Prezident Vasif Talıbovu qəbul etdi — YENİLƏNİB (VİDEO)Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.
Naxçıvan Muxtar Respublikasının inkişafının daim diqqət mərkəzində olduğunu bildirən Prezident İlham Əliyev deyib:

-Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir.

Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir. Hazırda düşmənlə sərhəddə vəziyyət necədir və hərbi potensialın möhkəmləndirilməsi üçün əlavə hansı işlər görülməlidir?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib:

-Çox sağ olun cənab Prezident. Bütün bunlar hamısı Sizin ölkəmizə uğurlu rəhbərliyinizin, Ümummilli Liderimizin yolunu uğurla davam etdirməyinizin nəticəsidir. Bütün bunlara görə muxtar respublika sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Bu günlər sərhədlərdə məhəlli münaqişələr baş verir, ancaq buna baxmayaraq, Sizin rəhbərliyinizlə, qayğınızla muxtar respublikada yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə və hissələri uğurlu yol keçib, Əlahiddə Ümumqoşun Ordusu korpusdan Əlahiddə Ümumqoşun Ordusuna qədər yol keçibdir. Bu da Sizin qayğınızla yaradılıb. Alınmış silah-sursatla bu gün muxtar respublikanın ordusu da lazımınca təmin olunur. Hazırda muxtar respublikada yerləşən birləşmə və hissələrdə qəbul edilmiş planlara uyğun olaraq təlimlər və nəzəri işlər həyata keçirilir. Eyni zamanda, hazırda muxtar respublikanın əsgəri məişət komplekslərinin yaxşılaşdırılması sahəsində işlər gedir, hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir. Bir sözlə, Sizin qayğınızla muxtar respublikanın müdafiəsi üçün orada yerləşən hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə tam hazırdır.

Prezident İlham Əliyev: O dağ postlarına təchizatın təşkili ilə bağlı işlər görülüb?

Vasif Talıbov: Demək olar ki, hamısına yollar çəkilibdir. Bəzi postlarımız var ki, onların təminatı avqust-sentyabr aylarında həyata keçirilir. Bütün hamısı ilə əlaqəmiz var, gələn ilin iyun ayına qədər təminat artıqlaması ilə həyata keçirilibdir və xidmətin aparılmasında heç bir problem yoxdur.

Prezident İlham Əliyev: Çox yaxşı. Digər vacib sahə energetikadır. Bu istiqamətdə də böyük işlər görülüb. Hazırda Naxçıvanda generasiya gücü 220 meqavata yaxındır və sevindirici hal ondan ibarətdir ki, bunun əksəriyyəti bərpaolunan enerji növləridir. Su və Günəş elektrik stansiyalarının tikintisi geniş vüsət almışdır. Hazırda uzun illər üzərində işlədiyimiz və İran İslam Respublikası ilə imzalanmış anlaşma nəticəsində reallaşan önəmli layihə icra edilir – 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası tikilir. Soruşmaq istəyirəm, bu istiqamətdə hansı işlər görülüb və stansiyanın tikintisi ilə bağlı əlavə hansı addımlar atılmalıdır?

Vasif Talıbov: Sizin qayğınız və iştirakınızla 2005-ci il dekabrın 20-də muxtar respublikada İran İslam Respublikasından alınmış qazın açılışı həyata keçirildi, bu gün 90 minə yaxın abonent qazla təmin olunubdur. Elektrik enerjisi sahəsində də böyük işlər görülüb. Əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur. Siz qeyd etdiyiniz kimi, bunun da 6-sı bərpaolunan enerji sistemləridir. Əgər 2003-cü ildə muxtar respublika 1 milyard kilovatsaata yaxın enerji idxal etmişdisə, 2018-ci ildə 35 milyon kilovatsaata yaxın ixrac edibdir. Buna görə bu sahədə də Sizin qayğınızla işlər davam etdirilir, problem yoxdur. Ordubad Su Elektrik Stansiyası ilə bağlı Araz çayının bizim əraziyə tərəf hissəsində bənd tikilibdir, qapılar qoyulubdur, kanalda işlər davam etdirilir. İran İslam Respublikası ilə danışıqlar aparılır ki, o tərəfdən də bəndin tikintisi ilə bağlı işlərə başlanılsın. Vəsait ayırıbsınız, heç bir problem yoxdur, işlər davam etdirilir.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu, doğrudan da tarixi nailiyyətdir. Çünki Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb və belə olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bu, əslində, təhlükəsizlik məsələsidir və heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə mümkün deyildi, bu gün reallıqdır. Şadam ki, bərpaolunan enerjinin ümumi enerji balansındakı payı getdikcə artır və Ordubad Su Elektrik Stansiyasının istifadəyə verilməsi nəticəsində prinsip etibarilə Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına qarşılayacaqdır.

Bir də ki, yolların tikintisinə də böyük vəsait ayrılmışdır və yollar keyfiyyətli tikilir. Mən özüm şəxsən bunun şahidi olmuşam. Naxçıvan-Şərur-Sədərək avtomobil yolu bir neçə ildir ki, istifadəyə verilib. Naxçıvan-Şahbuz yolu layihəsi tam icra edilib. Naxçıvan-Culfa yolu da icra edilib, hazırda Culfa-Ordubad yolunun tikintisi davam etdirilir. Bu istiqamətdə hansı işlər görülüb və bu yolun nə vaxt istifadəyə verilməsi nəzərdə tutulur?

Vasif Talıbov: Çox sağ olun. Ayırdığınız vəsaitlə orada işlər başlanıbdır, yolun uzunluğu 50 kilometrdir. O vaxt layihəni təsdiq edən zaman verdiyiniz tapşırığa əsasən onun 11 kilometri 2 gedişli-2 gəlişli, qalan 40 kilometrə yaxını isə 1 gedişli-1 gəlişlidir. Artıq orada torpaq və bir qat asfaltın qoyulması işləri başa çatıbdır. Bu ilin sonuna kimi orada ikinci asfalt qatının qoyulması başa çatacaq. İcazənizlə, biz üçüncü qatı qışda deyil, may-iyun aylarında qoyaq.

Prezident İlham Əliyev: Gələn ilə?

Vasif Talıbov: Bəli, yol böyüsün, otursun, may-iyun aylarında tamamilə tamamlanacaqdır.
Prezident İlham Əliyev: Beləliklə, şəhərlərarası bütün yollar artıq ən yüksək standartlara cavab verəcək.

Vasif Talıbov: Bəli, birinci dərəcəli yollar demək olar ki, tam standartlara cavab verən səviyyədə qurulur.

Prezident İlham Əliyev: Kənd yolları da tikilir, bu istiqamətə də vəsait ayrılmışdır və gələn ilin investisiya proqramında bu, nəzərə alınmalıdır.

Vasif Talıbov: Sağ olun. Ümumiyyətlə, 2003-2019-cu illər ərzində kənd yolları da daxil olmaqla, 2 min kilometrə yaxın ümumi yollar investisiya və büdcə vəsaiti hesabına qurulmuşdur.

Prezident İlham Əliyev: Çox yaxşı. Şərur Sənaye Məhəlləsinin yaradılması üçün bu il 5 milyon manat vəsait ayrılıb və bu sahədə hansı işlər görülür? Eyni zamanda, Naxçıvanda yeni xalça fabrikinin tikintisi də nəzərdə tutulur. Bu sahədə hansı işlər görülüb? Məruzə edin.

Vasif Talıbov: Çox sağ olun. Ayırdığınız vəsait hesabına Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıbdır, qısa müddət ərzində investorların cəlbi ilə bağlı təkliflər vermişik. Təklifləri gözləyirik ki, orada hansı sənaye müəssisələri qurulsun. Demək olar ki, bu ilin sonuna artıq orada ilk müəssisənin qurulması işlərinə başlanılacaqdır. İlk olaraq bitki yağları istehsalı müəssisəsinin qurulması nəzərdə tutulubdur. Ona görə ki, muxtar respublikamızda bu, yüz faiz idxal hesabına həyata keçirilir.

Xalça fabrikinin qurulması işləri başa çatdırılıbdır. İndi yun tədarükü sexinin qurulması işləri davam etdirilir. Artıq orada işçilər götürülübdür, yəni, sınaq işləri başlanılıbdır, xalçalar toxunur. Bir-iki ay müddətində orada işlər tamamilə başa çatdırılacaq.

