Uzun zamandır ki, rəsmi İrəvan özünün Qərbə meyilli mövqeyi və Rusiya əleyhinə siyasəti ilə Moskvanı bərk qıcıqlandırmaqdadır. Haylar özləri belə bunun nəticələrinin onlar üçün ağır olacağına əmindirlər. Əmindirlər ki, rusların səbri tamamilə tükəndiyi zaman sərt tədbirlərə əl atmalı olacaqlar. Bu isə, bütövlükdə Ermənistan və erməni cəmiyyəti üçün çox acınacaqlı sonluq deməkdir.

İndi artıq sərt tədbirlərə əl atılacağı gözləniləndir və bu barədə xəbərdalıq belə olunub

Artıq səbr də qalmayıb və rusların “yumşaq siyasət” ilə davam etməyəcəyi özünü göstərməkdədir. Məhz ermənilər də bunu çoxdan başa düşüblər və onları qorxuya salan da budur. Xüsusən də Rusiya Xarici Kəşfiyyat Xidmətinin bu yaxınlarda qalmaqallı bəyanatla çıxış etməsi hayların kürkünə birə salıb. “ABŞ Dövlət Departamenti Ermənistanda qərbyönlü vətəndaş cəmiyyətinin strukturlarının stimullaşdırılması üzrə işləri sürətləndirib və Ukraynada, Moldovada sınaqdan keçirilən sxemlər Vaşinqtonu israrla milli intihara doğru sürükləyir”, deyə bəyanatda qeyd olunması ermənilərin yuxularını ərşə çəkib. “Ermənistan hökumətinin işini Qərbin maraqlarına uyğunlaşdırmaq üçün bütün tədbirlərə əl atılır”, fikri də rəsmi İrəvan üçün ciddi xəbərdarlıqdır.

Artıq açır şəkildə iddia olunur ki, bu məqsədlə Dövlət Departamentinə bağlı strukturlara Ermənistan departamentlərinin nümayəndələri üçün təlim kurslarını genişləndirmək və orada xarici müşavirlərin olmasını təmin etmək tapşırılıb. “Ermənistandakı ictimai-siyasi proseslərə davamlı anti-Rusiya xarakteri vermək” kimi rəsmi İrəvanın niyyətinin olduğu da iddia edilir və bu çox ciddi ittiham sayılır. Əslində, haylar bu ittihamın nə demək olduğunu yaxşı başa düşürlər. Başa düşürlər ki, belə ittihamların ardınca müvafiq tədbirlər görülməsi planlaşdırıla bilər və bunun da aqibətini düşünəndə ermənilərin tükləri biz-biz durur. Çünki başa düşürlər ki, indi artıq sərt tədbirlərə əl atılacağı gözləniləndir.

Diqqətə çatdıraq ki, rəsmi mənbələrin məlumatına görə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin nümayəndə heyəti yuxarıda qeyd edilən açıqlamadan əvvəl Ermənistanda olub və bəzi təşkilatların, eləcə də dövlət məmurlarının anti-Rusiya təbliğatı üçün Qərbdən hansı maliyyə vəsaiti aldıqları barədə də onlarda olan məlumatları təqdim ediblər. Hətta xaricdən daxil olan pul axınının qarşısını almaq üçün Gürcüstandan nümunə götürərək, Ermənistanda “Xarici agentlər haqqında” qanunun qəbul edilməsinə eyham da vurulub. Əks halda, Rusiyanın Qafqazda öz təsirini, eləcə də mövqeyini sərt tədbirlərlə bərpa etməsinin mümkün variant olduğu xəbərdarlığı da edilib.

