![]() |
![]() |
Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dürdanə Əliyeva vəzifəsindən azad edilib.
Minval.info “report”a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Namiq Zeynalov müvafiq əmr imzalayıb.
Başçının digər əmri ilə bu vəzifəyə Elnarə Həsənova təyin olunub.
E.Həsənova bu təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi vəzifəsində çalışıb.
Türkiyənin Nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turanın APA-ya müsahibəsi
– Cənab nazir, Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin 2017-ci ildə Bakıda baş tutan açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev bu tarixi İpək Yolunun Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsi olacağını bildirmişdi. Bu mövzuda Türkiyə tərəfin mövqeyi necədir?
– Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini Çin tərəfindən irəli sürülmüş “Bir Kəmər – Bir Yol” layihəsi ilə birlikdə qiymətləndirərdim. 2015-ci ilin mart ayında açıqlanan layihə Asiya, Avropa və Yaxın Şərqi birləşdirən nəhəng infrastruktur, nəqliyyat, investisiya, enerji və ticarət şəbəkəsi yaratmağı hədəfləyir. Ölkələrimizin artan ticarət həcmindən və investisiya mühitindən daha çox qazanmasını təmin etmək üçün əsas nəqliyyat dəhlizlərinə qoşulmalı və nəqliyyat infrastrukturlarımızı bu baxımdan ələ almalıyıq.
Türkiyə “Orta Dəhliz” adlandırılan Çin – Mərkəzi və Qərbi Asiya dəhlizi üzərindədir. Türkiyənin mövqeyi belədir ki, “Bir Kəmər – Bir Yol” layihəsinə ilə bağlı aktiv siyasət aparılmalıdır. Türkiyə “Yeni İpək Yolu” layihəsi adlandırılan Orta Dəhliz Şərqlə Qərb arasındakı mövcud xətləri tamamlamaqda və təhlükəsiz səfərlər təşkil etməkdədir.
17 ildir, ölkəmizin nəqliyyat siyasətinin əsas istiqaməti Çindən Londona fasiləsiz çatdırılmanı təmin etmək üçün genişmiqyaslı infrastruktur sərmayələri reallaşdırmaqdır.
Uzaq Şərqdən Avropaya qədər uzanan, əsrlər boyu ticarət karvanlarının əsas yolu olan Orta Dəhlizin – tarixi İpək yolunun inkişafı üçün həm Anadoluda, həm də Qafqaz və Orta Asiyada dəmiryolu şəbəkələrinin təşkili və magistral yolların inteqrasiyası sahəsində uzunmüddətli fəaliyyətlərimiz davam etməkdədir. Bu məqsədlə Asiya-Avropa-Yaxın Şərq fonunda çoxşaxəli nəqliyyat şəbəkəsini inkişaf etdirmək üçün əhəmiyyətli addımlar atılır, ölkə daxilində şərq-qərb və şimal-cənub istiqamətlərində nəqliyyat əlaqəsini yaxşılaşdıracaq layihələr də həyata keçiririk. Çünki “Bir Kəmər-Bir Yol” layihəsinin gələcəyi bizim coğrafiyamızı əhatə edir. İnanırıq ki, Anadolu, Qafqaz və Orta Asiya üçbucağında nəqliyyatın yaxın gələcəkdəki vəziyyəti indikindən bir neçə dəfə inkişaf etmiş durumda olacaq. Əlbəttə, bu dəhliz xalqlar arasında təkcə iqtisadi deyil, həm də mədəni və sosial əlaqələri də inkişaf etdirəcək. Buna görə Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çin və Orta Asiyadan ölkəmizə gələn bütün yolları birləşdirən infrastruktur kimi böyük əhəmiyyətə malikdir. Bu layihə yalnız 3 ölkəni birləşdirmir. İngiltərəni, Fransanı, Belçikanı, Almaniyanı, Avstriyanı, Macarıstanı, Serbiyanı, Bolqarıstanı, Türkiyəni, Gürcüstanı, Azərbaycanı, Qazaxıstanı, Türkmənistan və Çini bir-birinə bağlayır.
Bakıdan Qarsa qədər olan 829 km dəmir yolu xətti Xəzər Tranzit Orta Dəhliz xəttinin önəmli hissəsini tamamlayır. Ancaq bu layihənin əhəmiyyəti qarşıdakı illərdə daha aydın anlaşılacaq. Çünki bu gün Çinlə Avropa arasındakı ticarət dövriyyəsi gündəlik 1,5 milyard dollar həcminə çatıb. Bu ticarət axınının artaraq 5-6 il ərzində gündəlik 2 milyard dolları aşması gözlənilir.
Bu çərçivədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə işləməsi və bu xətti tamamlayan yolların başa çatdırılması çox vacibdir. Digər tərəfdən Marmaray Boru Keçidi, Yavuz Sultan Səlim Körpüsü, Şimali Mərmərə şosesi və Avrasiya Tuneli, Osman Qazi Körpüsü, sürətli qatar və yüksək sürətli qatar xətləri, Şimali Egey Limanı, Gebze Orhanqazi-İzmir şosesi, 1915 Çanaqqala Körpüsü, İstanbul Hava limanı kimi meqa layihələrlə də bu dəhlizin təmin etdiyi faydanı daha da artırmağa çalışırıq. Xüsusilə, bu dəhlizin davamı olacaq nəhəng layihələri dövlət və özəl qurumlarınla birgə həm sürətli, həm daha az xərclə, həm də özəl sektorun dinamikasından istifadə edərək həyata keçiririk.
– BTQ xətti üzrə indiyədək nə qədər yük daşınıb? Bu ilin sonuna və ortamüddətli perspektivdə yükdaşımalar üzrə proqnozunuz necə olacaq?
– BTQ xətti fəaliyyətə başladığı gündən indiyədək 3527 vaqonla 210 min ton yük daşınıb. Daşınmalar artmaqdadır. BTQ dəmiryolu xəttində qısa müddətdə 1 milyon ton, orta müddətə 3 milyon ton, uzun müddətə isə 6 milyon 500 min ton yükün daşınması nəzərdə tutulub.
– Hazırda bu dəmir yolu ilə sərnişindaşıma istiqamətində hazırlıq işləri aparılır. Bu prosesə nə vaxtdan başlanılacaq?
– Əslində bu xətlə sərnişindaşıma mərhələsi başlanmış vəziyyətdədir. Hətta BTQ sərnişin qatarının qiymət tarifi də müəyyənləşdirilib, dekontlaşma təlimatları (təhlükəsizlik təlimatları-red.) hazırlanıb Azərbaycan və Gürcüstan tərəfinə verilib.
