Son xəbərlər

Ekspert Təhsil Nazirliyinə ağır ittiham irəli sürüb















Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin yeni qaynar xətt yaratması ilə bağlı açıqlamalarına münasibət bildirib.

“Rubin.az” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert qeyd edib ki, Təhsil Nazirliyi yeni qaynar xətt yaratmağı düşünür:

“Təzəsini yaratmağa ehtiyac yoxdur, “146” Qaynar xətti var. Sadəcə olaraq elektron ünvanınıza, qaynar xəttinizə gələn müraciətlərə baxmaq lazımdır.

Yeni qaynar xətt üçün niyə büdcə vəsaitini sərf edirsiz ki? Yeni qaynar xəttə sərf olunacaq vəsaitə nə qədər qonaqlıqlar vermək olar, şəkil çəkdirmək olar.

Məktəblərdə baş verən neqativ hallardan xəbər tutmaq üçün Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur. Mən sizin elektron ünvanınıza bu barədə kifayət qədər məlumat dəfələrlə yollamışam. Sadəcə olaraq görməməzlikdən gəlmisiz, sizə məsləhət verənlərə inanmısız, onları doğru saymısız.

Mən dəfələrlə sizə yazdım, dedim ki, gəmidə artıq yük var. Hətta “Nuh” da öz gəmisinə artıq yük götürmədi”.

Daha sonra ekspert Təhsil Nazirliyinə ağır ittiham irəli sürüb:

“Qapı – qapı gəzib TV-lərə, saytlara, universitetlərə mənimlə əlaqə saxlamamağı, əməkdaşlıq etməməyi dediz.

Yenə də deyirəm, əgər gəminizdəki artıq yükləri atmasaz, yaxın keçmişin trend mahnısı yenidən gündəm olacaq: “Bu qədər asandırmı çıxıb getmək?””.
Məktəb direktorlarına yeni tapşırıq verildi – İddia















Dünən Bakı Şəhər Təhsil İdarəsində Bakının ümumtəhsil müəssisələrinin direktorları və tərbiyə işlərinə məsul şəxslərlə geniş görüş keçirilib.

Movqe.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, görüşün keçirilməsinə səbəb 162 saylı məktəbdə baş verən intihar olayı ilə bağlı digər məktəblərdə önləyici tədbirlərin görülməsidir.

Mənbənin verdiyi məlumata görə, görüşdə bütün direktorlara tapşırıqlar verilib ki, pedoqoji heyyət şagirdlərlə münasibətə həssas yanaşmalı, problemli ailələrdən gələn şagirdlərə diqqəti ikiqat artırmalıdırlar. Direktorlara, tərbiyə işlərinə məsul şəxslərə məktəblərin yuxarı siniflərində təhsil alan oğlan şagirdlərin davranışı, onların pis vərdişlərə aludəçiliyi ilə bağlı nəzarəti artırmaq da tövsiyyə olunub.

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə açıqlamasında faktı inkar edib. Bildirib ki, bu günlərdə direktorlarla belə bir görüş olmayıb. Amma qeyd olunan məsələlər hər zaman təhsili idarəetmə qurumlarının və məktəb direktorlarının diqqət mərkəzindədir.
Deputat Elinanın olayı haqda: Direktoru işdən çıxarılmasını düzgün deyil














“Mən direktorun işdən çıxarılmasını doğru hesab etmirəm”.

Bunu jurnalsitlərə deputat Fazil Mustafa bildiriib.

O qeyd edib ki, mindən çox şagirdə nəzarət etmək direktorun imkanları xaricindədir: “Direktor 2 min nəfər şagirdə necə nəzarət eləsin”.

Daha sonra deputat sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, bir sürü bizə əxlaq dərsi keçməyə çalışır:

“İndi baxıram ki, “Məktəb direktorunun işdən çıxarılmasını doğru hesab etmirəm” başlığı ilə paylaşımlar edərək bir sürü sözün bütün mənasına danabaş bizə əxlaq dərsi keçməyə çalışırlar.

