![]() |
![]() |
Milli.Az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov deyib.
Deputat bildirib ki, Azərbaycanın indiyədək qlobal önəm daşıyan çoxsaylı beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin nüfuzunu artırmaqla yanaşı, mühüm əməkdaşlıqlara yol açır, yeni dostluqlara vəsilə olur: "Ancaq əlbəttə ki, uğurlarımız dostlarımızı sevindirdiyi kimi, ikili standartlara "söykənərək" ölkəmizə düşmən mövqe sərgiləyənləri də çox narahat edir. "Erməni havasına oynayan" anti-Azərbaycan qüvvələr UEFA Avropa Liqasının final matçının keçiriləcəyi ərəfədə yenə öz əsl üzlərini ortaya qoydular. "Amnesty İnternational" kimi qərəzli mövqe nümayiş etdirən bir qurum idmanı öz ermənipərəst siyasətinə alət edərək çirkin niyyətini bir daha göstərdi".
H.Mirələmovun sözlərinə görə, Azərbaycana qarşı aparılan bu "qara piar" kampaniyasının arxasında, təbii ki, erməni lobbisi dayanır: "Onlar heç bir fakta əsaslanmadan, arqumentləri olmadan, sadəcə, Azərbaycan əleyhinə danışmaq xətrinə "danışırlar". Ancaq belə neqativ kampaniyalar və təzyiq metodları ilə heç nə əldə etməyəcəklərini yaxşı bilirlər. Bu cür təşkilatların insan hüquqları barəsində danışmağa üzü olmamalıdır. Bu qurumlar yaxşı olar ki, Ermənistanın işğal və terroru nəticəsində zərər çəkmiş bir milyon məcburi köçkünün hüququnu da yada salsınlar".
Millət vəkili əlavə edib ki, "Amnesty İnternational" kimi qərəzli təşkilatların çirkin kampaniyasının növbəti ifşası fonunda qüdrətli Azərbaycan UEFA Avropa Liqasının final matçını da digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə həyata keçirəcək və dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək.
"UEFA Avropa Liqasının Azərbaycanda növbəti həftə keçiriləcək final oyunu "Amnesty International" təşkilatı tərəfindən müzakirə edilməsəydi, yəqin ki, təəccüb doğurardı. Çünki bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib, eyni zamanda, mötəbər tədbirlər ərəfəsində absurd fikirləri ilə gündəmə gəlməyə çalışıb. Təcrübə onu göstərir ki, beynəlxalq əhəmiyyətli yarışların ölkəmizdə keçirilməsi bir sıra dairələr tərəfindən təhlil olunur və "Amnesty International" bu qərəzli mövqelilər arasında öncüllük daşıyır. Lakin bu mənfi yanaşmalar reallığı özündə əks etdirmir".
Milli.Az xəbər veroir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib: "Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, müasir idman infrastrukturunun yaradılmasında və yarışların yüksək səviyyədə keçirilməsində göstərir. Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib".
Deputatın sözlərinə görə, Azərbaycan özünün milli dəyərlərini təqdim etməklə yanaşı, ölkəmizdə əsrlərboyu mövcud olan multikultural və tolerant dəyərləri bütün dünyaya nümayiş etdirir: "Dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşlara və qonaqlara hörmətlə yanaşılır, onların təhlükəsizliyi təmin olunur. Son illər həm yerli, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə təşkili, eyni zamanda, xalqımızın mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə qarşılıqlı əlaqəsini təbliğ edən festival və müsabiqələrin, idman yarışlarının məhz respublikamızda keçirilməsi Azərbaycan xalqının və dövlətinin multikulturalizmə ən böyük töhfəsidir. Müxtəlif qərəzli bəyanatların və ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa çalışmaq cəhdlərinin nəticəsi olmayacaq. Bu gün biz, faktiki olaraq, dünya ölkələrinin əksəriyyətində islamofobiyanın, dini dözümsüzlüyün şahidi oluruq. Lakin Azərbaycanda münasibət tam əksinədir və bu, dəfələrlə sübut olunub. Beynəlxalq idman yarışının siyasiləşdirilməsi, onun başqa məcralara yönəldilməsi yalnız anti-Azərbaycan qüvvələrin qərəzinin nümunəsidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin heç birində təhlükə yaradacaq hallar baş verməyib və ümumiyyətlə, bu cür məsələ müzakirə mövzusu ola da bilməz. Ölkəmizə həm işgüzar səfər edən, həm də istirahət məqsədilə gələn qonaqlar xoş təəssüratlarla qayıdırlar. Onlar həm qonaqpərvərlikdən, həm də təhlükəsizliyin yüksək səviyyədə təminindən razılıqlarını bildirirlər. Sözsüz ki, ölkəmizin inkişafını istəməyən və əldə etdiyi uğurlara qısqanclıqla yanaşanların, ermənipərəst dairələrin qərəzli fikirlərinin heç bir əsası yoxdur. Onlar hər vasitə ilə ölkəmizə qarşı əsassız iddialar səsləndirir və şəxsi mənafeləri naminə addımlar atırlar. Nəzərə alsaq ki, Henrix Mxitaryan son vaxtlar heç bir maraqlı və peşəkar oyun nümayiş etdirmir, onun bu cür yanaşmanı öz xeyrinə yönəltməsini açıq-aydın görmüş olarıq. Karyerası bitməkdə olan bir idmançının açıqlamasının yeganə məqsədi reytinq qazanmaq istəyi və piarının təşkilidir".