– Bakıdan Qarsa və əks istiqamətdə bilet neçəyə olacaq?
– Aprel ayında bu məsələ ilə bağlı bir toplantı oldu. Əlaqədar tərəflər bir araya gələrək qiymətləri müzakirə etdilər. Lüks və komfort vaqonlar üçün ayrı-ayrılıqda orta qiymət müəyyənləşdirilidi. Lüks vaqonlarda bir yerin qiyməti 798, komfort vaqonlarda isə 621 Türk lirəsi məbləğində təklif edilib. Amma bu tariflərin bir daha müzakirə olunması planlaşdırılır.
– Bir müddət öncə Bakı-Ankara qatarına biletlərin qiymətləri açıqlanmışdı. Bildirilmişdi ki, vaqon sinfindən asılı olaraq, qiymətlər 350 (108 manat), 600 (185 manat) və 850 lirədir (262 manat)…
– Az öncə dediyim kimi, təxmini qiymətlər məlumdur. Vaqon sinfindən asılı olaraq qiymətlər 408 (126 manat), 621 (191 manat) və 798 (246 manat) lirə arasında dəyişir.
– Bakı-Ankara xətti nə zaman tam istifadəyə veriləcək? Qatar Ankaraya bir başamı gedəcək, yoxsa sərnişinlər Qarsda qatar dəyişəcək?
– Bakı-Ankara qatarı tək qardaş Azərbaycan xalqının deyil, bizim vətəndaşlarımız tərəfindən də böyük maraqla gözlənir. Bu məqamı da ölkələrimizin vətəndaşlarına söyləməkdən qürur duyuram: BTQ xəttində istifadə ediləcək vaqonların bojiləri (vaqonların dəmir yol xəttinə uyğunlaşdıran sistem-red.) indi standart və geniş texniki xüsusiyyətlərə malikdir. Buna görə də sərnişinlər Ankaradan Bakıya və əks istiqamətdə birbaşa səyahət edə biləcəklər. Xətt tam hazır olduqda hər 3 ölkənin vətəndaşlarına məlumat veriləcək.
– Bu marşrutla il ərzində nə qədər sərnişin daşınması gözlənilir? Dəmir yolu ilə sərnişin daşımaları qonşu ölkələr arasında münasibətlərin inkişafına necə təsir edəcək?
– Türkiyənin Azərbaycan və Gürcüstanla qonşuluq hüquqlarının olduğu məlumdur, bu iki ölkə ilə təbii ki, qardaşlıq əlaqələri də var. Bu layihə də qardaşların bir-birinə daha sıx bağlanmasını təmin edəcək. Ən önəmlisi istehsal etdikləri məhsulları müştərək daşıyacaq. Qarşılıqlı etibar və işbirliyi içərisində irəliləyən bu böyük layihə sərnişin daşımağa başlamaqla inanıram ki, ölkələrimiz arasında mədəni və mənəvi bağları daha da inkişaf etdirəcək. Eyni zamanda BTQ xətti sürətli qatar layihələri ilə birlikdə yalnız Türkiyədə deyil, Gürcüstan və Azərbaycan da daxil Asiya-Avropa dəhlizində ən sərfəli və ən təhlükəsiz nəqliyyat olacaq. Bu səbəblərdən də sərnişin sayının yüksək olacağı proqnozlaşdırılır. Onsuz da biz BTQ-ni sadəcə dəmiryolu layihəsindən daha çox sosial, mədəni, iqtisadi layihə kimi görürük. Bu layihə regiondakı daşımanı ən məhsuldar şəkildə gerçəkləşdirəcək. BTQ dəmiryolu ilə ölkələrimiz arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələri daha da inkişaf edəcək. Bu xətt ticarəti də inkişaf etdirəcək.
– Peyk xidmətləri, kiber təhlükəsizlik, poçt və fiber-optik şəbəkələrlə əlaqədar keçən il Türkiyə, Azərbaycan, Rusiya və İranın müvafiq sahə üzrə nazirləri müqavilə imzalayıb. Bu sahədə nə yeniliklər var?
– 2018-ci ildə Türkiyə, Azərbaycan, Rusiya və İrandan nazirlərin toplantısında informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dövlət və özəl müəssisələrin daha əlaqələrinin inkişafını təmin etmək üçün müştərək bir qurum yaratmağa qərar verdik. Bu çərçivədə TÜRKSAT və BTK başda olmaqla nazirliyimizə tabe olan qurumlarımız üç ölkənin əlaqədar qurumları ilə görüşlər təşkil edir. Peyk xidmətləri, kiber təhlükəsizlik və fiber-optik şəbəkələr başda olmaqla, ortaq işlərimizin yaxın zamanlarda başlanmasını gözləyirik.
– Rəhbərlik etdiyini nazirlik Azərbaycanın daha hansı sektorları ilə əməkdaşlıq edir?
– Türkiyə Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən lazımi dəstəyi verib və bu, hər zaman belə olacaq. Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Kəməri, TANAP kimi müştərək layihələrimiz bölgədə öz damğasını vurub. Türkiyə Azərbaycanın ən böyük sərmayəçilərindən biridir. İnşallah yaxın zamanlarda Azərbaycan da Türkiyədə eyni səviyyəyə gələcək. Biz görülən işləri isə heç vaxt yetərli saymırıq, bu şəkildə də davam edəcəyik. İki qardaş ölkə qarşılıqlı yardımlaşmanı heç zaman əsirgəməyəcək. Önümüzdə daha böyük əməkdaşlıqlar bizləri gözləyir. Bizim üzərimizə düşən aramızdakı bağları daha da möhkəmləndirib gələcək nəsillərə miras qoymaqdır. Azərbaycanın həyata keçirdiyi böyük layihələrdən də qürur duyuruq.
İstər Azərbaycan, istərsə də bölgənin digər ölkələri ilə aramızdakı ən böyük logistik və infrastruktur layihələrindən biri olan Bakı-Tbilisi-Qars Dəmiryolu Xətti və Lapis Lazuli Marşrutu Sazişi tarixi İpək Yolu marşrutları Orta Dəhlizin ən vacib komponentlərindən biridir.
Bu layihələrin əksəriyyəti tarixi İpək Yolunun dirçəldilməsi və Avropanın tranzit nəqliyyat şəbəkələrini Orta Asiya və Cənubi Asiya ilə Çin, Pakistan və Hindistanla birləşdirməsi, bölgədəki ölkələrin əhəmiyyətini daha da artıracaq. Nəqliyyat sektoru Türkiyənin Azərbaycan, eləcə də bütün Orta və Şərqi Asiya coğrafiyası ilə ticarətini canlandıracaq ən önəmli mexanizm rolunu oynayacaq. Türkiyənin 2023-cü il hədəflərindən biri də Azərbaycanla əlaqələrini daha da inkişaf etdirməkdir.
