İndi artıq sərt tədbirlərə əl atılacağı gözləniləndir və bu barədə xəbərdalıq belə olunub
Artıq səbr də qalmayıb və rusların “yumşaq siyasət” ilə davam etməyəcəyi özünü göstərməkdədir. Məhz ermənilər də bunu çoxdan başa düşüblər və onları qorxuya salan da budur. Xüsusən də Rusiya Xarici Kəşfiyyat Xidmətinin bu yaxınlarda qalmaqallı bəyanatla çıxış etməsi hayların kürkünə birə salıb. “ABŞ Dövlət Departamenti Ermənistanda qərbyönlü vətəndaş cəmiyyətinin strukturlarının stimullaşdırılması üzrə işləri sürətləndirib və Ukraynada, Moldovada sınaqdan keçirilən sxemlər Vaşinqtonu israrla milli intihara doğru sürükləyir”, deyə bəyanatda qeyd olunması ermənilərin yuxularını ərşə çəkib. “Ermənistan hökumətinin işini Qərbin maraqlarına uyğunlaşdırmaq üçün bütün tədbirlərə əl atılır”, fikri də rəsmi İrəvan üçün ciddi xəbərdarlıqdır.
Artıq açır şəkildə iddia olunur ki, bu məqsədlə Dövlət Departamentinə bağlı strukturlara Ermənistan departamentlərinin nümayəndələri üçün təlim kurslarını genişləndirmək və orada xarici müşavirlərin olmasını təmin etmək tapşırılıb. “Ermənistandakı ictimai-siyasi proseslərə davamlı anti-Rusiya xarakteri vermək” kimi rəsmi İrəvanın niyyətinin olduğu da iddia edilir və bu çox ciddi ittiham sayılır. Əslində, haylar bu ittihamın nə demək olduğunu yaxşı başa düşürlər. Başa düşürlər ki, belə ittihamların ardınca müvafiq tədbirlər görülməsi planlaşdırıla bilər və bunun da aqibətini düşünəndə ermənilərin tükləri biz-biz durur. Çünki başa düşürlər ki, indi artıq sərt tədbirlərə əl atılacağı gözləniləndir.
Diqqətə çatdıraq ki, rəsmi mənbələrin məlumatına görə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin nümayəndə heyəti yuxarıda qeyd edilən açıqlamadan əvvəl Ermənistanda olub və bəzi təşkilatların, eləcə də dövlət məmurlarının anti-Rusiya təbliğatı üçün Qərbdən hansı maliyyə vəsaiti aldıqları barədə də onlarda olan məlumatları təqdim ediblər. Hətta xaricdən daxil olan pul axınının qarşısını almaq üçün Gürcüstandan nümunə götürərək, Ermənistanda “Xarici agentlər haqqında” qanunun qəbul edilməsinə eyham da vurulub. Əks halda, Rusiyanın Qafqazda öz təsirini, eləcə də mövqeyini sərt tədbirlərlə bərpa etməsinin mümkün variant olduğu xəbərdarlığı da edilib.
Çaşqın vəziyyətdə olan Paşinyanın hakimiyyət komandası üzləşəcəyinin fərqində olsa düşdüyü acınacaqlı vəziyyəti təsəvvür edə bilər
Ermənistanın hazırki hakimiyyəti çaşqındır, Paşinyanın hakimiyyət komandası başını tamamilə itirib və onlar nə edəcəklərini belə bilmirlər. Doğrudur, onların yeganə dırnaqarası “bacarığı” bütün çətin vəziyyətlərdə, dalana dirəndiklərində bəhanə tapmaq bacarığıdır və elə zənn edirlər ki, bu dəfə də hansısa bəhanə ilə vəziyyətdən çıxa bilərlər. Amma yanılırlar və sərt tədbirlərə əl atıldığında onlar üçün çox gec olacağının deyəsən fəraində deyillər. Bəli, Nikol Paşinyanın və onun komandasının son 6 il ərzində ən inanılmaz bəhanələri az eşitməmişik. Sözsüz ki, həmin bəhanələrə inanan və qəbul edən insanların olması belə onların böyük aldatma qabiliyyətindən xəbər verir. Amma bu dırnaqarası “qabiliyyət” daha keçərli deyil və artıq keçərli olmaması fonunda da nələrin gözlənilən olması təsəvvürü haylar üçün dəhşətli sayılır. Hər dəfə axmaq, əsassız izahatlarla yaxalarını kənara çəkməyə çalışanlar indi hansı durumda olduqlarının fərqində olsalar daha yaxşı olar. Fərqində olsalar ki, daha dəyişən dünya, siyasi təlatümlər və qarşısıalınmaz təlatümlər fonunda bəhanələri onları qurtara bilməyəcək, Ermənistan hakimiyyətinin düşdüyü acınacaqlı vəziyyəti təsəvvür edə bilərlər.
