Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı həm dərin təhlil, həm də tarixi ismarınclar ehtiva etməsi ilə özünə xüsusi diqqət tələb etməkdədir. Əlbəttə, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqelərimizə artilleriya atəşi ilə zərbə endirməsi və bu gözlənilməz zərbə sonucunda bizim hərbçilərimizin həlak olması, yaralanması bu iclasada da əsas diqqət yetirilən mövzulardan oldu. Təcavüzkarlıq və terrorizmi dövlət siyasətinin tərkib hissəsi kimi sabitləşdirmiş işğalçı Ermənistanın, Tovuzdakı hadisələrin səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etməsi xüsusi ilə hiddət doğurur. – “Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl atmışdır. Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir.

…Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz”. – bu sözlər cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışındandır. Doğrudur, bizim dövlətimizin, ordumuzun, vətəndaşımızın işi yalnız və ya önplanda hiddətdən ibarət deyil. – Bununla belə, düşmənin müharibə planındakı hərəkətləri və sülh planındakı hərəkətsizliyi o qədər nadürüst, namərd, müharibə qayda-qanunlarına qeyri-adekvatdır ki, hiddətlənməmək də əldə deyil. Necə deyərlər, Ermənistanın Azərbaycana münasibətdə, müharibə və sülh planındakı hərəkəti, hərəkətsizlikləri Ermənistana qarşı hər cür, bütün vasitələrlə mübarizə aparmağı əsaslı, haqlı qılır. Cənab Prezidentin öz sözləri ilə desək, “Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar.

Təsadüfi deyil ki, hadisələrə həm operativ həm də təmkinlə yanaşan Azərbaycan dövləti, şəxsən dövlət başçımız Təhlükəsizlik Şurasının toplantısını çağırdı, orada ictimaiyyətə qiymətli məlumatlar verildi, qapalı müzakirələr aparıldı; və operativ vəziyyət imkan verən kimi jurnalistlər, diplomatlar Tovuza dəvət ediləcək, onlar vəziyyətlə yerindəcə tanış olacaq və görəcəklər ki, qanlı olayların günahkarı, ziyankarı kimdir, mülki əhalisi ziyan çəkən və məcburi cavab haqqını istfadə edən kimdir… Tovuz hadisələri yalnız düşmənin miskinliyini deyil, eyni zamanda Azərbaycan ordusunda geniş ictimaiyyətin öncələr yaxından tanımadığı qəhrəmanlarımızı da bizlərə tanıtdı. Əfsanəvi general Polad Həşimov başda olmaqla, bütün şəhidlərimiz baş tacımızdır və neçəki bu xalq var, unudulmayacaqlar! Azərbaycan Prezidentinin Polad Həşimovun anası Səmayə xanıma, polkovnik İlqar Mirzəyevin oğlu Elvinə telefon açaraq, onlarla danışması, şəhidlərin intiqamının alındığını bildirməsi, onlarla ovqatlaşması, kədərlərini bölüşməsi dövlət nəzakəti, dövlət başçısı diqqəti və nəcabətinin təcallasıdır. İndi sosial mediada, özəlliklə, düşmən tərəfin yaydığı iformasiyalar içində bir çox yalan-yanlıc “şəkil”lər, “video”lar paylaşılır, təxribatçı xəbərlər yayılır və bu mövzuda da, Nazirlər Kabinetinin iclasında, dövlətimizin ən ali, ən məsuliyyətli və şərəfli vəzifəsini daşıyan cənab İlham Əliyev tərəfindən verilən məlumat ürəklərə su səpdi, qürur bayrağımızı yüksəklərdə dalğalandırdı: “Düşmənin onlarla hərbçisi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilmişdir. O cümlədən onların postu və bütün infrastrukturu yox edilmişdir. …Son əməliyyatda Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. 2020-ci il, 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq”.

Heç şübhəsiz, son günlər ərzində baş vermiş toqquşmalar, qanlı döyüşlər dövlətimizin, ordumuzun gücünü, xalq-iqtidar birliyini bir daha göstərdi – bu çox mühümdür.

