İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Bəşirov Elxan Hidayət oğlu
Məmmədov İsmayıl İmran oğlu.
***
Prezident İlham Əliyev iyunun 3-də “Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında” sərəncam imzalayıb.
Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovla baş nazirin keçmiş müavini Abbas Abbasovun dostluq, biznes münasibətləri haqda mətbuatda çox yazılıb. Onları birləşdirən, dostluqlarına yol açan eyni komandada təmsilçilikləri ilə yanaşı, həm də biznes maraqları olub.
Abbasovla Məmmədov vəzifədə olarkən müxtəlif korrupsiya kombinasiyalarında, müştərək maraqlarına cavab verən məsələlərdə eyni mövqedən çıxış edirdilər. Ən müxtəlif tədbirlərdən birgə fotoları yayılırdı. Bu da təsadüfi deyildi. Abbasovla Məmmədov eyni “səngəri” bölüşürdülər. 2013-cü ildə Abbas Abbasovun başının üstünü “qara buludlar” alanda bu posta Ziya Məmmədovu təqdim etmək cəhdləri də bəlli idi. Lakin Abbas Abbasov “vurulandan” sonra Məmmədova baş nazirin müavini postu verilmədi. Abbas Abbasov vəzifəsindən çıxarılandan sonra ölkədən getdi. Həmin dönəmdə onun oğlu Aydın Abbasov Azərbaycanda deputat mandatı daşıyırdı. Abbas Abbasov 2013-cü ildə hakimiyyətə qarşı planda yer alandan sonra onun deputat oğlunun vəziyyəti xeyli qəlizləşmişdi. Deputatı olduğu Gəncədə istifadəsində olan xidməti maşın saxlanılmış, Aydın Abbasov maşından düşürülmüş və nəqliyyat vasitəsi cərimə meydançasına aparılmışdı. Bir sıra mülkləri sökülmüş, bəziləri əlindən alınmışdı.
O dövrdə Ziya Məmmədov dostunun oğluna kömək etmək iqtidarında deyildi. Çünki özünün də durumu ürəkaçan deyildi, mətbuatda tez-tez “Ziya Məmmədov yola salınır” başlığı diqqət çəkirdi. Bununla belə, Abbasovla Məmmədovun arasında əlaqə qalırdı. Ziya Məmmədovun “vurulması”nın əsas səbəbi kimi də məhz Abbas Abbasov faktorunun rol oynadığı bəlli olmuşdu. Dəqiqləşmişdi ki, Abbas Abbasov iqtidara qarşı müxtəlif oyunlarda yer alandan sonra da Ziya Məmmədovun onunla əlaqəsi olub. Onlar mütəmadi olaraq telefon əlaqəsi saxlayıblar. Ziya Məmmədovla Abbas Abbasovun nə danışdığı, nələr barədə müzakirə aparmasının təfərrüatları bilinməsə də, aydın idi ki, bu cür hərəkətlilik hakimiyyətə xoş olmayıb. Belə iddialar da vardı ki, Ziya Məmmədov vəzifəsindən çıxarılmazdan əvvəl sorğu-sual olunarkən Abbas Abbasovla əlaqəsini etiraf edib, deyib ki, bu münasibət hakimiyyətə qarşı yönəlməyib. Ziya Məmmədovun diqqətinə çatdırılıb ki, əgər Abbas Abbasovla əlaqələri hakimiyyətə qarşı olmayıbsa, o, bu barədə əvvəldən “yuxarıları” məlumatlandırmalı idi. Bütün bunlardan sonra Ziya Məmmədovun “qələmi qırılsa” da, onu vəzifədən aldıqdan sonra həbsə göndərilmədi.
