İlham Əliyev Cavid Qurbanovu qəbul edibPrezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib.

"Ölkə.Az" xəbər verir ki, son illər Azərbaycanın dəmir yollarında görülən işlər və qarşıda duran vəzifələrdən danışan Prezident İlham Əliyev dedi:

-Son illər dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulur. Bu investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf etmişdir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür. Onu da əlavə etməliyəm ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə biz dünyada 31-ci yerdəyik. Yəni, Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir, keçən il yeni dəniz ticarət limanı, 2017-ci ildə Bakı-Tbilisi-Qars tarixi dəmir yolu istifadəyə verilib, daxili dəmir yolları müasirləşir. Bir sözlə, Davos hesabatında bizim yüksək yerə malik olmağımız reallığı əks etdirir. Ancaq bununla paralel olaraq biz gələcəkdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Çünki ölkəmizin uğurlu inkişafı, o cümlədən nəqliyyat infrastrukturundan asılıdır.

Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir. Ümumi rəyə görə, - bu, beynəlxalq təşkilatların hesabatında da əks olunur, - Azərbaycan çox etibarlı və önəmli tranzit ölkəyə çevrilibdir. Mən dəfələrlə demişəm ki, hər bir ölkənin öz tranzit potensialını inkişaf etdirmək üçün, ilk növbədə, qonşu ölkələrlə yaxşı münasibətləri olmalıdır və bu gün bu, reallıqdır. Təkcə son bir-iki ay ərzində mənim dörd qonşu ölkənin rəhbərləri – Rusiya Prezidenti, Türkiyə Prezidenti, İran Prezidenti və Gürcüstanın Baş naziri ilə görüşlərim olubdur. Bu görüşlərdə, o cümlədən bizim nəqliyyat sahəsində əməkdaşlığa da kifayət qədər böyük vaxt ayrılmışdır. Bir sözlə, bizim tranzit potensialımız gələcəkdə qeyri-neft sektorunun inkişafına daha da böyük dərəcədə xidmət göstərəcək. Bu gün də qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının çoxaldılması istiqamətində nəqliyyat sektorunun rolu artmaqdadır. Biz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edirik, keçən il təqribən 300 min tona yaxın yük daşınmışdır. Önəmli məsələ ondan ibarətdir ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq.

Yəni, onu demək istəyirəm ki, vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlanan və bizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm əhəmiyyət daşıyır. Mən əvvəllər də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir. Eyni zamanda, biz Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük diqqət yetirmişik. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb, o cümlədən İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi də artıq 2 ildir ki, tamamlanıb. O cümlədən dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. 2018-ci ildə bu dəhlizlə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artmışdır. Yəni, böyük potensial var və eyni zamanda, Şimal-Qərb nəqliyyat dəhlizi işləyir. Rusiyadan, həmçinin İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir. Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq ölkələri bir-birinə daha da yaxın edir, təhlükəsizliyi möhkəmləndirir, bölgədə vəziyyəti daha da müsbət istiqamətdə inkişaf etdirir və hər bir ölkəyə böyük iqtisadi dividendlər gətirir.

Eyni zamanda, mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır, o cümlədən Bakı şəhərətrafı yolun tikintisi gedir. Bu, Bakı qəsəbələrini şəhərin mərkəzi ilə bağlayan yollardır. Eyni zamanda, bizim turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə dəmir yolunun çəkilişi layihəsi davam etdirilir. Sovet vaxtında Qəbələyə dəmir yolu çəkilməmişdir, buna ehtiyac yox idi, ancaq hazırda buna böyük ehtiyac var. Mən bu təşəbbüsü irəli sürəndə bəziləri fikirləşirdilər ki, buna ehtiyac yoxdur. Halbuki bu yaxınlarda Qəbələdə olarkən mənə məlumat verildi ki, bu ilin 9 ayında Qəbələyə 150 min turist gəlmişdir. Ancaq söhbət otellərdə yerləşən turistlərdən gedir. Əgər fərdi qaydada evlərdə kirayədə qalan turistləri nəzərə alsaq, bu, əlavə 150 min olacaq. Ümumi Qəbələyə 300 min turist gəlib. Qəbələyə bir yol var – Şamaxı-Qəbələ yolu. O yol da artıq mənim göstərişimlə yenidən qurulacaq. Əlbəttə ki, bu yol artan turizm qrafikini götürə bilməyəcək. Ona görə Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, baxmayaraq ki, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, ancaq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti bizi qane edə bilməz. Çünki vaxtilə orada təmir işləri aparılmamışdır. Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın. Hazırda qatarlar saatda təqribən 40, maksimum 50 kilometr sürətlə gedir. Bu, böyük yükləri daşımağa və sərnişinlərə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Ona görə bizim məqsədimiz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin dəmir yolu hissəsinin modernləşdirilməsidir. Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin. Artıq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının modernləşdirilməsi prosesi başlanmışdır.

