Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yoxlama keçirilib.

Oxu.Az xəbər verir ki, yoxlama nəticəsində vətəndaşların haqlı narazılığı dinlənilərək 18-ci Polis Şöbəsinin Baş təhqiqatçısı, polis mayoru Anar Bayramov vətəndaşları incitdiyinə və süründürməçiliyə yol verməsinə görə vəzifəsindən azad olunaraq sərəncama göndərilib.

Sabahdan büdcə müzakirələri başlayır

Noyabrın 5-dən etibarən Milli Məclisin komitələrinin birgə iclasında 2020-ci il dövlət büdcəsinin müzakirəsi başlanacaq

 Bu barədə Milli Məclisdən məlumat verilib.

Dövlət büdcəsinin parlamentin komitələrində müzakirəsi noyabrın 5-dən 7-dək davam edəcək. 3 gün ərzində, hər gün 5-6 komitəsinin birgə iclasında  büdcə paketi parlamentarilər tərəfindən müzakirə olunacaq.

 Dövlət büdcəsini hökumət adından Maliyyə naziri Samir Şərifov təqdim edəcək.

 Komitə iclaslaırnda yeni iqtisad naziri Mikayıl Cabbarovun iştirakə və çıxışı gözlənilir.

Komitələrdə müzakirələr bitdikdən sonra büdcə zərfi Milli Məclisin plenar iclasında müzakirəsinə tövsiyyə olunacaq.
Büdcə zərfinin  parlamentin plenar iclasının noyabrın 12-də  keçiriləcək iclasında başlayacaq və noyabrın 14-dək davam edəcək.

Parlamentin plenar iclasında büdə zərfinin müzakirəsi başda Baş nazir Əli Əsədov olmaqla, hökumətin digər üzvləri də yaxından iştirak edəcək.  Hökumət üzvləri büdcə zərfini parlamentarilərə təqdim etməklə yanaşı, 3 gün ərzində müzakirələr zamanı səslənən təkliflərə öz münasibətlərini bildirəcəklər.  


Məlahət İbrahimqızı: “Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyənlərdə yarasa sindromu var…”

“ASDP sədri Araz Əlizadənin İTV-də ictimaiyyəti qıcıqlandıran, təxribat xarakterli fikirləri dövlətimizin qurucusu Heydər Əliyev və möhtərəm prezidentimiz İlham Əliyevin ”Bir millət, iki dövlət” siyasətinə tamamilə ziddir və kökündən yanlışdır. Partiya sədrinin bu fikirlərini məhz Türk Şurasının sonuncu zirvə samitindən sonra səsləndirməsi bir daha göstərir ki, bu – sifarişlidir”. 

Deputat, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bu sözləri “Yeni Müsavat”a açıqlamasında deyib. M.İbrahimqızı daha sonra bildirdi ki, yeganə missiyası Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra etmək olan sədr danışdığı dilin hansı dil qrupuna aid olduğunun fərqində belə deyil: “O, Azərbaycan xalqını şamil etmək istədiyi və özünün mənsub olduğu irqin Ari (Aryan) irqi olduğunu demək əvəzinə Hind-Avropa irqi deyir. Hansı ki, belə bir irq bu günədək antropologiya elmində mövcud deyil, əslində bu, Hind-Avropa dil ailəsi adlanır. Bizim coğrafiyamızda isə ari irqinə əsasən farslar və ermənilər daxildir. Bu iki xalqın dili də Hind-Avropa dil ailəsinə aiddir. Üç minillik dövlətçilik tarixi olan qonşu və dost İranda yaşayan 30 milyona yaxın azərbaycanlı soydaşlarımız azərbaycanlı deyil, türk adlandırılırlar. Ana dilimiz olan Azərbaycan türkcəsi isə Altay dil ailəsinə və Türk Dilləri Qrupuna aiddir. Azərbaycan xalqı monoetnik deyil, ölkəmizin gözəlliyi çoxsaylı etnik qrupların əsirlər boyu bir ailə şəkilində mehriban yaşamasıdır. Bu mənada Azərbaycan dünyaya tolerantlıq və multikultural dəyərləri ilə örnəkdir və biz bununla da fəxr edirik. Bizim ölkəmizdə yaşayan bütün xalqlar bir-birləri ilə qardaşdır. Amma kiməsə də təxribat xarakterli fikirlər səsləndirməklə insanların hissiyyatına toxunmağına da imkan verilməz! Araz Əlizadə kimi insanlar Azərbaycan və Türkiyə münasibətlərinin geniş və daha sürətlə inkişafını gördükcə vaxtaşırı könül bulandırmağa çalışırlar”.

