Vilayət Eyvazovdan yeni
Xızı Rayon Polis Şöbəsində yeni təyinat olub.

Oxu.az məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Məhəmməd Qarayev Xızı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

O, bu təyinata qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışıb.

Baş nazirdən qərar
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının Təhsil İnstitutuna, Respublika Bədən Tərbiyəsi Mərkəzinin “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilməsi və Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası Azərbaycan Respublikasının Təhsil İnstitutuna birləşdirilsin.

Qərarla Respublika Bədən Tərbiyəsi Mərkəzi “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilib.

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliyə gəlincə, “Əlavə təhsil müəssisələri” bölməsi ləğv edilib. Eyni zamanda, “Məktəbdənkənar təhsil müəssisələri” bölməsinin 3-cü hissəsi ləğv olunub.

Həmçinin, “Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar” bölməsinin 6-cı və 15-ci hissələri ləğv edilib.

Təhsil Nazirliyi Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etməlidir.


“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçisi” Masis Mayilyanın Rusiya Federasiyasının paytaxtına getməsi ilə bağlı mətbuatda yayılan məlumat hazırda tərəfimizdən araşdırılır. Bu “səfər” çərçivəsində qanunsuz rejimin “nümayəndəsi”nin kimlərlə görüşdüyü, hansı tədbirlərdə iştirak etməsi kimi məsələlər dəqiqləşdirilir”.

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Leyla Abdullayeva bildirib.

“Bilirsiniz, diplomatiyada hər hansı məsələ ilə bağlı xarici ölkə səfirinin XİN-ə çağırılacağı xəbərini öncədən elan etmək təcrübəsi mövcud deyil. Bu, ciddi bir addımdır və əlbəttə ki, buna öncədən müvafiq məlumatı toplamaqla hazırlaşmaq lazımdır. Mətbuata isə səfirin çağırılması ilə bağlı məlumat post-factum, yəni hadisə baş verdikdən sonra verilir. Müşahidələrim onu deməyə əsas verir ki, bəzi jurnalistlər bu məsələdə əsassız səs-küy qaldırmağa çalışırlar. Fikrimcə, məsələyə aydınlıq gətirilməsi üçün professional yanaşma nümayiş etdirərək XİN-in Mətbuat Xidmətinə müraciət edilə bilərdi. Biz isə ünvanlanan bütün müraciətləri, əlbəttə ki, məsələ üzrə ətraflı məlumat toplandıqdan sonra cavablandırırıq. O ki qaldı konkret olaraq sualınızda qeyd etdiyiniz Xarici İşlər Nazirliyinin mövqeyinə, vurğulamaq istərdim ki, Azərbaycan tərəfinin qanunsuz oyuncaq rejimin “nümayəndələri”nin xarici ölkələrin ərazisinə daxil olması məsələsində nümayiş etdirdiyi yanaşma birdir və bu yanaşma hər bir kəsə eyni şəkildə şamil olunur. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi məsələsi bizim hamımız və bütün xalqımız üçün olduqca prinsipial məsələdir”, – deyə o qeyd edib.

General Həzi Aslanovun iş yeri dəyişdirildi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir.

Strateq.az xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin - Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib.

O, eyni zamanda işindəki nöqsanlara görə DİN-in rəhbər işçilərindən ibarət məşvərətçi orqan sayılan və təqdimatları Prezident tərəfindən təsdiqlənən Kollegiya üzvlüyündən də çıxarılıb.

Nazirin digər əmriylə Həzi Aslanov DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, nazirin əmriylə Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İzzət Kərimov da vəzifəsindən azad edilib.

Hələlik Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi və şöbə rəisi vəzifələrinə təyinat olmayıb.

Eldar Əzizov icra başçılarını sərt tənqid etdi

Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, Bakı şəhərində görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

BŞİH-dən  verilən məlumata görə, müşavirədə icra hakimiyyətlərinin başçıları, şəhərin təsərrüfat xidmətlərinin rəhbərləri iştirak ediblər.

Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının qəbulunda olduğu zaman Prezident tərəfindən verilən tapşırıqlar, qeyd edilmiş nöqsanlar, görüləcək işlər və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Toplantıda bəzi icra hakimiyyəti başçıları ciddi tənqid edilib.

