək Ramazan ayı ərəfəsində böyük ehtiram hissi ilə Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar arzulayır, Uca Allahdan hər zaman yardımçınız olmasını diləyirik. O Bir Olan Yaradanımız Azərbaycan xalqını və bütün bəşəriyyəti hifz etsin. Amin”.

Prezidentin koronavirusla mübarizə siyasəti müxalifət partiyasının da təşəkkürünə səbəb olub. Azadlıq Partiyasının sədri Əhməd Oruc və onun ailəsi adından ölkə başçısına ünvanlanan məktubda bildirilir:

“Möhtərəm cənab Prezident.

İcazə verin, ailəmiz üçün ən çətin anlarda – atam, Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhətindəki problemlər ucbatından düşdüyümüz çıxılmaz vəziyyətdə bizə etdiyiniz yardıma, göstərdiyiniz dəstək və qayğıya görə Sizə sonsuz minnətdarlığımızı bildirək.

Sizə olan təşəkkür və rəğbətimiz sonsuzdur. Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə aparılan bu gərgin şəraitdə bizə göstərdiyiniz xüsusi diqqət, müxtəlif siyasi baxışlara məhəl qoymadan atdığınız nəcib addım Sizin ən yüksək insani keyfiyyətlərə malik əsl lider olduğunuzu bir daha təcəssüm etdirir. Sizin və çox hörmətli Mehriban xanımın hər bir vətəndaşı düşünməsinin, ehtiyacı olan hər bir kəsin yardımına tələsməsinin bariz nümunəsini şəxsən gördük.

Atamın həyatı ciddi təhlükə altında olduğu məqamda etdiyiniz əvəzsiz köməyi heç vaxt unutmayacağıq”.

Zərdab rayonunun Qoruqbağı kəndindin Mustafa Mustafayev yazır:

“Mənim 80, həyat yoldaşımın isə 68 yaşı var. Karantin rejiminə əməl edərək evdən çıxmırıq. Təqaüd və müavinətlər alsaq da, heç bir maddi sıxıntımız olmasa da, bu günlərdə xüsusi diqqət və qayğı ilə əhatə olunmuşuq. Tez-tez ərzaq yardımı, müxtəlif hədiyyələr alırıq. Cənab Prezident, dövlətimizin qərarları bizim üçün qanundur. Allah tezliklə bu bəlanı ölkəmizin başının üstündən yox etsin. Sizin əməyiniz qarşısında baş əyir, xalqımızın bu zəhmətinizi heç vaxt unutmayacağına əminəm. Çünki bilirəm, bu əməyi, bu zəhməti unudan Allahı unudar. Allah Sizi Azərbaycan xalqına çox görməsin”.

Masallı rayonundan Ələşrəf Niftiyev və Füzuli Abdullayev məktublarında bildirirlər:

“Möhtərəm cənab Prezident.

Sizi Masallı rayonunun ağsaqqalları, ziyalıları, ictimai fəalları adından salamlayır və əhalinin sosial rifahı naminə görülən işləri ürəkdən bəyəndiyimizi bəyan edirik. Siz Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolu ilə gedərək ölkəmizi daim tərəqqiyə doğru aparırsınız. Siz dünyanı bürüyən amansız düşmən - koronavirusa qarşı uzaqgörən siyasətinizlə bu xilaskarlıq missiyasını davam etdirirsiniz.

Cənab Prezident, Siz daim xalqla birlikdəsiniz, xalqımız da çağırışlarınıza, tövsiyələrinizə əməl edir. Çünki bilirik ki, Sizin yolunuz nicat yoludur. Biz Sizin qətiyyətli addımlarınızı bəyənir və tezliklə pandemiya üzərində qələbə çalacağımıza əminik”.

Bakının Qaradağ rayonundan Orxan Vəliyev qeyd edir:

“Möhtərəm cənab Prezident.

