![]() |
![]() |
“Bu tablonun mənim üçün həmişə xüsusi mənası olub. İndi tablo layiq olduğu yerdədir”.
Bu sözləri İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Mustafa Kamal Atatürkün tablosunu yenidən kabinetində asdığını göstərən fotonu sosial şəbəkələrdə paylaşaraq qeyd edib.
Xatırladaq ki, 31 mart seçkilərində İstanbul meri seçilən İmamoğlu Beylikdüzündə bələdiyyə sədri olduğu zaman kabinetində asılı olan Atatürkün fotosunu İstanbul bələdiyyə sədrinin kabinetində asmışdı. Ancaq seçkilərin ləğv edilməsindən sonra İstanbul merinin səlahiyyətlərini icra edən vali Əli Yerliqaya Atatürkün fotosunu kabinetdən çıxarmışdı.
Əkrəm İmamoğlunun 23 iyun qələbəsində sonda sosial şəbəkədə minlərlə insan “O foto yenidən asılacaq” paylaşımı etmişdi.
Li Litsenbergerin “sanksiya məsələsində Azərbaycan hökuməti ilə bu vaxta qədər əməkdaşlığımızdan çox məmnunuq” bəyanatının diplomatik tərcüməsi nədir?
“ABŞ Azərbaycan dövləti ilə strateji əməkdaşlığı və tərəfdaşlığı çox yüksək dəyərləndirir. O cümlədən sanksiya məsələsində də Azərbaycan hökuməti ilə bu vaxta qədər əməkdaşlığımızdan çox məmnunuq”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger “Amerikanın Səsi”nin Vaşinqtonun Rusiya və İrana qarşı sanksiyaları şəraitində Azərbaycanın bu ölkələrlə əməkdaşlığı haqqında sualına cavabda bildirib.
Məlumdur ki, Azərbaycan Qərbin nə Rusiyaya, nə də İrana qarşı sanksiyalarına qoşulmayıb. Bunu səfirin də bildiyi şübhəsizdir. O zaman ABŞ səfirinin bu cür açıqlaması diplomatik dildə nə deməkdir? ABŞ Azərbaycanın sanksiyalar məsələsində tutduğu mövqedən əslində razıdır, yoxsa?
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ-Azərbaycan əlaqələri regional baxımdan Vaşinqton üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın ABŞ üçün əhəmiyyəti get-gedə daha da artır. Çünki ölkəmiz ABŞ-ın problemlər yaşadığı Rusiya və İranla həmsərhəddir. ABŞ səfirinin sanksiyalar məsələsində Azərbaycanla əməkdaşlıqdan razılıq etməsi daha çox bununla bağlıdır: “Əslində Vaşinqtonun iki qonşu ölkəyə qarşı iqtisadi sanksiyalarına ölkəmiz rəsmən qoşulmayıb və ABŞ da qonşuluq əlaqələrinə görə bunu Azərbaycandan istəməyib, qarşımızda qəti tələb qoyulmayıb. Xüsusilə İranla əməkdaşlıq məsələsinə gəldikdə, bu bir qədər fərqlidir. Azərbaycanın İranla yüksək səviyyədə iqtisadi əməkdaşlığı yoxdur. Ortada böyük maliyyə əməliyyatları həyata keçirilmir. Amma iki ölkə arasında iqtisadi və nəqliyyat layihələrinin birgə fəaliyyətindən xoşhal olmayan ABŞ, hər halda, diplomatik çərçivədə Azərbaycanla danışıqlar aparıb. Azərbaycanı qeyd olunan əməkdaşlıq məsələsində bir qədər məsafə saxlamaq məqsədi güdülüb. İran isə çalışır ki, qonşu ölkələrlə ticari əlaqələrdə milli valyutadan istifadə etsin. Bu istiqamətdə İran xarici işlər nazirinin ölkəmizə də səfəri gözlənilir”.
