Sabah Azərbaycana qış fəsli daxil olacaq.

Axar.az xəbər verir ki, qış fəsli ölkəyə dekabrın 22-də Bakı vaxtı ilə saat 08.19-da qədəm qoyacaq.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olacaq. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq.

Dekabrın 17-də Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

İllərdir toyuq dönərinin ziyanlarından danışılsa da, zəhərlənmə faktları olsa da, nədənsə hələ də bu qidaya maraq azalmır. Əsasən, universitetlərin yanında fəaliyyət göstərən dönərxanaların müştəriləri isə daha çox tələbələrdir.

Mələsə ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

“Toyuq dönəri xoşladığım üçün onu alıram”, – tələbələrdən biri deyib.

Ekspertlərin sözlərinə görə, istehlakçılar dönər alarkən, diqqətli olmalıdır.

“İstehlakçı isitfadə olunan toyuq dönəridirsə, toyuq ətidirsə, ətin mənşəyi sertifikatını tələb etməlidir”, – qida mühəndisi İsa Əliyev qeyd edib.

Dönər satanlar israrla bu iş üçün müvafiq qurumlardan icazələrinin olduğunu bildirirlər. Amma icazə ilə bağlı sənədi istəyəndə cavab tapmaqda çətinlik çəkirlər. Eyni zamanda, dönərdə istifadə olunan toyuğu haradan və nə vaxt aldıqlarını göstərən sənəd də yoxdur.

“Hazırda satılan toyuğun istifadə tarixi ilə bağlı sənəd gəlib, amma axşam növbəsində olan işçi harasa qoyub, yerini bilmirəm”, – satıcılardan biri bildirib.

Xatırladaq ki, bü günlərdə Gəncədə dönərxanalara yararsız toyuq əti paylayan müəssisənin fəaliyyəti aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyi isə vətəndaşlara mənşəyi məlum olmayan yerlərdən dönər almamağı tövsiyyə edir. Əgər istehlakçıların hər hansı şübhələri olarsa, bu barədə Agentliyin 1003 çağrı mərkəzinə məlumat verə bilərlər.

Quliyevin yüksək vəzifədə işləyən övladları

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin ailə üzvləri də vəzifəli şəxslərdir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N.Quliyevin bir oğlu Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir. Məlumata görə, R.Quliyev 1978-ci ildə anadan olub. 2001-ci ildə hüquq sahəsində fəaliyyətə başlayıb. İlk olaraq 6 il Bakı Apelyasiya Məhkəməsində, sonra isə 3 il Suraxanı rayon məhkəməsində katib işləyib. Növbəti 3 il ərzində isə Ali Məhkəmədə nəzarətçi olub. 2013-cü ildən Nərimanov rayon məhkəməsində hakim işləyir. 

Digər oğlu Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir. O, bir müddət əvvəl banklardan birinin Mingəçevir şöbəsində rəhbər vəzifə tutub. Ramal Quliyevin adı da atası kimi mətbuatda mütəmadi hallanıb. Belə ki, Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin bir neçə il əvvəl yayılan videosunda Ramal Quliyev də olub. 

Sabiq başçı Nizaməddin Quliyev Goranboy rayonunda rəhbər olanda oğluna görə sahibkarlarla da problemi olub.

Həmin zaman mətbuat səhifələrində yayılan məlumata görə, N.Quliyevə rayonda abadlıq işlərini tanınmış biznesmen Müqayis Verdiyevə gördürüb. Bu iş üçün sahibkarın 256 min manat xərci çıxsa da, başçı ona cəmi 100 min qaytarıb. M.Verdiyev qalan 156 min manatı almaq üçün bəzi qurumlara mətbuata müraciət etdikdən sonra onun başçı ilə münasibətləri pozulmuşdu. Daha sonra N.Quliyevin şirkətinin adından edilən dələduzluqla bağlı şikayəti əsasında iş adamı M.Verdiyev həbs edilsə də, sonradan məhkəmədə bəraət alaraq azadlığa buraxılmışdı.

İddiaya görə, N.Quliyevin oğlu Ramal bankda işləyərkən yarım milyonluq yeyintiyə yol veribmiş və bu zərərin ödənməsində başçıya goranboylu sahibkar M.Verdiyev maddi yardım edib. Daha sonra Ramalın ölkədən qaçdığı barədə məlumatlar yayılmışdı.

