Son xəbərlər

Toylar bu şərtlərlə başlaya bilər
Məlumdur ki, ölkədə karantin rejimi tədricən yumşaldılsa da, toylara qoyulan qadağa hələ də qüvvədədir. Bu isə onunla əlaqədardır ki, koronavirusa yoluxma hallarında hələ də artan temp müşahidə edilməkdədir. Belə ki, insanlar arasında mövcud yoluxma statistikası hökumətə kütləvi tədbirlərin, eləcə də toyların keçirilməsi barədə qərar verməkdə çətinlik yaradır. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev də “Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq”, – deyə bəyan edib. Görünən odur ki, biz ən azı yaxın bir il ərzində müəyyən şərtlər və qaydalara əməl etməklə yaşamalıyıq və yalnız belə olan təqdirdə bir çox sahələrin fəaliyyətinin bərpasından söhbət gedə bilər.

Konkret.az-a müsahibəsində prodüsser Vəfa Nuriyeva da virusun hələ bir müddət bizi tərk etməyəcəyini nəzərə alaraq, müəyyən qaydalar tətbiq edilməklə toylara start verilməyin mümkünlüyünü açıqlayıb. İxtisasca tibbi bioloq olan V.Nuriyeva məsələ ilə bağlı maraqlı məqamlara toxunub:

– Məlumdur ki, Yer kürəsində olan bütün viruslar və patogen mikroorqanizmlər bizimlə bir yerdə addımlayır. Sadəcə bəzilərinə qarşı dərmanlar olduğu halda, koronavirusun vaksini hələ tapılmayıb. Yəni bu, RNT viruslarının təzə ştammıdır. Ən böyük problem də məhz bundan ibarətdir. Ona görə də bu virusa qarşı mübarizə aparmaq o qədər də asan deyil. Yəni bu, vaksini tapılana qədər tam olaraq bizimlə olacaq. Buna görə də biz elə hərəkət etməliyik ki, həmişə virusdan bir addım öndə olaq.

Təbii ki, mən bir prodüsser kimi toy məsələsi ilə bağlı fikirlərimi bölüşəcəyəm. Əlbəttə, bunun iqtisadi tərəfi aydın və önəmli məsələdir. Sirr deyil ki, toylarla əlaqəli çox insan pul qazanır, ailəsinə ruzi aparır. Yəni mövcud karantinlə əlaqədar toylara qadağa qoyulması böyük bir kütlənin maddi durumunu çətinləşdirib. Və sözsüz ki, biz virusun nə vaxt tam olaraq sıfıra enəcəyini oturub gözləməməliyik. Bu, absurd bir şeydir və bunun üçün 10 milyonluq bir respublika ən azı bir ay evdən çölə çıxmamalıdır. Təbii ki, bu da qeyri-mümkündür. Ona görə də biz iqtisadiyyata, insanların gəlirinə minimum dərəcədə zərbə endirməklə, bu problemdən çıxmağa çalışmalıyıq.

Mən həm bir tibbi bioloq, həm də prodüsser kimi konkret olaraq toylarla bağlı bir sıra təkliflər irəli sürməklə tezliklə onların başlamasını mümkün hesab edirəm.

Beləliklə, başlayaq şadlıq saraylarının girişindən. Fikrimcə, girişdə dezinfeksiya kabinələrinin qoyulması məsləhətdir ki, saraya daxil olan hər kəs həmin kabinələrdən keçməklə öz təhlükəsizliyini təmin edə bilsin. Həmçinin, qapının ağzında insanları qarşılayan personal mütləq onların temperaturunu ölçməlidir, eyni zamanda hər kəs əlcək və tibbi maska ilə təmin olunmalıdır.

Zalda da qaydaların tətbiqi mütləqdir. Məsələn, 500 kv.m-lik zal əgər 200-250 nəfər tutursa və əvvəllər hər stol ətrafında təxminən 12 nəfər otururdusa, indi ən azı 1 metrlik məsafə qorunmalıdır. Yəni 12 nəfərlik stol arxasında 6 nəfərdən artıq qonaq oturmamalıdır. Və əgər bir ailə eyni stol arxasında oturarsa, ara məsafəsinin gözlənilməsi lazım deyil.

