Prezident İlham Əliyev Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin iş yerlərinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Azərtac-ın məlumatına görə, sərəncamla “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrinə uyğun olaraq, Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Sərxoş oğlu Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Eyni zamanda sərəncamla Yaşar Xanoğlan oğlu Həşimov Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi təyin edilib.

Bundan başqa, Zamin Cəbrayıl oğlu Tahirov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Balakən Rayon Məhkəməsinin hakimi təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əliyev Al-Samaanini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da görüş keçirib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaanini qəbul edib.

Elçin Quliyev yaralı əsgərin başından öpdü

Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən açılan atəş nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov  yaralanıb.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, daha sonra yaralı əsgərə baş çəkib.

General əsgərlə söhbət edən zaman onun gələcək planları barədə soruşub. Ceyhun Bayramov isə cavab olaraq qoşunlarda xidmətə davam edəcəyini bildirib. Buna görə Elçin Quliyev əsgərə “çox sağ ol” deyərək onu başından öpüb. General-polkovnik belə oğullarla qürur duyduğunu bildirib. 

"Qafqazinfo" Azvision.az-a istinadən görüşün videosunu təqdim edir:

Related imageƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. O bildirib ki, xidmət rəisi vəzifəsinin icrası müvəqqəti olaraq qurumun rəis müavini Fuad Heydərova tapşırılıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən ayrılıb.

“O əsgər atəş açsaydı, pis nəticələri olardı” - Tofiq Zülfüqarov
“Mən hesab edirəm ki, 18 yaşlı əsgərin üstünə dəstə ilə adam gələndə, o atəş açsaydı, daha böyük pis nəticələri olardı. Yəni onu əhatəyə alıb, hansı ki silahının darağını açaraq qaçıb kimsə... Bu, əlbəttə ki, təxribatdır. Və hesab edirəm ki, burda əsgəri günahlandırmaq düzgün olmaz”.

Cahan.info xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov “Keşikçi Dağ”da baş verən insidenti şərh edərkən deyib. 

Bildirək ki, sosial şəbəkələrdə orada növbədə olan əsgərlər ittiham olunur, sərhəd pozucularına atəş açmasının lazımlığı vurğulanır.

T. Zülfüüqarov hesab edir ki, həmin ərazidə daha peşəkar və güclü növbə təşkil edilməlidir: 

“Belə hesab edirəm ki, səhv ondan ibarətdir ki, o dəstənin qarşısına gərək naryad 2 nəfərdən ibarət yox, xüsusi hazırlaşmış bir dəstəddən təşkil olunaraq çıxmalı idi. Hansı ki, bu cür iğtişaşların qarşısını professional şəkildə ala bilsinlər. Yəni gələcəkdə biz bunu nəzərə almalıyıq, burada xüsusi mobil dəstələr yerləşdirilməlidir. Hesab edirəm ki, bu addımlar atılasaydı, daha yaxşı olardı. 

Yenə deyirəm bu 18 yaşlı oğlan soyuqqanlılıq göstərib, atəş açmıyıb camaata. Çünki hiss olunur ki, təxribatın məqsədi də elə bu idi”.

Təxribata gəldikdə isə Zülfüqarov bildirib ki, Gürcüstanda bundan bir neçə gün öncə baş verən böhranın və Gürcüstan provaslav kilsəsinin Xarici Əlaqələr İdarəsinin təşəbbüsü ilə Provaslav Assembliyasının tədbirinin rolu var: “Ondan sonra bu cür hadisələr baş verib. İndi də biz görürük ki, provaslav aktivistlər kimi bu Keşikçi dağında dırnaq arası ictimai tədbirlərdə, nümayişlərdə iştirak ediblər. Sovetlər vaxtında bu cür qurumların kim tərəfindən idarə olunması bəlli idi və onu da qeyd etmək istəyirəm ki, Gürcüstanın daxili vəziyyəti onu göstərir ki, orda Rusiya və qərb qüvvələri arasında toqquşma gedir. Bu baxımdan bəzi addımlar atılır. 