Abbas Abbasova, onun oğluna qarşı sərgilənən münasibət Ziya Məmmədova yönəlik baş tutmadı. Abbas Abbasovun Rusiyada hakimiyyətə qarşı fəaliyyəti onun oğlunun xaricə qaçmasına, daha sonra ölkəyə dönərkən aeroportda saxlanılmasına qədər dərinləşmişdi. 2018-ci ilin oktyabrında yayılan xəbərlərdə deyilirdi ki, Abbas Abbasovun oğlu Aydın Abbasov Bakıya gələrkən hava limanında saxlanıb. Sabiq deputatın hansı səbəbdən saxlanıldığı açıqlanmasa da, onun ev şəraitində nəzarət altına alındığı, hətta bəzi mənbələr istintaq təcridxanasında olduğunu iddia edirdi. Bu xəbərlərdən sonra hələ Gəncənin deputatı olduğu vaxtlardan sosial şəbəkələrdə aktiv olan, ölkədə baş verən hadisələrə münasibət bildirən Aydın Abbasov müəmmalı şəkildə “yoxa çıxdı”. Yada salaq ki, A.Abbasovun məhz sosial şəbəkədə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra yazdığı status geniş rezonans doğurmuşdu. 2 aylıq sükutdan sonra yenidən sosial şəbəkəyə qayıdan A.Abbasov oktyabrın 23-də Bakıda çəkdirdiyi şəkli özünün facebook səhifəsindən paylaşmışdı. Foto “Hilton Baku Hotel”in fonunda çəkilmişdi, Abbasovların evi o həndəvərdədir.
A.Abbasovun oğlunun Rusiya prezidenti Vladimir Putinin Bakıya reallaşan səfərindən sonra üzə çıxması da diqqətdən kənarda qalmamışdı. Rusiya prezidentinin bu cür xırda məsələyə diqqət ayıracağı real olmasa da, Ramazan Abdulatipovun rəsmi Bakıdan belə bir xahişdə buluna biləcəyi ehtimalı səsləndirilirdi. Yada salaq ki, Beynəlxalq Bank işində həbs edilənlərdən biri də Aydın Abbasovun əmisi Nadir Abbasov idi. Nadir Abbasov 2016-cı ilin iyununda Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı saxlanılmışdı. Həmin vaxt Naftalana müalicəyə gələn Dağıstan rəhbərinin Bakıdan N.Abbasov üçün xahiş etdiyi iddiası da vardı. Ramazan Abdulatipovun Azərbaycana gəlişinin ardınca Nadir Abbasov azadlığa buraxılmışdı.
Abbasovlara qarşı sərt reaksiyalar fonunda Məmmədovların ölkədə qalıb, sərbəst dolaşmaları diqqət çəkir. Düzdür, Ziya Məmədovun oğlu Anar Məmmədov hələ atası vəzifədə olarkən Azərbaycandan getmişdi. Abbas Abbasovdan fərqli olaraq Ziya Məmmədova görə qardaşları da həbsə alınmamışdı. Vəzifələrini, mövqelərini, bizneslərinin bir hissəsini itirsələr də, Məmmədovlar ölkədə qala bildilər. Hazırda isə Abbas Abbasovun dostunun yenidən dirçəlməsi prosesi gedir. Ziya Məmmədov özü vəzifəyə təyinat almasa da, qardaşı Elton Məmmədov 20 gün əvvəl Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. Hansı ki, 3 çağırış deputat olub, Bakı Beynəlxalq Avtovağzalı da onun şirkətinin nəzarətində idi. Ziya Məmmədov vəzifəsindən çıxarılandan sonra kompleks Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Elton Məmmədov son seçkilərdə deputat ola bilməmişdi, ona bu imkanı tanımamışdılar...
Ziya Məmmədovun oğlu Anar Məmmədovun əmisinin vəzifəyə təyinat almasından sonra Bakıya qayıtmasını da diqqətli izləyicilər Məmmədovlara qarşı loyallaşmanın nümunəsi kimi qəbul edirlər. Qeyd edək ki, Anar Məmmədov Bakıda keçirilən “Arsenal”-"Çelsi" oyunundan özünün İnstaqram səhifəsində video paylaşıb. Onun vəkili Nihat Axundov “Yeni Müsavat”a təsdiqləyib ki, Anar Məmmədov Bakıdadır. Buna qədər Anar Məmmədovun ölkəyə qayıdışının mümkün olmayacağı haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Anar Məmmədovun Bakıdakı fəaliyyəti arzuolunmazdır, onun ölkəyə gəlməsi də bu baxımdan baş tutmaya bilər. Belə görünür ki, ötən illər ərzində Məmmədovlara qarşı münasibət Abbasovlardan fərqli olaraq pisləşməyib, əksinə, yaxşılaşıb.
Bu gün Ziya Məmmədovun oğlu Anar Məmmədov ölkəyə sərbəst gəlir, qardaşı Elton Məmmədovu isə vəzifəyə təyin edirlər.