Daha sonra 12 yaşa qədər uşaqların toya gətirilməsi qəti qadağan olunmalıdır.

Personala gəlincə, işə gələndə onların qızdırması ölçülməli və çöl paltarları başdan-ayağa yeniləri ilə əvəz edilməldir və onlar da mütləq əlcək və tibbi maska taxmalıdırlar.

Stolların üstünə ən azı iki dezinfeksiyaedici məhlul qoyulmalıdır ki, hər stolbaşı xidmət göstərən ofisiant insanların tez-tez əllərini dezinfeksiya etmələrinə yardımçı ola bilsin.

Musiqiçilərə və müğənnilərə gəlincə, təklif edirəm ki, onların əyləşdiyi sahə bir metr hündürlüyündə plastik şüşələrlə əhatə olunsun. Müğənninin onsuz da musiqiçilərdən aralı məsafədə dayandığı kimi, musiqiçilər də bir-birindən ən azı 1,5 metrlik məsafədə əyləşməlidir.

Bundan başqa, fikrimcə, zalda 4-5 müşahidəçi olsa məsləhətdir. Hansı ki, onlar da zaldakı insanların ümumi qaydalara riayət etməsinə nəzarəti həyata keçirsin. Məsələn, hər kəsin müğənni və musiqiçilərə yaxınlaşmasına, ortalıqda 10-12 nəfərdən artıq insanın rəqs etməsinə və s. imkan verməməlidir. Təbii ki, rəqs edənlər də ara məsafəni gözləməlidirlər və bunun üçün zalın döşəməsində xüsusi işarələr olmalıdır.

Mətbəxdəki vəziyyət isə sözsüz ki, karantindən asılı olmayaraq həmişəki qaydada həyata keçirilməlidir. Yəni adi günlərdəki kimi bütün gigiyena qaydalarına tam əməl olunmalı, işçi personal, aşpazlar mütləq maska taxmalı, maskalarını 2-3 saatdan bir, əlcəklərini isə tez-tez dəyişməlidirlər.

Toy bitdikdən sonra isə şadlıq sarayları tam dezinfeksiya olunmalıdır. Bütün stol-stullar, döşəmələr xüsusi xlorlu məhlullarla yuyulmalıdır. Hesab edirəm ki, karantin müddətində toylar daha az saatla keçirilməklə, – yəni təxminən 5 saat keçirilsə kifayətdir, –  bütün bu qaydalara ən yüksək səviyyədə əməl etmək olar.

Bu təkliflərlə çıxış etməklə bir məsələni də qəti şəkildə bildirmək istəyirəm ki, əgər bu yay dövründə toylara start verilməzsə, oktyabr-noyabr aylarında, yəni Məhərrəmlik ayı bitdikdən sonra belə toyların başlanması mümkünlüyü çətinləşir. Çünki yayda yoluxma sayı qışa nisbətən daha az olur. Məlumdur ki, virusu qoruyan təbəqə lipidlərdən ibarətdir, adi dillə desək, yağlardan təşkil olunub. Yağlar isə müəyyən temperaturlarda əriyir. Qışda isə əksinə, bu təbəqə bərkiyir və selikli qişaya düşən kimi xəstəlik özünün patogen-infeksion yolunu davam etdirir. Yəni əgər yay ərzində virus səbəbindən toylara start verilməzsə, soyuq aylarda bunun gerçəkləşdirilməsi az ağlabatan görünür. Digər tərəfdən, son zamanlar oxuduğum elmi məqalələrə istinadən deyə bilərəm ki, virusa qarşı vaksin ən tez halda oktyabr-noyabr aylarında istehsal oluna bilər.