Daxili işlər orqanlarında yeni təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə İsa Babaşov Abşeron rayon Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.O, bu təyinata qədər Nəqliyyatda Baş Polis İdraəsində çalışıb.
Qeyd edək ki, bir neçə ay bundan öncə Abşeron rayon Polis İdarəsinə əməliyyat işləri üzrə keçmiş müavini Mehman Əliyev Balakən rayon Polis şöbəsinə rəis təyin edilib.
Minval.info Milli Məclisin deputatı Rüfət Quliyevin Oxu.Az-a müsahibəsini təqdim edir:
– Rüfət müəllim, deputat həmkarlarınızın bəziləri xaricdə istirahət edirlər. Amma nədənsə sizi bu yay daha aktiv görürük, yəni mətbuata tez-tez açıqlamalar verirsiniz. Dincəlmək istəmirsiniz?
– Birincisi, işlərimi tam yekunlaşdırmamışam. Digər tərəfdən, düşünürəm ki, istirahətə avqustun axırı çıxım. Ona görə də hələ Bakıdayam. Bu, şəxsi işlərlə bağlıdır.
– Ölkə xaricində istirahət edəcəksiniz, yoxsa…
– Bu, vaxtdan və imkandan asılıdır. Mən ildə azı bir-iki dəfə övladlarımla birlikdə xaricə istirahətə gedirəm. Son iki ildir ki, başım xeyir işlərə qarışıb. Ona görə də daha çox Azərbaycanda, əsasən də Lənkəranda dincəlməyə üstünlük verirəm.
– Xeyir iş nə ilə bağlıdır?
– Övladım evlənəcək.
– Məmurlardan, nazirlərdən də toya gələn olacaq?
– Bir oğlumun toyu olub. Mən toyları çox qapalı formada keçirirəm. Bu oğlumun toyunu da lap qapalı formada keçirmək niyyətindəyəm.
– Səbəbini bilmək olarmı?
– Qohum-əqrəbanı, dostları və dövlət vəzifəsində işləyən bir neçə nəfəri, yəni özümə ən yaxın bildiklərimi toya dəvət edəcəyəm. Ucdantutma hamını toya çağırmaq fikrində deyiləm. Mən israfçılığın əleyhinəyəm. Toyda 200 nəfər iştirak edirsə, deməli, həmin toy normal keçir.
– Deyəsən, çox emosionalsınız.
– Bəli, düz fikirləşdiniz, emosionalam. Bilirsiniz ki, mən həm də müəlliməm. Adətən, müəllimlər emosional olur.
– Amma jurnalistlərlə davranışınızda emosionallıq hiss etməmişik.
– Həmişə jurnalistlərlə əlaqələr qurmağı və onların suallarına cavab verməyi özümə borc bilirəm. Hesab edirəm ki, elmlər doktoru, professor, üstəgəl deputat olan Rüfət Quliyev öz fikirlərini bölüşməlidir.
– Rüfət Quliyev obrazı seçicilərində hansı təəssürat yaradıb?
– Dünyanın bir çox ölkəsində olmuşam. Vətəndaşlar üçün ən rahat, yüksək səviyyədə olan ölkələrdə belə görmüşəm ki, insanlar nədənsə narazıdır. İstər deputatlardan, istər valilərdən, istərsə də məmurlardan narazı kəsimlər olur. Bəşəriyyət inkişaf edir, imkanlar və tələbat artır. Buna görə də insanlarda narazı qalmaq üçün bəhanələr yaranır.
Cəmiyyətdə normal bir fəlsəfədir ki, insanların arzu və istəkləri onların imkanlarını üstələyir. Bu, Yaponiyada da, Avropada da, Amerikada da var.
– Həmişə danışanda rus dilindən sitatlar gətirirsiniz. Rus dilini mükəmməl bilirsiniz, bu, öz yerində. Bəs öz dilimizdə düşünürsünüz, yoxsa rus dilində?
– İndi öz dilimizdə düşünürəm. Bunun da tarixçəsi var. Sovet dönəmində, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Bakıdan SSRİ-nin aparıcı ali məktəblərinə göndərilən gənclərin sayı ildən-ilə artırdı. Onlar hökumətin dəstəyi ilə orada ali təhsil alırdılar. Bu xoş hadisə mənim də başıma gəlib. 1982-ci ildə mindən yuxarı tələbə Azərbaycandan kənara oxumağa göndərildi. Azərbaycandan kənarda isə ümumi, ortaq dil rus dili idi. Mən də rus dilində təhsil aldım. 1986-cı ildə Azərbaycana qayıtdıqdan sonra isə daha çox Azərbaycan dilində mütaliə etdim. Azərbaycan Texniki Universitetində dərs deməyə başladım, auditoriyaya girdim. Azərbaycan dilini mükəmməl bilmək üçün öz üzərimdə işlədim. Deputat seçiləndən sonra da Azərbaycan dilinə daha çox fikir verməyə başladım.
Mən indi Azərbaycan dilində də mükəmməl danışa bilirəm. İngilis dilini də bilirəm. Amma ingilis dilində danışan zaman əvvəl cümlələri rus dilində düşünürəm, sonra onu ingilis dilinə çevirirəm.
– Bəzən də cəmiyyətdə deputatların Rusiya yönümlü olması fikirləri səsləndirilir…
– Nə demək istədiyinizi anladım. Mən onun tərəfdarıyam ki, Azərbaycan Ermənistanı çıxmaq şərtilə, bütün dövlətlərlə normal münasibət saxlamalıdır. Qeyd edim ki, cənab Prezidentimizin xarici siyasətinin ən uğurlu kursu ondan ibarətdir ki, bütün dövlətlərlə və ittifaqlarla normal münasibətlər qurulub. Heç nədən korluq çəkmirik. Biz Ermənistan kimi kimdənsə nəsə xahiş etmirik, dilənmirik. Şükür Allaha, pulumuz da var, imkanımız da.
Rusiyaya gəlincə, vurğulamaq lazımdır ki, biz 200 il Rusiyaya çox yaxın olmuşuq. Sovet İttifaqı vaxtında isə SSRİ-yə daxil olmayan ölkələrlə çox da əlaqə saxlaya bilməmişik.
Ana dilini bilmək mütləqdir, vacibdir. Ancaq rus dilini də, ingilis dilini də bilmək lazımdır. Azərbaycana isə ədəbiyyatlar əsasən rus dilindən gəlir. Yəni mənbələr rus dilindədir.