Öncəbhədəki əsgər geridə qalanlardan – ən sıravi vətəndaşımızdan tutmuş, yüksək dövlət vəzifəsi daşıyan məmura, dövlət qulluqçusunadək– hamı güvənc içində olmalıdır, əsgərin gözü arxada qalmamalıdır. Mən həm hadisələrin ilk günündən Tovuzda olan bir Millət vəkili kimi də təsdiq edə bilərəm ki, əsgərimizlə xalqımız, dövlətimiz bircandır, ruhubirlərdir, çox şükür! Belə bir gözəllik, əminlik, qürur qaynağı, vətənpərəvlik ocağını qoruyan Ali Baş Komandanımız baş olmaqla, dövlət ərkanımıza vətəndaş minnətdarlığımız var. Dövlətcanlılığın, dövlət üçün fədakarlığın – müstəqil dövlətə malik olmağın neməti, təcallasıdır bu! Ermənistan tərəfindən törədilən hərbi toqquşmanın güncəl səbəblərindən biri, Ermənistanda mövcud siyasi-iqtisadi böhrandır. Paşinyan hökuməti öz vədlərinin altında qalıb və bunu ört-basdır etməkçün “xarici düşmən” obrazını sınaqdan keçirmək yaxud yenidən dövriyyəyə daxil etməkçün məhz dövlət sərhəddi boyunca pozuculuğu uyğun bilmişdir. İşə baxın ki bizdə, Nazirlər Kabinetinin iclasında da daha çox iqtisadi blokda əldə edilmiş nəticələr və perspektivlər mövzusu ana mövzu idi; “İqtisadiyyatı güclü dövlət hər şeyə qadirdir” – bu, Ümummilli liderimizin sözüdür; budur, iqtisadi və siyasi böhran quyusunun qırağına gəlib çıxmış Ermənistan bir tərəfdə, iqtisadi tənəzzülü söhbət mövzusu belə olmayan Azərbaycan bu tərəfdə – bu tərəflər arasındakı toqquşmada uduzanın kim olacağı aydındır. Deməli, Paşinyan hökuməti səbatsızlıqdan əziyyət çəkir; sələflərinin “mogikal sindromu”nu və dədə-baba “erməni xəstəliyi”ni dəf edə bilməyib… – Fikrimizin təsdiqi kimi, cənab Prezidentin dəqiq təsbitini sizinlə bölüşürəm: “Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu təxribata şüurlu şəkildə əl atıldı.

…Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır”.

Artıq bir çox yerli və xarici təhlilçinin ortaq düşüncəsinə görə, Paşinyan hökuməti KTMT-ni “test” edirmişcəsinə, məhz dövlət sərhəddində toqquşmaya, hərbi təcavüzkarlığa üstünlük vermişdir. Heç təsadüfi deyil ki, özləri çirkin əməlləri törətdi və rəşadətli Azərbaycan Ordusundan layiqli cavab alınca, dərhal KTMT-yə müraciət etdi, hay-həşir qopardı, kömək istədi… Bir normal dövlət özünə nə ədalətsiz müharibə baılatmağı, nə də, ağlaşma ilə yardım istəməyi yaraşdırmamalıdır. Bir ölkə özünü nə “forpost” durumuna salmalı, nə də “yeni forpost”luq sevdasına düşməməlidir. XXI yüzildə Ermənistan kimi bir dövlət birgəyaşayış hüquqlu dünya birliyinin üzvü ola bilməməlidir… Ermənistanın günahları, beynəlxalq hüquq normalarını pozma halları bir deyil, beş deyil… Biz – Ermənistanın (havadarlarının hərbi-siyasi dəstəyi ilə gerçəkləşdirdiyi) təcavüzkarlıq siyasətinə, işğalına və Xocalı soyqırımına uğramış tərəf kimi, hər gün bu barədə haqq səsimizi duyurmalı, hər uyğunplatformada iş aparmalıyıq. – Bunun örnəyi cənab Prezidentin xarici siyasət kursudur. Hər bir diplomatımız Prezidentimizdən örnək götürsə, beynəlxalq diplomatik cəbhədə də daha üstün mövqelərdə olardıq. Artıq, heç kəsdə şübhə yoxdur ki, indiyə kimi əldə edilmiş diplomatik uğurların ideya müəllifi də, təşəbbüskarı da, uğurlu nəticələrin memarı da məhz cənab İlham Əliyevin özüdür. Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında üzərində dayandığı mövzulardan biri də, xarici siyasətimizin qüsurları ilə bağlı idi. – “Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır”. – Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilib. Ümidvarıq ki, yeni Xarici işlər nazirimiz Ceyhun Bayramov bu nazirliyə yeni kleksion, yeni nəfəs gətirəcək və XİN cənab Prezidentin etimadına layiq fəaliyyəti ilə seçiləcəkdir. Diplomatiyamızın, ordumuzun, dövlətimizin bayrağı uca olsun!

