Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasov bu gecə 03.35-də Bakıda olacaq. Bu barədə jurnalistin müdafiəsi ilə məşğul olan gənc fəallar Musavat.com-a məlumat verib. Jurnalistin bileti artıq alınıb və səhər saatlarında təyyarəsi Bakıya enəcək.
Jurnalistin vəkili Elman Paşayev bildirib ki, artıq F.Abbasovun etapı sifariş edilib. Gecə saatlarında Şeremetova aeroportundan uçuş başlanacaq. Jurnalist 00.10 radələrində baş tutacaq uçuşla Bakıya yola salınacaq və 03.35-də Bakıda olması gözlənilir. Vəkil xatırlatdı ki, Rusiyadan deport qərarı həftənin çərşənbə axşamı və cümə günləri həyata keçirilir.
Musavat.com xatırladır ki, jurnalistin ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Jurnalist mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F. Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Knyaz Həsənov işdən azad olunaraq Şabran rayon Polis şöbəsinin əməliyyat üzrə rəis müavini təyin edilib.
APA xəbər verir ki, nazirin digər əmrinə əsasən, polis mayoru Nəvayi Qasımov Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavin təyin edilib.
Əbülfəz Elçibəy iqtidarında baş nazir postu tutan Pənah Hüseyn 26 may 1993-cü il tarixində keçirilən Dövlət Müdafiə Komitəsinin məxfi iclasının protokolunu yayıb.
Modern.az həmin sənədi oxuculara təqdim edir:
Dövlət Müdafiə Komitəsinin İclasının Protokolu
Gündəlik məsələlər
1. Qərarların icra vəziyyəti
2. Fövqaladə vəziyyət haqqında
3. 28 may İstiqlal günü haqqında
4. Mövcud hərbi vəziyyət haqqında
I məsələ:
Ə.Elçibəy: Dünəndən etibarən nəhayət 2 əsrə yaxın zaman ərzində ölkəmizi işğal edərək burada yerləşmiş Rus ordusu Azərbaycanı tamamilə tərk etdi. Bu böyük tarixi hadisə münasibətilə hamınızı təbrik edirəm. Böyük dövlətlər- ABŞ, İngiltərə və s. bu hadisəni müsbət qiymətləndirir, həm də bu prosesi gərginlik yaratmadan operativ şəkildə həll etməyimizdən təəccüblənirlər. Postsovet məkanında bu prosesi ilk olaraq həyata keçirən dövlət bizik. Hətta Almaniya kimi güclü dövlətin də ərazisində rus ordusunun kontingenti qalmaqdadır. Artıq Azərbaycan ərazisində başqa dövlətin ordusunun olmadığı müstəqil dövlətdir.
İ.Qəmbər: Rus ordusunun komandanlığı vida məktubu hazırlayıb- Ali Sovetə və Müdafiə Nazirliyinə. Öz növbəmizdə biz də onlara təşəkkür məktubu göndərək.
D.Rzayev: Rus qoşunları Azərbaycandan mədəni şəkildə getdilər. Amma onları yeni dislokasiya yeri kimi qayıtdıqları Ulyanaovsk vilayətində qəbul etmək istəmirlər.
Yaşar Paşa: Rus əsgərləri yalnız Qəbələ RLS-də qalırlar. Ona görə də Qəbələ RLS-lə bağlı sənədlər öyrənilməli, Rusiya ilə yeni anlaşma imzalanmalıdır.
Ə.Elçibəy: RLS-lə bağlı sənədlər öyrənilir, danışıqlar aparılır. Müzakirələr yekunlaşandan sonra imzalanacaq.
İ.Qəmbər: Rusiya RLS-dən istifadəyə görə icarə haqqı ödəməlidir. Çünki hərbi obyekt milliləşdirildiyi gündən Azərbaycanın mülkiyyəti sayılır.
Ə.Kərimov: Bununla bağlı Rusiyadakı səfirimiz Hikmət Hacızadə danışıqlar aparır. Danışıqlarda müzakirə olunan sonuncu variant Rusiyanın Almaniya ilə imzaladığı müqaviləyə uyğundur.
İ.Qəmbər: Gündəlikdə digər məsələlər var. Ona görə Qəbələ RLS-lə bağlı müzakirəni sonrakı iclaslarda davam etdirərik.
Osman Paşa: Məlumat olaraq nəzərinizə çatdırım ki, aparılan danışıqların nəticəsi olaraq Azərbaycan ordusunun qurulmasına yardım etmək və NATO standartları səviyyəsində əsgər hazırlamaq üçün Türkiyədən istənən hərbi təlimatçılar da gəldilər.
Nurəddin Sadıqov: Müdafiə Nazirliyi olaraq xahişimiz budur ki, ehtiyatda olan 150-200 nəfər zabit toplansın və Türkiyəli təlimatçılar onları da təlimləndirsin. Çünki zabitlərin də NATO və Türkiyə ordu sistemini öyrənməsi vacibdir. Belə olarsa, həm də ordunun müasir səviyyədə qurulması prosesi sürətlənər.