Prezident İlham Əliyev: Çox yaxşı. Artıq bir neçə ildir ki, Naxçıvan özünü taxılla tam təmin edir və məhsuldarlıq da yaxşıdır. Kənd təsərrüfatının inkişafı üçün indi pivot suvarma qurğularının alınması məqsədilə vəsait ayrılmışdır. Eyni zamanda, bu ilin investisiya proqramında Süni Mayalanma Mərkəzinin tikintisi nəzərdə tutulur. Bunun ümumi dəyəri təqribən 7 milyon manatdır, onun böyük hissəsi bu il verilməli idi, vəsait verildi və bu sahədə hansı işlər görülüb?

Vasif Talıbov: Muxtar respublikada bu sahəyə də diqqətiniz sayəsində, cənab Prezident, deyə bilərəm ki, bu illər ərzində 4 min hektara yaxın ərazidə yeraltı suvarma şəbəkələri qurulmuş, 160-dan yuxarı artezian quyusu qazılmışdır və kəhrizlər bərpa olunmuşdur. Bunun hesabına 2003-cü ildə muxtar respublikanın əkinə yararlı torpaqları əgər 39 min hektarı əhatə edirdisə, Heydər Əliyev su anbarını istifadəyə verdiyinizdən, yeraltı suvarma şəbəkələri qurulandan sonra bu gün artıq 62 min hektar əkinəyararlı torpaqlardan istifadə olunur və muxtar respublika özünü ərzaqla tam təmin edə bilir. Deyə bilərik ki, Sizin rəhbərliyinizlə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi məsələləri tam təmin olunubdur.

Prezident İlham Əliyev: Çox yaxşı. Eyni zamanda, əminəm ki, artıq ixrac potensialı da formalaşa bilər. Bildiyiniz kimi, Türkiyə tərəfi böyük addım ataraq Naxçıvanın istehsalı olan malların idxalı ilə bağlı da göstəriş vermişdir. Hesab edirəm ki, Naxçıvanın istehsal potensialı artdıqca ixrac imkanları da genişlənəcək.

Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin.

Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır.

Vasif Talıbov: Gələn ilin büdcəsi ilə əlaqədar deyə bilərik ki, maaş artımı ilə əlaqədar büdcənin həcmi də artmışdır. Gəlirlər hissəsi isə 12 milyon manata yaxın artırılmışdır, yəni, 2020-ci ilin büdcəsində yerli gəlirlər 100 milyon manata yaxındır. Pensiya və təqaüdlərin ödənilməsi üçün yerli büdcədə təqribən 100 milyon manata yaxın yığım nəzərdə tutulub.

Prezident İlham Əliyev: Çox yaxşı. Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır.

Prezident yeni səfirlərin etimadnamələrini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib.

"Ölkə.Az" xəbər verir ki, ölkə başçısı həmçinin İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehin də etimadnaməsini qəbul edib.

Büdcə müzakirələri davam edir
Milli Məclisin komitələrində 2020-ci ilin dövlət büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi keçirilir.

“Ölkə.Az” xəbər verir ki, komitələrin birgə iclasına sədrlik edən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə  həm birinci oxunuşun müzakirələri, eləcə də, ikinci oxunuş ilə bağlı məlumat verib.

O deyib ki, birinci oxunuşun müzakirələri zamanı 46 millət vəkili çıxışlara yazılıb və onlardan 34-ü çıxış edərək, fikir və təkliflərini bildiriblər.
İkinci oxunuşda deputatlar Maliyyə nazirinin birinci müavini Azər Bayramovla Hesablama Palatasının sədri Vüqar Gülmmədovun məlumatlarını  dinləyib.
Hazırda ikinci oxunuşla bağlı komitə üzvləri çıxış edirlər.

Onu da qeyd edək ki, komitə iclasları yenə də jurnalistlərin iştriakı olmadan keçirilir.

 Büdcənin Milli Məclisin plenar iclasında ikinci oxunuşu noyabrın 26-də, üçüncü oxunuş isə noyabrın 29-də keçiriləcək.

Mirşahin Əli İnsanovun özəlləşdirdiyi mülklərin siyahısını açıqladı"Real TV"nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mir Şahinin vaxtı" verlişində keçmiş Səhiyyə naziri Əli İnsanovla bağlı bəzi məqamları açıqlayıb.

"Ölkə.Az"ın Qafqazinfo-ya istinadən məlumatına görə, müəllif bildirib ki, Ə.İnsanov vəzifədə olarkən qeyri-qanuni şəkildə bir sıra əmlakları özəlləşdirərək zəbt edib.

Mirşahin Ağayev həmin əmlakların bir neçəsini təqdim edib:
1. Bakı şəhərində, Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsi-76 ünvanında yerləşən Axundov adına Milli Elmi Tədqiqat və Tibbi Profilaktika institutunun Tibbi parazitoligiya klinikasının 702, 2 kvadratmetr qeyri-yaşayış və 1008, 7 kvadrat metr torpaq sahələri.

2. Nəsimi rayonunda, Rəşid Behbudov küçəsi-80 ünvanındakı İnformatika və Statistika İdarəsinin Məlumat Mərkəzinin yerləşdiyi 821, 7kvadratmetr qeyri-yaşayış sahəsi.

3. Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 9 saylı şəhər poliklinikasının yardımçı binasının 91,4 kvadrat metr qeyri-yaşayış sahəsi.

4. Yenə həmin rayonun Mir Cəlal küçəsində yerləşən 21 saylı uşaq poliklinikasının yardımçı binasının 176,5 kvadrat metr qeyri-yaşayış və 680 kvadrat metr torpaq sahələri.

5. Nəsimi rayonu Azadlıq prospekti 114, Respublika Xalq Təbabəti Mərkəzinin 894,4 kvadratmetr qeyri yaşayış sahəsi.

6. Nəsimi rayonu, Bakıxanov küçəsi-42 ünvanında yerləşən 5 saylı şəhər poliklinikasının 148,4 kvadrat metr qeyri yaşayış sahəsi.

7. Əliyev adına Təsərrüfat hesablı poliklinikanın Nəsimi rayonu Bülbül prospeki 43 ünvanında yerləşən 69,2 kvadrat metr qeyri-yaşayış sahəsi. 

8. Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanında yerləşən Bakı Şəhər 17 saylı uşaq poliklinikasının 37,4 kvadrat metr qeyri-yaşayış sahəsi.

9. Nəsimi rayonu Məhərrəmov küçəsi, 37 ünvanında yerləşən 12 saylı uşaq poliklinikasının 196,5 kvadratmetr qeyri yaşayış sahəsi və 244,8 kvadrat metr torpaq sahəsi.

Ramiz Zeynalov plyonkalı avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ştorka və jalüzlü (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib.

“Report”un xəbərinə görə, bununla bağlı R.Zeynalovun imzalanmış telefonoqramı sosial şəbəkələrdə yayılıb.

Telefonoqramda qeyd edilib ki, respublikanın iqlim şəraiti nəzəra alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib.

Tapşırığa əsasən nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməyəcək.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AZS 122-2004” “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib. Həmçinin daha əvvəl Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Prezident İlham Əliyev: “Ermənistanın yeni hökuməti özünü demokratik hökumət kimi göstərir”

“MDB Sammiti çərçivəsində mövzulardan biri İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı idi və mən söz alaraq dedim ki, Azərbaycan və MDB-yə üzv olan digər ölkələr faşizmin pislənməsi ilə bağlı ortaq mövqedən çıxış edirlər. Nasistlərin qəhrəmanlaşdırılması haqqında danışarkən mən dedim, təəssüf ki, bizim bölgədə, MDB məkanında faşistləri tərənnüm edən bir ölkə var. Mən faşistlərə xidmət edən, Ermənistan hökuməti tərəfindən şərəfinə 6 metr hündürlüyündə abidə ucaldılmış Qaregin Ter-Arutunyanın adını çəkdim. O, faşist Almaniyası, müharibə vaxtında “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” ifadəsini işlədən bir şəxs idi və bu şəxsin müxtəlif millətlərin, o cümlədən yəhudilərin və digər insanların qətlində əli olub. O, Bolqarıstanda gizli şəbəkə yaratmışdı. Casusluq şəbəkəsi yaradılmışdı. O, həbs olunmuş, uzun müddətə azadlıqdan məhrum edilmiş və Vladimir şəhərində həbsxanada vəfat etmişdi”.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Rabbi Abraham Kuperi və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri, yevangelist din xadimi Conni Muru qəbul edərkən bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, o, Ermənistanın yeni hökumətini həmin abidəni sökməyə çağırıb, çünki onu əvvəlki hökumət ucaltmışdı: “Yeni hökumət özünü demokratik hökumət kimi göstərir. Beləliklə, bunu göstərin, abidəni sökün. Mənim ittihamlarım ona qarşı deyildi, onun qondarma inqilab nəticəsində devirdiyi sələflərinə qarşı idi və o, dedi: Soljenitsin də həbsdə olub və bir çox başqa sovet dissidentləri Vladimir həbsxanasında olublar. Beləliklə, o, faktiki olaraq deyirdi ki, faşist qatil Soljenitsinlə eynidir. Bundan daha səfeh bəyanatı təsəvvürə gətirmək mümkün deyil. Bu səbəbdən, əlbəttə ki, biz hər şeyi olduğu kimi deməliyik. Biz bilirik ki, Amerikada, Rusiyada, Fransada, Minsk qrupunun həmsədr ölkələrinin hamısında erməni lobbisi var. Lakin bir həqiqət var. Qələbənin 75-ci ildönümü ərəfəsində biz Yerevanın mərkəzində bu abidənin olmasına necə dözə bilərik. İndi onlar, – mən mətbuatdan eşitmişəm, – Bolqarıstanda abidə tikməyə çalışırlar. Onlar birini Rusiyanın Armavir şəhərində ucaldıblar. Çox cəsur bir insan gəlib onun üstünə qara boya töküb və indi erməni diasporu ona hücum edir. Onlar faşisti müdafiə edirlər. Ona görə də, əlbəttə ki, biz ümid edirik dünyadakı yəhudi icmaları bizim səsimizə səs verəcək və Ermənistan hökumətini bu abidəni sökməyə məcbur edəcəklər”.
Vilayət Eyvazovdan yeni — TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub.
O, bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib.

Məlumat DİN-in mətbuat xidmətindən oxu.az saytına təsdiq edilib.

Qeyd edək ki, BŞBPİ-nin İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev dünən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.
Prezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında — FOTONoyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamı olub.
"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradıcılıq axşamına tamaşa ediblər.

Prezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında — FOTO

Maksim Qalkin Azərbaycan tamaşaçılarının qarşısına gözəl əhval-ruhiyyə yaradan mahnı ilə çıxdı. Azərbaycan Respublikasının Prezidentini və birinci xanımı bu zalda salamlamağın onun üçün şərəf olduğunu deyən Maksim Qalkin Bakıya tez-tez gəldiyini, şəhərimizin ildən-ilə daha da gözəlləşdiyini vurğuladı. Azərbaycan dilini sevdiyini qeyd edən şoumenin ana dilimizdə “Azərbaycan dilini öyrənmişəm. Mən Azərbaycan dilində danışıram. Amma nə danışıram, özüm bilmirəm”, - deməsi gülüş, zarafat dolu bir gecənin başlanğıcından xəbər verirdi.

Prezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında — FOTO


Maksim Qalkin tamaşaçılar qarşısında "stand up" şousu ilə çıxış etdi. O, Rusiya və Avropanın məşhur sənətkarlarının, o cümlədən Anna German, Lyudmila Zıkina, Lev Leşşenko, Vladimir Vinokur, Dima Bilan, Valeri Leontyev, Filipp Kirkorov, Valeri Meladze, Toto Kutunyo, Co Dassen və başqa tanınmış ifaçıların mahnılarına parodiyalar təqdim etdi.

Gecənin maraqlı məqamlarından biri isə Maksim Qalkinin dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin repertuarından “Mavi əbədilik” mahnısını ifa etməsi oldu. Dünya şöhrətli sənətkar Alla Puqaçovanın repertuarından “Arlekino” mahnısını oxumasını da tamaşaçılar alqışlarla qarşıladılar.

Prezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında — FOTO


Maksim Qalkinin təqdim etdiyi proqramlar özündə parodiya, mahnı, yumor, məşhur televiziya şoularından konsert nömrələrini birləşdirir. O, auditoriyanı hiss edir və tamaşaçıları ilə şou boyu ünsiyyət qurur. Bu axşam da istisna olmadı.

Gecənin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Maksim Qalkinlə görüşdülər.

İki saat davam edən gecədə tamaşaçı gülüşünün, sevinc əhval-ruhiyyəsinin ardı-arası kəsilmirdi. Yaradıcılıq axşamı hər kəsə xoş əhval-ruhiyyə bəxş etdi.

Prezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında — FOTO


Qeyd edək ki, Maksim Qalkinin artistlik debütü 1994-cü ildə Moskva Dövlət Universitetinin Tələbə Teatrında olub. Həmin il o, həmçinin Estrada Teatrında "Debütlər, debütlər, debütlər" proqramında çıxış edib. O vaxtdan artistlik karyerasına uğurla davam edən Maksim Qalkin 2001-ci ildə Rusiyada "Triumf" və "Qızıl Ostap" mükafatlarını alıb. Həmin il "Vitebskdə Slavyan bazarı" festivalında ilk solo konsertini verib. O vaxtdan solo çıxışları mütəmadi xarakter alıb. 2001-ci ilin oktyabrında özünü yeni ampluada - mahnı ifaçılığında sınayıb. Onun ilk vokal təcrübəsi Rusiya estradasının əfsanəsi Alla Puqaçova ilə birlikdə oxuduğu "Bud ili ne bud" (Будь или не будь) mahnısı olub. Maksim Qalkin, həmçinin bir sıra televiziya proqramlarının aparıcısı kimi məşhurlaşıb. Onun səhnə çıxışları anşlaqla keçir, telelayihələrdə iştirakı isə yüksək reytinqi təmin edir.

Maksim Qalkinin indiyədək Bakıda verdiyi konsertlərin hər biri tamamilə yeni və fərqli olub.

Prezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında — FOTOPrezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında — FOTOPrezident ailəsi ilə Maksim Qalkinin yaradıcılıq axşamında — FOTO
 
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu – QALMAQALMir Şahin Ağayevdən Müsavat başqanına sərt cavab: “Arif, ucuz populizmlə məşğul olma”

Avropada miqrant alveri ittihamı ilə bəzi azərbaycanlı mühacirlərin saxlanılması Müsavat Partiyası ilə REAL TV-ni üz-üzə qoyub. Buna səbəb də saxlanılan mühacirlərin əksəriyyətinin Müsavatın saxta arayışları ilə Avropaya getmələri barədə iddialardır.

Son baş verənlərə cavab almaq üçün REAL-ın əməkdaşı Mahir Məmmədli partiyanın qərargahına gedib. Lakin Müsavat başqanı Arif Hacılı kanala müsahibə verməyib.

İstəyinə nail olmayan jurnalist bu statusu paylaşıb: “Gəlmişik, Müsavat Partiyasının başqanı Arif Hacılıdan müsahibə almağa. Özü qərargahda olmasa da, köməkçisi ilə xəbər göndərdi ki, müsahibə vermək istəmir. Biz isə israr elədik. Çünki söhbət çox ağır ittihamlardan, Arif Hacılının özünün bir neçə saat əvvəl yazdığı kimi, evlərini satıb, saxta mühacirlik üçün külli miqdarda vəsait ödəyən insanların aldadılmasından, ailələri ilə Almaniyadan deportasiya edilməsindən gedir.

Arif Hacılı isə qərargaha gəlmək, ittihamlara cavab vermək əvəznə bizə Facebook-dan söz göndərir. Bilirsiniz niyə? Çünki deyəcək sözü yoxdur. Partiya sədri bir jurnalistin sualından çəkinib, öz qərarhagına gəlmir. Onun statusunun altındakı şərhlərdə isə bizi linçlə hədələyirlər. Arif Hacılı isə bu şərhə münasibət bildirmir.

Arif Hacılı bilir ki, saxta mühacir əməliyyatının başlamasında Real TV-nin rolu var. Məhz biz saxta arayışları, saxta möhürləri nümayiş etdirmişdik. Arif Hacılı, müsahibə verib-verməməyə gəlincə, mən jurnalistəm və kimdənsə müsahibəni ona lazım olan vaxtda yox, mənə lazım olan vaxtda alıram.

