Yevlax Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunmuş Anar Tağıyev şəhərdə sakinlərlə ilk görüşünü keçirib.
Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə ümumilikdə 500 nəfərdən çox insan toplaşıb.
Anar Tağıyev Prezidentin qəbulunda olduğu zaman tapşırılan vəzifələrlə yanaşı, ilk növbədə rayon sakinlərinin müraciət və problemlərinə həssaslıqla yanaşmağı tapşırıb. Anar Tağıyev qeyd edib ki, Yevlax rayonunda bir sıra problemlər qalmaqdadır və onların aradan qaldırılması üçün əlindən gələni edəcək.
“Açıq mikrofon” formatında, dialoq şəklində 4 saatdan çox müddətdə keçən, 80-ə yaxın sakin çıxış etdiyi görüşdə vətəndaşların bütün sahələri əhatə edən təklif və müraciətləri nəzarətə götürülərək icrası ilə bağlı müvafiq qurum və vəzifəli şəxslərə tapşırıqlar verilib.
REAL Partiyası Məclisinin keçmiş başqanı Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı partiyaya və partiya sədri İlqar Məmmədova açıq məktub ünvanlayıb. “Qafqazinfo”nun məlumatına görə, məktubun mətnini o, Feysbuk hesabında paylaşıb.
Məktubu olduğu kimi təqdim edirik:
“Reala ilk dəfə 2013-cü ilin prezident seçkiləri ərəfəsində gəlmişəm. Seçkilərə hazırlıqla bağlı Real-ın sıravi üzvlərini yığıb İlqar Məmmədovun seçki qərargahının işinə cəlb etməli idim. Mənə 200 nəfərlik siyahı verildi. Bu siyahıdakı insanlarla bir-bir əlaqə saxlayıb seçki qərargahına dəvət etdim. Lakin o siyahının bir qismi jurnalist, bir hissəsi isə digər partiyanın üzvləri və ya Reala aidiyyatı olmayan insanlar idi. Realdakı sorğu-sualdan sonra məlum oldu ki, bu siyahı Realın 2011-ci ildə “Cumhuriyyət Forumu”na gələn qonaqların siyahısı imiş. Real-ın isə üzvlərinin siyahısı yox idi. Həmin o 200 nəfərdən təqribən 30-a yaxın insan həqiqətən Real Hərəkatının üzvü çıxdı.
O zamanlar Real Hərəkatının cəmiyyətdəki reputasiyası “intelektualların klubu” çərçivəsindən kənara çıxa bilmirdi. Çünki ağıllı və savadlı adamlar bir İdarə Heyətinə toplaşmışdılar və onların cəmiyyətdəki rolu yalnız bəyanatlar vermək, hadisələrə münasibət bildirmək formatından kənara çıxa bilmirdi. Ən önəmli məqam həmin İdarə Heyəti heç bir siyasi məsuliyyət daşımırdı və heç kimin qarşısında da hesabatlılığı yox idi. İdarə Heyətinə yeni üzvləri elə İdarə Heyəti özü seçirdi.
Lakin 2013 və 2015-ci illərin seçkiləri, bu arada İlqar bəyin həbsdə dirəniş göstərməsi və Real-a kənarda simpatiyası olanların mesajları siyasi partiyanın qurulmasını labüdləşdirirdi. Partiyalaşma prosesi heç də asan keçmədi, çox keşməkeşli oldu. Daxildəki çəkişmələr artıq vəziyyəti o yerə gətirmişdi ki, partiyalaşmanı çox vacib hesab edən və bütün enerjisini bu işə yönəldən Azər Qasımlı belə bu prosesdən uzaqlaşmaq istəyirdi. Bir səhər mənə İlqar bəyə yazdığı məktubu oxudu. Mənim fikrimi soruşanda mən ona cavab verə bilmədim. Çünki gözlərim dolmuşdu, qəhərdən boğulurdum. Mən Azərə heç nə deyə bilmədim. O, məktubu oxuduqca gözümün önündə həbsxanada hər şeydən məhrum edilmiş İlqarı görürdüm. Azərin partiyalaşma prosesindən çəkilməsinin onun üçün zərbə olacağını düşünürdüm. Bu emosional vəziyyətim Azərə pis təsir etdi. O məktub həbsxanaya yox, zibil qutusuna getdi.
İlqar bəy, mən sizi çox istəyirdim və sizə böyük simpatiyam vardı. Həbsxanadan səmimi görünməyiniz, partiyalaşma ilə bağlı mesajlarınız məni inandırmışdı ki, siz siyasi partiyanın lideri olmaq istəyirsiniz. Lakin sizin son statusunuzun üçüncü abzası (“əvvəlcə buna qarşı çıxmışdım və deyirdim ki, hələ vaxtı deyil. Lakin müəyyən təkidlərdən sonra partiya formatına keçid etmək istəyən yoldaşlara “kart-blanş” verdim ki, nə istəyirsiniz, onu da edin”) məni xəyal qırıqlığına uğratdı...
Lakin Real-da bu günə qədər nə zəhmətim keçibsə, heç birinə heyifsilənmirəm. Çünki nə etmişəmsə inanaraq etmişəm və ürəkdən etmişəm.
İlqar bəy, əgər xatırlayırsınızsa, bir dəfə söhbətimiz əsnasında demişdim, ki, istər seçki olsun, istərsə də digər siyasi addımlar, ən birinci görməli olduğunuz iş insanları inandırmaqdır. Təəssüf ki, addımlarınızla bütün inamı və güvəni dağıtdınız. Gördüyüm budur ki, islahat adı altında görmək istədiyiniz iş partiyanı sıfırlamaq və yenidən həbsdən əvvəlki kluba çevirməkdir.
Dostlar, mən həm də ona görə gedirəm ki, İlqar bəy qaydasız oynayır. Açıq oynamır. Sədrin xarakterindəki tərslik əgər sabah ona “mən öz partiyamı yaradıram” fikrini diktə etsə, heç təəcüblənmərəm. Bu yolun sonu istəsək də, istəməsək də ayrılıq olacaqdı. Bəri başdan, yəni enerjimizi xərcləmədən ayrılaq…
Bir məsələyə də toxunmaq istəyirəm. Çox təəssüf ki, bu gün “facebook”-də qarşılaşdığım açıqlamalarda, yaxud reaksiyalarda partiyadaxili “islahatların” heç kim mahiyyətinə varmır, struktur dəyişikliyinin mahiyyətini müzakirə etmir, əksinə hamı deyir ki: “oturun gözləyin, partiyanın strukturları buraxılsın, əgər iş getməsə, hər şey pis olsa, onda hərəkət edərsiniz. Vaxt vermək lazım idi, əgər strukturların ləğvi uğur gətirməsə yenidən partiya yığarsınız”.
Bu kimi qeyri-ciddi yanaşma göstərən insanlara yalnız bir söz deyə bilərəm. Siyasət labaratoriya deyil. Və həyatlarını, ailələrini hər an riskə qoyan insanlar da labaratoriyada təcrübə dovşanları deyil. Hakimiyyətə iddialı insan gördüyü işə ciddi yanaşmalı və prinsipial olmalıdır.
