5 dekabr 1936-cı ildə 8-ci SSRİ Sovetlər qurultayında qəbul edilmiş SSRİ konstitusiyasını dəyişmək ideyası Nikita Xruşovun təşəbbüsü ilə 962-ci ildə Siyasi Büro tərəfindən irəli sürülüb. Məqsəd SSRİ-nin Əsas Qanununda bir sıra dəyişikliklərin edilməsi olub.
Qeyd edək 1936-cı ildə qəbul edilmiş konstitusiya qeyri-rəsmi “Stalin konstitusiyası” da adlandırılıb. Nikita Xruşov həm də bu addan qurtulmaq üçün konstitusiyanın dəyişilməsinin əsas tərəfdarlarından biri olub.
Beləliklə, 25 aprel 1962-ci ildə SSRİ Ali Sovetində yeni konstitusiyanın layihəsinin hazırlanması üçün konstitusiya komissiyasının yaradılması ilə bağlı qərar qəbul olunub. Komissiyaya Nikita Xruşov rəhbərlik edib.
Xruşovun devrilməsindən sonra konstitusiya komissiyasının sədri Leonid İliç Brejnev olub. Konstitusiya layihəsinin ilk variantı Brejnev tərəfindən ciddi tənqid olunub və layihənin yenidən hazırlanması üçün baş katib tərəfindən göstəriş və tövsiyələr verilib.
Brejnev komissiyanın iclaslarında çox nadir hallarda iştirak edib. Komissiyanın işçi qrupuna rəhbərlik isə Mərkəzi Komitənin katibi Boris Ponomaryova həvalə edilib. Nəhayət, 15 ildən sonra layihə hazır olub.
1977-ci ildə yeni konstitusiya layihəsinin hazırlanmasının son mərhələsində millətçi ermənilər yenidən fəallaşıblar.
Konstitusiyanın dəyişməsi ilə SSRİ daxilində sərhədlərin dəyişilməsinin mümkünlüyünü düşünən ermənilər yenidən Kremlə çoxsaylı məktublar və müraciətlər ünvanlayıblar. Məlum olduğu kimi, konstitusiyanın 87-ci maddəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində olduğu öz əksini tapıb. Məhz ermənilər də bu maddənin dəyişilməsi üçün bütün imkanlarından istifadə etməyə çalışıblar.
Yuxarıda qeyd etdiyimiz kimi, komissiyanın sədri Leonid İliç Brejnev komissiyanın iclaslarında demək olar ki, iştirak etməyib və komissiyanın əsas işini Boris Ponomaryov aparıb. Heydər Əliyev isə komissiyanın Azərbaycan tərəfindən üzvü olub.
Komissiyanın növbəti iclaslarından birində yığıncaqdan əvvəl Ponomaryov Heydər Əliyevə Ermənistandan və Dağlıq Qarabağdan komissiyaya daxil olan çoxsaylı müraciətlər haqqında məlumat verərək bildirib ki, bu məsələni komissiyanın iclasına çıxarmaq lazımdır. Heydər Əliyev buna etirazını bildirəndə Ponomaryov erməniləri dəstəkləyərək məsələnin müzakirəsinin vacibliyini vurğulayıb və açıq-aydın hiss olunub ki, Mərkəzi Komitənin katibi Ponomaryov ermənilərin haqsız və yersiz istəyini gerçəkləşdirməyə can atır. Bu da səbəbsiz olmayıb. Çünki Kremldə Ponomaryovla Ermənistanın birinci katibi Karen Dəmirçyanın dostluq əlaqələri hamıya yaxşı məlum olub. Təbii ki, bu əlaqələrin arxasında hansı maraqların dayandığını da hiss etmək çətin olmayıb. Amma həm Ponomaryov, həm də Dəmirçyan unudublar ki, son söz birincinin, Leonid İliçindir. Ona görə də Heydər Əliyev iclas başlanmazdan əvvəl Brejnevlə görüşmək qərarına gəlib.