Deputatın sözlərinə görə, dünyada elə dəyərlər var ki, insan onu istəsə də seçə bilmir: “Bunlardan biri də onun etnik kimliyidir. Bu dəyərlər insanlara ancaq Allah tərəfindən verilir. İstər İslam inancımızda, istərsə də Ümumdünya İnsan Haqları bəyənnaməsində və Ana Qanunumuzda bütün insanlar bərabər hüquqludur. İnsanlar bir-birlərindən ancaq mənəvi dəyərləri ilə fərqlənə bilər. Etnik kimlik Allah tərəfindən verilən  dəyər olduğuna görə şükür etməliyik ki, o, bizi bəşəriyyətin əşrəfi olan insan yaradıb. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, ”Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir”. Lakin ASDP deyilən bir mini-partiyanın sədri vaxtaşırı peyda olaraq həqiqətləri təhrif etməklə xalqın heysiyyatına toxunmağı qəhrəmanlıq hesab edir. Bu günlərdə möhtərəm prezidentimiz İlham Əliyevin Rusiyanın mətbu orqanı olan “Komersant”a verdiyi müsahibəsində səsləndirdiyi “XXI əsr Türk Dünyası əsri olacaq” fikirləri türk düşmənçiliyi edən erməni və ermənipərəst qüvvələrin canına birə salıb. Prezidentimizin Azərbaycan-Türkiyə diasporunun 1-ci qurultayında “…Bir millətin iki diasporası ola bilməz” fikri iki ölkənin strateji əməkdaşlığının təməl prinsiplərindəndir. Möhtərəm prezidentimiz hər zaman fəxrlə deyir ki, Azərbaycan – Türkiyə qardaşlığının dünyada analoqu yoxdur. Bu mənada dövlət siyasətinə qarşı çıxan bu cür qüvvələr cəmiyyətdə ifşa olunmalıdır!”

