Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah 21 iyun - 5 iyul tarixlərində ölkənin bir sıra şəhərlərində tətbiq ediləcək sərt karantin rejimi ilə bağlı brifinq keçirir.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, mətbuat konfransında “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev və TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva jurnalistlərin suallarını cavablandırır.
Murad Əhməd
“Nə qədər adamın ünvanlı sosial yardımı kəsilib. Bu sıraya əlillər də daxildir. Onların pulu niyə kəsilməlidir? Dövlət bu istiqamətə pul ayırıbsa, onu həmin insanlara vermək lazımdır”.
Bu fikirləri Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Qüdrət Həsənquliyev çıxışında xüsusilə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi sərt tənqid edib.
O, qeyd edib ki, bəzi sahələrlə bağlı ayrılan vəsaitlərə qənaət edilməsi düzgün və anlaşılan deyil.
Millət vəkili xüsusilə, S. Babayevi yarıtmaz siyasət yeritməkdə ittiham edib və onun daha peşəkar kadr ilə əvəzlənməsinin vacibliyini dilə gətirib.
Deputat bildirib ki, ötən gün Youtube sosial şəbəkəsindəki bir videoya baxanda orada ikinci qrup əlilin müavinətinin neçə il kəsildiyini görüb:
“Həmin şəxs dövlət başçısına, birinci vitse-prezidentə müraciət edir. Bu məsələdə qənaət etmək lazım deyil. Qənaəti orda etmək lazımdır ki, qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar. Öz qardaşının, öz şirkətinin vasitəsilə bunu etdi. O məsələlərə diqqət yetirmək, qənaət etmək lazım idi. Kasıb insanların pulunu kəsiblər. Harın həyat sürən insanların kasıblardan xəbəri ola bilməz. Vəsaitə belə qənaət etmək olmaz. Bu insanları hökumətə qarşı qoymaq olmaz. Bu sahəyə hansı insanların hökumətdən narazı ola biləcəyini dərk edən adam rəhbərlik etməlidir. Büdcədən ayrılan vəsait aidiyyəti üzrə xərclənməlidir”. (modern.az)
Bu gün ölkəmizi gözləyən çox ciddi təhlükələrdən biri də müəyyən qrupların sosial şəbəkələr üzərindən Azərbaycan dövlətinə qarşı etimadsızlıq yaratmaq cəhdidir. Bir neçə gün əvvəl polislə bağlı yaranmış vəziyyətdə biz bunun şahidi olduq. Dövlətin addımları ilə bu təxribatın qarşısı alındı, polis üzr istədi və digər addımlar atıldı.
Bunu deputat Fazil Mustafa deyib.
F.Mustafa bildirib ki, indi isə Dağıstan sərhədində baş verənlərdən istifadə edərək təxribat yaratmağa cəhd edirlər: “Bu cür təxribatların davamı da ola bilər”.
Millət vəkili təkliflə çıxış edərək bildirib ki, karantinə nəzarət səhiyyə sisteminə verilsin: “Digər tərəfdən təklif edirəm ki, karantin rejimini polisin üzərinə qoymayaq. Bütün dünyada bu işi səhiyyə sistemi görür. Hesab edirəm ki, 2 həftəlik karantin rejiminə tam ciddi şəkildə əməl etməliyik. Lazım olarsa, Milli Məclisin də iclasını dayandıra, onlayn şəkildə keçirə bilərik”.
(publika.az)
Bakının daha iki rayonuna yeni prokuror təyin olunub.
Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsi rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.
Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon prokuroru vəzifəsinə təyinat alıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov yeni növ koronavirus (COVİD-19) pandemiyası sahəsində medianın rolu ilə bağlı bir qrup KİV təmsilçisi ilə görüşüb.
APA-nın məlumatına görə, media işçilərinə fəaliyyətlərində uğurlar arzulayan Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov bu görüşün həm də media ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət etdiyini bildirib.