Ona görə mən sizi dəvət etmişəm ki, görülmüş işlərlə bağlı məlumat verəsiniz. Bu ilin sonuna qədər hansı işlər görüləcək və ən əsası, gələn il biz hansı işləri görməliyik? Çünki gələn ilin investisiya proqramında dəmir yollarının tikintisi nəzərə alınmalıdır. Məruzə edin.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid QURBANOV dedi:

-Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Əlbəttə ki, bu işlərin əvəzi yoxdur. Ölkəmizdə 15 min kilometrdən çox yol çəkilib, körpülər, aeroportlar tikilib, o cümlədən Azərbaycanın dəmir yollarında bir növ inqilab olub, yenilik edilib. Bunların hamısı Sizin dəstəyiniz və xüsusi qayğınız hesabınadır.

İcazənizlə, əvvəlcə Bakı dairəvi dəmir yolu barədə məlumat verim. Əvvəllər “elektriçka” adı ilə mövcud olmuş bu yol uzun illərdir ki, işləmirdi. Son 25 ildə sadəcə 5-10 elektrik qatarı var idi ki, onlar da 40 ildən çox idi işləyirdi və istismar müddəti çoxdan bitmişdi.

Sizin göstərişinizlə biz bu yolun yenidən tikintisinə başlamışıq. Yan yolları ilə birlikdə bu yolun ümumi uzunluğu 200 kilometrə yaxındır. Uzun illər ərzində yol yatağı sıradan çıxmışdı. Sizin göstərişinizlə bütün yol kəsişmələrini eyni səviyyəlilərdən müxtəlif səviyyəlilərə keçirdik, insanların rahatlığı üçün. Bunu bir növ Abşeron dairəvi dəmir yolu adlandırmaq olar. Çünki bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir. Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib, 11 yeni, modern stansiya tikilib. Yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunub. Bütün yol boyu çirkab və tullantı sularını yığışdırmışıq. Metal hasarın da təqribən 70 faizə qədərini yerinə yetirmişik.

Birinci hissə, Abşeron dairəsini - yəni, Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” və nəhayət, Bakını birləşdirən yol ilin axırınadək tamamlanır.

Prezident İlham ƏLİYEV: İlin axırına tamamlanır, çox yaxşı.

Cavid QURBANOV: İndi Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Hesab edirik ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanımız olacaq.

Prezident İlham ƏLİYEV: Bu, daha rahat nəqliyyat növüdür. Eyni zamanda, vətəndaşlar daha da qısa müddət ərzində mənzil başına, iş başına çata biləcəklər. Çünki indi avtomobil yollarında kifayət qədər tıxaclar var. Düzdür, bir çox yollar salınıb, yeni körpülər, yeni yol qovşaqları tikilib, amma yenə də pik saatlarda tıxaclar var. Ona görə bu yol həm insanlara rahatlıq verəcək, həm də avtomobil yolunun yükünü azaldacaq. Ona görə ilin sonuna qədər nəzərdə tutulan bütün layihələr başa çatmalıdır və gələn il də bu işlər davam etdiriləcək.

Bakı-Sumqayıt dəmir yolunun fəaliyyəti, onun əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bu yol ilə nə qədər sərnişin daşınır?

Cavid QURBANOV: Artıq bu yol ilə hər gün 12 min sərnişin daşınır.

Prezident İlham ƏLİYEV: 12 min?

Cavid QURBANOV: Bəli,12 min. Amma bu, açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb.

Prezident İlham ƏLİYEV: Bəli, mən getmişəm o yolu, çox rahatdır.

Cavid QURBANOV: Sürəti də 140-a artırmaq istəyirik.

Prezident İlham ƏLİYEV: Müasir “Stadler” vaqonları da alınıb, onlar da işləyir.

Cavid QURBANOV: Bəli, hamısı işləyir.

Prezident İlham ƏLİYEV: Bakı-Gəncə dəmir yolu necə işləyir indi? Gəncədə son dəfə olarkən gəncəlilərə söz vermişdim ki, bu yol işləyəcək, artıq bu, fəaliyyətdədir. Bizim planımız var ki, Gəncədən Gürcüstan sərhədinə qədər də həmin o vaqonlar işləsin və sərhəd rayonlarında yaşayan vətəndaşlar da bundan faydalansınlar.