Xanım deputat əlavə etdi ki, iki qardaş dövlətin dostluq və qardaşlığını pozmaq istəyən yeganə qüvvə isə dünya erməniliyidir: “Əslində bəlkə də belə insanlara fikir vermək lazım deyil, çünki onlarda nə dəyişəcək ki? Belələri ətlə dırnaq arasında olmağı sevirlər. Amma ətlə dırnaq arasında olanlar irinə çevrilir. Belə insanlarda müqəddəs dəyər deyilən məfhum yoxdur. Bu tip insanlar dahi Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın və onlarca xalqımızın tarixi şəxsiyyətləri haqda donos verərək onların üzünə durublar. Nəhayət, bu insanlara bir sözüm var: tarixin utanc səhifəsində olmaq istəmirsizsə, heç olmasa susun! Hələ XX əsrin əvvəllərində görkəmli dövlət xadimi Nəriman Nərimanovun Qurtuluş savaşı zamanı qardaş Türkiyənin çətin günlərində etdiyi yardımı Atatürk borc hesab edərkən Nərimanov ”qardaşın qardaşa borcu olmaz” deyib. 1918-ci illərdə erməni daşnaklar imperialist qüvvələrin dəstəyi ilə ölkəmizdə soyqırım törədərkən Nuru Paşa 3 mindən çox Türk əsgəri ilə xalqımızın harayına yetişmiş, Azərbaycanın könüllüləri ilə birgə müqəddəs vətənimizi daşnaklardan azad etmişlər. Təsadüfi deyil ki, iki xalqın qardaşlığının qürurverici tarixi keçən il bu iki dövlətin Ali Baş komandanlarının iştirakı ilə, möhtəşəm hərbi paradla təntənə ilə qeyd edildi. Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələrdə görünür, “yarasa sindromu” var. Çox təəssüf ki, tibb elmi bu sindromu müalicə etməkdə hələ də acizdir. ?Nəhayət, mini partiyanın sədrinin Nuru Paşanın və şəhid olmuş türk əsgərlərinin ünvanına səsləndirdiyi hörmətsiz fikirlər Qurtuluş savaşında Çanaqqala, Sakariya və Qarabağda şəhid olan Azərbaycan şəhidlərinin ruhuna da hörmətsizlikdir. 1919-1923-cu illər Qurtuluş müharibəsində Azərbaycanlılardan kimisi əlində olan 3-5 kuruşunu, kimisi isə canını Türk qardaşları üçün əsirgəmədi. Böyük ehtimalla, Aryan irqinə məxsus olanlar bu müharibədə əks cəbhədə vuruşurdular və onları Azərbaycan xalqının nümayəndəsi hesab etmək olmaz. Ülvi hisslərdən uzaq olan bu cür insanlar dövlətinə, vətəninə, millətinə xidməti ancaq maddiyyətlə ölçürlər! Son olaraq, onu qeyd edim ki, Azərbaycan və Türkiyə qardaşlığına kölgə salanlara möhtərəm prezidentimizin bir fikri ilə yekun vurmaq istərdim: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq!”

Qeyd edək ki, ASDP sədri, deputat A.Əlizadə İTV-də yayımlanan 3D proqramında aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırıb, Türkiyə və Azərbaycanın isə qardaş ölkə olmadığını iddia edib. Deputat həmin müsahibəsində bir neçə il əvvəl Türkiyə və Osmanlı ordusu barədə dilə gətirdiyi fikirlərini təkrarlayaraq deyib: “Osmanlı ordusu muzdlu ordu idi. Muzdlu ordu pul olmasa, heç vaxt müharibəyə getməz və girişməz. Burda qəbahət bir şey yoxdur”. Müsahibəsinin davamında daha da irəli gedən Araz Əlizadə Türkiyə ilə Azərbaycan xalqı arasında hər hansı qan bağlılığının olmadığını iddia edib: “Türkiyə ilə Azərbaycan arasında olan qan qruplarındakı elementlerə nəzər salsaq görərik ki, bir birilərinə heç uyğun gəlmirlər. Türklər Asiyadan gəlmədirlər, onlar sarı irqə məxsusdur. Azərbaycanlılar isə Hind-Avropa irqinə aiddir”.

Qalmaqallı açıqlama Türkiyədə də səs-küy doğurub, Modern.az-a telefon açan türkiyəli deputatlar və jurnalistlər A.Əlizadənin səsləndirdiyi fikirlərə kəskin etiraz bildiriblər.

Zakir Qaralovdan Əli Nağıyevin yerinə yeni təyinat

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

Oxu.az xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Mürsəliyev Emin Ramiz oğlu təyinat alıb.

E.Mürsəliyev bundan əvvəl İdarənin Əməliyyat İdarəsinin rəisi işləyib.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni qısa müddət Fuad Rəsulov yerinə yetirib.

Xatırladaq ki, uzun illər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində Əli Nağıyev çalışıb.

Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

Qohum olan məmurlar

Hakimiyyətin başlatdığı kadr dəyişiklikləri bütövlükdə iqtidar komandasını diqqət mərkəzinə gətirib.
"Ölkə.Az" "yenisabah”a istinadla xəbər verir ki, iqtidar komandasında qohum məmurların sayı o qədər də az deyil. Qohum məmurları oxucuların diqqətinə çatdırırıq. 
 
Mərkəzi Bankı sədri Elman Rüstəmov Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə qudadır. ASC sədrinin oğlu baş bankirin qızı ilə ailə həyatı qurub.
 
Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayonunun icra başçısı Alı Qocayevlə qudadır. Spikerin qızı icra başçısının oğlunun həyat yoldaşıdır.
 
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Dövlət Sərhəd xidmətinin rəisi Elçin Quliyevlə qudadır. Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərov Elçin Quliyevin qızı ilə evlidir. 
 
Təhlükəsizlik Şurasının katibi Ramil Usubov isə Xətai rayon prokuroru Yusif İldırımzadə ilə qudadır. Prokurorun qızı Ramil Usubovun oğlu Emil Usybovla evlidir. General-mayor rütbəsi daşıyan Emil Usubov Daxili İşlər Naziriliyinin İstintaq və Təhqiqat idarəsinin rəisidir.
 
Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin qardaşı Adil Əliyev millət vəkilidir.
 
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev Fövqəladə Hallar nazirinin müavinidir. Timur Mehdiyev Nazirlər Kabinetinin humanitar şöbəsinin keçmiş müdiri İsmayıl Sadıqovun qızı ilə evlidir. İsmayıl Sadıqov bir neçə il əvvəl tutduğu vəzifədən azad edilib.
 
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov da Fövqəladə Hallar Nazirliyində müavin vəzifəsində işləyir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikanın Daxili İşlər naziri Füzuli Ələkbərovla qudadır. Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov 2017-ci ildə Füzuli Ələkbərovun qızı ilə ailə həyatı qurub. Seymur Talıbov Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışır. Talıbovun digər oğlu Rza Talıbov  Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır.
 
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qardaşı Şəhriyar Şəmşirli Abşeron Rayon Polis idarəsinin rəisidir. 
 
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deputat Hadı Rəcəbli ilə qudadır.   
 

Deputat Rafiq Məhəmmədhəsənov həmkarı Cavanşir Feyziyevlə qudadır.

Prezidentin Ramiz Mehdiyevin yerinə təyin etdiyi Samir Nuriyev kimdir?

Xəbər verdiyimiz kimi Prezidenti İlham Əliyev Samir Rafiq oğlu Nuriyevin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 Samir Nuriyevin dosyesini oxuculara təqdim edir.

Samir Nuriyev 9 mart 1975-ci il tarixində Bakı şəhərində anadan olub.

O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

1996-2003-cü illərdə Samir Nuriyev müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, o cümlədən 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb, 2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib.

Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Evlidir, iki uşaq atasıdır.

Ramiz Mehdiyevin yerinə o TƏYİN EDİLDİ

Prezident İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə S.Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

Qeyd edək ki, Ramiz Mehdiyev oktyabrın 23-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad olunub. 

Samir Nuriyev buna qədər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub. 

2015-ci ildən Azərbaycan Memarlar İttifaqının fəxri üzvüdür.

milli məclis ile ilgili görsel sonucu

Seçkilərin gələn ilin əvvəlində keçiriləcəyi qeyd olunur;  YAP  parlament seçkilərində yaşlı namizədlər irəli sürməyək

Azərbaycan Milli Məclisi ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Ölkə başçısı İlham Əliyevin 15 oktyabrda keçirdiyi iqtisadi müşavirədən sonra iddialar daha da artıb. Prezidentin yaşlı məmurlara ünvanladığı “gedin” mesajının qanunverici orqanda təmsil olunan qocaman deputatlara da şamil olunduğu bildirilir.