Nəzərə alsaq ki, onu istehsal edəcək hər hansı bir ölkə ilk növbədə özündəki epidemik vəziyyəti aradan qaldıracaq və ondan sonra başqa dövlətlərə satmağa başlayacaq, bu da fikrimcə, ən azı 2021-ci ilin fevral ayından tez baş verməyəcək. Belə olan halda Azərbaycanda böyük bir sektorun bir il işləməməsi bilirsiniz də nə deməkdir? Bu, həmin təbəqənin stresə qapılması anlamına gəlir ki, bununla da insanların qidalanması zəifləyir, immuniteti aşağı düşür və virusa yoluxma riski artır. Və əgər hazırda demək olar ki, xəstələnənlərin 100 faizindən 86 faizi bunu yüngül keçirirsə, insanlarda stresdən yaranacaq xroniki xəstəliklər, əmələ gələcək infarkt və insultlar, qan dövranı və sinir sistemi pozuntuları və s. nəticəsində artıq 100 faiz xəstədən 65-70 faizi bunu yüngül keçirəcək və ölüm də 12-15 faizə qədər yüksələcək.

Odur ki, mən Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətlilərinə müraciət edərək bütün bunları nəzərə almalarını və toylarla bağlı tezliklə müsbət qərar vermələrini xahiş edirəm.

Bu şəxslərə hər ay 800 manat ÖDƏNİLƏCƏK
Bakıda yararsız binaların söküntüsü davam edir.

Baku.ws xəbər verir ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqavilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər.

Hazırda bu işlər davam edir, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir.

Sakinlərə evlərinin ölçülərinə uyğun olaraq 400-800 manat arasında kirayə haqqı ödənilir.
Daha sonra sakinlər köçürüldükləri mənzildən sahəsinə görə 25 faiz daha artığına sahib olurlar.
Qeyd edək ki, ötən həftə Nərimanov rayonunda 1958-ci ilə aid qəzalı vəziyyətdə olan binanın eyvanı uçub.

Həmin bina pilot layihəyə düşən ünvanların siyahısındadır və orada yaxın günlərdə söküntü işləri başlayacaq. 

Qurban bayramının vaxtı bəlli oldu
Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramının qeyd ediləcəyi tarix məlum olub.

"Ölkəmizdə iyulun 31-i və avqustun 1-i Qurban bayramı qeyd olunacaq.

Bayramla əlaqədar olaraq, həmin günlər qeyri-iş günü hesab olunur.

Əhalinin nəzərinə
2020-ci ilin ikinci Ay tutulmasının vaxtı məlum olub.

İkinci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-na keçən gecə baş verəcək.

Bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi saat 21:46-da başlayacaq və saat 01:04-də sona çatacaq.

Tutulmanın maksimumu saat 23:26-da olacaq. Tutulma hadisəsi Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə ediləcək. Adi gözlə yox, yalnız xüsusi cihazlar vasitəsilə prosesi müşahidə etmək mümkün olacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, 2020-ci ilin birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verib. Üçüncü Ay tutulması bu ilin 5 iyulunda olacaq.Oxu.az

Operativ Qərargah: Xüsusi karantin rejimi iyunun 1-dən sonra da uzadılacaq
"Müəyyən qərarlar qəbul etmişik, növbəti həftələrdə açıqlanacaq”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılacaq: "Xüsusi karantin rejiminin hansı müddətə uzadılacağı gələcək günlərdə bildiriləcək”.

20 il xəbəri olmadan pensiya alıb
Xaçmaz rayon sakini Məryəm Mütəllim qızı İmanquliyeva xüsusi karantin dövründə 190 manat birdəfəlik ödənişi almaq üçün e-sosial.gov.az portalından qeydiyyatdan keçib. Bir neçə gündən sonra ona imtina gəlib. Səbəb isə 20 il bundan əvvəl həyat yoldaşının vəfat etməsi və himayəsində 4 azyaşlı körpəsi olduğu üçün ona ailə başçısını itirdiyinə görə 233 manat müavinət təyin edilməsi göstərilib. Lakin Məryəm İmanquliuyeva heç vaxt müavinət almadığını bildirib.