– Cəmiyyətdə deputatlar haqqında mənfi rəylər də mövcuddur. Bəziləri elə düşünür ki, deputat böyük bir məmurdur və hər şeyə səlahiyyəti çatır. Deputata aid olmayan məsələlərin həllini deputatdan gözləyirlər, nəticə olmadıqda isə deputatlara qarşı neqativ münasibət artır.
– Bir məsəl var: uman yerdən küsərlər. Amma deputatın bilavasitə borcu ondan ibarət deyil ki, stansiyalar, evlər tiksin. Deputatın bir nömrəli funksiyası odur ki, qanun layihəsi hazırlasın. Bununla belə, deputat əlçatan olmalıdır, seçicilər problemlərini ona deməlidir.
– Ancaq “uman yerdən küsərlər” prinsipi ilə deputatları təhqir də edirlər.
– Təhqir yolverilməzdir. Deputat da insandır. Biz ömürlük bu postda qalmayacağıq. Elə olur ki, insan bəzən öz deputatlıq fəaliyyətini dayandırmağı düşünür. Həm də düşünürəm ki, pensiyaya çıxanda da insanlarla yenə indiki kimi yaxın olum, çayxanalarda oturum, parklarda gəzim. Elə bir ölkə yoxdur ki, seçicilər deputatlardan tam razı qalsın.
Bazar iqtisadiyyatı şəraitində cəmiyyətdə gedən proseslər elə olur ki, insanların bir qismi narazı qalır.
Bəzən kimsə gəlib dərdini mənə danışır, mənim də gücüm o problemi həll etməyə çatmır. Dövlət də, deputat da hər adama əl uzada bilməz. Ancaq o, bunu başa düşmür, əsəbi danışır, bəzən etik çərçivələri də keçir. Mən isə çalışıram ki, təmkinlə yanaşım. Ən azından, məsləhət verirəm, yol göstərirəm. İnsanlar kimdənsə narazı qalanda gərək əvvəlcə düşünsünlər.
– Bu il, əsasən, kənd təsərrüfatı məhsullarının qiymətləri ilə bağlı xeyli şikayət var. Deyilənlərlə razısınızmı?
– Qismən razıyam. Mövsümdə qiymətlər dəyişir, bütün valyutalar devalvasiyaya uğrayır. Belə bir məqamda isə Azərbaycanın baş bankiri Elman Rüstəmov manatın revalvasiyasından söz açdı. Bunun da öz səbəbləri var.
Ümumiyyətlə, inflyasiyaya uğramayan ölkə yoxdur. Hətta ABŞ valyutasının özü də ildə ən azı 2 faiz inflyasiyaya məruz qalır. Azərbaycan uzun müddət neftdən asılı olan ölkə idi. Son iki ildə isə qeyri-neft sektorunun inkişafı üçün mühüm işlər görülüb. Azərbaycanda kənd təsərrüfatı istiqamətində effektiv addımlar atılır.
Başqa bir səbəb də göstərim. Regionlarda insanlar öz həyatyanı sahələrində korporativlər yaradıb birgə iş görmək istəmirlər.
2008-ci ildə İrana getmişdim. Gördüm ki, orada bir kvadratmetr də boş torpaq yoxdur, hamı əkib-becərir. Düz Tehrana qədər eyni mənzərənin şahidi oldum, boş torpaq görmədim.
Bizdə isə indi vəziyyət fərqlidir. Yaxşı, başqa torpaqları əkməyin, bəs öz həyətinizdə niyə əkib-becərmirsiniz? İnsanlar göy-göyərtini, tərəvəzləri öz həyətlərində əksələr, il ərzində özlərini təmin edə bilərlər. Bu gün isə insanlar həyətyanı sahələrində iş görmürlər. Bəhanələri isə budur ki, su çatmır, qaz bahadır və sair. SSRİ zamanında dövlətin ətəyindən bərk yapışmışdıq. İndi isə bazar iqtisadiyyatıdır. Bu meydan, bu da şeytan. Dövlət hər cür şərait yaradıb. Amma məmur kəndlinin yerinə torpaqda işləməyəcək.
– İqtisadçılar şəxsi həyatlarında da bəzi məsələlərə iqtisadi yanaşırlar. Həm də pulu xərcləməyin qaydasını bilirlər. Siz də beləsiniz?
– Təəssüflər olsun ki, elə deyiləm. Mən “kefqom” adamam, məclisləri, insanlarla ünsiyyətdə olmağı xoşlayıram.
– Bəs evdə bədxərc olduğunuza görə sizə etirazlar olur?
– İnsan özünü cilovlamalıdır. Həmişə sakit insanlara həsəd aparıram. Harada ki, qərarı emosiya ilə vermişəm, orada uduzmuşam. Eləcə də xərcə aid emosional qərarlarımda.
– Təyyarə ilə səfərə gedərkən daha çox biznes-klassa üstünlük verirsiniz, yoxsa ekonom-klassa?
– Dövlətin xətti ilə gedərkən bizi biznes-klassla göndərirlər. Nəyə görə? Təsəvvür edin ki, xaricə gedirsiniz, sizi millət vəkilləri qarşılayır. Ona görə də fərqlənmək lazımdır. Bizim dövlətin kifayət qədər iqtisadi gücü var ki, deputatların səfərlərini biznes-klassla təşkil etsin. Ancaq özüm şəxsi səfərə gedəndə ekonom-klassa üstünlük verirəm.
– Bəs burada niyə bədxərcliyə yol vermirsiniz?
– Təyyarədə biznes-klass və ya ekonom-klassla uçmaq prestij söhbətidir. Bunların biletlərinin qiymətləri arasında 2-3 dəfə fərq var. Hesab edirəm ki, üç saatlıq uçuşa görə üç dəfə artıq pul vermək mənasızdır.
Bir neçə dəfə təyyarəyə minəndə görmüşəm ki, biznes-klassda uçanlar daha çox biznesi idarə edənlərdir. Onların yiyələri isə ekonom-klassla uçurlar. Baxmayaraq ki, onlar milyonçudurlar. Biznesi idarə edənlər isə ezamiyyətdə olduğuna görə biznes-klassda uçur.
– Yeyib-içməyi, məclisləri xoşlayırsınız. Bəs hansısa bir istedadınız varmı? Məsələn, musiqi alətlərində ifa kimi.