İlham Əliyev şəhid general və polkovnikimizin ailəsinə mənzil verdi“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində konkret addımlar atılır”.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığı ilə iyulun 16-da Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, eləcə də, nazirliyin idarə rəisləri general-mayor Rasim Əliyev, general-mayor Rasim Babayev və digər zabitlər Qəbələ rayonunda şəhid general-mayor Polad Həşimovun və Bakı şəhərində şəhid polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər.

Hər iki ailənin qayğıları ilə maraqlanan Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri bir daha Ali Baş Komandanın və Müdafiə nazirinin başsağlıqlarını şəhid ailələrinə çatdıraraq, Prezident İlham Əliyev tərəfindən onlar üçün ayrılan mənzillərin sertifikatlarını ailələrə təqdim ediblər.

Söhbət zamanı şəhid general-mayor P. Həşimovun və polkovnik İ. Mirzəyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Onu da qeyd edək ki, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində də addımlar atılacaqdır.

102-ci hərbi bazasının sabiq komandiri: “Biz olmasaydıq, indi nəinki Qarabağ, heç Ermənistan yox idi”
Rusiyanın Ermənistanın Gümridəki 102-ci hərbi bazasının sabiq komandirindən ermənilər haqqında şok etiraflar.

Rusiyanın Gümridəki 102-ci hərbi bazasının sabiq komandiri Andrey Ruzinskiy sosial şəbəkə hesabından Ermənistan-Azərbaycan münaqişəsi haqqında şok etiraflar edərək, erməni əclaflığı, qorxaqlığı, yalançılığı, cəsarətsizliyi barəəd fikirini bölüşərək, onları ittiham edib:

“Mən vaxtı ilə Qarabağda xidmət etmişəm. Bizim hərbi hissələr ermənilər tərəfdən döyüşürdü. Və siz nə düşünürsünüz: Bu əclaflar bizim arxamızda gizlənirdilər. Nə zamankı azərbaycanlılar uzaqdan görünürdü, o dəqiqə silahlarını atıb geri qaçırdılar. Təhlükəni sovuşdurduqdan sonra isə ortaya çıxıb qışqıraraq deyirdilər ki, biz aşotların hesabına erməni torpaqları azad edilib. Hərbi xidməti başa vurub doğma Stavropola döndüm.Burada nə görsəm yaxşıdır. Biz orada onlar üçün döyüşürük, bunlar isə burada ağalıq edir Ermənistan, “erməni döyüşçüləri”nin dahiliyi haqqında danışırlaq.Bir sözlə onlar qorxaqdır, vəssalam. Siz ermənilər hansı erməni şücatəindən danışa bilırsiniz. Əgər 1994-cü ildə Rusiya olmasaydı, Qarabağ erməniləri olmazdı. Ümumiyyətlə Rusiya olmasaydı, ermənistan olmazdı”. 

 

Hikmət Hacıyev Arsen Xaratyanla debata çıxıb

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Aljazeera İnternational” kanalında “İnside Story” verilişində Ermənistan baş naziri N.Paşinyanın sabiq diplomatik müşaviri Arsen Xaratyan ilə debata çıxıb.

Hikmət Hacıyev Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etdiyini, işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmə törətdiyini qeyd edərək beynəlxalq hüquqa əsasən Ermənistanın hüquqi məsuliyyət daşıdığını bildirib.

H.Hacıyev danışıqlar prosesində münaqişənin mərhələli şəkildə həll edilməli və bu istiqamətdə ilkin addımı kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib, amma Ermənistan baş nazirinin ziddiyyətli bəyanatları ilə danışıqlar prosesini pozduğunu diqqətə çatdırıb.

O, münaqişənin həllinin siyasi-hüquqi əsaslarının müəyyən olunduğunu və bunun beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına əsaslandığını bildirib.

H.Hacıyev Ermənistanın atəşkəs rejiminin arxasında gizlənərək Azərbaycan ərazilərinin ilhaqını həyata keçirdiyini, işğal olunmuş torpaqlarımızda qanunsuz əməllər, o cümlədən qanunsuz məskunlaşma siyasəti apardığını vurğulayıb.

Ermənistan baş nazirinin sabiq diplomatik müşavirinin Ermənistanda demokratiya qurulması barədə iddialarına cavab olaraq H.Hacıyev demokratiya Ermənistanın danışmalı olduğu sonuncu məsələ olduğunu bildirib. Prezidentin köməkçisi əlavə edib ki, Ermənistanda inqilabi diktatura qurulur, jurnalistlər və müxalifətçilər həbs olunur. Onu da qeyd edib ki, demokratik dövlət digər dövlətin ərazisini işğal etmir və qanlı etnik təmizləmə törətmir.