Artıq Azərbaycan hökumətinin yaşlılarla sağollaşmaq fikrində qətiyyətli olduğu son günlərdə bir neçə qərarda özünü büruzə verdi. Hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində yaşlı namizədlər irəli sürməyəcəyi iddia edilir. Əslində bu seçkilərlə bağlı da müəyyən söz-söhbətlər dolaşır. Seçkilərin vaxtından əvvəl, gələn ilin əvvəlində keçiriləcəyi qeyd olunur. Bu proseslərdə parlamentin tərkibinin hətta 90 faiz (ən azı 100 deputat yeri) dəyişə biləcəyi vurğulanır. “Lal”, qocaman, məmurlara yaxın mandat sahibləri üçün qanunverici orqanın qapılarının bağlanacağı barədə fikirlər də səslənir. Tərkibdə orta və gənc nəslin daha çox təmsil olunacağı deyilir. Ölkə iqtidarının gələcək üçün kadr bazasını Milli Məclis üzərində qurmaq fikrində olduğu söylənilir. Əslində bunun mesajları 2018-ci ilin aprelindəki prezident seçkilərindən sonra verilmişdi. Seçkilərdə qalib gələn İlham Əliyev təyinatlarda parlament deputatlarına üstünlük vermişdi, yəni onları yüksək vəzifələrə təyin etmişdi.

Müxalifətlə bağlı da müəyyən fikirlər dolaşır. Parlament partiyalarının bəzilərinin bu dəfə qanunverici orqandan kənar qalacağı ehtimal edilir. Onları başqa siyasi qurumların əvəzləyəcəyi bildirilir. Milli Məclisdə təmsil olunan partiyaların sayının da artırılacağı söylənilir.

Keçmiş maliyyə naziri Fikrət Yusifov da Milli Məclisin yenilənməsini arzu edir: “Azərbaycanda hakimiyyətin bu qanadının zəifliyi cəmiyyətdə əsas tənqid hədəfində olan mövzulardan biridir. İnsanlar arasında keçirilən sorğular göstərir ki, onların çoxu öz deputatlarını tanımırlar. Əgər seçici səs verdiyi deputatın adını belə bilmirsə, bu seçicinin günahı deyil – deputatın günahıdır. Deputat xalqın sözünü deyən, onu aidiyyəti yerə çatdırmalı olan birisidir. Bizim deputatların böyük bir hissəsi parlamentdə praktik olaraq söz sahibi deyillər. Yəni onlar parlamentdə ”danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipinə söykənib, passiv mövqedə dayanmağa üstünlük verirlər. Kifayət qədər məlumatlar var ki, bu sıradan olan deputatların əksəriyyəti seçiciləri ilə də demək olar ki, görüşmürlər və onların problemlərinin həlli üçün heç nə etmirlər. Danışmayan, lakin həmişə seçicilərinin yanında və dəstəyində olan bir-iki deputat var. Deputat seçicilərinin içərisində olmalıdır və təbii ki, onların problemlərini təmsil olunduğu məclisdə qaldırmalı və bu problemlərin həllinə nail olmalıdır. Növbəti parlamentdə daha aktiv fəaliyyət göstərə biləcək deputatların olmasını arzu edirəm. Bu sırada daha çox iqtisadçıların və hüquqşünasların olması dövlətçiliyimiz üçün olduqca önəmlidir”.

 