Anar Ələkbərov deyib ki, pandemiyanın başlanğıc mərhələsində karantin rejimi və qapanmaların iqtisadi sahədə çətinliklərə yol açacağı proqnozlaşdırılsa da, Prezident İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq müəyyənləşdirib, hökumətin fəaliyyəti də bu strategiya üzərində qurulub. Azərbaycan Prezidentinin köməkçisi ötən dövr ərzində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda aparılmış müzakirələr və görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu dövr ərzində xəstəxanalar lazımi avadanlıqla təchiz edilib, təlimlər keçirilərək kadr hazırlığı təmin olunub, əhalinin ehtiyacları qarşılanıb, sahibkarlara lazımi dəstək verilib.
Xaricdəki soydaşlarımızın ölkəyə təxliyəsi barədə də məlumat verən Anar Ələkbərov karantin müəssisələrinin imkanları nəzərə alınaraq, Rusiyadakı soydaşlarımızın təxliyəsi ilə əlaqədar atılan addımlardan danışıb, mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşlarımızı səbrli davranmağa çağırıb.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, ötən dövr ərzində atılan məqsədyönlü və ardıcıl addımlar nəticəsində xəstəliyi nəzarət altına almaq mümkün olub, səhiyyə sistemi mövcud çağırışa uyğun olaraq yenidən qurulub. Karantin rejimində mərhələli şəkildə yumşaldılmadan sonra yaranmış mənzərədən söz açan Anar Ələkbərov bu addımların da düşünülmüş şəkildə atıldığını, hazırkı dövrdə pandemiyanın yenidən sürətlə yayılması təhlükəsinin aradan qaldırılması üçün vətəndaşların dövlətlə həmrəylik nümayiş etdirməsinin, medianın bu istiqamətdə təbliğatda dəstəyinin vacib olduğunu vurğulayıb.
Azərbaycan Prezidentinin köməkçisi eyni zamanda ictimai nəqliyyatda, supermarketlərdə, iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi və maska taxılmasına nəzarətin artırılması istiqamətində müvafiq qurumlara tapşırıqlar veriləcəyini söyləyib.
Azərbaycan Prezidentinin köməkçisi mətbuatla müvafiq dövlət qurumları arasında əməkdaşlıq və kommunikasiyanın gücləndirilməsinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə səylərin artırılacağını, Azərbaycan Prezidentinin köməkçisi kimi media nümayəndələri ilə görüşlərinin davamlı olacağını qeyd edib.
Anar Ələkbərov hərarəti olduğuna görə və koronavirusa yoluxma ilə əlaqədar buraxılış və gələcəkdə ali məktəblərə qəbul imtahanlarında iştirakı mümkün olmayacaq abituriyentlərlə bağlı probleminin həllinin də Təhsil Nazirliyinin diqqətində olacağını nəzərə çatdırıb.
Səhiyyə sahəsində görülən işlər və koronavirusla mübarizə istiqamətində atılan addımlardan söz açan TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı yoluxma hallarının artmaması üçün vətəndaşların ictimai nəqliyyatda və qapalı məkanlarda sosial məsafəni gözləmək və maska taxmaqla bu prosesdə həmrəylik nümayiş etdirməsini zəruri sayıb. O cümlədən xüsusən son dövrlər vətəndaşların qadağalara baxmayaraq evlərdə təşkil olunan yas mərasimlərində koronavirusa yoluxduğunu qeyd edərək, bu kimi halların yolverilməz olduğunu vurğulayıb. Səhiyyə sisteminin koronavirusla mübarizəyə hazır olması istiqamətində Heydər Əliyev Fondunun dəstəyini yüksək qiymətləndirən R. Bayramlı onu da qeyd edib ki, pandemiyadan əvvəlki dövrdə təcili yardımla bağlı bir gündə 1000-1300 çağırış olubsa, hazırda bu göstərici 2500-ə çatıb. Bu sahədə problemlərin yaranmasının qarşısının alınması üçün şimal rayonlarında icbari tibbi sığorta çərçivəsində nəzərdə tutulan 41 təcili tibbi yardım maşını Bakıya təhkim olunub, bu təcili tibbi yardım maşınları üçün heyətlər formalaşdırılıb. Bu ayın sonunda daha 30 təcili tibbi yardım maşını alınacaq və Bakıda bu sahədə xidmətə cəlb olunacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov isə qapalı məkanlarda və ictimai nəqliyyatda xüsusən maska taxılmasına nəzarətin artırılmasının vacibliyini qeyd edib.