Mən bir azərbaycanlı gənc tələbə kimi bu məktubu yazmağı özümə borc bildim. Hər şeydən əvvəl onu bildirim ki, biz - Azərbaycan gəncləri, eyni zamanda, bütün Azərbaycan vətəndaşları Sizinlə qürur duyuruq. Biz hər zaman Sizin bütün qərarlarınızı dəstəkləyir və fəaliyyətimizdə onları rəhbər tutaraq addım atırıq. Biz bilirik ki, hər zaman bizim arxamızda Sizin kimi liderimiz dayanıb. Əminik ki, Sizin uğurlu və düşünülmüş siyasətiniz biz azərbaycanlılara bütün çətin sınaqlardan çıxmağa kömək edəcək. Mən şəxsən öz adımdan və təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Məlumdur ki, dünyanı cənginə almış yeni növ koronavirus pandemiyası Azərbaycanımızdan da yan keçməyib. Lakin biz çox xoşbəxt xalqıq ki, Sizin kimi böyük liderimiz var. Dünyanın bir çox inkişaf etmiş ölkələri bu virusun qurbanına çevrilsə də, deyə bilərik ki, Azərbaycan bu gün tale əhəmiyyətli sınaqdan uğurla çıxmaqdadır. Təbii ki, bu, Sizin uzaqgörən siyasətinizin uğurlu nəticəsidir.

Cənab Prezident, Sizə hər zaman xalqınızın yanında olduğunuz üçün bütün gənclər adından təşəkkürümü bildirirəm. Var olun. Allah Sizi xalqımıza çox görməsin. Siz dünya liderlərinin arasında əvəzolunmazsınız və biz gənclərin idealısınız. Biz Sizinlə fəxr edirik”.

Zaqataladan Famil Rəhimov yazır:

“Əziz və hörmətli Prezidentimiz.

Hər bir yaxşı və çətin gündə Siz xalqımızın, gənclərimizin yanında olmusunuz və hər zaman Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini düşünürsünüz.

Sizin xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhval-ruhiyyə yaradır. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz “Biz birlikdə güclüyük!” çağırışını biz - Zaqatala rayonunun gəncləri yekdilliklə dəstəkləyirik.

Tərəfinizdən koronavirus pandemiyası ilə bağlı görülən bütün tədbirlərə, vətəndaşların sağlamlığına və sosial rifahına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkür edirik.

Hər zaman çətin məqamlarda ölkə vətəndaşlarının yanında olduğunuzu bir daha sübut etdiniz. Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. Bu gün biz inamla və fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin qurduğu, cənab Prezidentimizin inkişaf etdirdiyi qüdrətli və müstəqil Azərbaycanın vətəndaşıyıq. Zaqatala rayon gəncləri adından xalqımızın, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə can sağlığı və uzun ömür arzulayıram”.

Şabran rayonundan şair-publisist Zakir Bayramlı bildirir:

“Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz və təşkilatçılığınızla respublikamızda koronavirusla bağlı xüsusi karantin rejimi üzrə görülən tədbirləri alqışlayırıq. Sizin sərəncamlarınız və verdiyiniz xüsusi tapşırıqlar əsasında vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə bu qorxulu və dəhşətli pandemiyanın yayılması tempini xeyli aşağı salmaq mümkün olub. Karantin müddətində əhalinin normal yaşamasının və sosial rifahının təmin edilməsi üçün operativ və təxirəsalınmaz işlər həyata keçirilib. Bütün bunlar Sizin baş verəcək hadisələri qabaqcadan görmək bacarığınızdan, çətin və qorxulu situasiyaları qiymətləndirmək səriştənizdən, siyasi çevikliyinizdən və xalqa olan dərin məhəbbətinizdən irəli gəlir. Bütün sanitar-gigiyenik tədbirlərin görülməsini, insanların hərəkətinin məhdudlaşdırılmasını, cərimələrin tətbiqini və s. respublikamızda koronavirusdan qorunmağın yeganə yolu kimi dəyərləndiririk. Var gücünüzlə, qəlbən respublika əhalisinin qorxunc bəladan qurtulmasına çalışdığınıza görə, hörmətli Prezident, Sizə öz minnətdarlığımızı bildiririk”.

Kürdəmir rayonundan Elmir Həsənov qeyd edir:

“Əziz və dəyərli cənab Prezident.