Qarşı tərəfin qardaş Türkiyəyə qarşı iddialarına cavab olaraq H.Hacıyev Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları irəli sürüldüyünü, Ermənistanda dövlət səviyyəsində şovinizm əsasında “böyük Ermənistan” təbliğatının aparıldığını və gənc nəslin bu ruhda böyüdüldüyü vurğulayıb. H.Hacıyev Ermənistanın sərhədlərinin bağlı olmasının və Ermənistanın özünü təcrid vəziyyətində yaşamasının günahının Ermənistanın yürütdüyü irticaçı siyasət olduğunu bildirib. H.Hacıyev rasizm, şovinizm prinsipləri əsasında Ermənistanın yeni milli təhlükəsizlik strategiyasının hazırlandığını qeyd edib.

Türkiyə-Ermənistan sərhədinin bağlı olmasına gəldikdə isə Prezidentin köməkçisi Ermənistanın öz ərazisindən hücum edərək Kəlbəcəri işğal etdikdən sonra BMT Nizamnaməsini əsas tutaraq Türkiyənin təcavüzkar ölkə olan Ermənistanla sərhədlərini bağladığını qeyd edib.

Veriliş əsnasında H.Hacıyev dövlət sərhədinin Tovuz istiqamətində baş verən hadisələr, Ermənistanın növbəti təxribatı və hərbi avantürası, mülki insanların Ermənistan tərəfindən qəsdən hədəfə alınması faktlarını diqqətə çatdırıb.

Ceyhun Bayramov XİN başçısı kimi ilk iclasa qatıldı

16 iyul 2020-ci il tarixində Qoşulmama Hərəkatının  Əlaqələndirici Bürosunun Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən hərbi təxribatla bağlı fövqəladə iclası keçirilib.

XİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, Azərbaycan tərəfinin təşəbbüsü ilə çağırılmış iclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri iştirak edib.

Xarici İşlər naziri öz çıxışında Ermənistan silahlı qüvvələri tərəfindən 12 iyul 2020-ci il tarixindən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə törədilmiş hərbi təcavüz, bununla əlaqədar regionda yaranmış vəziyyət və Azərbaycan tərəfindən həyata keçirilmiş qətiyyətli əks-tədbirlər barədə məlumat verib.

Nazir Ermənistan tərəfindən Azərbaycanın silahlı qüvvələri ilə yanaşı, beynəlxalq humanitar hüquqa zidd olaraq mülki əhali və mülki obyektlərin də hədəf alındığını diqqətə çatdırıb və hücum nəticəsində Azərbaycan silahlı qüvvələri, eləcə də mülki şəxslər arasında itkilərin qeydə alındığını və mülki obyektlərə ciddi xəsarət yetirildiyini qeyd edib.

C.Bayramov Ermənistanın davam edən təxribatının münaqişə ətrafında vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirmək, Ermənistanda formalaşan və COVID-19 pandemiyasının təsiri altında daha da kəskinləşən sosial-iqtisadi, maliyyə və siyasi böhrandan diqqəti yayındırmaq niyyəti ilə törədildiyini vurğulayıb. Ermənistanın bu hərəkətlərinin ümumilikdə beynəlxalq hüququn, eləcə də Qoşulmama Hərəkatının əsasını təşkil edən Bandunq Prinsiplərinin ciddi pozuntusu olduğunu bildirib.

Nazir Ermənistanın təxribatçı hərəkətlərinə son qoymaq və Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinə nail olmaq üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın cinayətkar əməllərinin ciddi və birmənalı pislənilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Nazir, Qoşulmama Hərəkatına üzv dövlətlər də daxil olmaqla bu cür prinsipial mövqe nümayiş etdirmiş bütün dövlətlərə təşəkkür edərək, Hərəkata üzv dövlətlər tərəfindən ən yüksək səviyyədə Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verilmiş dəstəyi, eləcə də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində göstərdiyi səylərlə həmrəylik nümayişini yüksək qiymətləndirdiyini vurğulayıb.

İclasda iştirak edən Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndələri çıxış edərək Ermənistanın təxribatını pisləmiş və ölkələri tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyini ifadə etmişlər.

