Konstitusiya Məhkəməsi Plenumunun Milli Məclisə fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.

İclas saat 10:00-da başlayıb.

İclasda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və bütün üzvləri, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və MSK-nın bütün üzvləri, MSK katibliyinin əməkdaşları, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

Fərhad Abdullayev bildirib ki, plenum işə baxmağa tam səlahiyyətlidir:

“İş üzrə maraqlı tərəf qismində MSK sədri və üzvləri dəvət olunublar. Sizə çıxış üçün tam şərait yaradılacaq. Hakimlərin sizə suaları olduqda cavablandırmağınızı xahiş edirəm. İş üzrə ekspertlər dəvət olunub. İlk olaraq çıxış üçün söz məruzəçi hakim Rövşən İsmayilova verilir”.

Məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. O, Konstitusiya Məhkəməsinin qanunvericiliyə uyğun olaraq MSK-dan daxil olmuş sənədləri 10 gün ərzində yoxladığını deyib.

Daha sonra digər məruzəçi hakim Rafael Qvaladze çıxış edib. O bildirib ki, Konstitusiya Məhkəməsi bunun üçün Bakı, Şəki, Gəncə və Şirvan Apellyasiya məhkəmələrindən və Naxçıvan Ali Məhkəməsindən hakimləri işə cəlb edib:

“Konstitusiya Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsindən daxil olan məlumata görə, bu məhkəmə instansiyasına Mərkəzi Seçki Komissiyasının qərarından daxil olmuş 12 iş üzrə iddia təmin edilməyib, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 15 iş üzrə iddia təmin edilməyib. Şirvan Apellyasiya Məhkəməsinə 20 ərizə daxil olub. Şəki Apellyasiya Məhkəməsinin məlumatına görə, bu məhkəmə instansiyasına 3 iş üzrə ərizə daxil olub ki, onların baxılması mümkün sayılmayıb”.

Rafael Qvaladze qeyd edib ki, Ali Məhkəmə seçkinin nəticələri ilə bağlı ümumilikdə 78 işə baxıb:

“3 iş üzrə məhkəmə qərarları ləğv edilib. 9 iş üzrə kassasiya şikayətinin təmin edilməsi mümkün sayılmayıb. Ümumi qəbul edilmiş qərarlar protokolların nəticələrinə təsir göstərən hallar deyil”.

Daha sonra çıxış üçün söz MSK sədri Məzahir Pənahova verilib. (axar.az)

İlham Əliyevdən qeyri-rəsmi işləyənlərə xəbərdarlıq
Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib.

 “Ağstafa Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlət başçısına burada həyata keçirilən işlər və yaradılan şərait barədə məlumat verib.

Dövlət başçısı müəssisəni işə salıb. İlham Əliyev müəssisədə istehsal olunan məhsullara baxıb. Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdə çıxış edib.

- Sizi salamlayıram, mən artıq üçüncü dəfədir ki, Ağstafa aqrar parkının işi ilə tanış oluram. Hər dəfə burada olanda yeniliklər görürəm, inkişaf görürəm. Şadam ki, aqroparkın bu illər ərzində inkişafı çox sürətlidir və o cümlədən mənim də tövsiyələrim nəzərə alınıbdır. Beləliklə, Ağstafa rayonunda çox müasir istehsal, kommersiya, ticarət kompleksi yaradılıb.

 

Mən birinci dəfə burada 2012-ci ildə olmuşam. O vaxt biz aqroparkın yaradılmasının birinci mərhələsini qeyd edirdik. Ondan sonra 2016-cı ildə bu gün burada tanış olduğum müəssisənin təməl daşı qoyulmuşdur və bu gün - 2020-ci ildə yenə də buradayam. Şadam ki, bu aqropark bu gün Azərbaycanın kənd təsərrüfatı və emal sahəsində çox önəmli rol oynayan böyük bir müəssisədir. Bu da təbiidir. Çünki Azərbaycanda sahibkarlar, investorlar üçün çox gözəl şərait yaradılıb. Onlar bilirlər ki, dövlət onların arxasındadır. Bilirlər ki, Azərbaycan bundan sonra da sabitlik yolu ilə gedəcək və investorlar üçün əsas məsələlər bunlardır. Hər bir investor - istər xarici olsun, istər daxili olsun, öz investisiyalarını planlaşdıranda mütləq bu amilləri nəzərə alır. Bir çox xarici investorlarla görüşlər əsnasında onların mənə bildirdikləri əsas fikir o idi ki, Azərbaycanda sabitlik var. Bu sabitliyin artıq 27 yaşı var və bundan sonra da ölkənin uğurlu inkişafı heç kimdə şübhə doğurmur.

