"Elmar Məmmədyarovun Azərbaycanı dünyada təmsil etməsi doğru deyil" - GƏLİŞMƏDTX mərkəzi dövlət orqanlarında əməliyyatlar keçirib, vəzifəliləri cinayət məsuliyyətinə cəlb etsə də, bir qayda olaraq, birinci şəxslər kənarda qalır. Belə çıxır ki, həmin strukturlara rəhbərlik edənlər tabeliklərində çalışan adamların cinayət əməllərindən, büdcə vəsaitlərinin mənimsənilməsindən tam xəbərsiz olublar.
Oxşar hadisə son olaraq, Xarici İşlər Nazirliyində yaşandı. DTX-nın bu qurumda keçirdiyi əməliyyat nəticəsində tenderlər vasitəsilə büdcə vəsaitinin mənimsənilməsindən tutmuş, əcnəbilərə Azərbaycana səfər və iş vizası verilməsi üçün rüşvət alınmasına qədər, müxtəlif cinayət əməllərinin üstü açıldı. Ölkənin xarici siyasətini müəyyənləşdirən qurumun da korrupsiyaya bulaşdığı konkret faktlarla təsdiqləndi. Belə görünür ki, digər dövlət orqanlarının rəhbərləri kimi, xarici işlər naziri Elmar Məmmədyarov da toxunulmaz qalır.
Xarici İşlər Nazirliyi dövlətin ən önəmli qurumlarından biridir. Bu nazirlik xarici siyasəti həyata keçirir, ölkəni dünyada təmsil edir. Üstəlik, Qarabağ münaqişəsinin həlli üzrə çox ağır, mürəkkəb, eyni zamanda çox məsuliyyətli bir prosesi də XİN aparır. Belə bir qurumda korrupsiyanın mövcudluğu onun və şəxsən nazirin beynəlxalq miqyasda nüfuzuna xələl gətirən, ölkənin mövqeyini zəiflədən amildir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Press Klub”a açıqlamasında bildirdi ki, E.Məmmədyarovun xarici işlər naziri kimi fəaliyyəti ölkə üçün üçün faydalı deyil. Ekspert bu fikrini əsaslandırarkən ilk növbədə Məmmədyarovun dövlət dilini mükəmməl bilməməsini xatırlatdı:
“Söhbət etdiyim bir necə xarici diplomatdan bu barədə eşidəndə xəcalət çəkmişəm. Soruşurlar ki, necə ola bilər, xarici işlər naziri öz ana dilində danışa bilməsin?! Elə tək bu səbəbə görə Elmar Məmmədyarovun Azərbaycanı dünyada təmsil etməsi doğru deyil”.
Politoloqun fikrincə, Məmmədyarov Dağlıq Qarabağ danışıqlarında da Azərbaycanın mövqeyini lazımınca təmsil edə bilmir:
“Onun danışıqlarda sərt mövqe sərgilədiyini düşünmürəm. Erməni nazir danışıqları uzadır, çünki status-kvonun uzanması işğalçının xeyrinədir. Elmar Məmmədyarov isə buna qarşı tutarlı arqument ortaya qoya bilmir. Münaqişənin həlli bir tərəfə, Minsk Qrupu həmsədrləri ermənilərin Dağlıq Qarabağ ətrafındakı rayonları məskunlaşdırmasına, Şuşa, Kəlbəcər və Laçında müəssisələr açmasına səssizdir. Halbuki, özlərinin hazırladıqları müxtəlif planlara görə, Dağlıq Qarabağın ətrafı boşaldılmalıdır. Məmmədyarov niyə həmsədrlərin “yaxasından yapışmır” ki, erməniləri niyə bu qədər cəsarətləndirmisiniz? Və ya işğalçı dövlətin baş naziri gəlib Şuşada andiçmə mərasimi keçirir. Məmmədyarovun bu məsələ ilə bağlı da həyəcan təbili çaldığını duymadıq”.
E.Məmmədyarovun 2 oğlunun ABŞ vətəndaşı olması və bu ölkədə bahalı mülklər alması barədə məlumatları yada salan politoloq deyir ki, dövlət orqanları bu məsələnin üstündən keçməməli, araşdırma aparmalıdır. Çünki nazir özü övladlarının Nyu-York kimi bahalı şəhərdə milyonlarla dəyəri olan mülkü hansı vəsait hesabına almasına aydınlıq gətirmədi. E.Şahinoğlu hesab edir ki, E.Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulmalıdır. Fikrini də belə əsaslandırır:
“Milli və dövlət maraqlarını müdafiə etməli olan nazirin övladları vətənlərində yaşamaq istəmirsə, bunun özü böyük qüsurdur. Mətbuatda və sosial şəbəkələrdə qaldırılan bu sualara cavab vermək əvəzinə, nazir mətbuat katibi vasitəsilə bu haqda yazanları hədələdi ki, kim bundan sonra onun övladlarının milyon dollarlıq mülkləri barədə yazsa, onları DTX-ya şikayət edəcək. Fikrimcə, Təhlükəsizlik Xidməti nazirin maliyyə imkanlarını araşdıracaq. Xarici İşlər Nazirliyində korrupsiya hallarının aşkarlanması Məmmədyarova ciddi zərbədir. Bundan sonra onun vəzifəsinə davam etməsi doğru deyil. Cənab Məmmədyarov prezidentin qərarını gözləmədən istefa verməlidir. Onun ölkəni tərk etməsinə də icazə verilməməlidir. Dövlət sirlərini bilən şəxsin rəhbərlik etdiyi qurumda korrupsiya faktları varsa, həmin qurumda dövlətə xəyanət də baş verə bilər. Ümumiyyətlə, Xarici İşlər Nazirliyi yenidən qurulmalıdır. Nazirliyə milli ruhlu kadrlar cəlb olunmalıdır. Təəssüf ki, XİN-də uzun illər qohumbazlıq prinsipləri üstün tutulub. Nadir hallarda öz gücünə və savadına güvənən birisinə irəliləmək imkanı veriblər”.
Hüquqşünas Xalid Bağırov isə dövlət strukturlarına rəhbərlik edən şəxslərin tabeliklərində olanların cinayət əməllərinə görə məsuliyyət daşıyıb-daşımadığını “Press Klub”a şərh edib. Onun sözlərinə görə, belə məsuliyyəti nəzərdə tutan konkret hüquqi norma yoxdur. Bununla belə, X.Bağırov hesab edir ki, Azərbaycanda hansısa nazirlikdə illərlə tenderlər vasitəsilə milyonların rəhbərlikdən xəbərsiz mənimsənilməsi inandırıcı deyil:
“Tenderlərdə yeyinti bir orqanda həll olunası məsələ deyil, bundan nəinki rəhbərliyin, hətta başqa strukturların da məlumatı olur. Konkret hüquqi norma yoxdur ki, rəhbər şəxs mütləq tabeliyindəki işçinin korrupsiya əməlinə görə məsuliyyət daşıyır. Bizdə bəzən rüşvət və korrupsiyanı qarışdırırlar. Müdirin otağında 1000-2000 manat alması rüşvətdir, amma müxtəlif yollarla, xüsusən yalançı tenderlərlə böyük məbləğdə büdcə vəsaitinin mənimsənilməsi artıq korrupsiyadır. Əgər hansısa dövlət orqanında tenderlərdə korrupsiyanın üstü açılıbsa, mütləq araşdırma aparılmalı, rəhbər şəxslərin məsuliyyəti müəyyənləşdirilməlidir ki, əlbirlik olubmu, yoxsa rəhbərliyin səhlənkarlığı nəticəsində başıpozuqluq hökm sürüb? Rəhbərliyin ümumiyyətlə, xəbərinin olmadığı aydınlaşarsa, buna görə də qərar verilməlidir ki, tabeliyindəki şəxslərə nəzarət edə bilməyən adam öz vəzifəsində qalmalıdır, yoxsa yox”.
X.Bağırov qeyd etdi ki, tenderlərdə korrupsiyaya yol verildiyini müəyyənləşdirmək çox asandır. Tenderlərdə əsasən iki üsulla yeyinti olur: görüləcək işin və ya alınacaq avadanlığın dəyərinin sənədlərdə 3-4 dəfə şişirdilməsi, yaxud da işlərin natamam icrası:
“Azərbaycanda dövlət orqanları 80 faiz hallarda tenderlərdə özlərinə, qohumlarına yaxın olan şirkətləri qalib elan edirlər. Məsələn, Bakıda beynəlxalq avtovağzalın tikintisində sifarişçi Nəqliyyat Nazirliyi idi, icraçı da Ziya Məmmədovun qardaşının şirkəti. Belə hallardan rəhbərliyin xəbərinin olmadığını düşünmək sadəlövhlük olar. Çünki burada korrupsiyanı görmək çox bəsitdir. Tenderdə pul yeyintisi olanda ya nəzərdə tutulan işlərin hamısı görülmür, avadanlıqların hamısı alınmır, yaxud da qiymətlər üç-dörd dəfə şişirdilmiş şəkildə göstərilir, büdcədən daha çox vəsait ayrılır, artıq qalan pul mənimsənilir. Vəsaiti ayıran Maliyyə Nazirliyidir. Məgər sənədlərə baxanda görmürlər ki, 10 manatlıq iş üçün 50 manat nəzərdə tutulub?!”
Hüquqşünas onu da qeyd etdi ki, Azərbaycan hökuməti 2012-ci ildə şirkətlərin sahibləri və fəaliyyəti ilə bağlı məlumatları “kommersiya sirri” kateqoriyasına aid edib gizlətməklə, korrupsiya əməllərinə rəvac verdi:
“İlk növbədə tenderin şəffaflığı təmin olunmalıdır. Bilməliyik ki, dövlət orqanlarının elan etdiyi tenderdə hansı şirkət iştirak edir, təklifi nəfir, bu şirkət kimə məxsusdur. Hökumət şirkətlərin kimə məxsusluğunu gizlətməklə korrupsiya proseslərinə yardım etdi. Şirkətin kimə məxsus olması normal ölkələrin heç birində kommersiya sirri sayılmır. Bu məlumat açıq olmalıdır, bilinməlidir ki, məsuliyyətli iş kimə həvalə olunur. Azərbaycanda idarəetmədə yalnız o vaxt cəzalandırırlar ki, hardasa özü yeyib, yuxarı çatdırmayıb”.
Deputatlara inanmayın, aparatda zarıyan xəstələrə inanın...