Çıxışımızın mətni problemin mahiyyətinin açılmasına yönəldiyi halda, bir cümləni həmişəki kimi başlığa çıxarıb təhqiramiz rəy yazan nadanlara qarşı yenə də haqlı mövqeyimi ortaya qoymaqdan məmnunluq duyuram. Mən onlara hüquq dərsindən danışıram, yəni burada bütün subyektlərin davranışına hüquqi qiymət verilməlidir, səs yazısı da, intihara səbəb olan motivlər də istintaq orqanı tərəfindən qiymətləndirilməlidir.

Sonra direktoru nəinki işdən çıxarmaq, günahı sübut oluunarsa, həbs edib ağır cəza da vermək olar. Hələ həkimlərin öz peşə borcuna münasibəti də konkret hadisədə qiymət verilməsi vacib amillərdən biridir. Yaxud başqa bir şəxs günahkardırsa, yenə də eyni qaydada qanunun tələbləri yerinə gətirilməlidir. Yarğısız infazdan çox zaman gileylənən, iqtidarı buna görə ittiham edən insanların çoxusu xüsusi canfəşanlıqla yarğısız infaza bəraət qazandırırlar.

Buradan çıxarılası ən mühüm dərs valideyn-məktəb münasibətlərinin sağlamlaşdırılması yollarının ictimai müzakirəyə çıxarılması və optimal ünsiyyət formalarının tapılmasıdır”.
Körpələr arasında nevroloji xəstəliklər artır – Həkimdən ciddi xəbərdarlıq















Sağlam orqanizm hələ insan dünya gəlməmişdən öncə, ana bətnindən başlayır. Belə ki, uşağın hansısa xəstəliklə dünyaya gəlməsi sonradan müxtəlif problemlərə yol açır və hətta bəzi xəstəliklərin müalicəsi üçün uzun zaman tələb olunur. Uşaqlarda müşahidə olunan xəstəliklərin yaranma səbəbinin aşkarlanması ilə yanaşı, onun müalicəsi də mühüm əhəmiyyət kəsb edir.

Son zamanlarda yeni doğulan uşaqlarda nevroloji xəstəliklər geniş hal alıb.

Baş pediatr Nəsib Quliyev Modern.az-a açıqlamasında bildirib ki, uşağın bu xəstəliyi yaşamaması üçün ona düzgün qulluq lazımdır.

“Nevroloji xəstəliklərin yaranmasında bir sıra faktorlar var ki, onlar da uşaq doğulduqdan sonra qısa müddət ərzində aşkara çıxır. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqlarda bu xəstəliklər daha çox müşahidə olunur. Nevroloji xəstəliyin yaranmaması üçün ən yaxşı üsullardan biri uşaqların təbiət qoynunda vaxt keçirməsinə şərait yaratmaqdır. Təbii olan istənilən məfhum uşağa müsbət təsir edir”.

Pediatr Vaqif Qarayev isə bildirir ki, nevroz daha çox konfliktli ailələrdə rast gəlinir:

“Uşaq valideyndən psixoloji və ya emosional şiddət görürsə, bu mütləq şəkildə onun əsəb sistemində iz qoyur. Müəyyən yaşdan sonra bu psixoloji zədə uşağın davranışlarında özünü göstərir. Belə ki, uşaq ya çox aqressiv olur ya da özünə qapanıq olub kollektivlə ünsiyyətdə çətinlik çəkir. Hamiləlik dövründə qadın çox stress yaşayırsa bu heç şübhəsiz ki, dölün inkişafına təsir edir. Pediatrlar uşağın ana bətnində yarandığı andan etibarən hamiləliyin gedişatı haqqında məlumat toplayırlar. Nevroza səbəb bəzi hallarda ananın hamiləlik prosesində stress yaşaması, evdə ailə üzvləri ilə olan anlaşılmaz münasibətdir. Əgər uşağın mərkəzi sinir sistemində orqanik bir problem yoxdursa, yəni tibbi müdaxilə tələb edən bir səbəb mövcud deyilsə, o zaman problemin səbəbini uşağın ətraf mühitində axtarmaq lazımdır. Psixoloji, emosional təsir varsa, bunlar aradan qaldırılmalıdır”.
Pensiyalarla bağlı yeni xəbər














Bu günədək artıq 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu il 1 yanvar tarixindən avtomatlaşırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addımdır.

