ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynada 2014-cü ildəki səhvini təkrarlamamaq barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, Blinken Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə telefon söhbətində bütün təxribatların yalnız Moskvadan gəldiyini bildirib.

"Biz narahatıq ki, Rusiya 2014-cü ildə təxribata məruz qaldığını iddia edərək, sərhəd boyu qüvvələr toplayaraq, sərhədi keçməklə ciddi səhvə yol verdiyi hərəkəti təkrarlamağa cəhd edə bilər", - Blinken qeyd edib.

Avropa İttifaqı Rusiyadan yaranmış miqrant problemi ilə bağlı Belarusa təsir göstərməsini xahiş edir.

Axar.az xəbər verir ki, Avropa Komissiyasının mətbuat xidmətinin sözçüsü Piter Stano deyib.

“Avropa İttifaqı adından Rusiyaya çağırışımızı təkrar edəcəyəm. Yaranmış miqrant böhranı ilə bağlı Belarusa öz təsirini göstərsin. Lukaşenko bu fəaliyyəti dayandırmalıdır”, - deyə o bildirib.

Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat regionun balansı üçün son dərəcə mühüm addım idi.

Bu sözləri Axar.az-a İtalyanın geosiyasi analitik və beynəlxalq araşdırmalar üzrə düşüncə mərkəzi “Il Nodo di Gordio”nun baş elmi işçisi Andrea Marçilyano deyib.

Onun sözlərinə görə, hərbi məğlubiyyət, iqtisadi böhranı və İrəvan hökumətinə qarşı artan müxalif təzyiqi nəzərə alaraq, Ermənistanı son dərəcə çətin vəziyyətdə qoydu:

“Moskvanın Bakı ilə razılıq əldə etməkdə maraqlı olduğu aydın idi və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək Zəngəzur dəhlizi Rusiya-Azərbaycan razılığında fundamental elementdir. Digər tərəfdən, Bakının həmişə dəstəklədiyi bu dəhliz bütün Qafqaz regionuna mühüm iqtisadi təsirlər göstərəcək. Qafqazın gələcəyi bu bəyanatdan formalaşdırılacaq yol xəritəsindən çox asılıdır. Bu, potensial olaraq regionu daha zəngin inkişafı olan gələcəyə aparacaq”.

Politoloq qeyd edib ki, İrəvan hökumətinin mövqeyi qeyri-stabildir:

“Onlar hələ indi hərbi məğlubiyyətlərinin, itkilərinin, qurbanlarının nə məna kəsb etdiyini düşünməyə başlayıblar”.

Mixail Saakaşvili məhkəmə zalına buraxılmaya bilər. Çünki hökumət ondan qorxur, panikaya düşür. Qorxurlar ki, Saakaşvilinin xalqla danışmaq imkanı olacaq.

Axar.az xəbər verir ki, bunu Saakaşvilinin vəkili David Sadzaqlişvili bildirib.

Qeyd edək ki, bu gün Mixail Saakaşvilinin Bakı vaxtilə 13:00-da məhkəməsi keçiriləcək. Məhkəmənin türmədə və qapalı olacağı gözlənilir.

Polşa-Belarus sərhədindəki vəziyyət daha böyük koordinasiyalı hücumun, yeni tipli müharibənin bir hissəsidir.

Axar.az xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravetski deyib.

“Biz əminik ki, Polşanın şərq sərhədində baş verən əməliyyatlar daha böyük əməliyyatın, koordinasiyalı hücumun tərkib hissəsidir, yeni növ müharibə xarakteri daşıyır. İstifadə olunan silahlar məlumdur. Sovetlər bu işdə usta idilər, indi isə ruslardır. Bu dezinformasiyadır”, - baş nazir söyləyib.

Qeyd edək ki, daha öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlamasında Qərbin sərhəddə baş verənləri Lukaşenkonun Rusiyanın dəstəyi ilə həyata keçirdiyi "hibrid əməliyyat" kimi göstərməməli olduğunu söyləyib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed ən-Nəhyanın Dəməşqə səfərindən və Əsədlə görüşündən məyus olduq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd edək ki, ötən gün BƏƏ xarici işlər naziri Abdullah bin Zayed ən-Nəhyan 2011-ci ildən bəri ilk dəfə Suriyada Bəşər Əsədi ziyarət edib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında kövrək anlar yaşayıb.

Axar.az xəbər verir ki, Akar Vətən Müharibəsinin şəhidi, baş leytenant Valeh Məmiyevlə arasında keçən söhbəti xatırlayaraq göz yaşlarını tuta bilməyib.

“Təlimlər zamanı onunla söhbət edərkən övladımızın “bu təlimlər, uğurlar vacibdir, amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir” sözlərini dedikdən sonra müharibədə yaralanması, yaralı ikən xəstəxanada "verdiyim sözü tutdum" deyərək şəhid olması mənalı, vacib və dəyərli xatirədir. Şəhidlərimizin və qazlərimizin ailələrinin heç bir şəkildə incidilməməsi üçün biz Türkiyə olaraq, siz də burada Azərbaycan olaraq hər cür fədakarlığı göstərdik və göstərməyə davam edirik. Onların rahat və dinc olmaları bizim üçün çox önəmlidir. Onlara qarşı hər hansı bir hörmətsizliyi qəbul etməyimiz mümkün deyil. Bunun əksi davranış isə mütləq millətimizin qəlbində mühakimə olunar, qəbul edilməz və lazımi reaksiyanı alar. Yaşasın Türkiyə, yaşasın Azərbaycan, yaşasın Azərbaycan və Türkiyənin əzəli qardaşlığı!", - Akar deyib.

Dekabrın 1-dən Gürcüstanda “Yaşıl pasport” rejimi tətbiq ediləcək.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, dekabrın 1-dən ölkədə bəzi yerlərə və obyektlərə daxil olarkən COVİD-19 pasportu tətbiq olunacaq. “Yaşıl pasport”da vətəndaşın koronavirus keçirməsi, PCR testlərinin nəticələri və vaksinasiya kursu barədə informasiyalar qeyd olunacaq.

İ.Qribaşvili vurğulayıb ki, koronavirusa yoluxmuş şəxsə də “yaşıl status” veriləcək.

Baş nazir COVİD-19 pasportunun tələblərinin 18 yaşdan yuxarı vətəndaşlara və turistlərə şamil olunacağını deyib.

“Dekabrın 1-dən etibarən vətəndaşlar və turistlər müxtəlif obyektlərə “yaşıl pasport” təqdim etməklə daxil ola biləcəklər. Bu qayda həmin obyektlərdə çalışanlara deyil, yalnız ziyarətçilərə aid ediləcək”, – Qaribaşvili vurğulayıb.