Sərt tədbirlər haylara çox “baha” başa gələcək
Düz dörd ildir ki, Ermənistan hakimiyyəti utanmadan yalandan sülhdən dəm vurur. Özü də təkcə öz ölkəsi daxilində, daxili audutoriya önündə deyil, məhz beynəlxalq platformalarda belə sülhdən ağız dolusu danışır. Elə danışır ki, guya böyük həvəslə və çox səbrsizliklə sülhə tələsir. Əslində isə, bunun əksini görürük. Görürük ki, dörd ildir sülhdən danışıb nəticədə də ölkəni sürünən müharibə ocağına çevirməyi bacaran Paşinyanın hakimiyyət komandası öz ölkəsi üçün çox böyük fəlakətlərə əsaslı zəmin yaradıb. Regionda ancaq qarışıqlıq yaratmaq üçün bütün əməllərə əl atan rəsmi İrəvanın səyləri Kremlin də diqqətindən yayınmayıb. Cənubi Qafqazı istənilən anda Qərb üçün “meydana” çevriməyə belə razı olan haylar indi rusların hədəfinə çevriliblər. Çünki əsrlər boyu bölgədə özünə yer eləmiş ruslar erməni şıltaqlığı səbəbindən əldə etdikləri “yeri” itirmək təhlükəsini belə qəbul etmək niyyətində deyillər. Lazım gəldikdə ruslar həmin “yer” uğrunda hayların özlərini də “güdaza” verməyə hazırdırlar. Bunu dərk edən ermənilər bilirlər ki, məhz elə sərt tədbirlərə də bu məqsədlə istənilən anda əl atıla bilər.
Ruslar görürlər və müşahidə edirlər ki, rəsmi İrəvan əvvəlcə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma bununla yanaşı, Qərbə üz tutaraq, Avropanın ətəyindən yapışaraq, yenidən ərazi iddialarını ortaya atır. Görürlər ki, Rusiyanın da iştirak etdiyi üçtərəfli danışıqlara nə Nikol Paşinyan, nə onun hakimiyyət komandası, nə də erməni cəmiyyəti məhəl qoymur və Qərb tərəfindən çalınan mahnıya hayların oynamaq niyyəti də açıq-aşkar şəkildə ortadadır. Bu isə o deməkdir ki, ermənilər 44 günlük müharibədə ruslardan istifadə edərək canlarını qurtardıqdan sonra onları heç veclərinə də almırlar və bu da Kreml üçün qəbul edilə bilməz. Rəsmi Moskva artıq çoxdandır fərqindədir ki, Paşinyan hakimiyyəti Ermənistanı bütün müttəfiqlərdən məhrum etməkdə, onların özlərini də tənqid etməkdə və rusların düşmənlərinə yaltaqlanmağa davam etməkdədir. Hər halda haylar başa düşməlidirlər ki, bu məsələyə ruslar biganə qala bilməyəcəklər. Başa düşməlidirlər ki, istənilən halda Rusiya bu məsələyə “aydınlıq” gətirəcək, amma aydınlıq gətirildiyində haylar üçün çox gec olacaq. Çünki bu dəfə yumşaq siyasət olmayacaq, sərt tədbirlərə əl atılacaq və bu da haylara çox “baha” başa gələcək.