Vüqar Mahmudovu aylardır səbəb göstərmədən məhkəməyə gətirmirlər

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şefi  Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun işi üzrə məhkəmə prosesi aylardır ki, baş tutmur. Sabiq nazirin əmisi oğlunun işi üzrə son prosesdə elan olunub ki, o, məhkəməyə gətirilməyib.

Vüqar Mahmudovun hansı səbəbdən məhkəməyə gətirilmədiyi də açıqlanmır. Vüqar Mahmudovun cinayət işi üzrə ittiham aktı Bakı Hərbi Məhkəməsinə bu ilin aprelində daxil olub. Amma ötən müddət ərzində Vüqar Mahmudov cəmi 1 dəfə məhkəmə qarşısına çıxarılıb. Sonradan isə proses qeyri-müəyyən səbəbdən təxirə salınır. Bu ayın əvvəlində keçirilməli proses Vüqar Mahmudovun iştirakı təmin edilmədiyinə görə təxirə salınıb. May ayında keçirilən son proses də eyni səbəbdən təxirə düşmüşdü. Növbəti proses iyulun 22-nə təyin olunub.

Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi hakim Elbəy Allahverdiyevin icraatındadır. Sabiq nazirin əmisi oğlu Vüqar Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Həmin şəxslərdən biri “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovdur. Digər zərərçəkmişlər isə general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir. Vüqar Mahmudovun həbsi də gözlənilməz oldu. Sonradan bələ xəbərlər vardı ki, onu ibtidai istintaq dövründə uzun-uzadı dindirmələrlə yormayıblar. Bir neçə dəfə sorğu-sual olunub, qısa dindirmələr əsasən Vüqar Mahmudova verilən mənimsəmə ittihamı üzrə olub. Vüqar Mahmudovun həbsinin ilk günlərində yayılan məlumatlarda bildirilirdi ki, onu Eldar Mahmudovun qanunsuz fəaliyyətinə dair də sorğu-sual ediblər…

Məsələ ondadır ki, Vüqar Mahmudov  Eldar Mahmudovun “sağ əli” hesab edilirdi. V.Mahmudov rəsmiyyətdə Eldar Mahmudovun köməkçisi statusunda olsa da, qeyri-rəsmi şəkildə bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan “xəraclar” yığılıb və oradan da daşınıb…

Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar vardı. Əsasən ləğv edilmiş MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Vüqar Mahmudovun həbsindən sonra yayılan xəbərlərdə onun ifadəsi əsasında Eldar Mahmudovu həbs etmək istəyinin olduğu da vurğulanırdı. Son məlumatlara görə, artıq Vüqar Mahmudova qarşı belə bir tələb irəli sürülmür. Belə iddialar var ki, Eldar Mahmudova qarşı əvvəlki sərt münasibət yoxdur. Hətta belə iddialar da var ki,  Eldar Mahmudova əhəmiyyətsiz bir vəzifə verməklə, yaxınlarını şərti cəzalarla azad etməklə ölkə daxilində nəzarət altında tutmaq, xaricə qaçmasına imkan verməmək planları var. Yəni Eldar Mahmudova və yaxınlarına ölkədən çıxmaq yasağı qoyub, hərəkət sərbəstliyi verilir.

Qeyd edək ki, V.Mahmudov Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Vüqar Mahmudov özünü ittihamlar üzrə təqsirli bilmir, ittihamları qəbul etmir. Onun yüngül cəza ilə məhkəmədən azad olunacağı da istisna deyil. Yada salaq ki, Vüqar Mahmudov həbs olunan günlərdə Eldar Mahmudovu da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb dindirirdilər.  Həmin günlərdə belə ehtimallar vardı ki, sabiq naziri həbs edəcəklər. 4 dəfə dindirilən Eldar Mahmudovu sonradan istintaqa çağırmadılar. Xatırladaq ki, sabiq nazir Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxslərinə qarşı irəli sürülən ittihamlarla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq ifadə verib. Sözügedən cinayət işinə əsasən nazirliyin vəzifəli şəxslərinə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyələrini aşma) i 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq əməliyyat tədbirləri davam edir. Eldar Mahmudov 17 oktyabr 2015-ci ildə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” adlı II beynəlxalq simpozium iştirakçılarına müraciət ünvanlayıb.