Y.Paşa: Doğru fikirdir. Ordunun yeni sistemi mənimsəmiş zabitlərə ciddi ehtiyacı var.
Ə.Elçibəy: Türkiyədən nə qədər hərbi təlimatçı gəlib?
N.Sadıqov: İyunun 8-dək .... nəfər təlimatçı gələcək.
Y.Paşa: Müdafiə Nazirliyi ilə qarşılıqlı olaraq strukturlar hazırlanıb, onu təstiq etmək lazımdır.
Vahid Əhmədov: Struktur məsələsində maliyyə vəsaitindən istifadə məsələsi olduğundan bunu ətraflı öyrənib sonra təstiq etmək lazımdır.
Y.Paşa: Sənəd Dövlət Müdafiə Komitəsinin üzvlərinə çatdırılacaq.
D.Rzayev: Orduya yaz çağırışı əvvəlki çağırışlardan fərqli olaraq vaxtında, normal və qaydasında keçirilib.
Ə.Kərimov: Yaz Çağırış planı 101% yerinə yetirilib.
Y.Paşa: Ara müddətdə Türkiyədən ..... general və ... albay gəldi. Çağırışın təşkili ilə bağlı rayonlarda, hərbi komissarlıqlarda oldular və seminarlar keçirib, məsləhətlərini verdilər.
Ölkə üzrə 1973-74-cü il təvəllüdlərin sayı 40-45 mindir. 4 çağırışda hər rayon hərbi komissarlığına 150 nəfər düşür. Çağırış sistemini təkmilləşdirmək lazımdır. Bu çətin iş deyil, hazırda qaydasında gedir.
Ə.Kərimov: 13 rayonda çağırış planı yerinə yetirilməyib. Həmin rayonların rəhbərliyi haqqında tədbirlər görülməlidir.
Abdulla Allahverdiyev: .... çağırışdan boyun qaçıranların sayı çoxdur. Bununla bağlı Baş prokurorla razılaşmışıq ki, qanuna uyğun şəkildə materiallar toplanaraq istintaq aparılsın və çağırışdan yayınanlar cinayət məsuliyyətinə cəlb olunsunlar. Çağırışçı gənclərin bir qrupu Dağıstana keçib orada xidmət edirlər. .... hazırda şəxsi heyəti 90 nəfərdən ibarət olan 1 batalyon var. Onu tam komplektləşdirib hazır vəziyyətdə saxlamaq lazımdır.
Qazıməmməddə Daxili Qoşunların yaşayış yeri ilə bağlı problemler var, o da yaxın zamanda həll olunacaq. Daxili Qoşunlarda şəxsi heyətin sayı nəzərdə tutulduğu kimi 12 min yox, cəmi .... mindir. Burada da komplektləşmə getməlidir.
Y.Paşa: Yaz çağırışından 817 nəfər Daxili Qoşunlara verilib. Bu təxminən iki batalyon edir.
O.Paşa: Çağırış qısa müddətdə yerinə yetirilib. Hərbi komissarlar həm özlərinə, həm də bu işin sürətli təşkilinin mümkünlüyünə inanıb və gələn çağırışı 15 günə həyata keçirməyə hazır olduqlarını bildirirlər. Amma onlara rayon icra hakimiyyətləri, polis və prokurorlar kömək etməlidir.
Ə.Kərimov: Daxili və Sərhəd Qoşunlarının şəxsi heyətin komplektləşməsinə tələbatı var. 13 rayonda 1000 nəfər çağırışdan kənarda qalıb, …. nəfər fərari var. Həmin fərarilərdən ….. nəfəri Fəhmin Hacıyev tərəfindən tutulub. Qeyd edilən rayonlarda səy göstərilsə Daxili Qoşunların və Sərhəd Qoşunlarının tələbatı tam ödənə bilər.
II məsələ
A.Allahverdiyev: Fövqaladə Vəziyyətin vaxtı iyunun 2-də qurtarır. Gəncədə və s. yerlərdə FV rejiminin tətbiq olunması müsbət qarşılanır. Gəncədəki diviziya, Seyfəlidə və Hacıkənddəki hərbi hissələr camaatda narazılıq yaradır. Həmin hərbi hissələrin Surət Hüseynovla əlaqəsi var.
D.Rzayev: Surətin Murovda heç nəyi yoxdur. Orada 701-ci briqada və 1 batalyon var,….. nəfərdir. Onları da 45-ci hərbi hissəyə göndərmişik. Surətin Seyfəlidə 1 batalyonu var (komandiri podpolkovnik Eldar Əliyev).
A.Allahverdiyev: FV rejimi saxlanilsa Gəncədə və Mingəçevirdə işlər qaydasında olar.
