Eldar Əzizovun kürəkəni icra başçısı olur — Daha iki icra başçısı GEDİR

Xaçmaz rayonu və Yevlax şəhəri İcra Hakimiyyətində rəhbər şəxslərin dəyişidiriləcəyi gözlənilir.
Modern.az məlumatına görə, yaxın vaxtlarda Xaçmaz rayon İcra Hakimiyyətinin 80 yaşlı başçısı Şəmsəddin Xanbabayevin və Yevlax şəhər İcra Hakimiyyətinin 60 yaşlı başçısı Qoca Səmədovun tutduqları vəzifədən azad edilməsi barədə müvafiq sərəncamlar imzalanacaq.

Modern.az məsələ ilə bağlı Yevlaxın deputatı İlham Məmmədov ilə əlaqə saxlayıb.

Deputat xəbəri təsdiqləyib. İ.Məmmədov bildirib ki, Yevlaxa yeni icra başçısının təyin olunacağı barədə xəbəri o da eşidib.
“Yəqin ki, bu gün sərəncam veriləcək. Mən də dünən eşitdim ki, icra başçımız dəyişəcək. Çox ehtimal ki, bu gün yeni təyinat haqqında qərar elan olunacaq”.


Artıq yaşlı icra başçılarının yerinə gətiriləcək kadrların kimliyi barədə də məlumat verilib. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Elnur Rzayevin (1980-ci il təvəllüdlü) Xaçmaz rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunacağı gözlənilir.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyevin (1981-ci il təvəllüdlü) isə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə aparılacağı gözlənilir.

Məlumata görə, Anar Tağıyev Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.

Məhəmməd Əsədullazadə: “Paşinyan Robert Koçaryan və Serj Sarkisyanın tərəfdarlarını siyasi səhnədən silməyə çalışır”

Ramil Məmmədli: “Güman etmək olar ki, saxlanılan şəxslərin bəzilərindən Saakyana və qondarma rejimin rəhbəliyində təmsil olunan digərlərinə qarşı ifadələr alınacaq”

Bugünlərdə, daha dəqiq desək, oktyabrın 11-də Ermənistan parlamentində 2016-cı il aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının iclası baş tutub. Qeyd edək ki, iclasda Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının deputatı Harutyun Babayanın köməkçisi, həmin döyüşlərinin iştirakçısı olan Sarkis Niazyan dindirilib. Bununla bağlı ordu.az-da yer alan informasiyada isə deyilir ki, aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının “Mənim Addımım” fraksiyasından olan üzvü Armen Xaçatryanın sözlərinə görə, komissiyanın görüləsi çox işi olduğu üçün məcburi olaraq zaman uzadılmalıdır: “İstiqamətlər çoxdur və bütün bunlar qeyd ediləcək, bundan nəticə çıxarmaq üçün çox vaxt lazımdır”. Xaçatryan həmçinin, bildirib ki, təxminən bir onluğa çatan keçmiş və indiki yüksək vəzifəli mərmurlar dindirilib, yaxın gələcəkdə mətbuatda adları səslənən şəxslərin hamısı dəvət olunacaq.

Aprel döyüşlərini araşdıran Ermənistanın parlament komissiyasının Serj Sarkisyanı da dindirəcəyi gözlənilir

