Xalqımızın zəngin dövlətçilik tarixi, eləcə də özünəməxsus milli adət-ənənələri, elm və mədəniyyəti haqqında geniş məlumatlar dünya ictimaiyyətinə bəllidir. Tarixi qaynaqlar təsdiq edir ki, dövlətçilik ənənələrimizin beş min ildən çox tarixi var. Heç şübhəsiz ki, bu qədim dövlətçilik ənənələrimiz bizim mədəniyyətimizin, ədəbiyyatımızın, elm və təhsilimizin inkişafına, tərəqqisinə təsirsiz ötüşməyib, saysız-hesabsız töhfələr verib. Deməli, bu ənənələrin qorunması, eləcə də təbliği günümüzün ən aktual məsələlərindən biri hesab olunur və hər zaman olduğu kimi, yenə vacib sayılır.

Dövlətin və xalqın var olması üçün ilk növbədə, dövlətçilik ənənələrinin, elm və mədəniyyətinin, eləcə də milli dəyərlərinin qorunmasınin vacibliyi təkzib edilə bilməz. Sevindirici haldır ki, Azərbaycanın dövlətçilik tarixi, elm və mədəniyyəti hazırda uğurla təbliğ edilir. Sözsüz ki, bu, hamımız üçün sevindirici haldır. Xüsusən də milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində yüksək qiymət verilməsi hər kəs üçün daha da ruhlandırıcı məqamdır. "Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duyur və sözsüz ki, bununla fəxr edir", deyə bəyan edən Ümummilli Lider Heydər Əliyev dövlətçilik tariximizə, elm-mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə bizim neçə bağlılığımızı göstərib. Eyni zamanda bu fikirlərlə Ulu Öndər dövlətçilik ənənələrimizə, elm və mədəniyyətimizə, adət-ənənələrimizə dövlət səviyyəsində yüksək qiymət verildiyini diqqətə çatdırıb. Ölkəmizdə milli adət-ənənələrin necə mühafizə olunmasını, qorunmasını, bütün ənənələrimizə daim hörmət və ehtiram göstərilməsini hər birimiz görürük və bundan sonra da qorunmasının məsuliyyətini duyuruq. Başa düşürük ki, xalqımıza məxsus zəngin dövlətçilik tarixi, adət-ənənələrimiz dərindən öyrənilməli, eləcə də təbliğ edilməlidir.

Dövlətçilik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə olan hörmət və ehtiramın öz bəhrəsini verdiyinin hər birimiz şahidiyik. Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra milli-mənəvi dəyərlərin qorunması, xalqımıza məxsus olan dövlətçilik tarixinin, adət-ənənələrimizin dərindən öyrənilməsi, bu istiqamətdə aparılan maarifləndirmə və təbliğatın nəticəsi özünü göstərdi və şahidi olduq ki, qələbələr əldə etmək, zəfər qazanmaq üçün məhz həmin maarifləndirmə və təbliğatın rolu olduqca böyükdür. Məhz 44 günlük müharibə zamanı vətəndaşlarımızın vətən uğrunda, ali dəyərlər naminə necə mübarizə apardığını gördük və bir daha əmin olduq ki, xalqımızın zəngin dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği çox vacib məqamdır.

Bu vaxta qədər heç zaman Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində olmayan, həmin əraziləri yalnız mətbuatdan və dərsliklərdən tanıyan yeni nəslin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ən qısa zamanda Zəfərə imza atması da məhz elə mənəvi dəyərlərin təbliği, milli ruhda, dövlətçilik, azərbaycançılıq ruhunda tərbiyənin məntiqi nəticəsi sayılır. İşğal altında olan torpaqlarımız uğrunda döyüşən, canlarını, qanlarını əsirgəməyənlər dövlətçilik tariximizə, dəyərlərimizə, ənənələrimizə necə bağlı olduqlarını bütün dünyaya sübut etdilər. Vətən torpağının hər qarışı uğrunda canını fəda edənlər göstərdilər ki, vətəni sevmək, dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq necə olur. Bütün dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan xalqı öz dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərinə, özünə məxsus olana böyük hörmətlə yanaşır və hər zaman da ali dəyərlərin, öz ənənələrinin keşiyindədir. Azərbaycan əsgərinin döyüş meydanında necə böyük ruh yüksəkliyi ilə döyüşməsi, vətən uğrunda, vətən torpağını işğaldan azad etmək uğrunda hansı həvəslə vuruşması bütün dünya ictimaiyyətinin diqqətindən yayınmayıb və yaddaşlardan da silinən deyil. Vətən müharibəsi və bu müharibədə əsgərlərimiz tərəfindən göstərilən şücaət bir daha təsdiq etdi ki, həmin torpaqların sahibi o torpaqları qoyub qaçanlar yox, məhz həmin torpaqların hər qarışı uğrunda canından keçməyə hazır olanlardır və onlar Azərbaycanın dövlətçilik tarixinin, milli-mənəvi dəyərlərinin, bizə məxsus olanın keşiyində duran, onu qoruyan, dəyər verən azərbaycanlılardır.