Cavid QURBANOV: Hazırda hər gün bir qatar gedir, bir qatar gəlir.

Prezident İlham ƏLİYEV: Neçə saata gedir?

Cavid QURBANOV: Dörd saata gedir, cənab Prezident. Amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti biz Siz söylədiyiniz kimi, 140-a qaldıraq. Bu da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə çata bilərik.

Prezident İlham ƏLİYEV: Üç saata?

Cavid QURBANOV: Bəli.

Prezident İlham ƏLİYEV: Çox gözəl.

Cavid QURBANOV: Sizin tapşırığınızdan sonra biz yenidən bu məsələ ilə məşğul olmuşuq. Bu gün Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitirmişik. Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin olunacaq.

Prezident İlham ƏLİYEV: Əlbəttə, vətəndaşlar indi dəmir yolu ilə getməyi seçəcəklər, çünki həm rahatdır, təhlükəsizdir, həm də məsafə və vaxt baxımından daha da əlverişlidir. Bəs, Ləki-Qəbələ yolunun tikintisi nə yerdədir?

Cavid QURBANOV: Ləki-Qəbələ yolunun tikintisi davam edir. Bu yolun uzunluğu 46 kilometrdir.

Prezident İlham ƏLİYEV: Amma hələlik torpaq işləri aparılır?

Cavid QURBANOV: Bəli, torpaq işləri aparırıq, yolun 11 kilometrini artıq qoymuşuq. Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik, körpülər, istinad dayaqları və sair. İş davam edir.

Prezident İlham ƏLİYEV: Nə vaxt hazır olacaq?

Cavid QURBANOV: Bizim hesablamalarımıza görə, gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq.

Prezident İlham ƏLİYEV: Çalışın, yay mövsümünə qədər istifadəyə verilsin. Çünki yay aylarında o bölgələrə daha çox vətəndaş gedir. Ona görə, çalışın, yay mövsümünə qədər başa çatdırasınız.

Cavid QURBANOV: Baş üstə, cənab Prezident. Bizim dəmir yollarımızın 60 faizi Sovetlər Birliyi dövründə elektrikləşdirilmiş yollardır. Bu, həm Zaqatala-Qəbələ tərəfdədir, həm Astara zonasındadır. Sizin tapşırığınızdan sonra biz bu yollar üçün də 2-3 dizel qatarı sifariş etmişik. İki yeni qatarımız da gəlir. Qəbələyə işləyəcək bu qatarları sınaqdan keçirmək üçün Gəncə dəmir yoluna buraxacağıq.

Prezident İlham ƏLİYEV: Yaxşı. Bəs, Ələt-Astara dəmir yolunda hansı işlər görülür?

Cavid QURBANOV: Ələt-Astara yolu ilə bağlı Siz o vaxt göstəriş vermişdiniz ki, Lənkəran şəhərinin gözəlliyini, dənizə yaxınlığını, dənizi qorumaq üçün, ekologiyası üçün həmin yol kənardan aparılsın. Bu gün biz o yolla məşğuluq. Bütün layihələndirmə işləri görülüb. Siz dediyiniz kimi, Astara-Astara yolunun 17 kilometrlik hissəsi artıq tikilib. Həm körpü inşa olunub, həm də biz o tərəfdə böyük terminal tikmişik. Terminal bu gün işləyir. İlin axırınadək orada daha 7-8 yol tikəcəyik. Avtomobil yolları da tikiləndən sonra orada bir dənə avtomobil terminalı tikmək lazım gələcək. Yəqin ki, bizim oradakı ərazimizdə tikiləcək. Dəmir yolu ilə daşımalarda artım var, bu gün maraq çoxdur.

Prezident İlham ƏLİYEV: Bəli, biz bu yolu mütləq yenidən qurmalıyıq. Birincisi, mövcud yol artan yükdaşımanı öz üzərinə götürə bilməz. Bu, faktdır və sürət də çox aşağıdır. Yol düz dəniz qırağı ilə gedir, həm təhlükəlidir, həm də ki, vaxt baxımından səmərəli deyil. Digər tərəfdən, Lənkəran indi böyük turizm potensialına malik olan bir rayondur. Son illərdə orada otellər, istirahət zonaları tikilib. Biz Bakı-Lənkəran avtomobil yolunu yenidən qurmuşuq. Demək olar ki, heç bir şəhərə girməyən və məsafə baxımından təqribən 60-70 kilometr daha qısa yoldur. Ona görə vətəndaşlar tam rahatlıqla gedirlər. Odur ki, o dəmir yolunu sahildən başqa istiqamətə keçirmək əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Beləliklə, Lənkəranın sahil zonası da turizm üçün açıq olacaq, iş adamları, investorlar gələcək, orada otellər tikəcək. Çünki orada çox gözəl sahil zonası vardır və biz bundan istifadə etməliyik.

