Azərbaycan mayor şəhidini qarşılayır

Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun nəşi doğulduğu rayona gətirilib.

"Ölkə.Az" xəbər verir ki, şəhidin nəşi Qazax rayonunda izdihamla qarşılanıb. 

Qeyd edək ki,  iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

Ötən gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub. /oxu.az

Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi açıldı

Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi artırmaq məqsədilə növbəti hərbi təxribat törətməklə iriçarplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaqla hücuma keçmək cəhdi ediblər.

Ermənistan özünün təcəvüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutub, nəticədə Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri almış, o cümlədən cəbhə bölgəsindəki Tovuz rayonu Ağdam kənd sakini həlak olmaqla ümumilikdə mülki əhaliyə mühum ziyan dəyib.

Təcavüzkar Ermənistan bu kimi təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaqla Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn açıq qəsdlər edib.

Ermənistanın hərbi qulluqçuları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı yönələn hərbi cinayətlər qeydə alınaraq hal-hazırda hadisə yerində fəaliyyət göstərən istintaq qrupu tərəfindən müvafiq qaydada sənədləşdirilir, həmin faktlar üzrə Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, erməni hərbçilərinin törətdikləri bəşəriyyət əleyhinə olan cinayət faktlarına dair müvafiq sübutların toplanılması istiqamətində hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir.

Hərbi cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görüləcəkdir.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbi qulluqçularımızın qəhrəmancasına göstərdiyi yüksək əzmi və şücaəti hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır.

Pakistan dediyini etdi

"Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir".
Bu fikirlər Pakistan Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanatında əksini tapıb.

"Pakistan Ermənistan silahlı qüvvələrinin 2020-ci il iyulun 12-də bir neçə azərbaycanlının itkisi ilə nəticələnən Azərbaycanın Tovuz rayonuna hücumunu qətiyyətlə pisləyir. Həlak olanların ailələrinə başsağlığı veririk.
Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional sülhə və təhlükəsizliyə uzunmüddətli nəticələrə gətirib çıxaran ciddi təhlükə yaradır.

Son təxribatçı hərəkət Ermənistanın beynəlxalq birliyi yayındırmaq cəhdinin təzahürüdür və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində təsbit edilmiş Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün davam edən danışıqlar prosesinə mane olur", - Pakistan XİN-nin bəyanatında vurğulanıb.

Qarabağı ermənilərdən geri almağın vaxtı gəlib.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin hakim partiyadan (AKP) olan deputatı Mətin Gündoğdu deyib.

“Ermənilər son hücumlarda azərbaycanlı hərbçiləri şəhid etdi. Ermənilər birilərinin maşası olub, regionda qeyri-sabitlilk yaratmaq istəyir. Azərbaycan bir an əvvəl öz torpağı olan Dağlıq Qarabağa daxil olmalıdır. Əsgərlərimizi şəhid edən Ermənistan bu işin böyüməsini istəyir. İllərdir işğalda saxladıqları Azərbaycan torpaqlarını artıq geri almağın zamanı gəlib. Türkiyə Azərbaycanın yanındadır”, – deyə Gündoğdu bildirib. /Axar.az/

“Paşinyan münaqişənin həllinə söz verdiyi üçün təxribata əl atır”

Bütün dünyaya məlumdur ki, özünə demokrat obrazı yaradaraq inqilabi yolla hakimiyyətə gəldiyini iddia edən Ermənistanın Baş naziri Nikol Paşinyan əslində, heç bir inqilab etməyib. Real həqiqət, yaratdığı obraza uyğun, İrəvan küçələrinə pul müqabilində yığdığı insanlarla inqilabçıları və keçirilən süni yığıncaqlar vasitəsilə isə inqilabi prosesləri imitasiya edərək əslində, danışılmış şəkildə həm qərbə, həm də Ermənistanın forpostu olduğu himayədarlarına əvvəlki Ermənistan rəhbərlərindən fərqli olaraq qısa müddətdə Qarabağ problemini həll edəcəyini söz verərək hakimiyyəti mənimsəməsindən ibarətdir.

