O bildirib ki, Ermənistan müharibədəki məğlubiyyətini etiraf edərək üç böyük rayonumuzu Azərbaycana qaytarmağı da öhdəlik olaraq üzərinə götürdü: "Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir. Ağdam rayonunun işğaldan azad olunması Azərbaycanın Ermənistan üzərində əldə etdiyi tarixi qələbənin tərkib hissəsidir.
Müharibədə məğlub olaraq Azərbaycandan imdad diləyən Ermənistan işğal altında saxladığı Ağdam rayonunun 73%-ni Azərbaycana qaytarmağa məcbur oldu. Ağdamın azad olunması Ermənistan ordusunun döyüş meydanında məğlub olmasının məntiqi nəticəsidir. Silahlı qüvvələrimizin Ermənistanı və onun silahlı birləşmələrini 44 günlük müharibədə darmadağın etməsi Ermənistanın Azərbaycan torpaqlarından silahlı birləşmələrinin çıxarması ilə nəticələndi".
"İşğal dövründə Qafqazın ən gözəl şəhərlərindən biri olan Ağdamı erməni vandalları darmadağın etdilər. Yaşayış məntəqələrimizi taladılar, tarixi, mədəni, dini abidələrimizi, qəbirstanlıqları yer üzündən sildilər. Bu vəhşiliklərə görə Ağdam şəhəri Qafqazın "Xirosiması" adlanırdı. Hazırda isə Ağdamımız azaddır, bərpa olunur, yaxın günlərdə Ağdama "Böyük Qayıdış" proqramı çərçivəsində sakinlərin köçürülməsi gözlənilir. Ağdamda çox sayda layihələr, abadlıq, quruculuq işləri həyata keçirilir. İş yerlərinin açılması üçün kifayət qədər ciddi addımlar atılır. Ağdamımız bərpa olunur, Ağdamımıza həyat qayıdır. Ağdam bundan sonra Qafqazın "Xirosiması" deyil, Qafqazın "mirvarisi" adlanacaq" - deyə o, əlavə edib.