Çaşqın vəziyyətdə olan Paşinyanın hakimiyyət komandası üzləşəcəyinin fərqində olsa düşdüyü acınacaqlı vəziyyəti təsəvvür edə bilər

 

Ermənistanın hazırki hakimiyyəti çaşqındır, Paşinyanın hakimiyyət komandası başını tamamilə itirib və onlar nə edəcəklərini belə bilmirlər. Doğrudur, onların yeganə dırnaqarası “bacarığı” bütün çətin vəziyyətlərdə, dalana dirəndiklərində bəhanə tapmaq bacarığıdır və elə zənn edirlər ki, bu dəfə də hansısa bəhanə ilə vəziyyətdən çıxa bilərlər. Amma yanılırlar və sərt tədbirlərə əl atıldığında onlar üçün çox gec olacağının deyəsən fəraində deyillər. Bəli, Nikol Paşinyanın və onun komandasının son 6 il ərzində ən inanılmaz bəhanələri az eşitməmişik. Sözsüz ki, həmin bəhanələrə inanan və qəbul edən insanların olması belə onların böyük aldatma qabiliyyətindən xəbər verir. Amma bu dırnaqarası “qabiliyyət” daha keçərli deyil və artıq keçərli olmaması fonunda da nələrin gözlənilən olması təsəvvürü haylar üçün dəhşətli sayılır. Hər dəfə axmaq, əsassız izahatlarla yaxalarını kənara çəkməyə çalışanlar indi hansı durumda olduqlarının fərqində olsalar daha yaxşı olar. Fərqində olsalar ki, daha dəyişən dünya, siyasi təlatümlər və qarşısıalınmaz təlatümlər fonunda bəhanələri onları qurtara bilməyəcək, Ermənistan hakimiyyətinin düşdüyü acınacaqlı vəziyyəti təsəvvür edə bilərlər.

Sərt tədbirlər haylara çox “baha” başa gələcək

Düz dörd ildir ki, Ermənistan hakimiyyəti utanmadan yalandan sülhdən dəm vurur. Özü də təkcə öz ölkəsi daxilində, daxili audutoriya önündə deyil, məhz beynəlxalq platformalarda belə sülhdən ağız dolusu danışır. Elə danışır ki, guya böyük həvəslə və çox səbrsizliklə sülhə tələsir. Əslində isə, bunun əksini görürük. Görürük ki, dörd ildir sülhdən danışıb nəticədə də ölkəni sürünən müharibə ocağına çevirməyi bacaran Paşinyanın hakimiyyət komandası öz ölkəsi üçün çox böyük fəlakətlərə əsaslı zəmin yaradıb. Regionda ancaq qarışıqlıq yaratmaq üçün bütün əməllərə əl atan rəsmi İrəvanın səyləri Kremlin də diqqətindən yayınmayıb. Cənubi Qafqazı istənilən anda Qərb üçün “meydana” çevriməyə belə razı olan haylar indi rusların hədəfinə çevriliblər. Çünki əsrlər boyu bölgədə özünə yer eləmiş ruslar erməni şıltaqlığı səbəbindən əldə etdikləri “yeri” itirmək təhlükəsini belə qəbul etmək niyyətində deyillər. Lazım gəldikdə ruslar həmin “yer” uğrunda hayların özlərini də “güdaza” verməyə hazırdırlar. Bunu dərk edən ermənilər bilirlər ki, məhz elə sərt tədbirlərə də bu məqsədlə istənilən anda əl atıla bilər.

Ruslar görürlər və müşahidə edirlər ki, rəsmi İrəvan əvvəlcə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma bununla yanaşı, Qərbə üz tutaraq, Avropanın ətəyindən yapışaraq, yenidən ərazi iddialarını ortaya atır. Görürlər ki, Rusiyanın da iştirak etdiyi üçtərəfli danışıqlara nə Nikol Paşinyan, nə onun hakimiyyət komandası, nə də erməni cəmiyyəti məhəl qoymur və Qərb tərəfindən çalınan mahnıya hayların oynamaq niyyəti də açıq-aşkar şəkildə ortadadır. Bu isə o deməkdir ki, ermənilər 44 günlük müharibədə ruslardan istifadə edərək canlarını qurtardıqdan sonra onları heç veclərinə də almırlar və bu da Kreml üçün qəbul edilə bilməz. Rəsmi Moskva artıq çoxdandır fərqindədir ki, Paşinyan hakimiyyəti Ermənistanı bütün müttəfiqlərdən məhrum etməkdə, onların özlərini də tənqid etməkdə və rusların düşmənlərinə yaltaqlanmağa davam etməkdədir. Hər halda haylar başa düşməlidirlər ki, bu məsələyə ruslar biganə qala bilməyəcəklər. Başa düşməlidirlər ki, istənilən halda Rusiya bu məsələyə “aydınlıq” gətirəcək, amma aydınlıq gətirildiyində haylar üçün çox gec olacaq. Çünki bu dəfə yumşaq siyasət olmayacaq, sərt tədbirlərə əl atılacaq və bu da haylara çox “baha” başa gələcək.