Ürəyimdə isə yalnız bir istək var: kaş ki, #ARZULADIĞIMREAL olardı”.
Xatırladaq ki, ötən gün Azər Qasımlı REAL Partiyasından istefa verib.
Bu münasibətlə SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin məqaləsini təqdim edir.
Bu günlər xalqımız Azərbaycan neft-qaz sənayesi tarixinə əbədi həkk olunmuş əlamətdar günlərdən birini - Neft Daşları yatağında ilk neftin çıxarılmasının 70-ci ildönümünü qeyd edir. Xəzər dənizində polad dirəklər üzərində belə bir əfsanəvi şəhərin yaradılması Azərbaycan neftçilərinin qəhrəmanlıq salnaməsində parlaq səhifədir.
Neft Daşlarında ilk neftin çıxarılması dünya əhəmiyyətli tarixi hadisədir. 1949-cu ilin 7 noyabr günü Bakı şəhərindən 110 kilometr şimal-şərqdə, Xəzər dənizində qazılmış neft quyusunun fontan vurması ilə dünya neft sənayesinin inkişafında yeni bir dövrün – açıq dənizdə stasionar platforma üzərindən neft hasilatının başlanğıcı qoyuldu. İndi, demək olar, bütün okean və dənizlərdə axtarış-kəşfiyyat və hasilat işləri aparılır.
Neft Daşları yatağının kəşf edilməsi təkcə keçmiş SSRİ-ni əhatə edən Xəzərdə, Oxot, Barents dənizlərində, Qara dənizdə deyil, həm də dünyanın bütün dəniz və okeanlarında - Meksika körfəzində, Şimal dənizində axtarış-kəşfiyyat işlərinin inkişafına güclü təkan verdi. Hazırda dünya üzrə axtarış-kəşfiyyat işlərinin və karbohidrogen hasilatının əhəmiyyətli hissəsi dəniz akvatoriyalarının payına düşür.
Okean və dəniz şelflərində işlərin miqyası sürətlə genişlənir. Suyun dərinliyi min metrdən çox olan sahələrdə karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesi gedir və biz fəxrlə deyə bilərik ki, bu böyük prosesin əsası qəhrəman Azərbaycan neftçiləri tərəfindən qoyulub.
Neft Daşlarının kəşfi və istismarı Azərbaycan neft sənayesini inkişafın yeni pilləsinə qaldırdı, qazanılan təcrübə Xəzərin digər sahələrində axtarış-kəşfiyyat işlərinin sürətlənməsinə təkan verdi, qısa müddətdə yeni neft-qaz yataqlarının tapılmasına və işlənilməsinə yol açdı. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Yeni neft strategiyasının maddi və elmi təməli məhz Neft Daşları ilə qoyulmuşdur”.
Neft Daşlarının inkişaf tarixi Heydər Əliyevin adı ilə sıx bağlıdır. O, hələ keçmiş sovetlər dönəmində respublikamıza rəhbərlik etdiyi illərdə dəniz neftçilərinin əməyini daim yüksək qiymətləndirmiş, dəfələrlə Neft Daşlarına səfər etmiş, vəziyyətlə yerində tanış olaraq, mövcud problemlərin həlli üçün müvafiq tapşırıqlar vermiş, məsələləri şəxsi nəzarətində saxlamışdır.
Ulu Öndərin Neft Daşlarının 25 illik yubileyində neftçilər qarşısında qoyduğu vəzifələr isə həqiqətən, tarixi əhəmiyyət kəsb edirdi. O vaxt Xəzər dənizinin 40 metrədək dərinliyində yerləşən yataqlar artıq kəşf edilmişdi. Ulu Öndər neft-qaz sənayesinin inkişafı istiqamətində mövcud elmi bilikləri ümumiləşdirərək, dənizin 100 metrdən artıq dərinliklərində işə başlamaq təşəbbüsü ilə çıxış etdi.
Neftçilər bu təşəbbüsü böyük ruh yüksəkliyi ilə qarşıladılar və tezliklə Neft Daşlarının işlənməsi təcrübəsindən istifadə olunmaqla bu gün Azərbaycan iqtisadiyyatının qüdrətlənməsi üçün müstəsna əhəmiyyət kəsb edən “Günəşli”, “Çıraq”, “Azəri” və digər yataqlar kəşf olundu. Ümummilli Liderin diqqət və qayğısı dənizdə neftçıxarma sənayesinin müasir infrastrukturla təchiz olunmasında həlledici rol oynadı. O zaman keçmiş SSRİ-də yeganə ixtisaslaşdırılmış Neft Donanması Bakıda formalaşdı və dənizin dərinsulu hissələrində işlərin səmərəli aparılması üçün zəruri əhəmiyyət kəsb edən “Xəzər” və “Şelf” tipli 10-dan çox yarımdalma və özüqalxan qazma qurğusu, seysmik, mühəndis-geoloji elmi-tədqiqat gəmiləri, kran və borudüzən gəmilər, sərnişin və təchizat gəmiləri və digər texnika və avadanlıqlarla komplektləşdirildi.
Heydər Əliyev şəxsi nüfuzundan istifadə edərək hazırda onun adını şərəflə daşıyan və dəniz neft-qaz platformalarının inşasını uğurla həyata keçirən Dərin Özüllər Zavodunun Azərbaycanda tikilməsinə nail oldu. Ulu Öndər həmin dövrdə görülən işlərin tarixi miqyaslarından danışarkən deyirdi: “Neft Daşları - XX əsrdən XXI əsrə atılmış bir körpüdür. Yeni neft strategiyasının maddi və elmi təməli də məhz Neft Daşları ilə qoyulmuşdur”.
Ötən 70 il ərzində Neft Daşları böyük bir qəhrəmanlıq yolu keçərək nəhəng istehsal-yaşayış kompleksinə çevrilmişdir. Burada indiyədək 1939 quyu qazılmış, 200 kilometrdən çox estakada, 333 istehsal meydançası tikilmiş, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilmiş, işlənmənin əvvəlindən 175,5 milyon ton neft və 14,3 milyard kubmetrdən çox qaz hasil olunmuşdur.
Neft Daşları ona bitişik olan “Palçıq pilpiləsi” yatağı ilə birlikdə istismar dövründə Azərbaycanın neft hasilatının təqribən 13 faizini birbaşa təmin etmişdir. Hasilatının pik səviyyəsində - 1967-ci ildə Neft Daşlarında 7,6 milyon ton neft hasil olunmuşdur ki, bu da Azərbaycanın o dövrdə ümumi neft hasilatının 1/3 hissəsi idi.
Hazırda Neft Daşlarında istismar fondunda olan 406 quyunun 399-u fəaliyyətdədir, yataq üzrə gündəlik hasilat 3050 ton neft, 300 min kubmetr qaz təşkil edir. Sulaşma göstəricisi 30 faiz təşkil edir ki, bu da işlənmənin son mərhələsində olan yataq üçün kiçik göstəricidir.
