“Beynəlxalq təşkilatlar NİDA-ya dəstəkdənsə, LGBT və ya feminizmə dəstək verirlər”
Vaxtilə aksiyaların təşkilatçısı, keçmiş vicdan məhbusu, 6 il məhbəs həyatı yaşayan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü İlkin Rüstəmzadə ilə söhbətləşdik. O, bu ilin martında əfv fərmanı ilə azadlığa çıxıb.
İ.Rüstəmzadə ilə NİDA, dostlarının əfv yazıb ondan tez həbsdən çıxmaları, müxalifət, feminizm və digər mövzularda danışdıq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
– İlkin bəy, martda verilən əfv fərmanı ilə azadlığa çıxdınız, bayır həyatına uyğunlaşa bilirsinizmi?
– İlk günlərdə bir az çətin oldu. Həbsxanadakı ilə çöldəki psixologiyalar fərqlidir. Onların bir-birini üstələməsi dövrünü yaşadım, buna böhran da demək olar.
Amma düşünürəm ki, indi tam adaptasiya olmuşam. Ən çox çətinlik çəkdiyim texnologiya ilə bağlıydı, yavaş-yavaş öyrəşməyə çalışıram.
– İlk vaxtlardakı çətinliyin əsas səbəbləri nə idi?
– Həbsxana elə yerdir ki, gündəlik 30-40 adamla söhbət edirsən. Kənardan elə görünə bilər ki, türmə boz, darıxdırıcı bir yerdir. Amma elə deməzdim, çox maraqlı, hadisələr bitməyən bir məkandır. Sən orada cəmiyyət içindəsən. Azadlığa çıxandan sonra bir ay dost-tanış, qohum-əqrəba baş çəkir, sonra ünsiyyət getdikcə azalır. Çünki insanların 90 faizinin həyatı virtuallaşıb.
Sosial şəbəkələrdə hər şey müzakirə olunur, həyat ora köçüb. Ona görə həbsdə gündəlik ünsiyyətdə olan biri üçün virtual həyat istər-istəməz sosial böhrana səbəb oldu. İnsanın danışmağa, dərdləşməyə, problemlərini bölüşməyə ehtiyacı var. Həbsxanada ayrı-ayrı fərdlərin səviyyəsindən asılı olmayaraq, orada daha çox cəmiyyət varı idi, daha çox ünsiyyət vardı, həyat daha çox qaynar idi.
– Amma siz həbsdən qabaq fecebookda fəal idiniz, onda da görürdünüz ki, artıq həyat virtuallaşır…
– Mənə elə gəlir, bu səviyyədə deyil. Qayıdanda fərqli mənzərə gördüm. Həbsdən öncə həyat 20 faiz virtuallaşmışdısa, azadlığa çıxanda 80 faizə çatdığını gördüm.
Bu da müasir dünyadakı tendensiyalardır, artıq texnologiya həyatımızın bir parçasına çevrilib, süni intellekt həyatımızın bütün sahələrinə daxil olur, nüfuzlu təşkilatlar müxtəlif platformalar üzərində işləyirlər.
– Sosial şəbəkə demişkən, həbsdən qabaq facebookda aksiyalara dəvət səhifələrini yaradırdınız, indi yenidən virtualda təşkilatlanma mümkündür?
– Bu gün müxalif düşərgənin yeganə platforması yenə sosial şəbəkə və müəyyən qədər müstəqil mediadır. Əgər etirazlar başlayacaqsa, virtual üzərindən olacağını düşünürəm. Amma o mühit varmı?
Bu sualımı təhlil etsəm, müşahidələrə görə, 2013-cü ildə facebook bu qədər güclü, ictimai rəyə təsir etmək qabiliyyətinə malik deyildi. Lakin nəzərə alaq ki, həmin dövrdə müxalif cinahda bu dərəcədə parçalanma, əks fikirlilik, dözümsüzlük də yox idi.
– Yəni bu gün parçalanmalar təşkilatlanmağa mane olur?
– Parçalanmalar səbəb deyil, yekun nəticədir. Bu da hakimiyyətin apardığı təzyiqlərin, repressiyanın sayəsində olub. Sadəcə, bir-birini didən tərəflər dərk etmirlər ki, bunun kökü necə qoyulub.