Hazırda artıq ona verilən müddət sona yaxınlaşdığından və problemi həll edə bilmədiyindən istənilən təxribata əl atmağa hazır olduğu üçün dövləti, ordunu da bu oyununa qurban verərək cəbhə bölgəsində təxribatçı addımlar atmaqla diqqəti yayındırmağa, hər vəchlə qanunsuz hakimiyyətinin müddətini uzatmağa çalışır. Bu addımları ilə Paşinyan bir daha sübut etdi ki, onun əslində, demokratiya və demokratik inqilabala heç bir əlaqəsi yoxdur və o da, özündən əvvəlki sələfləri kimi, Qarabağ münaqişəsindən yalnız hakimiyyətə gəlmək məqsədilə istifadə edib, bu gün də, hakimiyyətini qorumaq üçün bu faktdan maksimum şəkildə yararlanmağa cəhdlər edir. Bu faktlarla yanaşı, o da məlumdur ki, hazırki pandemiya ilə əlaqədar onsuz da, bərbad vəziyyətdə olan Ermənistanın sosial, iqtisadi vəziyyətinin və ölkə daxilindəki insanların həyat şəraitinin daha da dözülməz vəziyyətə gəlməsi faktı da, Paşinyan hakimiyyətinin dayaqlarını ciddi şəkildə sarsıtmaqdadır və bu hamıdan yaxşı Paşinyanın özünə məlumdur.

12 iyul günorta saatlarından cəbhənin Tovuz istiqamətində baş verənlərlə bağlı onu bildirmək istərdim ki, əslində, növbəti həlledici Qarabağ döyüşü, işğalçı Ermənistanın deyil, torpaqları işğal olunmuş Azərbaycan tərəfinin halal haqqıdır. Buna görə də, əgər bizim dövlət hələ ki, döyüşə başlamaq barədə qərar qəbul etməmişdirsə, bu baş verənlərin artıq təxribat olduğunu bir daha təsdiq edir. Bununla bağlı operativ qaydada Prezident İlham Əliyev tərəfindən çağırılan Təhlükəsizlik Şurasının iclasında ölkə başçısının özü ilk olaraq baş verənlərin mahiyyətinə toxunarkən münasibət bildirdi.

Cəbhənin Tovuz istiqamətində baş verənləri Ermənistan tərəfinin növbəti təxribatı adlandıraraq bu təxribatın qarşısının da uğurla alındığını və düşmənə adekvat cavab verildiyini qeyd edən Prezident eyni zamanda, hadisədə dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət, yaralananlara isə şəfa dilədi. Prezident həm də, baş verənlərə görə bütün məsuliyyətin işğalçı Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü qeyd etməklə yanaşı, onların yürütdükləri ikili və riyakar siyasəti qətiyyətlə pisləyərək, işğalaçıların bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edib sərhəd bölgəsində atəşkəsin möhkəmləndirilməsinə köməklik edilməsini xahiş etdiklərini, digər tərəfdən də bu cür hərbi təxribatlara əl atdıqlarını deyib. Bu çirkin və məkrli siyasətin Ermənistanı uçuruma apardığını vurğulayan dövlət başçısı, ordumuz tərəfindən düşmənə dünən günorta və bu gün gecə saatlarında vurulan sarsıdıcı zərbələrin sərhədlərimizin ləyaqətlə qorunduğunun bariz nümunəsi olduğunu bildirdi.

 Bu səbəblərdən də, düşünürəm ki, işğalçı və bədnam qonşularımız tarixən nə ki, müharibə meydanında, heç bir mübarizə platformasında, heç vaxt mərdliklə döyüşməmişlər və həmişə arxadan və hiyləgər üsulla zərbə vurmağa çalımışlar. Nəzərə almaq lazımdır ki, bu gün də onlar eyni və hətta daha yeni iyrənc üsullara əl atırlar. Onlar real müharibə meydanında açıq mübrizədə mütləq məğlubiyyətə uğrayacaqlarını bildiklərindən, əminliklə demək olar ki, bu dəqiqə onlar virtual mübarizə meydanı olan sosial şəbəkələrdə çaşqınlıq, ajiotaj və qarışıqlıq yarada biləcək məlumatlar paylaşmaqdadılar. Bu səbəbdən də, onların bu hiylələrinə uymaq, bilərəkdən və ya bilməyərəkdən bu təhlükəli təxribat xarakterli prosesdə hiyləgər düşmənə yardımçı olmaq olmaz.