On il bundan əvvəl möhtərəm Prezidentimiz İlham Əliyev Neft Daşlarının 60 illik yubiley mərasimində etdiyi dərin məzmunlu çıxışı zamanı bizim qarşımızda yatağın işlənmə perspektivlərinin, rentabelliyinin və hasilatın artırılması istiqamətində mühüm vəzifələr qoymuşdu.
Qürur hissi ilə deyə bilərik ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələri dəniz neftçilərimizin əməli fəaliyyət proqramına çevrilmiş, genişmiqyaslı iş aparılmış, verilən tapşırıqlara əməl olunmuşdur. Son 10 il ərzində yataqda 9 yeni özül tikilib istismara verilmiş, 183 quyu qazılmışdır ki, hazırda bu quyuların cari gündəlik hasilatı 1700 ton təşkil edir.
Eyni zamanda, fəaliyyətsiz fonda daxil olan quyularda səmərələşdirici işlər aparılmışdır. Nəticə göz qabağındadır: Neft Daşları yatağı bu gün yeni intibah dövrünü yaşayır. 2018-ci ildə yataq üzrə hasilat 20 faiz artmışdır. İllik neft hasilatı 2010-cu ildə 904 min ton idisə, 2017-ci və 2018-ci illərdə 1 milyon tondan çox olmuşdur. Qaz hasilatında da ciddi artım müşahidə edilir. Ötən il yataqdan 81,2 milyon kubmetr qaz hasil edilmişdir. Neft Daşları yatağında yeni özüllərin tikilməsi və onlardan quyuların qazılması davam etdirilir.
Bu gün artıq SOCAR və onun müəssisələri, eləcə də digər Azərbaycan neft və qaz şirkətləri dünya üzrə tətbiq olunan əsas müasir texnoloji nailiyyətlərdən yararlanır. Ən mürəkkəb geoloji struktur şəraitində qazma, hasilat işləri aparır, dənizin dərinsulu hissələrində platformalar quraşdırır, yüksək təzyiq şəraitində quyular qazır, maili və üfüqi istiqamətdə qazma işlərinin aparılması üçün yeni metodlardan istifadə edir və bütün bunlar əvvəlki dövrlə müqayisədə bizim üçün adi prosesə çevrilib. Artıq “Şahdəniz” və AÇG layihələrinin bütün əsas tikinti-quraşdırma, qazma və digər xidmət işləri tam olaraq Azərbaycanın daxilində ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşımızda qoyduğu əsas vəzifələrdən biri də SOCAR-ı qlobal miqyasda tanınan, çevik, müasir və rəqabətədavamlı transmilli şirkətə çevirməkdir. Bu istiqamətdə əhəmiyyətli uğurlar əldə edilmişdir. SOCAR dünya bazarlarına inamla daxil olaraq, özünə layiqli yer tutmuşdur və mövqelərini gücləndirməkdədir. İndi biz, demək olar, bütün qitələrdə fəaliyyət göstəririk.
Ötən il 40 ölkənin 100-dən çox məntəqəsində müxtəlif kommersiya əməliyyatları həyata keçirilib ki, bu da SOCAR-ın nə qədər geniş və inkişaf etmiş qlobal ticarət və infrastruktur şəbəkəsinə malik olduğunun göstəricisidir.
Həmin şəbəkəyə müxtəlif ölkələrdə neft və qaz məhsullarının nəqli üçün zəruri olan magistral boru kəmərləri, gəmilər, liman terminalları və digər imkanlar daxildir. Biz biznes portfelimizi davamlı olaraq diversifikasiya etməklə, beynəlxalq bazarlarda payımızı durmadan artırmaq xətti götürmüşük və mütəmadi olaraq bu xətt üzrə məqsədyönlü tədbirlər görürük. Bir sözlə, SOCAR inkişaf edir, böyüyür, imkanları genişlənir.
Bütün bu layihələrin uğurla həyata keçirilməsi üçün qarşımızda hər şeydən əvvəl neft hasilatının sabit saxlanılması, qaz hasilatının yüksəldilməsi vəzifələri durur. Bu gün bizim əldə etdiyimiz bütün nailiyyətlərin əsasında Neft Daşlarında, Xəzər dənizində qazanılmış zəngin təcrübə, yaradılmış təkmil infrastruktur, kadr potensialı dayanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, “Neft Daşları olmadan Azərbaycanda heç bir böyük neft və yaxud qaz hasilatı layihəsi mümkün deyildir. Bizim bütün xətlərimiz və gələcəkdə istismara veriləcək yeni layihələr hamısı Neft Daşlarında birləşir”. Bu, həqiqətən də belədir.
Yaxın illərdə biz “Abşeron”, “Ümid” yataqlarında, “Qarabağ”, “Babək”, “Şəfəq”, “Asiman”, “Əşrəfi”, “Dan ulduzu”, “Aypara” strukturlarında genişmiqyaslı axtarış-kəşfiyyat və hasilat işlərinə başlamağı planlaşdırırıq. Bütün bu planların mərkəzində SOCAR-ın dənizdəki başlıca kommunikasiya qovşağına çevrilmiş Neft Daşları, burada qazanılmış zəngin təcrübə, yaradılmış təkmil infrastruktur, kadr potensialı dayanır.
Yatağın işlənilmə perspektivləri də kifayət qədər böyükdür. Hazırda qalıq ehtiyatlar 210 milyon ton, çıxarıla bilən ehtiyatlar 18 milyon ton civarında qiymətləndirilir. Texnologiyalar inkişaf etdikcə, bu ehtiyatların daha böyük həcminin hasil olunması mümkündür. Qarşıdakı illərdə daha 5 özülün tikintisi və yeni quyuların qazılması nəzərdə tutulur.
Son illər ərzində Neft Daşlarının fəaliyyət sahələrində formalaşan lay sularının tam qapalı sistemdə idarə olunması təmin edilib ki, bu da Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Böyük Britaniya istehsalı olan qurğu lay sularını müxtəlif mərhələlər üzrə neft və mexaniki qarışıqlardan təmizləyir.
Təmizlənmiş lay suları suvurucu və uducu quyulara vurulur. Məişət çirkab suları da xüsusi qurğuda təmizlənib, tam zərərsizləşdirildikdən sonra laylara vurulur. Nəticədə həm dənizin çirklənməsinin qarşısı alınır, həm də laylarda təzyiq sabit saxlanılaraq, iqtisadi fayda əldə olunur.
Dəniz suyunun təmizlənməsi, yaşıllıqların salınması, istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçiririk. SOCAR-ın ekoloji layihələri BMT səviyyəsində yüksək qiymətləndirilmiş, Dünya Bankı tərəfindən mükafatlara layiq görülmüşdür. Tullantıların İdarə Edilməsi Mərkəzimiz MDB və Xəzər regionunda neft sənayesi üzrə ixtisaslaşmış ilk belə obyektdir.
