Son xəbərlər

Bakı şəhərində karantin postları ilə bağlı MÜHÜM XƏBƏR
Xüsusi karantin rejimi ilə bağlı Bakıda bəzi qaydalar yumşaldılıb.

Sabahdan etibarən paytaxt Bakı şəhərində karantin postlarının sayı minimuma endirilir.

Yol patrul xidməti əməkdaşları postlardan çəkiləcək və adi qaydada xidmətlərini davam etdirəcəklər. Onların yerində isə Post Patrul Xidməti və Daxili Qoşunların əməkdaşları xidmət aparacaq. Bundan əlavə isə daha çox nəzarət tədbirləri küçədə davam etdiriləcək. Polis əməkdaşları, eləcə də bəzi YPX əməkdaşları piyada xidmətə cəlb olunacaq. Onlar küçədə hərəkət edən piyadaların karantin rejiminə əməl etməsinə nəzarəti həyata keçirəcəklər.

Qeyd edək ki, Bakı şəhəri ərazisində 18 karantin postu qalacaq. Onların yalnız bir neçəsində YPX əməkdaşları olacaq. avtosfer.az

Sürücülər bu qayda pozuntusuna görə cərimə olunmayacaq
Karantin rejimi müddətində də nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilir. Texniki baxışa gələn sürücülər müayinə məntəqəsinə gələrək ara məsafəsini gözləməklə avtomobillərini texniki baxışdan keçirə bilərlər.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Kamran Əliyev - Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Bütün Respublika üzrə Dövlət yol polisinin qeydiyyat, imtahan və texniki baxış şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hər hansı nəqliyyat vasitəsinin sahibinin hərəkət etmək icazəsi varsa, istər icazə portalında onun haqqında məlumatın yerləşdirilməsi, istrərsə də digər xidməti fəaliyyəti ilə bağlı hərəkətinə icazə verilirsə, həmin şəxslərin nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti karantin rejimi dövrünə təsadüf edirsə, onlar rahatlıqla gedib texniki baxışdan keçə bilərlər.

Eləcə də digər rayonlarda da, sərbəst hərəkətlə bağlı məhdudiyyət qaldırılmış ərazilərdə də yaşayan nəqliyyat vasitələrinin sürücüləri də rahatlıqla nəqliyyat vasitələrini texniki baxışdan keçirə bilərlər”.

Yəni görülən tədbirlər onu deməyə əsas verir ki, sürücülərin texniki baxışdan keçə bilməmək üçün hansısa bir səbəb gətirməsinə gərək qalmır. Mövcud vəziyyətdə texniki baxış üçün şərait yaradılıb.

Kamran Əliyev - Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: “Lakin karantin rejimi ilə əlaqədar hərəkətə xüsusi icazə alınmalı olan ərazilərdə, yəni Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron rayonlarında yaşayan şəxslərin nəqliyyat vasitələrini texniki baxşıdan keçirmələri üçün, onlar nəzərə almalıdırlar ki, bu ərazidə yerləşən qeydiyyat, imtahan və texniki baxış şöbələri faəliyyət göstərir. Və bir avtomobilin həmin proseduru keçməsi üçün maksimum 15-20 dəqiqə tələb olunur. Yəni istənilən şəxs bu müddəti nəzərə almaqla, avtomobilini texniki baxışdan keçirə bilər”.

Bu müddət ərzində texniki baxışın keçirilməməsinə görə sürücülərin inzibati məsuliyyətə cəlb edilməməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən müvafiq göstəriş verilib və karantin rejiminin sonunadək texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin idarə edilməsinə görə heç bir sürücü inzibati məsuliyyətə cəlb edilməyəcək.

Hətta karantin rejimi bitdikdən sonra da, sürücülərə müəyyən müddət veriləcək ki, onlar texniki baxışdan keçə bilsinlər.

Qeyd edək ki, texniki baxışdan keçməyən nəqliyyat vasitəsini idarə edən sürücü üçün 50 manat cərimə nəzərdə tutulur.