– Uşaqlıqda çox istəyirdim. Əfsuslar olsun ki, alınmayıb. Mən elmdə ən böyük zirvələrdən birinə qalxa bilmişəm, elmlər doktoru, professoram. Bununla da digər məsələləri bağladım. Gündə 100-150 səhifə kitab oxuyuram. Oxumasam, rahat olmuram. Kinoları, serialları da xoşlayıram, bundan həzz alıram. Aparıcı xarici universitetlər də məni mühazirə oxumağa dəvət edirlər.
– Evdə yemək bişirib, çay dəmləyirsiniz?
– Mən klassik azərbaycanlıyam və konservativəm. Ailədə vəzifə bölgüsü olur. Kişinin və qadının ayrı-ayrılıqda öz vəzifələri var. Ola bilsin ki, bu fikirlərim xanımların xoşuna gəlməsin. Ancaq səmimi danışacağam. Mən məsələlərə fərqli baxıram. Övladlarım isə fərqlidir.
Mən “dinozavr”am, köhnədən qalan kişilərin hamısı ailə məsələlərində mühafizəkardırlar.
– Cənub zonasındansınız. Bu bölgə mühafizəkar regiondur. Nə baş verdi ki, belə məclis adamı oldunuz?
– Hər bir insan individualdır. Deməzdim ki, spirtli içki qəbul etmək və siqaret çəkmək müsbət şeydir. Amma nə edək, insanıq. Hamımızın zəif cəhəti var. Hər şey də qaydasında və miqdarında olmalıdır.
Mən sovet mühitindən çıxmışam. Özü də görün, harada oxumuşam – Ukraynada. Dostlarımdan, tələbə yoldaşlarımdan din yoluna keçənlər də var.
– Avtomobilinizi özünüz idarə edirsiniz?
– Xeyr, sürücüm var.
– Özünüz niyə sürmürsünüz?
– Vaxtilə maşın həvəskarı olmuşam. Müəllim işləyəndə atam mənə maşın aldı. Amma gördüm ki, maşın sürmək narahatlıq yaradır. Avtomobil idarə etmək stressdir. Mən yolboyu telefonla danışıram, internetdə məlumatlara baxıram.
– Brend mallara üstünlük verirsiniz?
– Geyimlərdə hə, texnologiyada yox! İndi işlətdiyim telefon adi telefondur. Bir il bundan qabaq almışam. Ondan əvvəlki telefonu da beş il istifadə etmişdim. Amma maqnitofon, radio həvəskarıyam. Tələbəlik illərində isə paltar həvəskarı idim. O zaman adi bir cins şalvar, yapon saatı almaq dəb sayılırdı. Ailə qurandan sonra isə buna ehtiyac yoxdur. Artıq məni bəyənən bəyənib, ikinci kim bəyənəcək ki. (gülür)
– Bildiyimiz qədər oğlanlarınız Qətərdə qalır…
– Ailəmdən çox razıyam. 30 ildir ki, ailə qurmuşam. Bu günə qədər hansısa övladım problem yaratmayıb. Övladlarım nə siqaret çəkir, nə içki içir, nə də donuz əti yeyir. Belə atadan belə övladlar. (gülür) Mən mühafizəkaram, belə doğulmuşam və belə də öləcəyəm.
– Kənardan baxanda özünüzü bəyənirsiniz?
– Bəzən yox. Ən böyük problemlərdən biri odur ki, emosiyaya qapılıb axırda deyəcəyin sözü əvvəldə deyirsən. Bu hal məndə olur. Qüsursuz insan yoxdur.
– Restoranlarda sizi hesabda aldatmaq istəyiblər?
– Ataların bir sözü var, oğurluğun ömrü 40 gündür. Mən isə onu 40 dəqiqəyə üzə çıxarıram. Avam adam deyiləm. Birinci dəfə getdiyim yerdə yeməyi keyfiyyətsiz veriblərsə, ikinci dəfə ora getməyəcəyəm. Hesabda aldadanda da hiss edirəm, hissiyyatım güclüdür. Restoranın sahibini və ya da administratorunu çağırıram, onlara izah edirəm.
Hərdən mağazalara girirəm. Bir də görürsən ki, dükanda işləyən satıcılar özlərini çox sərbəst aparırlar, ucadan danışırlar. Dözmürəm, dərhal müdiriyyəti çağırtdırıram, etirazımı bildirirəm.
– Azərbaycan Texniki Universitetində kafedra müdirisiniz. Tələbələrdən razısınız?
– Oxuyan tələbə görəndə az qalıram ki, ürəyimi yarıb, həmin tələbəni ora qoyum. Dərsdə oturub telefonla oynayan, qeyd götürməyən, müəllimə qulaq asmayan tələbələrin axırı necə olacaq?
– Tələbələrinizdən belələri varmı?
– Əksəriyyəti elədir.
– Onlara hirslənmirsiniz?
– Hirslənmirəm. Amma məsələni başqa cür izah edirəm. Tələbələrimə rəvayətlər danışıram. İzah edirəm ki, elm var. Öz həyatımdan, necə oxumağımızdan söz açıram. Kim tələbə vaxtı oxumağa necə münasibət göstəribsə, həyatda da elədir.
Oxuyan adama bu cəmiyyətdə yer var. Yüksəlmək, karyera qurmaq isə fərasətdən də asılıdır. Ola bilər ki, kimsə zəif oxuyur, amma kommersant olur. Ancaq istənilən formada elm nömrə birdir. Daim oxumaq lazımdır.
“ABŞ-ın sonu çatıb və bu son SSRİ-yə bənzəyir”. “Moskva-Baku” portalına müsahibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqin belə deyib.
“ABŞ dövlətlərə sağ və soldan yara vurur. Bu ölkələrin ABŞ-a cavabı qorxulu olacaq. Onların zərbəsindən sonra isə ABŞ sağalmayacaq. Belə zərbə çoxqütblü dünyanın yaradılması və Qərbə qütblərdən birinin tutulmasının təklif edilməsi olacaq. Biz onu hansısa daxili problemlərin həllinə dəvət etməyəcəyik, biz tədricən onu Avrasiyadan çıxaracağıq və daha heç bir ABŞ bazası Avrasiya, Sakit okean və Afrikada olmayacaq” – Duqin əminliklə söyləyir.
Onun fikrincə, sanksiyalar altında olan və birləşən ölkələr Amerika imperiyasının sonunu yaxınlaşdırır: “Bu, mənə SSRİ-nin son günlərini xatırladır. Kremldə SSRİ-nin parçalanmasının mümkün olmasına inanmaqdan imtina edirdilər, respublikalarda isə görürdülər ki, az sonra SSRİ-nin sonu çatacaq. Bu gün ABŞ-ın xaricində olan hər kəsə aydındır ki, ABŞ hegemoniyası qorunub saxlana bilməz”.