“Report” xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müraciətdə deyilir:

“Hörmətli simpozium iştirakçıları!

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və istəklərimi yetirirəm. Etnik-mədəni müxtəlifliyi və təbii coğrafi zənginlikləri ilə dünyanın unikal güşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır.

Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir.

Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir. İslam 7-ci əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlayıb və ölkəmiz İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilib. Xalqımız 100 illər boyu belə bir mədəni-mənəvi müstəvidə bəşəri fikir tarixinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya şöhrətli azərbaycanlı alim və mütəfəkkirlər, söz və sənət dühaları İslam mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişdir. Tarixən olduğu kimi, bu gün də Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 9-11 dekabr 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” beynəlxalq simpoziumun Bakıda keçirilməsi xalqımızın öz tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə bağlılığın bariz nümunəsi idi. 2017-ci ilin “Azərbaycanda İslam Həmrəyliyi ili” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi müasir narahat dünyamıza əmin – amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Bir sıra ölkələrdə islamofobiyanın vüsət aldığı hazırkı dövrdə biz insanları birliyə, bərabərliyə, sülhə və tolerantlığa dəvət edən ümumbəşəri islam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi, eyni zamanda mədəniyyətlərarası dialoq və əməkdaşlıq təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik. “İslam Sivilizasiyası Qafqazda” II beynəlxalq simpoziumunun maraqlı və konstruktiv müzakirə şəraitində keçəcəyinə, Azərbaycanın, ümumilikdə, Qafqazın İslam sivilizasiyasının inkişafındakı tarixi yerinin və rolunun araşdırılmasına yeni töhfələr verəcəyinə əminliyimi bildirir, toplantınızın işinə uğurlar arzulayıram”.

Deputat Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi  hökumət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsinə dair sorğu keçirir.

“Qafqazinfo” xəbər verir ki, sorğuda dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinə dair jurnalistlərin və digər maraqlı tərəflərin fikirləri müxtəlif istiqamətlər üzrə öyrənilir.

Qeyd edək ki, hökumət qurumlarının saytlarında informasiya hansı tezliklə yenilənməsi, mətbuat xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsi, lazım olan informasiyanın qurumlardan nə dərəcədə rahatlıqla tapıla bilməsi kimi bir sıra suallar sorğuda öz əksini  tapıb.

Politoloqlar bölgəmizdə alovlanması an məsələsi olan qarşıdurmaların mümkün fəsadlarından danışdılar; “Müharibə başlasa, region dövlətlərinin hamısı əziyyətlərə qərq olacaq…”

“Bölgədə gərgin vəziyyət hökm sürür. Rusiya-Gürcüstan və İran-ABŞ münasibətləri kıskinləşir. Azərbaycanın bu 4 ölkə ilə münasibətləri normaldır və hər biri ilə əməkdaşlıq edir. Ona görə də Azərbaycan tərəfdaş ölkələr arasında gərginliyin əleyhinədir”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Tiflislə Moskva, Vaşinqtonla Tehran arasındakı mövcud gərginliyi şərh edərkən “Yeni Müsavat”a söylədi.

Qeyd edək ki, ABŞ xaric, qarşı duran digər üç ölkə qonşuluğumuzda yerləşir. Üstəlik, bölgədə fəlakətli vəziyyət yaranarsa, Azərbaycan, o cümlədən qardaş Türkiyə problemlərlə üzləşə bilər. Azərbaycanın Avropa qapısı olan Gürcüstanda 2008-ci ildə Rusiyanın müdaxiləsi nəticəsində baş verənləri unutmamışıq. O zaman Azərbaycanın kəmərlərinin savaş zonasına düşməsinə qısa məsafə qalmışdı. İndi də Gürcüstan və Rusiyanın üz-üzə gəlməsi bölgə üçün yaxşı heç nə vəd etmir. Azərbaycanın müəllifliyi ilə reallaşan TANAP-TAP layihəsinin işə salınması, həmçinin Bakı-Tiflis-Qars sərnişin qatarının fəaliyyətə başlaması ərəfəsində baş verənlər heç də yaxşı perspektiv vəd etmir. Digər tərəfdən, Vaşinqtonun da İrana qarşı güc tətbiq etməsi qaçqın axınına səbəb ola bilər ki, bu zaman da həm Azərbaycan, həm də Türkiyə yeni fəlakətlərlə üzbəüz qala bilər.