– Səhv etmirəmsə, həbsdə NİDA Vətəndaş Hərəkatına qoşulmusunuz. Bunun səbəbi nə idi?
– Bəli, mən “Azad Gənclik” təşkilatının üzvü idim. Amma mitinqləri NİDA-çılarla planlaşdırırdıq, onlarla koordinasiyalı hərəkət edirdik. Lakin mən həbs ediləndə o dövrdə ciddi həbs dalğası varıydı, təşkilatlar sıradan çıxırdılar. Ona görə NİDA-çılara dəstək olmaq üçün onlara qoşulmağa qərar verdim.
– Amma onlar sizə dəstək məqsədilə həbsdə qalmadılar…
– Bu, onların seçimidir, əlavə nə isə danışmaq istəmirəm.
– İndi NİDA-nın vəziyyətini necə dəyərləndirirsiniz, bu hərəkat var?
– NİDA var, amma çox zəifik. Bu da hakimiyyətin apardığı həbslərin nəticələrindən qaynaqlanır. Eyni zamanda həbsdən çıxandan sonrakı davranışları öz təsirini göstərdi.
– Bu gün vicdan məhbusu olmuş NİDA-çılardan kiminlə əlaqələriniz qalıb?
– Rəşad Həsənov və Üzeyir Məmmədli ilə əlaqələrimiz qalmayıb. Digərləri ilə xüsusi problemim yoxdur. Həmin hadisələr böyük ölçüdə münasibətlərin soyumasına səbəb oldu.
– Onların əksəriyyəti ölkəni tərk elədi, siz niyə Avropaya getmədiniz?
– Heç vaxt getmərəm. Başıma güllə dirəyib aeroporta zorla aparmayana qədər ölkəni tərk etmək fikrim yoxdur. Təbii ki, təhsil, maraqlı proqramla bağlı ölkədən gedərəm. Amma azadlığa çıxdığım 6 ay ərzində Fransada, Almaniyada, Belçikada, Gürcüstanda olmuşam. Hər səfərimdə hiss edirdim ki, Azərbaycan üçün darıxıram.
– İlkin bəy, hansı məsələdə mövqeyiniz üst-üstə düşmədi ki, təkcə siz əfv yazmadınız, digər NİDA-çılar yazdılar? Onlar hesab edirdi ki, əfv yazmaq “sınmaq” deyil…
– Bu haqda mənə çoxlu suallar verilib, üstüörtülü cavablar verməyə çalışmışam. Onları heç vaxt ittiham etməmişəm. Sadəcə, həmin dövrdə vətəndaş cəmiyyətinin tanınmış üzvləri, hüququ müdafiəçiləri həbsdə idilər. Bu adamlar fərd olaraq İlkinə görə həbs olunmaya bilərdi, amma bizi müdafiə etdikləri üçün tutulmuşdular. Axı İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus, Xədicə İsmayıl və başqaları həbsdə ikən necə olur ki, onların üzərindən keçib azadlığa çıxırsan? Mənə bu çatmırdı… Amma yenə də onları ittiham etmirəm, yalnız Rəşad Həsənov istisnadır. Çünki onun etdiyi açıq-aşkar xəyanət idi.
– Onlar azadlığa çıxanda dörd divar arasında sizə çətin olmadı? Baxmayın, tək qalırsız, dostlar gedib…
– Həmin dostlar yox, həbsxanadakı dostlar gedəndə ağır idi. Məsələn, Tofiq Yaqublu getdi. Tofiq bəylə bir yerdə olanda özünü arxayın hiss edirsən, arxa-dayaq idi, müzakirə adamıydı. Sonra Anar Məmmədli, Fərəc Kərimli, Əbdül getdilər, hə, onda bir az tək qaldım.
Ən əsası həmin periodda mənə qarşı iyrənc bir addım atıldı. Əslində indiyə qədər özlüyümdə aydınlaşdıra bilməmişəm ki, hakimiyyətin, yoxsa Penitensiar Xidmətin əməli idi. Guya Əli İnsanova cinayət işi açılanda onun üzünə durmuşam.
Bu şayiəni yaydılar və təsəvvür edin, 1200 məhbusdan bir neçəsi istisna, hamısı ilə münasibətim sıfırlandı, blokadaya düşdüm. Təxminən iki ay belə davam etdi. Sonra həbsxanada bir qarşıdurma oldu və həmin prosesdə özümü təmizə çıxardım, onların səhv etdiklərini sübut etdim. Bilindi ki, bunu yayanlar rəisin adamlarıdır.