Eldar Əzizov bildirib ki, şəhər icra hakimiyyəti və rayon icra hakimiyyəti başçıları ölkə Prezidentinin tutduğu iradlardan nəticə çıxarmalı, işlərini bu böyük insanın tələblərinə uyğun qurmalıdırlar: "Bu gün ölkədə sistemli dəyişikliklər, inqilabi islahatlar aparılır və buna uyğun olaraq iş, forma və metodları dəyişməlidir. Tənqid və özünə tənqid normaya çevrilməlidir”. Eldar Əzizov icra başçılarına müraciət edərək, hər bir sakinin problemini öz problemimiz kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə qanunsuz tikintilərlə bağlı ölkə başçısının iradları çatdırılıb, yaradılmış park və məhəllələrin lazımi səviyyədə qorunması ilə bağlı tapşırıqlar verilib. Xüsusi olaraq vurğulanıb ki, daxil olan məlumatlara görə RİH-də və digər qurumlarda vətəndaşların müraciətlərinə bəzi hallarda lazımi diqqət göstərilmir, süründürməçilik hallarına yol verilir.

Toplantıda rüşvətxorluq və digər neqativ halların aradan qaldırılması, yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçiririlməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlar verildi və qaldırılan məsələlərlə bağlı tədbirlər planının hazırlanması qərara alınıb.

Tədbirdə bir neçə rayon icra hakimiyyətinin başçısı çıxış edərək ölkə başçısının haqqlı iradlarından nəticə çıxaracaqlarını və qısa müddətdə lazımi tədbirlərin görəcəklərini bildiriblər.

Prezidentin yeni təyin etdiyi gənc icra başçısından

Prezident İlham Əliyevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin etdiyi Elnur Rzayev nümunəvi addım atıb.

Baku.ws xəbər verir ki, 39 yaşlı icra başçısı digərlərindən fərqli olaraq vətəndaşları hər gün qəbul etmək qərarına gəlib. Belə ki, Xaçmazda Elnur Rzayevin qəbulunda olmaq istəyən yerli sakinlərə hər gün səhər 10-dan etibarən onunla görüşək fürsəti yaradılıb. 

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşəcək vətəndaşlar bu yolla öz problemlərini birbaşa ona çatdıracaq və yaranacaq neqativ halların həllinə tez bir zamanda nail olacaq. 

Qeyd edək ki, Elnur Rzayev İcra Hakimiyyətinin başçısı təyin olunan zaman mətbuata açıqlamasında əlindən gələni əsirgəməyəcəyini bildirmişdi. 

“Təyinatım mənim üçün böyük sürpriz oldu. Cənab Prezidentə bu etimadına görə minnətdarlığımı bildirirəm.  Çalışacağam ki, mənə olan etimadı doğruldum. Bir icra başçısı kimi əlimdən gələnin ən yaxşısını etməyə hazıram”,- deyə yeni icra başçısı vurğulamışdı.

Milli Məclisdə büdcə müzakirələri başladı

Milli Məclisdə 2020-ci ilin büdcə zərfinin müzakirələri başlayıb.

Gələn ilin büdcəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunur.

Büdcəyə növbəti günlərdə digər komitələrdə də baxılacaq.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılır.

Vilayət Eyvazovdan yeni
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.az məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nəzər Əsgərov Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, bu vəzifəni bundan əvvəl polis polkovniki Hikmət Qasımov yerinə yetirirdi. O, Mingəçevir Şəhər Polis Şöbəsinə rəisi təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt ŞPİ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Əli Abdullayev DİN-in Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri vəzifəsinə təyinat alıb. 

Bakıda Hərbi Dialoq iclası başladı

Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb.

 Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahın ikinci rəisi korgeneral Metin Gürak toplantıda iştirak etmək üçün Azərbaycana gəlib.

Tədbirdə nümayəndə heyətləri işçi qruplarda ikitərəfli hərbi əlaqələrin cari vəziyyətini nəzərdən keçirirlər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edirlər.

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Metin Gürakdır.

Hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq.