E.Şahinoğlu da vurğuladı ki, Rusiya Gürcüstana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır: “Hərçənd Rusiya prezident Vladimir Putin gürcü xalqına qarşı sanksiya tətbiq etmək istəmədiyini bildirib. Buna baxmayaraq, Kremldə narahatdırlar ki, Gürcüstanda anti-Rusiya əhval-ruhiyyəsi güclənir. Kreml sanksiya vasitəsilə Gürcüstan hakimiyyətinə və cəmiyyətinə anlatmaq istəyir ki, Gürcüstanın maliyyə itkisi böyük olacaq. Həqiqətən Rusiya Gürcüstana qarşı sanksiyaları tətbiq etməyə başlasa, Gürcüstanın maliyyə itkiləri yüz milyonlarla dollar olacaq. Bu, kiçik Gürcüstan üçün böyük rəqəm sayıla bilər. Təsadüfi deyil ki, Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya hakimiyyətinə müraciət edərək, sərt addımlar atmamağa çağırış edib. Azərbaycan həm Rusiya, həm də Gürcüstanla iqtisadi və ticarət əlaqələrinə malikdir. Azərbaycan bu gərginlikdə tərəf tuta bilməz. Tam əksinə, Azərbaycan hər iki ölkə ilə iqtisadi əlaqələri genişləndirməyə çalışır”.

E.Şahinoğluna görə, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi Ermənistana problemlər yarada bilər: “Çünki Rusiyanın Gürcüstana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanın iqtisadiyyatına da mənfi təsir edəcək. Ermənistan Rusiya ilə Gürcüstan üzərindən ticarət əməkdaşlığını saxlayır. Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi Ermənistanın tranzit imkanlarına zərbə vurur. İranla ABŞ arasında artan gərginlik də həm Azərbaycanda, həm də Ermənistanda diqqətlə izlənilir. ABŞ İranla əməkdaşlıq edən ölkələri də hədəf alır. Ermənistan isə İranla iqtisadi əməkdaşlığa önəm verir. Bu yaxınlarda Ermənistan hökumətindən bir heyət məhz əməkdaşlığı inkişaf etdirmək üçün Tehrana getmişdi. İranın iqtisadi baxımdan zəifləməsi Ermənistan bazarı üçün də problemlər yaradacaq. Azərbaycanın da İranla ortaq layihələri var. Azərbaycan İran iqtisadiyyatının zəifləməsini istəmir. Ancaq əgər sanksiyalar İran iqtisadiyyatını zəiflədərsə, Azərbaycan iqtisadiyyatı zərərlərdən özünü qorumağa çalışacaq”.

Politoloqun fikrincə, Türkiyə də eyni vəziyyətdədir: “Əlbəttə, Türkiyənin ABŞ-la münasibətlərini isti adlandırmaq olmaz. Ankara Vaşinqtonun istəyi ilə İranla münasibətləri zəiflətməyəcək. Əksinə, Türkiyə İran neftini daha ucuz qiymətə almağa çalışacaq”.

Politoloq Tofiq Abbasov musavat.com-a açıqlamasında maraqlı fikirlər söylədi: “Göz önündə olan budur ki, bəzi qüvvələr aramsız cəhdlər edirlər ki, müharibələr alovlansın. Bu yolverilməzdir. Amerika bu işdə hətta inadkarlıqla çalışır ki, özünün milli sərhədlərindən çox uzaqda müharibələr və qanlı münaqişələr başlansın. Bu qəbildən olan səylər qorxunc diplomatiya silsiləsindəndir ki, buna heç vaxt bəraət qazandırmaq olmaz. Əgər ABŞ-İran müharibəsi başlasa, region dövlətlərinin hamısı əziyyətlərə qərq olacaq. Bu səbəbdən sağlam qüvvələr Vaşinqtonun ziddiyyətli və təhlükəli addımlarına müqavimət göstərməkdə həmrəy olub, həmahəng hərəkət etməlidirlər. Perspektivdə yalnız humanitar fəlakət, həddə sığmayan logistik pozuntular, dağıntı və itkilər baş verəcək”.

