Son xəbərlər

Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində işini itirmiş şəxslərə hökumət 190 manat birdəfəlik yardım təyin edib. Prezident İlham Əliyevin tapşırığı ilə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 min nəfərə çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprelin 9-dan ödəniş prosesi həyata keçirməyə başlayıb. 

Lakin bəzi insanlar bildirirlər ki, xəbərləri olmadığı halda onların adına yardım ayrılıb, amma heç bir bildiriş göndərilməyib. Belə olan halda təyin olunmuş yardım kimə çatıb? Bu məsələlər nə qədər realdır?

Turkustan.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bildirib ki, bu cür problemlə üzləşən vətəndaşlar ƏƏSMN-ə müraciət edə bilərlər:

“Biz də sosial şəbəkələrdə bəzi vətəndaşların guya xəbərləri olmadan adlarına yardım təyin edilməsi və onlara heç bir bildiriş getmədiyi barədə məlumatları oxuyuruq və bu məsələləri araşdırırıq. Bütün hallarda vətəndaşın yaxın ailə üzvləri tərəfindən müraciət olunduğu müəyyən olunur. İkinci halda isə onlar 2020-ci il aprelin 1-dək işsiz kimi məşğulluq mərkəzində qeydiyyata alınmış şəxslərdir. Onların işsiz statusu qüvvədə olduğundan, avtomatik olaraq yardım təyin edilib. Təbii ki, 600 minlik siyahının açıqlanmasında da məqsəd nazirlik tərəfindən ictimai açıqlığı təmin etməkdir. Əgər vətəndaşların məlumatsızlığı nəticəsində onlara vəsaitin təyin edilmə halları varsa, bizə müraciət edə bilərlər. Amma indiyə qədər edilən bütün müraciətlər nəticəsində bu kimi faktlar öz təsdiqini tapmayıb”.   /redaktor.az/

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.

Nazirlikdən verilən məlumata görə, FHN-dən bildiriblər ki, 2020-ci ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dövlət dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqəyə qatılmaq istəyən şəxslər ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini, əmək kitabçasını (olanlar üçün), tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənədi, sağlamlıq haqqında arayışı (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən), və 3×4 ölçüdə qırmızı fonda çəkilmiş iki fotoşəkli şəxsən təqdim etməlidirlər.

Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaq.

Sənədlər 2020-ci il mayın 14-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri Xətai rayonu Nəcəfqulu Rəfiyev 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir. Əlaqə telefonları: (012) 512-17-35 və 512-17-09.

(baku.ws)

Son iki gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Sosial şəbəkədə mayın 31-də karantin rejiminin bitəcəyini, toylar və yaslara icazə veriləcəyi ilə bağlı iddialar yayılıb.

Sonxeber.az xəbər verir ki, bununla bağlı məlumat verən deputat Fazil Mustafa bildirib ki, məsələ ilə bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

“Operativ Qərargah ölkəmizdə real vəziyyəti, yoluxanların sayı və dünyadakı mövcud vəziyyəti analiz etdikdən sonra yumşalma ilə bağlı qərarlar verir. Bizim söylədiklərimiz, sadəcə, ehtimal ola bilər. Düşünürəm ki, yoluxmaların sayı azalma dinamikası ilə davam etsə, mayın 31-də növbəti yumşalma ola bilər. Bilirsiniz ki, dünən yoluxanların sayı son bir neçə gündəkindən az olub. Əgər yoluxanların sayı azalma dinamikası ilə davam etsə, növbəti yumşalma ola bilər. Amma karantin rejiminin bitməsini, toylar və yasların keçirilməsinə icazə veriləcəyi real görünmür. Çünki bizdə toylar və yas mərasimləri koronavirusun yayılma mənbəyi ola bilərdi. Əlbəttə, tezliklə normal vəziyyətimizə qayıtmağımız insanlarımızın məsuliyyətli olmasından və Operativ Qərargahın qoyduğu qaydalara əməl etməklərindən asılıdır”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov məsələ ilə bağlı bildirib ki, bu barədə hələlik bir söz demək mümkün deyil:

“Çünki bu barədə konkret qərar yoxdur. Hər şey yoluxanların sayının artma-azalma dinamikasından asılıdır”.

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər məntiqdən imtahan verməyəcəklər.