Məşhur Məmmədov,
Millət vəkili


12 noyabr Azərbaycanın Konstitusiya Günü olaraq qeyd olunur. Bu tarix, 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edildiyi gündür. Konstitusiya, ölkənin hüquqi əsaslarını, idarəetmə sistemini və vətəndaşların hüquq və azadlıqlarını tənzimləyən əsas hüquqi sənəddir. Bu gün həmçinin, Azərbaycanın suverenliyinin və demokratik prinsiplərinin gücləndirilməsi yolunda atılmış mühüm addımların simvoludur.
Konstitusiya Günü, Azərbaycan xalqının hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyəti ilə dövlət arasındakı münasibətlərin inkişafı məqsədilə mühüm bir gündür. Bu günün qeyd olunması, ölkənin hüquqi dövlət quruculuğunda əldə edilən nailiyyətləri vurğulamaq və gələcəkdə hüquq və azadlıqların daha da inkişaf etdirilməsini təşviq etmək məqsədini güdür.
Müstəqil Azərbaycanın yeni Konstitusiyası, 12 noyabr 1995-ci ildə qəbul edilib. Bu sənəd, Azərbaycanın müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ölkənin hüquqi və dövlət quruluşunu tənzimləyən əsas hüquqi aktdır. Konstitusiya, müstəqillik dövründə dövlətin hüquqi əsaslarını müəyyən etmiş və xalqın iradəsini nəzərə alaraq ölkənin gələcək inkişafını istiqamətləndirmişdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.
İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Azərbaycanın yeni Konstitusiyası aşağıdakı əsas prinsipləri özündə ehtiva edir:
Suverenlik və müstəqillik, hüquq və azadlıqlar, demokratik idarəetmə, parlamentarizm, Konstitusiya, Prezidentin səlahiyyətləri, hüquqi dövlət və vətəndaş cəmiyyəti.
Bu Konstitusiya, Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınmasını təmin edən, ölkənin hüquqi və demokratik inkişafının əsasıdır. 1995-ci ildən sonra Konstitusiyada bəzi dəyişikliklər edilmişdir, lakin əsas prinsiplər qorunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi:
“Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır. Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini şərtləndirmişdir. Belə ki, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edilmişdir. Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.”.
Məşhur Məmmədov,
Millət vəkili


