“Azərbaycan ciddi şəkildə son addıma hazır olmalıdır”

Azərbaycanın sülh danışıqlarına sadiqliyindən sui-istifadə edən işğalçı Ermənistan son həftə ərzində dövlət sərhədimiz boyunca təxribatlara əl atdı. Təbii olaraq düşmənin cavabı verildi və rəsmi açıqlamalara görə, bir erməni hərbçi ölüb, daha ikisi isə yaralanıb. Ancaq Ermənistanın bu təxribatlara əl atmaqda məqsədinin nə olduğu barədə müxtəlif fərziyyələr eşidilməkdədir. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanovdan əvvəlcə bu suallara cavab istədik:

– Ermənilər Qazax istiqamətində xeyli fəallaşıblar. Düşmənin gərginliyi Qarabağ istiqamətindən dövlət sərhədinə keçirməkdə məqsədi nədir?

– Qarabağ probleminin ilk günlərindən hər iki tərəfdən itkilər olub, gərginliklər artıb-azalıb. Eyni ssenaridir, heç nə dəyişməyib. Həmçinin Qarabağın işğalı davam edir. Ermənistan daxilində siyasi vəziyyət gərginləşəndə Qarabağda, cəbhəboyu da gərgin durum yaranır. Biz düşmən dövlətlə üz-üzə durmuşuq. Atəşkəs istər Dağlıq Qarabağa aid ərazidə, istər Dağlıq Qarabağa aid olmayan, ancaq işğal altındakı rayonların ərazisində, istərsə də dövlət sərhədi sayılan təmas xəttində pozulur. Düzdür, son zamanlar Dövlət Sərhəd Xidməti bu istiqamətdən müəyyən funksiyaları yerinə yetirir. Ancaq düşmənin niyyəti, düşmənçiliyi dəyişməyib axı, necə var idi, elə də qalıb. Belə olan halda hansı istiqamətdən olur-olsun, təxribatlara əl atılması gözləniləndir.

– Belə bir versiya var ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), konkret olaraq Rusiyanı Azərbaycanla üz-üzə qoymaq istədiyi üçün dövlət sərhədində gərginlik yaradır. Düşmənin belə bir niyyəti ola bilərmi və Rusiyanın proseslərdə açıq şəkildə tərəfə çevrilməsi mümkündürmü?

– Əlbəttə, Ermənistanın belə bir niyyəti həmişə var. Təbii ki, Rusiyanı, yaxud KTMT-nin üzvü olan digər ölkələri bu müharibəyə cəlb etmək istəyirlər. Ancaq bu, qeyri-mümkündür. Çünki birincisi, Azərbaycan əsgəri ona atəş açan mövqeləri cavab atəşi il susdurub. O tərəfdən itki olsa da, olmasa da, Azərbaycan ordusu Ermənistanın dövlət sərhədini keçməyib. Dövlət sərhədini keçmədiyi halda bu məsələyə hansısa ölkənin müdaxiləsi mümkünsüzdür. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır. Ancaq hansısa dövlət onun sərhədlərini keçib bu ölkəyə hücum edərsə, o halda Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçə bilər. Azərbaycan da heç vaxt Ermənistanın sərhədləri daxilində hücum əməliyyatlarını həyata keçirməyəcək. Çünki ölkəmizin əsas məqsədi öz ərazi bütövlüyünü bərpa etməkdir. Aktiv hərbi əməliyyatlar yalnız işğal olunmuş Azərbaycan ərazilərində aparılacaq. Ona görə də Ermənistanın Rusiyanı bu münaqişəyə cəlb etmək niyyəti olsa da, onun reallaşdırılması ehtimalı yoxdur. Bunun üçün nə hüquqi, nə də siyasi əsaslar var. Rusiyanın bu proseslərə müdaxiləsi Ermənistanı silahlandırmaqdan ibarətdir. Həmçinin Rusiyanın hərbi bazasının bu ölkədə olması da faktdır. Lakin açıq şəkildə Azərbaycana qarşı hansısa formada təzyiq edilməsinə, yaxud Ermənistanın xeyrinə addım atılmasına inanmıram. Azərbaycan Ermənistanın dövlət sərhədini keçib onun ərazisində hansısa hərbi əməliyyatları həyata keçirərsə, o halda təbii ki, müəyyən addımlar  atıla bilər.

– Ermənistanın Qazax istiqamətində gərginlik yaratmasının səbəblərindən biri kimi digər versiya da səslənir. Hesab olunur ki, bununla işğalçı ölkə ABŞ-ın Azərbaycana 100 milyon dollar məbləğində yardım ayırmaqla bağlı qərarını tormozlamaq istəyir. Bu nə dərəcədə ciddi arqumentdir?