Sonralar Heydər Əliyev həmin hadisələr haqqında fikirlərini belə bölüşüb:
“Bir dəfə Moskvaya, komissiyanın iclasına getdim, gördüm xeyli ərizə gəlib ki, Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə vermək lazımdır. Ponomaryov isə dedi ki, bunu komissiyanın müzakirəsinə çıxarmaq vacibdir. Ermənilər ona təsir göstərmişdilər. Elə bu faktın özü ki, bu komissiyanın müzakirəsinə buraxılsın, bilirsinizmi bu nə deməkdir? Hələ komissiyanın iclasından bir gün qabaq mən buna nə qədər etiraz elədim, gördüm yox… Brejnevin yanına getdim. Ona dedim ki, bu nədir, belə şey ola bilməz! O, telefonu götürüb Ponomaryova zəng elədi ki, çıxar onu…”
Beləliklə, ermənilərə dəstək verən Ponomaryov istəyinə nail ola bilməyib, 7 oktyabr 1977-ci il tarixində SSRİ Ali Soveti tərəfindən qəbul edilmiş SSRİ-nin Əsas Qanununda Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı heç bir dəyişiklik olmayıb və ermənilərin Dağlıq Qarabağa sahib olmaq cəhdi növbəti dəfə uğursuzluqla nəticələnib…
Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin olunub.
APA-nın verdiyi xəbərə görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Əbdülsəməd Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib.
Ə.Əzizlinin vəzifəsinin icrasına başlaması barədə məlumat Baş Prokurorluğun saytında da yerləşdirilib.
Qeyd edək ki, Ə.Əzizli bundan əvvəl Bərdə rayon Prokurorluğunun müstəntiqi, daha sonra Gəncə şəhər Prokurorluğun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur.
Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən azad edilib.
Ölkə.az xəbər verir ki, o, işdən öz istəyi ilə çıxıb.
Xatırladaq ki, ötən ayın əvvəlində E.Babayev Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin inspektoru vəzifəsinə gətirilmişdi.
DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov xəbəri təsdiqləyib.
Politoloq: “Moskvada bəzi dairələr iki ölkə arasında əlaqələrə zərbə vurmağa çalışırlar”
“Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar”. Bu barədə APA-ya Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib. Səfirliyin məlumatında qeyd olunur ki, 11 iyun 2019-cu il tarixində səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar.
Bundan başqa, məlumat verilib ki, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb. Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək. Səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür.
Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.
Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.
Bəs notanın prosesə hansısa faydası ola bilərmi? Təsiri olarsa, müsbət, yoxsa mənfi təsiri ola bilər? Bu durum həm də Rusiya ilə Azərbaycan arasında müəyyən problemlərin olduğunun təzahürüdürmü?
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Azərbaycan əlaqələri siyasi-iqtisadi və hərbi-texniki sahədə ümumi maraqlar kontekstində müəyyən dərəcə inkişaf dinamizminə malikdir: “Amma Moskvada bəzi dairələr iki ölkə arasında əlaqələrə zərbə vurmağa çalışırlar və təəssüf ki, rəsmi Kreml bir çox hallarda anti-Azərbaycan şəbəkəsinin istəklərini yerinə yetirir. Bununla Azərbaycanı daimi təzyiq altında saxlamağa çalışırlar. Azərbaycan daima Rusiya ilə sıx dostluq və qarşılıqlı etimad mühitində əməkdaşlıqda maraqlıdır və çalışır ki, qarşı tərəf də buna sadiq olsun. Amma, biz bir çox hallarda bunu Rusiyadan görmürük. Rusiyada ictimai fəal Fuad Abbasova qarşı təzyiqlər və həbs edilməsi birbaşa Rusiya XİN tərəfindən idarə olunur və buradakı məlum şəbəkə çalışır ki, iki qonşu ölkə arasında siyasi ziddiyyətlər yaratsın. Moskvaya nota verilməsi onu deməyə əsas verir ki, görünür, prosesdə ciddi mətləblər var və bu, dövlət siyasəti çərçivəsində həyata keçirilir. Hesab edirəm ki, bu notanın verilməsi Azərbaycanın öz soydaşına sahib çıxması və Azərbaycana qarşı hər hansı bir təzyiq dilinin qəbul edilməməsini qarşı tərəfə çatdırmaqdır. Hesab edirəm ki, Azərbaycan-Rusiya əlaqələrində bu kimi məsələlər iki dövlət arasında ümumi əməkdaşlığa kölgə salmayacaq və Kreml Azərbaycana qarşı daha da duyarlı olmalıdır. Notanın müəyyən təsirləri, hər halda, ola bilər”.