Biz gedirik. Qayıdın iş başına. Bir jurnalistin suallarından bu qədər qorxmağa dəyməz”.

Statusun altında əsl qalmaqal yaşanıb. A.Hacılı statusa bu rəyi yazıb: “Mənim deyəcək sözüm var. Sözümü deyirəm də. Amma, sizə demirəm. Çünki siz jurnalistika ilə yox, təxribatla məşğulsinuz. Şərə xidmət edirsiniz”.

M.Məmmədlinin cavabı: “Siz sözünüzü heç bir yerdə demədiniz. İndiyə qədər saxta mühacir alveri ilə bağlı cavabınızı görməmişəm. Bircə gecə sentimental status yazmışdınız”.

Məsələyə Real TV-nin rəhbəri Mir Şahin Ağayev də qarışıb və Müsavat başqanına bu rəyi yazıb: “Arif, ucuz populizmlə məşğul olma. Özün də bilirsən ki, bu saat səmimi deyilsən, sadəcə publikaya, daha doğrusu publikana, lap doğrusu qaragüruha oynayırsan. Biz və ya mən səndən də, təmsil etdiyin qurumun başqa üzvlərindən də lazım bildiyimiz vaxtlarda müsahibə istəmişik və almışıq! Bu bazar günü sənin eksport-import biznesin də daxil olmaqla, dırnaqarası mühacir məsələsindən danışacam. Cavabın olacaq! Ciddi və yeni faktlarla! Müsahibədən qaçmağın isə məntiqlidir. Mahir də qaçanlardan soruşmağa gəlmişdi!!!”.

A.Hacılı Real TV rəhbərinə bu cavabı verib: “Bir partiya başqanı ilə sən deyə danışmanız etika səviyyənizi, mənim açıqlamalarımdan xəbərsiz olmağınız isə jurnalist olmadığınızı göstərir”.

M.Məmmədli statusunda yenidən mövzuya qayıdaraq, A.Hacılıya bunları deyib: “Arif Hacılı, tərəfdarlarınız jurnalistləri partiya qərargahından it kimi qovmağı təklif edir. Siz bir partiya başqanı olaraq, ona cavab verməli, bu cür çağırışların partiyaya və sizin özünüzə hörmət gətirmədiyini bəyan etməli idiniz. Əsl təxribatçılıq belə çağırışlar etmək və ya buna şərait yaratmaqdır”.

Mir Şahin Ağayev isə statusda Müsavat başqanının “sən” iradına rəylə cavab verərək, polemikanı bu cür qapadıb: “Arif, mən sənə heç vaxt “siz” deyə müraciət etməmişəm. Bir fakültəni bitirmişik, sən də mənə “sən” demisən, yaddaşını silkələ. Hansısa başkan, daşkan, boşqan və s. tipli fonemlər isə səni dəyişmir. Zəif və iradəsiz biri, bədii, siyasi və ictimai məzmun etibarilə zəif kəssən. Belə də olacaqsan həmişə”.

A.Hacılı öz facebook profilində status paylaşıb və orada da Real TV ilə Müsavat arasında yeni gərginlik yaranıb. Həmin statusu təqdim edirik: “Hakimiyyət yandaşı Real TV uzun müddətdir ki, məndən müsahibə götürmək istəyir. Məni studiyaya dəvət edir və s. İmtina edirəm. Onlara dəfələrlə demişəm ki, böhtan püskürən bu TV-nin efirinə çıxmağı özüm üçün mümkün saymıram. Qərargaha da gəliblər, müsahibə verməmişəm. Məlumat aldım ki, indi məni Müsavat qərargahı qarşısında gözləyirlər. Köməkçim onlara bildirib ki, Müsavat başqanı sizin TV-yə müsahibə verməyəcək. Getməyiblər. Bu da bir təxribatdır, yəqin ki”.

Mir Şahin Ağayev A.Hacılıya M.Məmmədlinin statusuna yazdığı rəyi təkrar paylaşmaqla cavab verib.