Ötən həftə AzTV-də qonaq olanda, həmkarlarımdan biri ilə aramızda fikir ayrılığı yarandı. Gənc, həm də perspektivli jurnalist dostum dedi ki, koronavirusun olduğuna dair təbliğatı ayrı-ayrı deputatlar apardığı üçün xalq bu xəstəliyin mövcudluğuna inanmır...

Oxşar iradlarla əvvəllər də qarşılaşmışıq. Hələ mart ayında sərt karantin rejimi tətbiq olunanda ağız büzən, təhlükənin miqyasını anlamayan xeyli adam vardı. “Koronavirus adlı xəstəlik yoxdur, hamısı siyasətdir”- deyib, etinasızca barmaq silkəyən adamlarla hər tində qarşılaşmaq olurdu. Hökumət vəziyyətin təhlükəli xarakter aldığını görəndə, təbliğat kampaniyasına start verdi. Bundan sonra ən müxtəlif peşə sahibləri insanları evdə qalmağa səslədilər.

Şəxsən mən hazırda koronavirusun olduğuna şübhə ilə yanaşan bir Allah bəndəsi də tanımıram. Çünki hər birimizin tanıdığı adamların arasında virusa yoluxanlar var. Hətta hər birimizin tanıdığı adamların arasında virusdan dünyasını dəyişənlər də var. Demək ki, koronavirusun mövcudluğuna şübhə etməyə səbəb yoxdur.

Nəhayət, mətləbə keçmək istəyirəm. Tutaq ki, deputat Cavid Osmanov koronavirusun təhlükəli xəstəlik olduğuna dair təbliğat aparır. İndi bizi Osmanov yoldaşın dilinə heç vaxt düz söz gəlmədiyini əsas götürüb, koronavirusun olduğuna inanmamalıyıq? Mən bu məntiqə, əslində isə məntiqsizliyə etiraz edirəm. Biz niyə gözümüzün qabağında koronavirusdan ölən adamlara deyil, hansısa deputata inanmalıyıq? Hansısa deputata inanmamağa haqqımız var. Koronavirusa yoluxduğu üçün qoşulduğu aparatda zarıyan xəstəyə inanmamağa isə haqqımız yoxdur.

Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanda koronavirus adlı bəlanın olduğuna inanmayan adam qalmayıb. Çox pakizə. Yaxşı, biz koronavirusa inanıb, nəyə nail olmuşuq? Tövsiyələrə hamılıqla əməl edirikmi? Təəssüf ki, bu suala müsbət cavab vermək üçün əlimzidə nəinki səbəb, heç bəhanə də yoxdur. Dağda-bağda övladlarına xəlvətcə toy edən bizim qohum-qardaşlarımız, əsgər yoldaşlarımızdır. Nişan mərasimində cərimələnənlər də dayımız uşaqlarıdır. Dünyadan köçən qohumuna gizlincə ehsan verən, sağlam adamları xəstə qonşularıyla bir masa arxasında oturtduran, bir gündə 48 nəfəri virusa yoluxduran da yenə biz özümüzük. Sağa-sola boylanıb, heç kimin bizi görmədiyinə əmin olandan sonra karantin rejimini pozan natəmiz restoranın qapısından özünü içəri dürtən də yenə bizik. Pula həmişəkindən daha çox ehtiyac duyulduğu bu çətin vaxtda ədəbazlıq edib maska taxmayan da yenə biz özümüzük...

Dədə Qorqudun məşhur kəlamını xatırlayırsınızmı? Torpağı qorumadınsa, əkib-becərməyə dəyməz. Torpağı əkib-becərmədinsə, qorumağa dəyməz.

Təxminən oxşar vəziyyət yaranıb. Xəstəlikdən özümüzü qorumuruqsa, onun mövcudluğuna inanmağın heç bir əhəmiyyəti yoxdur...
Seymur VERDİZADƏ //yenisabah.az//

Türkiyədə müalicə olunan Vahid Əhmədovdan xəbər var

“Vahid Əhmədovla dünən əlaqə saxlamışam. Özünü yaxşı hiss edir. Hazırda səhhəti normaldır”.

Bunu Modern.az-a deputat Vahid Əhmədovun köməkçisi Arif Orucov deyib.

Arif Orucov Vahid Əhmədovun dəqiq nə vaxt Azərbaycana qayıdacağını bilmədiyini də qeyd edib: “Bu barədə bir söz deyə bilmərəm. Güman ki, yaxın günlərdə ölkəyə qayıdacaq”.

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində problem yaranıb. Deputat təcili olaraq özəl təyyarə ilə Türkiyəyə aparılıb. Millət vəkili 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunub.

İlham Əliyev Quterreşə zəng etdi

Prezident İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib.

Bununla bağlı Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir:

Telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

Dövlət başçısı COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib.

İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb.

Dövlət başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Prezident xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə İlham Əliyevə təşəkkür edib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Eyni zamanda, Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirib.

Prezident Ilham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.

Ramiz Mehdiyev ittihamlara cavab verdi

"Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyim dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir".

"Qafqazinfo" xəbər verir ki, bunu AMEA-nın prezidenti Ramin Mehdiyev mətbuatda barəsində yazılanları şərh edərkən deyib.

Qurum rəhbəri bildirib:

"Bildirmək istəyirəm ki, ölkəmizə uğurla rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünki inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidqi-ürəklə xidmət etmişəm.

Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev – İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə Ümummilli liderin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin məsuliyyətlə icrasına sərf etməkdə görmüşəm.

Möhtərəm Prezident İlham Əliyevin “Ölkəmizin uğurlu və hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz” sözləri mənim üçün hər şeydən daha yüksəkdə dayanan bir qiymətdir. AMEA-nın prezidenti kimi də ölkəmizin rəhbəri İlham Əliyevin elmimiz qarşısında qoyduğu vəzifələri ləyaqətlə və məsuliyyətlə həyata keçirməyi, cənab Prezidentin məni təyin etdiyi bu vəzifədə dövlət başçısına həmişə olduğu kimi bütün sahələrdə köməklik göstərməyi özümə borc bilirəm".

Nazirdən yeni kadr təyinatı
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı daha bir əmr imzalayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə polis polkovnik-leytenantı Vilayət Allahverdiyev Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin olunub.

O, bundan əvvəl həmin idarədə baş əməliyyat müvəkkili olub. Daha əvvəl isə Goranboy RPŞ-nin CAİ rəisi olub.
Baş prokurordan yeni təyinatlar

Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə, Qabil Səfərova Mingəçevir şəhərinin, Fəxrəddin Pənahova Sabirabad, Kamran Əhmədova Xocavənd, Elnur Rüstəmova isə Füzuli rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.
Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi - idarə rəisinin müavini, Rəsul Həsənov isə Gəncə şəhər prokurorunun müavini vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.

Əli Əsədovdan restoran və kafelərlə bağlı
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Qərar qəbul edib.

Qərara əsasən, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilib.

Müəyyən edilib ki:

– koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan iki dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır;

– qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafələr isə iki metrdən az olmamalıdır;

– hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.

Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Oxu.az bildirir ki, Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.

Dövlət başçısının müsahibəsini təqdim edirik:

İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.