![]() |
![]() |
“Azərbaycan ciddi şəkildə son addıma hazır olmalıdır”
Azərbaycanın sülh danışıqlarına sadiqliyindən sui-istifadə edən işğalçı Ermənistan son həftə ərzində dövlət sərhədimiz boyunca təxribatlara əl atdı. Təbii olaraq düşmənin cavabı verildi və rəsmi açıqlamalara görə, bir erməni hərbçi ölüb, daha ikisi isə yaralanıb. Ancaq Ermənistanın bu təxribatlara əl atmaqda məqsədinin nə olduğu barədə müxtəlif fərziyyələr eşidilməkdədir. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanovdan əvvəlcə bu suallara cavab istədik:
– Ermənilər Qazax istiqamətində xeyli fəallaşıblar. Düşmənin gərginliyi Qarabağ istiqamətindən dövlət sərhədinə keçirməkdə məqsədi nədir?
– Qarabağ probleminin ilk günlərindən hər iki tərəfdən itkilər olub, gərginliklər artıb-azalıb. Eyni ssenaridir, heç nə dəyişməyib. Həmçinin Qarabağın işğalı davam edir. Ermənistan daxilində siyasi vəziyyət gərginləşəndə Qarabağda, cəbhəboyu da gərgin durum yaranır. Biz düşmən dövlətlə üz-üzə durmuşuq. Atəşkəs istər Dağlıq Qarabağa aid ərazidə, istər Dağlıq Qarabağa aid olmayan, ancaq işğal altındakı rayonların ərazisində, istərsə də dövlət sərhədi sayılan təmas xəttində pozulur. Düzdür, son zamanlar Dövlət Sərhəd Xidməti bu istiqamətdən müəyyən funksiyaları yerinə yetirir. Ancaq düşmənin niyyəti, düşmənçiliyi dəyişməyib axı, necə var idi, elə də qalıb. Belə olan halda hansı istiqamətdən olur-olsun, təxribatlara əl atılması gözləniləndir.
– Belə bir versiya var ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), konkret olaraq Rusiyanı Azərbaycanla üz-üzə qoymaq istədiyi üçün dövlət sərhədində gərginlik yaradır. Düşmənin belə bir niyyəti ola bilərmi və Rusiyanın proseslərdə açıq şəkildə tərəfə çevrilməsi mümkündürmü?
– Əlbəttə, Ermənistanın belə bir niyyəti həmişə var. Təbii ki, Rusiyanı, yaxud KTMT-nin üzvü olan digər ölkələri bu müharibəyə cəlb etmək istəyirlər. Ancaq bu, qeyri-mümkündür. Çünki birincisi, Azərbaycan əsgəri ona atəş açan mövqeləri cavab atəşi il susdurub. O tərəfdən itki olsa da, olmasa da, Azərbaycan ordusu Ermənistanın dövlət sərhədini keçməyib. Dövlət sərhədini keçmədiyi halda bu məsələyə hansısa ölkənin müdaxiləsi mümkünsüzdür. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır. Ancaq hansısa dövlət onun sərhədlərini keçib bu ölkəyə hücum edərsə, o halda Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçə bilər. Azərbaycan da heç vaxt Ermənistanın sərhədləri daxilində hücum əməliyyatlarını həyata keçirməyəcək. Çünki ölkəmizin əsas məqsədi öz ərazi bütövlüyünü bərpa etməkdir. Aktiv hərbi əməliyyatlar yalnız işğal olunmuş Azərbaycan ərazilərində aparılacaq. Ona görə də Ermənistanın Rusiyanı bu münaqişəyə cəlb etmək niyyəti olsa da, onun reallaşdırılması ehtimalı yoxdur. Bunun üçün nə hüquqi, nə də siyasi əsaslar var. Rusiyanın bu proseslərə müdaxiləsi Ermənistanı silahlandırmaqdan ibarətdir. Həmçinin Rusiyanın hərbi bazasının bu ölkədə olması da faktdır. Lakin açıq şəkildə Azərbaycana qarşı hansısa formada təzyiq edilməsinə, yaxud Ermənistanın xeyrinə addım atılmasına inanmıram. Azərbaycan Ermənistanın dövlət sərhədini keçib onun ərazisində hansısa hərbi əməliyyatları həyata keçirərsə, o halda təbii ki, müəyyən addımlar atıla bilər.
