İnstaqramın 50 milyon istifadəçisinin şəxsi məlumatları internetdə açıq-aşkar yayılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bura məşhurların və brendlərin hesabları da daxildir.

Kibercinayətkarlar istifadəçilərin telefon nömrələrini, elektron poçt ünvanlarını və profildə reklamın dəyərlərini yayıblar.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, havaların istiləşməsi ilə əlaqədar heyvanlar arasında ilansancmaları baş verə bilir.

Milli.Az bildirir ki, ilansancma adətən, heyvanların çınqıllı otlaq sahələrdə, güneylərdə, qaya ətrafı, yarımsəhra (meşə, çöllük, daş karxanası və s.) ərazilərdə otarılması zamanı baş verir. Vaxtında baytarlıq yardımı göstərilməzsə heyvanın zəhərli ilansancmadan ölümü qaçılmazdır.

Heyvanda ilansancması zamanı toxumaların ödemi (şişməsi) və dişlənən yerdə bərk ağrı, limfaangit və limfaadenit, sonra ümumi intoksikasiya (orqanizmin zəhərlənməsi) əlamətləri-hərarətin artması, zəiflik, süstlük halları müşahidə olunur.

Zəhərlənmə sürətlə, demək olar ki, sancmadan dərhal sonra inkişaf edir. Bu zaman ilan sancan heyvanın yaşı, növü və s. faktorlar da əhəmiyyət kəsb edir. İlanvurmaya təkdırnaqlı heyvanlar daha həssas və dözümsüzdür.

Zəhər heyvan orqanizmə yeridikcə zəhərlənmə əlamətləri tədricən inkişaf edir:
- İlan çalma yerində güclü ağrı, qızartı, göyərmə və şişkinlik;
- Heyvanda koordinasiyanın pozulması;
- Nəbzin artması;
- Təngnəfəslik;
- Ümumi zəiflik, süstlük;
- Yemdən imtina;
- Gövşəmənin dayanması;
- Titrəmə, soyuq tər buraxması;

Mütəxəssis gələnə kimi ilansancma arxa və ya ön ətraflardadırsa, mümkün qədər dişləmə yerindən azca yuxarı hissədən kəndir və ya kəmərlə sıxaraq qan işləməsinin qarşısı alınmalıdır. Zərərçəkmiş heyvanın vəziyyəti çox vaxt düzgün və vaxtında göstərilən baytarlıq yardımından asılı olur. Odur ki, dərhal rayon (şəhər) baytarlıq idarəsinə məlumat verilsin.

Bütün aparılan tədbirlər aşağıda qeyd edilən ardıcıllıqla həyata keçirilməlidir:
-Heyvanın hərəkətsizliyi təmin edilməli,
-Yaranın antiseptik maddələrlə (yod, hidrogen-peroksid, kalium-permanqanat və s.) işlənməsi aparılmalıdır.
Antiseptik maddələr olmadığı halda heyvanın yarası (ilan və ya əqrəb sancdığı yer) ayran və ya təmiz su ilə yuyulmalıdır.
İlanvurmaya məruz qalmış heyvan dərhal otlaq sahədən çıxarılmalı, sakit və kölgəli yerə gətirilməli və qısa müddət ərzində heyvana ilan zəhəri əleyhinə zərdab(serum) vurulmalıdır.

Xatırladırıq ki, zərdab(serum) vurulana qədər aşağıdakıları həyata keçirmək əks göstərişdir:
- Maksimum dərəcədə heyvanın hərəkətsizliyi təmin edilməli;
- Yem qəbulu dayandırılmalı;
- Yara yandırılmamalı, kəsilməməli və deşilməməli;
- İsidicilərdən istifadə edilməməli;
- Qoyulmuş sarğılar çıxarılmamalıdır.

 

Əgər zərərçəkən heyvanda ilan dişlərinin izi görünürsə, lakin zəhərlənməyə xas əlamətlər müşahidə edilmirsə belə, yenə də heyvana zərdab vurulmalıdır.
Heyvanlar təhlükəli sahələrdə (meşə, çöllük, daş karxanası və s.), xüsusi ilə gecələr otarılmamalıdır.

Fermerlər yadda saxlamalıdırlar ki, ilansancma zamanı yaranın ətrafına sıxıcı sarğı qoymaq və ya həmin nahiyəni yandırmaq, kəsikləri aparmaq və buz qoymaq qəti qadağandır. Hətta zəhərlənməyə xas əlamətlər olmasa belə, əgər ilanın dişlərinin izi görünürsə xəstə ən azı 12 saat ərzində müayinə olunmalı, 12-24 saat ərzində müşahidə altında saxlanmaqla ilan zəhəri əleyhinə zərdab vurulmalıdır. Əks halda heyvanın ölümü baş verə bilər.

İlansancmadan tələf olmuş heyvanın ətindən istifadə etmək qəti qadağandır.
Fermer profilaktik məqsədlə ilkin olaraq örüşdən qayıdan heyvanın arxa və ön ətraflarına, eləcə də yelininə, dodaqlarına və çənəaltı nahiyələrinə diqqət yetirməlidir. Çünki ilan ən çox heyvanı bu nahiyələrdən sanca bilir. Bütün bunları nəzər alaraq fermerlərin bir daha diqqətinə çatdırırıq ki, heyvanlar ilansancmalarına məruz qalığı halda dərhal ərazinin sahə baytarlıq məntəqəsinə və ya rayonun baytarlıq idarəsinə müraciət etsinlər!

Dövlət Baytarlıq Xidməti bildirir ki, mövsümlə əlaqədar bütün rayon(şəhər) baytarlıq idarələri ilan zəhəri əleyhinə zərdabla(serumla) təmin ediliblər.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Rusiya Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənəd AMEA prezidenti, akademik Akif Əlizadə ilə ölkəmizdə rəsmi səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyev arasında baş tutan görüş çərçivəsində imzalanıb.

Görüşdə çıxış edən akademik Akif Əlizadə uzun illərdir AMEA ilə REA arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. O bildirib ki, REA prezidentinin Azərbaycana etdiyi bu səfər tərəflər arasında olan əlaqələrin inkişafına, gələcək əməkdaşlığa töhfə verəcək.

A.Əlizadə deyib ki, ötən dövrdə elmin müxtəlif sahələrində baş verən dəyişikliklər Rusiya Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında imzalanan müqavilənin yenilənməsinə ehtiyac yaradıb.

Akademik Aleksandr Sergeyev gələcəkdə müxtəlif sahələr üzrə fundamental tədqiqatların genişləndirilməsi məsələsi barədə danışıb.

Onun sözlərinə görə, bu gün hər iki ölkə üçün önəmli olan, mineral resurslarla zəngin Xəzər dənizi ilə bağlı tədqiqatların aparılması önəmlidir.

A.Əlizadə isə bildirib ki, Xəzərin, onun dib çöküntülərinin, resurslarının öyrənilməsi nəzərdə tutulur: "Qafqazın Rusiya alimləri ilə birlikdə öyrənilməsi, insanların Qafqazda məskunlaşması, dənizaltı, sahil-arxeoloji tədqiqatların aparılması Rusiya və Azərbaycan alimləri üçün çox vacib istiqamət olub".

Rusiya Elmlər Akademiyasının prezidenti sazişin imzalanmasının elmin, texnologiyaların və innovasiya fəaliyyətinin inkişafı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və hər iki qurum arasında müxtəlif sahələr üzrə elmi əlaqələrin gücləndirilməsi məqsədini daşıdığını vurğulayıb.

 

AMEA-nın vitse-prezidenti İbrahim Quliyev qeyd edib ki, olduqca unikal ərazi olan Qafqaz regionunun, xüsusilə seysmoloji vəziyyətin və vulkanların öyrənilməsi baxımından araşdırılması faydalı olar.

AMEA-nın İctimai elmlər bölməsinin akademik-katibi Nərgiz Axundova Rusiya alimləri ilə humanitar sahələr üzrə birgə tədqiqatların aparılmasını təklif edib.