Bunu Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

Onun sözlərinə görə, bu il müəllim işləmək istəyənlər yalnız ixtisas fənni, metodika və pedaqogikadan imtahan verəcəklər:

“Müəllimlərin ixtisas fənlərini dərindən bilməsi çox yaxşı haldır. Amma bu, onların məktəbdə yaxşı müəllim kimi fəaliyyət göstərməsi üçün kifayət deyil. Əsas məsələ şagirdlərlə necə davranmaq, şagird auditoriyasını idarəetmək, tədrisi və qiymətləndirmələri səmərəli şəkildə təşkil etməkdir. Bütün bunlar onların ciddi şəkildə metodik yanaşmalara yiyələnməsini tələb edir. Buna görə də bu il sualların əksəriyyətinin daha çox məlumat xarakterli deyil, həmin məlumatları müvafiq situasiyada tətbiq etməklə bağlı olması planlaşdırılır. Bu, müəllimlərin həmin şəraitə düşərkən özlərini necə aparacaqlarını göstərən vasitə olacaq”. (trend)

Keçmiş deputat Rafael Cəbrayılovdan yeni Baş prokuror Kamran Əliyevə şikayət ediləcək. 

Yenisabah.az-a daxil olan məlumata görə, Rafael Cəbrayılovun borclu olduğu şəxslər artıq keçmiş deputatla bağlı qəti tədbirlər görülməsinə nail olmaq üçün yaxın günlərdə hərəkətə keçməyi planlaşdırırlar.

Məlumatda bildirilir ki, onların sayı 8 nəfərdir. Həmin şəxslərin adlarını və keçmiş deputatın onların hər birinə olan borcunun məbləğini təqdim edirik:

Məlahət Qurbanova – 580 000 dollar

Təranə Fətəliyeva  – 300 000 dollar

Xatirə Nəcəfova – 200 000 dollar

Yusif Orucov – 200 000 dollar

Aynur Kazımova -100 000 dollar

Şəfa Məmmədova – 80 000 dollar

Bəşir Məmmədov – 60 000 dollar

Allahverdi Səfərəliyev – 30 000

Beləliklə, Rafael Cəbrayılovun bu şəxslərə toplam olaraq 1 350 000 dollar borcu var. Bu Azərbaycan valyutası ilə 2 295 000 manat edir.

Bildirlir ki, borclular dəfələrlə keçmiş deputatdan pullarını tələb etsələr də, hər dəfə şirin vədlərlə aldadılıblar. Hətta Rafael Cəbrayılov borcluların müvafiq qurumlara şükayət etməməsi üçün villasını satışına çıxardığını deyərək, kirayə ev tutub. Lakin sonradan bəlli olub ki, keçmiş deputat onları aldadıb.

Borclular məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Müraciətdən sonra Rafael Cəbrayılov idarəyə çağırılıb. Keçmiş deputat orada əlində pul və əmlak olmadığını desə də, borcunu qaytaracağını vəd edib. İdarədən isə şikayətçilərə məsələnin hərtərəfli araşdırılacağı və müvafiq tədbir görüləcəyi bildirilsə də, koronavirus pandemyası məsələni arxa plana keçirib. Borclular artıq səbr etmək fikrində deyillər.

Xatırladaq ki, Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər
Ünvanlı dövlət sosial yardımı alanların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Sosial yardım almaq hüququ ilə əlaqədar vətəndaşlar üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır. Bununla bağlı "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna bir sıra dəyişikliklər olacaq. Bu dəyişikliklər aliment, fiziki qüsurlu insanlara baxma və qeydiyyat ünvanı kimi məsələləri də əhatə edir.

Xəzər TV xəbər verir ki, aliment alan və verən şəxslər də ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olacaqlar. Bundan başqa, ailənin əmək qabiliyyətli üzvü birinci dərəcə əlilliyi olan şəxsə baxırsa, bu zaman o da ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edə biləcək. Bütün bu yeniliklər ''Ünvanlı dövlət sosial yardımı haqqında'' qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyir ki, qanuna təklif edilən dəyişikliklər vətəndaşların dövlətin bu yardımına əlçatanlığını təmin etmək məqsədi daşıyır.