– Ermənistanın Qazax istiqamətində gərginlik yaratmasının səbəblərindən biri kimi digər versiya da səslənir. Hesab olunur ki, bununla işğalçı ölkə ABŞ-ın Azərbaycana 100 milyon dollar məbləğində yardım ayırmaqla bağlı qərarını tormozlamaq istəyir. Bu nə dərəcədə ciddi arqumentdir?
– Ermənilər hər hansı bir addım atmağa hazırdırlar ki, Azərbaycana qarşı təzyiqlərə nail olsunlar. Biz bilirik ki, bu il ABŞ tərəfindən Ermənistana ayrılan vəsaitin miqdarı azalıb. Həmçinin Qarabağa ayrılan yardımın miqdarında da azalma olub. İndi Azərbaycana 100 milyon ayrılır, bu, ilk növbədə Sərhəd Xidmətinin xərcləri ilə bağlıdır. Ancaq düşünmürəm ki, ermənilər məkrli niyyətlərinə nail ola biləcəklər. Bu, o vaxt ola bilər ki, Azərbaycan aktiv hərbi əməliyyatlara başlasın. Cəbhədə və təmas xəttində mütəmadi şəkildə monitorinqlər keçirilir, atəşkəsin pozulması və nəticələri ilə bağlı həmin qrup məruzələr hazırlayır. Ancaq buna baxmayaraq, ermənilər bütün təmas xətti və dövlət sərhədi boyunca müxtəlif təxribatlara əl atırlar. Ermənistanda dövlət sərhədinin təhlükəsizliyinə qarant ruslardır. Sizə bir faktı danışım. Mən korpus komandirinin müavini olanda Tovuz istiqamətində bir düşmən postunu ələ keçirdik. Çünki oradan Qovlara gedən yolu atəşə tuturdular. Bir dəfə də toy korteji gedəndə atəş açıldı, camaatımız ciddi şəkildə narahat oldu. Xoşbəxtlikdən itki vermədik. Biz də buna cavab olaraq həmin postu ələ keçirməli olduq. Erməni postunu ələ keçirəndən sonra rus sərhədçisi bizimlə əlaqə yaratdı ki, bəs “bundan sonra fikriniz nədir?” Biz də ona başa saldıq ki, baxın, buradan bizim mülki əhaliyə atəş açırlar, ona görə biz camaatın təhlükəsizliyini təmin etmək üçün bu postu ələ keçirməli olduq. Onda dedilər ki, oldu, hər şeyi başa düşdük, sizin başqa məqsədiniz yoxdur. Beləliklə, çıxıb getdilər.
– Çox maraqlı hadisədir. Bu, nə vaxt baş verib?
– 1995-ci ildə. Həmin post indiyə qədər bizdədir. Ermənilər bilir ki, bu postlar Dövlət Sərhəd Xidmətinə veriləndən sonra Müdafiə Nazirliyinə aid olan bölmələr oradan çıxmış olur və nəticədə bizim ehtiyatımız çoxalır. Ona görə də ermənilər sərhəddə gərginliyi artırırlar ki, biz oradakı ordu bölmələrimizi çıxartmayaq və sərhəd qoşunlarımızı həmin ərazilərdə yerləşdirməyək. Çünki bu prosesin davamı olmalıdır. Yəni Tovuz, Gədəbəy, Qazaxdan tutmuş, Kəlbəcər rayonuna kimi bu işlərin davamı həyata keçirilməlidir.
– Deməli, Ermənistanın əsas məqsədi budur ki, Azərbaycan ordusunun sərhəddəki hissələri çıxarılıb Qarabağ istiqamətindəki təmas xəttinə toplanmasın, ona görə də gərginliyi tətikləyir?
– Bəli, mən düşünürəm ki, onların əsas məqsədi budur.
– Bir məqamla bağlı da fikirləriniz çox maraqlıdır. Ağstafa ərazisindəki Keşikçidağla bağlı Gürcüstanla sərhəddə baş verənlərdən bir neçə gün sonra Ermənistan ordusu Qazax istiqamətində fəallaşdı. Hesab olunur ki, bu hadisələrin bir-biri ilə hansısa formada rabitəsi var. Baş verənlərdə Rusiya amili nə dərəcədə rol oynayır?
