Bu nazirlik və dövlət qurumları LƏĞV EDİLDİ
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

 Fərmanda qeyd edilir ki, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədi ilə aparılan sosial-iqtisadi islahatlarının dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialın artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir.

İqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən olunsun ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əsasnaməsinin yeni layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. barələrində nizamnamə kapitalındakı dövlət payının idarə edilməsi funksiyaları həyata keçiriləcək kommersiya təşkilatlarının siyahısını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirsinlər.

DSX-nin yeni hərbi hissə kompleksi istifadəyə verildi
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.

DSX-dan  verilən məlumata görə, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib, Ali Baş Komandanın qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradılmasını qeyd edib.

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları əra¬zisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanıb, bu istiqamətdə sərhəd infrastrukturunun yaradılması üzrə həyata keçirilən geniş miqyaslı tikinti-inşaat və quruculuq işləri, o cümlədən düşmənin təxribatlarına baxmayaraq sərhəd döyüş mövqelərinin təkmilləşdirilməsi üzrə görülən işlər haqqında məlumat verilib, Azərbaycan sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olmaları bildirilib.

Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb. Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.

Çıxışlarda sərhədçilərin yerli əhali, ictimaiyyət nümayəndələri ilə əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynaması, icra hakimiyyəti, prokurorluq, dövlət təhlükəsizliyi və daxili işlər orqanları ilə sıx əməkdaşlığın, Müfadiə Nazirliyinin hərbi hissələri ilə qarşılıqlı fəaliyyətin dövlət sərhədlərimizin mühafizəsinin daha da gücləndirilməsinə xidmət etməsi xüsusi qeyd olunub.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissə kompleksinə baxış keçirmişdir. Hərbi hissədə xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Hərbi hissə kompleksində xidməti və yaşayış binaları, tibb məntəqəsi, idman zalı, təminat binaları, su rezervuarları inşa olunub. Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qo-naqlar şəxsi heyətlə birlikdə nahar ediblər. Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb.

Nazirlər Kabineti Aparatının yeni İşlər müdiri və Baş nazirin yeni köməkçisi təyin edilib.

Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov Nazirlər Kabineti Aparatını İşlər müdiri, Ələsgər Ələsgərov isə Baş nazirin köməkçisi təyin olunub.

Qeyd edək ki, bu gün Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifələrindən azad ediliblər.  /APA/

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə prioritetləri
Bakı sammitində Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçəcək. Mən son üç ildə uğurlu sədrliyə görə Venesuelaya təşəkkür edirəm.

Oxu.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin Şurasının iclasında çıxışı zamanı bildirib. 

Nazir deyib ki, Azərbaycan heç bir hərbi birlikdə iştirak etməyən ölkədir. 

O qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə quruma üzv ölkələrin gəncləri ilə əməkdaşlığa xüsusi önəm veriləcək:

“İlk dəfə Qoşulmama Hərəkatının sammiti ilə yanaşı, bu quruma üzv ölkələrin gənclərinin də sammiti keçiriləcək.Qoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti inkişaf etməkdə olan dövlətlərdir. Biz sədrliyimiz dövründə iqtisadi, təhlükəsizlik sahəsində də əməkdaşlığa xüsusi önəm verəcəyik”.

Nazir xatırladıb ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirir:

“Bu isə ümumilikdə regional təhlükəsizliyə təhdiddir. Münaqişə başlayandan hərbi əməliyyatlar məhz Azərbaycan ərazisində keçirilib. Bundan infrastruktur və dinc əhali ziyan çəkib.

Nəticədə, bir milyondan çox insan öz doğma torpaqlarını tərk etməli olub. Mən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri üçün Qoşulmama Hərəkatının üzvlərinə təşəkkür edirəm”. 

Akif Əlizadənin istefa ərizəsi qəbul olundu“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin istefa ərizəsi artıq qəbul olunub”.

Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Bu gün AMEA prezidenti vəzifəsinə seçkilərin keçiriləcəyini vurğulayan İ. Həbibbəyli qeyd edib ki, prezidentliyə namizədlərlə bağlı onda hər hansı məlumat yoxdur: “Rəyasət Heyəti kollegial orqandır, yəqin ki, gün ərzində prezidentliyə namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək”.

Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb.


Prezident İlham Əliyev Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilir.

Azərbaycan Respublikasının Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilir. Azərbaycan Respublikasının Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etməlidir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Çıraqqala-Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran və Siyəzən rayon icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirib təsdiq etməli;

– “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etməli;

– “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Ağsu Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etməli;

– “Çıraqqala-Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının ərazilərinin xüsusi rejimini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

– “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunması, qorunması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər həyata keçirməli;

Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Hacıbala Abutalıbov nə işlə məşğul olacaq? – İlk dəfə açıqladı

Dünən yaş həddinə görə təqaüdə göndərilən Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq. Bu barədə Abutalıbov yaxın ətrafına bildirib.