D.Rzayev: Lənkəranda da Əlikram Hümbətov öz işilə - vəziyyəti qarışdırmaqla məşğuldur.
İ.Qəmbər: Sabah MM-də FV müzakirə olunacaq. Ona görə də bu gün və ya sabah FV haqqında fərman verilməlidir.
Ə.Elçibəy: Avropa Şurasında da bu məsələyə müsbət baxırlar. Onlar da qeyd edirlər ki,əgər yeni yaranan dövlətlərdə FV rejiminin tətbiqi vətəndaş sülhünə kömək edirsə, bu variant istisna olunmamalıdır. FV-n nə qədər uzadılmasını təklif edirsiniz?
Qərar: FV iki ay uzadılsın.
III məsələ
Ə.Kərimov: Mayın 28-də bəzi rayonlarda tədbirlər keçiriləcək. Bir neçə yerdə M.Ə.Rəsulzadənin abidələri açılacaq. Bakıda isə H.Cavidin heykəlinin açılışı olacaq. Həmin gün 3 yerdə abidənin açılışı olacaq. Cavidin heykəlinin açılışı və saraydakı tədbirdə Sizin (prezidentin) iştirakınız nəzərdə tutulur.
D.Rzayev: Cənab prezident hərbi məktəblərdəki tədbirlərdə iştirakınız yaxşı olar.
Ə.Elçibəy: Etiraz etmirəm.
Ə.Kərimov: Həmin axşam ziyafət təşkil olunsun və xarici nümayəndəliklər də dəvət edilsin.
Tofiq Qasımov: Dövlət bayramı olduğundan şəraitdən asılı olmayaraq keçirilməlidir, rəsmi şəxslər və xarici nümayəndəliklər də iştirak etməlidir.
IV məsələ Hərbi vəziyyət
Ə.Elçibəy: Hərbi rabitə sistemində çalışanları ciddi nəzarətdə saxlamaq lazımdır. Çünki onlar bəzi hallarda açıq danışırlar və ermənilər bundan istifadə edir. Kəşfiyyatın xarici mənbələrdən əldə etdiyi məlumata görə ermənilərin Ağdərə istiqamətində hücumu gözlənilir. Onlar Umudlu kəndindən Talış kəndinə yol çəkirlər. Buna nəzarət edilirmi? Orduda nizam-intizam məsələsinə ciddi fikir verilməlidir.
Fəxrəddin Təhməzov: İki aya yaxındır Füzulidə yerləşdirilmiş Sərhəd Qoşunlarını artıq əvəz etmək lazımdır. Baxmayaraq ki, onların narazılığı yoxdur. Amma indi həmin istiqamətdə sakitlik olduğundan onlar dislokasiya yerinə dönüb öz funksiyalarını həyata keçirməlidir.
D.Rzayev: İyunun 15-də ehtiyat batalyonları hazır olacaq və o zaman Sərhəd Qoşunları əvəz ediləcək. Cəbhənin Gədəbəy istiqamətində vəziyyət sabitdir. Hələlik bir şey gözlənilmir. Zonada ciddi hərəkətlilik yoxdur. Murov-Agdərə istiqamətlərində ermənilər Agdərə və Şaumyankəndi ələ keçirmək istəyirlər. Bu barədə sonra ətraflı danışarıq. Ağdam-Füzuli-Cəbrayıl istiqamətində Ağdama hücum gözləyirik və buna hazırıq. O istiqamətdə kəşfiyyatımız işləyir. Qalan istiqamətlərdə düşmən hücumunun elmi-hərbi əsası yoxdur. Qubadlı-Zəngilan hərbi hissələrinin zabitlərini yığmışdıq. Onların yaxşı təklifləri var. Əsas narahatlıq Ağdərə zonası ilə bağlıdır. Hərbi kollegiyada qərara gəldik ki, 3-cü korpus yaradılsın. Bu korpus özündə Ağdam-Ağdərə-Murov hərbi hissələrini birləşdirəcək. Birinci korpusa komandir polkovnik İsa Sadıxov, üçüncü korpusa isə polkovnik A.Salahov təyin olunub.
İ.Qəmbər: Ağdərə istiqamətində müdafiə üçün hansı tədbirlər görülür?
D.Rzayev: Goranboyda 2 batalyon yaradılır. Komandirləri Rasim Əkbərov və Valeh Əliyevdir.
İ.Qəmbər: Rasim Əkbərovla Goranboyun icra başçısı Maşallah Abdullayev konfliktdədirlər. Belə təyinat olmaz.
Ə.Kərimov: Rayonda Rasimdən ciddi narazılıq var və Maşallahla aralarında düşmənçilik davam edir.
İ.Şirinov: Rasim …, onu batalyon komandiri təyin etmək yaramaz.
A.Allahverdiyev: İşi elə aparmaq lazımdır ki, komandirlərlə rayon İHB-ları arasında narazılıq olmasın.