Politoloq dedi ki, Rusiyada erməni lobbisi çalışır ki, azərbaycanlıların Rusiyada fəallığının qarşısını alsın. Təəssüf ki, bəzi diaspor qurumlarımız da bu işin içindədır. Erməni lobbisi və diasporu bundan sonra da azərbaycanlıların Rusiyada siyasi-ictimai fəaliyyətinin qarşısını almağa çalışacaq: “Fuad Abbasov olayı buna sübutdur. Rusiyada erməni lobbisi bir plana malikdir və Azərbaycan dövlət səviyyəsində çalışmalıdır ki, bu planları pozsun. Bunun yollarından biri də Rusiyada siyasi-ictimai xadimlərimizin önə çıxmasıdır”.
İyunun 12-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olublar.
“İsma Bikes”in mağazaları fəaliyyətini dayandırıb, istehsal isə…
Havalar isindikcə Bakıda velosiped sürənlərin sayı da artır. Paytaxtda velosiped yolu olmadığı üçün velosipedçilərə də daha çox bulvar ərazisində rast gəlmək mümkündür. Onlar ən çox xaricdə istehsal edilən velosipedlərə üstünlük verirlər. Ancaq…
2016-cı ilin avqustunda İsmayıllının Diyallı kəndi ərazisində “İsma Bikes” velosiped istehsalı zavodunun açılışı oldu. Açılışına prezident İlham Əliyevin də qatıldığı zavodun istehsal gücünün ildə 20-30 min velosiped olduğu bildirildi. Zavod haqqında məlumatda qeyd olunurdu ki, müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib və zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək. İddialara görə, bu biznes sabiq vergilər naziri Fazil Məmmədovun nəzarətindədir.
Bəs hazırda bazarda “İsma Bikes” velosipedlərinə rast gəlinirmi?
“Yeni Müsavat”ın reportyor qrupu olaraq “İsma Bikes” axtarışına çıxıb, şəhərdə bir neçə velosiped mağazasına baş çəkdik. Mağazalarda olduğumuz zaman maraqlı məlumatlar əldə etdik.
Əvvəlcə onu qeyd edək ki, Bakının kənar ərazilərində, bazarlarda satılan velosipedlərin əksəriyyəti Çin istehsalıdır. Böyüklər üçün olan (26-lıq) bu velosipedlərin qiyməti əsasən 180 manatdan başlayır. Uşaqlar üçün olan velosipedlər isə 30 manatdan başlayaraq, formasına və keyfiyyətinə görə bir neçə manat bahalaşan qiymətlə satılır. Bu mağazaların heç birində “İsma Bikes” velosipedlərinə rast gəlmədik. Satıcılar bildirdilər ki, belə velosipedlər yerli istehsal olsa da, qiyməti olduqca bahadır. Ona görə də satmaq sərf eləmir. Satıcılar onu da qeyd etdilər ki, Bakıda velosiped yolu olmadığı üçün Çin istehsalı olan mallar belə zəif satılır. Satıcı Rəhman Bayramov aşağıdakıları söylədi:
“Paytaxtda velosipedi olanlar belə sürməyə yer tapmırlar. Çünki illərdir velosiped yolunun çəkiləcəyi ilə bağlı xəbərlər yayılsa da, nəticə görünmür. Ona görə də camaat velosiped almır. Ən çox satdığımız uşaq velosipedləridir. Böyüklər üçün olan velosipedləri alanlar da elə yeniyetmələrdir. Birinci küçəni çəkmək lazımdır, sonra velosiped istehsalı ilə məşğul olmaq gərəkdir. Biz bildiyimiz qədərilə Bakıda ”İsma Bikes”in 2 mağazası olub. Onlar da hazırda işləmir. Həmin mağazalardan biri Heydər Əliyev prospektində, düz yolun kənarında yerləşirdi. Elə bir yer idi ki, avtomobili saxlamaq mümkün deyildi. Magistral yolun kənarında bu cür mağazanın effekti olmur. Hazırda həmin mağaza bağlanıb. İkinci mağaza da metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşirdi. Orada da iri mağaza var idi. Bu ildən həmin mağaza da fəaliyyətini dayandırıb”.
Deyilən faktı yoxlamaq üçün Heydər Əliyev prospektinə yollandıq. Öyrəndik ki, doğrudan da “İsma Bikes”in mağazası fəaliyyətini dayandırıb. Mağazanın yerləşdiyi obyekt isə icarəyə çıxarılıb.