T.Abbasov bildirdi ki, Azərbaycana belə fəsadlar qətiyyən lazım deyil. O ki qaldı Gürcüstandakı hadisələrə, politoloq bildirdi ki, orada da bəzi qüvvələr təzadlı gedişlər etməklə vəziyyəti daha da gərginləşdirir: “Qafqaz bölgəsində onsuz da ən azı üç münaqişə var, onlar öz həllini gözləyir və belə məqamda vəziyyəti kritik potensialla zənginləşdirmək hansı məqsədlərə qulluq edə bilər? ”Rustavi-2″ telekanalı həddini aşmaqla biabırçı presedent yaratdı. Görünür, kimlərsə zorla bizim bölgədə yeni müharibəyə meydan vermək fikrinə düşüblər. Bu da yolverilməzdir”.

T.Abbasov bildirdi ki, Azərbaycanla Türkiyənin maraqlarına cavab verən sabitliyin möhkəmlənməsidir: “Çünki iki qardaş dövlət son illər ərzində həmahəng tərzdə səmərəli iqtisadi siyasət aparmaqla tək özləri üçün deyil, qonşular üçün də təminat yaradır. Bir halda ki, Bakı və Ankara Asiyada inteqrasiya paradiqmasını gücləndirirlər, bu, ondan xəbər verir ki, iki ölkənin apardığı siyasətə digərləri də qatılmalıdır. Bakı-Ankara tandemi özünü tam mənada doğruldur, çünki həm ölkələrin özünə, türk birliyinə, Avrasiya qitəsinə və dünyaya lazımi töhfələr verə bilir. Məhz buna görə sabitliyin təminatlı olması vacibdir ki, quruculuq potensialı artıb insanların rifahında özünü əks etdirsin”.

Sabiq nazir ibadətlə məşğul olduğu barədə yayılan xəbərləri təsdiqlədi: “İbadət hər bir müsəlmanın Allah qarşısında borcudur. Mən bütün dövrlərdə ibadət eləmişəm”; o, həmçinin son təyinatlar haqda, özünün gələcək fəaliyyəti barədə  açıqlamalar verdi

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun ibadətlə məşğul olması haqda xəbərlər yayılıb. Ümumiyyətlə isə Ziya Məmmədov vəzifədə olarkən də özünün və ailə üzvlərinin ibadətlə məşğul olmaları xəbərləri vardı. Lakin mediada yayılan bu məlumatlara sabiq nazir uzun illər münasibət açıqlamayıb. “Yeni Müsavat” Ziya Məmmədovla telefon vasitəsilə əlaqə saxlayaraq, ondan barəsində deyilənlərə münasibət öyrənib.

– Ziya müəllim, sizin ibadətlə məşğul olmağınız haqda məlumatlar yayılıb. Bu məlumatlar doğrudurmu?

– İbadət nədir? Mən mollayam, nəyəm? Sən müsəlmansan?

– Əlhəmdülillah, müsəlmanam.

– Mən də əlhəmdülillah deyirəm. Bitdi, qurtardı da. Sən ibadət nəyə deyirsən? İbadətlə məşğul olmaq günahdır? Məndən nə eşitmək istəyirsiz?

– Sizin kimi məşhur insanın barəsində istənilən informasiya maraqla qarşılanır. Həmçinin bu, bir təşviqdi. Misal üçün, insanlar biləndə ki, Ziya Məmmədov ibadətlə məşğuldu, xeyli adam ibadətə gələ bilər. Yaxşı bir prosesə səbəb olarsız.

– Mən yaranandan, ağlım kəsəndən Allahı tanıyıram, Allaha bəndəlik edirəm, Onu sevirəm, əməli-saleh olmağa çalışıram. İbadət hər bir müsəlmanın Allah qarşısında borcudur. Mən bütün dövrlərdə ibadət eləmişəm.

– Sizin babanızın şeyx olması haqda da xəbərlər var…

– Bəli, ola bilər. Hər bir müsəlmanın borcudur ki, ibadət etsin. İmanı olan insan namaz qılmalıdır.

– Xarici dövlətlərin rəhbərləri, nazirlər, baş nazirlər, hətta prezidentlər kilsələrə, məscidlərə gedir, ibadət edirlər. Azərbaycanda tanınan insanlar namaz qılanda isə sanki qıcıqla qarşılanır. Sizcə, səbəb nədir?

– Təəssüflər olsun ki, belədir. İslama qarşı dünyada həmişə təzyiqlər, təhdidlər olub. Bütün yeni dinlərə qarşı belə münasibət olub, xüsusən İslama qarşı da belədir. Öz dədə-baba adətlərini unutmayan insanlar, bəzən hakimiyyət üçün, bəzən başqa məqsədlər üçün İslamdan çəkinirlər. Bu gün dünyada islamafobiya var. Hansı ki, bu, Allahın əleyhinə çıxmaqdır. Bu çox incə məsələdir. Bu gün Allaha ibadət etmək hər bir insanın, xüsusilə müsəlmanın borcudur.

İslam dininin daşıyıcısı olmağımızla hər birimiz fəxr etməliyik. Mən də fəxr edirəm. Bu həyat müvəqqətidir. Ölüm mütləqdir. Allah da xəbərdarlıq edir ki, Qiyamət günü mütləq gələcək, insan əməlinə görə sorğu-sual olunacaq, cənnət-cəhənnəm müəyyənləşəcək. Bu həyatın özü enişli-yoxuşlu yol olduğu üçün, əzablı, lənətlənmiş yol olduğu üçün çalışmaq lazımdır ki, o dünyada heç olmasa cənnəti qazanasan, günahlarını yuyasan. Bu dünyada hər birimiz günah işlədə bilirik. İstədik, istəmədik, günah edə bilirik. Çalışırıq ki, həmin o günahları tövbə edib Allah qarşısında təmizləyək.

– Allah elə bir mükəmməl sistem yaradıb ki, bəndəsinə günahdan təmizlənmək üçün fürsət verir.

– Ona görə Rəhman və Rəhim Allah deyilir. Allah böyükdür, rəhmi də tükənməzdi. Amma cəzası da böyük olar. Allah o cəzadan saxlasın bütün müsəlmanları, Azərbaycan xalqını.

– Tanınmışların məscidə getməsinə necə baxırsız? Özünüz məscidə gedirsinizmi?

– Bizim prezidentimiz cənab İlham Əliyev, 1-ci vitse-prezidentimiz Mehriban xanım bu siyasəti çox gözəl idarə edirlər. Dünyaya isbat edirlər ki, bizdə din azadlığı var, dözümlülük, tolerantlıq var bütün dinlərin daşıyıcılarına. Allah Qurani-Kərimdə buyurur ki, ey insanlar, dini azad buraxın. Dinə məcburiyyət yoxdur, kim hansı dini istəyir, qoy seçsin. Özünün fərdi işidir. Cənab prezident də, Mehriban xanım da bu siyasəti Azərbaycanda gözəl şəkildə tənzimləyirlər, həyata keçirirlər. Cənab prezident də, Mehriban xanım da Kəbədə olublar, Kəbə qapılarından içəri keçiblər. Allahın izni olmasa, bu heç bir insana qismət olmaz. Bəzi vəzifəli şəxslər özləri üçün bəzən nəyisə isbat etməyə çalışırlar. Amma əslində hesab edirəm ki, insanın daşıdığı dinə borcu ona xidmət etmək, Allaha səcdə etməkdən ibarətdir.

– Cümə günləri məscidlərə gedirsinizmi?

– Xeyr, getmirəm. Özüm özlüyümdə məşğulam dinlə, ibadətlə.

– Ailə üzvləriniz necə, məscidə gedirmi?