Ə.Elçibəy: Rayon İHB-ları yaxşı işləyəndə belə məsələlərə yer qalmır.
Ə.Kərimov: Hansı rayonda İHB-ları ilə komandirlərin münasibətləri normal deyilsə, münaqişə varsa, orada iş getmir.
İ.Qəmbər: Ağdərə-Goranboy istiqamətində vəziyyət ciddi olduğundan orada konfliktə yol vermək olmaz.
Ə.Elçibəy: Fəxrəddin bəy, Kəlbəcərdən Qubadlıya gələn 19 nəfər barədə nə deyə bilərsiniz?
F.Təhməzov: Onlar gecələr yol gəlib, gündüzlər gizlənərək dincəliblər.
İ.Qəmbər: Nə üçün onlar bir ay təcrid olunmur?
F.Təhməzov: Onlar filtrasiyadan keçiriləcək.
D.Rzayev: Onlardan birini Beyləqanın kombriqi gətirib.
İ.Qəmbər: Fəxrəddin bəy, yer hazırlayın, onlar və ümumiyyətlə əsirlər filtrasiyadan keçirilsin.
Füzuli istiqamətində hansı təhlükə var?
D.Rzayev: Orada bəzi batalyonlarda komplektləşmə gedir. Səngərlər qazılır, ehtiyat batalyonu yaradılır.
İ.Qəmbər: Aparılan danışıqların hazırkı vəziyyəti nə yerdədir? Ermənilər təkliflərə müsbət cavab verirmi?
Ə.Elçibəy: Hazırkı vəziyyət onu göstərir ki, Levon-Ter Petrosyan müsbət cavab verəcək. Amma Qarabagdakı ermənilər təkliflərə etiraz edəcək.
İ.Qəmbər: Gözləmə mövqeyi nə dərəcədə sərfəlidir? Müəyyən işlər görülə bilər, amma bunu etmirik.
T.Qasımov: Əgər ermənilər verilən təkliflərə etiraz etsə, onda bizə siyasi cəhətdən xeyri var. Qoy Rusiyanın BMT TŞ-da sədrliyinin vaxtı qurtarsın, yenidən BMT Təhlükəsizlik Şurasına müraciət edərik. Fürsətdən istifadə edib hazırlaşmaq lazımdır. İndi təşəbbüs göstərmək hələlik xeyrimizə deyil.
İ.Qəmbər: Qarabağda ermənilərin də böyük qüvvələri yoxdur və öz aralarında problemləri də var. Yəni belə vəziyyətdə bəzi kiçik işləri görmək olar.
Ə.Elçibəy: 4 günlük atəşkəs haqqında son razılıq ümumiyyətlə siyasi cəhətdən xeyirlidir və müsbət qiymətləndirilir. Bunu ABŞ səfiri də qeyd etdi.
D.Rzayev: İsa bəy, müəyyən tədbirlər həyata keçirilir. Müdafiədə olan batalyonlarla iş görmək mümkün deyil. Onların ehtiyatları tükənir. Tutduğumuz mövqeləri saxlamağa tam arxayın olsam, digər məsələləri həll edərik.
Ə.Elçibəy: Hərbi Hava Qüvvələrində vəziyyət necədir?
D.Rzayev: 10 ekipaj hazırdır.
Ə.E: Bombardmançı nə qədərdir?
D.R: 6 ədəd təyyarə, 4 vertolyot da hazırdır.
Ə.E: Ukraynadan alınan təyyarə və vertolyotlarla bağlı vəziyyət necədir?
D.R: 2 SU-27 təyyarə, vertolyotlar gətirilib və proses davam edir. Füzulidə Məngələnatanda 2 top, 2 tank yerləşdirilib, təhlükə sovuşub.
İ.Qəmbər: Kəlbəcərə qrup göndərmək olmazmı?
D.R: 4 qrup Yanşaq kəndinə qədər gedib, qayıdıb. Orada 1 BMP və 10-15 əsgər görüblər.
Y.Paşa: Bu anda Azərbaycanın bəzi hərbi əməliyyatlar aparmağa taqəti yoxdur. Belə müdafiədən qorxuram və arxayınçılığa son qoyulmalıdır. Daim hazır vəziyyətdə olmalıyıq.
İ.Q: Elə etmək lazımdır ki, ermənilər narahat olsun. Nəhayət partizan qərargahı yaradılacaqmı?
Y.Paşa: Düşündüyümüz işləri həyata keçirə bilsək, avqustun sonunda hər şeydən danışmaq olar. Hazırda orduda arxayınçılıq və intizamsızlıq var. Bunu aradan qaldırmaq lazımdır.
İ.Q: Füzulidə kəşfiyyat aparılıb və müəyyənləşib ki, orada ermənilərin ciddi qüvvəsi yoxdur.
