Ramal İsrafilov çılpaq video qalmaqalında adı hallanan qardaşından danışdı: “Ən pozğun…”















“Mənim üçün çox əziz, dəyərli olan Azərbaycan xalqı, məni sevən, həm də sevməyən və bəlkə də qəzəbli olan hər kəsə dərin hörmət və sevgi ilə yazıram bu düşüncələrimi. Hər kəsin lənətlədiyi, lakin hər kəs tərəfindən də dayanmadan, bəh-bəhlə paylaşılan, bu videonu reytinq və izləyici toplamaq naminə guya qınamaq üçün tirajlayan “insanlar” və “xəbər saytlar”… Məlum “3 qız” videosunun yayıldığı ilk gün mən də elə sizin kimi dost-tanışda gördüm. Hələ bu hadisənin kimlər tərəfindən və necə törədildiyi haqqında araşdırmalar başlamamışdı. Yəni bu video məsələsində mənim də qardaşımın adının hallanacağını heç təsəvvürümə belə gətirməyəcəyim bu hadisəyə reaksiyam sizin indiki reaksiyanız kimi oldu”.

Minval.İnfo xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov sosial şəbəkədə yazıb. O, bir neçə gün öncə 3 çılpaq qızın yayılan videosunda qardaşı Valeh İsrafilovun adının hallanmasına belə münasibət bildirib:

“Mən də bu hadisəni qınadım, bu hadisəni nə Azərbaycan kişisinə, nə də Azərbaycan qadınına yaraşdırmadım. Bu videoda çılpaq qızlar haqqında düşündüklərinizin eynisini videonu çəkən və paylaşanlar haqqında düşündüm.
Bir kişi yetişdirsən o bir fərd olar, bir qadın yetişdirə bilsən, o ulus olar, millət olar. Bu baxımdan qadınlar mənim üçün çox dəyərlidir. Azərbaycan xanımları mənim analarımdır. Azərbaycan xanımları mənim bacılarımdır. Elə həm də o kişiləri böyüdəndir. Eyni zamanda bu və ya bu kimi videolarda qızların həyatını puç edən hər “uğurlu” və “zəngin” kişinin arxasındakı dəyərli varlıqdır. Bu toplumu yetişdirən, “Kişiyə olar, amma qadına olmaz” deyib qadını kişiyə əzdirəndir. Qızı olanda dünyaya gətirməkdən imtina edib, oğlu oldu deyə başqa qadınlara acıq verəndir. Qaynanadır, baldızdır, xaladır, bibidir… Bu cəmiyyətdə nə qədər ki, qadınlar qadınlara hörmət etməyəcək, həmcinsi ilə həmrəy olmayacaq, sevməyəcəksə, kişilərdən də qadınlara qarşı yüksək dəyərlər gözləməsin. Qadın qadını dəyərləndirsəydi, bu gün qadınlar əzilməz, nə də öldürülməzdi… Lakin, bir müddət sonra, qınadığım bu video haqqında yayılan xəbərlərdə qardaşım Valehin adını gördüm və hadisəni yenə də sizin kimi saytlardan oxudum. Və artıq Valehi Ramal İsrafilovun qardaşı kimi təqdim edirdilər. Beləcə istəməyərək məsələdə adı hallanan birinə çevrildim. Bəli, məsələdə adı hallanan Valeh, eyni zamanda hər şeydən xəbərsiz olan Vüsal və mən qardaşıq. Bu ölkənin qanunlarından üstün şərh və düşüncə yoxdur mənim üçün. Əgər insanlar səhv edirsə, onlar qanun qarşısında hesab verib cəzalarını alacaqlar. Qanun və hüquq heç kəsə üstünlük vermir və hər kəs bərabərdir. Qanun nəyi deyirsə, biz də ailə olaraq bunu deyirik.