 

 
General Polad Həşimovun yerinə o təyin EDİLDİ
Bir neçə gün öncə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun yerinə təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Müdafiə naziri general polkovnik Zakir Həsənovun əmri ilə general-mayor İlqar Lətifov müvəqqəti olaraq sözügedən hərbi birləşməyə komandir müavini təyin olunub.

Prezident yeni Xarici İşlər nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
Dövlət başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

Bu gün mən sizi Xarici İşlər naziri vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız. Bu sahə sizin üçün yeni olsa da, idarəetmə təcrübəniz kifayət qədər böyükdür, müxtəlif vəzifələrdə işləmisiniz, o cümlədən nazir vəzifəsində.

Bununla bərabər, Azərbaycanın xarici siyasəti ilə bağlı mənim tərəfimdən dəfələrlə əsas istiqamətlər müəyyən edilmişdir və bu haqda açıqlamalar verilmişdir. Bizim xarici siyasətimiz açıqdır. Biz xarici siyasət prioritetlərimizi açıq şəkildə bəyan edirik və məqsədlərə çatmaq üçün ardıcıl siyasət aparırıq. Bütün ölkələrlə bərabərhüquqlu qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması bizim əsas prinsiplərimizdən biridir. Hesab edirəm ki, son illərdə Azərbaycan bu sahədə böyük uğurlar əldə edib. Azərbaycan dünya birliyinin ləyaqətli üzvüdür. Dünyada bizə olan hörmət artmaqdadır. Bunu müxtəlif vaxtlarda Azərbaycana beynəlxalq aləm tərəfindən göstərilən dəstək əyani şəkildə sübut edir. Bizim dünyadakı rolumuz artır, bölgədə ölkəmizin iştirakı olmadan, maraqları təmin edilmədən hər hansı bir layihənin icrası qeyri-mümkündür. Bizim siyasətimiz Azərbaycana illər boyu daha çox dostlar qazandırıbdır. Təsadüfi deyil ki, bu gün bizim beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür.

Əlbəttə ki, xarici siyasətlə bağlı əsas istiqamətləri mən bu gün bir daha qeyd edəcəyəm. Amma ondan əvvəl demək istəyirəm ki, ilk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır. İlk növbədə, təhlil aparılmalıdır, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir. Nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir. Nazirliyin fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi haqqında sizdən təkliflər gözləyəcəyəm.

Bizim xarici nümayəndəliklərdə görülən işlər ciddi təhlil olunmalıdır, səfirliklərin işinin səmərəlilik əmsalı müəyyən edilməlidir. Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Ona görə bütün bu məsələlər əlbəttə ki, sizin gündəlik fəaliyyətinizdə önəmli yer tutmalıdır. Bizim xarici nümayəndələrimiz, diplomatlarımız ölkəmizin maraqlarını tam təmin etməlidirlər. Mən deyə bilərəm ki, bizim xaricdə fəaliyyət göstərən diplomatlarımızın əksəriyyəti yüksək meyarlara cavab verir. Ancaq vəziyyət təhlil edilərkən, ilk növbədə, nöqsanlara fikir vermək lazımdır. Səfirliklərimiz xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqədə olmalıdırlar. Onlar diaspor təşkilatlarının koordinasiya işinə öz töhfəsini verməlidir ki, həm diaspor təşkilatları, həm səfirliklər Azərbaycanın maraqlarını təmin etsinlər və Azərbaycan reallıqlarını çatdırsınlar.

Xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar olmalıdır. Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir, formal yox. Çünki bir çox hallarda biz bunu görmürük. Ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələr əgər mən müdaxilə etməsəm təkzib olunmur. Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar. Bu gün sirr deyil ki, Azərbaycana qarşı təşkil edilmiş və koordinasiya olunmuş çirkin kampaniya aparılır. Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, bu kampaniyanın mənbəyi və səbəbi nədir. Bir çox səbəblər var, onların arasında bizim milli maraqlara söykənən müstəqil siyasətimizdir və özümüzü ləyaqətli aparmağımızdır. Bəs bu kampaniyaya adekvat cavab verilir, yoxsa yox? Verilmir. Xaricdə bəzi anti-Azərbaycan ünsürlər öz fəaliyyətində, öz çirkin əməllərində, bəyanatlarında yaşadıqları ölkələrin qanunlarını kobudcasına pozurlar, terrora çağırışlar edirlər, konstitusiya quruluşunun dəyişdirilməsinə çalışırlar. Bütün bunlar nəinki Azərbaycanın, bir çox ölkələrin qanunvericiliyində, o cümlədən cinayət məcəlləsində təsbit edilmiş məsələlərdir və ona görə bu cinayəti törətmiş insanlar cinayət məsuliyyətinə cəlb edilməlidir.

Amma bizim xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər bu məsələyə diqqət yetirirlər? Deyə bilərəm ki, yox. Baş qoşmaq, heç kimlə pis olmaq istəmirlər. Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər.

Mən bir daha demək istəyirəm ki, biz bütün ölkələrlə normal dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında əməli addımlar atırıq. Amma bu, o demək deyil ki, öz ölkənin, öz xalqının maraqları kənarda qalsın. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik. Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir. Çünki mən bu haqda dəfələrlə demişəm. Bir tərəfdən bizə dostluq siqnalları göndərilir, üzdə tərəfdaşlıq haqqında sözlər deyilir, amma, əslində, bizə qarşı kampaniya aparılır. Bunun da məqsədi Azərbaycanı zəiflətmək, Azərbaycanı sarsıtmaq, Azərbaycanı ləkələmək, Azərbaycan rəhbərləri haqqında olmayan yalanları yaymaqdır. Ancaq həyat artıq göstərir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Bilir ki, bu gün bizim fəaliyyətimizdə Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Çox güman ki, məhz buna görə bizə qarşı bəzi hallarda belə çirkin üsullardan istifadə edilir. Bilirsiniz, müxtəlif vaxtlarda bu üsulların məzmunu və formaları dəyişirdi. Vaxtilə dırnaqarası “müstəqil” qeyri-hökumət təşkilatları vasitəsilə bizə hücumlar edilirdi. Halbuki hər kəs yaxşı bilir ki, bu qeyri-hökumət təşkilatları hansı mənbələrdən maliyyələşir - böyük dövlətlərin xarici siyasət orqanları tərəfindən maliyyələşir. Bir müddət xarici ölkələrin kütləvi informasiya vasitələri bizə qarşı çirkin kampaniya aparırdı - həm elektron, həm yazılı kütləvi informasiya vasitələri. Biz bu kütləvi informasiya vasitələrinin hansı mənbələrdən maliyyələşdiyini də bilirik. Bunun heç bir faydası olmadı, əksinə, Azərbaycan ictimaiyyəti çox yaxşı dərk edirdi, başa düşürdü ki, bunun məqsədi nədir - Azərbaycanı zəiflətmək, Azərbaycanda xaos yaratmaq, Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq və ondan sonra bu imkanlardan istifadə edib öz maraqlarını təmin etmək. Bu keçməyəndə isə növbəti çirkin üsullara əl atıldı. Özlərini azərbaycanlı kimi təqdim etməyə çalışan, ancaq mənəvi cəhətdən eybəcərliyin rəmzinə çevrilmiş antimilli ünsürlər indi xarici xüsusi xidmət orqanlarının rəhbərliyi altında Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Bu, düşünülmüş siyasətdir və əslində, bu siyasətin məqsədi Azərbaycan xalqının əsrlərboyu qoruduğu milli dəyərləri sarsıtmaqdır, bizim mənəvi sütunlarımızı dağıtmaqdır. Çünki Azərbaycan xalqının mentaliteti bunu inkar edir. Heç vaxt bizim tariximizdə belə çirkin üsullardan, yalanlardan, böhtanlardan istifadə edilmirdi. Bu, bizə xaricdən idxal edilir. Ona görə bizim diplomatlarımız buna qarşı fəaliyyət göstərməlidirlər. Yoxsa ki, “dəymə mənə, dəyməyim sənə” prinsipi ilə işləmək olmaz. Əfsuslar olsun ki, bizim Xarici İşlər Nazirliyində son vaxtlar bu prinsip əsas rol oynayır.

Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər.

O ki qaldı, bizim xarici siyasətlə əlaqədar əsas prioritetlərimizə, qeyd etməliyəm ki, mən bu prioritetlər haqqında ictimaiyyətə kifayət qədər geniş açıqlama vermişəm. Bu gün bir daha demək istəyirəm, siz yeni nazir kimi bunu bir daha məndən eşitməlisiniz və Azərbaycan ictimaiyyəti də bunu bir daha eşitməlidir. Qonşu ölkələrlə münasibətlərimiz bizim üçün prioritetdir. Bu münasibətlər çox sağlam zəmində qurulubdur. Artıq həyat və hadisələrin gedişatı onu göstərir ki, bu, çox düzgün siyasətdir. Qonşu ölkələr tərəfindən də Azərbaycana qarşı olan siyasət çox müsbətdir. Biz bu siyasəti dostluq, mehriban qonşuluq prinsipləri əsasında qurmuşuq. Beləliklə, heç bir qonşu dövlətlə, təbii ki, Ermənistan istisna olmaqla, bizim heç bir problemimiz yoxdur. Keçmişdən qalan problemlər həll olunub. Bəzi hallarda bəzi ölkələrin dairələri süni şəkildə bəzi problemlər ortaya atmaq istəyirlər. Ancaq bunun da heç bir səmərəsi yoxdur.

Qonşu dövlətlərlə bizim münasibətlərimiz strateji xarakter daşıyır. Biz bir bölgədə yaşayırıq, biz qonşuyuq və bu qonşuluq əbədi olacaqdır. Eyni zamanda, qonşu ölkələrdə yaşayan azərbaycanlılar, əlbəttə, bu münasibətlərdə xüsusi yer tutur və onların rahat yaşaması təbii ki, bizim üçün çox önəmlidir. Bu baxımdan da qonşu ölkələrlə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Həm siyasi, həm iqtisadi, enerji, nəqliyyat, mədəniyyət - bütün sahələrdə bu münasibətləri yüksək qiymətləndirmək olar. Mən deyə bilərəm ki, bizim qonşularımızla münasibətlərimiz nümunəvi xarakter daşıyır. Çünki dünyada gedən proseslər onu göstərir ki, bəzi hallarda qonşular arasında münasibətlər problemli olur.

Bildiyiniz kimi, biz qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatında da fəaliyyət göstəririk. Onu da bildirməliyəm ki, bu üçtərəfli formatların təşəbbüskarı da biz olmuşuq. Bu gün bütün qonşularla müxtəlif konfiqurasiyada üçtərəfli əməkdaşlıq formatı icra edilir və bu, həm regional təhlükəsizliyə müsbət təsir göstərir, həm də iqtisadi, enerji, nəqliyyat layihələrinin icrasına gözəl zəmin yaradır. Ona görə, Xarici İşlər Nazirliyinin fəaliyyətində qonşu ölkələrlə münasibətlər bundan sonra da prioritet kimi qalacaq.

Bizim İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə də münasibətlərimiz çox yaxşıdır. Azərbaycan müsəlman aləminin bir parçasıdır və beynəlxalq təşkilatlarda biz tərəfdən ən çox dəstək alan ölkələr müsəlman ölkələridir və bizə də müsəlman ölkələrindən ən çox dəstək gəlir. Bu yaxınlarda Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı bəyanatla çıxış edib, Azərbaycanın haqlı mövqeyini müdafiə edib və biz bunu yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Mən bir çox Zirvə görüşlərində iştirak etmişəm, həmişə öz çıxışlarımda və öz fəaliyyətimdə İslam aləmində əməkdaşlığın, həmrəyliyin inkişafına fikir vermişəm, səylər göstərmişəm. Bəzi müsəlman ölkələri arasında mövcud olan ixtilafların yumşaldılması, ya da ki, aradan qaldırılması üçün Azərbaycan öz səylərini əsirgəmir və bəzi hallarda bu səylər yaxşı nəticələrə gətirib çıxarır. Çünki, ilk növbədə, müsəlman aləmində həmrəylik olmalıdır ki, biz ənənəvi dostlarımızla öz gələcəyimizi sağlam zəmində qura bilək.