Azərbaycanda şənbə və bazar günləri çölə çıxma qadağası qoyulur?
Azərbaycanda son iki gündə koronavirusa yoluxanların sayı artıb. Əgər ölkə ərazisində koronavirusa yoluxanların sayında bu temp yenə də müşahidə edilsə, şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu barədə qərarları Operativ Qərargah verir: "Biz sadəcə tövsiyyə edirik ki, insanlarımız sosial izolyasiya qaydalarına riyaət edərək, maska və əlcəklərdən istifadə etsinlər. Ehtiyac olmadığı təqdirdə evdən çölə çıxmasınlar. Operativ Qərargah birgə müzakirə edərək, iqtisadi, psixoloji sosial və dünyada gedən proselər üzrə bütün parametrləri nəzərdən keçirdikdən sonra qərarlar qəbul edirlər. Bizim hər birimizin bir fikir səsləndirməyimiz insanları çaşdıra bilər.

Çünki karantin rejimi müharibə şəraiti ilə bir tutulan vəziyyətdir. Belə halda da hər şey bir mərkəzdən idarə olunmalıdır. Onlar nə qərar verərsə bizim borcumuz o qərarları icra etməkdir. Amma dünyada bu proses dalğavari gedir. Bu proses azalma və çoxalma ilə davam edəcək. Bu bizi qorxutmamalıdır. Çünki hər şey dövlətin nəzarəti altındadır. Dövlətimiz bu bəla ilə uğurlu mübarizə aparır. Əlbəttə, bu vətəndaşlarımızı məsuliyyət hissindən daşındırmamalıdır. Koronavirusla dövlətlə birlikdə vətəndaşda mübarizə aparmalıdır. Əgər vətəndaşlarımız məsuliyyətsiz olarsa vəziyyət çətinləşə bilər. Vətəndaşlarımız Operativ Qərargahın qərarlarına əməl etməlidir. Ehtityac olmadıqda şənbə bazar çölə çıxmamalıdır.

Əgər vətəndaşlarımız Operativ Qərargahın tövsiyyələrinə riayət etməzlərsə karantin rejim yenidən sərtləşə bilər. Koronavirusla yoluxma hələ Azərbaycanda pik həddə çatmayıb. Ola bilsin ki, heç çatmasın. Əsas odur ki, bu gün yoluxanların sayı ilə klinikaların imkanları düz mütanasibdir. Əlavə olaraq yeni tipli modul klinikalarımız da açılır. Tibbi potensialımız imkan verəcək ki, yoluxanlar artarsa lazımı tədbirlər görüləcək. Əlbəttə bu məsələdə vətəndaşlarımızın karantin rejiminin şərtlərini əməl etməsindən çox şey asılıdır".

“Hazırda çimərliklərin açılması gündəmdə deyil”.

Bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərimə görə, Bulvar və digər parkların açılması məsələsi qarşıdakı həftələrdə müzakirə edilə bilər.

“Növbəti həftədə koronovirusa yoluxma və sağalanların sayı ilə bağlı statistikadan asılı olaraq çimərliklərin, idman zalların və parkların açılmasına qərar verilə bilər. Bu barədə konkret olaraq fikir bildirmək olmaz. Bütün hallarda biz prosesləri mərhələli şəkildə aparacağıq”- deyə, sədr əlavə edib. (publika.az)

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycanda ünvanlı sosial yardım almaq üçün maraciət etmək prosedurları asanlaşacaq.

Oxu.az məlumatına görə, bununla bağlı “Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, bundan sonra ünvanlı sosial yardım almaq istəyən vətəndaş barədə heç də bütün məlumatlarla bağlı dəyişikliklərin təqdim edilməsinə zərurət yoxdur.

Yəni, elektron sistemdə olan məlumatlarda dəyişiklik olursa, vətəndaş tərəfindən onun yenidən təqdim olunmasına ehtiyac qalmayacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov saytımıza deyib ki, bununla belə, elektron sistemə daxil olmayan məlumatlarda dəyişiklik olarsa, vətəndaş bununla bağlı müvafiq icra qurumunu məlumatlandırmalıdır.

“Bu cür məlumatlandırmaq üçün isə müddət 5 gündən 15 günədək müəyyənləşdirilir”, - deyə V.Bayramov əlavə edib.

Deputatın sözlərinə görə, layihədə ailə tərkibi ilə bağlı informasiyaların təqdim edilməsi ilə bağlı prosedurların təkmilləşdirilməsi də nəzərdə tutulur.

“Qanuna təklif edilən dəyişikliklər ümumilikdə, ünvanlı sosial yardım proqramının təkmilləşməsinə xidmət edir. Dəyişikliklər aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına çıxış imkanlarının daha da genişləndirilməsinə nail olmağa hesablanıb”.

