O bildirib ki, Gürcüstan Mixail Saakaşvilidən sonrakı mərhələdə Qərbə inteqrasiya yolundan faktiki imtina edib yenidən Rusiyaya üz tutur: "Baxmayaraq ki, Gürcüstanın torpaqları Abxaziya və Güney Osetiya Rusiya tərəfindən işğal edilib. Hələ də işğal altında saxlanılır. Bunun qarşılığında Gürcüstanın indiki hakimiyyəti üzünü Rusiyaya çevirib çalışır ki, Rusiya ilə yaxınlaşsın. Rusiyanın təsir dairəsində qalsın. Bunu onunla əsaslandırırlar ki, Rusiya ilə normal münasibətlər olsa, ölkənin ərazi bütövlüyü təmin ediləcək. Amma biz əminik ki, Rusiya ilə normal münasibətlər Gürcüstanın ərazi bütövlüyünü təmin etməyəcək. Gürcüstanda əsasən Qərbə meyilli qüvvələr, xalqın böyük kəsimi isə Qərbə inteqrasiyanın tərəfdarıdır. Bu seçkilərdə də onlar revanş götürmək istəyirlər. Yəni çalışırlar ki, qalib gəlsinlər, Qərbə inteqrasiya yolu davam etsin".
Onun sözlərinə görə, ölkənin Prezidenti Salome Zourabişvili də qərbyönümlüdür: "Özü Fransa vətəndaşı olması və Qərbə bağlı olması səbəbi ilə Baş Nazir, onun hökuməti eyni zamanda Prezident arasında belə bir ikitirəlik var. Gürcüstandakı seçkilər belə ovqatda keçir. Ona görə də hazırkı vəziyyətdə dəqiq proqnoz vermək də çətindir. Amma hər halda düşünürəm ki, istənilən halda Gürcüstan xalqının iradəsi bu ölkənin sabahını müəyyənləşdirməyə kömək edəcək. Yəni Qərbə inteqrasiyamı, yenidən Rusiyaya doğrumu, bu seçkidən sonra nəticəni görəcəyik. Mənim ilkin ehtimalım bundan ibarətdir ki, Rusiyaya meyilli qüvvələr seçkidə qalib gələcəklər. Əlbəttə ki, yüz faiz olmasa da, hər halda ciddi üstünlüklə qalib gələcəklər. Bu, Gürcüstanın ərazi bütövlüyünü təmin edəcəkmi? Birmənalı şəkildə deyirəm ki, yox. Çünki Rusiyaya güvənmək olmaz".