O, Rusiya və İran kimi, bir gün Azərbaycanın da öz üzərində Qərbin öldürücü olmayan zərbələrini hiss edə biləcəyini deyib: “Əgər Amerika Azərbaycana təzyiq etməyə cəhd etsə, Bakı rahatlıqla amerikalılara əvəz tapa bilər. Azərbaycanın bunun üçün hər şeyi var. Azərbaycanın Rusiya, Çin, İran, eləcə də sizin üçün qardaş ölkə olan Türkiyə ilə münasibətləri yaxşıdır. ABŞ-dan narazı olanlar yeni qarşılıqlı fəaliyyət formatları axtarıb tapırlar. Azərbaycan öz milli maraqlarına əsaslanaraq rasional siyasəti dəstəkləyir. Azərbaycan yaxşı bilir ki, birqütblü dünyada heç bir suveren dövlət ola bilməz. Əliyevin Rusiya-Azərbaycan-İran formatına dəstək siyasəti sadə, amma cəsarətli hesabla diktə olunur”.
Faktiki olaraq, Amerika Rusiya, Çin, İran, eləcə də Venesuela, Kuba ilə gərgin münasibətdədir. Türkiyə ilə də Ağ Evin əlaqələri ürəkaçan deyil. Xüsusən də Ankaranın Moskvadan S400 raketlərini alması Vaşinqtonun xoşuna gəlməyib. Körfəzdə davam edən gərginlik isə belə təsəvvür yaradır ki, Amerika regionu qarışdırır, münaqişə ocaqları yaradır. Hətta iş o yerə çatıb ki, ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edib. İran prezidenti Həsən Ruhani iki ölkə arasında gərginləşən münasibətlər fonunda xarici işlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edən ABŞ-ı uşaq kimi davranmaqda ittiham edib.
Vaxtilə SSRİ-nin Əfqanıstan, Çexoslovakiya, Macarıstan, Əfqanıstan siyasəti var idi. Duqin görünür ki, həm də bu gedişata eyham vurmaq istəyib və ABŞ-ın sonunu Sovet İttifaqının axırı kimi görüb. Belədirmi? Doğrudanmı Vaşinqtonun xarici siyasəti bir gün öz başında çatlayacaq? Dünyanın superdövlətinin SSRİ-nin aqibətini yaşayacağı utopik görünür, yoxsa cərəyan edən proseslərin həqiqət olduğuna əsas yaradır?
Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə “Yeni Müsavat”ın bu mövzuda suallarını cavablandırdı. Onun sözlərinə görə, Duqin şizofrenikdir: “Çin, İran kimi ölkələr icazəsiz qabağa getməyə başlayıblar. İran Livan, Suriyanı dağıtdı, ”Hizbullah” bu ölkələrdə öz dəstələrini yaratdı, indi deyir ki, sanksiyalar altında olan ölkələr Amerikaya qarşı birləşəcək. Mən nüvə söhbətini hələ bir yana qoyuram, müşahidəçilər unudublar ki, Trampın tələbi təkcə nüvə proyekti deyil. Eyni zamanda İranın aqressiv, irtica siyasətinə qarşıdır və bəyan edir ki, regionu qarışdırırsınız. Burada Amerikanın günahını görmürəm. Çinə gəlincə, oğrun-oğrun dünyanı tutmağa başlayıblar. Dünyadan texnologiyanı oğurlayır, özündə təkrarını hazırlayır. Məsələn, Beynəlxalq Ticarət Təşkilatının qaydalarına görə, inkişaf etməmiş ölkələr az rüsum verməlidir. Amma inkişaf etmiş dövlətlər, səhv etmirəmsə, 20 faiz rüsum verməlidirlər. Çin çoxdan inkişaf edib, amma köhnə rüsumlarla işləyir”.
H.Hacızadə sanksiyalar altında olan dövlətlərin ABŞ-a qarşı bir çətir altında birləşməsini mümkün sayır: “Ola bilər ki, birləşsinlər. Amma İranla Çinin birləşməsi nəyə gətirə bilər? Bu gün Çin qəribə vəziyyətdədir. Çünki Amerika iqtisadiyyatı ilə sıx bağlıdır. Amerikanı vurmağa başlasa, öz iqtisadiyyatı çökəcək. Ona görə gah deyirlər ki, dollardan imtina edirik, qiymətli kağızları belə edəcəyik. Bunlar hamısı blefdir. Yaxşısı odur ki, gətirib 20 faiz rüsumu versin və canını qurtarsın. Ümumiyyətlə, Amerikada böyük qərarlar Trampın başında deyil. Orada ciddi institutlar fəaliyyətdədir və 4-5 il qabağa planlar qururlar. Məsələn, Qərbin bir təhlükəsizlik konfransı olmuşdu. 22 tədqiqat mərkəzi dəvət olunmuşdu. Yəni Amerika elə-belə dövlət deyil ki, Tramp yuxudan oyandı, istədiyi qərarı verdi. Ona görə də Duqinin yəqin xüsusi eynəyi var, mən Amerikanın SSRİ kimi sonu olacağını görmürəm. Əksinə, Duqin etiraf eləsin ki, Rusiyanın yarısı yanır, söndürməyə pulu yoxdur, əhalisi azalır, iqtisadi vəziyyəti pisləşir, dörd tərəfi özünə düşmən edib ki, biri də Qarabağ məsələsinə görə Azərbaycandır”.
“Azərbaycan ciddi şəkildə son addıma hazır olmalıdır”
Azərbaycanın sülh danışıqlarına sadiqliyindən sui-istifadə edən işğalçı Ermənistan son həftə ərzində dövlət sərhədimiz boyunca təxribatlara əl atdı. Təbii olaraq düşmənin cavabı verildi və rəsmi açıqlamalara görə, bir erməni hərbçi ölüb, daha ikisi isə yaralanıb. Ancaq Ermənistanın bu təxribatlara əl atmaqda məqsədinin nə olduğu barədə müxtəlif fərziyyələr eşidilməkdədir. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanovdan əvvəlcə bu suallara cavab istədik:
– Ermənilər Qazax istiqamətində xeyli fəallaşıblar. Düşmənin gərginliyi Qarabağ istiqamətindən dövlət sərhədinə keçirməkdə məqsədi nədir?