Ümumiyyətlə, həbsxanalar dəhşətdir və istənilən adama böhtan atmaq olur. Halbuki Əli İnsanovla yaxşı münasibətim varıydı. Məqsəd məhbuslarla ünsiyyətimin kəsilməyinə nail olmaq idi.
– Sizin 6 il həbsdə qalmağınızın səbəbi şəxsinizə olan münasibət idi, yoxsa əfvə imza atmırdınız?
– Mənə olan təklifləri rədd etmişəm. Amma məsələ bundan ibarət deyil. Çünki əfv üçün müraciət etməyən, iqtidara məndən də çox zərər vurmuş adamlara belə münasibət sərgilənmirdi.
“99 mövzuda onların istədiyi mövqedə ol, birində uyğun olmayan reaksiya ver, minlərlə adam səni linç edəcək” |
Bu günə kimi də səbəbi mənə tam aydın olmayıb. Yəni inanmıram ki, təkcə aksiyaların təşkilinə görə belə mövqe ilə üzləşmişdim. Aksiyaya görə hakimiyyətin mənə ilk vaxtlarda qəzəbi yarana bilərdi, sonra qəzəb soyuyur. Yəni hökumət rəsmilərinə sual vermək imkanınız olsa, bunu soruşa bilərsiniz. Çünki beyində suallar yaradır.
Axı mənimlə birgə hərəkət edən və ya aksiyalarda daha sərt metodlar seçən adamlara fərqli münasibət göstərilirdi. Avropalı diplomatlar da həbsdə mənimlə görüşdə təəccüblənirdilər ki, sən nə etmisən?!
– Bəlkə NİDA-çı dostlarınızla bir vaxtda əfvə imza atıb çıxmadığınız üçün həbsiniz uzun çəkdi?
– Ola bilməz. Ayrı-ayrı səbəblər mümkündür, konkret səbəb tapmadım.
– İndi gəncliyinizin 6 ilinin həbsdə keçməsinə görə bir məyusluq hissi varmı?
– Qəti. Fəxr edirəm ki, belə addım atmışam.
– Və 6 il sonra azadlığa çıxdınız, hansı Azərbaycanı gördünüz?
– Mən gördüm ki, insanların fikri bir-birinin boğazından keçmir, tənqidə qarşı cəmiyyətdə, etirazçı kütlədə, müxalifətin özündə dəhşətli bir dözümsüzlük var. Ən əsası cəmiyyətdə haqsız tənqid çoxalıb.
Mən qəbul edirəm ki, o vaxt əhali apolitik idi. İndi yazan, fikrini ifadə edən çoxdur, sadəcə, haqsız tənqid bu qədər deyildi. Axı aktivist peyğəmbər deyil, fikrində yanıla bilər, insanı bir yanlış, subyektiv mövqeyinə görə baltalamazlar. Məsələn, 99 mövzuda onların istədiyi mövqedə ol, birində uyğun olmayan reaksiya ver, minlərlə adam səni linç edəcək. Fəallara qarşı bu qəzəbi anlaya bilmirəm. Cəmiyyət çox aqressivləşib, hər şeyə dözümsüzlük var, əks fikrə dözüm yoxdur. Ümumiyyətlə, azadlığa çıxandan sonra bir siyasi xətt tutmuşam. Ancaq İlkin Rüstəmzadə insandır, bu yolda səhv edə, yanlış açıqlama da verə bilərəm. Təbii ki, bu halda tənqid etsinlər, amma fikrimi əməlimə uyğun qınasınlar, ədalətli olsunlar.
Məsələn, Emin Milli status yazdı, onun kimi başqaları da fərqli fikirlər səsləndiriblər. İnsanlar dərhal hücum etdilər. Hesab edirəm ki, döyülən, həbs edilən siyasi fəalın tənqid etməkdə limiti çoxdur. Ancaq özünü aktivist sayırsan, heç bir iş görmürsən, edəni də aşağılayırsan. Bu cür resursla, məhdud imkanlarla mübarizə aparan insanları ruhdan salmaq olmaz. .
