Hakimiyyətin başlatdığı kadr dəyişiklikləri bütövlükdə iqtidar komandasını diqqət mərkəzinə gətirib.
"Ölkə.Az" "yenisabah”a istinadla xəbər verir ki, iqtidar komandasında qohum məmurların sayı o qədər də az deyil. Qohum məmurları oxucuların diqqətinə çatdırırıq.
Mərkəzi Bankı sədri Elman Rüstəmov Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə qudadır. ASC sədrinin oğlu baş bankirin qızı ilə ailə həyatı qurub.
Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayonunun icra başçısı Alı Qocayevlə qudadır. Spikerin qızı icra başçısının oğlunun həyat yoldaşıdır.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Dövlət Sərhəd xidmətinin rəisi Elçin Quliyevlə qudadır. Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərov Elçin Quliyevin qızı ilə evlidir.
Təhlükəsizlik Şurasının katibi Ramil Usubov isə Xətai rayon prokuroru Yusif İldırımzadə ilə qudadır. Prokurorun qızı Ramil Usubovun oğlu Emil Usybovla evlidir. General-mayor rütbəsi daşıyan Emil Usubov Daxili İşlər Naziriliyinin İstintaq və Təhqiqat idarəsinin rəisidir.
Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin qardaşı Adil Əliyev millət vəkilidir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev Fövqəladə Hallar nazirinin müavinidir. Timur Mehdiyev Nazirlər Kabinetinin humanitar şöbəsinin keçmiş müdiri İsmayıl Sadıqovun qızı ilə evlidir. İsmayıl Sadıqov bir neçə il əvvəl tutduğu vəzifədən azad edilib.
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov da Fövqəladə Hallar Nazirliyində müavin vəzifəsində işləyir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikanın Daxili İşlər naziri Füzuli Ələkbərovla qudadır. Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov 2017-ci ildə Füzuli Ələkbərovun qızı ilə ailə həyatı qurub. Seymur Talıbov Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışır. Talıbovun digər oğlu Rza Talıbov Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır.
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qardaşı Şəhriyar Şəmşirli Abşeron Rayon Polis idarəsinin rəisidir.
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deputat Hadı Rəcəbli ilə qudadır.
Deputat Rafiq Məhəmmədhəsənov həmkarı Cavanşir Feyziyevlə qudadır.