İlk növbədə Rusiyapərəst qüvvələr istəyirlər ki, Gürcüstan-Azərbaycan arasında əlaqələr pozulsun, təzə bir konflikt əmələ gəlsin və qərbin imkanları bu bölgədə ciddi şəkildə azalsın. 

Cünki biz başa düşürük ki, bu nöqtə geopolitik baxımdan vacib nöqtədir. Bu regional və trans-regional proyektləri təhlükə altında qoya bilər. Bu baxımdan bu təxribatın sifarişçiləri bəllidir və biz bu təxribata emosiasız yanaşmalıyıq. Gürcülərin sağlam qüvvələri ilə əməkdaşlıq edib, gələcəkdə bu cür təxribatların qarşısını almalıyıq”.

T. Zülfüqarov deyir ki, yaxşı haldır ki, Gürcüstanın rəsmi orqanları da, sərhədçiləri təmsil edən rəhbərlik də bəyanat verib və bu təxribatı pisləyiblər: “Bununla da hiss olunur ki, aramızda əlaqələr, əməkdaşlıq mövcuddur. Amma lokal səviyyədə görürük ki, bu əlaqələr bir o qədər sıx deyil. Hiss olunur ki, əsas məqsəd Gürcüstan və Azərbaycan ictimaiyyətininin zəif nöqtələrinə toxunub, onların qarşı-qarşıya qoyulmasıdır. 

Çox vacibdir ki, bu iki ölkə arasında əməkdaşlıq daha da gücləndirilsin, bu birinci şərtdir.

İkincisi, biz çox diqqətlə Gürcüstanda olan prosesləri izləməliyik. Çünki əsas proses ruspərəst və qərbpərəst qüvvələrin toqquşmasıdır. Buna parlamentdəki hadisələr, seçkidəki hadisələr sübutdur. 

Hiss edirəm ki, bu hadisə onların davamıdır və biz bu məsləyə çox ciddi şəkildə yanaşmalıyıq. Eyni zamanda yaddan çıxartmamalıyıq ki, ermənipərəst qüvvələr də Rusiyada çox aktivdirlər. Elə mətbuata da nəzər salsaq görərik ki, əsas canfəşanlıq göstərən jurnalistlər erməni mənşəylilərdir. Raman Babayan, Marqarita Simonyan və s.

Bu baxımdan Ermənistanın da burada maraqları aydın görünür. 

Maraqlar nədən ibarətdir? İndi onlar başa düşülürlər ki, Paşinyan Admistrasiyası üçün Rusiyanın təhlükəsizlik qarantiyalarına inanmırlar. Azərbaycan tərəfindən təhlükə gördükləri üçün də istəyirlər ki, ikinci cəbhə açsınlar və diqqət Gürcüstana yönlənsin.

Ona görə belə təxribatlara emosional yox, təmkinli və düşüncəli yanaşmaq lazımdır. Bizdən heç kim düşmən tərəfindən yazılmış senariyə uyğun addım atılmamalıdır. Ona görə də sosial şəbəkələrdə mövcud olan emosional reaksiya hesab edirəm ki, bir növ Qarabağda baş verən hadisələrin təsiri olan inersiya kimi qəbul olunmalıdır. Mənim fikrim belədir”
Baş nazirdən qoruqlarla bağlı — YENİ QAYDALAR
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi” təsdiq edilib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Mərkəzin Nizamnaməsi “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 20 dekabr tarixli 417 nömrəli fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə təsdiq edilib.
Bu qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Qeyd edək ki, Mərkəz Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başlayıb - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş qabiliyyəti, silah və hərbi texnikasının vəziyyəti, eləcə də onların döyüşə hazırolma səviyyəsi yoxlanılır.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İyulun 16-da hərbi hissələrdən birində olan Müdafiə Nazirliyinin rəhbərliyi öncə burada ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi hissədə şəxsi heyətin döyüş hazırlığı, mənəvi-psixoloji durumunu yoxlayıb, sosial-məişət şəraiti ilə tanış olub və bu istiqamətdə qarşıda duran tapşırıqları bir daha vəzifəli şəxslərə çatdırıb.