Sonda AMEA və REA arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi və elmi-texniki layihələrin hazırlanması və həyata keçirilməsi, bilik, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, birgə tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapır.

Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və REA-nın prezidenti, akademik Aleksandr Sergeyev imzalayıblar.

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 22-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Rayonlarında mayın 22-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 12-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Mayın 22-də Abşeron yarımadasında komfort temperatur şəraiti və zəif küləklərin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Apelin 14-də 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Milli.Az-ə verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər (28634 nəfər) DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 30-31 may və 3-5 iyun tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.

Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 22-24, 27 və 29 may tarixlərində DİM və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

 

DİM abituriyentlərin nəzərinə çatdırır ki, komissiyaya müraciət etməmişdən əvvəl onlar öz səhifələrində cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar.

Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Aprelin 21 və 28-də keçirilən imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq.

 

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi aparılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, müzakirələr zamanı mövcud büdcə modelinin dəyişib-dəyişməməsinin vacibliyi ətrafında diskussiyalarda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə Azərbaycan büdcəsinin təmir-tikinti büdcəsi adlandırılması barədə fikirlə razılaşmayıb.

O deyib ki, dövlət transmilli layihələrə, problemli kreditlərə pul ayrılır: "Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur. Büdcə barədə ictimai müzakirələrin aparılması ilə bağlı təkliflər də məqbul sayılmalıdır. Hazırda 22 milyardlıq büdcənin 7 milyard manatı sosial xərclərdir. Biz hələ də səhiyyə və təhsil xərclərində səmərəsizliyi görürük. İdman kompleksləri tikilib ki, uşaqlar pulsuz məşğul olsun. Prezident bu il ödənişsiz ali təhsili 50 faizə qaldırıb. Büdcə modelini dəyişmək lazım deyil".

Komitə sədri bildirib ki, 1993-cü ildə yoxsulluq 86 faiz olubsa, hazırda 5-6 faizə endirilib.

Bu şəxslər cərimələnəcək — 300 manatdan 5000 manata qədər


Hesablama Palatası haqqında qanunvericiliyin pozulmasına görə inzibati sanksiyalar sərtləşdirilir.
Bununla bağlı Vergilər Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə salınaraq müzakirə olunmaqdadır. Hesablama Palatası haqqında qanunvericiliyin pozulasına görə, Məcəllənin 547-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur:

“547.1. Aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və şəxslərin məsuliyyətə edilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə və nəzarət predmeti ilə əlaqədar aidiyyatı tərəflərə göndərilmiş Hesablama Palatasının qərarlarını əsassız icra edilməməsinə görə- vəzifəli şəxslər 300 manatdan 1000 manatadək cərimə edilir.
547.2. Hesablama Palatasınınqərarları kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əsasız icra edilmədikdə həmin obyektin xəzinə və bank hesabları üzrə əməlliyyatların dayandırılması barədə Palatanın təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə- vəzifəli şəxslər 300 Azn-dən 2000 AZN-dək cərimə edilir”.

Məcəllənin 547.3 maddəsinə təklif edilən dəyişikliyə əsasən Hesablama Palatasının fəaliyyətinə mane olmağa görə-vəzifəli şəxslər 400 AZN-dən 700 AZN-dək, hüquqi şəxslər 1000 AZN-dən 5000 AZN-dək cərimə edilir.

Məcəlləyə dəyişiklik komitə tərəfindən məqbul edilərək, müzakirə üçün parlamentin plenar iclasına tövsiyyə olunub.
Valideynlərə XƏBƏRDARLIQ


Bakının baş toksikoloqu yayda açıq havada istirahətə üstünlük verən və "piknik"i sevən valideynlərə övladlarını nəzarətsiz qoymaması ilə bağlı xəbərdarlıq edib.
Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev Trend-ə açıqlamasında bildirib ki, uşaqların kimyəvi zəhərlənməsi təsadüf nəticəsində və valideyn nəzarətsizliyi şəraitində baş verir.