Güclü dövlətçilik quruculuğu ilə adət-ənənələr, eləcə də həmin adət-ənənələrin formalaşdırdığı milli dəyərlər sistemi arasında qırılmaz bağlılıq, vəhdət danılmazdır. Əxlaqi və milli vətənəpərvərlik baxımından cəmiyyəti düzgün istiqamətə yönəldən məqamın da elə ilk növbədə, adət və ənənələr olduğu təkzib edilə bilməz. Ona görə də cəsarətlə deyə bilərik ki, hər bir dövlətin gücü məhz həmin dəyərlərin cəmiyyəti saf təməllər üzərində tərbiyə etməsindən birbaşa asılıdır və qırılmaz bağlılıq, vəhdət də elə buradan təzahür edir. Heç şübhəsiz ki, güclü və qüdrətli dövlətin meydana çıxmasında məhz adət-ənənələrin vacib rol oynadığı artıq zərrə qədər də şübhə doğurmur.

"Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir", deyə bildirən və adət-ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolu hər zaman yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev bununla bəyan edib ki, xalqımız dünyanın ən qədim tarixə malik, ən qədim xalqlarındandır. Ulu Öndər Heydər Əliyevin öz xalqının, Azərbaycan xalqının mədəni irsinə, mənəvi dəyərlər sisteminə hər zaman qayğı ilə, hörmətlə yanaşması heç də təsadüfi sayılmır. Xalqımıza məxsus olan dəyərləri, ənənələri, mədəniyyəti, hətta tarixi əraziləri, torpaqlarımızı belə mənimsəmək, özününküləşdirmək arzusunda olan hayların bəd niyyətlərinin fonunda dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, mədəniyyətimizin, elmimizin təbliğinin nə dərəcədə vacib olduğu özünü göstərir. Bizə məxsus olanların qorunmasının, mühafizə edilməsinin, təbliğinin bu gün daha vacib olduğu təkzib edilə bilməz. Xüsusən də ərazilərimizə göz dikən, Azərbaycana, xalqımıza məxsus olanı ələ keçirməyə can atan hayların yalanlarının, uydurma iddialarının ifşa edilməsi üçün bu gün biz öz tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi daha dərindən öyrənməli, daha geniş şəkildə, həmişəkindən daha çox təbliğ etməliyik. Ənənələrimizə, mədəniyyətimizə, musiqimizə, hətta mətbəximizə, milli xörəklərimizə belə sahib çıxmaq istəyən hayların arzularının ürəklərində qalması üçün dövlətçilik tariximizin, ənənələrimizin təbliği qaçılmaz dərəcədə vacibdir.

Hazırda ölkə rəhbərimiz, Azərbaycan Prezidenti cənab İlham Əliyev gənclərin mənəvi baxımdan zəngin olmasına xususi diqqət göstərən Ulu Öndər Heydər Əliyevin ənənələrini layiqincə davam etdirir. Dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərə sayqı göstərən gənclərin yetişməsi üçün müaviq işlər görülür, xalqımıza məxsus dövlətçilik tarixinin, adət-ənənələrimizin, elm və mədəniyyərimizin təbliğinə dövlətimiz, dövlət başçımız tərəfindən xüsusi diqqət göstərilir. Məhz buna, bu diqqətə görə də gənclərimizin yenə də cəmiyyət üçün daha layiqli vətəndaş kimi yetişəcəyinə, öz ölkəsinə, xalqına davamlı olaraq töhfələr verəcəyinə, dövlətimizin bundan sonra daha da güclü olacağına zərrə qədər də şübhə yoxdur. Biz 44 günlük müharibədə əyani şəkildə bir daha şahidi olduq ki, vətənimizin, dövlətçilik tariximizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunması, mühafizəsi etibarlı əllərdədir və yenə də əmin olduq ki, xalqımızın zəngin dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği olduqca vacibdir.