Qeyd edək ki, adıçəkilən qanuna dəyişikliklər parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Texniki baxışa görə cərimə yazılmayacaq
Karantin rejimi müddətində də nəqliyyat vasitələrinə texniki baxış həyata keçirilir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Texniki baxışa gətirilən avtomobillərin sürücüləri məntəqəyə daxil olaraq, ara məsafəsini gözləməklə, maşınlarını müayinədən keçirə bilərlər.

Azərbaycanda bu tarixdə karantin sərtləşdirilə bilər

“Bayram günləri və həftəsonlarında sərt karantin rejiminin tətbiq edilməsi operativ qərargaha təklif edilə bilər”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr bildirib ki, insanların sosial məsafəni qorumasını, maska taxmasını yaxından izləyəcəklər:

“Səyyar maska satışına başlanılıb. Metrolarda apteklərdə də satılır. İş yerləri açıldıqca maska qıtlığı yarana bilər. Evdə parçalardan maskalar hazırlamaq mümkündür”. /oxu.az

İcra başçısının evindən çıxan pullar hara getdi?
İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun evində aparılan axtarış zamanı külli miqdarda pul vəsaitləri aşkar olunub. İcitmaiyyətə ötürülən bu görüntülər rezonans doğurmaqla bərabər geniş müzakirələrə və suallara yol açıb.

Suallardan biri keçmiş icra başçsının ələ keçirdiyi milyonlarla vəsaitin gələcək aqibəti ilə bağlıdır. Korrupsiya, mənimsəmə, rüşvətlə əldə olunduğu qeyd olunan pulların müsadirəsi, dövlətə qaytarılması necə həyata keçirilir?

 Hüquq və İctimai İnkişaf Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov "AzPolitika.info"-ya şərhində bildirib ki, məmur həbslərində aşkar edilən pullar mənimsəmə, rüşvət alma və digər vəzifə cinayətləri ilə əldə edilmiş vəsaitlər hesab edilir. Cinayət əməli ilə əldə edilmiş bu vəsaitlər müsadirə edilərək dövlət büdcəsinə qaytarılır. 

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev isə qeyd edib ki, büdcə təsnifatının gəlirlər hissəsində belə bir maddə var: "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar". Ekspert vurğulayıb ki, təcrübədə hələ ki, bu hal baş verməyib.

Xatırladaq ki, dövlət nəzarət orqanları - Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti açıqladıqları hesabatlarda yerli icra strukturlarının müxtəlif yollarla təyinatından yayındırılan büdcə vəsaitlərinin qaytarıldığı barədə məlumat verirlər. Hesablama Palatasının 2019-cu ili əhatə edən audit hesabatında korrupsiya yolu ilə ələ keçirilmiş 70 milyon manatdan artıq vəsaitin 21 milyon manatının büdcəyə ödənilməsinin təmin edildiyi bildirilib.

Bu şəxslər sosial yardım ala biləcəklər
Krediti olan ailələr də ünvanlı sosial yardım ala biləcəklər.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, "Ünvanlı sosial yardım haqqında" qanuna təklif edilən yeni dəyişikliyə əsasən, artıq adında pul krediti olan ailələr də ünvanlı dövlət sosial yardımdan yararlana biləcəklər.

Babək Hüseynov bildirib ki, ünvanlı sosial yardım sistemi üzrə 3 istiqamətdə islahatların aparılması nəzərdə tutulub.

Qanunda digər bir dəyişiklik isə ünvanlı sosial yardımın təyinolunma müddətinin azaldılması ilə bağlıdır. Qanun layihəsinə əsasən, sosial yardım almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq. Qüvvədə olan qanuna əsasən isə, bu müddət 2 il idi.

Qeyd edək ki, "Ünvanlı sosial yardım haqqında" qanuna təklif edilən yeni dəyişikliklər layihəsi nazirlik tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bakı metrosunda ara məsafəsi belə tənzimlənəcək
“Bakı metrosunda sərnişinlərin bir oturacaqdan bir oturması nəzərdə tutulur”.

Oxu.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, qatarda sərnişinlərin yalnız oturacaqların sayına görə oturmasını tənzimləmək mümkün deyil:

“Əməkdaşlarımız tərəfindən oturacaqların üzərinə işarələr vurulub. Sərnişinlərin ara məsafəsini saxlaması üçün bir oturacaqdan bir əyləşməsi nəzərdə tutulub. Ayaq üstdə gedən sərnişinlər üçün də xüsusi işarələr quraşdırılıb. Sərnişinlərimizdən bu normalara riayət etmələrini xahiş edirik”.