– Tənqidə dözümsüzlük deyirsiniz, o vaxt NİDA haqda nəsə yazan adamı da az qala linç edirdilər…
– Tənqidə dözümsüzlük bu dərəcədə deyildi. Tənqid edirdilər, sonra tərəflər bir masa arxasında oturub müzakirə aparırdılar. Bu gün canlı ünsiyyət sıfırdır.
– Bəs NİDA-nın fəaliyyətini gücləndirmək fikriniz var?
– NİDA ilə bağlı sanbalı işlər planlaşdırırıq. Bütün müxalifət partiyaları ilə əməkdaşlıq edirik. Həmin partiyaların hər birinin fəaliyyətində bəyənmədiyimiz məqamlar var. Lakin müxalif kimliyi olan biri olaraq, düşünürəm ki, tənqidlərimi media qarşısında deməli deyiləm, qapalı otaqlarda rəhbər şəxslərə demək daha məqsədəuyğundur.
– Zaur Qurbanlı REAL Partiyasına keçib, Rəşadət Axundov və digər üzdə olanlar da yox, NİDA-nı dirçəltmək çətin olmayacaq?
– Müqəddəs yer heç vaxt boş qalmır. Zaurla bir çox mübahisələrimiz olub. Amma Zaur həmişə addımlarında səmimidir.
– Zaur Qurbanlı məqaləsində yazmışdı ki, NİDA kimi gənclik hərəkatlarının qarşısını kəsən ənənəvi müxalifət olub. Siz də belə düşünürsünüz?
– Mən o məqaləyə cavab yazmışdım. Onun fikirləri ilə razı deyiləm. Müxalifətin çox səhvi ola bilər. Amma inqilab iddiasında olan bir təşkilatın liderinin cibindən DTX ilə əməkdaşlıq kağızı çıxırsa (Rəşad Həsənovu nəzərdə tutur – E.S), buna Əli Kərimli və ya Arif Hacılı nə etsin?
– İlkin bəy, cəmiyyət son günlər qadın zorakılığından, feminizmdən danışır. Hətta Günel Mövlud yazmışdı ki, ən yeni müxalifət LGBT (cinsi azlıqların təşkilatı) və feministlərdir. Doğrudan belədir?
– Razı deyiləm. Belə çıxır ki, ölkədə 5-10 müxalifətçi var. Müxalifət bütün rənglərdə var və bir-birinin dəyərlərinə hörmətlə yanaşmalıdırlar.
– Sizə də elə gəlir ki, Azərbaycanda ailə dəyərlərini, institutunu xaricdən dağıtmaq projesi var?
– Bu proses təzə deyil. Azərbaycan kimi mühafizəkar cəmiyyətdə LGBT, feminizm yaralı yerlərdir. 20 il qabaq da həmin xarici təşkilatlar bu istiqamətdə işlər görürdü. Bu gün Qərb özü zəifləyib, demokratik nizam zəifləyib. Artıq Qərbdəki təşkilatlar hakimiyyətlə işləyirlər. O təşkilatlar Azərbaycanda partiyaları, medianı dəstəkləmirlər. Ona görə indi nəsə etməlidirlər. Bu baxımdan iqtidara başağrısı olmayan mövzular müzakirə edilir. O beynəlxalq təşkilatlar da nəsə etməlidir. NİDA-ya dəstəkdənsə, LGBT və ya feminizmə dəstək verirlər.
Amma Avropada, Amerikada da mühafizəkar ailələr var. Düşünmürəm ki, Azərbaycanda ailə dəyərlərinə qarşı təhlükə var. Sadəcə, qadına əşya kimi baxılması tabusu dağılmalıdır. Bu istiqamətdə aqressiv yol seçənlər var. Mən aqressiv yolu dəstəkləmirəm.
– Eyni zamanda şəhidlərə, milli qəhrəmanlara hücum var. Daha çox Mübariz İbrahimovla Ramil Səfərov hədəfə alınır. Sizin mövqeyiniz necədir?
– Mənə görə Mübariz İbrahimov qəhrəmandır. Lakin azadlıq budur ki, “Mübariz qəhrəman deyil” söyləyənə də qulaq asmalıyam. Onun fikrini qəbul etməyə, hörmət qoymaya bilərəm. Amma fikrini demək haqqını tanımalıyam. Əslində şəhidləri, qəhrəmanları bu gün müzakirə etmək aktual deyil. Amma feminizmdən danışmaq təhlükəli deyil.