D.R: Ordunu yaratmağa çox ciddi fikir vermliyik. Çünki ordu olarsa Qarabağ məsələsi də həll olacaq. Yeni korpus yaradılır və onun 50%-i komplektləşdirilib. Belə çətin şəraitdə hücum edib məsələni həll etmək çətindir.
Rusiyanın 15, 164, 167-ci diviziyaları ermənilərin tərəfində vuruşur. Komandirlər rus, əsgərlər ermənilər, texnikaları isə təzədir. Bizim heç 20 tankımız yoxdur ki, ehtiyat batalyon yaradılsın. Heç olmasa 50 ədəd təzə tank alınmalıdır.
Ə.E: Nə qədər tankımız var?
N.Sadıqov: 225 ədəd tankımız var, onun 140 ədədi nasaz vəziyyətdədir.
Ə.E: Ermənilər bizdən götürdükləri tankları təmir edirlər. Bizdə də təmir işləri yüksək səviyyədə qurulmalıdır.
İ.Q: Təmir prosesi necə gedir?
D.R: Rusiyadan, Gürcüstandan ehtiyat hissələri almaq olar. 11 mühərrik alınıb. Qazax, Tovuzda təmir batalyonları var, Goranboyda da yaratmaq istəyirik.
İ.Q: Nə üçün ehtiyat hissələri Gürcüstandan almırıq?
Vahid Əhmədov: 3 yerdə-Bakı, Qazax, Gəncə, Ağdamda təmir olunur. Yaxın müddətdə ən azı 50 tank təmir olunmalıdır.
Y.Paşa: Əldə tam uçot yoxdur ki, silah, texnika haqqında məlumat verilsin. Tankın sazlığı ancaq onun yeriməsində deyil, bütün hissələri işləməlidir. Bununla bağlı tam məlumat hazırlanmalıdır.
V.Əhmədov: Təmirlə əlaqədar qrup yaradılıb, onlara 2 zavod verilib. Gəncədə və Bakıda.Tovuzda və Ağdamda da təşkil olunacaq. Maliyyəmiz var və ehtiyat hissələri Tbilisidən gətirə bilirik.
Ə.K: Silah və texnikanın alınması təcili həyata keçirilməlidir,Gürcüstandan ehtiyacımız olan nə varsa alınmalıdır.
İ.Q: Razıyam. Gürcüstandan nə verirlərsə almaq lazımdır. Hərbi Dəniz Məktəbini ləğv etmək istəyirlər?
D.R: Bu məktəb 1939-cu ildə yaradılıb. Səviyyəsinə görə yeganə məktəbdir. Hazırda bizə İran, Qazaxıstandan müraciətlər olub və Liviyadan da burada 22 nəfər oxuyur. Biz məktəbi ləğv etmək yox, statusunu yüksəltmək istəyirik.
İ.Q: Belə məsələlər haqqında Ali Baş Komandana davamlı məlumat verilməlidir.
N.Sadıqov: Hərbi Dəniz Qüvələrində 3500 əsgər, 350 zabit olacaq. Belə imkanları olan məktəbi ancaq yalnız buna sərf etmək olmaz. Ona görə orada bir neçə əlavə fakultələr açılmalıdır.
İ.Q: MDB-dən azərbaycanlı zabitlərin gətirilməsi nə yerdədir?
T.Qasımov: Onlara şərait yaradıb, sonra çağırılmalıdırlar. Gələndən sonra vətəndaşlığı qəbul etməlidirlər.
D.R: Moskvadan keçən il hərbi məktəbi qurtaran 176 nəfər, bu il Akademiyadan 25 nəfər, 500 nəfər təzə qurtaran zabit gələcək. Danışmışıq ki, təzə qurtaranların rütbələri burada verilsin. HHM və HHQ-lərində olan zabitlər bura göndəriləcək. Rusiya və Ukraynada hərbi hissələrə nümayəndələr göndərilib onları geri çağırmaq üçün. Gəncədə Şerbakın diviziyasında olanlar isə gedib haqq-hesablarını alıb gələcəklər.
Y.Paşa: Hərbi məktəb tədricən mililəşdirilməlidir. Orada hələ də iş köhnə sistemlə gedir.
N.S: Oradan 270 nəfər xaric olunub, sonra 200 nəfəri geri qaytarılıb. Səbəbi dövlət aparatından edilən zənglər vasitəsilə təzyiqlərdir.
Ə.E: Seyfəlidə Surətin bir hissəsi var. Verilən məlumata görə orada atışmada 3 nəfər bir-birini öldürüb.
D.R: Seyfəlidə bizə tabe olan bir batlyon var.
Ə.K: İndi bəzi batalyon komandirləri Gəncədə Hərbi Birlik yaradıb imza atırlar ki, Surətə tabedirlər. Bu adamlar tezliklə ordudan təcrid olunmalıdır.