 M.İmanquliuyeva "Report"a bildirib ki, 2000-ci ildə Sosial Müdafiə Mərkəzinin Xaçmaz Rayon İdarəsinə müraciət edib: 

“O zaman həmin idarədə Bağır adlı işçi var idi. Məni o qəbul etmişdi və bütün sənədlərimi təqdim etdikdən sonra ailə başçısını itirdiyimə və himayəmdə dörd azyaşlı körpəm olduğuna görə müavinət ala biləcəyimi bildirdi. Bunun üçün isə yoldaşımın Sumqayıtdakı iş yerinə gedib əmək kitabçasını gətirməli olduğumu dedi. Mən onun dediyi bütün sənədləri hazırlayıb, bir neçə gündən sonra yenidən həmin idarəyə gedərək Bağır müəllimə verdim. Lakin müavinət ala bilmədim. Sənədlərimi təqdim etdiyim vaxtdan 1 il sonra mənə bildirildi ki, qanunda dəyişiklik olub və yeni qanunlara əsasən, mənə həmin müavinət verilməyəcək”. 

M.İmanquliyeva qeyd edib ki, onun almalı olduğu müavinət 20 ildir Sosial Müdafiə Mərkəzinin Xaçmaz Rayon İdarəsinin əməkdaşları tərəfindən mənimsənilir. O, buna görə də baş verən hadisə barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat verib. 

20 il xəbəri olmadan pensiya alıb - Azərbaycanda ŞOK

Baş Nazir Əli Əsədovdan tətil günləri ilə bağlı mühüm QƏRARSabahdan Azərbaycanda Ramazan və 28 May bayramları ilə əlaqədar tətil başlayır.

Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən, ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

Eyni zamanda xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.

Müəyyən olunub ki, bu Qərara nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır, xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir. 

Əbülfəs Qarayev kollektivlə vidalaşdı
Mayın 21-də Mədəniyyət naziri vəzifəsindən azad olunan Əbülfəs Qarayev kollektivlə vidalaşıb.

 Report məlumatına görə, o, nazirliyin şöbə müdirləri və bəzi əməkdaşları ilə vida görüşü keçirib. 

Sabiq nazir bütün kollektivi bir araya toplamağa ehtiyac görməyib.

Ə.Qarayev birlikdə işlədikləri dövrdəki fəaliyyətlərinə görə əməkdaşlara minnətdarlığını çatdırıb, onlara gələcək işlərində uğurlar arzulayıb. 

Qeyd edək ki, Ə.Qarayev 1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifəsində çalışıb. O, 2018-ci ildə Mədəniyyət naziri təyin edilmişdi.

Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 12-də mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində araşdırma aparıb. 

Nəticədə Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu həbs olunub.  

Prezident İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

“Bu, ikinci də, üçüncü dalğa da ola bilər”

“Biz böyük dalğadan qurtulmuşuq. İkinci dalğa məsələsi bizdən çox soruşulur”. 

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda yoluxma saylarının artmasının ikinci dalğa olub-olmadığını bilmək üçün geriyə dönüb baxmaq lazımdır: “Bəli, karantin şərtləri yumşaldıldıqdan sonra yoluxmaların sayında artım oldu. Bu, ikinci də, üçüncü dalğa da ola bilər”. 

Hande Harmancı bildirib ki, tətbiq olunan yeni testlər mütəmadi olaraq yenilənir: “Testlər getdikcə təkmilləşir. Artıq xəstəliyi keçirib-keçirmədiyi ilə bağlı testlər istifadə olunur. Azərbaycan hökuməti hər zaman ən son testləri almağa çalışır”. 

Bu marşrut xətti “BakuBus”a keçdi

“Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin ("Neftçilər" m/st- Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

Keçirilən monitorinqlər nəticəsində MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.

İstehsalat bazasının olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.

Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Təkcə 2019-cu ildə yazılı olaraq və “Alo 141” Çağrı Mərkəzinə sürücülərin davranışı barədə 123, avtobusların istismar vəziyyəti barədə 64 müraciət daxil olub. Müraciətlər əsasında sürücülər barəsində 103 dayanacaqdan kənar, 15 sükan arxasında siqaret çəkmə və 20 hərəkət sxemindən yayınma faktı müəyyən edilərək inzibati cərimələr tətbiq edilib. Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdar olsa da bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Xidmətin keyfiyyətinin artırılması məqsədilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.

23.05.2020-ci il tarixindən 30 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Eyni zamanda bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 34 olacaq.