2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən mühüm sənəd kimi tarixə düşdü. Bu bəyanat Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşmasını təmin etdi və bölgədə uzunmüddətli sülhün bərqərar olmasına yönəldi.
Bəyanatın əsas müddəalarına əsasən bütün hərbi əməliyyatlar dayandırıldı və tərəflər mövcud mövqelərdə dayandı. Ermənistan 1 dekabr 2020-ci il tarixinədək Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarmağı öhdəsinə götürdü. Laçın dəhlizində və Qarabağdakı təmas xətti boyunca Rusiya sülhməramlı qüvvələri yerləşdirildi. Bu qüvvələr bölgədə sabitliyin qorunmasına xidmət edirdi. Regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası razılaşdırıldı. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin yaradılması nəzərdə tutuldu.
Bəyanat, Ermənistanın Vətən müharibəsindəki məğlubiyyətini rəsmiləşdirdi və ölkənin kapitulyasiya aktı kimi qiymətləndirildi. Bu sənəd Ermənistanın işğalçılıq siyasətinin sonunu gətirdi və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etməsinə şərait yaratdı.
Azərbaycan Prezidenti İlham Əliyev bu bəyanatı tarixi zəfər kimi dəyərləndirərək, Azərbaycanın haqlı mövqeyini həm döyüş meydanında, həm də diplomatik cəbhədə sübut etdiyini vurğuladı. Ermənistanın bu bəyanatı imzalaması onun təcavüzkar siyasətinin iflasını və regionda yeni reallıqların qəbul edilməsini təsdiqlədi.
10 noyabr bəyanatı, yalnız müharibənin sonunu deyil, həm də Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanların açılmasını simvolizə edir. Azərbaycanın bərpa işləri və regionun iqtisadi potensialının artırılması istiqamətindəki səyləri, bölgənin gələcək inkişafına mühüm töhfə verir.
Bu bəyanat, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından mühüm rol oynamaqda davam edir.
Müharibədə qalib olmağımızda xalqın İlham Əliyevə dəstəyi və inamı əsas motivasiya oldu.
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin siyasi, iqtisadi və hərbi sahələrdə inkişafına rəhbərlik edərək, xalqın dərin dəstəyini və inamını qazanıb. Onun liderliyi altında Azərbaycan regionda güclü dövlətə çevrilmiş, beynəlxalq arenada mövqeyini möhkəmləndirmiş və Qarabağ münaqişəsinin həllində tarixi zəfərə nail olmuşdur.
Xalqın Prezident İlham Əliyevə inamının ən parlaq təzahürlərindən biri 2020-ci ildəki Vətən müharibəsi dövründə müşahidə olundu. Azərbaycan Ordusunun Ermənistanın işğal etdiyi əraziləri azad etməsi və ölkənin ərazi bütövlüyünün bərpası Prezidentin qətiyyətli siyasəti və müdrik strategiyasının nəticəsi idi. İlham Əliyevin müharibə dövründə xalqa etdiyi müraciətlər və beynəlxalq media vasitəsilə apardığı diplomatik mübarizə, xalqın həmrəyliyini daha da gücləndirdi.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirilən genişmiqyaslı islahatlar xalqın rifahını artırmağa yönəlib. Sosial müdafiə, təhsil, səhiyyə və infrastruktur layihələrinə böyük diqqət yetirilib. Xüsusilə, kənd təsərrüfatı və sənaye sektorunda tətbiq olunan yeniliklər, Azərbaycanın iqtisadi müstəqilliyini daha da gücləndirib. Bu islahatlar, xalqın həyat səviyyəsinin yaxşılaşmasına və Prezidentə olan inamın artmasına səbəb olub.
Prezident İlham Əliyevin beynəlxalq münasibətlərdə balanslı və müstəqil siyasəti Azərbaycanı etibarlı tərəfdaş kimi tanıdıb. Onun rəhbərliyi ilə Azərbaycan, BMT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi beynəlxalq təşkilatlarda mühüm rol oynayır. Bu gün Azərbaycan BMT-nun nüfuzlu tədbiri COP29-a ev sahibliyi edir. Azərbaycanın enerji siyasəti, xüsusilə TANAP və TAP layihələri, ölkənin beynəlxalq mövqeyini daha da gücləndirib.
İlham Əliyev hər zaman xalqın içində olmaq, onların qayğı və problemlərinə birbaşa diqqət yetirmək prinsipinə sadiqdir. Onun bölgələrə səfərləri, müxtəlif layihələrin açılışında iştirakı və vətəndaşlarla birbaşa ünsiyyəti, xalqın liderinə olan sevgisini və etimadını günü-gündən artırır.
Xalqın İlham Əliyevə dəstəyi, onun dövlət başçısı kimi verdiyi strateji qərarların düzgünlüyünü və ölkəni uğurlu gələcəyə aparmaq istiqamətindəki qətiyyətini təsdiqləyir. Prezidentin xalqın istəklərini ön planda tutması və Azərbaycanı regional və qlobal səviyyədə güclü dövlətə çevirməsi bu inamın davamlı olmasının əsas səbəbidir.
Məşhur Məmmədov
Milli Məclisin deputatı


Bütün dünyanın diqqəti Azərbaycana, paytaxt Bakıya yönəlib. Azərbaycan COP29-a ev sahibliyi edir. 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.