– İstər sərhəddə, istər təmas xəttində, istərsə də digər ölkələrlə gərginlikdə maraqlı olan qüvvələr çoxdur. O cümlədən Rusiya, ABŞ, həmçinin digər dövlətlər. Belə deyək, bu gərginlikdə maraqlı olmayan yalnız Azərbaycandır. Bu gərginlikdən müxtəlif formada istifadə edirlər. Beynəlxalq qurumlar, ABŞ, Rusiya öz maraqlarını güdür. Biz bilirik ki, belə olmasaydı, böyük dövlətlər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və beynəlxalq normalar çərçivəsində qəbul edilən 4 qətnamənin yerinə yetirilməsi üçün çoxdan qərar qəbul etməliydilər.
“Erməni postunu ələ keçirəndən sonra rus sərhədçisi bizimlə əlaqə yaratdı ki, bəs ”bundan sonra fikriniz nədir?” |
O halda dövlət sərhədimiz də, ərazi bütövlüyümüz də bərpa olunardı. Bu münaqişə ocağı və Azərbaycanla Ermənistan arasındakı durum Cənubi Qafqazda gərginliyi saxlamaq üçün böyük güclərin marağına uyğundur. Burada hamısının maraqları var. Çünki bu gərginlik, bu münaqişə ocağı o güclərin öz siyasətini, maraqlarını həyata keçirmək üçün bir vasitədir, imkandır.
– Cənab polkovnik, Ermənistan hökuməti Azərbaycanın işğal altındakı ərazilərinə üçüncü yolun çəkiləcəyini anons ediblər. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan bu yola zərbələr endirməlidir ki, düşmən öz məqsədinə çatmasın. Reallıq budur ki, Qarabağa Ermənistandan çəkilən yol sabah oradan hərbi texnika, silah-sursatın daşınmasını asanlaşdıracaq. Siz peşəkar hərbçi olaraq bununla bağlı nə təklif edirsiniz?
– Mən, ümumiyyətlə, məsələyə belə yanaşıram ki, biz niyə Ermənistanın işğal zonasında hansı işlər gördüyünü müzakirə etməliyik? Deyək ki, düşmən orada ev tikir, ya başqa işlər görür… Biz o torpaqlarımızı azad edib ərazilərimizə yiyə durmalıyıq, ərazi bütövlüyümüzü bərpa etməliyik, bununla da göstərməliyik ki, ərazilərimizin işğalı ilə barışmırıq. Ona qədər ermənilərin nə etdiyinə bu qədər zaman sərf etməməliyik. İşğaldan 30 ilə yaxın zaman keçir, yerlərində durmayacaqlar ki… Təbii olaraq kimsə yol çəkəcək, istirahət mərkəzi yaradacaq, ya infrastruktura diqqət ayıracaqlar. Bu işləri saxlayan tək amil o olacaq ki, Azərbaycan torpaqlarını işğalçılardan azad edəcək. İndiki halda biz ermənilərin həyata keçirdiyi hansısa işləri dayandırmaq üçün artilleriyadan da istifadə edə bilməyəcəyik. Çünki atəşkəs rejimi ilə bağlı müəyyən öhdəliklər götürmüşük. O halda biz atəşkəs rejimindən çıxmalıyıq və öhdəliklərin hamısını dayandırmalıyıq. Ondan sonra hansısa addımlar ata bilərik. Yoxsa biz atəşkəs rejimində ola-ola atəşkəsi pozsaq və ağır artilleriyadan istifadə etsək, onda müəyyən təzyiqlər olacaq, bundan da üçüncü, dördüncü qüvvələr istifadə edəcək. O zaman yenə də aprel hadisələrinə bənzər hadisə baş verəcək, deyəcəklər dayanın, qurtardı getdi… Atəşkəsdən çıxmaq, müharibə etmək, torpaqları qaytarmaq lazımdır. Ondan sonra artıq artilleriyadan, aviasiyadan da istifadə etmək olar. Amma sən bir tərəfdən atəşkəs rejiminə riayət etməklə bağlı sənədə qol çəkmisən, digər tərəfdən də artilleriyadan istifadə edirsənsə, bu, qəbul olunmayacaq. Mənim fikrim budur ki, nə yol çəkilir-çəkilsin, ola bilsin ki, onlardan özümüz də istifadə etdik.