Müdafiə naziri qərargah binası, döyüş texnikaları üçün saxlanclar, silah-sursat anbarı, avtomobil parkı, tibb məntəqəsi, əsgər yataqxanası, yeməkxana, hamam-camaşırxana kompleksi, digər inzibati və xidməti obyektlərə baxış keçirib, eləcə də qoşunların döyüşə hazırolma səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

Musavat.com
Milli Məclisin deputatı Cavanşir Feyziyevin avtomobili ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi Abasov barəsində olan hökmdən məhkəməyə müraciət edib.

Unikal.org xəbər verir ki, hökmdən narazı qalan şəxs apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndiirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.

Xatırladaq ki, hadisə ötən il Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə F.Abasovun idarə etdiyi “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın Azər Əliyevin idarə etdiyi “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və keçinib.

Daha sonra qəzanı törədən F.Abasov və A.Əliyev cinayət məsuliyyətinə cəlb edilib.

Xəzər Rayon Məhkəməsi A.Əliyevin barəsində bəraət hökmü çıxıb. Hökmə əsasən, F.Abasov 3 il 3 ay 9 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. Hökmdən narazı qalan F.Abasov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, “Porsche Cayenne GTS” markalı avtomobil Milli Məclisin deputatı Cavanşir Feyziyevin adınadır. O, zərərçəkmiş qismində tanınıb.
Image result for Siyavuş Novruzov

Siyavuş Novruzov

YAP-ın icra katibinin müavini növbədənkənar parlament seçkisi ehtimalı barədə danışdı

“YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir. Kifayətdir ki, YAP üzvləri MSK-ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83-dən az olursa, o halda Milli Məclis səlahiyyətli sayılmır və konstitusiyaya görə, prezident dərhal növbədənkənar seçki təyin etməlidir. Yəni bu zaman heç Milli Məclisin toplanmasına da ehtiyac yoxdur. Sadəcə, YAP rəhbərliyinin ölkədə  növbədənkənar seçkilərin keçirilməsinin siyasi baxımdan məqsədəuyğun olması barədə qərarı kifayətdir”. Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a müsahibəsində deyib.

Növbədənkənar seçki ehtimalının nə dərəcədə real olub-olmadığına gəldikdə, Q.Həsənquliyev bildirib ki, bunu prezidentdən başqa heç kim birmənalı şəkildə deyə bilməz: “Bu, daha çox prezidentin iradəsindən asılı olan məsələdir”.

Hakimiyyət təmsilçiləri tərəfindən dəfələrlə bildirilib ki, parlament seçkiləri öz vaxtında, 2020-ci ilin noyabrında keçiriləcək. Lakin yenə də növbədənkənar seçkilərlər bağlı məlumatlara rast gəlinir. Bu arada Milli Məclis üzvlərinin sayının artırılması, proporsional seçki sisteminin bərpasından da danışılır.  AXP sədri Pənah Hüseyn Sfera.az-a açıqlamasında parlamentin qarışıq sistemlə seçilməsinin daha düzgün olduğunu deyib. “Bu istiqamətdə köklü islahatlar və dəyişikliyə doğru bir qrup siyasi partiyanın müzakirə etdiyi sənəd mövcud idi. Həmin sənəddə Milli Məclis üzvlərinin sayının artırılması məsələsi bir sıra partiyalar tərəfindən gündəmə gətirilib. 1995-ci ilə nisbətən indi Azərbaycan əhalisinin sayı 40 faiz artıb. Ona görə də Milli Məclisdəki 125 üzvün bəziləri 150, digərləri də 200-ə qaldırılmasını təklif edirlər. Həmçinin bütün parlament üzvlərinin proporsional sistemlə, habelə yarıbayarı olmaqla qarışıq, majoritar sistemlə seçilməsi ideyası da gündəmdədir. Fikrimcə, parlament üzvlərinin seçilməsində qarışıq sistemin olması daha məqbuldur. Bu halın baş verməsi siyasi partiyaların inkişafına, həm də demokratikləşmə prosesinə müsbət təsir edəcək” – P.Hüseyn deyib.