– Qarabağ probleminin ilk günlərindən hər iki tərəfdən itkilər olub, gərginliklər artıb-azalıb. Eyni ssenaridir, heç nə dəyişməyib. Həmçinin Qarabağın işğalı davam edir. Ermənistan daxilində siyasi vəziyyət gərginləşəndə Qarabağda, cəbhəboyu da gərgin durum yaranır. Biz düşmən dövlətlə üz-üzə durmuşuq. Atəşkəs istər Dağlıq Qarabağa aid ərazidə, istər Dağlıq Qarabağa aid olmayan, ancaq işğal altındakı rayonların ərazisində, istərsə də dövlət sərhədi sayılan təmas xəttində pozulur. Düzdür, son zamanlar Dövlət Sərhəd Xidməti bu istiqamətdən müəyyən funksiyaları yerinə yetirir. Ancaq düşmənin niyyəti, düşmənçiliyi dəyişməyib axı, necə var idi, elə də qalıb. Belə olan halda hansı istiqamətdən olur-olsun, təxribatlara əl atılması gözləniləndir.
– Belə bir versiya var ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), konkret olaraq Rusiyanı Azərbaycanla üz-üzə qoymaq istədiyi üçün dövlət sərhədində gərginlik yaradır. Düşmənin belə bir niyyəti ola bilərmi və Rusiyanın proseslərdə açıq şəkildə tərəfə çevrilməsi mümkündürmü?
– Əlbəttə, Ermənistanın belə bir niyyəti həmişə var. Təbii ki, Rusiyanı, yaxud KTMT-nin üzvü olan digər ölkələri bu müharibəyə cəlb etmək istəyirlər. Ancaq bu, qeyri-mümkündür. Çünki birincisi, Azərbaycan əsgəri ona atəş açan mövqeləri cavab atəşi il susdurub. O tərəfdən itki olsa da, olmasa da, Azərbaycan ordusu Ermənistanın dövlət sərhədini keçməyib. Dövlət sərhədini keçmədiyi halda bu məsələyə hansısa ölkənin müdaxiləsi mümkünsüzdür. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır. Ancaq hansısa dövlət onun sərhədlərini keçib bu ölkəyə hücum edərsə, o halda Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçə bilər. Azərbaycan da heç vaxt Ermənistanın sərhədləri daxilində hücum əməliyyatlarını həyata keçirməyəcək. Çünki ölkəmizin əsas məqsədi öz ərazi bütövlüyünü bərpa etməkdir. Aktiv hərbi əməliyyatlar yalnız işğal olunmuş Azərbaycan ərazilərində aparılacaq. Ona görə də Ermənistanın Rusiyanı bu münaqişəyə cəlb etmək niyyəti olsa da, onun reallaşdırılması ehtimalı yoxdur. Bunun üçün nə hüquqi, nə də siyasi əsaslar var. Rusiyanın bu proseslərə müdaxiləsi Ermənistanı silahlandırmaqdan ibarətdir. Həmçinin Rusiyanın hərbi bazasının bu ölkədə olması da faktdır. Lakin açıq şəkildə Azərbaycana qarşı hansısa formada təzyiq edilməsinə, yaxud Ermənistanın xeyrinə addım atılmasına inanmıram. Azərbaycan Ermənistanın dövlət sərhədini keçib onun ərazisində hansısa hərbi əməliyyatları həyata keçirərsə, o halda təbii ki, müəyyən addımlar atıla bilər.
– Ermənistanın Qazax istiqamətində gərginlik yaratmasının səbəblərindən biri kimi digər versiya da səslənir. Hesab olunur ki, bununla işğalçı ölkə ABŞ-ın Azərbaycana 100 milyon dollar məbləğində yardım ayırmaqla bağlı qərarını tormozlamaq istəyir. Bu nə dərəcədə ciddi arqumentdir?
– Ermənilər hər hansı bir addım atmağa hazırdırlar ki, Azərbaycana qarşı təzyiqlərə nail olsunlar. Biz bilirik ki, bu il ABŞ tərəfindən Ermənistana ayrılan vəsaitin miqdarı azalıb. Həmçinin Qarabağa ayrılan yardımın miqdarında da azalma olub. İndi Azərbaycana 100 milyon ayrılır, bu, ilk növbədə Sərhəd Xidmətinin xərcləri ilə bağlıdır. Ancaq düşünmürəm ki, ermənilər məkrli niyyətlərinə nail ola biləcəklər. Bu, o vaxt ola bilər ki, Azərbaycan aktiv hərbi əməliyyatlara başlasın. Cəbhədə və təmas xəttində mütəmadi şəkildə monitorinqlər keçirilir, atəşkəsin pozulması və nəticələri ilə bağlı həmin qrup məruzələr hazırlayır. Ancaq buna baxmayaraq, ermənilər bütün təmas xətti və dövlət sərhədi boyunca müxtəlif təxribatlara əl atırlar. Ermənistanda dövlət sərhədinin təhlükəsizliyinə qarant ruslardır. Sizə bir faktı danışım. Mən korpus komandirinin müavini olanda Tovuz istiqamətində bir düşmən postunu ələ keçirdik. Çünki oradan Qovlara gedən yolu atəşə tuturdular. Bir dəfə də toy korteji gedəndə atəş açıldı, camaatımız ciddi şəkildə narahat oldu. Xoşbəxtlikdən itki vermədik. Biz də buna cavab olaraq həmin postu ələ keçirməli olduq. Erməni postunu ələ keçirəndən sonra rus sərhədçisi bizimlə əlaqə yaratdı ki, bəs “bundan sonra fikriniz nədir?” Biz də ona başa saldıq ki, baxın, buradan bizim mülki əhaliyə atəş açırlar, ona görə biz camaatın təhlükəsizliyini təmin etmək üçün bu postu ələ keçirməli olduq. Onda dedilər ki, oldu, hər şeyi başa düşdük, sizin başqa məqsədiniz yoxdur. Beləliklə, çıxıb getdilər.
– Çox maraqlı hadisədir. Bu, nə vaxt baş verib?
– 1995-ci ildə. Həmin post indiyə qədər bizdədir. Ermənilər bilir ki, bu postlar Dövlət Sərhəd Xidmətinə veriləndən sonra Müdafiə Nazirliyinə aid olan bölmələr oradan çıxmış olur və nəticədə bizim ehtiyatımız çoxalır. Ona görə də ermənilər sərhəddə gərginliyi artırırlar ki, biz oradakı ordu bölmələrimizi çıxartmayaq və sərhəd qoşunlarımızı həmin ərazilərdə yerləşdirməyək. Çünki bu prosesin davamı olmalıdır. Yəni Tovuz, Gədəbəy, Qazaxdan tutmuş, Kəlbəcər rayonuna kimi bu işlərin davamı həyata keçirilməlidir.
