Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi

"Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".
Bu sözlər Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın "Instagram"dakı hesabında yer alıb.

Baş prokuror 2 şəhər və 4 rayona yeni prokurorlar təyin etdi
Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumatda deyilir.

Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Mübariz Əhmədova Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, Müqəddəs Sultanova Sumqayıt şəhərinin prokuroru vəzifələrinin icrası həvalə edilmiş, Vüqar Məmmədzadə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini, Tural Aslanov isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifələrinə təyin edilmişlər.

Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Fuad Məmmədova Şirvan şəhərinin, Rəşad Məmmədova Xaçmaz, Kamran Məmmədova Goranboy, Vüqar Əhmədliyə Kəlbəcər, Elxan Əbdürrəhmənova isə Qusar rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilmişdir.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.
Milli Məclisin  növbədənkənar 8 İCLASI KEÇİRİLİB

Milli Məclisin 8 növbədənkənar iclası keçirilərək, 35 qanun və qərar qəbul edilib.
Bunu parlamentin spikeri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, bu qanunlar ölkə başçısının yürütdüyü siyasətin uğurla həyata keçirilməsinə hüquqi zəmin yaradacaq. Bu müddət ərzində parlament beynəlxalq əlaqələr münasibəti baxımdan uğurlu olub. Qəbul edilmiş qanunlar payız sessiyası dövründəki fəaliyyət üçün yeni zəmin yaradacaq.

Milli Məclis dövlət himni oxumaqla növbədənkənar sessiyalarını da bitirdi.

Karantin cərimələri artırıldı

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi məsələsi I oxunuşda müzakirəyə çıxarılıb.

Məcəlləyə təklif edilir ki, epidemiya əleyhinə rejimin sanitar gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək cərimə edilsin.

İşin hallarına görə, xətanın törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 4000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

Məcəllənin 211.2- ci maddəsinə təklif edilir ki, epidemiya əleyhinə rejim sanitar gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilsin.

Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200, vəzifəli şəxslər 400, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilməsi təklif edilir.

***

Layihənin müzakirəsində çıxış edən deputat Siyavuş Novruzov qeyd edib ki, bu çox ciddi məsələdir: “Bu, milli təhlükəsizlik məsələsidir. Hər bir ailə dövlətin əsasını təşkil edir. Kimlərinsə qanunu pozmasının, laqeyd yanaşmasından və təkəbbürü nəticəsində insanlar xəstələnir. Bu zaman biz cərimələri daha kəskin şəkildə sərtləşdirməliyik. Tək cəriməylə yox digər inzibati metodlarla da qarşısını almağa çalışmalıyıq. Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpiyə maska alıb taxsın. Bu onun və özünün təhlükəsizliyinin qorunmasıdır. Biz cərimə məsələsini daha sərtləşdirməliyik. Sosial şəbəkələrdə həmçinin təxribat xarakterli fikirlər səslənir ki, pandemiya yoxdur. Bu şəxslərə qarşı da ciddi cəza tədbirləri görülməlidir”.

***

“Normativ hüquqi aktlar haqqında” qanunun tələblərinə əsasən dəyişiklik layihəsi I oxunuşda səsə qoyularaq qəbul edilib.

Prezident onları təltif etdi

Prezident İlham Əliyev dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Babayev Abdulla Balasaday oğlu

Dadaşov Nadir Dərya oğlu

Əsədov Adışirin Zeynalabdin oğlu

Qəhrəmanov Nəsib Bafadar oğlu

Nəzərov Rasim Mikayıl oğlu

“Tərəqqi” medalı ilə

Ağabalayev Əlikram Nəzir oğlu

Fətullayev Babək Baba oğlu

Heydarov Hüseynqulu Novruz oğlu

Həsənova Kübra Əbdüləhəd qızı

Kərimov Elimdar Heydər oğlu

Səmədov Nazim Məhəmməd oğlu

Səmədov Raquf Şahvələd oğlu

“Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə

Ağayev Sadıq Məlik oğlu

Babayev Vahid Əlimirzə oğlu

Hüseynov Əfqan Hüseyn oğlu

Kazımov Gülağa Qasım oğlu

Mahmudlu Cəbrayıl İdris oğlu

Rəhimov Ehtiram Bəşir oğlu

Rəhimov Vamik Malik oğlu.

Bu gün Milli Məclis toplanır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 17 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
8. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

9. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsində, “Prokurorluq haqqında”, “İcra məmurları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İcra haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Ələt azad iqtisadi zonası haqqında” və “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

10. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

12. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

13. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

14. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

15. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

16. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

17. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Rəsmi Bakı: “Paşinyanın büründüyü pərdə açılır”

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxışı zamanı təcavüzkar ölkə olan Ermənistandakı vəziyyəti bütün çılpaqlığı ilə təsvir etməsi, bu “müstəqil” ölkənin yaşadığı dərin böhranı konkret faktlarla qeyd etməsi, Ermənistan rəhbərliyini acı həqiqətlərlə üz-üzə qoyub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayevanın şərhində bildirilir.

L.Abdullayeva deyib ki, “demokratik inqilab” pərdəsinə bürünüb hakimiyyətə gələn, xalqına qızıl dağlar vəd edən Ermənistan rəhbərliyi, ölkədəki hakimiyyət bölgüsünü pozaraq diktatura rejimini qurub.

“Verdiyi vədlərinə əməl edə bilməməsi, özündən öncəki cinayətkar rejimin işğalçı siyasətini möhkəmləndirmək, beləliklə də beynəlxalq hüququn norma və prinsiplərini tapdalamaq siyasətini davam etdirməsi artıq Ermənistan baş nazirinin büründüyü “pərdənin” açılaraq həqiqətləri üzə çıxardığını göstərir”, - deyə L.Abdullayeva əlavə edib.

XİN rəsmisinin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanat və hərəkətləri onun ölkə daxilindəki uğursuzluğunu, bölgədəki vəziyyəti gərginləşdirərək, münaqişənin yenidən alovlanması yolu ilə ört-basdır etmək cəhdlərindən xəbər verir.

“Əks-təqdirdə, işğalçı ölkənin rəhbərliyinin Azərbaycana qarşı olan son təxribat və təhrikçi əməllərini necə izah emək olar?!

Təcavüzkar Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq. Azərbaycan xalqı dövət başçısının rəhbərliyi altında və beynəlxalq hüququn norma və prinsipləri, eləcə də, Azərbaycan qanunvericiliyi əsasında Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək.

Ermənistan rəhbərliyi isə Azərbaycanın ərazilərinin hərbi işğalı, bu ərazilərdə etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasına görə birbaşa məsuliyyət daşıdığı kimi, cinayətkar əməllərinə görə öz xalqı qarşısında da cavab verəcək”.