“Biz Milli Məclisdə qazın limitinin aradan qaldırılmasıə ilə bağlı məsələ qaldırmışdıq. Prezidentin tapşırığından sonra limit müəyyən qədər artırıldı. Bu, müsbət addımdır. Hesab edirəm ki, elektrik enerjisinə tətbiq edilən limit də aradan qalxmalıdır”. “Ölkə.Az”ın xəbərinə görə, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O, əlavə edib ki, elektrik enerjisi istehlak edən əhali qrupunun vəziyyəti yaxşı deyil: “Yay mövsümü kondisionerin, qış mövsümündə isə soyuq hava elektrik enerjisindən daha çox istifadə etməyi qaçılmaz edir. Hesab edirəm ki, elektrik enerjisi ilə bağlı limit aradan qaıldırılmalıdır”.
Fazil Mustafa kitab üzərində əlavə dəyər vergisinin (ƏDV) götürülməsini təklif edib: “Biz kitab oxuyan cəmiyyət yaratmaq istəyiriksə ƏDV-ni götürməliyik. Gürcüstan və Türkiyədə bu götürülüb.
Həmçinin dövlət büdcəsindən illik rus dili təhsilinə 100 milyon manat ayrılır. Biz bunu özəl sektorun ixtiyarına buraxmalıyıq. Niyə dövlət hesabına xarici dilin öyrənilməsinə bu qədər maliyyə xərcləməliyik. Mən rus dilinin öyrənilməsinə qarşı deyiləm, amma bu sahəni özəl sektor inkişaf etdirməlidir”.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Bakıda keçirilən “Arsenal”-"Çelsi" oyunundan özünün İnstaqram səhifəsində video paylaşıb. Videodan belə anlaşılır ki, sabiq nazir oğlu Bakıdadır. Buna qədər Anar Məmmədovun ölkəyə qayıdışının mümkün olmayacağı haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Anar Məmmədovun Bakıdakı fəaliyyəti arzuolunmazdır, onun ölkəyə gəlməsi də bu baxımdan baş tutmaya bilər. Belə görünür ki, ötən illər ərzində Məmmədovlara qarşı münasibət dəyişib. 15 gün əvvəl Anar Məmmədovun əmisi Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. Hansı ki, 3 çağırış deputat olub, Bakı Beynəlxalq Avtovağzalı da onun şirkətinin nəzarətində idi. Ziya Məmmədov vəzifəsindən çıxarılandan sonra kompleks Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Elton Məmmədov son seçkilərdə deputat ola bilməmişdi.
Bakı Beynəlxalq Avtovağzalı “2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi ilə tikilib. Obyekt o zaman nazir olan Ziya Məmmədovun ailə biznes imperiyasını özündə birləşdirən “ZQAN” Holding tərəfindən inşa edilmişdi. Baş podratçı isə “Bakı XXI Əsr” MMC adlı şirkət idi. “Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. “Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib. Həmin şirkətin isə təsisçisi o vaxt deputat olan Elton Məmmədov idi. E.Məmmədov özü mətbuata bu şirkətin təsisçisi olduğunu təsdiqləmişdi. Avtovağzal kompleksinin 80-100 milyon dollara başa gəldiyi bildirilir. Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxil idi...
Məmmədovların yenidən fəallaşması, Elton Məmmədovun vəzifəyə təyinat alması, Anar Məmmədovun ölkəyə qayıtması onlara münasibətdə maraqlı gəlişmələrin olduğunu göstərir.
Anar Məmmədov atası Ziya Məmmədov vəzifəsini itirməzdən çox əvvəl ölkədən getmişdi. Onun Böyük Britaniyanın paytaxtı Londonda məskunlaşdığı haqda xəbərlər vardı. Həmin dövrdə Məmmədovların “ZQAN” adı ilə qurduqları, sonradan “Garant”a çevrilmiş holdinqlərinə daxil olan şirkətlər nəzarətlərindən çıxarılırdı. Hətta 2018-ci ildə Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs də qoyulmuşdu. Məlum olmuşdu ki, Anar Məmmədov və şirkətlərinin “Paşa Bank”a kredit borcu var. O dövrdə məhkəmədə cavabdeh qismində “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Ziya oğlu Məmmədovun adları keçirdi.
Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlakın - Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə, eyni zamanda əmlak kompleksi, Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5 ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoymuşdu. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedirdi.
Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləği idi. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsini də tələb etmişdi. Apelyasiya şikayəti verən “Garant İnşaat Sənaye” MMC banka olan borcu müqabilində 2 milyon 300 min manatdan yuxarı dəyərdə əmlak təminatı verdiyini göstərmişdi. Şikayətdə vurğulanmışdı ki, Abşeron Rayon Məhkəməsinin qərarında bu hal nəzərə alınmayıb və “qeyri-mütənasib olaraq, tərəflərin mülkiyyət hüquqlarının həyata keçirilməsi kobud şəkildə pozulub”. Ancaq daha sonra Anar Məmmədov şikayətini geri götürmüşdü.
Üzərinə həbs qoyulmuş Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə tikinti sektorunda da fəaliyyət göstərən “ZQAN Konstrakşn” MMC, Məmməd Araz küçəsi, ev 25V ünvanında isə keçmiş “Bank of Azerbaijan” ASC-nin 18 saylı filialı yerləşirdi. Anar Məmmədovun 7 ilə qədər ardıcıl inşaat işləri aparılan Bakıdakı 33 mərtəbəli hotelinin qapılarının bu günə qədər qapalı qalması da onun ölkəyə qayıtmayacağı iddialarını gücləndirmişdi. Belə söhbətlər yayılmışdı ki, Məmmədovlar Bakıdakı “Yelkən-hotel”i (əvvəlki adı “Trump Tower Baku”) Türkiyədən olan bir iş adamına satıb. Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən “Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb.
Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və 2008-ci ildə başlayan tikintini də onun şirkəti həyata keçirib. Hotelin hələ 2015-ci ildə Avropa Oyunları ərəfəsində istifadəyə veriləcəyi məlum idi, bu barədə rəsmi mənbələr hələ bir il əvvəl məlumat yaymışdı. Gözlənilirdi ki, Bakıya xüsusi bir yaraşıq verən bu hotel Avropa Oyunlarınadək istifadəyə veriləcək. Avropa Oyunları o zaman hələ “Trump Towers” adlanan brendin həm tanınması, həm də təbii ki, qazanc əldə etməsi üçün yaxşı şans yaradırdı. Amma hotelin açılışı olmadı. 4 ildir ki, hotel fəaliyyətsizdir. Hətta 2018-ci ildə hotelin fasadında meydana gələn yanğından sonra belə xəbərlər də vardı ki, tikili ümumiyyətlə sökülə bilər. Fasadında xüsusi qurğuların quraşdırılması hotelin sökülə biləcəyi ehtimalını artırırdı. Bu gün də açılışı olmayan binanın təmirə hazırlandığı və ya söküləcəyi haqda heç nə məlum deyil.
Bundan başqa, Məmmədovlara məxsus Qubadakı beşulduzlu “Quba Rixos” hoteli də rebrendinq edilib. Hotel 2018-ci ilin aprelindən “Quba Palace” adı ilə fəaliyyətə başlayb. Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik keçmiş “Rixos” hotel kompleksi 2013-cü ildə istifadəyə verilib.
“Yeni Müsavat”ın əməkdaşı Anar Məmmədovun ölkəyə qayıtması, holdinqinə daxil olan, sonradan digər şirkətlərin nəzarətinə keçən şirkətlərlə bağlı məhkəmələrə üz tutması, “Yelkən hotel”in açılışı və s. məsələlərlə bağlı onun vəkili Nihat Axundovla əlaqə saxlayıb. Vəkil müvəkkilinin Azərbaycanda olduğunu deyib, bildirib ki, digər məsələlərlə bağlı müvəkkilinin mövqeyini açıqlayacaq. Vəkilin təqdim edəcəyi açıqlamanı da təqdim edəcəyik. “Yeni Müsavat”
Xarici ölkə vətəndaşlarına saxta şəxsiyyət vəsiqəsi verməklə qanun pozuntusuna yol verildiyi üçün xidmətdən xaric olunan polis polkovnik-leytenantı Kamil Quliyev məsələ ilə bağlı açıqlama verib.
Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun sabiq baş inspektoru K.Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu cinayətdə əli olmayıb: “Mən 1993-cü ildən daxili işlər orqanlarında xidmət edirəm. Bu müddət ərzində ancaq qanunun aliliyini əsas tutaraq işləmişəm. Heç vaxt qanunsuzluğa yol verməmişəm. Hətta 1993-cü il aprelin 16-da torpaqlarımız uğrunda erməni işğalçıları ilə mübarizə apararkən güllə yarası almışam. İki ali təhsilim var, həmişə xalqıma, elimə, obama, dövlətimə, prezidentimə, cənab nazirə sədaqətlə xidmət etmişəm. 2014-cü ildə bu sahəyə təzə gələn vaxtımda bir qədər təcrübəsizliyim olub, əməkdaşlar məni aldadıblar, sui-istifadə edərək belə hallara yol veriblər. Mən heç vaxt saxta sənəd verməmişəm, həmin adamların da üzünü görməmişəm. Bu işdə heç bir marağım da olmayıb. Həmin işi görən əməkdaşı özüm aşkar edib işdən çıxartmışam. Vicdanımla deyirəm ki, bu işdə mənim əlim yoxdur”.
Qeyd edək ki, K.Quliyev xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident Andjey Duda fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Polşa Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Polşanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andjey Dudaya, Polşa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın qarşısından keçib.
Xəbər verdiyimiz kimi, Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan final qarşılaşmasını prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə izləyib.
“İlham Əliyev” facebook səhifəsində dövlət başçısının azarkeşlərlə çəkilən maraqlı videosu yer alıb. Belə ki, prezident futbolsevərlərin əyləşdiyi tribunaya yaxınlaşıb, onlarla foto çəkdirib. Bundan sonra London derbisini izləməyə gələn azarkeşlər “Azərbaycan” sədalarını səsləndiriblər.
Bundan əlavə, videoda Prezident İlham Əliyevin azyaşlı uşaq ilə görüşməsi əks olunub.
Xatırladaq ki, oxşar video dünən yayılmışdı və ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı.<iframe src='https://bax.tv/player/64478.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
AXCP sədri Əli Kərimlinin başı dərddədir. Partiyasında onu tərk edənlərin sayı getdikcə artmaqdadır. Son bir ayda 100-ə yaxın AXCP fəalının qurumdakı idarəçiliyə, fəaliyyətdəki uğursuzluqlara etiraz əlaməti olaraq partiyanı tərk etdiyi yönündə xəbərlər yayılıb.
Proseslərə don geyindirmək üçün isə Kərimli maraqlı taktikaya əl atıb; AXCP-yə yeni üzvlərin qəbul olunduğu barədə xəbərlər tirajlayır. AXCP funksionerlərinin əksəriyyətinin son bir həftədə paylaşdıqları statusların əhəmiyyətli hissəsi təşkilata təzə üzvlərin gəldiyinə dairdir.
AXCP sədri, onun müavinləri və fəal partiya üzvləri zaman-zaman verdikləri açıqlamalarda təşkilatın üzvlərinin sayını şişirdiblər. Qurumdan qopmalar baş qaldıran kimi bu cür xəbərlər dövriyyəyə buraxılır.
AXCP-də bu cür halların son illərdə tez-tez baş verməsinin səbəbi isə nəticəsiz mübarizə, uğursuzluq, AXCP sədrinin insanlar üzərindən siyasi bazarlığa getməsi, özü lüks həyat yaşadığı halda, tərəfdarlarının taleyinə biganə yanaşmasıdır. Partiyasından qopmaların davam edəcəyini görən Kərimlinin yeni üzvlərin qəbulu barədə dezinformasiyaları özünə yaxın mətbuat orqanları və sosial şəbəkələr vasitəsilə cəmiyyətə yeritməyə cəhd etdiyi bildirilir.