Eyni sözləri Ziya Məmmədovun dostu, biznes ortağı Abbas Abbasov haqda söyləmək çətindir. Baş nazirin sabiq müavini ölkəyə qayıda bilmir, oğlu Aydın Abbasov ölkəyə gələndə onu hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayırlar, qardaşı Nadir Abbasov isə kredit borcuna görə həbsdə saxlanılır. Məmmədovlarla Abbasovların fərqi maraq doğurur - biriləri həbsə, digərləri dirçəlişə doğru addımlayırlar. “Yeni Müsavat”
İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında keçirilən Uşaq festivalı çərçivəsində “Toplan” sahibsiz itlərə qayğı Mərkəzi heyvansevərlər üçün müxtəlif tədbirlər, maarifləndirici viktorinalar, o cümlədən itlərin sərgisini də təşkil etmişdi.
Tədbir zamanı “Toplan”da saxlanılan bir çox itə müxtəlif şəxslərin sahiblənmək imkanı da yaradılmışdı. Festival zamanı sakinlərdən bəziləri sahibsiz itlərə sahib çıxaraq öz ailələrinə də aparıblar. Bunların arasında millət vəkili Qənirə Paşayeva da olub. Millət vəkili festivalda zonalara baxış zamanı bu yaxınlarda küçədən toplanaraq “Toplan” sahibsiz itlərə qayğı Mərkəzinə gətirilmiş bir itə sahiblənib.
Qeyd edək ki, “Toplan” sahibsiz itlərə qayğı Mərkəzində saxlanılan itlərə sahib çıxmaq istəyən şəxslər mərkəzə müraciət edə bilər. Mərkəzin əməkdaşları müraciət əsasında müvafiq sənədləşmə işi apardıqdan sonra vətəndaşlar itlərə sahiblənərək onları qayğı ilə əhatə etmiş olurlar.
İki hissəyə parçalanan Azərbaycan Xalq Hərəkatında sular durulmur. "Qafqazinfo" xəbər verir ki, qanadlardan birinin iki gün öncə keçirilən iclası barədə mötəbər mənbələrdən musavat.com-a məlumat daxil olub.
Mənbənin bildirdiyinə görə, həmin iclasda Azadlıq partiyasının sədri Əhməd Orucla Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli arasında gərginlik yaşanıb. Tərəflər hətta bir-birilə əlbəyaxa həddinə çatıblar. Şahidlərin iddialarına görə, Əhməd Oruc Mətləb Mütəllimliyə fiziki müdaxilə də edib. Məlumata görə, dava səbəbilə hərəkatın idarə heyətinin növbədənkənar toplantısı çağırılıb və münaqişənin bu həddə çatmasına səbəb kimi İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı göstərilib.
Partiya sədri hərəkatdan qovulub. M.Mütəllimlinin də AXH -dən qovulduğu deyilir.
Lətifə Hüseynova: “İbtidai istintaqda da, məhkəmələrdə də imkan vermədi ki, həqiqət, uşaqların günahsızlığı üzə çıxsın”
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərov baldızına hədə dolu mesajlar yollayır. Sabiq baş dəmiryolçu baldızına övladları Emin və Rahib Hüseynovları uzun müddət həbsdə saxlatdıracağını çatdırır.
Bu haqda “Yeni Müsavat”a Arif Əsgərovun baldızı Lətifə Hüseynova bildirib: “Ordan-burdan xəbər gəlir ki, Arif Əsgərov uşaqlarımın həbsdən çıxmalarına imkan verməyəcək. Onun qardaşı vaxtilə ədliyyədə işləyib. Ola bilər ki, əlaqələri qalıb. Rahibə həbs yerində bir dustaq yaxınlaşıb və ”Arif Əsgərovun pullarını niyə yedin” şəkilində hədə-qorxu gəlib. Rahib də deyib ki, onun pullarını oğlu yeyib, günahını da bizim uşaqların üstünə atıblar”.
