Lətifə Hüseynova: “İbtidai istintaqda da, məhkəmələrdə də imkan vermədi ki, həqiqət, uşaqların günahsızlığı üzə çıxsın”
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərov baldızına hədə dolu mesajlar yollayır. Sabiq baş dəmiryolçu baldızına övladları Emin və Rahib Hüseynovları uzun müddət həbsdə saxlatdıracağını çatdırır.
Bu haqda “Yeni Müsavat”a Arif Əsgərovun baldızı Lətifə Hüseynova bildirib: “Ordan-burdan xəbər gəlir ki, Arif Əsgərov uşaqlarımın həbsdən çıxmalarına imkan verməyəcək. Onun qardaşı vaxtilə ədliyyədə işləyib. Ola bilər ki, əlaqələri qalıb. Rahibə həbs yerində bir dustaq yaxınlaşıb və ”Arif Əsgərovun pullarını niyə yedin” şəkilində hədə-qorxu gəlib. Rahib də deyib ki, onun pullarını oğlu yeyib, günahını da bizim uşaqların üstünə atıblar”.
Lətifə Hüseynova övladlarının işi ilə bağlı Ali Məhkəməyə müraciət etməyə hazırlaşdıqlarını deyib: “Arif Əsgərov bilir ki, mənim uşaqlarımda günah yoxdur. Amma hər ikisini həbs etdirdi. İbtidai istintaqda da, məhkəmələrdə də imkan vermədi ki, həqiqət, uşaqların günahsızlığı üzə çıxsın. Ümidimiz Ali Məhkəməyədir, bəlkə orada ədalətli qərar verilər. Bu işi yenidən araşdırmalıdırlar. Görəcəklər ki, mənim uşaqlarım orada yığılan pulların qeydiyyatını aparıb, Elnarın dediklərini icra ediblər. Ali Məhkəmə bu məsələyə ədalətli baxmalıdır”.
Arif Əsgərovun bacanağı İsmayıl Hüseynovun övladları Emin və Rahib Hüseynovlar hər biri 9 il iş alıblar. Hazırda cəzaçəkmə yerlərindədirlər.
Rahib Hüseynov Arif Əsgərov Dəmiryol İdarəsinin rəisi olduğu dövrdə orada marketinq və satış idarəsinin müdiri işləyib. O, müxtəlif adamlardan biznes qurmaq adı ilə milyonlarla pul alıb aldatmaqda suçlanır. İttihama görə, R.Hüseynov pulunu aldığı zərərçəkmişlərə “Azərbaycan Dəmir Yolları” QSC üçün xaricdən yataq dəstləri gətiriləcəyini, qazancın 20 faizinin onlara veriləcəyini vəd edib. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses keçirilərkən Rahib Hüseynov zərərçəkmişlərdən alınan pulları xalası oğlu Elnara verdiyini deyib. Əlindəki qeydiyyat kitablarını, səs yazılarını təqdim edib. Bununla belə Elnar Əsgərov məhkəmədə şahid, o isə təqsirləndirilən şəxs qismində dindirilib. Lətifə Hüseynova deyir ki, bütün bu problemlər Arif Əsgərov vəzifədən çıxarıldıqdan sonra yaranıb. Elnar Əsgərovun pullarını aldığı şəxslər onları narahat etməyə başlayıblar, pulları geri tələb ediblər. Həmin günlərdə Əsgərovlar ailəsinin təkidi ilə onun oğlu Rahib Hüseynov Türkiyəyə göndərilib, orada ailəsi ilə birgə 2 nəfərin nəzarəti altında saxlanıb. Daim Elnar Əsgərov Rahiblə telefonla danışıb. L.Hüseynova həmin günlərdə oğlunun Türkiyədə öldürülməsi təhlükəsi də olduğunu söyləyib. Lətifə Hüseynovanın sözlərinə görə gəlini uşaqları ilə birgə Arif Əsgərovun təklifi əsasında Türkiyədən Azərbaycana qaytarılıb. Həmin vaxt gəlini ona deyib ki, oğlunu tək buraxmasın.
Lətifə Hüseynova Lətifə Hüseynova deyir ki, Rahib Hüseynov xalası oğlu Elnar Əsgərovun adamlardan aldığı pullara görə elə onun göstərişi ilə faizlər ödəyib. Elnar Əsgərovun milyonlarla manat pulu Türkiyədə saxlaması haqda da xəbərlər vardı. Hətta belə iddialar da yayılmışdı ki, Elnar Əsgərov pulları Türkiyədə Mehriban adında qadında saxlayır. Adamlardan yığılan pulların Elnar Əsgərovda olmasını deyən Hüseynovlar onun Türkiyədə əlaqələrinin olmasını təsdiqləyirlər. Deyirlər ki, onun pulları Mehriban adlı qadında saxlaması haqda eşitsələr də, buna dair əllərində konkret fakt yoxdur.
Onlar qeyd edirlər ki, Arif Əsgərovun qurduğu oyunlar səbəbindən Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb, iki oğlu həbs edilib: “Əsas günahkar Elnar Əsgərov azadlıqda gəzir. Qeydlər var, Elnar Əsgərova pul verənlər 5 il faiz alıb. Bundan başqa Arif Əsgərovun Qubada sabiq müdafiə naziri Səfər Əbiyev və keçmiş nəqliyyat naziri Ziya Məmmədovla qonşuluqda villasının olduğu, Qəbələ, İsmayıllı rayonlarında da dəbdəbəli evlərinin varlığı haqda da məlumatlar var”.
Qeyd edək ki, vaxtilə normal maddi imkanı olan İsmayıl Hüseynov hazırda müflis durumdadır.