Qüvvədə olan qanunvericiliyə görə, vətəndaşlar dövlətin bu qayğısından yararlanmaq üçün mütləq qeydiyyatda olduqları ərazi üzrə müraciət etməlidirlər. Musa Quliyevin sözlərinə görə, bu şərt də aradan qaldırılacaq.

Bütün bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Cəsarət Əhmədov: “Mən hər zaman başımın üstündə birinci Allahı, ikinci də dövlət başçımızı görmüşəm”



Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti ölkdə cərəyan edən müəyyən hadisələrlə bağlı əməkdaşımızın suallarını cavablandırmışdır

- Cəsarət müəllim, məlum olduğu kimi, son günlər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində ölkənin bəzi şəhər və rayon icra hakimiyyəti başçıları həbs olunmuşlar. Sizcə bu vəzifəli şəxsləri ittiham olunduqları cinayət əməllərini törətməyə hansı səbəblər təhrik etmişdir?

- Mən bundan əvvəlki çıxışlarımda dəfələrlə demişəm ki, hər bir həqiqi vətənpərvər insan Allaha inam, Vətənə sevgi, Xalqa xidmət, Ölkə Prezidentinə sədaqət prinsiplərini həm işində, həm də sadəcə həyatında rəhbər tutmalıdır. Təvazökarlıqdan uzaq olsa da, özüm barədə kiçik bir açıqlama vermək istəyirəm. Mən artıq 11 ildir ki, federasiya rəhbəriyəm. Əlbəttə heç kim ideal deyil və yəqin ki, məni də sevməyənlər, verdiyim qərarlardan narazı olanlar var. Lakin bir şeydən əminəm ki, kimsə məni bu 11 ildə tək bir idmançıdan, bircə manat belə olsa rüşvət almaqda ittiham edə bilməz. Çünki mən hər zaman başımın üstündə birinci Allahı, ikinci də dövlət başçımızı görmüşəm. Hər bir insan ilk növbədə Rəbbindən qorxmalı, bir gün ən böyük hakim olan Allaha hesabat verəcəyini dərk etməlidir. Hər bir insan da ona ölkə rəhbərliyi tərəfindən göstərilən etimada görə məsuliyyət daşıdığını başa düşməlidir. İnsan bu dəyərləri düzgün qiymətləndirmək iqtidarında olmayanda isə harama da əl atır, insanların haqqlarını da tapdalayır və son nəticədə yolunu tamamilə azmış olur.

- Sizcə yüksək vəzifəli dövlət məmurları tərəfindən yol verilən korrupsiya əməllərinin qarşısı vaxtında alınmazsa, bu əməllər cəmiyyətimizdə daha hansı fəsadlara yol aça bilər?

- Sözsüz ki, belə əməllərin qarşısı vaxtında və qətiyyətlə alınmalıdır. Necə ki, son günlər ərzində Ölkə Prezidentinin tapşırığı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi operativ əməliyyat tədbirləri nəticəsində bu istiqamətdə son dərəcə mühüm addımlar atılmışdır. Hər kəs bilir ki, icra başçıları yerlərdə məhz Ölkə Prezidentinin təmsilçiləri kimi çıxış edirlər. Onların etdikləri hər bir hərəkət, atdıqları hər bir addım dövlət başçımızın adına çıxır. Bu isə o deməkdir ki, vəzifə sahiblərinin rüşvətxorluğu və digər korrupsiya xarakterli əməlləri xalqın dövlətə və dövlət başçısına olan inamını sarsıda bilər. Halbuki, Ölkə Prezidentinin yeni vəzifəyə təyin etdiyi hər bir məmurun qarşısında tələb kimi qoyduğu ən əsas vəzifələrdən biri, bəlkə də birincisi məhz vətəndaş məmnunluğunun təmin edilməsidir. Məhz buna görə də xalq öz Prezidentini sevir və ona hədsiz dərəcədə etimad göstərir.