Bununla da pensiya yaşına çatmış şəxslərin heç bir sənəd toplamadan və heç yerə müraciət etmədən pensiya hüquqları elə pensiya yaşı çatan gün reallaşdırılır və özlərinə də bu barədə e-qaydada məlumat göndərilir.

Eyni zamanda, fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan pensiya yaşı çatmış şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı avtomatik hesablanır ki, bu da onların pensiya təminatı sistemi ilə əhatə olunmasına imkan verib.
Əlaçı tələbələrə “Bələdiyyə təqaüdü” veriləcək – Sumqayıtda














Sumqayıt Dövlət Universitetində əla qiymətlərlə təhsil alan tələbələrə “Bələdiyyə təqaüdü” veriləcək.

ONA-nın yerli bürosunun məlumatına görə, bu barədə Sumqayıt Dövlət Universitetində “Sumqayıtın bu günü və sabahı” mövzusunda keçirilən elmi-praktik konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib.

Z. Fərəcov məzun tələbələrə isə şəhərdə fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmaları üçün köməklik ediləcəyini də vurğulayıb.
Bakıda bu şadlıq sarayları cərimə oluna bilər – SİYAHI














“Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən görülən tədbirlərin tərkib hissəsindən biri də havaya atılan tullantıların azaldılması və normalara cavab verməsidir. Bu məqsədlə ictimai-iaşə obyektlərində monitorinqlər aparılıb, təmizləyici qurğuların quraşdırılması üçün kompleks tədbirlər görülüb. Artıq restoran və şadlıq saraylarının 90 faizində qurğular quraşdırılıb”.

ONA-nın xəbərinə görə, bunu ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib.

O qeyd edib ki, bəzi şadlıq sarayları və restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı ETSN-yə şikayətlər daxil olduğundan təkrar monitorinqlərə başlanılıb: “Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub. Bunlar “Real”, “Golden Ring”, “Sonalar Sonası”, “Milord”, “Həyat”, “Cənnət”, “Flaminqo”, “Qızıl Buta”, “Madonna”, “Afrodita”, “Oazis”, “Qızıl Tac”, “Gold Palace”, “Niel”, “İdeal”, “Şəhanə” və digər şadlıq saraylarıdır ki, onların sahiblərinə çirklənmiş filtrlərin vaxtlı-vaxtında dəyişdirilməsi barədə göstərişlər verilib. Araşdırma və monitorinqlər davam etdirilir”.

ETSN rəsmisinin sözlərinə görə, təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir, bundan sonra da qurğulara davamlı texniki xidmət göstərilməli, filtrlər vaxtaşırı dəyişdirilməli, verilən göstərişlər yerinə yetirilməlidir: “Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşımıza mühüm vəzifə kimi qoyulub və bundan sonra da bu istiqamətdə Nazirlik tərəfindən lazımi və sərt tədbirlər görüləcək”.
Başçı müavini ondan tikintiyə görə 15 min dollar rüşvət istəyib... - İDDİA













"O vaxt prezident Ağcabədiyə səfər etməliydi. Köçkünlərin binalarının açılışında iştirakı nəzərdə tutulurdu. Mən də Moskvadan təzə gəlmişdim. Başçı dedi ki, prezident gəlir, o əraziləri abadlaşdır. Fikirləşdim ki, ölkə rəhbəri gəlir, icra başçısı tapşırıb, nə olar, edərəm. Orada ağaclar əkdirdim, səliqə-sahmana saldım. 20 min pulum çıxdı”. Bu sözləri Ağcabədidən sahibkar Etibar Quliyev bildirib. İş adamı bakupress.az-a başına gətirilən oyundan danışıb. 

Onun sözlərinə görə, icra başçısı Şahin Məmmədovun tələbinə uyğun olaraq xərc çəkib, abadlıq işləri həyata keçirib. 
Amma ay keçib, il ötüb, E.Quliyev 2012-ci ildə qanuni sənədlə aldığı 35 sot torpağında tikinti işlərinə başlamaq istəyib. Amma əvvəlcə baş memar Səfər Səfərov gəlib, tikintiyə icazə üçün rüşvət tələb edib. Onun əmrinə boyun əyməyən sahibkara bu dəfə icra başçısının müavini, Ağcabədidə iş adamlarına "divan tutması” ilə tanınan Rövşən Əhmədov təzyiq göstərib. Başçı müavini ondan tikintiyə görə 15 min dollar rüşvət istəyib. 