– Ermənistan son davranışları ilə Düşənbə razılaşmasını kobud şəkildə pozdu. Azərbaycan bunu əsas götürərək torpaqlarını azad etməklə bağlı qərar verə bilərmi?
– Paşinyan böyük qüvvələrin əlində marionetkadır. Müstəqil siyasət yürütməyə nə Ermənistanın, nə Paşinyanın ixtiyarı yoxdur. Ermənistan rəhbərliyinə kim gəlir-gəlsin, bu ölkənin siyasəti dəyişməyəcək. Sadəcə, ermənilərə xas xüsusiyyətdir, quyruğunu bir az o yan-bu yana tərpədirlər, yumşaq mövqe nümayiş etdirməyə çalışırlar, ancaq reallıqda öz mövqelərində qalırlar. Son zamanlar Ermənistan tərəfdən, dövlət təhlükəsizlik xidməti rəisi tərəfdən verilən bəyanatlar tam əksini deyir. Ona görə Azərbaycan ciddi şəkildə son addımına, müharibəyə hazır olmalıdır, antiterror əməliyyatları apararaq öz torpaqlarını düşməndən azad etməlidir. Azərbaycan üçün başqa yol yoxdur!
Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Minval.info APA-ya istinadən xəbər verir, Müdafiə Sənayesi naziri Mədət Quliyevin əmri ilə bu vəzifəyə tanınmış jurnalist Yaşar İsakov təyin edilib.
Y. İsakov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb. O, müxtəlif qəzet və saytlarda işləyib, o cümlədən “Press24.az” saytının, “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub.
Bundan başqa, Y. İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini vəzifələrində çalışıb.
Şeyx Əbdül: “Rüstəmin fəaliyyəti rəsmi statusu olan Kino İttifaqını parçalamaqdan ibarətdir”
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Bakıdadır. Bu məlumatı qurumun katibi Əli İsa Cabbarov “Yeni Müsavat”a açıqlamasında təsdiqləyib. AKİ katibi bildirdi ki, 2 avqust Milli Kino Günü ilə bağlı avqustun 1-də tədbir keçiriləcək, qaliblər mükafatlandırılacaq və R.İbrahiməyov da orada iştirak edəcək. “Avqustun 1-də ənənəvi kino mükafatı qaliblərə təqdim olunacaq.
Bu il rejissor Cahangir Zeynallı, xalq artisti Şükufə Yusifova, rejissor Murad İbrahimbəyov, gənc aktrisa Zülfiyyə Qurbanova qaliblərimizdir.
Eyni zamanda kino günü Kino Evinin açılışını elan edəcəyik. Ertəsi gün, yəni avqustun 3-də artıq ilk film göstəriləcək. Elmar İmanovun Rotterdam festivalında qalib olmuş “Mövsümün sonu” filmi nümayiş ediləcək”.
Ə.İ.Cabbarov qeyd etdi ki, aki.az İttifaqın rəsmi saytını da açıq elan edəcəklər: “Kinomuzun problemləri ilə bağlı demək olar ki, dinamika və kəmiyyət var, lakin bunu keyfiyyətə və inkişafa keçirmək qarşıda duran məqsədlərdəndir. Bunun üçün vacib amil peşəkarların həmrəyliyidir. Sənət, kino, milli maraqlar ətrafında peşəkarların birliyi kinomuzun inkişafının qarantıdır. İttifaqda son durumla bağlı deyə bilərəm ki, hökumət tərəfindən Kinematoqrafçılar İttifaqına maliyyə dəstəyi göstərilməkdədir”.
AKİ katibi dedi ki, hazırda ittifaq kino tədbirinə hazırlaşır, eləcə də Kino Məktəbinin işləri ilə məşğuldur. Onun sözlərinə görə, R.İbrahimbəyov bayramdan sonra da bir müddət Azərbaycanda olacaq.
Əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyli “Yeni Müsavat”a bildirdi ki, bu gün kino xadimlərinn ehtiyacları çoxdur. Onun sözlərinə görə, onların aldıqları qəpik-quruş kinodandır: “Çəkiliş qurtardısa, pul da yoxdur. Bu gün həmin çətinlikləri prezident kompensasiya edir, maliyyə ayırır, evlər, təqaüdlər verir, yəni dövlət dəstəyi göstərir. Biz inamla gözləyirik ki, kinomuza böyük qayıdış olacaq, peşəkarlar yenə gələcək, kino yerini bərpa edəcək.