A.Allahverdiyev: Getdikcə nüfuzdan düşürük ki, niyə o hərbi hissə ilə bacarmırsınız. Son vaxtlar Surətə yaxın cinayətkar ünsürlər Hacıkəndə yığışırlar. Bu məsələni birdəfəlik qurtarmaq lazımdır.
Ə.K: Bunların çoxu komandirlərdir. Onlar operativ şəkildə hərbi hissələrdən təcrid edilməlidir.
İ.Q: Bayramdan sonra bu məsələ həll olunmalıdır.
Ə.E: Surət Hüseynovun dəstəsinin özbaşınalığı, törətdiyi cinayətlər Azərbaycan dövlətinə və onun nüfuzuna ciddi zərər verib. İndi də o həddə çatıblar ki, dövlət komissiyasını hərbi hissəyə buraxmırlar. Ona və onun ətrafındakı cinayət əməlləri ilə məşğul olanlara Azərbaycan dövlətinin qüdrəti göstərilməli və özbaşınalığa son verilməlidir. Ordu vahid mərkəzdən idarə olunmalı, bütün hərbi hissələr Müdafiə Nazirliyinə tabe etdirilməlidir. Azərbaycan dövlətinin müstəqilliyinə qarşı çıxan şəxsi doğma qardaşım olsa belə onu bağışlaya bilmərəm. 709-cu briqada dövlətə tabe etdirlməli, törətdiyi cinayətkar əməllərə və fəaliyyətinə görə Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır.
Bakı Dövlət Universitetinin (BDU) prorektoru Sani Hacıyev vəzifəsindən azad olunub. "Report" xəbər verir ki, tarix elmləri doktoru, professor S.Hacıyevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalanıb. Hələlik həmin vəzifəyə yeni təyinat yoxdur.
Bundan başqa, BDU-nun rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə iki yeni müşavirlik yaradılıb və həmin vəzifələrə təyinatlar olub. Bunlar rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri və Ümumi məsələlər üzrə müşaviri vəzifələridir. Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edilib.
Bir müddət əvvəl isə BDU rektorunun Strateji inkişaf və əlaqələr üzrə müşaviri vəzifəsi təsis olunub. Həmin vəzifə isə Əli Nağıyevə həvalə edilib. Hazırda Məzahir Sultanovun tutduğu Maliyyə məsələləri üzrə müşavirlik isə əvvəldən mövcud olub. Bununla da indi BDU rektorunun müşavirlərinin sayı 4-ə çatıb. Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci ilin noyabrın 15-də imzaladığı sərəncamla akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Həmin müddətdən 2019-cu ilin martın 11-dək BDU-nun rektoru səlahiyyətlərini Təhsil nazirinin müavini Firudin Qurbanov icra edib. Dövlət başçısının martın 11-də imzaladığı sərəncama əsasən, Elçin Babayev universitetin rektoru təyin olunub. E.Babayev bu təyinata qədər Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub.
Xatırladaq ki, bir müddət əvvəl S.Hacıyevin prorektorluqdan azad edilməsi ilə bağlı xəbər yayılsa da, təsdiqini tapmamışdı.
Bir müddət əvvəl BDU-nun ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov işdən çıxarılıb. Həmin vəzifə Cəfər Eyvazova həvalə olunub.
“Fuad Abbasovun səhhəti normaldır. Onunla tez-tez görüşürəm. Hər şey qaydasındadır. Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları da Fuad Abbbasovla görüşüb səhhəti ilə maraqlanır”.
Bunu Modern.az-a açıqlamasında Rusiyada saxlanılan azərbaycanlı jurnalist və bloger Fuad Abbasovun hüquqlarını müdafiə edən vəkil Elman Paşayev deyib.
Müvəkkili ilə mütəmadi görüşdüyünü deyən hüquq müdafiəçisi daha bir neçə gün səbrli olmağı məsləhət görüb:
“İyunun 6-da Fuad Abbasovun apellyasiya şikayətinə baxılacaq. Apellyasiyadan sonra bəlli olacaq ki, Fuad Abbasov Azərbaycana ekstradisiya oluna bilər, yoxsa yox”.
Qeyd edək ki, Rusiyanın Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verilib.
Fuad Abbasov bu il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində tutulur.
Partiya sədrləri, deputatlar arasında namaz qılanlar da var
Ramazan ayının son gününü yaşayırıq. İslam dininin şərtlərinə əsasən, bu ayda ölkəmizdə müsəlmanlar oruc tutub, namaz qıldılar. Onların arasında sadə vətəndaşlar da, tanınmış şəxslər və məmurlar da var. Maraqlıdır, bəs dinimizin bütün şərtlərinə əməl edib, namaz qılan siyasətçilərimiz hansılardır?
