![]() |
![]() |
Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı tərkibdə təsdiqlənib:
Komissiyanın həmsədri
Əmək və əhalinin sosial müdafiəsi naziri
Komissiyanın üzvləri
Xarici işlər nazirinin müavini
İqtisadiyyat nazirinin müavini
Energetika nazirinin müavini
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Mədəniyyət nazirinin müavini
Kənd təsərrüfatı nazirinin müavini
Təhsil nazirinin müavini
Səhiyyə nazirinin müavini
Gənclər və idman nazirinin müavini
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Dövlət Turizm Agentliyinin sədri
Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycanın Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Serbiya Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, indiyə qədər Komissiyanın həmsədri İqtisadiyyat naziri Şahin Mustafayev olub.
Prezident İlham Əliyev xalq artisti Məmmədsəfa Qasımova üçotaqlı mənzil hədiyyə edib.
Bu barədə “lent.az”a aktyorun özü məlumat verib:
“Görünür, prezident həm mədəniyyət sahəsindəki əməyimi nəzərə alıb, həm də mənzil şəraitimi. Prezidentimizə bu diqqətinə və qayğısına görə çox təşəkkür edirəm”.Məmmədsəfa Qasımov “Yuğ” teatrının aktyorudur. ADMİU-nin dosentidir. “Azərbaycanfilm”də onlarla filmdə çəkilib.[img=left]http://cdn.minval.info/2019/07/1562309718_memmed_sefa.jpg[/img]
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Fərman imzalayıb.
“Qafqazinfo” yeni qurumun hansı işlər görəcəyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovdan açıqlama alıb.
O qeyd edib ki, sözügedən fərman respublikamızda əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün qabaqcıl dünya təcrübəsi əsasında təkmil monitorinq və proqnozlaşdırma sisteminin formalaşdırılmasına imkan verir: “Belə ki, fərmana əsasən, nazirliyin tabeliyində əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” yaradılacaq. Sənəddə Observatoriyanın iki ay müddətində yaradılması tapşırılır. Ölkəmizdə əmək bazarında mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinqlərin aparılması, əmək bazarının həm kəmiyyət, həm də keyfiyyət parametrləri nəzərə alınaraq mükəmməl proqnozlaşdırma sisteminin yaradılması dövlət məşğulluq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda, digər bir sıra dövlət sənədlərində də bu istiqamət əksini tapır. Ölkəmizdə belə bir sistemin qurulması üçün ötən dövrdə bir çox inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib, aparıcı beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində müzakirələr aparılıb, həmçinin Avropa Təhsil Fondu ilə davamlı əməkdaşlıq həyata keçirilib”.
F Talıbov bildirib ki, Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli fərmanı bu istiqamətdə mühüm addımın atılmasına şərait yaradır: “Fərmanla yaradılacaq Observatoriya əmək bazarına dair zəruri məlumatların toplanması və təhlillərin daha şəffaf və keyfiyyətli həyata keçirilməsi yolu ilə əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsini həyata keçirəcək. Həmçinin strateji məşğulluq sahələrinin müəyyən edilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili, uzlaşdırılması və monitorinqi, kadr tələbatının proqnozlaşdırılması sahələrində Observatoriya mühüm rol oynayacaq. Bu sahədə işlər həmçinin, “Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına öz töhfəsini verəcək.
Eyni zamanda, Observatoriya sosial müdafiə sahəsini də əhatə edəcək. Bu sahədə geniş təhlil və araşdırmaların aparılması, dəqiq proqnozlaşdırmaların həyata keçirilməsi işlərini yerinə yetirəcək, bununla sosial müdafiə sistemində idarəetmənin təkmil əsaslarda qurulması yönündə aparılan islahatların effektli təşkilinə institusional əsaslarda öz dəstəyini göstərəcək.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatların həyata keçirilməsində, əmək bazarı və sosial müdafiə proqramlarının səmərəli və məqsədyönlü təşkilində öz önəmli rolunu oynayacaq”.