Hal-hazırda bütün dünyanı lərzəyə gətirmiş yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq bütün dünya böyük narahatlıq içərisindədir. Bütün dövlətlər bu təhlükəli virusla əlaqədar var güclərini səfərbər ediblər. Lakin dünyada bəzi inkişaf etmiş dövlətlər belə bu təhlükənin qarşısını vaxtında almaq üçün zamanında ciddi yanaşmadılar və bunun nəticəsi kimi bu cür ölkələrdə böyük miqyasda insan tələfatı baş verir. Ancaq çox az sayda bu cür təhlükəli virusa qarşı çevik reaksiya verən dövlətlər oldu. Bu dövlətlərdən biri də və bəlkə birincisi bizim Azərbaycandır. Bu çevik addımların atılmasında Sizin tapşırıqlarınız və rolunuz danılmazdır. Bizim Azərbaycan xalqı uzun illər boyu bundan da böyük çətinliklərə qalib gəlmiş dözümlü xalqdır və bu böyük xalqın sizin kimi böyük siyasətçisi var. Mən bir gənc, tələbə olaraq dünyada gedən prosesləri diqqətlə izləməyə çalışıram və Sizin hər zaman dərin mənalı çıxışlarınıza baxaraq bununla qürur duyuram. Allah hər zaman Sizi qorusun, Sizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram, cənab Prezident”.

Göygöl rayonundan Dünya Quliyeva və başqaları yazırlar:

“Hörmətli cənab Prezident.

Son zamanlar bütün dünyanı zəbt etmiş koronavirus pandemiyası dövlətimizi də qayğılandırdı. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu.

Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Sizin televiziya kanallarında izlədiyimiz çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları bunun bariz nümunələridir.

Cənab Prezident, məlum vəziyyətlə əlaqədar verilən bütün qərarlarınızı dəstəkləyirik. Çünki bu, birbaşa bizim sağlamlığımızın qorunması üçün atılmış addımlardır. “Evdə qal” aksiyasında iştirak edən yaşlı və aztəminatlı təbəqənin nümayəndələri heç nədən korluq çəkmədi. Bu cür qayğı və diqqətə görə Sizə təşəkkür edirik.

Cənab Prezident, Göygöl rayonunun ahıl insanları və ağsaqqalları hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər”.

Cəlilabaddan Yaqut Baxışova və Əliməmməd Qürbətov bildirirlər:

Son zamanlar bütün dünyanı cənginə alan koronavirus pandemiyasına yoluxmayan ölkə qalmayıb. Pandemiya bizi həyat tərzimizi dəyişməyə vadar etdi. Ölkəmizdə epidemiyaya qalib gəlmək üçün misilsiz, genişmiqyaslı tədbirlər görülür.

Cənab Prezident, Siz dəfələrlə vəziyyətin çox ciddi olduğunu, hər birimizin həmrəylik və birlik nümayiş etdirdiyi təqdirdə bu yoluxmaya qalib gələcəyimizi vurğulamısınız. Biz həm də bu qələbəni güclü, qayğıkeş, qətiyyətli Prezidentimiz olduğuna görə qazana biləcəyik.

Cənab Prezident, Sizin bu gərgin anlarda necə gərgin iş rejimində işlədiyinizin şahidiyik. Vermiş olduğunuz hər bir tapşırıq vətəndaşların sağlamlığına xidmət edir.

Biz ahıllar “Evdə qal” aksiyasına qoşularaq karantin rejiminin qaydalarına riayət edirik. Karantin rejimində olmağımıza baxmayaraq, daim Sizin və dövlət qurumlarının diqqət mərkəzindəyik. Hər gün bizlərə qayğı göstərilir və tələbatlarımız ödənilir. Biz ahıllarda göstərilən diqqət və qayğıya görə Sizə minnətdarıq”.

Bakı sakini Kamil Mənsimov qeyd edir:

“Möhtərəm cənab Prezident.

Neçə ildir ki, Azərbaycan öz torpaqlarını azad etmək, Vətənimizin bütövlüyünü təmin etmək uğrunda xain, təcavüzkar, mənfur bir ölkə ilə mübarizə aparır. Sizin rəhbərliyinizlə görülən bütün işlər Azərbaycanı qələbəyə yaxınlaşdırır.

Bir neçə aydan bəri isə ölkəmiz gözəgörünməz düşmənlə üz-üzə qalıb. Lakin Sizin qətiyyətiniz, yüksək təşkilatçılıq qabiliyyətiniz bu bəla üzərində də qələbəni qaçılmaz etdi. Sizin müdrik rəhbərliyinizlə hər iki cəbhədə minimum itkilərlə qələbə qazanacağımıza əminik.

Siz pandemiya ilə mübarizə üçün bütün imkanları səfərbər etdiniz. Dünyanın inkişaf etmiş ölkələrini diz çökdürən pandemiya Azərbaycan uğurla həyata keçirilən qabaqlayıcı və səmərəli tədbirlər qarşısında təslim olaraq geri çəkilməyə başladı.