“Neft Daşları” NQÇİ-də işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Dəniz neftçiləri bizim kadr ehtiyatlarımızın qızıl fondunu təşkil edir. Bu gün SOCAR-ın rəhbərliyində təmsil olunanların əksəriyyəti Neft Daşları məktəbini keçmiş şəxslərdir.
Biz bununla fəxr edirik. İldə bir neçə dəfə rəhbərliyin dəniz mədənlərinə, ilk növbədə, Neft Daşlarına baş çəkməsi şirkətimizdə artıq bir ənənə halını almışdır. Yubiley ərəfəsində də polad dirəklər üzərində yaradılmış doğma şəhərciyimizə səfər etdik, keçmiş iş yoldaşlarımızla, yeni nəslin nümayəndələri ilə görüşdük, Neft Daşlarının problemləri ilə maraqlandıq, görüləcək işləri müzakirə etdik, nahar süfrəsi ətrafında səmimi söhbət apardıq.
Şəhərciyin ərazisində, yataqxana korpuslarında, sərnişin gəmisinə minib-düşmə meydançasında təmir işləri həyata keçirilmiş, 1000-ə yaxın ağac və 8000 gül kolu alınaraq mərkəzi parkda əkilmişdir.
Dəniz neftçilərinin özlərinə məxsus şanlı ənənələri var və hazırda Neft Daşlarında estafeti qəbul etmiş gənc nəsil o ənənələri sədaqətlə yaşadır. Ölkənin ictimai həyatında yaxından iştirak etmək bu ənənələr içərisində xüsusi yer tutur. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan sosial-iqtisadi inkişaf proseslərinə dəyərli töhfələr verən dəniz neftçiləri Prezidentimizin islahatlar kursunu ürəkdən dəstəklədiklərini, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əllərindən gələni edəcəklərini bildirdilər.
Vətənimiz Azərbaycanın dayanıqlı inkişafının uzunmüddətli təminatına yönəlmiş uğurlu islahatlar siyasəti ilə cəmiyyətimiz və dövlətimiz faktiki olaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi islahatların əsas hədəfləridir.
Bu mərhələdə SOCAR-ın üzərinə qeyri-neft sektorunun ölkə iqtisadiyyatının əsas gəlir mənbəyinə çevrilməsi üçün etibarlı zəmin yaratmaq vəzifəsi düşür. Bunun üçün qısa müddətdə qarşıda duran bir sıra məsələləri həll etməliyik: neft hasilatının təbii azalmasını mümkün qədər ləngitməli, təbii qaz hasilatını artırmaqla neft gəlirlərinin azalmasını tarazlaşdırmalı, fasiləsiz xammal təchizatı ilə qeyri-neft sektorunun inkişafını stimullaşdırmalı, kimya sənayesini genişləndirməli və mövcud neft-qaz-kimya kompleksini şaxələndirməli, yeni bazarlara daxil olaraq əlavə gəlir mənbələri yaratmalı, SOCAR-ı müasir enerji şirkətləri səviyyəsində rəqəmsal şirkətə çevirməliyik.
Qeyd etməliyəm ki, artıq bütün bu istiqamətlərdə məqsədyönlü addımlar atılmış, müsbət nəticələr əldə olunmuşdur. Artıq mədənlərimizdə, o cümlədən Neft Daşlarında məlumatların rəqəmsal modullarla idarə olunmasına başlanılmışdır və yaxın gələcəkdə neft-qazçıxarma işlərinin səmərəsini artırmaq üçün SOCAR rəqəmsal şirkətə çevriləcəkdir.
Neft Daşlarında ilk neftin çıxarılmasının 70 illiyi Azərbaycan neft-qaz sənayesinin və bütün xalqımızın bayramıdır. Xalqımız Neft Daşlarının təməlini qoymuş Yusif Səfərovun, Ağaqurban Əliyevin, Mixail Kaveroçkin və onun briqadasının üzvlərinin, neft-qaz sənayesinin görkəmli təşkilatçısı Sabit Orucovun, Neft Daşlarının sonrakı inkişafında mühüm rol oynamış Qurban Abasovun, Nəsrulla Babayevin, Solomon Qrobşteynin, Əhəd Yaqubovun, Viktor Naqayevin, Bəxtiyar Məmmədovun, Fuad Səmədovun, Bəhmən Hacıyevin, Akif Cəfərovun, Həzrət Xadikovun, Mübarək Məmmədovun, Xanoğlan Bayramovun, Səyyad İbrahimovun, Fərhad Həmzəyevin, Əhməd Zeynalovun, bu gün öz tövsiyələri ilə neft sənayesi işçiləri üçün mayak rolunu oynayan ağsaqqal akademikimiz Xoşbəxt Yusifzadənin əməyini yüksək qiymətləndirir. Neftçilərimizin gənc nəsli onların əmək yolunu davam etdirməsindən şərəf duyurlar.
Bu gün Neft Daşları abad bir dəniz şəhəridir. Bu şanlı yubiley günlərində biz aydın görürük ki, Neft Daşlarının perspektivləri hələ böyükdür. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, Neft Daşları hələ bundan sonra da uzun illər Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsinə ləyaqətlə xidmət edəcək.
Report xəbər verir ki, qərarla “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda “Geofizika mühəndisliyi” ixtisasının adı dəyişdirilərək “Geologiya və geofizika mühəndisliyi” adı ilə əvəzlənib.
Qeyd edək ki, Ə.Əsədovun dəyişiklik etdiyi qərarı bu il fevralın 11-də həmin vaxt Baş Nazir olan Novruz Məmmədov təsdiqləmişdi.
Birinci vitse-prezidentin paylaşımında deyilir:
"Bu gün əfsanəvi "Neft Daşları"nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"
Demokrat.az xəbər verir ki, Elnur Rzayev təyin olunduğu gündən indiyədək işdən sonra Xaçmaz şəhərinin Bakı prospektində yerləşən "ELİT” Hotelində qalır.
Qeyd edək ki, icra başçıları üçün nəzərdə tutulan qonaq evi sabiq başçı Şəmsəddin Xanbabayev tərəfindən özəlləşdirilib. Sözügedən qonaq evi hazırda sabiq İcra başçısının şəxsi mülkiyyətindədir. Bu səbəbdən yeni təyin edilən icra başçısı Elnur Rzayev hoteldə gecələmək məcburiyyətində qalıb.
İcra başçısının qaldığı hotel bir o qədər komfortlu olmasa da, şəhər mərkəzinə yaxın olduğu üçün seçdiyi bildirilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar jurnalist”
Əzimova Mətanət Əlirasim qızı
Hüseynov Murad Məhəmməd oğlu
Xəlilov Vüqar Nəriman oğlu
İsgəndərov Sahil Məmməd oğlu
İsmayılov Rasim Mustafa oğlu
Qafarova Aynurə Vəli qızı
Məhərrəmova Afət Telman qızı
Məmmədli Mahir Rafət oğlu
Məmmədova Gözəl Dağbəyi qızı.