Mən iradlarımı ona görə deyirəm ki, çoxu saxtakar mövqedədir. Bu problemlərin səbəbkarlarından danışmaq başağrı yarada bilər, İlkini söymək isə təhlükəsizdir, bu tənqid üçün polis səni çağırmayacaq.
Məsələn, Nərmin Şahmarzadə çox müzakirə olunur, amma o, intellektualdır və yazdıqları da səmimidir.
Amma fikrini bəyənmirəm, dəstəkləmirəm. Sadəcə, nərminlər o fikri dilə gətirəcək səviyyədə azadlığa sahib olmalıdırlar.
– Son sualım: işləmək, oxumaq planlarınız varmı?
– İşləmirəm, sahəm biznes menecment və marketinqdir. İş müraciətlərim olub, görünür, biqorafiyama görə qəbul etməyiblər. Amma Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kursunda təhsilim yarımçıq qalmışdı, rəhbərliklə görüşdüm, yaxın vaxtlarda bərpa olunacağam. Sonra bitirib xaricdə magistr təhsili almaq fikrim var.
[center][img]https://avtosfer.az/upload/news/82f2e84.jpg[/img][/center]
Bu sahədə profilaktik və maarifləndirmə tədbirlərinin daha gücləndirilməsi istiqamətində əməli addımlar atılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və təşkilatçılığı ilə Bakı Şəhər 1 nömrəli Uşaq Gənclər Mərkəzində "Diqqət uşaqlar!" adlı təhlükəsizlik aylığının başa çatmasına həsr olunan tədbir keçirilib.
Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, mərkəz rəhbərliyinin, eləcə də şagirdlərin iştirakı keçirilən tədbirdə çıxış edənlər "Diqqət uşaqlar!" adlı təhlükəsizlik aylığının keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, təşkilati-hüquqi və ələlxüsus maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mühüm töhfələr verir.
Şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı məktəblərdə öyrəndikləri biliklərin, yiyələndikləri vərdişlərin hər zaman onların köməyinə çatacağı xüsusilə vurğulanıb. Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq bu sahədə daha səmərəli və innovativ tədbirlərin tətbiqi ilə bağlı yol polisi tərəfindən zəruri addımlar atılır. Bildirilib ki, analpji tədbirlər davam etdiriləcək.
Daha sonra “İdrak” liseyinin və Bakı Şəhər 1 nömrəli Uşaq Gənclər Mərkəzinin şagidlərinin iştirakı ilə yol hərəkəti təhlükəsizliyə dair maraqlı səhnəciklər göstərilib.
Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən 2019-cu ilin sentyabr ayının 15-dən oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə start verilib.
Sözügedən tədbirlə əlaqədar olaraq, kütləvi informasiya vasitələrində elan və məlumat xarakterli materiallar yayımlanıb, dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən xidməti ərazidə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılıb, onların baş verməsinə səbəb olan amillərin aradan qaldırılması, bu sahədə profilaktik və maarifləndirmə tədbirlərinin daha gücləndirilməsi istiqamətində əməli addımlar atılıb.
Belə ki, respublikanın təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraiti müayinə olunub, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, eləcə də silinmiş və ya ümumiyyətlə mövcud olmayan nişanlanma xətlərinin çəkilməsi təmin edilib.
Təhsil işçiləri, valideynlər, ictimai qurumların nümayəndələri də cəlb edilməklə ümumi təhsil müəssisələrində təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi isə təhlükəsizlik aylığının əsas leytmotivini təşkil olunub.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aidiyyətli qurumlarının bilavasitə iştirakçılığı ilə baş tutan belə görüşlər zamanı innovativ üsul və vasitələrdən istifadə etməklə təhsilalanlara mövzu ilə bağlı geniş məlumatlar verilmiş, maraqlı diskusiyalar, viktorinalar təşkil olunmuş, fəallıqları ilə fərqlənən məktəblilərə hədiyyələr təqdim olunub.
<embed width="664" height="371" src="https://www.youtube.com/embed/AwoeoTgULDo" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>
"Ölkə.Az" bildirir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev dilə gətirib.