Lətifə Hüseynova övladlarının işi ilə bağlı Ali Məhkəməyə müraciət etməyə hazırlaşdıqlarını deyib: “Arif Əsgərov bilir ki, mənim uşaqlarımda günah yoxdur. Amma hər ikisini həbs etdirdi. İbtidai istintaqda da, məhkəmələrdə də imkan vermədi ki, həqiqət, uşaqların günahsızlığı üzə çıxsın. Ümidimiz Ali Məhkəməyədir, bəlkə orada ədalətli qərar verilər. Bu işi yenidən araşdırmalıdırlar. Görəcəklər ki, mənim uşaqlarım orada yığılan pulların qeydiyyatını aparıb, Elnarın dediklərini icra ediblər. Ali Məhkəmə bu məsələyə ədalətli baxmalıdır”.
Arif Əsgərovun bacanağı İsmayıl Hüseynovun övladları Emin və Rahib Hüseynovlar hər biri 9 il iş alıblar. Hazırda cəzaçəkmə yerlərindədirlər.
Rahib Hüseynov Arif Əsgərov Dəmiryol İdarəsinin rəisi olduğu dövrdə orada marketinq və satış idarəsinin müdiri işləyib. O, müxtəlif adamlardan biznes qurmaq adı ilə milyonlarla pul alıb aldatmaqda suçlanır. İttihama görə, R.Hüseynov pulunu aldığı zərərçəkmişlərə “Azərbaycan Dəmir Yolları” QSC üçün xaricdən yataq dəstləri gətiriləcəyini, qazancın 20 faizinin onlara veriləcəyini vəd edib. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses keçirilərkən Rahib Hüseynov zərərçəkmişlərdən alınan pulları xalası oğlu Elnara verdiyini deyib. Əlindəki qeydiyyat kitablarını, səs yazılarını təqdim edib. Bununla belə Elnar Əsgərov məhkəmədə şahid, o isə təqsirləndirilən şəxs qismində dindirilib. Lətifə Hüseynova deyir ki, bütün bu problemlər Arif Əsgərov vəzifədən çıxarıldıqdan sonra yaranıb. Elnar Əsgərovun pullarını aldığı şəxslər onları narahat etməyə başlayıblar, pulları geri tələb ediblər. Həmin günlərdə Əsgərovlar ailəsinin təkidi ilə onun oğlu Rahib Hüseynov Türkiyəyə göndərilib, orada ailəsi ilə birgə 2 nəfərin nəzarəti altında saxlanıb. Daim Elnar Əsgərov Rahiblə telefonla danışıb. L.Hüseynova həmin günlərdə oğlunun Türkiyədə öldürülməsi təhlükəsi də olduğunu söyləyib. Lətifə Hüseynovanın sözlərinə görə gəlini uşaqları ilə birgə Arif Əsgərovun təklifi əsasında Türkiyədən Azərbaycana qaytarılıb. Həmin vaxt gəlini ona deyib ki, oğlunu tək buraxmasın.
Lətifə Hüseynova Lətifə Hüseynova deyir ki, Rahib Hüseynov xalası oğlu Elnar Əsgərovun adamlardan aldığı pullara görə elə onun göstərişi ilə faizlər ödəyib. Elnar Əsgərovun milyonlarla manat pulu Türkiyədə saxlaması haqda da xəbərlər vardı. Hətta belə iddialar da yayılmışdı ki, Elnar Əsgərov pulları Türkiyədə Mehriban adında qadında saxlayır. Adamlardan yığılan pulların Elnar Əsgərovda olmasını deyən Hüseynovlar onun Türkiyədə əlaqələrinin olmasını təsdiqləyirlər. Deyirlər ki, onun pulları Mehriban adlı qadında saxlaması haqda eşitsələr də, buna dair əllərində konkret fakt yoxdur.
Onlar qeyd edirlər ki, Arif Əsgərovun qurduğu oyunlar səbəbindən Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb, iki oğlu həbs edilib: “Əsas günahkar Elnar Əsgərov azadlıqda gəzir. Qeydlər var, Elnar Əsgərova pul verənlər 5 il faiz alıb. Bundan başqa Arif Əsgərovun Qubada sabiq müdafiə naziri Səfər Əbiyev və keçmiş nəqliyyat naziri Ziya Məmmədovla qonşuluqda villasının olduğu, Qəbələ, İsmayıllı rayonlarında da dəbdəbəli evlərinin varlığı haqda da məlumatlar var”.
Qeyd edək ki, vaxtilə normal maddi imkanı olan İsmayıl Hüseynov hazırda müflis durumdadır.
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov daha bir kadrı cəzalandırıb.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu ilin yanvar ayında Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə polkovnik Əkbər İsmayılov təyin edildikdən sonra idarə daxilində yeniləmə işlərinə başlanılıb.