Biz dövlətimizlə birlikdə bütöv bir cəmiyyət olaraq əsas bir faktı da ciddiyə almalıyıq ki, dövlətimiz hazırda üç cəbhədə və üç təhlükəli virusla döyüşür. Sərhəd bölgəmizdə işğalçı viruslarla, bütün dünyanı bürüyən koronavirusla və ölkəmizdə də fəaliyyət göstərən təxribatçı viruslarla.

Allahdan şəhidlərimizə rəhmət, ordumuza güc və qüvvət, dövlətimizə isə bütün növ mənfur düşmənlərinə qalib gəlməkdə yardımçı olmasını diləyirəm!

Siyasi şərhçi Xəyal Bəşirov

 

 

 
Dondar Quşçu atəşə tutuldu

“Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub”.

Bunu Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. O deyib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Azərbaycan XİN başçısı rusiyalı həmsədri və Anjey Kaspşik ilə cəbhədəki vəziyyəti müzakirə etdi13 iyul 2020-ci ildə Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə telefon söhbətləri baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qarşı tərəfi Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət barədə məlumatlandıran nazir Elmar Məmmədyarov ciddi narazılığını bildirərək, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

E.Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.

İlham Əliyev: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”

“Dünən günorta saatlarında Ermənistan Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir”.
Bunu Prezident İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olub:
“Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olub. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər”.

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Dövlət başçısı iclasda çıxış edib.

Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.

Təhlükəsizlik Şurasının iclası ilə bağlı əlavə məlumat bir qədər sonra veriləcək. (modern.az)

Düşünürəm ki, Tovuzda baş verənlər daha çox hərbi məsələ ilə bağlıdır. Bildiyim qədər cəbhənin Tovuz-Qazax istiqamətində Azərbaycan ordusu ən yüksək mövqelərə sahibdir. O cümlədən, Azərbaycan ordusu Gürcüstandan Ermənistana keçən qaz kəmərini vurmaq imkanlarına malikdir. Ermənilər daima bizi hədələyirdi ki, müharibə başlasa Azərbaycanın kəmərlərini vuracaqlar. İndi bunun cavabı var. Sözsüz ki, bu, erməniləri narahat edir. Yəni çətin vəziyyətə düşüblər.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov Tovuz istiqamətində Ermənistan və Azərbaycan ordusu arasında baş verən silahlı qarşıdurmanı şərh edərkən deyib.

Onun fikrincə, dünən baş verən qarşıdurmanı daha çox hərbçilər şərh edə bilər: “Belə iddialar səsləndirilir ki, ermənilərin bu yolla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını fəallaşdırmq niyyətləri var və sair. Ola da bilsin, ermənilər bu addımla öz xalqına nümayiş etdirməyə çalışırlar ki, baxın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bizə kömək etmədi. Bunun üçün belə avantüraya gedə bilərlər. Axı, Ermənistanın hazırkı hakimiyyəti Qərbə yaxındır, əhali isə ruspərəstdir. Bu ehtimal da istisna deyil”.

Deputat əlavə edib ki, Tovuz cəbhəsində baş verənlərin Emənistan daxili siyasətinə hansısa formada təsirləri olacaq, amma bunun üçün bir qədər gözləmək, məlumatlarla tanış olmaq lazımdır: “Məsələn, Ermənistanda elə avantürist dairələr var ki, onlar hesab edirlər mövcud vəziyyəti saxlayıb gözləmək lazımdır, Azərbaycan nə vaxt geri düşdü, bu an istəyimizi həyata keçirərik. Başqa düşüncə budur ki, artıq bizdə güc qalmayıb, gözləməklə zəifləyirik, elə müharibə olduğu halda uğurlar əldə edilə bilər. Yəni sonsuz dəhşətdənsə, dəhşətli son daha yaxşıdır.

Onlar hesab edirlər ki, müharibə başlasa, uğur əldə edə bilərlər. Amma uduzsalar, bəzi ərazilərdən çıxmalı olsalar belə müharibəni dayandıra, sülhməramlı qüvvələri prosesə cəlb edə bilərlər. Yəni Ermənistanda belə avantürist düşüncələr var. Əlbəttə, biz helə fikirləri yoxlamalıyıq”.

Bir qədər səbr edib daha geniş informasiya ilə tanış olmağı vacib sayan Rasim Musabəyov bildirib ki, Azərbaycan ordusu qüdrətlidir və onun qarşısında Ermənistan ordusunun duruş gətirməsi ağlabatan deyil.