Bu məsələdə hər kəsi bir az səbirli və o videoda olan xanımlara qarşı da həssas olmağa dəvət edirəm. Biz nə qədər insanları alçaltsaq, gələcəkdə namus adı ilə törədiləcək cinayətlər ehtimalını artıyacağıq. Alova əlimizdə benzinlə getməyək, su ilə gedək. O qızlarımızın həyati təhlükəsini düşünək və etdikləri səhvləri düzətməyə fürsət verək. İnsanlara düzəlmə imkanı yaradaq. Axı ən pozğun insanın belə düz yola, haqq yoluna gəldiyi nümunələr də var. Allah bizə sonsuz səbr göstərib, sonsuz əfv fürsəti verib, tövbə qapısını həmişə üzümüzə açıq qoyduğu halda biz niyə bu qapıları bu gənclərin üzünə bağlayırıq? Bu qəzəbin, kinin qaynağı nədir, nədəndir? Gənclərin adəti səhv etmək, böyüklərin də adəti onları başa salıb düz yola çağırmaqdır, bağışlamaqdır.

İfaçı bibisi, xalq artisti Mələkxanım Əyyubovanın “Qardaşım oğlanlarını həyatımdan silmişəm” sözlərinə də toxunub:
“Bu hadisə əminəm ki, hər kəsə bir dərs verdi. Mən də öyrəndim ki, qohum da olsa, ən çətin anlarda hər kəs ilk növbədə özünü düşünür və bəlkə də düşünməlidir, bilmirəm. Amma bildiyim odur ki, ətrafımda baş verən hadisələri anlamayacaq qədər körpə, unudacaq qədər də yaşlanmamışam. Hər kəsə kənarda durub hadisələri şərh etmək, ya da dərhal hakim kürsüsünə çıxıb mühakimə etmək çox asan gəlir. Bu sözüm isə ünvanlıdır. Bu gün keçmişinə dönüb baxmağa utanan, hətta hekayəsi qarmaqarışıq və bulanlıq olanlar indi “namus keşikçiləri” olub, əxlaq dərsi keçir. Bu dərsinizi özünüz də yaxşı öyrənsəniz, daha təsirli danışarsınız”.

Qardaşının əməlinə görə adı media gündəmini zəbt edən İsrafilov jurnalistlərə də müraciət edib:
“Adımı mətbuatda hallandıran jurnalistlərdən də cavab haqqım olaraq bu yazımı mənim mövqeyim kimi paylaşmalarını gözləyirəm. Ədalətli olduqlarını göstərmə zamanıdır.

Doğruları və yalnışları ilə onlar mənim qardaşlarımdır. Qardaşın, bacının, oğulun, qızın, ananın və atanın səhvlərinə görə onları kəsib ata bilmərik. Axı ət dırnaqdan ayrılmaz. Ayrılanda da acısı betər olur. Qardaş olsaq da, ayrı fərdlərik və hər fərd öz əməllərinə cavabdehdir. 5 barmağın beşinin də eyni olmadığı kimi hər ailədə də insanlar eyni deyil və bir birinin səhvlərinə cavabdeh deyil. İnsan səhvsiz olmur və biz səhvlərimiz üzərində öyrənirik. Səhvlərimiz bizə doğru yolu tapmağımıza kömək edir.

Əgər səhvlərinə və günahlarına görə insanları linç etsək, orta əsrlərdəki kimi inkvizisiya məhkəməsi qurub onları cəzalandırsaq o zaman bu cəmiyyətin qanunları, hüquq və məhkəmə sistemi nəyə lazımdır?
Ya da Hz İsanın təklif etdiyi cəzalandırma sistemini tətbiq etsək, yəni ilk daşı səhvi olmayan atsın desək, kim birinci daş atar? Var mı belə biri aramızda?”

Qeyd edək ki, videonu çəkən Cahid adlı şəxsə həmin qızları V.İsrafilovun göndərdiyi deyilir.
Aprelin 1-dən doğulan körpələrə 200 manat veriləcək














Bu gündən Azərbaycanda doğulan körpələrə 200 manat sosial müavinət veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında fevralın 25-də imzaladığı sərəncamda qeyd olunub. Sərəncam bu gündən qüvvəyə minir.