"Biz burda zülm çəkirik. Rövşən Əhmədov Ağcabədini boğaza yığıb. Mən ətraf əraziləri abadlaşırdım, park saldım, 20 min xərcim çıxdı. Ancaq prezident rayona gələndə Şahin Məmmədovun gördüyü iş kimi təqdim edildi. 

İndisə öz torpağımda, sənədlə sahib olduğum ərazidə istirahət mərkəzi tikməyə hazırlaşıram. Ancaq məndən Rövşən Əhmədov 15 min dollar tələb edir. Biz sahibkarlara şərait yaradılmalıdır, iş görürük, iş yeri açırıq, işsizliyi aradan qaldırırıq. Ancaq bunlar imkan vermir. Niyə zəhmətimlə qazanıb əldə etdiyim torpağımda, öz doğma rayonumda öz pulumla tikinti aparmaq üçün icra başçısına və müavininə rüşvət verməliyəm? 

Bunun bir əsası varsa, izah eləsinlər. Ümumiyyətlə, Ağcabədidə sahibkarlar onların əlindən bezar olub”, – deyə Etibar Quliyev qeyd edib. Deyilənə görə, Rövşən Əhmədov Ağcabədi icra başçısının "Qəmlo”su hesab edilir. Rayonda insanları incidir, sahibkarlardan xərac yığır, əhalini narazı salır. Ona bu səlahiyyəti verən, meydan sulamağa şərait yaradan icra başçısı Şahin Məmmədovdur.

İddialara görə, R.Əhmədov Ağcabədidə ciddi narazılıq yaratmaqdadır. Onun hərbi xidmətdə olmadığı da söylənir. Buna baxmayaraq, Ş.Məmmədov onu qabağa verib sahibkarlara qarşı "ön cəbhədə” savaşır. Prezident bölgələrə gedir, vətəndaşlarla görüşür, şikayətləri dinləyir, sahibkarlara dəstək verir. Son sosial siyasət, ölkə başçısının xalqla təmasları xüsusi deyilməlidir. Ancaq yerlərdə məmurlar insanları incidirlər. Belə məmurların isə çox çəkmir ki, başı gedir, cəzalandırılırlar. Rövşən Əhmədovla Şahin Məmmədovun Ağcabədidəki zülmü də belə deməyə əsas verir ki, prezident tezliklə onları vəzifəsindən uzaqlaşdıracaq. 

Çünki artıq prezidentin son siyasətinə, verdiyi qərarlara tam zidd fəaliyyət göstərən məmurlar, icra başçıları sistemdən uzaqlaşdırılır. Rövşən Əhmədovla Şahin Məmmədov cütlüyü isə rayonda bu illər ərzində çox haqsızlıqlar ediblər. O haqsızlıqla üzləşənlərdən biri – E.Quliyev deyib ki, hər şeydən bezib: "Mən doğulub- böyüdüyüm torpaqda pulumla aldığım ərazidə nəsə tikməliyimsə, Rövşən Əhmədovarüşvət verməliyəm?

Ağcəbədidə hansı sahibkarı dindirsəniz Rövşənin Əhmədovun əlindən bezara gəlib. Əlimdə əsas var, Rövşən Əhmədovun psixi problemləri olduğu üçün heç hərbi xidmətdə olmayıb. 

Bu vəziyyətdə olan adam necə icra hakimiyyətində müavin işləyə bilər?Kimə deyək,hara deyək dərdimizi bilmirik. Xahiş edirəm bizim səsimizi prezidentə çatdırın”.

R.Əhmədovun daş karxanaları var. Qarqarçayın sərvətləri də onun "karyer”lərinə daşınır. Karyer Türkiyəyə bağlı "Polat” şirkəti ilə tərəf müqabili kimi fəaliyyət göstərir. Məlumata görə, icra başçısı Şahin Məmmədov da bu işdə əsas pay sahibidir. Onlar şirkətlə sövdələşərək yol çəkilişi üçün çınqıl daşlarını ona məxsus karyerdən daşıtdırır.