S.Fətəliyeva qeyd edib ki, bu gün Azərbaycan özünə əmin addımları ilə beynəlxalq nüfuzunu gündən-günə artırır: "Dünyada sülhün və sabitliyin bərqərar olması istiqamətində çalışan, multikultural dəyərlərin, tolerantlığın təbliği və təşviqinə üstünlük verən ölkəmizin nüfuzuna heç bir mənasız bəyanatlar, qısqanc yanaşmalar təsir edə bilməyəcək. Bu cür manipulyasiyalar həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur. Bütün dünya Bakıda növbəti həftə baş tutacaq yüksəksəviyyəli idman bayramının şahidi olacaq".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşdə deyib.
Z.Əsgərov bildirib ki, ermənilər Qafazın aborigen xalqı deyil, sonradan bu ərazilərə gəlmədirlər.
Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə Fransada Millətlər Liqasına müraciət etdi və Azərbaycanı həmin liqada tanıdılar: "Həmin dövrdə ermənilər də liqaya müraciət etdilər, ancaq onları qəbul etmədilər, dedilər ki, sizin əraziniz yox, dövlətiniz yox, sərhədiniz yox, sizi nə adla qəbul edək?".
Z.Əsgərov bildirib ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərar və qətnamələr qəbul ediblər:
"Çox təəssüf ki, bu günə qədər bu qərarlar yerinə yetirilməyib, çünki Azərbaycana qarşı münasibətdə ikili standartlar var. BMT-nin qətnamələrində göstərilir ki, Ermənistan qoşunları Azərbaycan ərazilərindən qeyd-şərtsiz, dərhal çıxarılmalıdır. Lakin 30 ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir. Məgər Ermənistan elə güclü dövlətdir ki, BMT-nin qərarlarını yerinə yetirmir? Bu onu göstərir ki, Azərbaycana qarşı ikili standartlar var. Bu gün beynəlxalq hüquq normaları işləmir. Kimin gücü var beynəlxalq hüquq onun tərəfindədir. Hələki beynəlxalq hüquq işləmir, gələcəkdə necə olacaq bilinmir".
Birinci vitse-spiker ATƏT-in Minsk qrupu haqqında da danışıb: "1992-ci ildən Minsk qrupu fəaliyyət göstərir. İndi 2019-cu ildir. Bəs niyə münaqişə həll olunmur? Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. ATƏT deyir ki, "bizim münaqişəni həll etmək üçün mexanizmimiz yoxdur". Necə olur ki, BMT-nin mexanizmi var, sizin yoxdur? 30 ilə yaxındır münaqişə həll olunmur, beynəlxalq hüquq nəzərə alınmır. Deyirlər ki, status kvo dəyişməlidir, bəs 30 il status kvo olar?"
Z.Əsgərov bildirib ki, nə qədər ki, Azərbaycan güclənir, inkişaf edir, Dağlıq Qarabağ münaqişəsinin həlli də yaxınlaşır: "Çünki haqq güclünün tərəfindədir. Ermənilərin heç bir arqumenti yoxdur, ancaq güclü havadarları var. Ermənistanda heç vaxt sakitlik olmayacaq. Çünki Ermənistanın heç bir sərvəti yoxdur, iqtisadiyyatı bərbad vəziyyətdədir. Biz status kvonun dəyişməsinin vacibliyin dəfələrlə Minsk qrupuna demişik, ancaq heç bir nəticə yoxdur. Deyirsiniz ki, münaqişəni sülh yolu ilə həll edin, necə edək? Siz niyə Ermənistana işğalçı demirsiniz? Bu qədər ikili standartlar olmaz. Azərbaycanın ərazi bütövlüyü birmənalıdır. Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycanın əzəli torpaqlarıdır".\
ABŞ vətəndaşı Robert Qiş Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyindən (XİN) Milli.Az-a verilən məlumata görə Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bildirən Robert Qiş müraciətində səfərin nəticələri barədə məlumatsız olduğunu qeyd edib. Habelə, o, işğal olunmuş ərazilərimizə gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəyini bildirib.
Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunlarına dair xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən gecə vaxtı keçirilən genişmiqyaslı təlimlərin nəticələrini təhlil edərək Müdafiə naziri qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib. Nazir təlimlərin əhəmiyyətini qeyd edərək, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.
General-polkovnik Z.Həsənov regiondakı mövcud hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanda baş verən daxili siyasi qarşıdurmanın qoşunların təmas xəttindəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyini də xüsusi qeyd edib. Müdafiə naziri qoşunlara sərəncamda olan silahlardan istifadə etməklə düşmənin irimiqyaslı təxribatlarının qarşısını dərhal almağı tapşırıb.
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, ölkənizin və xalqınızın rifahı üçün ürəkdən gələn arzularımı qəbul etməyinizi xahiş edirəm.
Bu xoş fürsətdən istifadə edərək, Bolqarıstan Respublikasının Azərbaycan Respublikası ilə strateji əməkdaşlıq əlaqələrinin davamlı olmasına marağını bir daha təsdiq etmək istərdim.
Əminəm ki, dövlətlərimiz arasındakı əməkdaşlığın inkişafı yüksələn xətlə davam edəcəkdir. Çünki bu münasibətlər sabit zəminə - xalqlarımız arasındakı dostluq əlaqələrinə əsaslanır.
Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".