Biz hamımız inanırıq ki, Azərbaycanın gələcəyi Sizinlə daha da parlaq olacaq. Xalqımız Sizinlə qısa vaxtda bu bəlanın da öhdəsindən gələcək”.

Ağcabədi rayonundan Süleyman Şahverdiyev və başqaları yazırlar:

“Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım.

Hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar “Evdə qal” çağırışınıza əməl edib evdə qaldığımız halda, Siz yorulmadan bizim sağlamlığımız üçün gərgin rejimdə işləyirsiniz.

Məcburi köçkünlərə xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bizim ailələr Ağcabədi rayonunda salınmış yeni qəsəbədə evlə təmin olunub. Bundan başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar məktəblərin bağlanmasına baxmayaraq, övladlarımız təhsildən kənarda qalmır, televiziyada təşkil olunmuş onlayn dərslərdən yararlanırlar. Əməkhaqlarımız da vaxtında köçürülür.

Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə gərgin və yorulmaz işlərinizdə uğurlar arzulayıram. Allah yardımçınız olsun. Allah tezliklə ölkəmizi koronavirus bəlasından xilas etsin”.

Gəncədən Sevinc Mirzəyeva və başqaları bildirirlər:

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı cənginə almış koronavirus Azərbaycandan da yan ötməyib. Ancaq Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması, onun miqyasının məhdudlaşdırılması istiqamətində çox mühüm addımlar atılıb.

Pandemiyaya qarşı kompleks mübarizə tədbirləri ilə yanaşı, bu bəlanın iqtisadi təsirlərinin azaldılması, xüsusilə azətminatlı ailələr tərəfindən onun fəsadlarının hiss olunmaması üçün dövlətimiz tərəfindən iqtisadi və sosial sahələrdə də mühüm təşəbbüslər irəli sürülüb.

Bir sözlə, dövlətimizin bütün imkanları epidemiyanın qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına yönəlib. Bu isə bir daha onu sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun firavanlığı dayanır.

Cənab Prezident, bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizinlə fəxr edirik”.

Füzuli rayonunun Horadiz şəhərindən Olqa Nəsirova qeyd edir:

“Möhtərəm cənab Prezident.

Koronavirus epidemiyasının respublikamızda yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirləri yüksək qiymətləndirirəm. Sizin və Mehriban xanım Əliyevanın virusun qarşısının alınması, insanlarımızın sağlam qalması üçün necə gərgin və əzmlə çalışdığınızı görürəm və bundan qürur duyuram.

Milliyyətcə rus olsam da, Azərbaycan Respublikasının vətəndaşıyam, cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Horadiz şəhərində yaşayıram. Sizin bu ağır və çətin günlərdə necə vicdanla işlədiyinizi, xalqın qayğısı ilə yaşadığınızı, daim insanların yanında olduğunuzu görürəm.

Sizin tapşırığınızla karantin dövründə aztəminatlı ailələrə 190 manat pul vəsaitinin ödənilməsi sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Biz füzulililər hər zaman olduğu kimi, yenə də Sizin yanınızdayıq, Sizi dəstəkləyirik. İnanırıq ki, Sizin uzaqgörən və müdrik qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Allah Sizi və Mehriban xanımı qorusun”.

Qəbələ rayonundan Pərviz Sabirli yazır:

“Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız qətiyyətli addımlarınız, əzmkar mübarizəniz Vətənini sevən hər bir vətəndaş kimi, məni də qürurlandırdı.

Əziz Prezidentimiz, belə çətin bir dövrdə ölkə vətəndaşlarının qayğısına qalaraq və əhalinin sağlamlığını düşünərək atdığınız addımlara, o cümlədən sahibkarlara verilən dövlət dəstəyinə, vergi güzəştlərinə, əhalinin həssas təbəqəsinə edilən yardımlara görə sonsuz minnətdarlığımızı bildiririk.

Biz də apardığınız bu şərəfli mübarizədə Sizin ətrafınızda sıx birləşərək, bu çətin sınaqdan ən az zərərlə çıxmaq üçün əlimizdən gələni edir, vətəndaşlıq mövqeyimizi nümayiş etdiririk.

Hörmətli cənab Prezident, ölkəmiz, xalqımız, dövlətçiliyimiz üçün əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirir, Sizə uzun ömür, möhkəm can sağlığı arzu edirik”.