“Əməkdar mədəniyyət işçisi”
Babayev Faiq Həsənağa oğlu
Əsgərov Mahəddin İsax oğlu
Fərəcov Ənvər Çingiz oğlu
Hacıyev Ramin Zahid oğlu
Həsən-zadə Rövnəq İmran oğlu
Şahbazov Hikmət Məmmədağa oğlu
Vəliyev Vüqar Tariyel oğlu.
“Əməkdar incəsənət xadimi”
Axundov Vasif Hafis oğlu.
“Əməkdar artist”
Cəfərov Səbuhi Aslan oğlu.
“Əməkdar mühəndis”
Ağalarov Faiq Seyidağa oğlu
Seyidov Nofəl Rəsul oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Cavadov Nemət Rövşən oğlu
Cəfərli Minijə Cəmşid qızı
Həşimov Murad Əhməd oğlu
İbrahimova Zülfiyyə Məhəmməd qızı
Kərimov Əhməd Musa oğlu
Qurbanov Samir Telman oğlu
Məmmədov Məmmədəli Nazim oğlu
Məmmədov Söhbət İsrafil oğlu
Musayev Ranar Rafael oğlu
Nəcəfli Anar Əşrəf oğlu
Sadıqov Faiq Əbülfəz oğlu
Şahbazov Rüfət Kamal oğlu
Şamıyeva Həyat Rəhman qızı.
AzərTac
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun APA-ya müsahibəsi
– “Yeni Müsavat” qəzetinin təsis olunmasının 30 illiyi tamam olur. Sizcə, bu illər ərzində oxucuların qəzetə marağı hansı templə inkişaf edib?
– Oxucuların adından danışmaq doğru olmazdı, amma bu 30 il ərzində mövcudluğumuz davam edibsə, bunun əsas səbəbi elə oxucu marağı, oxucu diqqətinin var olmasıdır. Müxtəlif periodlarda oxucular tərəfindən təpkilər müxtəlif olub. Elə periodlarımız olub ki, oxucu marağı zəifləyib. Məsələn, 1993-1997-ci illərdə oxucu marağı nisbətən zəifləmişdi, ancaq 1997-ci ildən bu günə qədər olan dövrdə mən oxuculardan şikayətçi deyiləm.
– Səbəb senzura idi. Eyni zamanda qəzet və media bazarına düzgün yanaşa bilməməyimiz də başqa bir səbəb idi. Çünki şərtlərimiz ağır idi. Üçüncü səbəbsə maliyyə imkanlarımızın çox qısıtlı olmasıydı. Amma 1997-ci ilin sentyabr ayından sonra radikal dəyişikliklər etdik; qəzetin formatını dəyişdik, ideoloji-siyasi qəzetdən ictimai-siyasi qəzet konseptinə keçdik. O vaxtdan bəri Azərbaycanın print-media bazarında liderik. Hazırda isə print-media vahidini elektron media vahidlərinə çevirə bildiyimiz üçün tirajımız daha yüksək nöqtəni göstərir. Çünki əvvəllər əlimizdə yalnız bir qəzet və on minlərlə ölçülən tirajımız var idisə, indi həmin qəzetin üzərində bir neçə elektron media qurmuşuq və media qrup yaratmışıq, əhatə dairəmiz kifayət qədər genişlənib.
– Yeni çıxan dövrlərdə qəzetin tirajı 15-20 mini əhatə edirdi. Təbii ki, buna o dövrkü gərgin ictimai-siyasi mühit də təsir edirdi. Lakin indi qəzetin tirajı 4-5 min səviyyəsindədir. Bunun kökündə təkcə print-medianın elektron mediaya uduzması dayanır, yoxsa başqa səbəblər də var?
– Səbəb budur ki, artıq dünyada, xüsusi ilə Azərbaycanda print-media çökməkdədir. Yalnız print-media kimi qalsaydıq, mən redaksiyada heç beş-altı adam da saxlaya bilməzdim, ümumiyyətlə, “Yeni Müsavat”ın yaşaması belə mümkün olmazdı. Biz istehsalçı olaraq, qəzetə diqqəti azaltmamışıq, sadəcə, oxucu artıq xəbəri telefondan oxuyur. Burada bizim edə biləcəyimiz bir şey yoxdur. Artıq evlərdə və ofislərdə televizorlar saatlarla söndürülmüş vəziyyətdə qalır, hər kəs xəbəri hər dəqiqə telefonundan alır. Bu durumu vaxtında sezdik və qəzetlər içərisində ilk olaraq biz bu prosesə adaptə olduq. Biz uğurlu adaptasiya prosesini həyata keçirə bildik deyə, bu gün yaşayır və mövcud olmağa davam edirik.
– “Yeni Müsavat” fəaliyyətə başlayanda müxalifət qəzeti statusunda idi. İndi də həmin status qalırmı?
– Mərhələlərə bölsək, ilk vaxtlar ideoloji-siyasi qəzet statusunda idik. Səbəb də o idi ki, biz Azərbaycana müsavatçılıq ideologiyasını gətirmək istəyirdik, Müsavatın qayıdış prosesinə flaqmanlıq edirdik. Daha sonra ictimai-siyasi qəzet olduq. Həmin periodda biz müxalifət düşərgəsində əsas komponent olan Müsavat Partiyasının yanındaydıq, onunla bərabər hərəkət edir, onun maraq və mövqelərindən, informasiya siyasətindən çıxış edirdik. Daha sonra isə biz müstəqilləşdik, depolitizasiya konsepsiyası əsasında xəbər qəzeti statusuna keçdik. Hazırda bizim media qrupunun həyata keçirdiyi informasiya siyasəti tamamilə fərqlidir; siyasi düşərgələrin və siyasi liderlərin maraqları ilə deyil, media qrupumuzun və kollektivimizin maraqlarından çıxış edirik.
– Yəni “Yeni Müsavat”a daha müxalifət qəzeti demək olmaz?
– Tənqidçi mövqedə olan media quruluşu demək olar.
– Sizin şəxsi nüfuzunuzun hər zaman “Yeni Müsavat”ın vəziyyətinə həlledici təsiri olub. Bilmək istərdim ki, 2015-cı ildə Müsavat Partiyasından çıxmağınız, daha sonra müəyyən mövqelər sərgiləməyiniz qəzetin tirajına təsir göstəribmi?