– Deməli, Ermənistanın əsas məqsədi budur ki, Azərbaycan ordusunun sərhəddəki hissələri çıxarılıb Qarabağ istiqamətindəki təmas xəttinə toplanmasın, ona görə də gərginliyi tətikləyir?
– Bəli, mən düşünürəm ki, onların əsas məqsədi budur.
– Bir məqamla bağlı da fikirləriniz çox maraqlıdır. Ağstafa ərazisindəki Keşikçidağla bağlı Gürcüstanla sərhəddə baş verənlərdən bir neçə gün sonra Ermənistan ordusu Qazax istiqamətində fəallaşdı. Hesab olunur ki, bu hadisələrin bir-biri ilə hansısa formada rabitəsi var. Baş verənlərdə Rusiya amili nə dərəcədə rol oynayır?
– İstər sərhəddə, istər təmas xəttində, istərsə də digər ölkələrlə gərginlikdə maraqlı olan qüvvələr çoxdur. O cümlədən Rusiya, ABŞ, həmçinin digər dövlətlər. Belə deyək, bu gərginlikdə maraqlı olmayan yalnız Azərbaycandır. Bu gərginlikdən müxtəlif formada istifadə edirlər. Beynəlxalq qurumlar, ABŞ, Rusiya öz maraqlarını güdür. Biz bilirik ki, belə olmasaydı, böyük dövlətlər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və beynəlxalq normalar çərçivəsində qəbul edilən 4 qətnamənin yerinə yetirilməsi üçün çoxdan qərar qəbul etməliydilər.
“Erməni postunu ələ keçirəndən sonra rus sərhədçisi bizimlə əlaqə yaratdı ki, bəs ”bundan sonra fikriniz nədir?” |
O halda dövlət sərhədimiz də, ərazi bütövlüyümüz də bərpa olunardı. Bu münaqişə ocağı və Azərbaycanla Ermənistan arasındakı durum Cənubi Qafqazda gərginliyi saxlamaq üçün böyük güclərin marağına uyğundur. Burada hamısının maraqları var. Çünki bu gərginlik, bu münaqişə ocağı o güclərin öz siyasətini, maraqlarını həyata keçirmək üçün bir vasitədir, imkandır.
– Cənab polkovnik, Ermənistan hökuməti Azərbaycanın işğal altındakı ərazilərinə üçüncü yolun çəkiləcəyini anons ediblər. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan bu yola zərbələr endirməlidir ki, düşmən öz məqsədinə çatmasın. Reallıq budur ki, Qarabağa Ermənistandan çəkilən yol sabah oradan hərbi texnika, silah-sursatın daşınmasını asanlaşdıracaq. Siz peşəkar hərbçi olaraq bununla bağlı nə təklif edirsiniz?
– Mən, ümumiyyətlə, məsələyə belə yanaşıram ki, biz niyə Ermənistanın işğal zonasında hansı işlər gördüyünü müzakirə etməliyik? Deyək ki, düşmən orada ev tikir, ya başqa işlər görür… Biz o torpaqlarımızı azad edib ərazilərimizə yiyə durmalıyıq, ərazi bütövlüyümüzü bərpa etməliyik, bununla da göstərməliyik ki, ərazilərimizin işğalı ilə barışmırıq. Ona qədər ermənilərin nə etdiyinə bu qədər zaman sərf etməməliyik. İşğaldan 30 ilə yaxın zaman keçir, yerlərində durmayacaqlar ki… Təbii olaraq kimsə yol çəkəcək, istirahət mərkəzi yaradacaq, ya infrastruktura diqqət ayıracaqlar. Bu işləri saxlayan tək amil o olacaq ki, Azərbaycan torpaqlarını işğalçılardan azad edəcək. İndiki halda biz ermənilərin həyata keçirdiyi hansısa işləri dayandırmaq üçün artilleriyadan da istifadə edə bilməyəcəyik. Çünki atəşkəs rejimi ilə bağlı müəyyən öhdəliklər götürmüşük. O halda biz atəşkəs rejimindən çıxmalıyıq və öhdəliklərin hamısını dayandırmalıyıq. Ondan sonra hansısa addımlar ata bilərik. Yoxsa biz atəşkəs rejimində ola-ola atəşkəsi pozsaq və ağır artilleriyadan istifadə etsək, onda müəyyən təzyiqlər olacaq, bundan da üçüncü, dördüncü qüvvələr istifadə edəcək. O zaman yenə də aprel hadisələrinə bənzər hadisə baş verəcək, deyəcəklər dayanın, qurtardı getdi… Atəşkəsdən çıxmaq, müharibə etmək, torpaqları qaytarmaq lazımdır. Ondan sonra artıq artilleriyadan, aviasiyadan da istifadə etmək olar. Amma sən bir tərəfdən atəşkəs rejiminə riayət etməklə bağlı sənədə qol çəkmisən, digər tərəfdən də artilleriyadan istifadə edirsənsə, bu, qəbul olunmayacaq. Mənim fikrim budur ki, nə yol çəkilir-çəkilsin, ola bilsin ki, onlardan özümüz də istifadə etdik.
– Ermənistan son davranışları ilə Düşənbə razılaşmasını kobud şəkildə pozdu. Azərbaycan bunu əsas götürərək torpaqlarını azad etməklə bağlı qərar verə bilərmi?
– Paşinyan böyük qüvvələrin əlində marionetkadır. Müstəqil siyasət yürütməyə nə Ermənistanın, nə Paşinyanın ixtiyarı yoxdur. Ermənistan rəhbərliyinə kim gəlir-gəlsin, bu ölkənin siyasəti dəyişməyəcək. Sadəcə, ermənilərə xas xüsusiyyətdir, quyruğunu bir az o yan-bu yana tərpədirlər, yumşaq mövqe nümayiş etdirməyə çalışırlar, ancaq reallıqda öz mövqelərində qalırlar. Son zamanlar Ermənistan tərəfdən, dövlət təhlükəsizlik xidməti rəisi tərəfdən verilən bəyanatlar tam əksini deyir. Ona görə Azərbaycan ciddi şəkildə son addımına, müharibəyə hazır olmalıdır, antiterror əməliyyatları apararaq öz torpaqlarını düşməndən azad etməlidir. Azərbaycan üçün başqa yol yoxdur!
Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Minval.info APA-ya istinadən xəbər verir, Müdafiə Sənayesi naziri Mədət Quliyevin əmri ilə bu vəzifəyə tanınmış jurnalist Yaşar İsakov təyin edilib.
Y. İsakov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb. O, müxtəlif qəzet və saytlarda işləyib, o cümlədən “Press24.az” saytının, “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub.
Bundan başqa, Y. İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini vəzifələrində çalışıb.