Füzuli rayonundan Ceyhun Məmmədov məktubunda bildirir:

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı ağuşuna alan, hər gün minlərlə insanın ölümünə səbəb olan koronavirus epidemiyasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən ardıcıl və sistemli tədbirləri, dövlətin bütün resurslarını epidemiyanın təsirinin azaldılması üçün səfərbər edilməsini Füzuli rayonunun sakinləri də alqışlayırlar. Cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlər olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın gecəli-gündüzlü yorulmaz fəaliyyətiniz, müdrik və düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Sizin bu ağır və çətin günlərdə necə vicdanla işlədiyinizi, xalqın qayğısı ilə yaşadığınızı, hər zaman olduğu kimi, indi də insanların yanında olduğunuzu bilirik və Azərbaycan vətəndaşları olaraq bundan qürur duyuruq.

Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün böyük məbləğdə vəsait ayırmağınız, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, yeni tibb ocağının, tibbi maska və qoruyucu vasitələr istehsalı müəssisələrinin istifadəyə verilməsi, atdığınız bir çox digər addımlar xalqımızı sevməyinizin, ona xidmət etməyinizin bariz nümunələridir.

Sizin tapşırığınızla yaşı 65-dən yuxarı vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə ərzaq yardımın verilməsi, işsiz və aztəminatlı insanlara karantin dövründə 190 manat pul vəsaitinin ödənilməsi sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Əziz və möhtərəm Prezidentimiz, Siz şəfqət, mərhəmət, humanizm, köməyə ehtiyacı olanın yanında olmaq kimi yüksək insani keyfiyyətlərə sahibsiniz. Sizin və Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətinizin ali məqsədi – ana xətti Azərbaycanın daha gözəl, daha qüdrətli olmasına, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.

Biz füzulililər çox şadıq ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizi çox sevirik, Sizə inanırıq və Sizi dəstəkləyirik. Siz dediyiniz kimi, "Biz birlikdə güclüyük!". Allah Sizi və ailənizi qorusun”.

Kürdəmirdən Cəmalə İsmayılova və Yaşar Rəşidov yazırlar:

“Möhtərəm cənab Prezident.

Biz Kürdəmir rayonunda çalışan bütün müəllimlərin adından öncə təhsilə göstərdiyiniz qayğıya, sonra isə koronavirus pandemiyasına qarşı görülən tədbirlərə görə Sizə təşəkkürümüzü bildiririk. Təhsil işçiləri daim Sizi daim dəstəkləmiş və dəstəkləyəcək.

Hörmətli Prezident, dünyada qlobal problemə çevrilmiş pandemiya ilə əlaqədar xalqımızın sağlamlığının qorunması üçün zamanında verdiyiniz düzgün qərarlar, uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində ölkəmiz bu bəlada böyük itkilər vermədi. Bu addımların nəticəsi olaraq virusun ölkəmizdə sürətlə yayılmasının qarşısı alınır.

Həmçinin, dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, maddi dəstək göstərilir. Həmişə olduğu kimi, xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır”.

Şəki şəhərindən Vüsal Baxışov məktubunda bildirir:

“Möhtərəm cənab Prezident.

Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olaraq ölkəmizə rəhbərlik etdiyiniz 17 il ərzində dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun dönməzliyinin təmin edilməsi, iqtisadi qüdrətinin artırılması, mədəni tərəqqiyə nail olmaq istiqamətində apardığınız ardıcıl, məqsədyönlü siyasətiniz biz vətəndaşlar tərəfindən daim yüksək dəyərləndirilib, bu siyasətin müsbət nəticələrini hər birimiz, demək olar ki, hər gün öz həyatımızda hiss edirik.

Möhtərəm cənab Prezident, son aylarda dünyanın 200-dən çox ölkəsinə yayılaraq 2 milyondan çox insanı yoluxduran koronavirusa qarşı Sizin rəhbərliyinizlə Azərbaycanda aparılan ardıcıl siyasət nəticəsində bu gün, demək olar ki, ölkəmizdə xəstəliyin yayılmasının nəzarət altına alınmasına nail olunub. Təbii ki, bütün bu nailiyyətlər Sizin qətiyyətli və ciddi iradəniz, elmi və məntiqi cəhətdən əsaslandırılmış yanaşmanız, ən əsası isə kökündə vətənpərvərlik, insansevərlik dayanan qərarlarınız sayəsində əldə edilib. Pandemiyaya qarşı mübarizənin tərkib hissəsi olaraq iqtisadi cəhətdən həssas qruplardan olan həmvətənlərimizə, sahibkarlara, aztəminatlı insanlara yönələn və hər gün miqyası genişlənən sosial siyasətiniz vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması üçün olduqca əhəmiyyətlidir.