– Siz sualları “Yeni Müsavat” qəzetinin üzərində fokuslanmağa çalışsanız da, mən məcburən media qrupunun təsisçisi kimi, cəm halında cavab verirəm. Əgər “Yeni Müsavat” qəzetini bu media qrupundan ayırsaq, o qəzet bir ay sonra çapını dayandırar, çünki tək qəzet olaraq “Yeni Müsavat”ın öz xərclərini ödəmək imkanı yoxdur. Amma bütöv media qrupu olaraq baxanda, az da olsa, gəlirlə işləyirik. Bayaq da dedim, daha detallı izah edirəm; biz “Yeni Müsavat”ın üzərində analoqu olmayan bir sistem qurduq. Print-media ilə saytların birgə-sinxron fəaliyyəti və xəbərləşmədə paslaşma sistemini yaratdıq. Qəzetimiz bazisdir; hər şey onun üzərində inşa olunub; media qrupdakı bütün informasiya vasitələrinin mühərriki “Yeni Müsavat” qəzetidir; lakin onun özünün fiziki tirajı istehsal etdiyi xəbərlərin tirajından 10 dəfələrlə azdır. “Yeni Müsavat” xəbər, məqalə istehsal edir, biz onları yayın aqreqatı olan musavat.com saytı üzərindən daha yüksək tirajla yayırıq… Bütöv şəkildə götürəndə, mən partiyadan ayrılandan sonra qəzetin istehsal etdiyi xəbər və yazıların əhatə dairəsi və tirajı artıb, üstəlik bizim həm azərbaycandilli, həm də rusdilli resurslarımız güclənib. Ən önəmlisi, “Youtube”, “Facebook” platformalarında onlayn yayın sistemi qurmuşuq. Bunlar hamısı həmin depolitizasiya konsepsiyasına keçid nəticəsində mümkün oldu. Politik ortamda və hansısa siyasi düşərgəyə bağlı halda bunu edə bilməzdik. Ona görə də durumu dəyərləndirdik və düşərgələrə qarşı məsafə qoyduq, nəticədə qloballaşan informasiya sistemində öz seqmentimizi yaratdıq. Razılaşın ki, bunu bircə print-media ilə, yəni qəzetlə həyata keçirmək qeyri-mümkün idi. Çünki qəzetin hazırladığı xəbəri kənara ötürmək üçün onun özünü kənara daşımaq lazımdır. Məsələn, “Yeni Müsavat” qəzetinin xəbərini ölkə xaricinə yaymaq üçün bir zamanlar onun özünü fiziki olaraq ölkə xaricinə nəql etdirirdik. Amma indi nə edirik? Xəbər “Yeni Müsavat”ındır, amma biz artıq çağa, texnoloji inkişafa uyğunlaşmışıq, həmin xəbərləri qəzetin elektron versiyası vasitəsi ilə yayırıq. Artıq “Yeni Müsavat”ın xəbərini soydaşlarımız Almaniyada, İtaliyada, Moskvada, İstanbulda anındaca oxuyurlar. Xəbər istehsalçısı “Yeni Müsavat”dır, ötürücüsü isə başqa vasitələrdir. Biz bu yeniliyi qəzetin üzərinə montaj edə bildik, başqa qəzetlər bunu bacarmadılar deyə, sıradan çıxdılar.
– Belə çıxır gələcəkdə bu şərtlər daha da dərinləşsə, print-mediadan tamamilə imtina edə bilərsiniz?
– Menecer olaraq, əslində, mən “Yeni Müsavat” adlı bir qəzetdən çoxdan imtina etməli idim. Çünki dediyim kimi, şərtlər dəyişib. Ancaq “Yeni Müsavat” tarixdir, ənənədir, onu dayandırmaq ən azı bu baxımdan yolverilməzdir. Bir də ki Həsən bəy Zərdabinin məmləkətində qəzetlər qalmalı, print-media davam etməlidir. Ona görə də biz redaksiya olaraq, bu fədakarlığı davam etdirəcəyik. Həm də bayaq da dediyim kimi, biz media qrupumuzun mexanizmini “Yeni Müsavat”ın üzərində qurmuşuq. Məsələn, hər səhər bizdə planlaşma olur və bu, “Yeni Müsavat” qəzetinin planlaşmasıdır, saytın deyil. Və hər sabah biz digər media quruluşlarından fərqli olaraq Azərbaycan informasiya məkanına 150 min işarəlik materialla giririk. Digər saytlar əgər 5-6 xəbərlə günə başlayırsa, biz hazırladığımız qəzeti bir saatın içində elektron versiyaya çevirib oxucuya təqdim edirik.
– Əməkdaşlarınızla münasibətiniz necədir?
– Məncə bunu onlardan soruşsanız yaxşı olar.
– Qəzetdə tətbiq etdiyiniz hər hansı prinsiplər, daxili senzura varmı?
– Yaradıcılıqla bağlı deyirsinizsə, daxili senzura var və bu bizi incidir, əzir, yaradıcılıq eqomuzu içəridən gəmirir. Bəzən adi bir xəbəri də hüquqşünasımızla məsləhətləşib, sonra veririk. Yəni narahatlığımız var və bu Azərbaycandakı mətbu mühitə aid neqativlərdən biridir. Özünüsenzura günün ən mühüm tələblərindən birinə çevrilib.
– Bunun qarşısını necə almaq olar?
– Bunun qarşısını almaq üçün dövlət özünün informasiya siyasətinə yenidən baxmalıdır. Biz bəzən hansısa vəzifəli məmurla bağlı xəbəri yaymağa qorxuruq, çəkinirik. Baxmayaraq ki, həmin xəbər artıq sosial mediada trendə çevrilir, “Youtube”də tiraj yığır və bəzən milyonlarla oxuyan-baxan olur. Lakin biz media qrupumuza zərər verər deyə, çəkinirik və milyonluq xəbəri səhifələrimizə qoymuruq. Belə bir durum bizi və digər media nümunələrini sözün bütün mənalarında kiçildir. Hesab edirəm ki, informasiya siyasətinə aid bu durum aradan qaldırılmalıdır. Azərbaycanda fəaliyyət göstərən, ənənəsi olan, vətənə, millətə, dövlətə bağlı media quruluşlarına daha geniş imkanlar verilməlidir. Əks halda, sosial media bizim əlimizdən oxucunu, dinləyicini, seyrçini alır. Azərbaycan mediasından tənqidi rakursu yığışdırmaq olmaz. Tam tərsinə, Avropa malına çevrilmiş tənqidi yenidən transfer etməyə ehtiyac var. Heydər Əliyevin dövründə olduğu kimi, canlı yayın konsepsiyası ilə ictimai-siyasi müzakirələrə başlamaq lazımdır. Narazı elektorata, yəni narazı Azərbaycan vətəndaşına xitab edən ictimai fiqurların, rəy və siyasi liderlərin efirdə görünməsini təmin etmək zəruridir. Onlar niyə getsin Avropadan yayım yapan “Youtube” platformalarında, “Facebook”da fikirlərini ifadə etsinlər? Biz nə üçünük? Sosial mediada hazırda bir xəbər anarxiyası var, sistemsizlik, cəzasızlıq, söyüş-təhqir mühiti hökm sürür. Və bu mühit hər gün daha çox Azərbaycan ictimai rəyinə otuzdurulur… Bu dediklərim edilməyəcəyi təqdirdə kənar platformalar Azərbaycanın ictimai rəyini getdikcə daha çox yönləndirəcək. İnformasiya sahəsi də eyni ilə vətənin ərazisi kimidir. Bizim quru, dəniz, hava sərhədlərimiz olduğu kimi, informasiya sərhədimiz də var. Bu gün bizim informasiya sərhədlərimiz yanlış informasiya siyasəti nəticəsində təcavüzə məruz qalır və millətimiz auditoriya olaraq, “əsir’’ götürülür; axşamlar azərbaycanlıların siyasətlə maraqlanan kəsiminin hamısının diqqəti xaricdən yayılan verilişlərə yönəlir. Onların da əksəriyyətinin səviyyə və sferaları yüksək deyil; çoxu söyüşlə başlayır, söyə-söyə də saatlarla davam edir… Hansı ki, özümüzün keyfiyyətli televiziyalarımız var, jurnalistlərimiz var, onları gücləndirmək, maraqlı etmək lazımdır ki, tamaşaçı türk seriallarından tutmuş, Avropadakı siyasi seriallara qədər, kənar məhsullara az baxsın. Düzdür, AzTV və İctimai Televiziyada ciddi dəyişikliklər baş verib, REAL TV xəbər televiziyası konsepsiyasını Azərbaycana gətirib… Amma yenə də bunlar azdır. Özünüsenzuraya səbəb olan bütün faktorlar qeyd-şərtsiz aradan qaldırılmalıdır.
– Sizə tez-tez təzyiqlər olur?
– “Mənə təzyiqlər olur’’, demək düz olmaz. Mən olanları təzyiq saymıram. Amma istənilən halda məni narahat edən məqamlar çoxdur.
– “Yeni Müsavat” haqqında bəzən dindar kəsimə daha çox yer ayırması barədə iddialar səslənir. Bu iddialar barədə nə deyə bilərsiniz?
– Sizcə elədirmi? …Mən dindar kəsimə xitab eləmirəm, sekulyar seqmentə daha çox xitab edirəm. Özüm inanclıyam, amma iman da, inanc da insanın ürəyində, içində yaşamalıdır. İnancın, imanın ideologiya, partiya olmasının və hakimiyyətə gəlməsinin qəti əleyhinəyəm.
– Dini şəxsiyyətlərdən kimi özünüzə örnək sayırsınız?
– Mən ölümlü bəndələrdən özümə örnək seçməməyi öyrənmişəm. Amma İslam peyğəmbərini özümə örnək götürürəm. Hər bir çətinlikdə Allaha xitab eləmişəm, ona görə də sınmadan, əyilmədən, bütün proseslərdən çıxa bilmişəm.
– Mütaliəyə vaxtınız olur?
– Kitabları oxumağa başlayıram, amma bitirə bilmirəm (gülür).
– Sonuncu dəfə hansı kitabı oxuyub yarımçıq qoymusunuz?
– Noah Yuval Hararinin “Homo Deus” kitabını oxumağa başladım, çox maraqlı, içində yeni baxışlar, yeni sistemlər olan kitabdır, maşınımda gəzdirirəm, bir-iki vərəq oxuyuram, son vaxtlar isə ümumiyyətlə üzünü aça bilmirəm.
– Bədii ədəbiyyat necə, oxuyursunuz?
– Bədii əsərləri son vaxtlar azaltmışam, oxuya bilmirəm. Bir neçə ildir ki, saytlar və onlardakı fəaliyyətimə görə mütaliəyə vaxt qalmır. Gün ərzində 17-18 saat telefonda saytları izləyirəm.
– Özünüzün xəbər yazıb redaksiyaya göndərdiyiniz hallar çox olub?
– Bəli, çox olub. Bəzən hansısa tədbirdə müxbirlərim olmur, o zaman həmkarlarımın, media patronlarının yanındaca çəkinmədən xəbər yazır, şəkil çəkib ötürürəm və bunu özümə şərəf bilirəm. Düzdür, bəzi dostlarım məni qınayır ki, niyə belə edirsən? Ancaq məncə jurnalist əməyi çox şərəfli əməkdir, mən də özümü reportyor-jurnalist sayıram və düşünürəm ki, məndə heç də pis alınmır.
– Özünüzü daha çox siyasətçi hesab edirsiniz, yoxsa jurnalist?
– Hər hansı ölkədə media qrupunun rəhbəri olmaq istənilən halda siyasi postdur.
– Mir Şahindən müsahibə götürəndə demişdi ki, jurnalistikasız yaşaya bilməz, həyatının amalı jurnalistikadır. Sizdə də bu cürdür?
– Jurnalistikasız bir gün də yaşaya bilmərəm.
– Amma içinizdə deyəsən yenidən siyasətə qayıtmaq havası da var…
– Siyasi mühit o qədər pisdir ki, bəzən istəyirəm oraya bir düzən verim. Mənim siyasətdə qoyub gəldiyim dostlarım o vaxt necə qoymuşamsa, elə orda da qalıblar. Manevr edə bilmirlər. Doğru-dürüst qərar verə bilmirlər. Son 30 ildə öz ətraflarını da bədbəxt ediblər, özlərini də, ölkəni də.
– Bayaq yeni mediaya keçiddən danışdınız. Bunu da uğurla həyata keçirmisiniz. Bəs Sizcə müasir siyasətçi, müxalif siyasətçi necə olmalıdır, siyasətə qayıtsanız nələri dəyişərdiniz?
– Hamı deyir iqtidardan başlamaq lazımdır, qəti şəkildə elə deyil. Gəlin, birinci müxalifət düşərgəsindən başlayaq. Müxalifət münasibətlərin yenilənməsində maraqlı olmalıdır. Azərbaycan müxalifətinin öndə gələn aparıcı liderləri və təşkilatları Azərbaycan hakimiyyətini və prezidentini qəbul etmirlər. “Prezident” deyə xitab etmirlər və gözləyirlər ki, onların qəbul etmədikləri və xitab etmədikləri prezident onları tanısın, bu da mümkün deyil. Bu 1993-cü ildən qalma ənənədir. Səhv düşüncə idi və böyük itkilərlə nəticələndi. Prezident Heydər Əliyevi hakimiyyətə dəvət edib, sonra onu tək qoydular, vəzifələrini dondurdular və dedilər ki, biz səni tanımırıq. Halbuki özləri çağırmışdılar ki, gəl ölkəni xilas elə. 1995-ci il mart hərbi qiyamından sonra ölkənin xilas prosesi yekunlaşdı. Amma AXC-Müsavat iqtidarının əsas simaları kənara çəkildi və Heydər Əliyevi ilk gündən tək qoydular. O da yaxın zamanlara qədər Azərbaycanda problemə çevrilmiş bəzi kadrlarla işləmək məcburiyyətində qaldı.
– Hamı deyəndə ki, Siz də onların içində deyildinizmi?
– Mən son 30 ildə “Yeni Müsavat” qəzetinin baş redaktorluğundan başqa vəzifə daşımamışam.
– Siz həm də partiyada məsul vəzifədə idiniz.
– Partiyada, Azərbaycan Xalq Cəbhəsində yüksək siyasi mövqelərim olub. Lakin həmin təşkilatlara yön verən deyildim. Yön verənlər böyük səhvlər etdilər və o səhvlər indiyə kimi davam edir.