Politoloq hesab edir ki, ABŞ səfirinin açıqlaması birbaşa ölkəmizə mesajıdır və İranla bu məsələlərdə məsafə saxlamağa çağırışdır: “ABŞ-ın sanksiyalar məsələsində Azərbaycandan gözləntisini səfir Litsenberger diplomatik dildə ortaya qoyub. Vaşinqton bilir ki, Azərbaycanın İranla Şimal-Cənub Nəqliyyat dəhlizi və birgə istehsal edilən dərman, avtomobil zavodları inşası üçün müqavilələri var. Artıq rəsmi Bakı İranla bu sahələrdə əməkdaşlıqda müəyyən məsafə saxlayır. Çünki İranın da maliyyə imkanları ölkəmizlə bu müqavilələrin həyata keçirilməsinə imkan vermir. Vaşinqton tərəfindən İrana qarşı maliyyə sanksiyaları getdikcə sərtləşir. ABŞ narahatdır ki, qonşu ölkələr vasitəsilə İran maliyyə maxinasiyaları həyata keçirə bilər, sanksiyaların təsiri azalar. Ona görə də əvvəlki illərdən fərqli olaraq ABŞ səfirliklərinə həmin ölkələrdə İranın bu imkanlarına, əlaqələrinə nəzarət etmək tapşırılıb. Məhz səfirin açıqlaması həm də İranın mümkün maliyyə əməliyyatlarının həyata keçirilməsinin qarşısını almaqdır. Azərbaycan da, hər halda, ABŞ-la siyasi və iqtisadi əlaqələri yüksək səviyyədə saxlamaq üçün İranla bir sıra iqtisadi məsələlərdə məsafə saxlamağa çalışır. Bu da başa düşüləndir. Ona görə də ABŞ səfirinin məlum açıqlaması ilə həm də ikitərəfli əlaqələrə önəm verildiyini, atılan bəzi addımlardan razı qaldıqlarını nümayiş etdirmək üçündür”.
Onu da qeyd edək ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Azərbaycan son bir neçə ildə İrana qarşı sanksiyalar məsələsində ehtiyatlı mövqe nümayiş etdirib. Hətta bir neçə il əvvəl Amerikanın İrana hərbi müdaxiləsi məsələsi gündəmə gələndə Azərbaycan birmənalı şəkildə bəyan etmişdi ki, öz ərazisindən başqa ölkəyə qarşı istifadə olunmasına yol verməyəcək. Daha sonra İrana qarşı BMT sanksiyaları tətbiq olunması məsələsi gündəmə gələndə də Azərbaycan hökuməti ehtiyatlı mövqe sərgiləmişdi.
Tiflisdə mitinqlər səngimir. İranda da gərginlik artmaqdadır. Tiflisdəki gərginliyin ölkəmizə sıçrama ehtimallarının olub-olmadığı yönündə fərqli fikirlər səslənir. Son olaraq, generalların təyinatı ilə bağlı BBC Azərbaycancada siyasi təhlilçi, Oxford Universitetinin alimi Leyla Əliyeva təhlil yazısı ilə çıxış edib. O yazır ki, prezidentin təyinatları regiondakı gərginliklərlə bağlı ola bilər.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, ölkə prezidentinin atmış olduğu bu addım onun həyata keçirməkdə olduğu islahatların tərkib hissəsidir: “Məlum olduğu kimi, 2018-ci ilin aprel seçkilərindən sonra dövlət başçısı bütün istiqamətlərdə həm idarəetmə sisteminin təkmilləşdirilməsi, həm iqtisadi inkişafımızın yüksəlməsini təmin edən sosial problemlərimizin həlli və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinin, bunların xarakter daşımasının əsasını qoyan sərəncamlar imzaladı. Cənab generallarımızla bağlı qərar islahatların tərkib hissəsidir. Bu təyinatlar Azərbaycan dövlətçiliyinin güclənməsinə, buna qarşı təhdidlərin peşəkar səviyyədə aradan qaldırılmasına, dövlətimizin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş olan addımlardır. Hər 4 general fəaliyyətləri ilə dövlətçiliyimizə daim sədaqət nümayiş etdiriblər. Həmçinin onlar yüksək səviyyədə olan peşəkar generallarımızdır. İndiyə qədər çalışdıqları sahələrdə sınaqdan yüksək səviyyədə çıxa biliblər.