Dövlət başçısı bildirib ki, Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir:
“2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.
Prezident ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçdiyini vurğulayıb:
“Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.
Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bu günlərdə növbəti Nəsimi festivalı təntənəli şəkildə keçirilib. Təqdirəlayiq haldır ki, TÜRKSOY dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan edib.
Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.
Zirvə görüşlərimiz ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Builki tədbirimizin “Kiçik və orta sahibkarlığın inkişafı” adlanan mövzusu mühüm aktuallıq kəsb edir.
2017-ci ildə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edir.
Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik.
İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir.
Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir.
Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.
Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.
Biz ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq. 2019-cu ilin doqquz ayında Azərbaycana, ümumilikdə, 2 milyon 400 min turist səfər edib ki, onlardan 330 mini türkdilli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min idi.
Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Ötən ay Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclası Bakıda keçirilib. Ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”.
İlham Əliyev çıxışında Qarabağ münaqişəsinə də yer ayırır:
“Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir.
İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib.
Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.
Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. Fürsətdən istifadə edərək, mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm.
Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür. Sizi əmin edirəm ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək”.
"Ölkə.Az" bildirir ki, AZƏRTAC-ın məlumatına görə, müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib.
Prezident İlham Əliyev müşavirədə çıxış edib.
Müzakirələrdə Birinci vitse-prezident Mehriban Əliyeva, Baş Nazir Əli Əsədov, Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Şahin Mustafayev, Vergilər naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış ediblər.
"Ölkə.Az"ın xəbərinə görə, başsağlığı məktubunda deyilir:
“Hörmətli cənab Baş Nazir,
Ölkənizdə baş vermiş “Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Borc qalmaqalına görə deputat mandatından məhrum edilən sabiq deputat Rafael Cəbrayılovun borclu olduğu şəxslərdən biri ilə telefon danışığının səsyazısı yayılıb.
“AzPolitika.info”ya daxil olan səsyazısında Rafael Cəbrayılov 300 min dollar borclu olduğu Təranə Fətiyeva ilə danışır.
Sabiq deputatın ixtisasca həkim olan Təranə Fətiyeva ilə söhbətindən belə məlum olur ki, Rafael Cəbrayılov başına gələnlərin əsas günahkarı kimi qardaşı Elşən Cəbrayılovu görür.
Deputat T.Fətiyeva isə telefon danışığında qardaşına “krışalıq” etməsindən, vergi məsələlərini yoluna qoymasından, lakin sonda qardaşının pulları xaricə daşıyaraq naxələf çıxmasından söhbət açır.
Qeyd edək ki, bununla bağlı məlumatlar Rafael Cəbrayılov deputat mandatını itirən ərəfədə də yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, deputatın qardaşı Elşən Cəbrayılovun rəhbərlik etdiyi “Dərhal” MMC-nin külli miqdarda borcu üzə çıxıb. R.Cəbrayılov öz statusundan istifadə edərək həmin borcun ertələnməsinə nail olub.
“Deputatın, qardaşının adına olan şirkəti 30 bina tikib. Onlardan 23-nün heç bir vergisi verilməyib. R.Cəbrayılov öz statusundan istifadə edərək həmin verginin ödənilməsinin ləngidilməsinə nail olub. Amma bir də onda ayılıb ki, 1,6 milyon vergi borcu yaranıb. Elşən də həmin pulları götürərək ölkədən gedib”, – deyə məlumatda iddia olunurdu.
O da bildirilirdi ki, qardaşı deputatı hələ uzun müddət əvvəldən aldadırmış. Rafael Cəbrayılov deputat olduğuna görə şirkəti qardaşının adına yazdırıb və bütün səlahiyyəti ona verib:
“O da mənzilləri dostlarının, özünə yaxın olan şəxslərin adına keçirib. Hətta Rafaelin indi yaşadığı villa da deputatın adına deyil. Elşən onu Nurəddin adlı dostunun adına keçirib”.
Rafael Cəbrayılovun Təranə Fətiyeva ilə telefon danışığında bu məlumatlar bir növ təsdiqlənir.
Sabiq deputat açıq şəkildə qardaşının onun düşməni olduğunu bildirir. Hətta söhbətdən belə anlaşılır ki, qardaşlar arasında birbaşa ünsiyyət olmadığından, onlar bir-birinə fikirlərini Elşən Cəbrayılovun dostu Nurəddinin vasitəsilə çatdırırlar.