– Ermənilər hər hansı bir addım atmağa hazırdırlar ki, Azərbaycana qarşı təzyiqlərə nail olsunlar. Biz bilirik ki, bu il ABŞ tərəfindən Ermənistana ayrılan vəsaitin miqdarı azalıb. Həmçinin Qarabağa ayrılan yardımın miqdarında da azalma olub. İndi Azərbaycana 100 milyon ayrılır, bu, ilk növbədə Sərhəd Xidmətinin xərcləri ilə bağlıdır. Ancaq düşünmürəm ki, ermənilər məkrli niyyətlərinə nail ola biləcəklər. Bu, o vaxt ola bilər ki, Azərbaycan aktiv hərbi əməliyyatlara başlasın. Cəbhədə və təmas xəttində mütəmadi şəkildə monitorinqlər keçirilir, atəşkəsin pozulması və nəticələri ilə bağlı həmin qrup məruzələr hazırlayır. Ancaq buna baxmayaraq, ermənilər bütün təmas xətti və dövlət sərhədi boyunca müxtəlif təxribatlara əl atırlar. Ermənistanda dövlət sərhədinin təhlükəsizliyinə qarant ruslardır. Sizə bir faktı danışım. Mən korpus komandirinin müavini olanda Tovuz istiqamətində bir düşmən postunu ələ keçirdik. Çünki oradan Qovlara gedən yolu atəşə tuturdular. Bir dəfə də toy korteji gedəndə atəş açıldı, camaatımız ciddi şəkildə narahat oldu. Xoşbəxtlikdən itki vermədik. Biz də buna cavab olaraq həmin postu ələ keçirməli olduq. Erməni postunu ələ keçirəndən sonra rus sərhədçisi bizimlə əlaqə yaratdı ki, bəs “bundan sonra fikriniz nədir?”  Biz də ona başa saldıq ki, baxın, buradan bizim mülki əhaliyə atəş açırlar, ona görə biz camaatın təhlükəsizliyini təmin etmək üçün bu postu ələ keçirməli olduq. Onda dedilər ki, oldu, hər şeyi başa düşdük, sizin başqa məqsədiniz yoxdur. Beləliklə, çıxıb getdilər.

– Çox maraqlı hadisədir. Bu, nə vaxt baş verib?

– 1995-ci ildə. Həmin post indiyə qədər bizdədir. Ermənilər bilir ki, bu postlar Dövlət Sərhəd Xidmətinə veriləndən sonra Müdafiə Nazirliyinə aid olan bölmələr oradan çıxmış olur və nəticədə bizim ehtiyatımız çoxalır. Ona görə də ermənilər sərhəddə gərginliyi artırırlar ki, biz oradakı ordu bölmələrimizi çıxartmayaq və sərhəd qoşunlarımızı həmin ərazilərdə yerləşdirməyək. Çünki bu prosesin davamı olmalıdır. Yəni Tovuz, Gədəbəy, Qazaxdan tutmuş, Kəlbəcər rayonuna kimi bu işlərin davamı həyata keçirilməlidir.

– Deməli, Ermənistanın əsas məqsədi budur ki, Azərbaycan ordusunun sərhəddəki hissələri çıxarılıb Qarabağ istiqamətindəki təmas xəttinə toplanmasın, ona görə də gərginliyi tətikləyir?

– Bəli, mən düşünürəm ki, onların əsas məqsədi budur.

– Bir məqamla bağlı da fikirləriniz çox maraqlıdır. Ağstafa ərazisindəki Keşikçidağla bağlı Gürcüstanla sərhəddə baş verənlərdən bir neçə gün sonra Ermənistan ordusu Qazax istiqamətində fəallaşdı. Hesab olunur ki, bu hadisələrin bir-biri ilə hansısa formada rabitəsi var. Baş verənlərdə Rusiya amili nə dərəcədə rol oynayır?

– İstər sərhəddə, istər təmas xəttində, istərsə də digər ölkələrlə gərginlikdə maraqlı olan qüvvələr çoxdur. O cümlədən Rusiya, ABŞ, həmçinin digər dövlətlər. Belə deyək, bu gərginlikdə maraqlı olmayan yalnız Azərbaycandır. Bu gərginlikdən müxtəlif formada istifadə edirlər. Beynəlxalq qurumlar, ABŞ, Rusiya öz maraqlarını güdür. Biz bilirik ki, belə olmasaydı, böyük dövlətlər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və beynəlxalq normalar çərçivəsində qəbul edilən 4 qətnamənin yerinə yetirilməsi üçün çoxdan qərar qəbul etməliydilər.

“Erməni postunu ələ keçirəndən sonra rus sərhədçisi bizimlə əlaqə yaratdı ki, bəs ”bundan sonra fikriniz nədir?” 

