Vilayət Eyvazov Kiyevdə baltalanan azərbaycanlı ilə bağlı göstəriş verdi
Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi əsasında Ukrayna Milli Polisində görüş keçirilib.

DİN-in məlumatına görə, DİN-in Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdindəki nümayəndəsi, polis polkovniki Şahin Qocayev Milli Polisin birinci müavini, polis generalı Yevqen Koval ilə görüşərək soydaşlarımıza qarşı, o cümlədən Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevi qətlə yetirən cinayətkarların tezliklə tutulmasının vacibliyini vurğulayıb.

Yevqen Koval azərbaycanlılara qarşı törədilən cinayətlərin açılmasının, axtarışda olanların tutulmasının nəzarətdə saxlanıldığını, problemlərin tezliklə həll olunacağını qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkili, ikitərəfli münasibətlər, səmərəli əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Ukrayna Milli Polisinin Cinayət-Axtarış Departamentinin rəisi, polis polkovniki Vadim Dzyubımski və kollegiyanın üzvləri də iştirak ediblər.

Qeyd edək ki, ilkin ehtimallara görə, oktyabrın 7-də 22 yaşlı azərbaycanlı rəqqas, iqtisadçı Cavid Hacıyev Kiyevdə dostu Əli Abdullayev tərəfindən baltalanaraq öldürülüb.


Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana gəlib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Səfərin məqsədi Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.

“İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr kompleksinə baxılacaq”, – deyə Rusiya Müdafiə nazirinin mətbuat katibi bildirib. O, əlavə edib ki, 2019-cu ildə hərbi sferada qarşılıqlı əlaqələrə yekun vurulması, həmçinin MDB dövlətlərinin 2025-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsinə baxılması nəzərdə tutulub.

Topoqrafiya, metroloji sahəsində, hərbi fəaliyyətin və başqa sferaların informasiya təminatları ilə bağlı qərarlar qəbul ediləcək.

Qeyd edək ki, sabah Bakıda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Müdafiə Nazirliklərinin nümayəndələri iştirak edəcək.



“Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Türkiyənin Dağlıq Qarabağ barədə siyasəti açıq və aydındır. Türkiyə prezidenti bildirib ki, Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü əsasında, sülh yolu ilə həllini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Bu dəstəyə görə bir daha Türkiyə xalqına öz dərin minnətdarlığımı bildirirəm”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində təşkil olunan rəsmi qəbulda deyib.

“Xalqlarımızın birliyi və bərabərliyi əsrlərin sınağından çıxıb və bugünkü səviyyəyə çatıb. Əminəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri Türkiyə-Azərbaycan əlaqələrini daha da inkişaf etdirəcək. Bayramınızı təbrik edirəm. Yaşasın Azərbaycan-Türkiyə dostluq və qardaşlığı!”, – O.Əsədov vurğulayıb.


Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib:

Cəfərova Bəsti Əli qızı

Əsədova Məleykə Əlifağa qızı

Mustafayeva Laləzar Bəşir qızı

Novruz Ramiz Qəvvam oğlu.

Nə qədər ki, “məmur-oliqarx-biznes” söhbəti var, Azərbaycanda inhisarçılıq ləğv olunan deyil.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “İctimai” televiziyada yayımlanan “Diqqət Mərkəzi-Yekun” verilişində deyib.

Deputat bizneslə məşğul olan məmurlar barədə danışıb: “Əgər sən məmursansa, icra hakimiyyəti orqanında işləməlisən və ancaq maaş hesabına dolanmalısan. Əgər bizneslə məşğul olmaq istəyirsənsə, o zaman istefa ver və get biznesə”.

V.Əhmədov bildirib ki, Milli Məclis 17 ildir Rəqabət Məcəlləsini qəbul edib başa çatdıra bilmir. Çünki bu, bəzilərinə sərf etmir. Deputat məmurların gəlir deklarasiyası verməsinin vacibliyinə də toxunub. V.Əhmədov əlavə edib ki, məmurların çoxu öz biznesini dövlət pulları hesabına qurublar:

“Prezident Nazirlər Kabinetinə göstəriş verib ki, normativ sənəd hazırlansın… Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır. Heç bir məmur öz gəlirləri barədə bəyannamə dərc eləmir. Çünki bu bəyannamə ortaya çıxsa, məmurdan soruşarlar: Sən öz biznesin üçün bu qədər pulu haradan almısan? İndi tutaq ki, bunlar qazanıblar. Bu insanlar onsuz da bu pulu qazanıblar, onları geri almaq mümkün deyil. Biz deyirik ki, gəlin maliyyə amnistisiyası verilməlidir ki, onlar həmin vəsaitin bir hissəsini Azərbaycanda investisiya qoysunlar”.