Görüşdə jurnalistlərin suallarını cavablandıran Azərbaycan Prezidentinin köməkçisi Bəhram Bağırzadərin müalicəsinin Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu, Mehriban Əliyevanın Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla xanımla əlaqə saxladığını nəzərə çatdırıb.
Azərbaycan dünyanın aparıcı güclərinin maraqlarının birləşdiyi strateji əhəmiyyətli bir zonada yerləşir. Zəngin təbii ehtiyatlar da dünyanın ən böyük maliyyə mərkəzlərinin maraqlarının mövcudluğunu müəyyənləşdirir.
Bunu Axar.az-a açıqlamasında ispan politoloq Havyer Kovovski deyib. Onun sözlərinə görə, məhz bu amillər səbəbindən dünya güclərindən heç biri Ermənistana qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmadığı və müxtəlif beynəlxalq təşkilatların tələblərinə əməl etmədiyi üçün sanksiya tətbiq etmir:
“Ölkənizin təbii sərvətləri – neft, qaz, qızıl – bütün bunlar plutokratik oliqarxik mərkəzləri sizi təzyiq altında saxlamağa məcbur edir və nəticədə bölgəni idarə etmək üçün daha bir vasitə əldə edirlər. Üstəlik, onlar hər iki tərəfə oynayırlar. Eyni vaxtda həm sizə, həm də rəqibiniz olan Ermənistana yardım edirlər. Nəticədə vəziyyət orda hazırkı kimidir”.
Politoloq deyib ki, Ermənistan və Dağlıq Qarabağdakı erməni separatçılar bu oliqarxik dairələr tərəfindən maliyyələşdirilirlər:
“Sübut olaraq da Azərbaycanın işğal olunmuş ərazilərində PKK terror təşkilatı üzvlərinin təlim keçməkləri ilə bağlı yayılan məlumatları göstərmək olar. Buna görə də, fikrimcə, Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək üçün yalnız bir effektli yolu var. Bu da hərbi yoldur”.
Madrid Strateji Araşdırmalar Fondunun direktoru Barax Mikayıl isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində şansların qaldığını deyib.
“Avropa İttifaqının rəsmi bəyanatı onu göstərir ki, Azərbaycanla Ermənistanın razılaşa biləcəklərinə olan ümidi saxlayır. İndi dünya geosiyasətinin məhdud məsələlər ətrafında fırlandığı zamandır. Və geosiyasi sistemin özünün dəyişdiyini göstərən əlamətlər var. Sonra vaxt itirilsə, bu münaqişəni danışıqlar yolu ilə həll etmək problem olacaq”, – Mikayıl bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qardaş Türkiyə Respublikasının nümayəndəsi cənab Volkan Bozkırın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Sədri vəzifəsinə seçilməyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyiniz altında həyata keçirilən Türkiyə diplomatiyasının ardıcıl və uğurlu fəaliyyəti sayəsində ölkəniz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Şəxsi təşəbbüsünüzün nəticəsində BMT sistemi tarixində Türkiyə nümayəndəsinin ilk dəfə belə mühüm vəzifəyə seçilməsi xəbəri bizi olduqca sevindirdi.
Əminəm ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri birgə səylərimizlə çoxtərəfli müstəvidə də uğurla davam edəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim rifah diləyirəm".
Görülən işlər və gələcək planlarımızla bağlı dediklərinizə görə təşəkkür edirəm. Pandemiya dövründə Azərbaycan müsbət nəticələr göstərir.
Bu sözləri Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda bildirib.