O halda dövlət sərhədimiz də, ərazi bütövlüyümüz də bərpa olunardı. Bu münaqişə ocağı və Azərbaycanla Ermənistan arasındakı durum Cənubi Qafqazda gərginliyi saxlamaq üçün böyük güclərin marağına uyğundur. Burada hamısının maraqları var. Çünki bu gərginlik, bu münaqişə ocağı o güclərin öz siyasətini, maraqlarını həyata keçirmək üçün bir vasitədir, imkandır.

– Cənab polkovnik, Ermənistan hökuməti Azərbaycanın işğal altındakı ərazilərinə üçüncü yolun çəkiləcəyini anons ediblər. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan bu yola zərbələr endirməlidir ki, düşmən öz məqsədinə çatmasın. Reallıq budur ki, Qarabağa Ermənistandan çəkilən yol sabah oradan hərbi texnika, silah-sursatın daşınmasını asanlaşdıracaq. Siz peşəkar hərbçi olaraq bununla bağlı nə təklif edirsiniz?

– Mən, ümumiyyətlə, məsələyə belə yanaşıram ki, biz niyə Ermənistanın işğal zonasında hansı işlər gördüyünü müzakirə etməliyik? Deyək ki, düşmən orada ev tikir, ya başqa işlər görür… Biz o torpaqlarımızı azad edib ərazilərimizə yiyə durmalıyıq, ərazi bütövlüyümüzü bərpa etməliyik, bununla da göstərməliyik ki, ərazilərimizin işğalı ilə barışmırıq. Ona qədər ermənilərin nə etdiyinə bu qədər zaman sərf etməməliyik. İşğaldan 30 ilə yaxın zaman keçir, yerlərində durmayacaqlar ki… Təbii olaraq kimsə yol çəkəcək, istirahət mərkəzi yaradacaq, ya infrastruktura diqqət ayıracaqlar. Bu işləri saxlayan tək amil o olacaq ki, Azərbaycan torpaqlarını işğalçılardan azad edəcək. İndiki halda biz ermənilərin həyata keçirdiyi hansısa işləri dayandırmaq üçün artilleriyadan da istifadə edə bilməyəcəyik. Çünki atəşkəs rejimi ilə bağlı müəyyən öhdəliklər götürmüşük. O halda biz atəşkəs rejimindən çıxmalıyıq və öhdəliklərin hamısını dayandırmalıyıq. Ondan sonra hansısa addımlar ata bilərik. Yoxsa biz atəşkəs rejimində ola-ola atəşkəsi pozsaq və ağır artilleriyadan istifadə etsək, onda müəyyən təzyiqlər olacaq, bundan da üçüncü, dördüncü qüvvələr istifadə edəcək. O zaman yenə də aprel hadisələrinə bənzər hadisə baş verəcək, deyəcəklər dayanın, qurtardı getdi… Atəşkəsdən çıxmaq, müharibə etmək, torpaqları qaytarmaq lazımdır. Ondan sonra artıq artilleriyadan, aviasiyadan da istifadə etmək olar. Amma sən bir tərəfdən atəşkəs rejiminə riayət etməklə bağlı sənədə qol çəkmisən, digər tərəfdən də artilleriyadan istifadə edirsənsə, bu, qəbul olunmayacaq. Mənim fikrim budur ki, nə yol çəkilir-çəkilsin, ola bilsin ki, onlardan özümüz də istifadə etdik.

– Ermənistan son davranışları ilə Düşənbə razılaşmasını kobud şəkildə pozdu. Azərbaycan bunu əsas götürərək torpaqlarını azad etməklə bağlı qərar verə bilərmi?

– Paşinyan böyük qüvvələrin əlində marionetkadır. Müstəqil siyasət yürütməyə nə Ermənistanın, nə Paşinyanın ixtiyarı yoxdur. Ermənistan rəhbərliyinə kim gəlir-gəlsin, bu ölkənin siyasəti dəyişməyəcək. Sadəcə, ermənilərə xas xüsusiyyətdir, quyruğunu bir az o yan-bu yana tərpədirlər, yumşaq mövqe nümayiş etdirməyə çalışırlar, ancaq reallıqda öz mövqelərində qalırlar. Son zamanlar Ermənistan tərəfdən, dövlət təhlükəsizlik xidməti rəisi tərəfdən verilən bəyanatlar tam əksini deyir. Ona görə Azərbaycan ciddi şəkildə son addımına, müharibəyə hazır olmalıdır, antiterror əməliyyatları apararaq öz torpaqlarını düşməndən azad etməlidir. Azərbaycan üçün başqa yol yoxdur!

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!