Son xəbərlər

Sürücülərin diqqətinə!

20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə giriş hissədə aparılan təmir işləri yekunlaşır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, günorta saatlarından sözügedən ərazidə hərəkət bərpa olunacaq.

Hazırda ərazidə üfüqi nişanlanma xəttlərinin çəkilişi işləri aparılır.

 


 

“icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduğu üçün Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışın necə olacağı məsələsinə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranı tərk edərək, digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir: “Yəni ezamiyyəyə gedirsə, mütləq ezamiyyə vərəqi olmalı və orada hansı məqsədlə getdiyi qeyd edilməlidir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan götürülüb. Qərara əsasən, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur. Ancaq Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış məhdudiyyəti qüvvədə qalır.

Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
Mayın 18-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində avtomobil yollarındakı karantin postları ləğv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib. 

E.Zahidovun sözlərinə görə, mayın 18-i, saat 00:00-dan ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılması çərçivəsində avtomobil yollarında quraşdırılan karantin postlarının fəaliyyəti dayandırılıb:

“Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, karantin rejiminin yumşaldılması çərçivəsində mayın 18-dən etibarən vətəndaşların yaşayış yerlərini SMS icazəsi ilə tərk etməsi ilə barədə qərar ləğv edilib.

Artıq sürücü və sərnişinlər, o cümlədən, sakinlər evlərindən SMS icazəyə ehtiyac olmadan çıxa biləcəklər. Bu səbəbdən də avtomobil yollarındakı karantin postlarına ehtiyac yoxdur”. 

E.Zahidov onu da əlavə edib ki, bununla bərabər, respublika ərazisində vətəndaşların karantin qaydalarına riayət etməsinə nəzarət davam etdirilir:

“Bakı, Sumqayıt və Abşeron ərazisində, eləcə də, respublika üzrə əhalinin intensiv hərəkət etdiyi yerlərdə polis nəzarəti davam etdirilir. Park və istirahət mərkəzlərində insanların sosial məsafəyə nəzarət etməsi, tibbi maskalardan istifadə etməsi, eləcə də, fəaliyyətinə icazə verilən ticarət obyektlərinin təyin olunan qrafik üzrə çalışmasına nəzarət davam etdirilir.

Buna görə daxili işlər orqanları əməkdaşları həmin ərazilərində xidmətini davam etdirəcək, obyektlərin qaydalara uyğun fəaliyyətinə və sosial məsafənin saxlanmasına nəzarət edəcək”.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əməkdaşları tərəfindən həbs olunan icra başçılarının korrupsiya və rüşvətxor əməllərinin arxasında təhsil işçilərinə qarşı hədə-qorxu gəlmə faktları da aşkarlanıb. Hətta, YAP İcra katibinin müavini Siyavuş Novruzov saytımıza açıqlamasında bunları deyib: “Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ, gətir. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir”. O zaman sual olunur. Bu qədər həbslərdən sonra icra başçılarının təhsilə müdaxiləsi sıfırlana bilərmi?

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Etibar Əliyevin sözlərinə görə, İcra Hakimiyyəti orqanları orta təhsilin inkişafına həmişə mane olublar:

“Biz 20 ildən çoxdur deyirik ki, məktəbləri İcra hakimiyyətlərinin əsarətindən xilas etmək lazımdır. Siz gördünüzmü bütün həbs olunan İcra hakimiyyətlərinin başçıları rayon Təhsil Şöbələrindən haqq alırlarmış. Özü də böyük məbləğdə. Rayon təhsil şöbəsinin müdiri isə məktəblərə tapşırıq verir ki, aylıq müəyyən olunmuş məbləği nəyin bahasına olursa - olsun toplayıb gətirsinlər. Bunlar məktəblərdə təhsil mühitini dağıtmaqla məşul olublar”. Deputat icra başçılarının çoxunun məktəb direktorlarının normal işləməsinə imkan vermədiyini də vurğulayıb:

“Məktəb çox həssas təsisatdır. Məktəb həyatı müəllimləri, valideynləri, uşaqları birləşdirir. Hansısa neqativ hal birbaşa təhsilin keyfiyyətinə, məktəbdə mənəvi mühitin pozulmasına gətirir. Rayon İcra Hakimiyyətinin başçılarının çoxu məktəb direktorlarına normal işləməyə imkan vermirlər. Sanki onların başının üstündən asılmış Damokl qılıncı rolunu oynayırlar. Direktorlar həmişə qorxu altında olurlar. İcra başçıları müəllimləri fiziki işlərə cəlb edir. Bu isə müəllim nüfuzuna böyük zərbə vurur. Düşünürəm ki, son həbslər İcra Hakimiyyələrinin başçıları üçün dərs olmalıdır”.

Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək
Mayın 18-dən etibarən vətəndaşların Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə hansı hallarda gəlib-getməsinin qaydası müəyyənləşib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Hökumət sözçüsü 18 may 2020-ci il saat 00:00-dan etibarən SMS icazə sisteminin ləğvindən sonra Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə vətəndaşların yaşayış yerini tərk edərək ölkənin digər rayon və şəhərlərinə hansı hallarda səfər edə biləcəklərinə aydınlıq gətirib.

“Mayın 18-dən - yəni SMS icazə və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmə sistemi ləğv olunduğuna görə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna gəlib-getmək istəyən vətəndaşlara yalnız iki halda icazə veriləcək: Yaxın qohumunun yas mərasimində iştirak etmək üçün və xüsusi ağır xəstələrin göndəriş əsasında paytaxtda və digər yerlərdə müayinə və müalicələri üçün. Vəfat etmiş yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün yaşayış yerini tərk etmək istəyən vətəndaş müvafiq ölüm haqqında arayışı təqdim etməklə gedə biləcək.Bunlardan başqa xüsusi karantin rejimi dövründə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları qadağandır”, - deyə, hökumət sözçüsü vurğulayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov da SMS icazə sisteminin ləğv olunmasından sonra vətəndaşların Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə gəliş-gedişinə iki halda icazə verilməsi qaydası ilə bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

Daha əvvəl mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.

Toylara sentyabradək qadağa qoyulub?Sosial şəbəkələrdə bu ilin sentyabr ayınadək toyların keçirilməsinə qadağa qoyulduğu haqda məlumatlar yayılıb və dünəndən sözügedən mövzu müzakirələrə səbəb olub.

Toylarla bağlı məsələyə Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən açıqladığı qaydalarda toxunulub. Belə ki, mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.

"Ölkə.Az" xəbər verir ki, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva qafqazinfo-ya açıqlamasında bildirib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının adından toyların sentyabr ayınadək qadağan olunması barədə yayılan məlumat yalandır: "Ramin Bayramlı belə bir açıqlama verməyib".

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək uzadılıb. 

Bu qaydalara riayət etməyənlərə CİNAYƏT İŞİ AÇILACAQ
"Restoran, kafe və çay evlərində bizim hazıladığımız müvafiq göstərişlər var. Fəaliyyət bərpa olunsa da, bu göstərişlərə ciddi əməl olunmalıdır və bununla bağlı məsələlərə epidemioloji nəzarəti həyata keçirən qurumlarımız nəzarət edəcəklər".

Milli.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Sədr göstərişlərə əməl etməyənlərə sərt cəza tətbiq ediləcəyini sözlərinə əlavə edib:

"Bu qaydalara əməl edilmədikdə ciddi inzibati və cinayət məsuliyyəti tətbiq olunacaq. Qeyd etmək istərdim ki, bəzi kafelərdə və müəyyən xidmət müəssisələrində qəlyan avadanlıqlarından istifadə qadağası qalmaqdadır və bu çox ciddi respirator infeksiyasının yayılmasının prafilaktikası məqsədini daşıyır. Əgər bu qayda da pozularsa sərt şəkildə tədbirlər görüləcək".