Bundan əlavə, mövcud olan infrastruktur. Əgər indiyədək dövlət tərəfindən bölgələrdə infrastruktur layihələri icra edilməsəydi, yəqin ki, investorlar da investisiyaları üçün başqa yerlər axtaracaqdılar. Ağstafa rayonunda bu sahədə çox böyük işlər görülüb. Bu gün yeni yarımstansiyanın açılışında mənə məlumat verildi ki, indi Ağstafa rayonunun enerji təchizatı 20 meqavat ətrafındadır, ancaq potensial iki dəfə bundan böyükdür. Yəni, iki dəfə bundan artıq sənaye müəssisələrinin, digər obyektlərin yaradılması artıq mövcud enerji gücləri ilə təmin ediləcək. Əlbəttə ki, enerji təminatının yaxşı səviyyədə olması biznes üçün vacib şərtlərdən biridir. Bildirməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Qazlaşdırma səviyyəsi Ağstafa rayonunda 90 faizdir. Təmirli yolların səviyyəsi 90 faizə yaxındır. İçməli su layihəsi 2013-cü ildə başa çatmışdır, istismara verilmişdir. Yəni, investorlar üçün bütün şərait yaradılıb. Şadam ki, Ağstafa aqroparkının investorları bütün bu imkanlardan istifadə edib, böyük vəsait qoyublar. Mənə verilən məlumata görə 80 milyon manat ətrafında vəsait qoyulub və qoyulan vəsait göz qabağındadır. Çünki bir daha demək istəyirəm, üçüncü dəfədir ki, buradayam və bu aqroparkın inkişafının tarixçəsi də mənim gözümün önündə olub.

Bu aqroparkın kənd təsərrüfatının inkişafına da çox böyük dəstəyi olacaq. Mən maraqlandım, məhsuldarlıq orta məhsuldarlıqdan çoxdur. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq 32 sentnerdir, sizdə isə 40-50 sentner məhsul əldə edilir. Bu da çox vacibdir. Çünki bizim əkin sahələrimiz bir qədər məhdud olduğu üçün məhsuldarlığın artırılmasına xüsusi diqqət göstərilməlidir.

Sahibkarlar dövlət tərəfindən qayğı ilə əhatə olunub, dövlət öz dəstəyini göstərir. Bu aqroparkın yaradılmasına da dövlət öz maliyyə dəstəyini göstəribdir, ancaq investorların qoyduğu vəsait ondan qat-qat artıqdır. Amma dövlət öz dəstəyini göstərməklə, eyni zamanda, öz siyasi dəstəyini də göstərir. Sahibkarlığın inkişafı bundan sonra ölkəmizin inkişafının əsas şərti olacaq. Çünki dövlət xətti ilə icra edilən əsas infrastruktur layihələri başa çatmaq üzrədir. Ona görə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması - bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir. İnvestorlar da belə gözəl müəssisələrin yaradılması ilə digər sahibkarlara da yol göstərirlər ki, gəlin, siz də vəsait qoyun. Azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana vəsait qoymalıdırlar ki, bizdə işlər daha yaxşı getsin. Çünki bizim əhalimiz artır. Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik. Ona görə iqtisadi inkişaf, sərmayə qoyuluşu demoqrafik inkişafı üstələməlidir. Bu, əsas vəzifədir. Əlbəttə ki, işlə təmin edilən vətəndaşlar yaxşı maaşla təmin olunmalıdırlar, onların iş şəraiti yaxşı olmalıdır. Mən demişəm ki, 8 saatlıq iş günü vardır və heç bir işçini ondan artıq işlətmək olmaz. Eyni zamanda, bütün işçilər gərək rəsmi qaydada maaş alsınlar, kölgə iqtisadiyyatına yol vermək olmaz. Qeyri-rəsmi məşğulluğa yol vermək olmaz. Sizin kimi müəssisələrdə bu faktlar yoxdur və ümumiyyətlə ola da bilməz. Çünki sizin yanaşmanız beynəlxalq yanaşmadır və mən istəyirəm ki, bütün Azərbaycan müəssisələri bu prinsiplər əsasında işləsinlər.

