Deputat vurğulayıb ki, xüsusilə müstəqillik dövründə bu sahədə Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyətə malikdir: “Bu dövrdə bir sıra tarixi mədəniyyət abidələrimiz UNESCO-nun siyahısına daxil edilib, bəzi elmi-tədqiqat işləri aparılıb.
Bu gün də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidələrin aşkarlanması, qorunması, bu sahədə tədqiqatların aparılması istiqamətində xeyli işlər görülür, ciddi forumlar, konfranslar keçirilir, abidələrimiz beynəlxalq miqyasda tanıdılır. Amma yenə də yerli əhəmiyyətli abidələrimizin aşkar edilməsi və qorunmasında müəyyən problemlər var. Lakin bu problemlər ardıcıl olaraq həll olunur. Doğrudur, bəzən hansısa abidənin dağıdılması xəbərləri ortaya çıxır. Amma bunlar təsadüfi faktlardır. Əminəm ki, getdikcə bu istiqamətdə görülən işlər daha da intensivləşəcək”.
N.Cəfərov bildirib ki, bizim əsas problemlərimizdən biri isə bu abidələrdən yararlanma sahəsindədir: “Bu istiqamətdə təcrübəmiz azdır. Dünyada da bu baxımdan ciddi problemlər olsa da, yaxşı təcrübələr də var. Məsələn, abidələr elə bir vəziyyətə gətirilməlidir ki, cəmiyyət onlarla daim kontaktda olsun. Bunun üçün həmin abidələr həm xalqın tarixini nümayiş etdirən bir hadisə kimi qorunur, həm də mədəni baxımdan istehlak olunur. Eyni zamanda, bu abidələr gəlir gətirir. Əldə olunan gəlir bu abidələrin yaşaması üçün bir təminatdır”.