Bu arada, Ermənistan mediası düşmən ölkənin keçmiş müdafiə naziri Vaqarşak Arutyunyana istinadən bəyan edib ki, 2016-cı ilin aprel müharibəsində erməni tərəfi yaranmış vəziyyəti düzgün qiymətləndirə bilməyib və nəticədə əməliyyat, taktiki uğursuzluqlara yol verib. Bununla bağlı kaspi.az-da gedən məlumata görə, “Azatutyun” yazır ki, general-leytenant Arutyunyan hazırda dördgünlük müharibəni araşdıran parlament istintaq komissiyasının məsləhətçisi kimi çıxış edir. Arutyunyanın sözlərinə görə, erməni tərəfi canlı qüvvənin hansı şəraitdə itirilməsini araşdırmalıdır. “Azatutyunu”n “kəşfiyyat səhvləri də buraxılıbmı” sualına cavab verən Arutyunyan deyib ki, bu məsələ hələ araşdırılır: “Kəşfiyyatın rolu hələ öyrəniləcək. İnformasiya olubmu, bu barədə məruzə edilibmi, kimə məruzə edilib və hansı qərarlar qəbul olunub? Bu günün əsas vəzifəsi bu informasiyanın necə olduğu, kimə məruzə edildiyi və hansı qərarın qəbul edildiyinin öyrənilməsidir”. Onun fikrincə, bu müharibədə hər bir öldürülmüş əsgərin hansı şəraitdə həlak olmasının aydınlaşdırılması əsas vəzifələrdən biridir. Ermənistanın sabiq müdafiə naziri belə bir fikirlə razılaşmır ki, “dördgünlük müharibəni” araşdıran komissiyanın məqsədi kimlərinsə cəzalandırılmasıdır. Onun sözlərinə görə, parlamentin istintaq komissiyasının məqsədi səhvləri üzə çıxarmaq və onların gələcəkdə təkrar olunmasının qarşısını almaqdır. Lakin Arutyunyan istisna etməyib ki, araşdırma əsgər ölümlərinə, ərazi itkisinə səbəb olmuş səhvləri və şəxsləri aşkar etsə, onda məsuliyyətə cəlbetmə də gündəmə gələ bilər.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü, hakim “Mənim addımım” fraksiyasının deputatı Tiqran Karapetyan isə bu qənaətdədir ki, aprel məğlubiyyətini araşdıran parlament komissiyasının Serj Sarkisyanı da dindirəcəyi gözlənilir. Karapetyan bildirib ki, komissiyanın 2016-cı ilin aprel döyüşləri ilə bağlı iclasına Sarkisyan da çağırıla bilər: “Hakimiyyətin keçmiş və indiki nümayəndəsi olmasından asılı olmayaraq, istənilən adamı çağırmaq üçün məhdudiyyət yoxdur. Ehtiyac olarsa, Serj Sarkisyan da dəvət olunacaq”. Onun sözlərinə görə, komissiyanın istintaq orqanı statusu var və ona görə də dəvətli, iclasa gəlməkdən imtina edə bilməz.

“Aprelə kimi Paşinyanı cəbhədə və Kreml tərəfindən yeni sürprizlər gözləyə bilər”

Картинки по запросу Məhəmməd Əsədullazadə

Məsələ ilə bağlı mövqeyini bildirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, aprel döyüşlərinin araşdırılması üçün yaradılan komissiya Nikol Paşinyanın “Qarabağ klanı”na qarşı başladılan 2008-ci il 1 mart hadisələrinin araşdırılması cinayət təqibinin məntiqi davamıdır: “1 mart hadisələri ilə bağlı “Qarabağ klanı”na zərbə vuran Paşinyanın növbəti hədəfi bununla işğal olunmuş ərazilərdə separatçılardır. Qeyd edim ki, “Qarabağ klanı”nın əsas dayağı Qarabağdır və burada toparlanması istiqamətində işlər aparılır. Gələn il qondarma qurumda keçiriləcək “seçkilər”də yenidən rəhbərliyi öz əllərində saxlamağa çalışacaqlar. Məhz buradakı separatçıları Paşinyan öz iqtidarına qarşı təhlükə görməklə yanaşı, onları Robert Koçaryan və Serj Sarkisyanın əsas tərəfdarları olaraq siyasi səhnədən silməyə çalışır”.

Politoloqun fikrincə, Ermənistan parlamentində yaradılan komissiyanın araşdırmaları Xankəndində separatçılara çatacaq: “Onların istintaqa cəlb edilməsi qaçılmaz ola bilər. Komissiyanın nəticələrindən sonra Paşinyan separatçıları orduda baş verən uğursuzluğa görə ittiham edəcək və Qarabağ ermənilərini onlara qarşı qaldırması istisna deyil. Aprel döyüşlərində işğal olunmuş ərazilərdə orduda müəyyən rəhbərliyi həyata keçirən separatçıları korrupsiyada, orduda yeyintiyə yol verməkdə və uğursuz hərbi əməliyyatlarda ittiham etməsi gözlənilir. Göründüyü kimi, Paşinyanın daxili siyasi intriqası davam edir və hakmiyyətini qorumaq üçün Qarabağda öz adamlarını qondarma rəhbərliyə gətirməyi hədəfləyir. Bununla özünə qarşı qatı düşmən olan klanı zərərləşdirəcək Paşinyanın Qarabağ münaqişəsinin həllində hansı addımlar atacağı gələn il apreldən sonra bəlli olacaq. Aprelə kimi isə Paşinyanı cəbhədə və Kreml tərəfindən yeni sürprizlər gözləyə bilər”.