Bir də ki, mənim tapşırığımla indi Bakı-Yalama yolunda işlər gedir. Biz bu yolun da inşasını sürətləndirməliyik, ilk növbədə, Şimal-Cənub nəqliyyat dəhlizi üçün. Həmçinin, bizim digər kurort zonası olan Qusar rayonuna da dəmir yolu çəkilməlidir. Hansı ki, sovet vaxtında da heç çəkilməmişdi. İndi mən göstəriş vermişəm ki, bu işlər də öz həllini tapsın. Bu istiqamətdə hansı işləri görmüsünüz?

Cavid QURBANOV: Cənab Prezident, Biləcəri-Yalama istiqamətində yolun uzunluğu 348 kilometrdir. Artıq büdcə müəyyənləşib, Dünya Bankı, Fransa İnkişaf Agentliyi tərəfindən. Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birgə işləmişik. Artıq kredit yekunlaşıb. Biz o yolun tikintisinə yəqin ki, dekabr ayında, yaxud da yanvar ayında başlayacağıq. Bu, yolun bir hissəsi üçündür. Qalan hissəsi Sizin tapşırığınızla büdcədən ayrılıb. Artıq orada 5 yeni yarımstansiya tikilib, çox böyükdür. Elektrik, rabitə xətləri ilə bağlı işləri görmüşük, fiberoptik kabelləri də çəkirik. Tikinti işlərinə gələn il başlasaq, təqribən iki il davam edəcək.

Prezident İlham ƏLİYEV: Bəli, o yola da çox böyük diqqət göstərilməlidir. Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəsini böyük dərəcədə artıracağıq.

Mehriban Əliyeva şəhid ailəsinin evinin qaytarılması barədə tapşırıq verdi
Bir neçə gün əvvəl sosial şəbəkələrdə şəhid Şaban Cəfərovun ailəsinin evinə həbs qoyulması ilə bağlı məlumatlar yayılıb.

Məsələ cəmiyyət arasında ciddi narahatlığa səbəb olub və geniş müzakirə edilib.

Oxu.Az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailəsinin müraciətinə baxılması və evin dərhal şəhid ailəsinə geri qaytarılması ilə bağlı tapşırıq verib.

Bundan sonra problem öz həllini tapıb.

Qeyd edək ki, bu mövzunu yazar Səbinə Yusif özünün sosial şəbəkədəki hesabından paylaşıb.

Səbinə Yusif məsələnin şəhid Şaban Cəfərovun ailəsinin xeyrinə həll olunması istiqamətində verdiyi tapşırığa görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildirib.
"Ümid edirəm ki, yeni kadrlar ölkə başçısının etimadını doğruldacaq" — Deputat

“Düşünürəm ki, həyata keçirilən islahatların bir neçə aparıcı qüvvəsi var. Bunlardan birincisi hədəflərin müəyyən edilməsidir. Artıq cənab Prezidentin ölkənin gələcək inkişafı ilə bağlı 2016-ci ildən etibarən müəyyən etdiyi Strateji yol xəritəsinə uyğun olaraq addımlar atılmaqdadır”.
Bunu açıqlamasında millət vəkili Tahir Mirkişili Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, ölkə başçısının yürütdüyü siyasətin əsas qayəsi ölkəmizin inkişaf etmiş ölkələr sırasına daxil olması, insanların rahat, təhlükəsiz, sosial rifah halında yaşamasıdır.

“Bunun üçün də iqtisadiyyatımız daha da inkişaf etdirilməli, sahibkarlığın inkişafına imkan yaradılmalıdır. Burada ikinci məqsəd ölkənin dinamik və dayanıqlı inkişafını təmin etmək üçün qanunvercilik səviyyəsində hüquqi bazanın yaradılmasıdır. İslahatların dərinləşdirilməsi üçün bu istiqamətdə də işlər gedir.