Sabiq dövlət müşaviri Qabil Hüseynli parlamentin tərkibinin yenilənməsinin vacibliyinə toxundu: “Kadr siyasətinin mahiyyətinə parlamentin deputatları da daxil olmalıdır. Düzdür, onlar seçkili orqanların nümayəndələridir. Bu gün durub desək ki, onların ən passivini, yaxud yaşlısını fəaliyyətindən kənarlaşdırmaq lazımdır, bu düzgün  olmazdı. Biz parlamentin fəaliyyətinin son günlərini gözləməli, üzümüzə gələn seçkiləri nəzərdə tutub danışmalıyıq. Sözsüz ki, Milli Məclisə seçilən adamın yaşı çox əhəmiyyətlidir. Yaş 70-dən yuxarıdırsa, bu adamın ictimai-siyasi fəallığı aşağıdırsa, ictimai intellektinin kəsərliyi yaxud yüksəkliyi ilə fərqlənmirsə, fəal siyasətçi, ictimai-siyasi xadim deyilsə, belə şəxslərin parlamentə seçilməsinə hər bir partiya imkan verməməlidir. Düzdür, seçkilərdə əsas rol xalqa məxsusdur. Amma seçicilər də maarifləndirilməli və onlara izah edilməlidir ki, Milli Məclisə ictimai-siyasi fəallar, intelektuallar, dünya siyasətini yaxşı bilən hazırlıqlı insanlar seçilməlidir. Onların yaş meyarları da mütləq nəzərə alınmalıdır. Amma bunu mütləqləşdirməyin tərəfdarı deyiləm. Birinin yaşı 70-dən yuxarı ola bilər, amma onun intellektual göstəriciləri yuxarıdırsa, fəal ictimai-siyasi xadimdirsə, ona meydan vermək mümkündür. Çünki siyasətçilər adətən kamil çağlarına yaşlaşanda çatırlar. Burada çox böyük yaşı nəzərdə tutmuram. Gənc nəsillə yaşlı təbəqə arasında qırılmaz nəsil əlaqəsi yaradılmalıdır. Gənc deputat olmalıdır deyib parlamenti tam şəkildə gəncləşdirmək də olmaz. Burada kamil siyasətçilərə yer verilməlidir deyib, Milli Məclisin qapılarını onların üzünə tam açmaq da olmaz. O kəslər parlamentə namizədliklərini verməlidir ki, deputat kimi yüksək funksiyasının öhdəsindən gələ biləcəklərini anlasınlar.

Bu işə özlərini hazır hesab etdikdən sonra deputatlığa namizəd ola bilərlər. Xalqın onlara olan etimadını doğrulda biləcəklərinə də əmin olmalıdırlar. Əlbəttə, xalq da aldanmamalı, hər şeyi götür-qoy edib seçimini etməlidir. Seçki marafonu olur. Bu marafonda insanlara seçki platformasını təqdim etmək, onlar arasında təbliğat aparmaq, əhali ilə görüşmək, KİV-lər vasitəsilə özünü təqdim etmək kimi imkanlar açılır. Bununla da insanlar namizədin hansı keyfiyyətlərinin olduğunu öyrənmək imkanı qazanırlar. Xalqımız düşünüb, daşınıb gənc, enerjili, yüksək keyfiyyətlərə malik olan, vətənpərvər, səhəri gün onun hüquqları uğrunda mübarizə apara biləcək insanlara səs verməyi hədəfləməlidir. Parlament düşüncə parlamenti olmalıdır. Orada işləyən şəxslər təmsil olunmalıdır. Qanunlar hazırlayan, büdcənin hazırlanmasına töhfə verən insanlar mandat qazanmalıdır. Təsadüfi adamların, o qədər də cəlbedici göstəricilərə malik olmayan insanların heç bir halda deputat olmalarına yol vermək olmaz. Çünki qanunverici orqan hər bir hakimiyyət üçün böyük rol oynayan qurumdur. Bu orqanın yaxşı qanunlar hazırlaması, müsbət təşəbbüslərlə çıxış etməsi üçün oraya seçilən adamların mənəvi, əxlaqı keyfiyyətləri və digər insanı tərəfləri ciddi surətdə nəzərə alınmalıdır. Zənnimcə, belə olduqda parlament daha yüksək iş əmsalına sahib ola bilər”.

Prezident bu icra başçılarını vəzifədən azad etdi — YENİ TƏYİNATLAR
Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Prezident həmçinin İlham Əliyev Qoca Səmədovun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamla Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax şəhərinin icra başçısı təyin edilib.
“Eşitsəm ki, əyri yola gedirsiniz, ciddi cəzalandırılacaqsınız” — Prezidentdən xəbərdarlıq
"Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Ölkə başçısı bildirib ki, yeni başçıların işi kabinet işi olmamalıdır: "Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr - bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. Ancaq siz çox model başçılar kimi fəaliyyət göstərməlisiniz. Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır. Bu proqramın icrası Xaçmaz və Yevlax rayonlarını da əhatə edir. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək".

Prezident yeni icra başçıları qarşısında bir sıra tələblər qoyub: "Eyni zamanda, siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır".