Rusiya ordusu Jitomirdə “Javelin” və NLAW tank əleyhinə raket sistemlərinin yerləşdiyi anbarı məhv edib.
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.
O bildirib ki, silah anbarı yüksək dəqiqliyə malik raketlə vurulub.
Bu gün (Martın 4-ü - red.) daha 310 qardaşımız Ukraynadan yola düşüb. Təxliyə etdiyimiz vətəndaşlarımızın sayı 11 min 24 olub.
Axar.az xəbər verir ki, bunu Tvitter hesabında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğulu bildirib.
“Vətəndaşlarımızın təhlükəsiz şəkildə təxliyəsi üçün planlarımız davam edir", - XİN başçısı vurğulayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə iş kabinetində olmasını əks etdirən videofakt yayımlayıb.
Axar.az xəbər verir ki, dövlət başçısı videonu İnstaqram səhifəsində paylaşıb.
“Hər iki gündən bir mənim Kiyevdən, kabinetimdən harasa qaçmağımla bağlı məlumat yayılır. Gördüyünüz kimi yerimdəyəm”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, Ukrayna Ali Radasının rusiyayönlü Müxalif Platforma Partiyasından olan deputat İlya Kiva Zelenskinin Polşaya qaçdığını iddia etmişdi.
Avropa Birliyinin sanksiyaları Rusiyada Prezident Vladimir Putinin rejimini dəyişdirmək məqsədi daşımır.
Axar.az-ın məlumatına görə, bu barədə AB-nin baş diplomatı Jozep Borrell deyib.
"Sanksiyalar Rusiyada rejim dəyişikliyinə təhrik etmək üçün deyil. Sanksiyalar müharibə nəticəsində yaranıb. Məqsəd isə Rusiya iqtisadiyyatını zəiflətmək, nəticələrin ağırlığını Rusiya iqtisadiyyatına hiss etdirmək və qarşıdakı danışıqlarda ukraynalıların mövqelərini gücləndirməkdir. Bunun rejim dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur”, - Borrell bildirib.
Cənubi Koreyanın “Samsunq” şirkəti Ukraynaya qarşı müharibəsi səbəbindən Rusiya bazarını tərk etdiyini bildirib.
Axar.az xəbər verir ki, daha bu ölkəyə məhsul tədarükü olmayacaq.
Məlumata görə, çiplərdən tutmuş smartfonlara və məişət elektronikasına qədər bütün “Samsung” məhsullarının ixracı dayandırılıb.
Qeyd edək ki, “Samsunq” Rusiyada 30%-dən çox bazar payı ilə lider smartfon satıcısı idi.
Xarici Müxbirlər Assosiasiyası və Afina Gündəlik Qəzet Jurnalistlərinin Birliyi hökumətdən “Sputnik Yunanıstan” əməkdaşlarının akkreditasiyasını ləğv etməməyi, onlara fəaliyyətləri üçün nazirliklərə, parlamentlərə və digər yerlərə giriş icazəsi verməyi xahiş ediblər.
Axar.az xəbər verir ki, bu barədə mediada birgə məktub dərc edilib.
“Xarici Müxbirlər Assosiasiyası və Afina Gündəlik Qəzet Jurnalistlərinin Birliyi Ukraynadakı vəziyyətin nəticələrindən, mətbuata və ifadə azadlığına, plüralizmə və polifoniyaya təsir edən AB-nin mövqeyindən narahatlığını bildirir”, - məktubda deyilir.
İndi Rusiyanın hərəkətlərini dəstəkləyənlər də var, anlamayanlar da. Bütün rusları ölkə Prezidenti Vladimir Putinin ətrafında birləşməyə çağırırıq.
Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.