Həmçinin beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata çatdırılıb. Bu məbləğ də əvvəllər 33 manat təşkil edib.
Övladınızı məktəbə qoymazdan əvvəl bunu edin — Psixoloji yaşı müəyyən edən TEST














Birinci sinifə şagird qəbulu davam edir. Demək olar ki, artıq valideynlər övladlarının birinci sinif hazırlığına başlayırlar. Nəzərə almaq lazımdır ki, bəzən məktəbdə müəllim və dərs proqramı eyni olsa da, şagirdlərin dərsdə nailiyyətləri fərqli olur. Çünki bu, birbaşa olaraq şagirdlərin psixoloji və pedaqoji yaşı ilə bağlıdır. Mütəxəssislər hesab edirlər ki, valideynlər övladlarını məktəbə yazdırmazdan əvvəl mütləq şəkildə onların psixoloji yaşını müəyyən etməlidirlər.
Azedu.az bildirir ki, psixoloji ədəbiyyatda uşağın inkişaf prosesi haqqında iki müxtəlif fikir mövcud olub.

Bunlardan birinə görə bu inkişaf prosesi fasiləsiz, digərinə görə diskret - qeyri-bərabər xarakter daşıyır. Birinci fikrə görə inkişaf dayanmadan, sürətlənmədən, ləngimədən baş verir. Ona görə də bir mərhələni di­gərindən fərqləndirəcək hər hansı dəqiq sərhəddi müəyyənləşdirmək mümkün deyil.

İkinci nöqteyi-nəzərə görə, inkişaf qeyri-rəvan, qeyri-bərabər şə­kildə gedir. Onun sürəti gah arta, gah da azala bilir. Bu isə inkişafın keyfiyyətcə bir-birindən fərqlənən mərhələlərini, yaş dövrlərini müəyyən­ləşdirməyə imkan verir. Bu fikrin tərəfdarları hesab edirlər ki, hər bir mərhələdə inkişaf səviy­yəsini şərtləndirən əsas, aparıcı amillər mövcud­dur. Bununla yanaşı, fərdi xüsusiyyətlərindən asılı olmayaraq bütün uşaqlar inkişafın hər bir mərhələ­sini, onlardan heç birini buraxmadan, qabağa qaçmadan keçirlər.

Psixi inkişafın yaş dövrləri haqqında həmin konsepsiya psixoloji ədəbiyyatda özünə geniş yer tap­mış və uşaqların təlim-tərbiyəsində geniş isti­fadə olunan konsepsiyadır.

Adətən insan bütün həyatı boyu özünün tələbat­larını ödəmək üçün bir çox fəaliyyət növlərindən istifadə edir. Lakin müəyyən yaş dövründə həmin fəaliyyət növlərindən biri digərlərinə nisbətən "əsas", "aparıcı" fəaliyyət növü hesab olunur. Əsas fəaliyyət növü uşağın müəyyən inkişaf mərhələsində onun tələbatlarını ödəyən, onun psixi proseslərinin və şəxsiyyətinin fərdi psixi xassələrinin inkişa­fını şərtləndirən fəaliyyət növüdür. Uşağın əsas fəaliyyət növünün dəyişməsi onun yeni yaş mərhələ­sinə keçməsini göstərən əsas amildir.

D.B.Elkoninə görə uşaq anadan olandan 17 yaşa qədər olan dövrdə ardıcıl olaraq aşağıdakı əsas fəaliyyət növlərindən istifadə edir və buna müvafiq olaraq yaş dövrləri müəyyənləşdirilir:

bilavasitə-emosional ünsiyyət;
əşyavi-manipulyativ fəaliyyət;
rollu oyunlar;
təlim fəaliyyəti;
intim-şəxsi ünsiyyət;
təlim-peşə fəaliyyəti.