– Dediklərimin hamısını yazacaqsız?

– Əlbəttə.

– Mən xalqıma, dövlətimə həmişə sədaqətli olmuşam. Sədaqətimdən də geri dönən deyiləm. Azdan-çoxdan  mənim insanlara münasibətim çoxlarına bəllidir. Gördüyüm işlər də çoxlarına bəllidir, görüblər, qiymətləndiriblər. Allah hamısından razı olsun. Sizlərə vətənə, millətə xidmətinizə görə uğurlar arzulayıram. Mən Heydər Əliyev ideyalarının daşıyıcısıyam, cənab prezidentin bu sahədə həyata keçirdiyi siyasətin icraçılarından olmuşam uzun illər. Bu siyasətdən, bu sədaqətdən geri dönməyən insanam. Mən əqidəmi dəyişməyən adamam. Bunu hamı bilsin.

– Yeni vəzifə təyinatlarına münasibətiniz də maraqlı olardı.

– Hamısına uğurlar arzulayır, təbrik edirəm. Səlahiyyət sahibi ölkə başçısıdır. Seçib təyin edibsə, hər kəsə uğurlar arzulayır, təbrik edirəm.

– Sizin yeni vəzifəyə təyinatınız gözlənilmir ki?

– Mən bu haqda düşünmürəm, vallah.

– İşləmək həvəsiniz yoxdur, yoxsa təklif gəlmir?

– Mən öz missiyamı yəqin  ki, yerinə yetirmişəm. Allahın ayırdığı vaxtda mən həmişə ölkə başçısının əsgəri olmuşam. Şərt o deyil ki, vəzifə tutasan. Şərt odur ki, vətəninə, millətinə, dövlətinə hörmət və məhəbbət yaşadasan. Yeri gələndə də ədalət naminə öz sözünü deyəsən. Vətəndaş bu halda yaxşı vətəndaş olur. İndi mən də vətəndaşam, baxıram, görürəm. Oxuyuram, tanış oluram, müəyyən yerlərdə fikrimi söyləyirəm.

– Ucarda ata yurdunuzda yaşamağınız haqda xəbərlər də var. Bakıdan uzaqda yaşamağınız nə ilə əlaqədardır?

– Mən Azərbaycanda yaşayıram. Azərbaycanın Konstitusiyasına görə də Azərbaycan vətəndaşı ölkə ərazisində istədiyi yerdə yaşamaq hüququna malikdir. Salamat qalın.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

Qanunda Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası gəlirlər 22 508 869,7 min manat, xərclər 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilib.

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilib:

 

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilməlidir.

milli məclis ile ilgili görsel sonucuDövlət bayrağının istifadəsinə dair tələblər dəyişdirilir.

APA-nın məlumatına görə, bununla bağlı “Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun layihəsinin 9-cu maddəsinə (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) dəyişiklik təklif edilir.

Sənədin 9-cu madəsinin 9.1-ci bəndinə təklif olunan dəyişikliklə, Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Konstitusiyada və “Dövlət Bayrağının təsvirinin təsdiq ediməsi haqqında” Konstitusiya Qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Sənədin hazırki variantı isə belədir: “Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır”.

Digər dəyişikliklə sənədin 9.2-ci bəndi ləğv edilir.

Sənədin 9.2-ci bəndi isə belədir: “Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir”.

Layihəyə dəyişiklik təklifi Milli Məclisin iyulun 12-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi olub.

“Azeri Defence”in məlumatına görə, nazir Mədət Quliyevin əmri ilə MSN-in Beynəlxalq hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rəmzi Şükürov bu vəzifəyə bir neçə il öncə sabiq nazir Yavər Camalovun dövründə təyin olunmuşdu.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə yeni rəis təyin edilib.

E-huquq.az xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu idarəyə Qarayev Bəkir Qalib oğlu rəis təyin edilib.

B.Qarayev Ağdaş Rayon Polis Şöbəsinin sabiq rəisi Qalib Qarayevin oğludur.

Qeyd edək ki, bu, Vilayət Eyvazovun nazir kimi ilk rəis təyinatıdır.