Onun sözlərinə görə, yalnız 2018-ci ildə Azərbaycanda bütün kimyəvi zəhərlənmə hallarının 17 faizi yaşı 14-dək olan uşaqların payına düşüb. Bunların əksəriyyəti təsadüfi zəhərlənmələrdir:

"Yayda insanlar bağlara köçür və açıq şəraitdə kabab bişirirlər. Çox zaman böyük yaşlı insanlar neft məhsullarını nəzarətsiz qoyurlar və bu da uşaqların əlinə keçir. Uşağın bir udum neft içməsi onun sağlamlığı üçün həyatı təhlükə yaradır.

Bu, uşaqlarda çox ağır toksiki pnevmaniyaya səbəb olur.

Ona görə də uşaq hətta bir udum neft məhsulu içsə belə, onu təcili xəstəxanaya aparmaq lazımdır. Çünki birinci sutkada uşaqda təhlükəli əlamətlər hiss edilmir.

Amma 2 və 3-cü günlərdə uşaqda ağır zəhərlənmə halları, pnevmaniya başlayır və xəstəlik inkişaf edir. Bu, hətta ölümlə də nəticələnə bilər.
Ona görə də valideynlər bilməlidirlər ki, uşaq bir az belə neft içsə də, onu dərhal xəstəxanaya-toksikologiya şöbəsinə aparmaq lazımdır".

İ.Əfəndiyev qeyd edib ki, bəzən valideynlər uşaqların sırf neft qəbulundan sonra sətəlcəm olmasından şübhələnməyərək, onların soyuqladığını düşünür və onu zəhərlənmədən 2-3 gün sonra toksikoloqa deyil, qeyri-ixtisas həkiminin yanına aparırlar. Bu isə xəstəliyi daha da inkişaf etdirir:

"Valideynlər bilməlidirlər ki, bu halda uşaqda infeksiyon deyil, toksiki pnevmaniya baş verir. Buna görə də uşağı gecikdirmədən lazımi mütəxəssisin yanına aparmaq lazımdır ki, ağırlaşmalar daha da artmasın".

Toksikoloq neft məhsullarından zəhərlənmə hallarının xüsusilə 4-6 yaşlı uşaqlar arasında baş verdiyini söyləyib.

İ.Əfəndiyev qeyd edib ki, 2017-ci ildə 21 uşaq, 2018-ci ildə 20 uşaq neft məhsullarının qəbulundan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

O, uşaqların marağını nəzərə alaraq, valideynlərə neft məhsullarını azyaşlıları özünə cəlb edən içki şüşələrində saxlamamasını da tövsiyə edib: "Yandırıcı məhlulları heç zaman belə qabların içində saxlamaq olmaz.

Uşaqlar elə bilirlər ki, o qabların içində su, yaxud kompot var, susuz olduqda onu dərhal götürüb içirlər və bu da zəhərlənməyə səbəb olur".
Bakının bu qəsəbələrində 2 gün su olmayacaq — XƏBƏRDARLIQ


Bu gün Bakının bəzi ərazilərində su olmayacaq.
Magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində Suraxanı rayonunun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələrinə və Qaraçuxur qəsəbəsinin bəzi hissələrin) içməli su müəyyən fasilələrlə veriləcək.

Bu barədə "Ölkə.Az"a “Azərsu” ASC-dən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Həkimlərdən həyati əhəmiyyətli xəbərdarlıq



Günəş gözlüyü olmadan bunları etsəniz, gözünüzü itirə bilərsiniz

Havaların istiləşməsi günəş gözlüyünün vacibliyi məsələsini bir daha aktuallaşdırır. Əslində mütəxəssislər nəinki isti aylarda, o cümlədən soyuq aylarda və qarlı havalarda da xüsusi eynəklər taxmağı məsləhət görürlər.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, türkiyəli həkimlər belə havalarda günəş eynəyi olmadan çölə çıxmamağı məsləhət görürlər. Bundan başqa, buludlu havalarda da günəş eynəyi taxmaq tövsiyə olunur.

“Günəş eynəyinin görünüşünə deyil, keyfiyyətinə fikir verin. Bundan başqa, hovuza və dənizə də xüsusi eynəklərlə girməyi tövsiyə edirik” – deyə mütəxəssislər məsləhət verirlər.