Qaynarinfo-ya daxil olan məlumata görə, Abutalıbov deyib ki, gələn həftədən etibarən mütəmadi olaraq Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) iş yerinə gedəcək.

Xatırladaq ki, 75 yaşlı sabiq vitse-premyer 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri postunu tutur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib.

Qeyd edək ki, H.Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (indiki Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub.

SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.

Hacıbala müəllim 1987-ci ildə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adına layiq görülüb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunan 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

Hacıbala müəllimin karyerasının yüksəliş dövrü 1995-ci ilin fevralından başlayıb: Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub və bu vəzifəni 2000-ci ilədək icra edib.

2000-ci ilin yanvarından 2001-ci ilin yanvarınadək baş nazirin müavini vəzifəsində çalışıb. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyinat alıb.
Keçən ildən isə baş nazirin müavini idi.
Son 20 ildə Abutalıbovun çox yüksək vəzifələr tutması onun elmi fəaliyyətdən kənarlaşmasına səbəb olub. O, Fizika İnstitutundakı vəzifəsini də arxa plana keçirməli olub. Xüsusilə son ilərdə Abutalıbov ikinci iş yerinə demək olar gəlməyib.
Lakin baş nazir müavinliyindən kənarlaşdırıldıqdan sonra yaxın ətrafına dediklərindən belə başa düşmək olar ki, onu AMEA-da, Fizika İnstitutunun “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri kabinetində davamlı görmək mümkün olacaq.
Hacıbala Abutalıbov nə işlə məşğul olacaq? – İlk dəfə açıqladı
Onu da deyək ki, Abutalıbovun Rusiyada aspirant yoldaşı olmuş akademik Nizami Süleymanov mətbuata müsahibələrindən birində onun vaxtilə Fizika İnstitutunda olduqca səylə işlədiyindən bəhs etmişdi:
“Gecədən xeyli keçmiş işdən çıxıb gedəndə baxırdıq ki, bir otaqda işıq yanır. Gözətçidən soruşurdum ki, bu işıq kimindir? Deyirdi, bu, Hacıbala müəllimin laboratoriyasının işığıdır. Bir-iki dəfə də maraqlanıb yanına qalxmışdım ki, bu vaxt nə işlə məşğuldur. Deyirdi, bu, hələ harasıdı? Səhərədək işlədiyim vaxtlar olub…”
Hacıbala müəllimin yenidən eyni həvəslə elmi fəaliyyətlə məşğul olub-olmayacağını isə zaman göstərəcək.

Milli Məclisin növbəti payız sessiyası öz işinə başlayıb.

Plenar iclasın gündəliyinə 23 məsələ daxil edilib. 

Deputatlar cari məsələləri müzakirə edir.

Siyavuş Novruzov çıxış edərək  bildirib ki, Milli Məclis oktyabrın 19-da  keçirilən icazəsiz aksiyaya öz münasibətini bildirməlidir.  Onun sözlərinə görə, bu məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırma aparmalı, Milli Məclis də mövqeyini açıqlamalıdır.

“Bu gün erməni lobbisi ilə əlbir olub  qanunun tələblərini kobud surətdə pozaraq  icazəsiz aksiya keçiriblər. Bütün bunlar  sübut ediblər. Qibləsini tanımayan insanlar təqvalı dindar insanlardan  öz məqsədləri üşçn istifadə edirlər. Bunu açıqca da etiraf edirlər.

Odur ki, mən dindarlara müraciət edirəm. Ölkə başçısı məscidlər tikdirib, təmir etdirib. Bəs bu qibləsiz insanlar nə edib?!. 

Yaradıcı təşkilatlar mövqe bildirməlidir. Tanınmış insanlar ortaya çıxıb mövqeyini bildirməlidir.  Şair şair səviyyəsində, yazıçı yazıçı səviyyəsində, müğənni müğənni səviyyəsində reaksiyasını bildirməlidir. Bu Azərbaycan xalqının dövlətidir. Burada təkcə deputatlar yox, hamı münasibətini bildirməlidir. Onlar üçün ölkə başçısı tərəfindən hər cür şərait yaradılıb".


Kənd Təsərrüfatı Nazirliyində yeni kadr dəyişiklikləri olub. 

Oxu.Az-ın məlumatına görə, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə görə, Nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Fərman Kərimov vəzifəsindən azad edilib.

İ.Kərimovun digər əmri ilə o, KTN-in Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl İmran Cümşüdov Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru təyin edilib.