Bakıdakı “Aksesuar İnşaat” mağazalar şəbəkəsinin sahibi, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən FETÖ ilə bağlantılı olan türkiyəli iş adamlarına qarşı aparılan əməliyyatda tutulub Türkiyəyə təhvil verilən Murad Qənbəroğlu barəsində istintaq tamamlanıb.
“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, onun barəsində Ankara Cümhuriyyət prokurorluğu tərəfindən silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə cinayət işi qaldırılıb. Prokurorluq Qənbəroğlunun 15 ilə qədər həbslə cəzalandırılmasını istəyir.
İttiham aktına əsasən Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən FETÖ ilə əlaqəli şirkətlərlə bağlı aparılmış təhqiqatlar nəticəsində ölkədəki inşaat şirkətinin bu təşkilatla bağlantılı olduğu təsbit edilib. İttiham aktında deyilir ki, Murad Qənbəroğlunun əmisi, “Aksesuar Group” Türkiyə şirkətinin sahibi olan Selamet Qənbəroğlu 2016-cı ildə şirkətin bütün səhmlərini heç bir sərmayə ortaya qoymasa da ona təhvil verib. İstintaq bu qənaətə gəlib ki, Murad Qənbəroğlu FETÖ-nun Azərbaycandakı şəbəkəsinə daxil olub.
M.Qənbəroğlu Fətullah Gülənin təlimatı ilə təriqətə məxsus “Bank Asya” bankına 891 min TL yatırıb. Şübhəli isə öz ifadəsində deyib ki, həmin vəsaiti əmisi Selamet Qənbəroğlunun təlimatı ilə banka yatırıb. O, hazırda ABŞ-da olan əmisinin təşkilata hər il 200 min dollar himmət pulu ödədiyini də bildirib.
Selamet Qənbəroğlu
“Azərbaycanda himmət pullarını Hamza Kabaca adlı təşkilat mənsubu toplayırdı. Əmim bu adama himmət adı ilə pul verirdi. “Aksesuar Group”un təşkilatla bağlı fəaliyyəti yoxdur, ancaq əmim firmanın adını şəxsən Fətullah Gülənin qoyduğunu deyərdi”,-Qənbəroğlu ifadəsində deyib.
Qeyd edək ki, Türkiyə şirkəti olan “Aksesuar Group” ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycanda fəaliyyət göstərir, Bakıda inşaat materiallarının, santexnika mallarının və s. satıldığı “Aksesuar İnşaat” adlı bir neçə mağazaya sahibdir.
2003-cü il yanvarın 13-də mərhum prezident Heydər Əliyev “Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir ki, torpaq sahələrinin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib.
“Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb”.
Prezident H.Əliyev vətəndaşların Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə hələ o vaxt Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının İcra hakimiyyəti başçılarına tapşırıb ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər.
Azərbaycan hökuməti prezidentin sərəncamını icra etmək yerinə 5 il sonra Milli Məclisdə dəniz sahilindəki 130 metrlik zolağı “20-50 metrlik zolaq” sözləri ilə əvəzləməyə nail olub.
2008-ci ilin dekabrında isə “Torpaq islahatı haqqında” qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun qüvvəyə minib.
Qanunda dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verilib.
Sənəddə deyilir ki, qanundan “dövlət məqsədləri üçün” sözləri çıxarılsın. “İstifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər”.
Məhz bundan sonra Xəzərin hasarlanması işi daha da sürətləndi.
Nəhayət 2016-cı ilin yanvarında Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Dəyişikliklərdən biri də Xəzərin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılmasını nəzərdə tuturdu. Layihə səsverməyə çıxarıldı və qəbul olundu. Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunmalı idilər. Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunmalı idilər.