Daha ətraflı videoda:


Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar verilib:

“Xalq artisti”

Abdullayev Kyazım Ənvər oğlu

Nurzadə Əli Qayıb oğlu

“Əməkdar artist”

Abdullayev Mətləb Fətəli oğlu

Babayeva Əminə Ağahüseyn qızı

Bəxtiyarov Rəşad Bəhram oğlu

Qarayev Elnar Cəfər oğlu.


Azərbaycanın Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Prezident İlham Əliyevə müraciətindən danışıb.

Hafiz Paşayev Demokrat.az-a açıqlamasında bildirib ki, o, Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunması ilə bağlı ölkə başçısına müraciət edib:

“Cənab Prezidentin son çağırışından sonra öz ərizəmlə ölkə başçısına müraciət etmişəm. Təqaüd yaşı çatan digər məmurlara çağırış etmək mənim vəzifəm olmasa da, düşünürəm ki, ölkə Prezidentinin bununla bağlı tövsiyəsi təqdirəlayiq addımdır. Bundan sonra fəaliyyətimi ADA-da rektor kimi davam etdirəcəm”.

“Mən zəng gözləyirəm. Çünki bilirəm nə sual verəcəksiz”. Bunu Cebhe.info-ya deputat Xanhüseyn Kazımlı sosial şəbəklərdə qalmaqala səbəb olan çıxışı ilə bağlı danışarkən deyib. O, çıxışı ilə bağlı yaxın günlərdə mətbuat konfransı keçirəcəyini və ora Cebhe.info əməkdaşını da dəvət edəcəyini deyərək telefonu bir xanıma ötürüb. Adını açıqlamayan xanım isə qeyd edib ki, Xanhüseyn Kazımlı hazırda məşğuldur: “Yanında qonaqları var, tədbirimiz olacaq, sizi də dəvət edərik. Bununla bağlı suallarınızı cavablandıracaq, inşallah”. 

Turkustan.info Cebhe.info-ya istinadən deputat Xanhüseyn Kazımlının Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında çıxışını olduğu kimi təqdim edir: “Büdcənin, deməli, əksinə təsir göstərir… Ona görə də, ona görə də, əgər deməli, 15 il sonrakı 15 faizdən… 15 faizdən artıq olarsa, deməli, büdcənin kəsiri… dövlət büdcəsinin borc alması onda büdcə kəsiri… onda, deməli (yanındakına: mən siz danışanda qulaq asdım da, qulaq asın… mən səhv deyirəmsə, qulaq asın) həəə… deməli, əgər… əgər, dünyada gedən proses belədirsə, Azərbaycanı niyə qınamaq olur? Azərbaycanın hər yerdə… Azərbaycanın hər yerdə.. bütün insanlar… bütün insanlar Azərbaycana gəlməkdən ötrü cəhd göstərir. Ona görə də, bəlkə də… bəlkə də… öhö… 1930-cu ilin əgər 194 yerdən, yerdən… 194-cü yerdən ABŞ 74-cü yerə düşübsə… iqtisadçıların hesablamalarına görə 2020-ci ildə düşübsə, deməli bu, o deməkdir ki, ABŞ-ın 1930-cu ilin böhranı gözləyir. Ona görə də, Azərbaycanı qınamaq lazım deyil. Bəlkə də dünya üzrə gedən prosesdir, problemdir, ona görə də bunun dünyanın problemləri sırasına daxil eləmək lazımdır. Çox sağ olun. Diqqətinizə görə çox sağ olun”. 

İlham Əliyev Ərdoğanı təbrik etdiAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım.

Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün qardaş Türkiyə dinamik və hərtərəfli inkişaf yolundadır. Əldə etdiyi nailiyyətlər onu dünyanın iqtisadi cəhətdən qüdrətli və ən qabaqcıl ölkələri sırasına çıxarmışdır. Türkiyə, həmçinin öz dövlətçilik mənafelərindən çıxış edərək dünyada və regionda cərəyan edən proseslərdə ədalətli və qətiyyətli mövqe nümayiş etdirir.

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın ortaq milli, mənəvi dəyərlərindən və ənənələrindən güc alır. Əminəm ki, müttəfiqliyimiz, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin hərtərəfli inkişafına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".