COP29 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə ən mühüm platformalardan biridir. Bu sammit dünya liderlərini bir araya gətirərək, planetin gələcəyinə dair kritik qərarların müzakirə edildiyi bir məkandır. Azərbaycan Prezidenti İlham Əliyevin bu platformada iştirakı və çıxışı, ölkənin iqlim dəyişikliyi ilə mübarizədə artan rolunun bariz nümunəsidir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın "Yaşıl Enerji Zonası" təşəbbüsünü xüsusi vurğuladı. Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən bu layihələr Azərbaycanın iqlim hədəflərinə çatmasında mühüm rol oynayır. Bu ərazilərdə bərpa olunan enerji mənbələrindən (külək və günəş enerjisi) geniş istifadə nəzərdə tutulur.

Azərbaycan külək və günəş enerjisi kimi bərpa olunan enerji sahələrinə böyük sərmayələr yatırır. Bu, ölkənin karbon emissiyalarını azaltmaqla yanaşı, enerji ixracında dayanıqlı mənbələrdən istifadə etməsini təmin edir.

Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən bu təşəbbüs, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə ən müasir və ekoloji dayanıqlı infrastruktur yaratmaq hədəfini güdür. Bu layihə regionda "yaşıl inkişaf" modelinə keçid üçün nümunəvi bir addımdır.

Prezident Azərbaycanın Avropa və Asiya arasında enerji tranziti sahəsindəki unikal rolunu vurğuladı. Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə töhfə verərək, həm də təbii qazın karbon emissiyalarını azaltmaq üçün keçid mənbəyi kimi istifadəsini təmin edir. Bununla yanaşı, Azərbaycan Avropa və Asiya bazarlarına yaşıl enerji və hidrogen ixracını genişləndirmək məqsədilə müxtəlif layihələr üzərində çalışır.

Azərbaycan, beynəlxalq iqlim razılaşmalarına sadiq qalaraq, Avropa və Asiya ölkələri ilə enerji sahəsində strateji tərəfdaşlıqlar qurur. Bu, regionda dayanıqlı enerji təchizatının təmin olunmasına və iqlim dəyişikliyi ilə mübarizədə kollektiv səylərin güclənməsinə şərait yaradır.

Bu cür layihələr Azərbaycanın qlobal səhnədə dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə üzrə lider rolunu gücləndirir.

Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Əminliklə demək olar ki, biz məhsuldar və çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq.

Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək.

Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları iki giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır.

Azərbaycan, iqlim dəyişikliyinin təsirlərini azaldaraq, öz enerji sektorunu diversifikasiya etməkdə qərarlıdır. Prezident çıxışında, həmçinin ölkənin meşə örtüyünün genişləndirilməsi, su ehtiyatlarının qorunması və dayanıqlı kənd təsərrüfatı sahəsində atılan addımlardan bəhs etdi. Ölkə rəhbəri İlham Əliyevin çıxışı, beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandı. Azərbaycan, iqlim dəyişikliyinə qarşı mübarizədə yalnız milli deyil, həm də qlobal səviyyədə məsuliyyət daşıdığını nümayiş etdirir. Beynəlxalq təşkilatlar və tərəfdaş ölkələr Azərbaycanın bu sahədəki təşəbbüslərini dəstəkləyir və əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Azərbaycanın COP29 sammitindəki fəal iştirakı ölkənin qlobal iqlim siyasətində vacib aktorlardan birinə çevrildiyini göstərir. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən layihələr həm regional, həm də qlobal miqyasda dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində mühüm töhfələr verir.

Bu layihələr həm ölkə daxilində, həm də regionda dayanıqlı inkişafın təmin olunmasına və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq hədəflərə çatmağa mayak rolunu oynayır.

Azərbaycanın gələcək hədəfləri iqlim dəyişikliklərinin təsirlərini minimuma endirmək və dünyada yaşıl enerjinin inkişafına liderlik etməkdir.

COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulmasına çalışacaq.