“Əsrlərin sınağından çıxmış Azərbaycan və Türkiyə qardaşlığı bu gün dünyada hamı üçün örnəkdir”.

 “Ölkə.Az”-a istinadla xəbər verir ki, bunu sabiq deputat və İcra başçısı Vaqif Abdullayev deyib.

Onun sözlərinə görə, deputat Araz Əlizadənin Qafqaz İslam Ordusunun komandanı, bütün türk dünyasının qürur və fəxr ünvanı qəhrəman Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması barədə fikirlərinə ölkəmizdə və Türkiyədə yaşayan türklər tərəfindən sosial mediada da ciddi etiraz gəlməkdədir.

“Araz Əlizadədən bundan artığını gözləmək də olmazdı. Onun Azərbaycanın müstəqillik əldə etdiyi ilk günlərdən başlayaraq dövlətimizin milli maraqlarına, suverenliyinə qarşı xəyanətkar mövqeyi olan və erməni separatizminə haqq qazandıran Leyla Yunus, Arif Yunus, Arzu Abdullayeva kimi zatı və qanı xarab olanlarla birgə fəaliyyətini heç kim unutmayıb.

Bu gün Amerikadakı erməni lobbisinin süfrəsindən qidalanan yunuslara, əlikramlara olan sevgisini ürəyində yaşadan Araz Əlizadələrin türkə, türkçülüyə, milliliyə münasibəti PKK-nın, ASALA-nın mövqeyidən heç də fərqlənmir. Onun bu mövqeyi erməni terrorbaşı Qaregin Njde ləqəbli Qaregin Ter-Arutyunyanı tərif edən Paşinyanın mövqeyinə daha yaxındır”- V.Abdullayev bildirib.

O əlavə edib ki, Azərbaycan və Türkiyə türklərini qan bağlılığı, genetik kod birləşdirir. “Azərbaycan və Türkiyənin zəngin tarixində, minillər tarixi olan hər qayasının, hər daşının üzərinə qardaşların hopmuş qanı vardır.
Tarixə qızıl hərflərlə həkk olunmuş 15 sentyabr Azərbaycanın şərəf tarixidir, zəfər bayramıdır. Nuru Paşanın igid əsgərləri ötən əsrin əvvəllərində öz qardaşlıq borclarını necə şərəflə yetirə yetirmişdilərsə, Çanaqqalada şəhid minlərlə azərbaycanlı öz can borcunu ödəmişdir.

… Hər bir azərbaycanlı Türkiyədə və dünyada yaşayan bütün türkləri özünün qardaşı hesab edir, özünün qanı-canı bilir. Hər iki ölkə kədərini özünün kədəri, sevincini sevinci hesab edir. Prezident İlham Əliyevin çox dəqiq və möhtəşəm şəkildə ifadə etdiyi kimi “Türkiyənin uğuru Azərbaycanın uğurudur. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır”.

100 il əvvəl olduğu kimi bu gün də Azərbaycan və Türkiyə ordusu bir yerdədir, birgə təlimlər keçirlər, çiyin-çiyinə düşmənə qarşı mübarizliyini, əzmkarlığını nümayiş etdirir.

Türkün heç vaxt nankora, satqına ehtiyaca olmayıb, araz əlizadə kimilərinə də əsla kiminsə ehtiyacı yoxdur. Biz türklər öz milli mənsubluğumuzla fəxr edirik.

Tarixini bilməyən xalq, tərcümeyi-halını bilməyən insana bənzəyər. Zatını bilməyən oğuldan kişi çıxmaz. Hələ də öz milli mənsubiyyətini tapa bilməyən Araz Əlizadə neçə ildir ki, ortaya nifaq salmağa çalışan qardaşlarının mahnısını ifa etməyə çalışır. Ancaq böyük şairimiz Fikrət Sadığın dediyi kimi, “biri elə çalır, biri belə çalır, biri də elə – belə çalır”. Araz Əlizadə də beləsindəndir.

Gərək hər kəs bildiyi mövzudan danışsın, bu zavallılar başa düşmürlər ki, bilmədiyi şeydən danışanda üfunətləri ətrafı bürüyür”.