Borc problemi həll olunmazsa, həbs oluna biləcəyini istisna etməyən Rafael Cəbrayılov nə isə geri almaq üçün (yəqin ki, girov qoyduğu deputat vəsiqəsini geri almaq üçün – red.) qardaşının həmin borcluya mənzil müqaviləsi yazmasını istəyir. Bunun üçün Təranə Fətiyevadan xahiş edir ki, Nurəddinin vasitəsilə qardaşına məsələnin həlli üçün müəyyən addımlar atmağıın lazım olduğunu çatdırsın:
“Nurəddinə de ki, mən bunu eləmişəm, Rafael işdən çıxıb. İndi türməyə gedir. İndi gəlin bunu düzəldək. Düzəltmək üçün də bir yolunu fikirləşin. Görürsünüz ki, bu qadın (borc alınan qadın nəzərdə tutulur – red.) deyir ki, mənim adıma bir şey yazın. Başqasının adına olan bir şeyi yaz da. Onsuz da biz bunun pulunu verəcəyik. Bu pulun 42 min dolları elə Elşənin özündədir. Özü verər. Yerdə qalan 150 mindir, nəsə yazın, bunu Rafael yavaş-yavaş verər…”
Bu zaman Təranə Fətiyeva qarşı tərəfin bunu qəbul etməyəcəyini bildirdikdə isə Rafael Cəbrayılov şok faktlar açıqlayır. Sabiq deputat Təranə Fətiyevaya təklif edir ki, qardaşını onun söylədiyi faktları mətbuata çıxarmaqla hədələsin: “De, Elşən, bu olmursa, Rafael haqda yazan adamımız bunları yazıb, hazırlayıb… Onu yazıb ki, sən 23 buna tikmisən, vergi verməmisən. Buna da “krışalığı” Rafael edib. Rafaeli aldatmısan, bütün binaların gəlirini götürüb İstanbulda özünə biznes qurmusan. Həmçinin, digər ölkələrdə… Bunu yazıb hazılayıb, sənə bir saat vaxt verirəm.
Bir saatdan sonra saytlara buraxacam… Bunu qoyandan sonra nə olacaq, daha mən bilmirəm. Amma bunu 100-ə qədər sayt hər gün qoyacaq… Mən istəyirdim səni də, sənin qardaşını da qurtarım. Bundan sonra heç olmasa tutulmaq söhbəti olmasın. Sən də bunu eləmədin, buyur…”
"Ölkə.Az" xəbər verir ki, Ərdoğan Bakıda çıxışı zamanı bir çox məsələyə diqqət çəkib.
Terrorizmlə mübarizə, türkdilli dövlətlərlə iqtisadi-siyasi əlaqələrdən söz açan Türkiyə prezidenti "Barış pınarı" əməliyyatından da danışıb.
Türkiyə dövlət başçısı Türkiyənin 40 ildir terrorla mübarizə apardığını bildirib. Türkiyə haqqında yalan və iftiraların olduğunu söyləyən Ərdoğan terror bataqlığının qurudulmalı olduğunu vurğulayıb:
"Başladığımız işi mütləq bitirməliyik. Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi. Bir kərə yüksələn bayraq bir daha enməz".
Özəl məktəblərə marağın artmasının səbəbləri
Son vaxtlar özəl məktəblərə marağın artması bir iş adamlarının da bu sahəyə marağını artırıb. Xüsusilə də keçmiş məmurların məktəb biznesinə yatırım etməsi ilə bağlı informasiyalar var. Belə ki, son məlumata görə, sabiq təhsil naziri Misir Mərdanov Yasamal rayonunda özəl orta məktəb açıb və qiymətlər heç də sıravi ailələr üçün əlçatan deyil. Bəs görəsən, ekspertlər özəl təhsil müəssisələrinin sayının artmasını necə qiymətləndirirlər? Bu işin başında duran şəxslərin məmurlar və ya sabiq məmurlar olması keyfiyyətə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı “Yeni Müsavat”ın sualını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirdi ki, hazırda özəl məktəblərdə təhsil imkanları daha genişdir: “İlk növbədə qeyd edim ki, orta ümumtəhsil məktəblərimiz şagird hazırlığına, təlim tərbiyə, nəzarət kimi xüsusiyyətlərə görə Azərbaycandakı özəl orta məktəblərə uduzur. Yol hərəkəti təhlükəsizliyi baxımından da özəl məktəblər çox əlverişlidir. Çünki onlarda uzaq məsafədən gələn şagirdlər üçün xüsusi servis xidmət göstərir, bu da həm valideyinlərin işini asanlaşdırır, həm də təhlükəsizliyini təmin edir. Yəni bir çox xüsusiyyətlərinə görə ən yaxşı təhsil verən və ən yaxşı mühit olaraq, özəl məktəbləri bilirik. Oradakı təhsil səviyyəsi və müəllimlərin, xüsusilə direktor seçimindəki peşəkarlıq müsbət tendensiyadır”.