Ən nəhayət, üçüncü mühüm mərhələdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün dövrün tələblərinə cavab verə bilən uğurlu kadrlara ehtiyac var. Belə deyək, hədəf bəllidir. Bunun üçün bütün lazimi mexanizmlər yaradılıb. Ancaq icra prosesində bu mexanizmə və hədəflərə çatmaq üçün tapşırıqları uğurla icra edə biləcək, dinamikliyi saxlaya biləcək, həmçinin hansısa tapşırıq gözləmədən yaradıcı kadrlar olmalıdır. Ölkə başçısının sonuncu kadr islahatları yaradılan bu mexanizmləri işə salmaq məqəsdi daşıyır”, - deyə deputat bildirib.
Deputat əlavə edib ki, qarşıda duran hədəflərə nail olmaq üçün Azərbaycanın böyük imkan və potensiları var və bundan faydalanmaq üçün uğurlu kadrlara ehtiyac var:

“Ölkə iqtisadiyyatında dinamikanı təmin etmək üçün potensialdan hələ də tam istifadə edilmir. Hansı ki, bunu etmək olar. Hansı ki, biz gömrük və vergi sahəsində həyata keçirilən islahatlar zamanı bunun şahidi olduq. Bütün bunları nəzərə alan ölkə başçısı kadr islahatlarına start verib. Cənab Prezidentin dediyi kimi təyin olunan yeni kadrlar etimadı doğrultmaqla, işlərini qarşıya qoyulan hədəflərə çatması istiqamətində qurmaqla, xalqın etimadını qazanmaqla, sahibkarlığın inkişafına şərait yaratmaqla iqtisadi daha da inkişaf etdirilməsinə nail olmalıdırlar.

Hesab edirəm ki, ölkə başçısı qarşıya qoyulan hədəflərə nail olmaq üçün daha çox gənc kadrlar üstünlük verir. Ümid edirəm ki, yeni kadrlar ölkə başçısının etimadını doğruldacaq və daha qısa zamanda qarşıya qoyulan hədəflərə nail olunacaq”.
Yeni icra başçıları kollektivə təqdim olunub
Bakının Yasamal, Xətai və Suraxanı Rayon İcra Hakimiyyətlərinin yeni icra başçıları kollektivə təqdim olunub.

Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovu, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevi və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu hər bir rayon icra hakimiyyətinin kollektivinə ayrı-ayrılıqda təqdim edib.

Hər üç icra başçısı artıq vəzifələrinin icrasına başlayıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamlarla Elşad Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Rafiq Quliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısı və Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin  başçısı təyin edilib.

İlham Əliyev: Özünü müxalifət adlandıran antimilli, tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardır

Bəzən hansısa şəxsi zəmində dövlət məmurlarına qarşı əsassız ittihamlar irəli sürülür.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşündə deyib:

“Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir.

Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar.
Ona görə yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq və sizin fəaliyyətinizə obyektiv qiymət veriləcək. Ona görə siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda işlər yaxşı getsin.

Siz çalışmalısınız ki, rayonlara sərmayə qoyulsun, investorları inandırmaq üçün səylər göstərməlisiniz. Yəni, gözləməməlisiniz ki, dövlət gəlib hansısa işi görəcək, onsuz da biz bunu görürük.

Hazırda 4-cü regional inkişaf proqramının icrası davam edir. Əminəm ki, növbəti 4 il ərzində bu günə qədər öz həllini tapmamış məsələlər də öz həllini tapacaq. Ancaq siz hər bir rayonda mövcud olan problemlərə diqqət göstərməlisiniz, reaksiya verməlisiniz və çalışmalısınız ki, bu məsələlər öz həllini tapsın”.
İlham Əliyevdən sərt xəbərdarlıq: Bəd əmələ düçar olsanız, cəzanızı alacaqsınız!

İcra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşündə deyib:

“Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun.
İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız.

Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər.

Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”.
Prezidentdən icra başçılarına: Çatışmayan cəhətləri üzə çıxarmalısınız


Bu gün kadr islahatlarının yeni dövrüdür. Bu gün bir neçə rayona icra başçıları təyin olunur. Onların bəziləri artıq neçə ildir ki, icra başçısı vəzifəsində işləyirlər, bəziləri bu gün bu məsul vəzifəyə təyin olunurlar. Biz burada təcrübə ilə yeniliyin sintezini, vəhdətini görürük və bu, uğurlarımızın əsas bazasıdır.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, onlar vəziyyəti düzgün qiymətləndirməlidirlər:

“Yeni təyin olunan icra başçılarına mənim sözüm odur ki, siz, ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməlisiniz, çox ciddi təhlil aparmalısınız, çatışmayan cəhətləri üzə çıxarmalısınız və mövcud olan problemlərin həlli üçün səylərinizi göstərməlisiniz.
O problemlər ki, həlli mərkəzi icra orqanlarından asılıdır, siz mütləq mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər müvafiq qurumlara müraciət etməlisiniz. O məsələləri ki, özünüz həll edə bilərsiniz, özünüz də həll etməlisiniz.