Dövlətçiliyimizin ən ağır vaxtlarında dövlətimizlə bərabər olublar. Ramil Usubov Azərbaycanda müasir polis sisteminin qurulmasında, daxili sabitliyimizin təmin olunmasında böyük rol oynayıb. Təhlükəsizlik Şurasının daha peşəkar, işləri hüquqi baxımdan görən generala verilməsi təqdirəlayiqdir. Mədət Quliyev Azərbaycan dövlətçiliyinə qarşı qalxan, hakimiyyəti zorakılıqla ələ keçirməyə çalışanlara qarşı mübarizə aparan, sağlamlığını, həyatını bu yolda qurban verməyə hazır olan milli qəhrəmanımızdır.
O, DTX-yə rəis gəldikdən sonra əvvəlki nazir Eldar Mahmudov və onun bandasının bu sistemə vurduğu zərbəni aradan qaldırmaq üçün özünün şəxsi keyfiyyətlərini, intellektini ortaya qoydu, vurulan zərbəni aradan qaldırmağa nail oldu. Vilayət Eyvazov gənc yaşlarından bu sistemdə çalışan, öz zəhməti ilə bu yerə çatan generaldır. Dövlətçiliyimizə, ulu öndərimizə və cənab prezidentə sədaqətini daim sübut edib. Xatırlayıram ki, 2003-cü ildə seçkilərdə məğlub olan və hakimiyyəti zorla ələ keçirməyə çalışanlara qarşı Vilayət Eyvazov bir vətəndaşlıq nümunəsi ortaya qoydu.
Heç nədən çəkinmədən o proseslərin qarşısının alınmasında mühüm rol oynadı. Əslində o meydanda birinci oldu. Əli Nağıyev isə həyatı və fəaliyyəti təhlükəsizlik sistemi ilə bağlıdır. Adi bir işçidən general rütbəsinə qalxıb. Onun bu sahəyə gətirilməsi də çox müsbət qərardır. Ondan əvvəlki generalımız nə dərəcədə dövlətçiliyimizə sadiq olsa da, təhlükəsizlik sistemində çalışan biri deyildi. Bu sahənin başında hər zaman peşəkar rəhbər dayanmalıdır. Bu generallarımızın hər biri bundan sonra da üzərlərinə düşənləri layiqincə yerinə yetirəcəklər. Heç şübhəsiz ki, ölkədəki sabitlik həm də xarici amillərlə müəyyən olunur. Azərbaycan bu gün elə bir regiondan yerləşir ki, bu region xoşagəlməz bir mərhələyə qədəm qoyub. Regionumuzda ciddi qarşıdurmalar var. Amerika-İran, Amerika-Rusiya qarşıdurması yaşanır. Qonşuluğumuzda düşmən Ermənistan var.
Gürcüstanda da ciddi gərginliklər yaşanır. Qazaxıstanı da bu sıraya əlavə edə bilərik ki, artıq orada da qarşıdurmalar müşahidə olunmağa başlayıb. Belə bir vəziyyətdə ölkənin xaricindən gələn təhlükələrin, təzyiqlərin qarşısını almaq üçün məhz bu cür dəyişikliklərə ehtiyac duyulurdu. Onların bu təyinatları heç şübhəsiz ki, xaricdən gələn təzyiqləri, təhlükələri aradan qaldırmağa yönələn bir addımdır. Əminəm ki, cənab generallarımız bu istiqamətdə onlara tapşırılan işlərin öhdəsindən uğurla gələcəklər, dövlətçiliyimizin, təhlükəsizliyimizin, sabitliyimizin qorunmasında öz töhfələrini verəcəklər. Sizin qəzetiniz vasitəsilə onların hər birini təbrik edir, şərəfli yolda uğurlar arzulayıram”.
Deputat Tiflisdəki gərginliyin ölkəmizə təsirlərinin olub-olmayacağı barədə də danışdı: “İstisna etmirəm ki, bu gün Azərbaycana qarşı da təzyiqlər var. Bu təzyiqlər əsasən kənardan gəlir. Ölkəmizdə gedən proseslərə, inkişafa qısqanclıq var. Bu qısqanclıq bir sıra hallarda açıq xarakter daşıyır. Bəzi hallarda açıq təzyiqləri görmək də mümkündür. Erməni lobbisinin təsirləri ilə bu cür təzyiqlər də olur. Burada xristian təəssübkeşliyinin olduğunu da unutmayaq. Digər amillər də özünü göstərir. İstisna etmirəm ki, ölkəmizə qarşı təzyiqlər daha çox Qərbdən gəlir. Ölkə prezidentinin atmış olduğu bu addımlar dövlətçiliyimizə qarşı yönələn bu cür təhdidlərin aradan qaldırılmasında ciddi rol oynayacaq. Bizim üçün ən vacib olanı ölkənin daxili sabitliyidir. Bir sıra ölkələrin hansı durumda olduğunu bu gün də müşahidə edirik. Həmin ölkələrin daxillərində ayrı-ayrı qüvvələr ələ alınır və onların vasitəsilə daxili gərginlik yaradılır. Bunun da nəticəsində sabitlik pozulur.