- Cəsarət müəllim, dövlət başçısının ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyinə dair verdiyi açıqlamasından çox az müddət sonra DTX tərəfindən Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirildi. Səbəb yenə də korrupsiya əməlləri, dövlət vəsaitlərinin talan edilməsi oldu. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün biz bəzi məmurların dövlət başçımızın humanistliyindən sui-istifadə edərək necə vəzifə tutduqlarının şahidi oluruq. Hər dəfə təyinat zamanı Ölkə Prezidenti bu məmurlara öz konkret tapşırıq və tövsiyyələrini verir, açıq mətnlə xəbərdarlıqlarını edir. Lakin bəzi məmurlar yenə də tutduqları vəzifənin səlahiyyətlərindən yalnız öz şəxsi maraq və mənafeləri üçün yararlanırlar. Belələri tutduqları postlarda yalnız özləri zənginləşir və xalqı dövlət başçısının yürütdüyü siyasətin əleyhinə kökləməyə çalışırlar. Bu isə əlbəttə ki, tənəzzülə, xaosa aparan bir yoldur. Yalnız obyektiv, ədalətli qərarlar verməklə inkişafa nail olmaq olar.
Bir gözəl kəlam var – mərifət başqa, mədəniyyət başqa, içi yanan aşiqlər başqa. Yalnız içi yanan aşiqlər Allahı başları üzərində görüb, öz mənafelərini yox, xalqın və dövlətin mənafelərini hər zaman üstün tutacaqlar.
“Necə ola bilər ki, köçkünlərin binasında başqa insanlar yaşayır?!”

Əlbəttə ki, sosial ədalət prinsipləri üstünlük təşkil etməlidir. Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya, aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanlarda inamı qırır”.

Bunu Prezident İlham Əliyev Kəlbəcərin yeni icra başçısı Azər Qocayevi videoformatda qəbul edərkən deyib. 

Dövlət başçısının sözlərinə görə, ədalətsizlik nəticə etibarilə böyük problemlərə gətirib çıxarır: “Ona görə hər bir sahədə ədalət prinsipi bərqərar olmalıdır. Məsələn, bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək. Bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır. Həm Dövlətqaçqınkom və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. 

Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir”.

Prezidentin köməkçisindən karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA:
“Mayın 31-dən sonra karantin rejiminin uzadılması barədə fikir söyləmək tezdir”.

Oxu.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, ölkəmizdə və dünyada olan vəziyyətin qiymətləndirilməsi və qərarın verilməsi vacibdir:

“Vəziyyətdən asılı olaraq, karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi mümkündür”.

Azərbaycanda daxili gediş-gəliş nə vaxt bərpa olacaq?
Son iki gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Mayın 31-də Azərbaycanda daxili gediş-gəlişə icazə verilə bilərmi?

Bununla bağlı məlumat verən deputat Sevinc Hüseynova bildirib ki, bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

"Operativ Qərargah hansı qərarı verəcəksə, ona uyğun da addımlar atılır. Hazırda karantin rejimi yumşaldılıb. Yumşalma o demək deyil ki, karantin rejimi və koronavirus təhlükəsi artıq bitib. İnsanlarımız daha məsuliyyətli olmalı, sosial izolyasiya qaydalarına riyaət etməlidir. Qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etməli və sosial məsafəni qorumalıdır. Əgər məsuliyyətli olub, Operativ Qərargahın qoyduğu qaydalara əməl edərsək koronavirusun ikinci dalğasından az itki və yoluxmalarla qurtula bilərik. Azərbaycan qabaqlayıcı tədbirlər sayəsində koronavirusla mübarizədə öndə gedən dövlətlərdən biridir. Buna uyğun olaraq da karantin rejimində yumlaşlamalar oldu. Təəssüf ki, son bir neçə gündə koronavirusa yoluxanların sayı artıb. Dünən bilirsiniz ki, 104 nəfər koronavirusa yoluxub. Bu artım onu göstərir ki, insanlarımız bu xəstəliyi önəmsəmirlər. Hesab edirəm ki, Azərbaycanda koronavirus bitməyənə qədər insanlarımız qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə edərək sosial məsafəni qorumalıdırlar. Yoluxma sayı minimuma ensə, o zaman Operativ Qərargah daxili gediş-gəlişə icazə verilməsi ilə bağlı qərar verə bilər. Ümumiyyətlə bu kimi qərarların verilməsi Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Onlar mövcud vəziyyəti analiz etdikdən sonra müvafiq qərarlar qəbul edirlər. Bu məsələdə də düşünürəm ki, Operativ qərargah son yoluxma dinamikasını və dünyada gedən prosesləri götür-qoy etdikdən sonra qərar qəbul edəcəklər".(Sonxeber.az)