Başlıca məsələ ondan ibarətdir ki, sizin işinizdə əsas prinsiplər bərqərar olsun. Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir.

Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir.

Yenə də Davos İqtisadi Forumunun hesabatına qayıtmaq istəyirəm. Orada göstərilir ki, hakimiyyətin dəyişikliklərə, islahatlara meyili və əhali tərəfindən rəhbərliyə olan dəstək sahəsində Azərbaycan dünya miqyasında birinci onluğa daxil edilib. Bu dəstək nəyin hesabınadır? Ona görə ki, xalqa xidmət etmək mənim borcumdur və bundan sonra da əsas borcum olaraq qalacaq”.
İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşdü — FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edib.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir.

Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır. Bu inkişaf özünü bütün sahələrdə büruzə verir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Bu gün biz dünya miqyasında çox böyük hörmətə layiq ölkə kimi öz fəaliyyətimizi aparırıq. Qoşulmama Hərəkatının bu yaxınlarda Bakıda keçirilmiş Zirvə Görüşü bunu bir daha təsdiqlədi. Biz artıq BMT-dən sonra dünya miqyasında ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edirik və üç il ərzində sədrliyi davam etdirəcəyik. Bu sədrlik 120 ölkənin rəyi əsasında yekdil qərarla əldə edilibdir. Yəni, bu, onu göstərir ki, dünya birliyinin ən azı üçdəiki hissəsi Azərbaycanı dəstəkləyir və bizim siyasətimizə böyük qiymət verir.

Eyni zamanda, siyasi islahatlar aparılır. Son illərdə demokratiyanın inkişafı istiqamətində, insan haqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib. Həmişə dediyim kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir.

O ki qaldı, iqtisadi sahəyə, hesab edirəm ki, Azərbaycanın əldə etdiyi nəticə dünya miqyasında rekord göstəricidir, 15 il ərzində - 2003-2018-ci illərdə bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Bütün digər göstəricilər onu təsdiq edir ki, iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərmişdir. Beləliklə, Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5 faizə düşmüşdür. Xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik.

Böyük infrastruktur layihələri icra edilib və bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünya miqyasında ikinci yerə layiq görübdür. Bu, çox böyük nailiyyətdir. Yolların tikintisi - 15 ildə 15 min kilometr yol çəkilib, o cümlədən magistral, şəhərlərarası, kənd yolları çəkilib. Digər infrastruktur layihələri, o cümlədən sosial infrastrukturla bağlı layihələr uğurla icra edilib, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib, yenidən qurulub, yaxud da ki, təmir edilib. Yəni, əldə edilmiş bütün bu nəticələri sadalamaq üçün saatlarla vaxt lazım olacaq.

Bildirməliyəm ki, texnoloji inkişaf istiqamətində böyük uğurlar əldə edilib. Azərbaycan indi kosmik klubun üzvüdür, üç peykimiz var. Deyə bilərəm ki, bu yaxınlarda çox gərgin yarış nəticəsində Azərbaycan 2022-ci ildə Dünya Astronavtika Konqresinə ev sahibliyi edəcək. Məlumat üçün bildirmək istəyirəm ki, bizim rəqiblərimiz Rio-de-Janeyro, Dehli və Sinqapur şəhərləri idi. Yəni, bu şəhərlərin nə qədər inkişaf etmiş şəhərlər olması haqqında əlavə sözlərə ehtiyac yoxdur. Azərbaycan bu yarışda da qalib gəldi. Nəyin hesabına? Ona görə ki, dünya miqyasında bizim siyasətimizə çox böyük dəstək var, rəğbət var. Bizim sözümüzlə əməlimiz birdir. Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyibdir.

Eyni zamanda, sosial islahatlar uğurla aparılır. Yoxsulluğun aşağı səviyyəyə düşməsinin əsas səbəbi də ondan ibarətdir ki, bizim iqtisadi islahatlarımız, o cümlədən sosial sahə böyük diqqətlə əhatə olunur. Bu il 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olunubdur və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artmışdır. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər 2 dəfə artmışdır. Bu il orta əməkhaqqı 35 faiz artmışdır. Mənə bu yaxınlarda verilən statistik məlumata görə, hazırda Azərbaycanda orta əməkhaqqı 723 manat təşkil edir. Əminəm ki, gələcək illərdə bu rəqəm artacaq. İlk növbədə, ona görə ki, həm maaşlar artacaq, eyni zamanda, biz kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə apararaq, artıq 100 mindən çox iş yerini kölgədən çıxarıb və onları rəsmiləşdirə bilmişik və bu proses davam edəcək. Biz hələ işin başlanğıc mərhələsindəyik. Amma orta əməkhaqqının 35 faiz artırılması və 723 manata çatdırılması, əlbəttə ki, sosial siyasətimizin bariz nümunəsidir.