“İsma Bikes”in sosial şəbəkələrdə də səhifələri mövcuddur. Həmin səhifələrdə qoyulan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Lakin heç bir nömrəyə zəng çatmadı. Bundan əlavə, zavodun saytı da tam işlək vəziyyətdə deyil. Satıcılardan öyrəndik ki, Azərbaycana gətirilən velosiped detallarına heç bir gömrük rüsumu tətbiq edilmir. Yəni ölkəyə gətirilən velosiped detallarının fantastik dərəcədə bahalaşması üçün real səbəb yoxdur. “İsma Bikes” velosipedləri də xaricdən gətirilən detallar əsasında İsmayıllıda yığılırdı. Lakin buna baxmayaraq, velosipedlərin qiyməti xaricdən gətirilən brend məhsullardan heç də ucuz deyildi. Bu velosipedlər 250 manatdan başlayaraq, 700-800 manata qədər dəyişən qiymətlərlə satılırdı. “Gənclik Mall”da xaricdə istehsal olunan velosipedlər satılır. Onlardan bəzilərinin qiymətlərini təqdim edirik.
Məsələn, Fransa istehsalı olan velosipedlərin qiyməti 650 manatdan başlayır. Almaniya istehsalı olan velosipedlərin ən ucuzunu 1200 manata əldə etmək olar. Mağazadakı mütəxəssislər bildirdilər ki, qiymətlər əsasən materiala (alüminium) görə dəyişir. Almaniya velosipedlərinin baha olmasının səbəbi də məhz materialın keyfiyyətli olmasıdır. Bildirdilər ki, onlar yerli istehsalın satışına yer vermirlər. Ona görə də İsmayıllıdakı zavodun istehsalı barəsində məlumatlı deyillər.
Qısa olaraq qeyd edək ki, velosipedin gövdəsi alüminiumdan düzəldilir. Mağazalarda velosipedin keyfiyyəti ilə maraqlanan zaman satıcılar adətən “model 6 minlik, 7 minlik alüminiumdan hazırlanıb”, – deyə bildirirlər. 7 minlik alüminiuma sink və maqnezium (qismən mis) də qatılır. Bununla da pasa qarşı müqavimət artır. Alüminiumun 6000-lik ərintisinə isə silisium və maqnezium qatılır. Bunlarda isə pasa qarşı müqavimət aşağıdır. Deyilənə görə “İsma Bikes”də məhz yüksək səviyyəli alüminiumdan hazırlandığı üçün qiymətləri yüksək olub.
Bəs yerli malı haradan əldə etmək olar? 30 min velosiped hara getdi?
Bu ilin aprel ayında İSMA brendinin daxil olduğu “Synergy Group”un Marketinq direktoru Murad Mirzəyev marja.az saytına bildirib ki, Hazırda İSMA velosipedlərinin satışı zavodun dilerləri vasitəsilə həyata keçirilir: “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən mağazamızın fəaliyyətini dayandırması ünvanın dəyişdirilməsi ilə bağlıdır. Yeni əlverişli yer müəyyən edildikdən sonra mağaza yeni ünvanda, yeni konseptdə fəaliyyətini bərpa edəcək. Heydər Əliyev prospektindəki İSMA mağazası isə dilerə məxsus idi. Dilerin verdiyi məlumata görə, həmin ünvan satış üçün əlverişli olmadığından bağlamaq qərarı verib”.
Murad Mirzəyev əlavə edib ki, hazırda İSMA velosipedlərinin satışı ilə Bakı şəhərində “Maqnit” mağazalar şəbəkəsi, regionlarda isə dilerlər məşğul olurlar: “Mağazanın anbarında olan velosipedlər ”Maqnit” mağazalar şəbəkəsinə təhvil verilib. Bu da bizə imkan verir ki, yeni konsepsiya, satış planları və ünvanların seçilməsi barədə rahat düşünək”.
Murad Mirzəyev bildirib ki, İsmayıllı Velosiped Zavodu fəaliyyətini dayandırmayıb.
Onu da qeyd edək ki, zavodun saytında verilən məlumata görə, “İsma Bikes”in Sumqayıt, Bərdə, Naxçıvan, Xaçmazda da dilerləri var.