Karyer də onun öz adına deyil, 1 – ci müavini olan Rövşən Əhmədovun qardaşı Əliş Əhmədovun adına sənədləşdirilib. Həmin karyerdən "Polat” şirkətinə daşınan xammal emal olunmadan, yol üçün yararlı olub – olmaması yoxlanılmadan qəbul edilir. Qeyd olunur ki, karxanada əmək qanunvericiliyinin tələbləri pozulur, əməyin təhlükəsizliyi təmin edilmir, işçilərlə əmək müqaviləsi bağlanılmır. Daşınan mallar üçün qaimə, faktura yazılmır ki, bu da vergidən yayınmağa şərait yaradır.

Şahin Məmmədov karyeri Qarqar ərazisinə ona görə salıb ki, özü də yaxınlıqdakı Bayat kəndindən olduğu üçün başçı postundan üzaqlaşdırıldığı təqdirdə karxana biznesinin rəsmən sükanı arxasına keçsin və işləri demək olar ki, evindən – ata yurdundan idarə etsin.R.Əhmədovun diplomu hazırda sənədləri etibarsız hesab edilən Azərbaycan Beynəlxalq Universitetindəndir. 

Üstəlik o, hərbi xidmətdə olmayıb. Bu barədə bir müddət əvvəl mətbuatda da yazılmışdı. Qarşı tərəfin vəkili açıqlama verib guya təkzib elədi, amma sadəcə söz dedi, heç bir sənəd-sübut ortayaqoyulmadı. 

Ağcabədinin icra başçısı Şahin Məmmədov belə bir vəzifəyə uyğun gəlməyən adamın təqdimatını necə verib anlaşılan deyil. O, diplomu ABU hələ San Marino adını daşıyan vaxt alıb.

Bildirilir ki, Rövşən Əhmədovun hərbi xidmətdə olmaması ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərilib və təsdiqlənib. Bu barədə sahibkar Teyyub Eminov media nümayəndələrinə bu haqda bir sənəd təqdim edib və həmin sənəd əsasında mediada yazı dərc edilib.

"Dövlət qulluğu haqqında” qanuna görə isə hərbi xidmət keçməmiş şəxslər dövlət qulluğunda işə götürülə bilməzlər. Mediadakı yazılarda ehtimal edilir ki, R.Əhmədov dövlət qurumlarına təqdim etdiyi sənədlərində saxtakarlıq etməklə istəyinə çata bilib. Bakupress.az-ın əməkdaşı həm başçıya, həm müavininə zəng açıb, amma telefonlara cavab verməyiblər. Qarşı tərəfin mövqeyini dərc edə bilərik.
Daha 1160 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək















Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq şəhidlərimizin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, bununla bağlı fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 700 şəhidin 1160 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Müvafiq vəsaitlər bir həftə ərzində vərəsələrin bank hesablarına köçürüləcək.
Dövlət başçısının 19 aprel 2018-ci il tarixli və 28 yanvar 2019-cu il tarixli fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 6191 şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.
Sürücülərin NƏZƏRİNƏ — Bu küçələrdə ehtiyatlı olun!















Azərbaycan paytaxtının əsasən mərkəzi hissəsini əhatə edən 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihənin icrasına başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, layihənin birinci mərhələsində işlər M.Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, R.Behbudov, S.Vurğun, D.Əliyeva, S.Rəhimov küçələri və Bülbül prospektinə aid 20 kəsişmədə həyata keçiriləcək.
“Layihə çərçivəsində müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, mövcud olanlardakı çatışmazlıqlar aradan qaldırılacaq. Həmçinin yol nişanları yenilənəcək, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək. Zəruri yerlərdə isə sarı kəsişmə toru nişanlanması təşkil ediləcək. Layihəyə uyğun olaraq artıq M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib. Davamlı olaraq digər kəsişmələrdə də müvafiq işlər aparılmaqdadır”, - deyə məlumatda bildirilir.

İlkin hesablamalara əsasən, 74 yol kəsişməsi layihəsinin icrası ilə şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Yolların nəqliyyat buraxma qabiliyyəti artacaq, hərəkətin intensivliyi təmin ediləcək. Bu isə öz növbəsində hərəkət iştirakçılarının xüsusən də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin tıxacda qalaraq lüzumsuz vaxt itirməsinin qarşısının alınması baxımından əhəmiyyətlidir.