Son illərdə energetika, nəqliyyat sahələrində qarşımızda duran bütün vəzifələr icra edildi. Bu vəzifələri icra etmək üçün çox böyük səylər göstərilmişdir. Çox mürəkkəb geosiyasi vəziyyətdə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara verildi. TANAP kimi tarixi layihə artıq fəaliyyətdədir və Cənub Qaz Dəhlizinin icrasının yekunlaşmasına demək olar ki, bir il vaxt qalıbdır. İnşallah, biz bu layihəni də uğurla başa vuracağıq.
Azərbaycanda nəqliyyat infrastrukturu müasirləşir. Yenə də Davos Ümumdünya İqtisadi Forumunun son hesabatına qayıtmaq istəyirəm. Orada göstərilir ki, dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünya miqyasında 12-ci yerdədir, hava nəqliyyatının səmərəliliyinə görə isə 11-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir və MDB-də birincidir. Yəni, eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyəti də böyük dərəcədə bizim uğurlu siyasətimizdən asılı idi və bu layihələrə artıq start verildi. Azərbaycan uzunmüddətli formatda bu layihələrdən həm böyük siyasi, həm də iqtisadi dividendlər götürəcək.

Əlbəttə ki, bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar. Çünki ölkəmizin nüfuzu artır, imkanları artır. Bizim iştirakımız, razılığımız olmadan regional müstəvidə heç bir təşəbbüs, yaxud da ki, layihə icra edilə bilməz. Əlbəttə, belə olan halda bizə həm maraq artır, həm də ki, bəzi dairələr tərəfindən təzyiqetmə cəhdləri də arta bilər. Düzdür, son 16 ilin təcrübəsi onu göstərir ki, kənardan edilən hər hansı bir təzyiqə Azərbaycan çox böyük məharətlə və ləyaqətlə davam gətirə bilir. Bizə qarşı ünvanlanmış bütün bu oxlara, silahlara tutarlı cavab verə bilmişik. Bu cavabın əsas mahiyyəti ondan ibarətdir ki, xalq-iqtidar birliyi bugünkü sabitliyin və müstəqil həyatımızın əsas təminatçısıdır. Ancaq yenə də deyirəm, gənclər mütləq məhz vətənpərvərlik ruhunda tərbiyə almalı və təcrübə toplamalıdılar. Ona görə son dövrün kadr islahatlarının məqsədlərindən biri də odur ki, biz gənclərə daha geniş imkanlar yaradaq, geniş meydan verək ki, onlar həm təcrübə toplasınlar, həm də gələcəkdə öz işləri ilə ümumi işimizə töhfə versinlər.

Bu gün kadr islahatlarının yeni dövrüdür. Bu gün bir neçə rayona icra başçıları təyin olunur. Onların bəziləri artıq neçə ildir ki, icra başçısı vəzifəsində işləyirlər, bəziləri bu gün bu məsul vəzifəyə təyin olunurlar. Biz burada təcrübə ilə yeniliyin sintezini, vəhdətini görürük və bu, uğurlarımızın əsas bazasıdır.

Yeni təyin olunan icra başçılarına mənim sözüm odur ki, siz, ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməlisiniz, çox ciddi təhlil aparmalısınız, çatışmayan cəhətləri üzə çıxarmalısınız və mövcud olan problemlərin həlli üçün səylərinizi göstərməlisiniz. O problemlər ki, həlli mərkəzi icra orqanlarından asılıdır, siz mütləq mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər müvafiq qurumlara müraciət etməlisiniz. O məsələləri ki, özünüz həll edə bilərsiniz, özünüz də həll etməlisiniz. Başlıca məsələ ondan ibarətdir ki, sizin işinizdə əsas prinsiplər bərqərar olsun. Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir.