R.Quliyev isə bu barədə açıqlama verərək təkzib etmişdi:

“Nə mən, nə də atam heç bir qanunsuz addım atmamışıq, heç atmarıq da. Heç bir adam hamı üçün yaxşı ola bilməz. Öz işimdəyəm və heç bir yerə qaçmamışam. Heç bir problem də yoxdur. Heç kimin haqqını yeməmişəm, yemərəm də.Yazıblar ki, guya atam məni xaricə qaçırdıb, pulları hansısa müğənniyə xərcləmişəm. Mənə qaranlıq qalıb ki, belə yalan xəbərləri haqqımda nə üçün yayırlar? Bir insafları olsun, Allah var başımız üstündə”.

Bu işlə bağlı istintaq davam edərkən vəkil Adəm Məmmədov da Ramal Quliyevin İlqarə Kazımova ilə olan münasibəti barəsində açıqlama yaymışdı. Nizaməddin Quliyevin bu yazıdan Vəkillər Kollegiyasına verdiyi şikayəti əsasında A.Məmmədov cəzalandırılmışdı.

Xəbər verdiyimiz kimi, Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

Müşavirədə “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov çıxış edərkən yalnışlığa yol verib. Belə ki, o “Avstraliya” əvəzinə “Avstriya” deyib. Prezident isə onun sözünü kəsərək səhvini düzəldib.

Həmin görüntünü təqdim edirik:

(metbuat.az)

DTX-nın əməliyyatından sonra Şəmkirin icra başçısının bu görüntüləri yayıldıŞəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun məzarını ziyarət edib, ailəsinə baş çəkib.

"Ölkə.Az" xəbər verir ki, görüş zamanı icra başçısı şəhid ailəsinin problemləri ilə maraqlanıb.

Alimpaşa Məmmədov ölkə başçısı İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısından danışıb, şəhid ailələrinin sosial vəziyyətinin və maddi rifahının yaxşılaşdırılması ölkə başçısının yürütdüyü siyasətin əsas istiqamətlərindən biriolduğunu bildirib.

İcra başçısı şəhidin ailə üzvləri - atası Cəfərov Məhərrəm Qədir oğlu, anası, Şəmkirdə yaşayan azsaylı xalqların nümayəndəsi olan Cəfərova Lyuda Feafovna ilə söhbətləşib. Görüş zamanı Alimpaşa Məmmədov şəhid anasının əlini öpməsi diqqətlərdən qaçmayıb.

Qeyd edək ki, son aylarda Prezident İlham Əliyev icra hakimiyyətlərində kadr islahatlarını sürətləndirib, icra başçılarına əhalinin qayğıları ilə yaxından maraqlanmağı, onların problemlərini həll etməyi, korrupsiya və rüşvətxorluğun qarısını almağı tapşırıb.

Ölkə başçısı işini düzgün yerinə yetirməyənlərin cəzalandıacağını da bildirib. Artıq bu istiqamətdə işlər də həyata keçirilib. Belə ki, Ağstafanın hazırkı, Yevlaxın isə keçmiş icra başçısı korrupsiya və rüşvətxorluğa görə saxlanılıb. Prezident dünən keçirdiyi müşavirədə xəbərdarlığını yeniləyib və hər kəsi işini düzgün yerinə yetirməyə çağırıb.

Ağaqardaş Qaraşov: “Qurumuş ağacların yenidən bərpası mümkün deyil, belə ağaclar həm də yanğın üçün şərait yaradır”

Ölkə üzrə kütləvi ağacəkmə kampaniyası keçirilir. Kampaniya cəmiyyətdə xoş qarşılandı, böyük dəstək aldı. Amma…

Ara-sıra paytaxt və bölgələrdə kimlərinsə özbaşına ağacları kəsdikləri barədə xəbərləri də yayılır. Bugünlərdə AYNA-ya növbəti belə bir məlumat və fotolar da daxil oldu.

Şəkidən göndərilən məlumatda qeyd olunur ki, rayonun Kiş kəndi yaxınlığındakı meşəlikdə (oraya “Şam bağları” da deyilir) xeyli sayda ağac kəsilib. Kəsilmiş ağac kötükləri şəkillərdə də əks olunur.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin inkişafı departamentinin direktoru Ağaqardaş Qaraşov AYNA-ya bildirib ki, ağacların kəsilməsi özbaşına deyil: “Bir neçə aydır ki, həmin ərazidə qiymətləndirmə aparılır, meşənin qurumuş ağacları qanuna müvafiq olaraq kəsilir. Hətta kəsilən ağaclara diqqətlə baxılsa, onlarda nömrələnmə aparıldığı görünər. Buna sanitar təmizlənmə deyirlər”.

“Aparılan təmizlənmə nəticəsində meşədə sağlam ağacların inkişafına əngəl olan yararsız ağaclar kəsilir. Tamamən qurumuş ağacların yenidən bərpası mümkün deyil. Belə ağaclar həm də yanğın üçün şərait yaradır, məsuliyyətsiz birinin atdığı siqaret kötüyündən meşədə yanğın çıxa bilər”, – ETSN rəsmisi deyib.