İbadət edənlərdən biri BQP başqanı, deputat Fazil Mustafadır. Deputat müsahibələrinin birində qeyd edib ki, 28-30 yaşına qədər din haqqında ciddi məlumatı olmayıb. Lakin təxminən 1993-cü ildən başlayaraq onda dinə maraq oyanıb. Deputatın dediyinə görə, məhz həmin illərdə Azərbaycanda ənənəvi İslamı, xüsusilə İran modelli İslamı öyrənməyə cəhd edib: “Sonradan düşündüm ki, bunlar mənim üçün yetərli deyil. Buna görə də teoloji nəşrlərdən yox, fəlsəfi nəşrlərdən dinin öyrənilməsinə üstünlük verdim. İslam sferasını tədqiq edən filosofların əsərlərini ciddi şəkildə araşdırmağa başladım və bu istiqamətdə çox sayda İslam mütəfəkkirlərinin əsərlərini oxuyub müqayisəli təhlillər apardım”.
Milli Məclisin digər deputatı, QMİ sədri Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə də ibadətlə məşğul olur, amma hərdən. Bu barədə deputatın özü müsahibələrinin birində qeyd edib: “Mən mömin ailəsində dünyaya gəlmişəm. Ancaq mən ibadət işlərini tam yerinə yetirmirəm. Yəni hərdən namaz qılıram, hərdən qılmıram. Yalan danışa bilmərəm, sistemli namaz qılmıram”.
Eyni dairədən 5 dəfə seçilən deputat Madər Musayev də dini ibadətə riayət edir, hər il oruc tutub, namaz qılır. Deputatın özünün dediyinə görə, onu deputat Madərdən çox, hacı Madər kimi tanıyırlar. Səbəbini isə deputat bu cür açıqlayıb: “1990-cı ildə Azərbaycandan Həcc ziyarətinə gedən ilk qrupun tərkibində mən də olmuşam. O vaxt Həcc ziyarətinə 164 nəfər getmişdi. Biz elə bir vaxtda Həccə getmişdik ki, onda adamlar həbsxanada yatanı qəbul edirdilər, dindarı yox. O vaxtdan hamı mənə Hacı deyir. Həmişə çalışıram ki, adımın qarşısındakı Hacı titulunu qoruya biləm. Elə bilirəm bu prinsipə riayət edə bilmişəm”.
Xanım deputatlardan Qənirə Paşayevanın da namaz qılıb, ibadət etdiyi isə çoxlarına məlumdur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov isə yalnız oruc tutarkən namaz qıldığını açıqlayıb. O qeyd edib ki, başqa vaxtlarda namaz qılmaq üçün vaxtı olmur: “İş çox olur. Namaz da elə bir məsələdir ki, gərək mütəmadi, ardıcıl ola. Bir gün oldu, iki gün olmadı, iki gün oldu, üç gün olmadı şəklində olmaz”. Siyavuş Novruzov onu da bildirib ki, hələ ki, Həcc ziyarətinə hazır deyil:
“İnsan gərək belə müqəddəs ziyarətə getmək üçün hazır olsun. Nə zaman hazır olsam, bunu özüm hiss edəcəyəm”.
Eks-deputat Qalib Salahzadə isə ən çox Həcc ziyarətində olan parlament üzvü olub. O, 27 dəfə Həcc ziyarətində olub. Q. Salahzadə bununla da Azərbaycan tarixinə düşdüyünü qeyd edib: “Bunu bilirəm ki, Azərbaycan parlamentində bundan sonra 27 dəfə Həcdə, bir dəfə də Kəbə evinin içərisində olacaq deputat olmayacaq, necə ki, məndən başqası olmayıb”.
Ümid Partiyasının sədri, eks-deputat İqbal Ağazadə də ibadət edən siyasətçilər sırasındadır. Belə ki, partiya sədrinin hələ deputat olarkən Türkiyənin Sultaniyyə məscidində namaz qılan zaman çəkilən fotosu yayılmışdı. Onun sözlərinə görə, artıq uzun illərdir ki, namaz qılır, ibadət edir.
AXP sədri Pənah Hüseyn də ibadət əhlidir.
AĞ Partiya sədri Tural Abbaslı da oruc tutub, namaz qılan siyasətçilərdən biridir. Partiya sədri müsahibələrinin birində qeyd edib ki, inanclı biri kimi İslamın bütün ayinlərini icra edir və bacardığı qədər buna sadiq qalmağa çalışır.
Eləcə də ADP sədri Sərdar Cəlaloğlu namaz qılan siyasətçilərin siyahısındadır.
Son günlər sosial mediada “Analoqu olmayan akademik biabırçılıq” adlı postlar paylaşılmaqdadır. Postrlarda AMEA-nın prezidenti, vitse-prezidenti və İşlər İdarəsinin müdirinin alimlər üçün tikilən binada bir neçə mənzili mənimsədiklərindən danışılır.
Qeyd edək ki, A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış binasını “Evrostroy-S” şirkəti tikib.