AzEdu.az psixoloji yaşınızı müəyyən etmək test təqdim edir:

Testdəki fikirlərlə,

Tam razısınızsa - 4 bal.
Qismən razısınızsa - 3 bal.
O qədər də razı deyiləm - 2 bal.
Qəti razı deyiləm - 1 bal.

1.Məncə,gözəl yumor hissim var.

2.Mənim intuisiyam pis deyil,hər zaman da digərlərinin nə nəzərdə tutduğunu anlayıram.

3.Ümid edirəm ki, gələcəkdə məni çoxlu yaxşı şeylər gözləyir.

4.Məncə insanlara mənimlə ünsiyyət saxlamaq xoşdur.

5.İnsan mənə oxşamasa və baxışları mənim baxışlarımla üst-üstə düşməsə də o insan mənə simpatik ola bilər.

6.Mən uşaqları sevirəm.

7.Mən müxtəlif vəzifələri həll etməyi xoşlayıram.

8.Hansısa işi görəndə,onu daha yaxşı etmək üsulu tapmağa çalışıram.

9.Məni müxtəlif hadisələrin səbəbi maraqlandırır.

10.İşlə yanaşı bir çox əyləncələrim də var.
11.İstənilən dəyişiklikləri yaxşılığa doğru kimi qəbul etməyə çalışıram.

12.İşim digərlərinə xeyir gətirir.

13.Mən hərdən arzu etməyi, xoş xəyyallar qurmağı xoşlayıram.

14.Xoşladığım mahnı əhval-ruhiyyəmi qaldırır.

15.Mən yeni ideyaları böyük maraqla qarşılayıram.

16.Bir qayda olaraq çətinliklər və maneələrlə rastlaşarkən təslim olmuram.

17.Uğurlu zarafata səmimiyyətlə gülməyə hazıram.

18.Mənim sirlərimi bölüşə biləcəyim,bir nəfər də olsa yaxın dostum, tanışım var.

19.Mən fiziki fəallıqdan həzz alıram.

20.Yeni insanlarla görüşməyi xoşlayıram.

21.Mən hələ də bacara bilmədiklərimi öyrənmək istərdim.

22.Cazibəli görünməyə çalışıram,deyəsən bu məndə alınır.

23.Məni darıxdıran xoşagəlməz xırda hallara imkan yaratmıram.

24.Mənim yaşadığım zaman xoşuma gəlmir.

25.Elə düşünürəm ki,imkanlarımı göstərə biləcəyim hal olacaq.

Cavablarınıza əsasən balları toplayıb nəticələrlə tanış olun.

75 baldan yuxarı - Doğum ilindən asılı olmayaraq siz həyat qüvvəsi və özünəinamla dolusunuz. Siz ünsiyyətcil, optimist, xeyirxahsınız. Gec qocalacaqsınız. Psixoloji cəhətdən gəcsiniz.

50-75 bal - Yetkinliyə gedən yolda gəncliyin bəzi dəyərlərini qurban etməli olmusunuz. Qayğılar və ara-sıra yaşadığınız stress sizin sevinmək qabiliyyətinizi zəiflədib, amma ciddilik və cavabdehliyi öyrədib. Siz "orta" yaşlısınız. Ancaq sizə bir qədər gümrahlıq və optimizm mane olmaz.

50 baldan yuxarı - Sizin kimi insanlara adətən belə deyirlər ki, onlar çox görüblər, təcrübələri var, hər şeyin dəyərini bilirlər. Ancaq bu an tez baş verməyib ki? O qədər çox şey görmək, bilmək, yaşamaq olar ki. Siz qocalmısınız.
Zərər çəkmiş sahibkarlara daha 2 ticarət obyektində yer təklif olunur – Siyahı















İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha ikisi əlavə olunub.

Bu barədə nazirlikdən məlumat verilib.