“Hesab edirəm ki, bu, son vaxtlar başlanılmış çox ciddi islahatların yeni mərhələsi sayəsində mümkün olmuşdur. Burada əsas məsələ kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun azaldılmasıdır. Çünki icbari tibbi sığorta yüksək səviyyəli səhiyyə xidmətləri təqdim etməklə yanaşı, qeyri-rəsmi məşğulluqla mübarizədə də bizə yardımçı olacaq. Yəni, hələ də kölgədə fəaliyyət göstərənlər ağ iqtisadiyyata keçməli olacaqlar.
Bu, vacib nailiyyətdir və sizə bir rəqəm deyə bilərəm. Ötən il bizim vergi və gömrük orqanlarımız proqnozdan 600 milyon dollar əlavə vəsait toplayıblar. Əsasən də kölgə iqtisadiyyatının azaldılması sayəsində və bu proses davam edir. Cari ilin ilk 5 ayı ərzində vergi və gömrük orqanları proqnozdan 400 milyon manat artıq vəsait toplayıb. Bu, ticarət münasibətlərinin ciddi zərər gördüyü vaxtda baş verib.
Artıq qeyd edildiyi kimi, bizim milli valyutamız sabitdir və zənnimcə, bu da makroiqtisadi sabitliyin mühüm amillərindəndir. Biz anlayırıq ki, makroiqtisadi sabitlik olmadığı təqdirdə bütün səylərimiz sarsılacaq. Biz işsiz, aztəminatlı və pandemiyadan əziyyət çəkən sahələrdə, məsələn, turizm və digər sahələrdə çalışan yüz minlərlə insanın dəstəklənməsi üçün 2 milyard dollar həcmində sosial və iqtisadi paket təqdim etmişik. Təkcə kiçik sahibkarların sayı 600 minə yaxındır.
Beləliklə, biz həmin vəsaitləri pandemiyadan əziyyət çəkmiş insanlara lazımi dəstəyin göstərilməsi üçün ayırmışıq. Qeyd edildiyi kimi, bank sistemində, həmçinin dəyişikliklər gedir və bəzi bankların lisenziyası ləğv edilmişdir. İnsanların sığortalanmış bütün əmanətləri hökumət tərəfindən təmin edilmişdir.
Həmçinin bildirmək istərdim ki, pandemiya zamanı biz qlobal səviyyədə çox fəal çalışdıq. Biz artıq 29 ölkəyə humanitar yardım göstərmişik. Eyni zamanda, hazırda biz 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik edirik və həmin təşkilatın onlayn Zirvə görüşünü keçirdik. Həmin tədbir çox uğurlu oldu. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində maliyyə yardımı göstərmişik. Bu, bizim beynəlxalq öhdəliklərimizin bir hissəsi idi.
Strategiyanın formalaşdırılmasına gəldikdə, biz Dünya Bankının iştirakını çox alqışlayırıq. Fikrimcə, bu, gələcəyimizin planlaşdırılmasında bizə elə yardım edəcək ki, hədəfləri müəyyənləşdirəndə onlara nail ola bilək. Bir sözlə, strategiya məzmuna uyğun çox konkret olmalıdır və onun sayəsində biz dayanıqlı inkişaf məqsədlərinə və enerji sektorundan asılılığın azaldılmasına nail olmalıyıq.
Beləliklə, Cənub Qaz Dəhlizi istismara veriləndən sonra əlbəttə ki, Azərbaycanın enerji sektoru daha çox potensial qazanacaq. Qeyri-enerji sektoru onunla rəqabət apara bilməyəcək, lakin hesab edirəm ki, iqtisadiyyatımızın əsas aparıcı qüvvəsi özəl sektor olacaq. Bu baxımdan, mən Dünya Bankı nümayəndələrinin söylədikləri ilə tam razıyam.
Səhiyyə sektoruna gəldikdə, fikrimcə, son on altı il ərzində səhiyyə infrastrukturuna yatırdığımız sərmayələr, hazırda bizə koronavirusla mübarizə aparmaq imkanını yaratdı, çünki səhiyyə sistemimiz daha çox insanları müalicə etməyə qadirdir. Əfsuslar olsun ki, sərt məhdudiyyətlərin aradan qaldırılmasından sonra ölkəmizdə yoluxan insanların sayında artım var. Lakin səhiyyə sistemimiz bunun öhdəsindən gəlir. Ümid edirəm ki, gələcəkdə də bu imkanlar olacaq. Bir sözlə, səhiyyə sistemi yaxşı keyfiyyətini göstərməkdədir. Lakin əlbəttə ki, bizim ciddi təkmilləşdirməyə ehtiyacımız var və bunun üzərində birmənalı olaraq işləyəcəyik”, – İ.Əliyev qeyd edib. (axar.az)
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Prezidentinin Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı sərt ittihamlar səsləndirib.
"Qafqazinfo" həmin yazını təqdim edir:
"Ölkə prezidenti Azərbaycanı yeniləməkdə, müasirləşdirməkdə və demontaj etməkdədir. Ulu Öndərimizin sarsılmaz təməllər üzərində qurduğu müstəqil dövlətimiz prezident İlham Əliyev tərəfindən gücləndirilir, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırılır, dövlət - xalq və dövlətlərarası münasibətlər sisteminə əhəmiyyətli töhfələr verilir və hər birimizin maraqlarına xidmət edən ədalətli cəmiyyətin əsasları möhkəmləndirilir.
Ən başlıcası qətiyyətli və güclü siyasi iradə, Vətəninə, xalqına bütün ruhu və varlığı ilə bağlı olan Dünya səviyyəli lider, möhtərəm, cənab prezident İlham Əliyev və onun yaratdığı ciddi valyuta ehtiyatı, dayanıqlı iqtisadiyyat, sistemli və davamlı sosial siyasət, qüdrətli ordu, dövlətçiliyimizə və milli ideyalara bağlılığı ilə fərqlənən yeni, gənc komanda dövlətimizin immunitetini gücləndirməklə yanaşı, həm də islahatların dərinləşməsinə və aparılan islahatlara maneçilik törədən korrupsioner və rüşvətxorluq piramidasına qarşı barışmaz mübarizənin uğurla başa çatdırılmasını tamamlayan başlıca şərtlərdir.
Əslində Dövlətçiliyimizdə önəmli əhəmiyyət kəsb edən geniş xarakterli islahatların XXI yüzilliyin çağırışlarına uyğun aparılması niyyətini İlham Əliyev 2003-cü ildə prezident seçildikdən dərhal sonra başlamaq niyyətini ortalığa qoydu.
Ciddi xarakter daşıyan Dövlət proqramlarını imzaladı, struktur dəyişikliyi apardı, yeni, vacib nazirlikləri təsis etdi. Lakin islahatların davamlı və ardıcıl olmasına xaricdən dəstək alan hakimiyyətdaxili qüvvələr maneçiliklər törətdi. R.Quliyev - F.Əliyev - Ə.İnsanov üçlüyü 2005-ci ildə Dövlət çevrilişinə cəhd etdi. Xalqın ciddi dəstəyi ilə Prezidentimiz tərəfindən çevrilişin qarşısı alındı. Yaranmış şəraitdən sui-istifadə edən Boz kardinal əlinə güclü hakimiyyət toplamağa start verdi. Hakimiyyətin bütün qanadlarında geniş şəbəkəsini, başqa sözlə desək, piramidasını yaratmağı bacardı. Uzun illər boyu onun səyi və dirijorluğu ilə ölkəmizdəki yeniliklərə maneçiliklər törədilir, Ulu Öndərimizə, dövlətçiliyimizə və cənab prezident İlham Əliyevə sədaqətilə fərqlənənlər küncə sıxışdırılır, bir sıra hallarda qurduğu tələ ilə onlar vəzifədən uzaqlaşdırılır, demokratik prosesin inkişafına əngəllər yaradılırdı.