Yenə də Davos İqtisadi Forumunun hesabatına qayıtmaq istəyirəm. Orada göstərilir ki, hakimiyyətin dəyişikliklərə, islahatlara meyili və əhali tərəfindən rəhbərliyə olan dəstək sahəsində Azərbaycan dünya miqyasında birinci onluğa daxil edilib. Bu dəstək nəyin hesabınadır? Ona görə ki, xalqa xidmət etmək mənim borcumdur və bundan sonra da əsas borcum olaraq qalacaq.

Digər tərəfdən, icra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar. Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik. O da həqiqətdir ki, bəzən hansısa şəxsi zəmində dövlət məmurlarına qarşı əsassız ittihamlar irəli sürülür. Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir. Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar. Ona görə yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq və sizin fəaliyyətinizə obyektiv qiymət veriləcək. Ona görə siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda işlər yaxşı getsin. Siz çalışmalısınız ki, rayonlara sərmayə qoyulsun, investorları inandırmaq üçün səylər göstərməlisiniz. Yəni, gözləməməlisiniz ki, dövlət gəlib hansısa işi görəcək, onsuz da biz bunu görürük. Hazırda 4-cü regional inkişaf proqramının icrası davam edir. Əminəm ki, növbəti 4 il ərzində bu günə qədər öz həllini tapmamış məsələlər də öz həllini tapacaq. Ancaq siz hər bir rayonda mövcud olan problemlərə diqqət göstərməlisiniz, reaksiya verməlisiniz və çalışmalısınız ki, bu məsələlər öz həllini tapsın.

Ona görə vətənpərvərlik, dürüstlük, şəffaflıq, vətəndaşlara xidmət, dövlətçilik prinsiplərini əsas tutmaq, investorları cəlb etmək, rayonların sosial-iqtisadi inkişafını təmin etmək sizin əsas vəzifəniz olmalıdır. Yenə də deyirəm, həm sənaye, həm də kənd təsərrüfatı istehsalı sahələrinə dövlət xətti ilə çox böyük dəstək göstərilir. Təsadüfi deyil ki, bu ilin 9 ayının yekunlarına görə qeyri-neft sənayemiz 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb. Artıq pambıq yığımı mövsümü başa çatır, mənə verilən məlumata görə, bu il biz rekord göstəriciyə nail olmuşuq. Biz keçən ilə nisbətən əkin sahələrini azaltdıq, 132 min hektardan 100 min hektara endirdik, çünki bəzi yerlərdə torpaqlar düzgün seçilməmişdi. Ancaq məhsuldarlıq artdı. Hazırda yığım davam edir və hektardan məhsuldarlıq 27 sentnerə çatıb, keçən il 17 sentner idi. Keçən il biz 132 min hektardan 233 min ton pambıq yığmışdıqsa, bu il 100 min hektardan artıq 270 min tondan çox pambıq yığmışıq. Mən təkcə pambığı deyirəm. İndi taxılçılıqda da böyük irəliləyiş var. Ümumi göstərici hektardan 32 sentnerə çatıb. Bu, çox yaxşı göstəricidir. Daha da artacaq. Meyvəçilikdə, fındıqçılıqda da məhsuldarlıq artır. Yəni, kənd təsərrüfatı sahəsində dövlət xətti ilə çox böyük işlər görülür. Siz də öz dəstəyinizi verməlisiniz və sahibkarlara diqqət göstərməlisiniz, onları incitməməlisiniz. Əgər hansısa sahibkar vəsait qoymaq, hansısa iş görmək istəyirsə, birinci olaraq siz ona dəstək verməlisiniz. Bəzi hallarda sahibkarlara qarşı ədalətsizlik edilir və onlardan nəsə əldə etmək cəhdləri göstərilir. Buna qətiyyən yol vermək olmaz. Sahibkarlara da deyirəm ki, əgər belə xoşagəlməz halla üzləşsələr, dərhal bizə məlumat versinlər.

Ölkəmizin ümumi inkişafı müsbətdir və mən gələcəkdə hər hansı bir ciddi problem görmürəm. Çünki ölkəmiz siyasi cəhətdən çox möhkəmdir, sabitlik Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Bizim siyasətimizə ləkə vuran hər bir adam öz cəzasını alacaqdır. Biz bu qədər səy göstəririk, bu qədər işlər görürük, əgər hansısa yaramaz məmur öz şəxsi maraqlarını təmin etmək üçün hansısa bəd əməl törədərsə, mütləq cəzasını alacaq və artıq tarix bunu göstərir.

Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, rəhbərlik edəcəyiniz rayon və şəhərlərdə inkişaf daha da sürətli olsun.
Prezidentdən yeni icra başçısı təyinatı

İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Zərdabın icra başçısı dəyişdirildi — Sərəncam

Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.