Təklif olunan ticarət obyektləri aşağıdakılardır:

1. Bakıxanov qəsəbəsi, “Aygün” Ticarət Mərkəzi (Mall), 5-ci mərtəbə – 80 obyekt, 6000 m2
Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)

2. Bakıxanov qəsəbəsi, “Meqasiti” Ticarət Mərkəzi (2 mərtəbəli) – 250 obyekt, 12000 m2
Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)

3. Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza;
Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 11 11)

4. Təbriz küçəsində yerləşən “Eurohome Express” də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza.
Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 55 55)

5. “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar.
Əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 81 89), Qabil Nəhmədov (tel: 050 213 33 68)

6. “AF-COM” Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər).
Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118)

7. S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza.
Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 06 60)

İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255 8007).
Sürücülərin NƏZƏRİNƏ — Bu yollarda sürət həddi endirildi















“Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib”.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Qurum sürücülərdən xahiş edib ki, bu cür hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər.
Şəxsiyyət vəsiqələri yeni qaydalarla veriləcək















Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda müəyyən edilib.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsi alan vətəndaşlar məcburi daktiloskopik qeydiyyatdan keçiriləcək.
Lakin 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Şəhid polkovnikin evi ailəsindən alındı















Aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb.

Bu barədə jurnalist Aida Eyvazlı sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, ötən gün Ali Məhkəməyə Kassasiya şikayəti verən, aprel şəhidimiz polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı qanunsuz qərar çıxarılıb:

“Qanunsuz qərarın çıxarılmasına isə “Şərurlu İsfəndiyar” sifariş verib. Belə ki, Sənan Axundov vəfat etməmişdən bir neçə il əvvəl Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”-nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini Şərurlu İsfəndiyar alıb. Həmin binada əlavə 5 mərtəbə də tikib. Şərurlu İsfəndiyarın sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür.

Şərurlu İsfəndiyar isə dayanmayıb. Sənan şəhid olandan sonra ailəni məhkəməyə verib və məhkəmə prosesini qazanıb.

Yeni tərkibli hakimlər belə qərar çıxarıblar ki, iddiaçı ailənin əlindəki sənədləri “Kamran MMC” verdiyinə görə saxta sayılır. Lakin eyni sənədlərlə binada öz haqqını tələb edib, mənzilinə sahib olan bir -iki nəfər var. Həm də ki, bina sakinlərinin hamısı “Kamran MMC”-dən aldıqları sənədləri, Şərurlu İsfəndiyarın şirkətinin verdiyi sənədlərlə əvəzləyiblər. Şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə binadakı özlərinə aid olan yerdə təmir-bərpa işləri aparıblar. İsfəndiyarın adamları isə bu otaqları vurub -uçurublar. Hətta əri ölən qadının düşdüyü hal da onları pis niyyətlərindən, bəd əməllərindən çəkindirməyib. Bu günə qədər aparılan müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən “Şərurlu İsfəndiyar”ın xeyrinə qərar çıxararaq, şəhid ailəsinin adına olan 50 kvadratmetrlik yeri əllərindən alıb”.

A.Eyvazlı həmçinin Ali Məhkəmə sədri Ramiz Rzayevə də müraciət edib: “Cənab Ali Məhkəmə sədri Ramiz Rzayev, axı, siz o şəhidin xanımını dinləmişdiniz, bilirdiniz ki, 50 kvadratmetrlik sahə bütün qanun-qaydayla şəhid ailəsinindir. Budurmu, sizin ədalətiniz?”.
Uşaqların rus sektoruna qəbul qaydaları ağırlaşdı – Təhsil idarəsindən açıqlama














2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndiriləcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, digər dildə tədris aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, onun dinlədiyini anlamaq, ünsiyyət qurmaq və öz fikrini sadə formada ifadə etmək bacarığının olub-olmaması nəzərdə tutulur.