Möhtərəm cənab Prezident, Sizə dəstəyimizi ifadə edir, minnətdarlığımızı bildiririk”.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov yazır:

“Əziz Prezidentimiz.

Xalqımızın dünyanı bürüyən koronavirus bəlasından xilas olması üçün göstərdiyiniz səylər, verdiyiniz tapşırıqlar, vətəndaşlara infeksiyadan qorunmaqla bağlı etdiyiniz müraciətlər bizi çox sevindirir. Koronavirusdan əziyyət çəkən ölkələrin əksəriyyətindən fərqli olaraq, Azərbaycanda iqtisadi böhranın yaşanmaması, hətta yeni sosial layihələrin icrası bir daha respublikamızın iqtisadi və maliyyə dayanıqlılığının sübutudur. Biz, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə xalqın qayğısına bu qədər qalaraq işdən azad olunmaması, ixtisara salınmaması, əməkhaqlarının saxlanılması, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat məbləğində vəsaitin ayrılması, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutulması, digər sosial müdafiə üzrə ciddi addımların atılması barədə qətiyyətli tapşırıqlarınızı dəstəkləyir, ətrafınızda sıx birləşərək bütün işlərinizdə Sizlərin yanında olduğumuzu bildiririk. Cənab Prezident, əminik ki, Sizin müdrik və uzaqgörən siyasətiniz, xalq-iqtidar birliyi sayəsində bu tarixi sınaqdan da uğurla çıxaraq dövlətimizin qüdrətini dünyaya bir daha sübut edəcəyik. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun”.

Bakı sakini Əli Əliyev dövlət başçısına ünvanladığı məktubda bildirir:

“Çox hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün Sizin tapşırıqlarınıza əsasən müəssisəmizə olunan maddi yardıma görə Sizə dərin minnətdarlığımızı bildiririk. Qeyd etmək istəyirik ki, 20 ildən çox fəaliyyətimiz dövründə, əvvəlcə ulu öndərimiz Heydər Əliyevin, daha sonra Sizin sahibkarlara göstərdiyiniz qayğı və diqqəti hər zaman hiss etmişik.

İqtisadiyyatımızın belə çətin günlərində bizi unutmadığınıza görə Sizə minnətdarıq”.

Bakının Maştağa qəsəbəsinin sakini Samir İsmayılov qeyd edir:

“Möhtərəm cənab Prezident.

Əvvəlcə Sizə öz səmimi salamlarımı çatdırıram. Koronavirus pandemiyası 200-dən artıq ölkəni öz cənginə alıbvə bu virus bizim ölkədən də yan keçməyib. Ancaq çox sevindirici haldır ki, koronavirus pandemiyası ölkəmizdə ciddi yoluxmaya və çoxsaylı insan təlafatına səbəb olmayıb. Bu da məhz ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı aidiyyəti orqanlara verdiyiniz tapşırıqlar və bununla bağlı xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədardır. Ölkəmizdə koronavirusun geniş yayılma tempinin qarşısının alınması bizi çox sevindirir. Bütün bunlar onu deməyə əsas verir ki, Siz daim Azərbaycan xalqının yanında olmusunuz və bu çətin günlərdə xalqımız bir daha bunun şahidi oldu. Mən də öz növbəmdə Sizə dərin minnətdarlığımı bildirirəm və bu çətin gündə birliyimizin daha da möhkəm olmasını diləyirəm”.

Şəki şəhərindən İsmayıl Balacayev və başqaları yazırlar:

“Hörmətli cənab Prezidentimiz.

Bu çətin günlərdə xalqımıza, millətimizə göstərdiyiniz isti münasibət və qayğıya görə Sizə minnətdarlıq etməyi özümüzə borc bilirik.

Görünməyən təhlükəli düşmənlə mübarizədə atdığınız addımlar xalqımızı çox məmnun edir. Böyük ölkələrin bacara bilmədiyi işləri Azərbaycan Sizin sayənizdə məharətlə bacardı. Bu çətin günlərdə atılan qətiyyətli addımlar nəticəsində, çox şükür ki, itkilərimiz minimum səviyyədədir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən tədbirlər də xüsusi alqışlara layiqdir. Xüsusi qrupa aid olan xəstələr üçün qanvermə aksiyasını çox müsbət qarşılayırıq.