Milli sərvətimizin illərdir zəbt olunmasına baxmayaraq, nə hasarlamaya görə cəzalanan var, nə də gediş-gəlişi məhdudlaşdırdığına görə cərimələnən. Görünən odur ki, məmurların özlərinin təklifləri üzərinə qəbul edilən qanunlar onların özünə kar etmir. Və o da gün kimi aydındır ki, məhz bu istiqamətdə qəbul edilən qanunlar elə onları pozmaq üçün nəzərdə tutulub…
“Xəzəri hasarlayanlar turizmi inkişaf etməyə qoymur”
Problemi dəfələrlə parlamentin iclas zalına daşıyan Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirib ki, Xəzər hasarlardan azad edilməli, Azərbaycan xalqının və turistlərin üzünə açıq olmalıdır:
“Mən bu barədə fikirlərimi parlamentdə də səsləndirdim. Mənə belə gəlir ki, fikrimdə kifayət qədər obyektivəm və yetərincə haqlıyam. Xəzərin hasarlanması ilə bağlı dəfələrlə həmkarlarım, o cümlədən Zeynəb Xanlarova parlamentdə fikirlərini söyləyiblər. Hazırda ölkə Prezidenti bütün istiqamətlərdə genişmiqyaslı islahatlara start verib və bunlar sistemli xarakter daşıyır. Onu da qeyd edim ki, ölkə başçısının son zamanlar imzaladığı fərman və sərəncamlar olduqca ciddi xarakter daşıyır. 2018-ci ildən sonra ölkə başçısı öz komandasını yeniləyrək, buraya daha təşəbbüskar, müasir dünyagörüşünə malik, imici təmiz insanları gətirdi. Ona görə də ümid edirəm ki, vəzifələrə gətirilmiş müvafiq qurumların rəhbərləri Azərbaycanın Xəzəryanı sahillərinə diqqəti artıracaqlar. Həmin qurumlar məsələ ilə bağlı özlərindən asılı olan işləri daha böyük ardıcıllıqla həyata keçirməlidirlər. Söhbət təkcə ondan getmir ki, Azərbaycan vətəndaşları hasarlanmış Xəzərin içərisinə girib çimərliklərdən istifadə etməkdə məhdudlanıblar. Söhbət həm də ondan gedir ki, hasarlar turizmin inkişafına mane olur. Bu, birmənalı şəkildə yolverilən hal deyil”.
Xəzər dənizi iynədirmi, hasarı görünməsin?…
F.Ağamalı “İllərdir Xəzər hasarlanıb, bu iynə deyil ki, harasa düşə və gözdən yayına. Vətəndaşlar da, dövlət qurumları da bunu aydın görür. Hətta səlahiyyət sahibi dövlət qurumlarına ünvanladığımız sorğulara cavab olaraq, “bununla bağlı məlumat yoxdur”, “bu mövzuya toxunmayın” kimi göstərişlərdə bulunurlar. Yəni hamımız görə-görə problemə göz yumuruq. Bəs niyə problemin qarşısı alınmır?” fikirlərimizi belə cavablandırıb:
“Doğrudur. Mən həm də onu demək istəyirəm ki, Azərbaycanda turizmin inkişafı ilə bağlı ciddi siyasi iradə ortaya qoyulub. Turizm qeyri-neft sektorunun ən gəlirli sahələrindən biridir. Elə kiçik ölkələr var ki, məhz turizmin inkişafı ilə ölkəyə milyardlarla valyuta axınına səbəb olur, bücələrini turizmdən gələn gəlir hesabına formalaşdırırlar.
Xəzər başdan-başa turizm üçün yararlıdır, həm suyu, həm də sahilindəki qumsallıq turizm üçün son dərəcə əlverişlidir. Ayrı-ayrı oliqarxlar dənizi hasarlayaraq, həm xalqın ora daxil olmasını məhdudlaşdırır, həm də turizmin inkişafını ləngidir.