“Hesab edirəm ki, istintaq məsələyə hüquqi don geyindirərkən, Koçaryan və Sarkisyan onlara yaxın olan daha bir neçə yüksək rütbəli zabitlərini itirməli olacaq”

Картинки по запросу Ramil Məmmədli

Mövzu ilə bağlı mövqeyini öyrənmək məqsədiylə müraciət etdiyimiz hərbi-siyasi icmalçı Ramil Məmmədli isə “Hürriyyət”ə bildirdi ki, hakimiyyətə gəldikdən sonra Nikol Paşinyanın daxili siyasətlə əlaqədar atdığı addımların hamısı birmənalı olaraq Robert Koçaryan və Serj Sarkisyan iqtidarına qarşı yönəlib: “Burada əsas məqsəd Robert Koçaryan və Serj Sarkisyan iqtidarının yerlərdəki mövqelərini zəiflətmək, eyni zamanda xalqla onlar arasında uçurum yaratmaq, onların imicini korlamaqdır. Onu da qeyd edim ki, 2016-cı ilin aprel ayında baş verən hadisə, yəni Azərbaycanın cəbhə xəttində döyüşlərdə uğur qazanması və Ermənistanın milyonlarla xərc bahasına qurduğu müdafiə xətti uğurlu olmadığından, Paşinyanın bundan istifadə etmə şansı yaranıb. Əlbəttə, ilk dövrlərdə bu məsələnin qabardılmasına imkan, vaxt yox idi. Çünki proseslər sürətlə gedirdi. Lakin hazırda artıq bunun üçün imkan var. Hesab edirəm ki, araşdırma mərhələsindən sonra istintaq məsələyə hüquqi don geyindirərkən, Koçaryan və Sarkisyan onlara yaxın olan daha bir neçə yüksək rütbəli zabitlərini itirməli olacaq. Belə ki, onların bəziləri həbsxanaya göndəriləcək, bəziləri isə ordudan uzaqlaşdırılacaq”.

“Saakyan Dağlıq Qarabağdakı qondarma rejimdə söz sahibi olduğu müddətcə Paşinyanın orada manevr imkanları məhdudlaşacaq”

Nikol Paşinyan hakimiyyətinin 2016-ci il aprel döyüşlərini araşdırmasının Azərbaycan tərəfinə yönəlik addım olmadığını vurğulayan hərbi-siyasi icmalçının fikrincə, bununla Ermənistanın mövcud iqtidarı daxili imkanlarını gücləndirməyi planlaşdırır: “Nəzərinizə çatdırım ki, Dağlıq Qarabağdakı separatçı, qondarma rejimin rəhbəri Bako Saakyanın 2016-ci il aprel döyüşlərindəki məğlubiyyətdə, itkilərin çox olmasında rolunun olmaması inkaredilməz məntiqdir. Onunla bağlı yeganə səbəb odur ki, Bako Saakyan Dağlıq Qarabağdakı separatçı qüvvələrin “ali baş komandanı”dır. Belə olan təqdirdə, təbii ki, orduda baş verən hadisələrdə, uğursuzluqlarda Bako Saakyanın da payı var. Bundan başqa, bir məqamı da qeyd etmək lazımdır ki, Bako Saakyan Dağlıq Qarabağdakı qondarma rejimdə söz sahibi olduğu müddətcə Nikol Paşinyanın, o cümlədən Ermənistandakı hazırkı siyasi sistemin orada manevr imkanları məhdudlaşacaq. Ona görə də yəqin ki, istintaq materiallarında, təhqiqatlarda ittiham olunacaq şəxslər arasında Bako Saakyanın da adı hallanacaq. Güman etmək olar ki, saxlanılan şəxslərin bəzilərindən Bako Saakyana və Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəliyində təmsil olunan digərlərinə qarşı ifadələr alınacaq”.

Rusiyanın baş verənlərə münasibətinə gəlincə, Ramil Məmmədli qeyd etdi ki, artıq Kreml “Qarabağ klanı” ilə bağlı mövqeyini açıq şəkildə bildirib: “Belə ki, Rusiya prezidenti Vladimir Putinin İrəvana səfəri zamanı Robert Koçaryanın ailə üzvləriylə görüşməsi, təcridxanada olmasına baxmayaraq, ona təbrik məktubu göndərməsi və bu tip digər addımların atılması onu göstərir ki, Kremlin Robert Koçaryan və Serj Sarkisyana, eyni zamanda Dağlıq Qarabağdakı separatçı qüvvələrə olan münasibəti bəllidir. Və burda əsas məqsəd “Qarabağ klanı”nın qorunub saxlanılması, onların Ermənistanda söz sahibi olmasını bərqərar etməkdir”.