Cənab Prezident, bu ağır günlərdə işləməyən insanlara birdəfəlik müavinətlərin verilməsi təqdirəlayiqdir. Bu insanların sayının 600 min nəfərə çatdırılması isə Sizin humanist addımlarınızdan biridir. Allah Sizdən razı olsun.

Bir vətəndaş olaraq daim Sizi dəstəkləyirik. Allah Sizi və gözəl ailənizi qorusun. Allaha əmanət olun”.

Bakı sakini Hüseyn Əlixanov bildirir:

“Möhtərəm cənab Prezident.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmuş, hazırda həyatımıza təsir edən koronavirus bu gün bütün ölkələri bürüyüb. Həyat şəraitinə və inkişaf səviyyəsinə görə qabaqcıl hesab edilən ölkələrdə virusa yoluxanların və xəstəlikdən həyatını itirənlərin sayının artması müşahidə olunur.

İqtisadi, siyasi, mədəni və beynəlxalq sahələrdə yürütdüyünüz düzgün və məqsədyönlü siyasət, ümummilli liderimiz Heydər Əliyev ideyalarından bəhrələnən idarəçilik təcrübəniz, xalqımızın hər bir təbəqəsinə göstərdiyiniz sistemli və ardıcıl diqqət və qayğı təqdirəlayiqdir, xalqa olan məhəbbətinizin və sevginizin parlaq təzahürüdür. Dünyanın bir parçası olaraq, ölkəmizin bu bəlanı yaşadığı ilkin dövrdə gördüyünüz təxirəsalınmaz təsirli tədbirlər öz nəticəsini verməkdədir. Heç də təsadüfi deyildir ki, insanların həyat və rifahının Sizin üçün ən önəmli olduğu barədə çıxışlarınızda dəfələrlə etdiyiniz qeydlər reallıqla üst-üstə düşür. Vaxtında verdiyiniz göstərişlər və qəbul etdiyiniz qərarlar sayəsində xalqımız bəzi Avropa ölkələrinin qarşılaşdığı faciəvi halla üzləşmədi.

Qonşu ölkələrlə sərhədlərdə gediş-gəlişin maksimum dərəcədə məhdudlaşdırılması, xarici ölkələrdən Vətənə qayıtmaq istəyən vətəndaşlarımızın xüsusi reyslərlə sistemli və ardıcıllıqla daşınmasının təmin olunması, minlərlə şəxslərin karantində saxlanmaqla testdən keçirilməsi, Azərbaycanın bütün şəhər və rayonlarında xüsusi karantin rejiminin tətbiqi, hər kəs tərəfindən bu qaydalara riayət olunmasına ciddi nəzarətin təşkili, yoluxmaya meyilli risk qrupuna aid insanlara, o cümlədən tək yaşayan yaşlılara fərdi qaydada zəruri xidmətlər və yardımların göstərilməsi, küçələrin, eləcə də fəaliyyəti zəruri hesab edilən idarə, müəssisə və təşkilatların yerləşdiyi binaların dezinfeksiya olunması və çoxsaylı digər tədbirlər virusdan yoluxma hallarının artmasının qarşısını aldı.

Virusun ən çox yayıldığı ölkələrin bayraqlarının həmrəylik simvolu olaraq Heydər Əliyev Mərkəzinin binasının üzərində möhtəşəm formatda nümayiş olunması Sizlərin simasında Azərbaycan xalqının bütün dünya ilə həmrəyliyinin təcəssümüdür. Xalqımızın Sizin “Biz birlikdə güclüyük!” çağırışınıza qoşulması alqışa layiqdir.

Möhtərəm cənab Prezident, Sizin dərin məzmunlu çıxışlarınız və tövsiyələriniz xalqımızın əhval-ruhiyyəsini yüksəklərə qaldırır, koronavirus deyilən bu bəlaya qısa müddətdə qalib gələcəyimizə zəmin yaradır. Ailəmiz adından Sizə dərin minnətdarlığımızı ifadə etməklə, xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə möhkəm can sağlığı, daha böyük uğurlar arzu edirəm. Biz Sizinlə birlikdə güclüyük!”

Məktubların məzmununu təhlil etsək, birmənalı deyə bilərik ki, əhali Prezidentin ətrafında sıx birləşib.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!