Bir müddət sonra İdarənin keçmiş fəaliyyətinin araşdırılması üçün nazirlik tərəfindən xidməti yoxlama aparılıb. Nəticədə, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə İdarənin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Əliyev nazirin əmri ilə vəzifəsindən azad olunub və sərəncama götürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Tovuz RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev saxta şəxsiyyət vəsiqəsi verdiyi üçün nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Polşa Respublikasının Prezidenti Andjey Dudanın Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Polşa Prezidenti Andjey Dudanı hava limanında Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.
Ermənistanın baş naziri Nikol Paşinyanın məzuniyyətə çıxdığı haqda xəbər yayılıb. İstisna deyil ki, istirahətə o, fiziki yox, mənəvi yorğunluğa görə yollanıb. Yoxsa ki, cəmi bir ildir Ermənistanın sükanı arxasında olan, öz xalqına verdiyi cənnət vədlərinin, demək olar, heç birini həyata keçirə bilməyən inqilab rəhbərinə, 44 yaşlı enerjili baş nazirə ilin-günün bu vaxtında, xüsusən də təhlükəli rəqibin - Qarabağ klanının fəallaşdığı məqamda istirahətə çəkilmək nəyinə lazım?
Bu, daha çox toparlanmaq üçün aradan çıxmağa bənzəyir. Ola bilsin, Paşinyan bu yolla həm də ötən bir ildə onun üçün yığılıb qalan əsas suallara cavablardan qaçmağa çalışır. Bir növ “taym-aut” götürmək istəyir. Suallar isə həqiqətən ciddidir. Onlardan biri də erməni baş nazirin uğursuz xarici səfərləri ilə bağlıdır.
*****
İş ondadır ki, Paşinyanın nə Avropaya və uzaq Asiyaya (Çinə), nə də yaxın və qonşu İrana səfərləri blokada olan Ermənistana ciddi sərmayə yatırımına gətirməyib, işğalçı ölkə bu müddətdə nə Qərb, nə də Şərq investorları üçün cəlbedici məkana çevrilib. Paşinyan isə çox ümid edirdi ki, Ermənistan “məxməri inqilab” nəticəsində “demokratiya” çuxası geyən kimi ora xarici kapitalın axını başlayacaq. Yeni müəssisələr, iş yerləri açılacaq, nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi azalacaq, emiqrasiya zəifləyəcək, əhalinin həyat şəraiti yaxşılaşacaq, Ermənistan bölgənin “izqoy” (“tullantı”) ölkə statusundan, nəhayət, çıxacaq.
Bunların heç biri baş vermədi. Hətta erməni baş nazirin xaricdəki varlı erməni lobbisi ilə dil tapması da mümkün olmadı. Qərb ölkələrindəki, Rusiyadakı zəngin ermənilər belə, “demokratik” Ermənistana maraq göstərmir. Sadə səbəbə: sələfləri kimi Nikol Paşinyan da problemləri yaradan səbəblə deyil, nəticələrlə əlləşir. Səbəb isə çoxdan ortada: həlli uzanan Qarabağ konflikti və bundan dolayı davam edən müharibə vəziyyəti, İrəvanın Rusiya və Qərb arasında ikili oyunu, “iki stul” siyasəti.
*****
Bu fonda Paşinyanın uğursuz Çin səfərinin ardınca Qazaxıstan səfərinin də fiasko olması təəccüblü olmadı. İş o yerə çatdı ki, Nur-Sultanda (keçmiş Astana) Rusiya lideri Vladimir Putin Paşinyanla öncədən planlaşdırılan görüşdən nümayişkaranə şəkildə imtina elədi.
“Paşinyanın bu səfərinin çox uğursuz alınmasının bir neçə səbəbi var”. Bu sözləri politoloq Qabil Hüseynli Paşinyan-Putin görüşünün baş tutmamasına münasibət bildirərkən deyib (axar.az). Politoloqa görə, Rusiya həqiqətən də “hər yerdə yanğınsöndürən funksiyasını yerinə yetirmək istəyində olmadığını” göstərməyə başlayır.