Qənirə Paşayeva: “Xocalı soyqırımına göz yuman Konqresin “erməni soyqırımı” qərarı ikili standartlardan xəbər verir

ABŞ Nümayəndələr palatasının “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnaməni pisləyir, qərəzli, ədalətsiz hesab edirik və qınayırıq.

Bunu millət vəkili Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur.

“ABŞ Konqresinin Nümayəndələr Palatasının bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyan etdiyi kimi Türkiyə Barış Pınarı Hərəkatı ilə ABŞ-ın böyük oyununu, bölgədə həyata keçirmək istədiyi layihəni pozdu. Çünki ABŞ-ın bu böyük oyunu Türkiyənin milli maraqlarına, sərhəd təhlükəziliyinə ciddi problemlər yaradırdı və terror təşkilatları ilə mübarizəsini çətinləşdirirdi.  

ABŞ Nümayəndələr Palatası qondarma erməni soyqırımı ilə bağlı qərar da daxil olmaqla, aldığı iki qərarla Türkiyədən intiqam almaq və ona təzyiqlər edərək qardaş ölkəni cəzalandırmaq, geri çəkilməyə məcbur etmək istəyir.

Türkiyə dövləti isə artıq rəsmi bəyan edib ki, bu cür qərarlarla Türkiyəni milli maraqlara xidmət edən mövqedən geri çəkilməyə məcbur edə bilməyəcəklər, Türkiyə dövləti və xalqı bu qətnaməni qəbul etmir, heç bir zaman da qəbul etməyəcək. Nümayəndələr Palatası bu qərarı ilə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi roluna da bir daha ciddi kölgə düşürdü”, - deyə  millət vəkili bildirib.

Millət vəkili bildirib ki, onsuz da cəmiyyətimizdə ABŞ-ın bu məsələdə neytral, obyektiv rol oynamasına və ya oynayacağına dair inam həddindən artıq zəif idi:

“Bu qərardan sonra isə insanların inamı tamamilə itdi. Çünki müasir dünyanın gözləri qarşısında işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırım barədə danışmayan Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qərarı bir daha ikili standartlardan xəbər verdi və Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək. Qardaş Türkiyənin yanındayıq və gənclərimiz media, sosial şəbəkələrdə, diaspor təşkilatlarımız yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə bu cür qərarların nə qədər ədalətsiz olması, heç bir tarixi fakta əsaslanmaması barədə geniş təbliğat işləri aparmalıdırlar. Biz hamımız harada doğulub harada yaşamamızdan asılı olmayaraq Türk millətinin övladları olaraq bu ədalətsiz qərarları qınamaqla yanaşı qondarma erməni soyqırımı yalanları ilə mübarizəmizi də daha da gücləndirməliyik”.

Deputat: “Erməni soyqırımı”nın tanıması ABŞ-ın obyektivliyini şübhə altında qoyur
ABŞ Konqresinin aşağı palatasının uydurma erməni soyqırımı haqqında qəbul etdiyi qətnamə, bu ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədri olaraq obyektivliyini şübhə altında qoyur.

Bunu  açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, son 30 illik tarixdə baş verən işğalçılıq, etnik təmizləmə, Xocalı kimi soyqırım hadisəsinə qiymət verməyən, özünü dünyada insan haqlarının, demokratiyanın, təhlükəsizliyin təminatçısı kimi təqdim edən, işğalı qəbul etməyən bir ölkənin bir əsr bundan öncə əslində baş vermədiyi bir hadisəyə belə bir münasibət bəsləməsi heç bir məntiqə sığmır.

“Əgər bu  belə deyilsə, ABŞ o zaman ilk olaraq Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq, etniktəmizləmə və soyqırım siyasətinə qiymət verməlidir. Öz ata yurdundan didərgin düşən yüz minlərlə insanın pozulan hüququnun pozulmasına münasibət bildirməlidir və onların hüquqlarının bərpasına nail olmalıdır. Lakin biz bunun heç birinin şahidi olmuruq”, - deyə millət vəkili bildirib.

S.Alıyev əlavə edib ki, ABŞ Konqresinin aşağı palatasının uydurma erməni soyqırımı haqqında qəbul etdiyi qətnamə demək olar ki, 1984-cü ildəkinin təkrarıdır.

“O zaman ABŞ senatı və Prezidenti təsdiqləmədiyi üçün qətnamə qanun şəkli almadı, yəni heç bir təsir qüvvəsi olmayan sənədlər içində itib-batdı.