A.Qaraşov əlavə edib ki, kəsilmiş ağaclar oduncaq kimi ehtiyacı olan vətəndaşlara və hərbi hissələrə verilir: “Həmin ərazilərdə ağacların kəsilməsi ilə bağlı bir neçə dəfə müraciət olunub. Bir məsələ var ki, Bakıdan gedən adam heç vaxt meşədən ağac kəsə bilməz, ağacı kəsən adam ya meşəbəyi olar, ya da hansısa yerli sakin, kənd adamı. Əsasən qış vaxtı odundan yanacaq kimi istifadə etmək üçün kəsilir. Amma biz həmin yerlərdə olan işçilərimizdən də ayıq-sayıqlıq tələb edirik”.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə İbrahimova isə AYNA-ya açıqlamasında qeyd edib ki, son vaxtlar müşahidə olunan ictimai nəzarət onları da məmnun edir: “Təkcə bu il ərzində vətəndaşlarımızdan xeyli şikayət, narazılıqlar almışıq. Məhz bu əlbirliyi sayəsində Nazirlik tərəfindən qanunsuz hasarlanan ağaclıq, özbaşına kəsilən ağaclarla bağlı ölçü götürülüb”.

“Hər ağacın yanında kimisə nəzarətçi qoymaq mümkün deyil. Bu səbəbdən vətəndaşlar belə hallar gördükdə dərhal ərazi üzrə Nazirliyin idarələrinə və ya birbaşa bizə müraciət edə bilərlər. Nazirliyin 168 saylı “qaynar xətt”i vətəndaşların ixtiyarındadır”, – İbrahimova vurğulayıb.

Dekabrın 23-ü qeyri-iş günüdürAzərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar gələn həftənin bazar ertəsi - dekabrın 23-ü qeyri-iş günüdür.

"Ölkə.Az"ın apa-ya istinadən xəbərinə görə, Seçki Məcəlləsinin 8-ci maddəsinin (Seçkilərin (referendumun) təyin edilməsi müddəti) 2-ci bəndinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

Bələdiyyə seçkiləri respublika üzrə keçirildiyindən dekabrın 23-ü qeyri-iş günüdür.

“188 yükdaşıma xidməti” işçilərinin əmək haqlarını vermirBakıda yükdaşıma şirkəti işçilərinin əmək haqlarını vermir. Üstəlik şirkət işçilərin hərbi biletlərini, diplomlarını da girov saxlayır.

"Ölkə.Az" Xəzər TV-yə istinadən xəbər verir ki, bu iddiaları elə həmin şirkətdə sürücü işləyən şəxslər səsləndirib. 

Bildiriblər ki, onlar uzun müddətdir “188 yükdaşıma xidməti”ndə sürücü kimi çalışırlar. Son vaxtlar şirkət onların əməkhaqlarını verməyib. Buna etiraz edərək işdən çıxan sürücüləri şirkət bu dəfə sənədlərini verməməklə cəzalandırıb.  

30-a yaxın işçinin diplom, hərbi bilet və bu kimi vacib sənədləri şirkət tərəfindən girov saxlanılıb. 

Səsləndirilən bu iddialarla bağlı “188 yükdaşıma xidməti”nin qarajına üz tutduq.  

Həmin ünvanda rəhbərliyin olmadığını dedilər və qapıları üzümüzə bağladılar. Daha sonra qarajın rəisi Rəşad Mustafayevlə telefon vasitəsi ilə əlaqə saxladıq. O, açıqlamasında iddiaların əsassız olduğunu bildirdi. 

Qeyd edək ki, zərərçəkmişlər artıq faktla bağlı Nizami rayonu 24-cü polis şöbəsinə də müraciət ediblər. Onların hər birinin izahatı alınıb və məsələnin araşdırılacağı bildirilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Nazir müavini: “Səhiyyə müəssisələrinin hansısa qurumun tərkibində olması vacib deyil”

“Pulsuz səhiyyə xidməti dövlət üçün böyük yük və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur”.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib. O bildirib ki, səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin və ya başqa qurumun tərkibində olması vacib deyil.

“Pulsuz səhiyyə özünü doğrultmayıb. Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək”, – nazir müavini qeyd edib.

“Nazirlik dövlətin səhiyyə siyasətini daim yürüdür və yürüdəcək. Tibb müəssisələrinin mərhələli şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilməsi 2020-ci il ərzində davam etdiriləcək”, – R.Əliyev vurğulayıb.  /AYNA/