O, radikal müxalifətlə iş birliyi yaradaraq qaragüruhu və anarxistləri küçələrə çıxatdırır, polisin vasitəsilə onlara təzyiqlər göstərilirdi. Beləliklə, bir tərəfdən 5-ci kalonun aparıcı şəxsi kimi Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirir, başqa tərəfdən özünün “vacibliyini” və “təkrarolunmazlığını” nümayiş etdirir, mövqeyini gücləndirirdi. Radikal müxalifəti və korrupsionerləri peşəkarlıqla koordinasiya və idarə edən Baş kordinator, həm də onu bu vəzifədə himayə edən dövlətin baş prezidenti kimi funksiyasını kölə psixologiyası ilə yerinə yetirməkdə idi.
Müşahidələr və təhlillər sübut edir ki, 2003-cü ildən başlayaraq ölkə prezidenti Azərbaycanı regional lider və dünyada nüfuzlu dövlətə çevirmək uğrunda fəal hərəkətə keçdiyi və bu baxımdan mühüm uğurlara imza atdığı zaman kəsiyində Boz kardinal və onun əlaltıları varlanmaq və korrupsiya şəbəkəsi yaratmaq, ölkədaxili qarşıdurmalar layihələrini həyata keçirməkdə idilər. Bu şəbəkə öz fəallığını 2018-ci il prezident seçkilərinin inauqurasiyasına qədər qoruyub saxlaya bildi.
İlk demontaj idarəçilik sistemində vitse-prezidentlik institutunun yaradılması və daxili siyasətdə prezidentin siyasi xəttinin mahiyyəti və fəlsəfəsi ilə tam ziddiyyət təşkil edən korrupsiya və rüşvətxorluq piramidası yaradıcısının və qoruyucusunun səlahiyyətlərini məhdudlaşdırmaqdan başladı.
Bu baxımdan, 2018-ci il prezident seçkiləri milli dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu. Xalqımızın mütləq əksəriyyətinin haqlı və halal səsini qazanan möhtərəm prezidentimiz öncə həyata keçirilən konstitusiya dəyişikliklərinə söykənərək, Birinci Vitse Prezidentlik vəzifəsinə illərdən bəri bütün sahələrdə prezidentimizlə birgə addımlayan, ona və dövlətçiliyimizə, Heydər Əliyev ideyalarına sədaqət nümunəsi göstərən, son dərəcə ağıllı, vətənpərvər, bütün ruhu ilə milli, həm də mərhəmətli Mehriban xanımı təyin etdi. Və bu təyinat, prezidentlik arzusu ilə yuxuları ərşə çəkilən və ən müxtəlif yollarla ali kürsünü yiyələnmək istəyən məmurlar məmurunun planlarını alt-üst etdi.
2019-cu ilin sentyabrında Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın İcra katibi Əli Əhmədovun da ciddi dəstək verdiyi “Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşəbbüsü ilə keçirilən dəyirmi masanın baş tutmaması üçün Boz kardinal ən yaxın adamlarından biri olan administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri vasitəsilə müzakirəyə dəvət olunan müxalifət partiyalarının iştirakının yolverilməz olduğunu “məsləhət deyil” mesajı ilə pozmağa çalışdı. Bu, partiyalararası və iqtidar-müxalifət münasibətlərinin normal müstəvi üzərində inkişafına mane olmaq məqsədi daşıyırdı. Lakin istədiyi alınmadı. Himayəsində olan bəzi müxalifət partiyaları dəyirmi masada iştirak etməsələr də, bütövlükdə dialoq baş tutdu və gələcək münasibətlərin sivil, dövlət və milli maraqlar zəminində qurulması yolunda ilk və mühüm addım atıldı.
İslahatların uğurlu aparılması üçün yeni, prezidentə və dövlətçiliyimizə sadiq olan komanda formalaşmalı idi. Cənab Prezident bu baxımdan addımlarını atdı, içərisində yaşadığımız islahatlara start verdi.