Amma onda Türkiyə-ABŞ və Türkiyə-İsrail əlaqələri indiki kimi gərgin deyildi. Yəni indi bu qətnamənin qanuna çevirilməsi təhlükəsi var. Yəhudi lobbisinin Türkiyəyə yanaşmasını nəzərə alsaq, hər halda onun senatdan keçməsi mümkün görünür.

Bütün hallarda ABŞ Konqresinin aşağı palatasının atdığı bu addım “Azadlığa dəstək” aktına edilən 907-ci düzəliş kimi qərəzli və ədalətsizdir. Eyni zamanda da Birləşmiş Ştatların Minsk qrupunun həmsədri olaraq obyektivliyini şübhə altına qoyur”, - deyə deptat bildirib.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Bakı şəhərinin 31 oktyabr - Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar paylaşım edib.

Birinci vitse-prezidentin paylaşımında deyilir:

"Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr - Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!"

Vilayət Eyvazov rəisi işdən çıxardı

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.
Report xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov vəzifəsindən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, F.Bəxtiyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib.

Qeyd edək ki, Nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, “102” Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir.
"Ermənilər faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir" — Prezident

"Aşqabad Zirvə Görüşü zamanı mən belə bir məsələ də qaldırdım ki, MDB məkanında da təəssüf ki, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var. Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edərkən deyib.
Prezident bildirib ki, bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub: "Bu adam deyirdi ki, “Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür”. Bu adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb. Bax, belə bir “xadim”ə heykəl qoyulub və bu heykəl indiyə qədər götürülməyib. Mən həm dövlət başçılarının, həm də Ermənistanın yeni rəhbərliyinin diqqətini bu məqama cəlb etdim ki, MDB məkanında bu, yolverilməz hərəkətdir".

Ölkə başçısı vurğulayıb ki, Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir: "Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük. Buna görə biz öz tərəfimizdən bundan sonra da həm Birlik ölkələrinin, həm də digər dövlətlərin ictimaiyyətinin bu məsələyə diqqətini Qələbənin 75 illiyinə hazırlıq prizmasından cəlb edəcəyik. Düşünürəm ki, biz birgə səylərimizlə bundan sonra da işimizi bu istiqamətdə davam etdirəcəyik ki, Böyük Vətən müharibəsi haqqında həqiqət bütün dünya birliyinin, xüsusən gənc nəslin diqqətinə çatdırılsın".
Vilayət Eyvazov Kiyevdə baltalanan azərbaycanlı ilə bağlı göstəriş verdi
Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi əsasında Ukrayna Milli Polisində görüş keçirilib.

DİN-in məlumatına görə, DİN-in Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdindəki nümayəndəsi, polis polkovniki Şahin Qocayev Milli Polisin birinci müavini, polis generalı Yevqen Koval ilə görüşərək soydaşlarımıza qarşı, o cümlədən Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevi qətlə yetirən cinayətkarların tezliklə tutulmasının vacibliyini vurğulayıb.

Yevqen Koval azərbaycanlılara qarşı törədilən cinayətlərin açılmasının, axtarışda olanların tutulmasının nəzarətdə saxlanıldığını, problemlərin tezliklə həll olunacağını qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkili, ikitərəfli münasibətlər, səmərəli əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Ukrayna Milli Polisinin Cinayət-Axtarış Departamentinin rəisi, polis polkovniki Vadim Dzyubımski və kollegiyanın üzvləri də iştirak ediblər.

Qeyd edək ki, ilkin ehtimallara görə, oktyabrın 7-də 22 yaşlı azərbaycanlı rəqqas, iqtisadçı Cavid Hacıyev Kiyevdə dostu Əli Abdullayev tərəfindən baltalanaraq öldürülüb.


Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana gəlib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Səfərin məqsədi Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.

“İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr kompleksinə baxılacaq”, – deyə Rusiya Müdafiə nazirinin mətbuat katibi bildirib. O, əlavə edib ki, 2019-cu ildə hərbi sferada qarşılıqlı əlaqələrə yekun vurulması, həmçinin MDB dövlətlərinin 2025-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsinə baxılması nəzərdə tutulub.

Topoqrafiya, metroloji sahəsində, hərbi fəaliyyətin və başqa sferaların informasiya təminatları ilə bağlı qərarlar qəbul ediləcək.

Qeyd edək ki, sabah Bakıda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Müdafiə Nazirliklərinin nümayəndələri iştirak edəcək.