Çünki kino xalqın tarixidir, mədəniyyətin təbliğidir, dövlətin ideologiya silahlarından biridir. “Nəsimi”, “Yeddi oğul istərəm” filmləri dünyanın 138 ölkəsində nümayiş olunub”.
Şeyx Əbdül prezidentin kinoya sonuncu dəfə ayırdığı 5 milyon manat dəstəyi gözəl təşəbbüs sayır: “Lakin bu pula 2-3 yaxşı kino çəkmək olar.
Amma digər sahələr də var, o səbəbdən maliyyə çox bölünür. Ona görə pay-peş edəndə “ucuz ətin şorbası olmur”. Amma inanıram ki, bu da düzələcək”.
Ölkədə iki kino ittifaqının olmasına gəlincə, Şeyx Əbdül “od püskürdü”. Onun fikrincə, R.İbrahimbəyov Azərbaycan kinosuna xəyanət edib:
“Qurultay çağırmadan getdi siyasətə qoşuldu. Qurultayın razılığı olmadan prezident olmaq istədi. Oranı da yarımçıq qoyub ölkədən getdi. Sonra getdi ”Qafqaz üçlüyü” kimi eybəcər film çəkdi.
Rüstəmin böyük sənətkar olmasını kimsə inkar edə bilməz. Amma etdiyi xəyanətlərin cavabını verməlidir. İki kino ittifaqı mümkün deyil.
Rəsmi statusu olan, təsdiqlənmiş, dövlət dəstəyi olan bir kino ittifaqı var. Gəlsinlər, qoşulsunlar, fəaliyyət göstərsinlər. İbrahimbəyov hansı mənəvi haqla anarxiya yaradır? Onun ətrafına yığılanlara da ar olsun. O kimdir ki, kinonu bərpa eləsin? Özfəaliyyət bir işdir. İttifaqı dağıdıb, atıb qaçıb, indi yenə qayıdır. 82 yaşı var, qoca kişisən, otur evində, ssenarini yaz, filmlərini çək”.
Müsahibimiz bildirdi ki, İbrahimbəyovun çıxışlarında Azərbaycanın maraqlarına aid bir cümlədə yoxdur: “Məscidin qapısı açıq olanda da gərək adamın həyası ola. İki kino ittifaqı necə ola bilər? Allah Rəsulzadəyə, Elçibəyə rəhmət eləsin. Azərbaycanın bir ”Yeni Müsavat” adlı qəzeti var.
Biri gəlib eyni adla qəzet açsa hansı reaksiyanı verərsiniz? Rüstəm, sən qaçmısan, xəyanət eləmisən, təzədən gəlib hansı haqla iddia edirsən?
Onun bu fəaliyyəti rəsmi statusu olan kino ittifaqını parçalamaqdan ibarətdir. Birləşmək istəyirlərsə, bir kino ittifaqı var, gəlsinlər, qoşulsunlar”.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) kollegiya iclası keçirilib.
QSC-dən verilən məlumata görə, iclasda cari məsələlərlə yanaşı təşkilatı məsələlərə də baxılıb.
Aparılan yeni struktur və kadr islahatları nəticəsində QSC-nın İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib, onun əvəzinə Mətbuat katibliyi şöbəsi yaradılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qubanovun müvafiq əmri ilə Natəvan Bayramova Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Elçin Quliyev kassasiya şikayətini geri götürüb.
Qeyd edək ki, E.Quliyev 2015-ci ildə həbs ediliblər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay azadlıqdan məhrum olunub. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. E.Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub.
Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib. Hökmdən narazı qalan Elçin Quliyev apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi isə apelyasiya şikayətini təmin etməyib, hökmü qüvvədə saxlayıb.
Azərbaycanda nağdsız ödənişlər hələ də aşağı səviyyədədir.
Bu fikirləri Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
Dövlət başçısının sözlərinə görə, bu sahədə çox ciddi addımlar atılmalıdır:
“Biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. POS-terminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər”.
Prezident bildirib ki, nağdsız ödənişlərin aşağı səviyyədə olması qəbuledilməzdir.