İllər boyu şəbəkələşmiş yırtıcı dəstənin yüksək səviyyədə himayəçisinin təmiz imici olan, ambisiyalardan uzaq, nəcib bir gənclə əvəz olunması, administrasiyaya yeni nüfuzlu şəxslərin gətirilməsi, komandanın əsaslı şəkildə vətənpərvər, müasir dünyagörüşlü, müstəqillik illərində formalaşan gənc kadrlarla təşkil olunması ciddi niyyətlərdən xəbər verirdi.
Ötən günlərin nostalji hisslərini yaşayan və möhtərəm cənab Prezidentin prezident titulu verdiyi akademikin yeni komandaya qarşı ikrah dolu eyhamları və onları gözdən salmaq kampaniyasını yazılarla, dedi-qodu və şayiələrlə dövriyyəyə buraxması dövlətçiliyimizə və xalqımıza qarşı nifrətdən qaynaqlanan davranışlardır.
Hakimiyyətin üç qolunu əhatə edən və Azərbaycanı yeni inkişaf mərhələsinə, məmləkətimizi dünyanın ən güclü ölkələri səviyyəsinə qaldırmağı hədəfləyən islahatlar həm də o zaman uğurlu nəticələr verə, xalq tərəfindən rəğbətlə qarşılana və müdafiə oluna bilər ki, dəyişikliklərin, yenilənmələrin və müasirləşmənin reallaşmasına əngəl törədən, ona mane olan korrupsiya və rüşvətxorluq minumuma endirilsin və sıfırlansm.
Bütün gücünü, potensialını və şəbəkəsini işə salsa da, Milli Məclis seçkilərini pozmaq kimi məkrli istəyinə çatmayan və dayaqlarını Milli Məclisdə əhəmiyyətli dərəcədə itirən Boz kardinalın təhlükəli və uzun illər inkişafımıza, idarəçilik sistemimizə, sağlam siyasi və mənəvi-psixoloji mühitimizə çirkab püskürən rüşvətxor - korrupsioner piramidasına qarşı yüksək səviyyədə amansız və güzəştsiz mübarizə başlandı. Xalqımızın və dövlətimizin qanını zəli kimi soran vampirlərə yönələn qətiyyətli siyasi iradə xalqımız tərəfindən dəstəklənməkdə və yüksək qiymətləndirilməkdədir. Proses yeni başlayıb və davam edir. Uzun illər boyu hökm sürən korrupsiya və rüşvətxorluq piramidası demontaj olunur. Artıq beş icra başçısı, onların qəsəbə və kənd nümayəndələri, Mədəniyyət Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin yüksək səviyyəli əməkdaşları və digərləri acı talelərini yaşayırlar. Şübhəsiz ki, aparılan islahatların tərkib hissəsi və vacib elementi kimi, korrupsiyaya və rüşvətxorluğun və bu eybəcərliyin himayəçilərini cəmiyyətimizdən və dövlət strukturlarından təmizlənməsi sona qədər gedəcəkdir.
Hələ də uzun illərdən bəri bitib-tükənməyən hikkə və ambisiyalarından əl çəkməyən, davamlı və sistemli xarakter daşıyan islahatlara maneçilik törətməyə cəhdlər göstərən, yaratdığı şəbəkə vasitəsilə ən müxtəlif üsullarla təxribatlara ara verməyən və bu gün də əməllərindən əl çəkməyən, iş otağını qərargaha çevirən, sözünə baxmaq istəməyənlərə hədə-qorxu gələn, şantaj edən “ağsaqqal” yaşa dolduqca daha da aqressivləşir, kin-küdurət dolu düşüncə sahibinə çevrilir.
Lakin zamanın qaçılmaz çağırışlarının və qətiyyətli siyasi iradənin perspektivsiz ambissiya, şəxsi və tayfa maraqlarını ümumxalq və dövlət maraqlarından üstün tutan marginal məkrli qüvvələr üzərində tam qələbəsi sosial sifarişdir, strateji hədəfdir və günümüzün reallığıdır.