Deputat Fazil Mustafa da sözügedən istiqamətdə səslənən fikirlərlə ümumən razıdır: “Fikrimcə, seçkilər yarı proporsional, yarı majoritar sistemlə keçirilməlidir. Bu olsa daha yaxşı olar. Ancaq bu kimi dəyişikliklərin olması barədə hər hansı bir fikir eşitməmişəm. Tam proporsional olsa da qoy olsun, fərqi yoxdur. Bu partiya demokratiyasını inkişaf etdirəcək”.

Qeyd edək ki, REAL sədri İlqar Məmmədov özünün facebook səhifəsində hakimiyyətin parlament üzvlərinin sayının artırılması və seçkilərin ancaq proporsional sistemlə keçirilməsi barədə müzakirələr keçirdiyini iddia edib.

Mövzu ilə əlaqədar YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”ın suallarını cavablandırdı:

– Siyavuş bəy, hakim partiyanın növbədənkənar seçki çağırmaq planı varmı? Bununla bağlı müzakirələr aparılırmı?

– Buna zərurət yoxdur. Bir məsələ ilə bağlı o vaxt addım atılır ki, zərurət yaranır. Bu il görürsünüz, parlament nə qədər məhsuldar işlədi. Hətta iyulun 15-dək işlədi. Hansı ki, iyulun 1-də parlamentin plenar iclasları bitirdi. Ancaq bu dəfə 15-dək işlədi. Qanunlar qəbul olunmalı idi ki, əhalinin rifah halı yaxşılaşsın, sosial problemlər həllini tapsın. O vaxt hansısa qurumu buraxırsan ki, lazımsız olur. Yoxsa bizim parlament normal işləyir. Bu söhbətləri ortaya atan adam bunu zəruri edən məsələlərdən danışmır. Demir ki, parlamentin buraxılmasını zəruri edən nədir? Kiminsə parlamentə seçilməyə arzu-istəyi varsa, bir az səbr eləsin. Seçkiyə cəmisi 1 il qalıb. Yəni 1 il səbr eləyə bilmirlər? Hələ o da seçilsə… (Gülür) Hələ ki gündəmdə belə bir məsələ yoxdur.

– Bəs parlament üzvlərinin sayının artırılması təşəbbüsünə necə baxırsınız? Belə yanaşmalar var ki, əhalimizin sayı artdığı üçün parlamentin say tərkibində də dəyişiklik edilməlidir, Milli Məclis 150, yaxud 200 nəfərdən ibarət olmalıdır. Bu barədə nə deyə bilərsiniz?

– Bütün bunlar hamısı referendumla qəbul olunan məsələlərdir. 1995-ci ildə keçirilən referendumla say müəyyənləşdirilib. İndi bununla əsaslandırırlar ki, o vaxt əhalinin sayı 7,5 milyon idi, indi artıb, 10 milyon olub. Məgər Amerikada, ya Böyük Britaniyada əhalinin sayı artmayıb? Amma ötən əsrdə konqresmenlərin sayı nə qədər idisə, o qədər də qalıb. Say artdıqca seçici sayı da artır. Əvvəl 37-40 minə 1 nəfər düşürdüsə, indi artıq 45 minə çatır seçici sayı.

– Bəzi həmkarlarınız proporsional seçki sisteminin bərpasını təklif edirlər. Sizin yanaşmanız necədir?

– Bunlar hamısı referendumla həllini tapa biləcək məsələlərdir.

– Siz hakim partiyanın rəhbərliyində təmsil olunan şəxs kimi, buna zərurət görürsünüz?