Mən bunu artıq bir neçə dəfə demişəm, bir daha işçilərə demək istəyirəm. Xüsusilə nəzərə alsaq ki, bu bölgədə aprelin əvvəlindən səhiyyə sistemimiz icbari tibbi sığorta sisteminə keçir, pulsuz tibbi xidmət almaq üçün vətəndaşlar gərək mütləq rəsmi qaydada işləsinlər. Ona görə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə üsullarından biri də icbari tibbi sığorta olacaq. Əlbəttə ki, əgər kimsə qeyri-rəsmi işləyirsə, gələcəkdə pensiyadan da məhrum olacaq.

Bir sözlə, belə gözəl müəssisələrin yaradılması və inkişafı məni çox sevindirir. Xüsusilə mən bu aqroparkın timsalında ardıcıl siyasəti görürəm. Çünki bəzi hallarda müəssisə yaradılır, hətta elə hallar olub ki, mən o müəssisələrin açılışında iştirak etmişəm, ondan bir müddət sonra o bağlanır. Deməli, iş prosesi düzgün qurulmayıb. Amma sizdə nəinki bağlanmayıb, hətta mənim bura gəldiyim bu 8 il ərzində hər dəfə inkişaf, yenilik görürəm. Görürəm ki, burada insanlara yüksək qayğı göstərilir. Bu şərait böyük zövqlə yaradılıb, eyni zamanda, market, kafe. Hər şey insanlar üçündür ki, Azərbaycan vətəndaşları daha yaxşı, rahat yaşasınlar. Bunları təmin etmək üçün Azərbaycan dövlətinin kifayət qədər iradəsi, imkanları var və Ağstafa rayonunda görülən işlər buna əyani sübutdur.

Sizi bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Mən maraqlandım və məlumat verildi ki, bu üçüncü mərhələ sonuncu mərhələdir. Amma sizin başqa planlarınız da var və ümid edirəm ki, növbəti dəfə sizinlə burada görüşəndə yeni layihələr haqqında mənə məruzə edəcəksiniz. Sağ olun.

İlham Əliyev kreslonu adi stulla dəyişdirdi: Prezident İlham Əliyevdən məmurlara daha bir xəbərdarlıq..
"Ölkə başçısı martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib:

"Mənə belə xüsusi kreslo qoymusuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən".
Sujet AzTV-nin "Xəbərlər" proqramında yayımlanıb.

İlham Əliyev Tovuzda avtomobil yolunun yenidənqurmadan sonra açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.
İlham Əliyev Tovuzda səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfərə gedib.

Dövlət başçısı Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.

İlham Əliyev Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib.

Kompleksin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyev komplekslə tanış olub.

Sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb.

İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Müdafiə Nazirliyinin Ağstafada yerləşən “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Prezident Ağstafada yol açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

İlham Əliyev Ağstafada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gəlib.

Dövlət başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

İlham Əliyev “Azərxalça” ASC-nin Qazax filialının fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub.

 “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filialın binasında 150 toxucu işləyəcək və onların hamısı yerli sakinlərdir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarında iştirak edib, bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar.

Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 40-dan çox dəzgahda Azərbaycan xalçaları toxunacaq. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.

Qeyd edək ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı Qazax rayonunda icra olunan layihə də öz əhəmiyyəti ilə fərqlənir. Bu sahənin inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir. Hazırda dövlət səviyyəsində bu fabriklərin yerli istehsal hesabına xammalla təmin olunması diqqət mərkəzindədir. Prezident İlham Əliyev həmişə vurğulayır ki, bu fabriklərin açılması xüsusilə qadınların işlə təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan Qazaxdakı xalça fabriki də fərqlənir. Müəssisədə əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrindəki orijinal xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.