Görünən odur ki, qəbul edilmiş qanunlar bunu aradan qaldırmaq üçün kifayət deyil. Düşünürəm ki, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, Xəzərin hasarlardan azad olunması üçün də sərt mövqeyini ortaya qoymalıdır”.
“5-10 nəfər hektarlarla əraziyə sahiblənib”
Deputat qeyd edib ki, çıxış yolu hasara alınmış Xəzərin bir neçə ailənin ixtiyarından çıxarılıb, Azərbaycan xalqının və turistlərin ixtiyarına verilməsidir:
“Onlara təklif oluna bilər ki, həmin yerdə otellər, ticarət mərkəzləri inşa edilsin, turistləri cəlb etsinlər. Həm sahibkar kimi pul qazansınlar, həm də dövlətə vergi versinlər. Bir ailənin, 5-10 nəfərin hektarlarla, min metrlərlə dənizi hasarlamağa nə ehtiyacı var?! Bu nə görməmişlikdir, bu nə acgözlükdür?! Onlara təkliflər verilə bilər. Qəbul etmirlərsə, qanunevriciliyə uyğun addımlar atılmalıdır. Qanunda göstərilib ki, dövlət maraqları üçün istənilən məhdudiyyətlər aradan qaldırılmalıdır, əgər özəlləşdirilirsə kompensasiyası verilməlidir. Özəlləşməyibsə, icarə müqaviləsi ləğv olunaraq, tender elan olunur. Azərbaycanda kifayət qədər imkanlı insanlar, biznesmenlər var. Onlar bu tenderlərdə iştirak edərək, həmin yerlərin işlədilməsinə nail ola bilərlər.
Nəticədə Xəzər dənizi hasardan azad olunar, ətrafı gözəlləşər və turizm məkanına çevrilər. Burada həm dövlət, həm də xalq qazanır, Azərbaycan Xəzərlə dünya xalqlarının üzünə geniş istirahət imkanlarını aça bilər”.
“Prezident bununla bağlı sənədə imza ata bilər”
Deputat eyni zaamnda, dənizə tökülən çirkab sularla bağlı da həyəcan təbili çalıb:
“Çirkab suların dənizə axıdılmasının qarşısı alınmalıdır. Nardarandan başlayaraq, Abşeron sahillərinədək çirkab sular Xəzərə axıdılır. Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqlərin nəticəsində bir çox çimərliklərdən istifadə olunması məsləhət görülmədi. Çünki sular çirkab içərisindədir. Bunun qarşısının alınması üçün ciddi dövlət proqramının qəbul edilməsinə ehtiyac var. Xəzər dənizi Tanrının, təbiətin bizə bəxş etdiyi son dərəcə gözəl və əvəzsiz nemətdir. Xəzərdə neft və qaz istismar etməklə problemlərimizi həllində kifayətlənməli deyilik. Eyni zamanda, Xəzərdən turizm məkanı kimi istifadə edib dövlət büdcəsinə vəsait cəlb edə bilərik. Ona görə də müvafiq qurumlar müzakirələr apararaq, konkret təkliflər hazırlayaraq, dövlət başçısına müraciət etməlidir. Əminəm ki, Prezident hər zaman olduğu kimi, bu təkliflərə də həssas yanaşıb, konkret addımlar atılması üçün tapşırıqlarını verər və lazımi sənədlərə imza ata bilər”.
Bakıya yeni hərbi prokuror təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.
Ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Azərbaycan Respublikası Baş prokurorunun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub, bundan əvvəl o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.
Faktı Respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.
Xatırladaq ki, Bakı hərbi prokuroru İmran Əhmədov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Lənkəranın hərbi prokuroru təyin edilib.
Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
DİN Mətbuat xidmətindən bildirilib ki, iyul ayının 20-də saat 8.00-da, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcək.
Sıra baxışında ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Sıra baxışına gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır.
Kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcəkdir.
Əlavə olaraq nəzərə çatdırılır ki, boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.