– Siz deyirsiniz ki, iqtidar-müxalifət münasibətləri ən azı Türkiyədəki kimi olmalıdır?
– Əlbəttə. Müxalifət nifrəti, kini buraxmalıdır. Elə rakurs yaradıblar ki, hər hansı ziyalı gedib hakimiyyət nümayəndəsi ilə görüşəndə, haqqı olan mükafatı dövlətdən alanda onu topa tuturlar, gözdən salırlar.
– Elə Sizin özünüzü…
– Mən heç… Mənim siyasi immun sistemim çox gəlişib, narahat deyiləm. Amma insanları linç edir, mənəvi terrora məruz qoyurlar. Öz ölkənin iqtidarı ilə görüşmək qüsurdursa, elə müxalifətlə görüşmək də qüsurdur. Sən bu ölkədə müxalifət olmağı qəbul etmisənsə, deməli, dövlətin bir parçası olmağı qəbul etmisən. Lütfən bu dövlətin parçası olaraq öz mandatın istiqamətində hərəkət elə, nifrət dili yayma, kin qusma, insanları nifrətə səsləmə, onları yanlış yönləndirmə. Siyasət istənilən halda hakimiyyətə gəlmək üçün vasitədir və o vasitəni düzgün istifadə etmək lazımdır. “Bizimkilər’’ siyasi mövqeyi o həddə gətiriblər ki, sanki əqidə də, din də, iman da, milli kimlik də odur…
Müxalif düşərgədə çox fədakar, təmiz kadrlar var ki, sadəcə durduqları yer və arxasınca getdikləri liderləri yanlışdır. O baxımdan, hər zaman mənim qəlbimdən belə bir istək keçir ki, o cür kadrları, kütləvi səhnələrin rejissoru olmuş, savaşlarda iştirak etmiş, həm siyasi, həm də hərbi səhnələrin yaradıcısı olmuş insanları doğru yönəltmək, onları bir yerə toplayıb dövlətin strateji bir parçasına-normal müxalifətə çevirmək yaxşı olardı.
– O zaman 2020-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etməyiniz gözlənilir?
– Mənim ürəyimdən keçir, ancaq hər ürəyindən keçəni də həyata keçirmək mümkün olmur.
– Qəzetdə ədəbiyyat materialları niyə verilmir? Türkiyənin bir çox qəzetləri ədəbiyyat əlavələri buraxırlar. Eyni şeyi “Yeni Müsavat” qəzeti də edə bilməzmi?
– Biz bunu hamıdan əvvəl eləmişik. “Dünya” adında ədəbiyyat jurnalı buraxırdıq. Bu mənim arzum idi.
– İndi niyə buraxmırsınız?
– Çünki xitab elədiyimiz auditoriya bunu istəmir. Yeni auditoriya qurmaq üçün də həm zaman, həm vəsait, həm də işçi lazımdır. Bizim isə buna imkanımız yoxdur. “Yeni Müsavat” Media Qrupu hələ düzə çıxmayıb. Biz həmişə ekstremal vəziyyətdə fəaliyyət göstərmişik, 1989-cu ildən indiyə qədər belədir. Bizim yaratdığımız elektron TV-lər belə prosesin içində yaranıb. Heç bir əlavə vəsait qoymadan, kənardan işçi belə cəlb etmədən öz potensialımız hesabına bunları həyata keçirmişik… Gələcəkdə ədəbiyyat əlavəsi qurmaq mənim arzularımdan biridir, həm jurnal, həm də yaxşı bir ədəbiyyat saytı yaratmaq istəyirəm.
– Bir vaxtlar qəzetiniz ətrafında xeyli köşə yazarı cəmlənmişdi. Son illər sanki qəzetdə köşə yazarları azalıb, eyni zamanda onları izləyən oxucular da yoxdur.
– Doğru buyurursunuz. Son sözü əlahəzrət oxucu deyir. Biz gördük ki, köşə yazısında olan tiraj hər hansı agentlikdən aldığımız xəbərdə olan tiraj qədər belə özünü doğrultmur. Buna görə də həm menecer, həm də oxucu seçimi olaraq köşə yazarlarına diqqəti azaltdıq, xəbər saytı sisteminə keçdik və bu özünü doğrultdu.
– Amma Türkiyədə bu ənənə qalır və uğurla irəliləyir.
– Doğrudur, Türkiyədə köşə yazarları ən bahalı yazarlardır. Onların yazıları da yüz minlərlə oxunur. Bu, Türkiyə oxucusunun seçimidir. Halbuki türk köşə yazarları hadisəyə olduqca bəsit, sadə yanaşırlar. Bəlkə də onlara marağın səbəbi budur. Ancaq mən etiraf edim ki, bizim köşə yazarları türk köşə yazarlarından məzmunlu, həm də bədii yazırlar. Çünki bizim köşə yazarları həm türk, həm rus jurnalistika məktəblərindən bəhrələniblər.
– Gələcəkdə “Yeni Müsavat”ı TV-yə çevirmək perspektivi varmı?
– Bəli, var, efir məkanında iddialıyıq. Biz artıq efirə çıxmışıq və internet televiziyasını gəlişdirməyə çalışırıq. Artıq qlobal TV dövrü keçib. İnternet televiziyalar gələcək baxımdan daha əlverişlidir və hələ ki, bu istiqamətdə çalışırıq.
Mirmehdi Ağaoğlu
Apa.az
"REAL heç vaxt bir nəfərin partiyası olmayıb, ola da bilməz. Sədrimiz İlqar bəy həbsdə olanda belə sədr və 1 nömrəli siyasi məhbus olmasına baxmayaraq, dəfələrlə zindandan göndərdiyi təklifləri qəbul edilməyib, İlqar bəy də bunu normal qarşılayıb".
"Qafqazinfo" xəbər verir ki, bu barədə REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli sosial şəbəkədə məlumat paylaşıb.
O bildirib ki, indiki siyasi sistemdə başqa təşkilatlarda bu mümkün deyil:
"Hər səhər ofisə ən tez İlqar (İlqar Məmmədov) gəlir, çay qoyur, çay dəmləyir, sadə üzvlər istənilən an onun yanına gəlib iradlarını və təkliflərini deyir - belə bir adamı avtoritarizmdə ittiham etmək yersizdir. REAL tək adam təşkilatı ola bilməz. Bu, mümkün deyil. Belə olsaydı REAL-ı niyə yaradırdıq ki?! Gedib elə bu gün eyni qaydada idarə olunan partiyalardan birinə yazılardıq da. REAL həyatda şəxsi uğur hekayəsi yazmış insanların təşkilatıdır. REAL-ın özəlliyi və gözəlliyi də məhz budur! REAL həmişə şəxsi incikliyini və ambissiyasını arxa plana alan liderlərin təşkilatıdır - bu, belədir, belə də olacaq!".
“Rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarını qəsdən yubadır”.
“Report” xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 6-da Litvanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşdə deyib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.