– Bilirsiniz necədir? Hansı formada olursa-olsun YAP həmişə seçkilərə hazırlaşıb və 25 ildən artıqdır ki, bütün seçkilərdə qalib gəlib. İstəyir belə təmsilçilik olsun, ya başqa cür, fərq etməz. Birbaşa təmsilçilik daha yaxşıdır. Yəni hər kəs öz dairəsini təmsil edir. Proporsional sistemin də özünün bir çox xüsusiyyətləri var. Bunların yadında Azərbaycandakı proporsional seçki sistemi qalıb ki, adlarını birinci, ya ikinci yazacaqlar və parlamentə seçiləcəklər. Məsələn, sədr və müavin adını yazacaq, iki yer parlamentə düşəcəksə, onlar keçəcəklər. Amma proporsional sistemin başqa formaları da var. Verilən səslərə görə sıralanma olur. Götürək ki, hər bir partiya 25-30 namizəd irəli sürüb və partiya ilə yanaşı, həmin şəxslərə də seçici gəlib ayrıca səs verir. Kim çox səs toplayırsa, o, birinci olur, az səs toplayan axırıncı yerdə qərarlaşır. Bu sistemin belə forması da var. Bilməyənlər, naşılar bunu elə dədə-baba qaydasıyla deyir ki, hər partiya öz siyahısı ilə namizədlərini irəli sürdü, qurtardı getdi. Əslinə qalsa, bizdə yarımproporsional sistemdir. Yəni hər bir partiya namizəd irəli sürür, namizədə imza toplayır, ona dəstək verir, təbliğat-təşviqatını aparır, plakatlarını çap edir, maliyyə dəstəyi göstərir. Proporsional elə budur da. Bunlar əgər siyasi partiyanın güclənməsi fikri ilə proporsionalı ortaya atırlarsa, mojaritarın özündə də yarımproporsional mövcuddur. Siyasi partiyanın 60 dairədən yuxarıda namizədləri qeydə alınıbsa, vahid şəkildə təbliğat-təşviqat işi aparır, televiziyada pulsuz efir vaxtı qazanır və s.

– Siyavuş bəy, ümumilikdə parlament seçkilərinədək Seçki Məcəlləsinə dəyişikliklər məsələsi gündəmdədir?

– Hələ ondan qabaq, dekabrda bələdiyyə seçkiləri var. Bələdiyyə seçkiləri ilə əlaqədar bizim də bir sıra təkliflərimiz var. Gərək əvvəlcə bu məsələlər öz həllini tapsın. Mən uzun müddətdir seçki ilə məşğulam. Prezidentliyə namizədə hansı sənədlər tələb olunursa, bələdiyyə üzvünə də o sənədlər tələb olunur. Hər bir bələdiyyə üzvünə 70 səhifədən artıq sənəd hazırlayıb ayrı-ayrı dairələrə təqdim etməlisən. Üst-üstə gələndə, 17 mindən yuxarı bələdiyyə üzvü var, 20 min namizəd irəli sürəndə təsəvvür edin ki, 100 min səhifəlik material təqdim etməlisən. Bu da əlavə çətinlik yaradır.

– Bəs gözləmək olarmı ki, digər sahələrdə olduğu kimi, siyasi sahədə də islahatlara start veriləcək?

– Təbii ki. Yəqin payızda ümumi qaydada müzakirələr olunar və ondan sonra bu məsələlərə baxılar.

Söhbətimizin sonunda S.Novruzov bildirdi ki, deputatlara yay tətili verilsə də, o, iş başındadır. İcra katibinin müavini dedi ki, Çindən böyük bir nümayəndə heyəti gələcək, ona görə də qonaqların qarşılanması üçün hazırlıqlar görülür: “Tək bu məsələ də deyil. Hazırda ”Yay məktəbləri”nə heyətlər göndəririk, qayıdanları digərləri ilə əvəz edirik. Digər tədbirlərimiz də var, sosial layihələr həyata keçiririk. Normal iş rejimində çalışırıq”.

Rusiyanın ən böyük mobil operatoru olan “Meqafon” şirkəti saytda Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən hörmətsizliklə bağlı daxili təhqiqat aparır.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə “Meqafon” şirkətindən Azərbaycannın Rusiyadakı səfirliyinə daxil olan məlumatda bildrilib.

Qeyd olunub ki. sayta həmin məlumatı yerəşdirməyə məsul əməkdaşlar vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb və onları Rusiya Federasiyası Əmək Məcəlləsi çərçivısində dissiplin cəzası gözləyir.

“Meqafon” şirkəti baş vermiş insidentlə bağlı təəssüfləndiyini ifadə edib