Bu prosesdə dövlətçiliyimizlə və cənab Prezidentimizlə bərabər olan siyasi komanda, rəhbərliyi yenilənən Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin dövlətçiliyimizə sadiq əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin Qara maskalı, Ağ niyyətli oğlanları möhtərəm, cənab Prezidentin siyasi iradəsinə söykənərək, öz şərəfli missiyalarını uğurla yerinə yetirməkdədilər".
"Mən bir daha Dünya Bankının Azərbaycan üçün etdiyi bütün işlərə görə minnətdarlığımı bildirmək istərdim. Bizim “Doing Business” reytinqində irəliləyişlə bağlı xoş fikirləriniz üçün minnətdaram. Bilirsiniz ki, “Doing Business”dəki mövqeyimiz bizim üçün çox uğurlu sahələrə diqqəti cəmləmək üçün bir növ motivasiya idi. Ona görə də hökumətin, administrasiyamın və müvafiq nazirliklərin üzvlərindən ibarət xüsusi komissiya yaradıldı".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda deyib.
Dövlət başçısı bildirib: "Biz xüsusilə geridə qaldığımız sahələrə diqqəti yetirirdik. Biz qısa müddət ərzində çox əsaslı irəliləyişə nail ola bildik. Əlbəttə, bu, ölkədəki biznes mühitini yaxşılaşdırır, daha çox investisiyalardan faydalanmağa imkan verir. Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq. Bizim üçün hazırda prioritet olan məsələlərə gəlincə mən ümumi şəkildə indiki pandemiya dövründə iki əsas prioritetin olduğunu deyərdim. Çünki biz ilə yaxşı iqtisadi artım göstəriciləri, yaxşı formada olan bütün iqtisadi parametrlərlə birlikdə çox ümidverici başlanğıc etdik.
Lakin bu ilin 5 ayı göstərir ki, bizim iqtisadiyyatımız 1,7 faiz azalıb. Bu, çox deyil. Lakin bu, azalmadır. Amma ümidverici fakt ondan ibarətdir ki, bizdə kənd təsərrüfatında artım qeydə alınıb – 3 faizdən çox. Qeyri-enerji sənayesində artım 14 faiz təşkil edib. Ona görə də gələcək üçün bizim nəzərə aldığımız iki əsas məsələ şaxələndirməyə əsaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır. İkincisi isə, iqtisadiyyatın artımı daha çox iş yerləri ilə müşayiət olunmalıdır. Çünki Azərbaycan əhalisi artan ölkədir. Biz artıq 10 milyondan çoxuq. Əhali artır. Ona görə də xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var. Xüsusilə də indi bu yeni texnologiyalarla bir çox iş yerləri artıq bazarda deyil. Yeni işlər peyda olur. Lakin bu yeni iş yerləri üçün bizim insanların xüsusi bacarıqları olmalıdır. Ona görə də bu iki əsas amil bizim hər zaman gündəliyimizdədir.
Birgə çalışdığımız digər layihələr arasında artıq proqramımızın mövcud olduğu özünüməşğulluq sahəsindən savayı, digər vacib sahələrdən biri kimi icbari tibbi sığortanın adını qeyd edərdim. Biz ölkə üzrə proqramı yanvardan başlamağı planlaşdırırdıq. Lakin koronavirus səbəbindən biz bunu gələn ilin yanvarına qədər təxirə salmalı olduq. Ancaq artıq proqramın əhatə etdiyi bir neçə şəhərimiz var. Nəticələrimiz yaxşıdır. Ona görə də il bitməzdən qabaq düşünürəm ki, sizinlə müvafiq qaydada bu sistemin necə strukturlaşdırılmasının üzərində işləməyə davam edəcəyik. Çünki bu, bizim üçün yenidir. Bir məsələ ondan ibarətdir ki, bu 1, 2 və 3 şəhərdə tətbiq olunur. İkinci məsələ isə ondan ibarətdir ki, bütün ölkədə tətbiq olunacaq".