“Putin artıq Paşinyanın qeyri-ciddi davranışlarından və onun təcrübəsizliyindən təngə gəlib. Nikol Paşinyan Nur-Sultanda olan Avrasiya İttifaqı sammiti çərçivəsində əvəlcədən razılaşdırılmış müəyyən məqamları pozmağa çalışıb. Bu məsələdə ən çox diqqəti çəkən məsələ odur ki, artıq İrəvan Moskva ilə münasibətdə özünü tələbkar aparır. Paşinyan Putinin sözləri ilə oturub durmamağa çalışır. Xüsusən də bu cür samitlərdə müstəqil dövlət başçısı olduğunu göstərmək üçün Paşinyan özünü həddindən artıq təkəbbürlü və lovğa aparır. Onun protokol qaydalarını düzgün mənisəməməyi və qaydalara əməl etməməyi dövlət başçıları ilə görüşlərdə ona qarşı ciddi tənqidlərə gətirib çıxarır. Bir sözlə, Paşinyanın davranışları onun Rusiya ilə münasibətinə ciddi təsir edir. Hesab edirəm ki, rəsmi Moskvanın bu davranışa cavabı çox sərt olub və buna görə də o, heç kimə demədən bu cür önəmli sammiti tərk edib”, - deyə o qeyd edib.
Politoloqa görə, baş verənlər Paşinyanın necə səriştəsiz, siyasətdən anlayışı olmayan biri olduğunu bir daha sübut edir.
“Onlar Paşinyana işarə edirlər ki, əgər sən sonadək bizimləsənsə, bizimlə razılaşırsansa və mövqeyin bizimlə üst-üstə düşürsə, onda özünü real, əsl müttəfiq kimi apar. Get Qərb ölkələrinin təşkilatlarına qoşul, amma çabalama”. Bunu isə AzNews.az-a politoloq Fikrət Sadıqov deyib.
Onun qənaətincə, baş verənlər Paşinyanın siyasi maraqlarına ciddi bir zərbədir. “Bununla ittifaqa üzv ölkələrin dövlət başçıları aydın şəkildə demək istədilər ki, sən bizimlə tam olmayana qədər biz səni müəyyən məsafədə saxlayacağıq. Yəni özünü yığışdır, konkret mövqe nümayiş etdir”, - deyə o əlavə edib.
*****
Mövzuya aid daha bir maraqlı məqam: bu arada bəlli olub ki, Rusiya İrana S-400 kompleksləri satmayacaq. Məlumatı “Bloomberg” agentliyi yayıb. Xəbərə görə, Rusiya bu addımı Yaxın Şərqdə daha böyük gərginliyin yaranma ehtimalının qarşısını almaq üçün atıb. Bundan az öncə V.Putin İrana ABŞ təzyiqləri ilə bağlı suala cavab olaraq, belə demişdi: “Biz yanğınsöndürən komanda deyilik ki, daim kimisə xilas edək. Xüsusən də haranı ki, orada bizdən az şey asılıdır”.
Ardinca məlum oldu ki, Moskva Tehrana S-400 verməyəcək. Bütün bunlar, şübhəsiz, İrana aydın mesajdır ki, Rusiyaya çox bel bağlamasın, Kremlin öz maraqları var. Bu, eyni zamanda vassal Ermənistana münasibətdə Rusiyanın heç də həmişə “yanğınsöndürən” rolu oynamayacağının anonsu sayıla bilər. Ən azından, İrəvan Qərblə Rusiya arasında “siçan-pişik” oyununa son qoyuncaya qədər...
“Bir gün Ermənistan Rusiya və Avropa arasında seçim etməli olacaq”. Bunu isə jurnalistlərə açıqlamasında Polşa-Ermənistan dostluq qrupunun rəhbəri, deputat Tadeuş Voznyak deyib. “Biz Ermənistanın dilemma qarşısında olduğunu anlayırıq, amma seçim qaçılmazdır. Əgər Ermənistan lazımi məsələlərlə bağlı zəmanət alsa, seçim çətin olmayacaq. Seçim imkanı hər zaman var. Məsələ onun nə dərəcədə yaxşı olmasıyla bağlıdır”, - deyə o bildirib.
*****
İstirahətə yollanan Paşinyanın ola bilsin, strateji seçim barədə, Ermənistanın düşdüyü ağır vəziyyətin səbəb-nəticə əlaqəsi barədə düşünməyə zamanı daha çox olacaq... “Yeni Müsavat”
Prezident İlham Əliyev xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.