“Yeni Müsavat”

Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu – QALMAQALMühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu – QALMAQALMühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu – QALMAQAL
 

Təqaüd yaşı keçmiş məmurların istefası məsələsinin aktuallaşmasından sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) də yerinə, nəhayət, yeni şəxsin seçiləcəyi məsələsi də diqqət mərkəzinə gəlib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 82 yaşı olmasına baxmayaraq, hələ də bu vəzifədə qalması onun adının medianın gündəmindən düşməsinə imkan vermir.  

Turkustan.info xəbər verir ki, Musavat.com-a daxil olan məlumata görə, Elmira Süleymanovanın ombudsman vəzifəsindən istefa ərizəsi yazdığı, ərizəsində prezident İlham Əliyevdən onun istefasını qəbul etməsini xahiş elədiyi haqda məlumat daxil olub. Elmira xanımın istefası qəbul ediləcəksə, çox güman ki, yaxın günlərdə məsələ ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, noyabrın 1-də Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirmişdi. E.Süleymanova jurnalistlərə açıqlamasında işdən azad olunması ilə bağlı prezident İlham Əliyevin rəsmi qərarını gözlədiyini demişdi: “Sosial şəbəkələrdə mənim adımın hallandırılması başqa bir məsələdir. Mən bu barədə danışmaq istəmirəm. Çünki görürəm ki, kimsə səmimi bir söz deyəndə ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda ”rəsmi qərarı gözləyirəm” dedi. Mən bu yanaşmanı və fikri çox bəyəndim. Mən də qısa olaraq deyə bilərəm ki, cənab prezidentin rəsmi qərarını gözləyirəm”.

Xatırladaq ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 82 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

“İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir. Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir. Yalnız ombudsmanın yerinə yeni namizəd verilmədikdə o,  öz vəzifəsində qala bilir. Belə ki, Konstitusiyaya məhdudiyyətin götürülməsi ilə bağlı 2009-cu ilin martın 18-də edilən dəyişikliyə əsasən, səlahiyyət müddəti başa çatan müvəkkilin yerinə yeni şəxs seçilənə qədər o, öz vəzifəsinin icrasını davam etdirir. Səlahiyyət müddəti başa çatan Elmira Süleymanova da məhz yerinə namizəd verilmədiyindən hələ də ombudsman vəzifəsində qalır.

Ancaq artıq həm yaşı, həm də səhhətinin ona vəzifəsini tam icra etməyə imkan vermədiyi barədə vaxtaşırı deputatlar, hüquq müdafiəçiləri, siyasətçilər tərəfindən açıqlamalar verilir. Ötən il Elmira Süleymanova illik məruzə ilə çıxış etdikdən sonra deputatlar onun fəaliyyətini sərt şəkildə tənqid etmişdilər. Yeni başlayan payız sessiyasından az öncə isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli sessiyada yeni ombudsmanın təyinatı məsələsini gündəmə gətirəcəyini açıqlamışdı. O qeyd etmişdi ki, mütləq parlament rəhbərliyinə bu fikri çatdıracaq, çünki bu məsələyə baxılmalıdır: “Deyə bilərəm ki, proses çox ləngiyir. Hesab edirəm ki, bu məsələni həll etməyin zamanıdır. Qanunvericiliyə əsasən, yeni ombudsman təyinatı olmursa, köhnə ombudsman səlahiyyət müddəti bitdikdən sonra vəzifəsinin icrasını davam etdirir. Təbii ki, bu məsələ prezidentin səlahiyyətində olduğundan gözləyirik. Güman ki, cənab prezident müvafiq addımlar atacaq.

Deyə bilmərəm yeni ombudsman gənc, ya da yaşlı olsun. Düzdür, insanların hamısı arzulayır ki, daha çalışqan biri bu postu tutsun. Ombudsman bütün ölkələrdə çox yüksək konstitusion vəzifədir. Əsas odur ki, insanların hüquqlarına çox həssas yanaşa bilsin”.

Başqa bir məlumata görə, Milli Məclisin növbəti iclaslarının birində yeni ombudsman məsələsi müzakirə ediləcək. İstisna deyil ki, prezidentin təqdimatı parlamentə daxil olsun. Azərbaycanın ikinci ombudsmanının hazırda parlament üzvü olan vəzifəli xanım deputatlardan biri olacağı da əldə etdiyimiz məlumatlar sırasındadır.