Digər bir məlumat isə ondan ibarətdir ki, partiya daxilində Əli Kərimliyə qarşı “üsyançılar” formalaşıb. Bir qisim partiyadan getməyə deyil, yarıtmaz idarəçiliyə qarşı çıxıb, açıq etirazlar etməyə hazırlaşır. Bu qüvvələr AXCP liderinin uğur qazanacağına olan inamlarının itdiyini açıq şəkildə bəyan ediblər.
Hətta partiyanın son iclaslarından birində AXCP liderinin indiyə qədər üzləşmədiyi təpkini partiya daxilindən aldığı barədə xəbərlər yayılıb. Gizli məkanların birində keçirilən həmin iclasda Kərimlinin üzvlər qarşısında şərt qoyduğu, onları sərt mövqe sərgilməyə və həbsdən belə qorxmamağa, rəqiblərə söyüş-təhqirlə də cavab verməyə çağırdığı qeyd olunur. Həbslərin onların xeyrinə olduğunu deyən AXCP rəhbərinə sərt etirazın bundan sonra baş qaldırdığı deyilir. Etirazçıların həbslərin onların deyil, sədrlərinin xeyrinə olduğunu dilə gətirdikləri və Kərimlinin bundan əsəbləşərək həmin şəxsləri partiyadan qovmaqla hədələdiyi bildirilir. Ömürlərini AXCP yolunda qoyan şəxslərin üzərindən bir saniyədə Kərimlinin xətt çəkməsi yaranan problemləri daha da dərinləşdirib. Partiyada baş verən qopmaların bu iclasdan qaynaqlandığı ehtimal edilir. Mövcud vəziyyətdən qurtulmaq üçün AXCP sədrinin baş sındırdığı, önləyici tədbirlər gördüyü qeyd edilir.
Təşkilat daxilindən sızan məlumata görə, faktiki olaraq AXCP lideri partiyasından daha çox siyasi məhbusun olmasında maraqlı olduğunu gizlətməyib. Bununla o, həm xaricdən “siyasi məhbusların müdafiəsi” adı altında pullar alır, həm də daxildə “ana müxalifət”, iqtidara qarşı ən dirənişli təşkilat olduğu görüntüsünü yaratmağa çalışır.
AXCP sədrinin siyasətdə olduğu dönəmlərdə hər zaman istifadə etdiyi ənənəvi üsula əl atacağı da dolaşan söz-söhbətlər sırasındadır. Onun partiyanı tərk edənlərə “satqın” damğası vuracağı şübhə edilmir. Onun partiya daxilində baş verənlərin son dərəcə gizlədilməsi üçün xüsusi tapşırıq verdiyi vurğulanır. Amma necə deyərlər, “cidanı çuvalda gizlətmək olmaz”.
Kərimlinin “b” planına görə, partiyadakı istefalar və narazılıqlar ictimailəşsə, Kərimliyə yaxın mətbu orqanlarda, eləcə də sosial şəbəkələrdə “AXCP-yə çoxsaylı insanlar üzv olur” tipində təbliğat əsas prioritetə çevriləcək. Faktları isə gizlətmək mümkün deyil...
Prezident İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Xəbər verdiyimiz kimi, dünən Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan final oyununa Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.
"Qafqazinfo" prezidentlə xanımının stadiondan fotolarını təqdim edir:
ABŞ Türkiyənin “F-35” döyüş təyyarələrini satın alma proqramında iştirakını ləğv edə və Rusiyadan “S-400” raket sistemlərini aldığına görə CAATSA qanunu çərçivəsində Ankaraya qarşı sərt sanksiyalar tətbiq edə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus bildirib.
“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Türkiyə “S-400”ün alışını tamamladığı halda çox ciddi tədbirlərlə qarşılacaq”, - deyə o, birifinqdə bəyan edib.
Qeyd edək ki, CAATSA qanunu 2017-ci ildə qəbul edilib. Rusiya, İran, Şimali Koreya və bu ölkələrlə hərbi-texniki əməkdaşlıq edən IV tərəfə qarşı sanksiya tətbiqini nəzərdə tutur.