Digər dildə tədris aparılan bölmə üzrə uşaqların I siniflərə qəbulu onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qaydada təşkil edilmiş müsahibə komissiyaları tərəfindən yoxlanılacaq. Müsahibə komissiyasının üzvləri müəllimlərdən ibarət olacaq. 12 inzibati rayon üzrə 9 mərkəzdə müraciət edənlərin sayından asılı olaraq 1, 2 və yaxud 3 komissiya fəaliyyət göstərəcək. Müsahibə komissiyaları aprelin 1-dən fəaliyyətə başlayacaq.

Qeyd olunub ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat günün sonunda SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək:

“Valideyn şəxsi kabinet yaradıb övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydiyyata düşür. Əgər valideyn övladını ümumi təhsil məktəblərinin digər dildə tədris aparılan bölməsi üzrə müsahibəyə yazdırmaq istəyirsə, o zaman “Məktəblər” bölməsini seçib, “İrəli” düyməsini sıxmalıdır. Ümumi təhsil məktəbləri seçilibsə, sistem valideynə müvafiq müsahibə komissiyalarından birini seçməyi təklif edir. Həmin pəncərədə məktəbin ərazisini göstərən xəritə, məktəbin ünvanı və əlaqə nömrəsi qeyd edilib”.

İdarədən deyilib ki, müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır:

“Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb seçimi edə bilər. Məktəb seçimi 01.05.2019-cu il tarixdən etibarən ümumi qaydada həyata keçiriləcək. Əks halda, Azərbaycan bölməsinə sorğu yerləşdirə bilərlər. Hər bir valideyn övladını yalnız bir dəfə müsahibəyə yazdıra bilər və hər bir uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə yalnız bir dəfə iştirak edə bilər”.

BŞTİ-dən əlavə edilib ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə aprelin 15-dən etibarən həftənin I, II və IV günləri Rayon (Şəhər) Təhsil şöbələrində (idarələrində) təşkil edilmiş Apelyasiya komissiyalarına müraciət edə bilər.
7800-dən artıq şəhid vərəsəsinə birdəfəlik ödəmə verilib















Bu günə qədər 7800-dən artıq şəhid vərəsəsinə 11 min manatlıq birdəfəlik vəsaitlər ödənib.

Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində 1200 şəhidin 1900 vərəsəsinə ödənişlər həyata keçirilib.

“Bu ilin sonunadək ödənişlər tam yekunlaşdırılacaq. Polis şəhidlərin vərəsələrinin siyahısı Daxili İşlər Nazirliyi tərəfindən hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib. Onlar da artıq elektron sistem üzərindən müraciət edərək vəsaitlərini ala bilərlər. Onların sayı da təxminən 400 nəfər civarındadır”.
Nazirdən sosial müavinət və təqaüd artımları ilə bağlı – AÇIQLAMA















Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli müvafiq sərəncamı ilə 14 növ sosial müavinətin, yeddi növ prezident təqaüdünün artırılması, iki növ yeni prezident təqaüdünün təqdim edilməsi ilə bağlı bütün normativ hüquqi aktlar aidiyyəti üzrə təqdim olunub. 

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə normativ hüquqi aktlar imzalanacaq və aprel ayında vətəndaşlar öz ödənişlərini artımla alacaqlar:

“Artımlar 600 min insanı əhatə edəcək, onun 300 mindən çoxu əlilliyi olan şəxslərdir. Ümumilikdə, bu artımlar üçün əlavə 400 milyon manat vəsait tələb olunur. Düşünürəm ki, onlar artıq bu ayın ödənişini artımla bərabər ala biləcəklər”.

Nazir qeyd edib ki, “Məşğulluq” alt sistemi yaxın günlərdə sınaq test rejiminə başlayacaq:

“İlk dövrlərdə həm mərkəzlərin fəaliyyət göstərməsi, həm də elektron sistem vasitəsilə əhaliyə xidmət göstərəcək. İki-üç aylıq sınaq dövründən sonra tam elektrona keçiriləcək. Boşluqlar aradan qaldırıldıqdan sonra sistem tam elektron fəaliyyət göstərəcək”.