Yas mərasimləri ilə bağlı
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə eyni zamanda bütün ölkə üzrə dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunur. azsabah.com

DİQQƏT! - 11 marşrut xəttinin hərəkət sxemi
Mayın 16-17-də Bakının Ziya Bünyadov prospektinə 20 Yanvar dairəsi istiqamətindən girişin məhdudlaşdırılması səbəbindən 11 marşrut xəttinin hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər verir.

Məlumata görə, həmin marşrut xətləri və istiqamətləri aşağıdakılardır:

7 A və 7B nömrəli marşrutlar

Z.Bünyadov pr.: Moskva pr. – 20 Yanvar dairəsi – Tbilisi pr. (geriyə dönmə manevri) – Ə.Salamzadə küç. dairəsi daha sonra öz xətti üzrə.

67, 83, 92, 119 və 199 nömrəli marşrutlar

3-cü mikrorayon dairəsi: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.

79 nömrəli marşrut

M.Əcəmi m.st: Tbilisi pr. – S.C.Pişəvari küç. – 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.

165 və 211 nömrəli marşrutlar

Z.Bünyadov pr.: H.Zərdabi küç. – Qələbə dairəsi – Ə.Salamzadə küç. dairəsi daha sonra öz xətti üzrə.

M1 və M2 nömrəli marşrutlar

Müvəqqəti olaraq 3-cü mikrorayon dairəsinə qədər fəaliyyət göstərəcək.

92 nömrəli marşrut

M.Əcəmi m.st : Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.

193 nömrəli marşrut

Binə t/m: Moskva pr. – 2-ci Alatava küç. – M.Həsənov küç. daha sonra öz xətti üzrə təşkil edilib.

165 nömrəli marşrut

A.M.Şərifzadə küç.: 3-cü mikrorayon dairəsi – Ə.Salamzadə küç. – Qələbə dairəsi – İ.Talıblı küç. – A.M.Şərifzadə küç. daha sonra öz xətti üzrə.

211 nömrəli marşrut

Yasamal yaş.mas.: 3-cü mikrorayon dairəsi – C.Səlimov küç. – Ə.Salamzadə küç. – H.Zərdabi küç. – İ.Talıblı küç. – A.M.Şərifzadə küç. – M.Xiyabani küç. daha sonra öz xətti üzrə.

M4 nömrəli ekspress marşrut

20 Yanvar m.st: Tbilisi pr. – Ə.Salamzadə küç. – Qələbə dairəsi – Zərdabi küç.

M7 nömrəli ekspress marşrut

İstiqamət: İnşaatçılar m/st: Ə.Salamzadə küç. – Qələbə dairəsi daha sonra öz xətti üzrə. Yenicag.az

Məktəblər açılır?
"Məktəblərimiz və universitetlərimiz koronavirusa görə martın əvvəlindən bağlanıb və tədris ilinin sonuna qədər onlar, birmənalı olaraq, açılmayacaq”.

Bu haqda Prezident İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda məlumat verib.

"Hazırkı vəziyyətdə "bir-biri ilə bağlantısı olan məktəblər” və təhsil proqramı üçün verdiyiniz dəstək çox vacibdir, çünki sizə məlumat vermək istəyirəm ki, məktəblərimiz və universitetlərimiz koronavirusa görə martın əvvəlindən bağlanıb və tədris ilinin sonuna qədər onlar, birmənalı olaraq, açılmayacaq. Koronavirusla bağlı işlərin gedişini, onun necə olacağını hələ görməliyik. Bu günə qədər vəziyyət nəzarət altındadır. Çox az sayda ölənlər var və ciddi məhdudlaşdırıcı tədbirlər sayəsində yoluxmuş insanların sayı da nisbətən aşağıdır. Lakin hazırda biz dünyanın demək olar ki, bütün ölkələri kimi artıq açılış prosesindəyik. Buna görə məsafədən təhsil imkanları həqiqətən çox vacibdir. Əgər bizdə bütün məktəblərimizin tam bağlantısı olan sistem olarsa, onda bu, çox böyük imkana çevriləcək. Siz dediyiniz kimi, bu halda Azərbaycan aparıcı ölkələrdən biri olacaq”. qaynarinfo