İlham Əliyev bu məsələnin təhlil edilməsi və ciddi addımlar atılması ilə bağlı tapşırıq verib.
“Minval.info”nun məlumatına görə, paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzularını, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılmasına start verilib.
İlk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə, Salyan yolu 32 ünvanında (Bakı Şəhər Baş Gömrük İdarəsi ilə üzbəüz) dəniz kənarında 6 ha sahədə yaradılıb. Əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılıb, burada 60 ədəd kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinələri, 2 yerdə duş, 2 yerdə ikikabinəli sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 ədəd söhbətgah quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, 3500 kvadrat metr ərazidə avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb.
Vətəndaşların istirahərinin təşkili üçün çimərlik ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.
Yaxın günlərdə Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.
“Şıx” ərazisində fəaliyyətə başlayan və digər ərazılərdə yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.
“Bakıda küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
“Report” xəbər verir ki, bunuu iyulun 31-də Azərbaycan Respublikası Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlət başçısı İlham Əliyev deyib.
Prezident indi məişət tullantılarının idarə olunması istiqamətində addımlar atıldığını bildirib:
“Bir neçə il bundan əvvəl Balaxanıda böyük məişət tullantıları zavodu inşa edilmişdir, poliqon salınmışdır, çeşidləmə aparılır. Biz zəncir yaratmalıyıq. Qapıdan ta məişət tullantıları zavoduna qədər vahid zəncir olmalıdır. Hazırda beynəlxalq məsləhətçilərin iştirakı ilə bu layihə Bakı şəhərində icra edilir. Şəhərətrafı dəmir yolu xəttinin çəkilişi davam edir. Bu da çox önəmli layihədir. Bakıda yeni istirahət zonaları yaradılır. Bakı bu gün parklar, bağlar şəhəridir, istirahət zonaları vətəndaşların sərəncamına verilir və bu, əhali tərəfindən yüksək qiymətləndirilir”.
Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasya) İdarə Heyətinin sədri Hikmet Eren Azərbaycan hökumətinin Türkiyə vətəndaşları üçün viza tətbiqini aradan qaldırmasına münasibət bildirib.
“Qafqazinfo”nun “timeturk.com”a istinadən verdiyi xəbərə görə, o bildirib ki, viza tətbiqinin ləğvi ilə hər iki ölkənin güclü olan əlaqələri daha da güclənəcək.
“Tariximizin təməlində yüksələn qardaşlığımız, ən üst səviyyədə nümayiş olunan birlik və bərabərliyimizin olduğu dost Azərbaycandan Türkiyəyə viza tətbiqində əhəmiyyətli addım atıldı. Buna görə 1 sentyabr 2019-cu il tarixindən etibarən Türkiyədən Azərbaycana ən çox 30 günlük vizasız səyahət başlanılacaq.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın danışıqları nəticəsində iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqla bərabər, xalqların sərbəst gediş-gəlişinin davamlılığı üçün Azərbaycan XİN viza şərtinin ləğvi ilə əlaqədar Türkiyə XİN-ə nota göndərib”.
Erenin sözlərinə görə, bu qərar nəticəsində hər iki ölkə iqtisadiyyat sahəsində gəlir əldə edəcək:
“İki ölkə arasında turizm onsuz da öncədən mövcud idi. Azərbaycandan önəmli sayda turist ölkəmizə səfər edirdi. Eyni vəziyyəti Türkiyə üçün söyləmək təəssüf ki, mümkün deyildi. Türkiyədən daha çox fərdi şəxslər qardaş ölkəyə gedirdilər. Vizasız səyahətin başlaması ilə vətəndaşlarımızın, xüsusilə də turizm firmalarının da bu vəziyyətdən müsbət şəkildə faydalanacağına inanırıq”.
Vizasız səyahət tətbiqi ilə ölkələr arasında qardaşlıq və dostluq münasibətlərinin daha da möhkəmlənəcəyini qeyd edən Hikmət Eren sözlərinə belə davam edib: “Bu vəziyyət bizə “tək millət, iki dövlət” sözünü hayqıraraq söyləmənin qürurunu bir daha yaşadacaq”.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Bugünə qədər Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarından ölkəmizə səfər üçün viza tələb olunurdu.