O bildirib ki, YAP-ın yaradılması ilə 1993-cü ildə Azərbaycanın ictimai-siyasi həyatı üçün yaranan təhlükəli qardaş qırğınının qarşısı alındı: “Ulu Öndər Heydər Əliyev təkcə Naxçıvanı blokadadan qurtarmadı, eyni zamanda Bakı başda olmaqla, bütün Azərbaycanın köməyinə çatdı.
YAP nadir partiyalardan biridir ki, qısa müddət ərzində müxalifətdə oldu və hakimiyyətə gəldikdən sonra isə iqtidar partiyasına çevrildi. İqtidar partiyasına çevrilən YAP Azərbaycanın daxili və xarici siyasətini diqqətlə təhlil edərək, Ermənistanla münaqişənin davam etdirilməsini məqbul saymadı və atəşkəs imzalandı. Eyni zamanda ölkənin iqtisadiyyatını gücləndirmək üçün “Əsrin müqaviləsi”nin imzalanmasına nail olundu. Bu müqavilənin uğurlu nəticələri bu gün də özünü göstərir.
2003-cü ildən etibarən isə Ulu Öndərin daxili və xarici siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkə başçısı YAP-ın sədri seçildi və Heydər Əliyev yolunu uğurla davam etdirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə əsası Ulu Öndər tərəfindən qoyulan ərazi bütövlüyü məsələsi həll olundu. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və suverenliyimiz bərpa olundu.
YAP bu gün nüfuzlu partiya kimi tanınır və bu partiyanın dünyanın bir çox iqtidar partiyaları ilə səmimi əlaqələri, əməkdaşlıqları var”.