Kamran Əsədov ile ilgili görsel sonucu
Ekspertin sözlərinə görə, müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir: “Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır. Dünya dəyişir, dünyaya baxış dəyişir. İndiki məktəblilərin istəyi də fərqlidir. Müəllimlərdən yeni yanaşma tələb edilir. Çox təəssüf ki, Bakıda bu istəklərə cavab verən məktəblər o qədər də çox deyil. Özəl məktəbdə elə bir tələb var ki, uşaqlar özləri hətta istəməsələr belə, məcburən dərslərini hazırlayacaqlar. Şagirdlərdə məktəbə hazırlıqsız getməyin qorxusu var. Bütün bu qeyd etdiyim xüsusiyyətlər valideynlərin son dövrlərdə özəl məktəblərə meylini artırıb ki, bu da maddi vəziyyəti yaxşı olan şəxslərin özəl məktəblərə imkanlı şəxslərin marağını artırıb”.
Kamran Əsədov vurğuladı ki, özəl məktəbin açılması dövlətin yükünü azaldır ki, bu yaxşı haldır: “Amma özəl məktəbləri məmurlar açmamalıdır. Bu, rəqabət mühitinə ciddi zərbə vurur. Əgər özəl təhsil biznesinə başlayan məmur təhsil sistemindən gəlibsə, bu yaxşı haldır. Ən azından o, təhsili bilir, çatışmazlıqları aradan qaldırmaqda maraqlı olacaq. Amma yaxşı olar ki, dövlət maraqları biznes maraqlarına qurban verilməsin”.
Ekspert təəssüflə qeyd etdi ki, bəzən özəl məktəb yaradanlar keyfiyyətli təhsil verməyi yox, daha çox gəlir götürməyi planlaşdırırlar: “Əgər o şəxslər məmur olan vaxtı keyfiyyətli təhsil xidməti göstərməyiblərsə, təhsil sahəsində uğurlu adam olmayıblarsa, onlar özəl məktəb mühitinə ancaq biznes marağı üçün gələcəklər. Bu gün ölkədə keyfiyyətli təhsil müəssisələrinə ciddi şəkildə ehtiyac var. Amma bu zaman əhalinin aztəminatlı kateqoriyasını da nəzərə almaq lazımdır. Təəssüflər olsun ki, özəl məktəblərin təhsil haqları çox yüksəkdir və reallığı əks etdirmir. Digər tərəfdən, özəl məktəbləri yaradanlar ancaq öz qohum-tanışlarını ora cəlb etməməlidir. Çünki bu zaman qeyri-peşəkar idaretmə müəssisənin fəaliyyətini təhlükəyə sala bilər. Məmurların təhsil biznesinə başlaması üçün onların, ümumiyyətlə, dövlət sektorundan uzaqlaşması daha yaxşı olardı. Çünki bu zaman onlar vəzifə səlahiyyətlərindən istifadə etməzdilər”.
Qeyd edək ki, hazırda ölkədə lisenziyalı fəaliyyət göstərən özəl məktəblərin sayı təxminən 30-a yaxındır. Ümumilikdə cəmi 3 minə yaxın şagird bu cür məktəblərdə təhsil alır. Əksər özəl orta təhsil müəssisələrində illik təhsil haqqı kifayət qədər bahadır, 5 min manatdan başlayıb 15 min manata və daha yüksək həddə qədər davam edir. Bu da orta statistik gəlirə malik olan əhalinin həmin təhsil ocaqlarından yararlanmasını mümkünsüz edir.