"Qafqazinfo" xəbər verir ki, şirkət nümayəndəsi musavat.com-a iddiaların əsassız olduğunu deyib: “Sosial şəbəkələrdə ictimailəşən məsələdə tərəflərdən biri də şirkətimiz olduğuna görə məsələyə münasibət bildirməyimizin zəruri olduğunu düşündük. Əslində bu cür ittihamlarda kimlərsə, AMEA rəhbərliyini şərləmək üçün bir növ bizim adımızdan istifadə edir. Postlarda adları göstərilən şəxslərlə qeyd olunan mənzillərə dair şirkətimiz arasında heç bir müqavilə yoxdur.
Belə ki, A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış binasında 4-cü girişinin 5-ci mərtəbəsində 241 saylı 4 otaqlı (178,3 kv.m) və 242 saylı 2 otaqlı (63,4 kv.m) mənzillərin Akif Əlizad Ağamehdi oğluna (ümumi dəyəri 181.275 AZN), 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3 kv.m) və 248 saylı 2 otaqlı (63,4 kv.m) mənzillərin Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızına, 4-cü girişin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3 kv.m) mənzil (dəyəri 133.725 AZN) AMEA-nın vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına, 4-cü girişin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı (178,3 kv.m) mənzillərin dəyəri 133.725 AZN) AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına rəsmiləşdirilməsi ilə bağlı şirkətimizlə heç bir müqavilə yoxdur. Əgər kimsə belə bir müqavilənin olduğunu iddia edirsə, o yalnız saxta sənəd ola bilər.
Qeyd edək ki, sözügedən yaşayış binasında 7500 kv.m ərazidə mənzillər AMEA əməkdaşlarına təhvil verilib. Bir çox sakinlər mənzillərinə köçüb, qalanlarının da köçürülməsi üçün yekun işlər görülür”.
"Bəzi hallarda Milli Məclislə bağlı yanlış fikirlər yayılır. İnanın, elə an olmur ki, şəhid ailələrini, maddi imkanı zəif olanları düşünməyək".
"Report" xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Onun sözlərinə görə, bu, qanunlarda da nəzərə alınır: "Təbii ki, bu addımların arxasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Prezidentin və Birinci vitse-prezidentin istəyi zaman-zaman həyata keçir".
H.Rəcəbli qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə daim diqqət və qayğı göstərilir:
"Vətən uğrunda canından keçənlər bizim üçün əzizdir".
Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı (2011-2016-cı illərdə) Tahir Kərimovla bağlı sensasion ittihamlar ortaya çıxıb.
Adının çəkilməsini istəməyən iş adamı Demokrat.az-a bildirib ki, 2015-ci ildə Rusiyada yaşayan və əslən Salyandan olan Mübariz adlı soydaşımız doğma kəndinə qayıdaraq, orada biznes qurmaq istəyib. Bunun üçün o, Rusiyada 20 ildən çox müddətə işləyib zəhmətlə topladığı vəsaiti Salyana sərmayə qoymağı planlayıb.
Beləliklə, iş adamı valideynlərinin yaşadığı Salyanın Qaraçala qəsəbəsində şadlıq evi və digər ticarət obyektləri inşa etdirmək üçün qanunla tələb olunan bütün sənədləri hazırlayaraq, müvafiq qurumlara təqdim edib. Ancaq həmin vaxtı Salyanın icra başçısı işləyən Tahir Kərimov iş adamına bütün vasitələrilə mane olub. Hətta, iş adamının rüşvət vermək istəmədiyini anlayan Tahir Kərimov Mübariz adlı sahibkarı kabinetinə çağırdaraq, ondan şadlıq evi inşası üçün 100 min manat pul tələb edib.
Sahibkar isə bütün sənədlərinin qaydasında olduğunu və söylənilən məbləğin rüşvət olaraq ondan qanunsuz şəkildə tələb olunduğunu bildirib.
Daha sonra Mübariz Prezident İlham Əliyevin xarici ölkələrdə fəaliyyət göstərən sahibkarlara çağırışından sonra Azərbaycana qayıtdığını və burada iş yerləri açmaq istədiyini icra başçısına izah etməyə çalışıb. Ancaq Tahir Kərimov onu dinləmək istəməyib. İcra başçısı qəzəbli halda “ayaqqabımın ölçüsü 43-dür, amma səni 42 ölçüyə yerləşdirərəm, özünü ağıllı göstərmə”, deyə həmin şəxsin üzərinə çığırıb. Sonra isə vətəndaşı otağından qovub.
Bu hadisədən bir neçə ay sonra Mübariz Azərbaycanda planlaşdırdığı bütün biznes layihələrini təxirə salaraq, küskün formada ölkədən gedib. Hazırda Mübariz Rusiyada uğurlu iş adamı kimi fəaliyyətini davam etdirir.
Sözügedən ittihamlarla bağlı Tahir Kərimovun mobil telefon nömrələri bağlı olduğu üçün münasibətini öyrənə bilmədik.
Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.