Qərb dairələri də öz istədiklərini həyata keçirməyə başlayırlar. Bu, Azərbaycanda da istisna olunmur. Daxilimizdə olan bəzi qüvvələr anti-Azərbaycan qüvvələrlə birlikdədirlər. Belə qüvvələr tək daxildə deyil, xaricdə də az deyil. Bu qüvvələr hər zaman təhlükədir. Onların qarşısını almağın əsas yollarından biri də ölkə daxilində sabitliyin qorunub saxlanılmasıdır. Operativ məlumatları əldə edərək, təhlil etdikdən sonra onun aradan qaldırılması, təhlükələrdən vaxtında xəbər tutub bununla bağlı önləyici tədbirlərin görülməsi olduqca vacibdir”.
Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.
Trend-in məlumatına görə, iyunun 27-i və 28-də davam edəcək iclasda əvvəlcə deputatlar “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini və “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.
Daha sonra “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsi, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara, o cümlədən Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə dəyişikliklər və digər məsələlər müzakirəyə çıxarılacaq.
Ümumilikdə iclasın gündəliyinə 49 məsələ daxildir.
Jurnalist Fuad Abbasov nəhayət, hava limanından çıxıb. Tərəfdarları və qohumları onu milli qəhrəman kimi qarşılayıblar. Azərbaycan bayraqları və təzərrühatlarla qarşılanan jurnalist qısa açıqlamalarla çıxış edib.
Minval.info musavat.com-a istinadən xəbər verir ki, aeroportun girişində media nümayəndələrinə açıqlama verən F.Abbasov onu dəstəkləyən hər kəsə təşəkkür etdi.
Jurnalist azadlığa çıxmasının onun üçün gözlənilməz olduğunu dedi: “40 gün qapalı vəziyyətdə qaldım. Dünən axşam soruşdurma oldu. Bu sabah gözlənilmədən xəbər çıxdı ki, azadlığa çıxıram”.
F.Abbasov bildirdi ki, dincəlib özünə gələndən sonra mətbuat konfransı keçirəcək: “Baş verən qanunsuzluqlarla bağlı məhkəmə yolu ilə həll edəcəm. Səhhətim qaydasındadır. Heç bir problem yoxdur. 12 gün boyunca aclıq aksiyası oldu. Bundan sonra da jurnalist fəaliyyətim olacaq. Daha güclü şəkildə davam edəcək”.
F.Abbasov media nümayəndələrindən bir neçə gün icazə istəyərək, yaxın zamanda mətbuat konfransı keçirəcəyini bildirdi: “Çox ağır dönəm keçirmişəm. Bir-iki gün icazə verin özümə gəlim, bütün suallarınızı keçirəcəyim mətbuat konfransında cavablandıracam”.
Müharibə hələ bitməyib, hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək.
AZƏRTAC-ın məlumatına əsasən, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə kursantları və müəllimləri təbrik edərkən deyib.
Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır:
“Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir.
Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır”.
İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir:
“Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.
Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək”.
Prezident qeyd edib ki, Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir:
“Əminəm ki, bu inkişaf dayanıqlı olacaq. Sizə – burada oxuyan kursantlara və çalışan müəllimlərə yeni uğurlar, cansağlığı arzulayıram. Vətənin qorunması işində siz həmişə fəal olmalısınız və öz gücünüzü göstərməlisiniz. Sizi bir daha təbrik edirəm.
Bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və sizə yeni uğurlar arzulayıram”.
Prezident İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev bağışlayıb.
Minval.info-nun məlumatına görə, bu barədə əməkdar artist “Facebook” səhifəsində paylaşım edib:
“Möhtərəm Cənab Prezident. Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.
Allah Sizi və Azərbaycanımızı qorusun!”