Türkdilli dövlətlər bizim üçün qardaş ölkələrdir və bütün türkdilli dövlətlərlə çox gözəl münasibətlərimiz var. Bildiyiniz kimi, hazırda Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Onu da bildirməliyəm ki, türkdilli ölkələrin Zirvə görüşləri uzun illərdir keçirilir. Azərbaycan və digər postsovet ölkələri müstəqilliyə qovuşduqdan sonra dərhal belə Zirvə görüşləri keçirilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təşkilat olaraq Naxçıvan şəhərində yaradılıbdır. Azərbaycanda, Naxçıvan şəhərində keçirilmiş Zirvə görüşlərinin birində belə bir təşkilat yarandı və hazırda təşkilat öz potensialını gücləndirir. Onu da bildirməliyəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da bu yaxınlarda baş vermiş sərhəd münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləyən açıqlama yaymışdır.
Bizim Avropa İttifaqı ilə əlaqələrimiz də çox möhkəm zəmində qurulub. Avropa İttifaqına üzv doqquz dövlətlə Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri vardır. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş aparılır. Sazişin böyük hissəsi razılaşdırılıb. Siz dərhal bu məsələ ilə məşğul olun və bu gün hələ ki, razılaşdırılmamış məsələlərə fikir verin. Hesab edirəm ki, Azərbaycan maksimum dərəcədə konstruktivlik göstəribdir və bu gün hələ də razılaşdırılmamış məsələlər var. Bizim üçün indiki formada onları qəbul etmək deyə bilərəm ki, çox çətin və əhəmiyyətsiz olacaqdır. Çünki mən demişəm, biz ona görə yeni saziş imzalamalıyıq ki, öz maraqlarımızı daha böyük dərəcədə müdafiə edək, təmin edək və qarşı tərəf də həmçinin. Onlar ona görə Azərbaycanla bu sazişi imzalamaq istəyirlər ki, öz maraqlarını müdafiə və təmin etsinlər. Bu da təbiidir. Ancaq gərək bu maraqların uzlaşması olsun. Yəni, biz heç vaxt bizi qane etməyən, yaxud da ki, bizə hansısa problem yarada biləcək sazişə imza atmarıq. Bu, əhəmiyyətsizdir, mənasızdır. Biz Azərbaycan xalqına məlumat verməliyik ki, bunu nə üçün edirik. Biz edirik ki, daha yaxşı şərait olsun, əməkdaşlıq üçün daha yaxşı imkanlar yaransın, xalqımız üçün daha geniş imkanlar açılsın. Yoxsa elə saziş imzalansın deyə sazişə qol çəkmək düzgün olmaz. Bizim mövqeyimiz tam açıqdır. Mən bunu bu gün bütün ictimaiyyətə bildirirəm.

Hesab edirəm ki, kompromis üçün yer var. Ancaq gərək xoş niyyət və qarşılıqlı iradə olsun. Azərbaycan tərəfində bu iradə var. Ümid edirəm ki, bu danışıqlar uğurla davam edəcək. Onu da nəzərə almalıyıq ki, hazırda Avropa Komissiyasının yeni tərkibi formalaşıbdır və biz, əlbəttə, Avropa İttifaqının Azərbaycana münasibətinin statusunu özümüz üçün daha dəqiq müəyyən etməliyik. Biz bəri başdan o mövqedə idik ki, qarşımıza real olmayan hədəflər qoymayaq. Çünki sonra bu hədəflərə çatmayanda məyusluq, qarşılıqlı inamsızlıq yarana bilər. Ona görə qarşıya elə məqsədlər qoymalıyıq ki, biz ona çata bilək və bu məqsədlər bizim maraqlarımıza uyğun olsun. Hesab edirəm ki, bu istiqamətdə gələcək fəaliyyət də uğurlu olacaqdır.

Təbii ki, Amerika Birləşmiş Ştatları ilə bizim münasibətlərimiz çox böyük əhəmiyyət daşıyır və bu münasibətlərin böyük tarixi var. Həm siyasi, iqtisadi, enerji sahələrində, həm də təhlükəsizlik sahəsində çox yaxşı nəticələr var. Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyalarda göstərdiyi səylər Amerika tərəfindən yüksək qiymətləndirilir. Bildiyiniz kimi, Azərbaycan üzərindən çox önəmli nəqliyyat dəhlizi keçir və buna Şimal Nəqliyyat Dəhlizi deyilir. Əslində, bu, hava nəqliyyatıdır və yüklərin təhlükəsiz şəkildə nəql edilməsi bu gün hər bir ölkə üçün çox önəmlidir.

Bizim siyasi münasibətlərimizin inkişafına gəldikdə, hesab edirəm ki, bu gün bu münasibətlər çox yaxşı səviyyədədir. Prezident Trampın mənə göndərdiyi bir çox məktublarda Amerika Birləşmiş Ştatlarının Azərbaycana xoş münasibəti öz əksini tapıb. Son məktubunda qeyd etmişdi ki, bizim iki böyük dövlətimiz birlikdə bundan sonra da çalışacaqdır.

Mənim də Prezident Trampa göndərdiyim məktublarda bizim münasibətlərimizin əhəmiyyəti qeyd olunur və əminəm ki, bundan sonra da bu əlaqələr uğurla inkişaf edəcək. Hesab edirəm ki, bu əlaqələrin gələcəyi çox müsbət olacaqdır.

Bizim strateji investorumuz Böyük Britaniyadır. Böyük Britaniya ilə də bizim çox sıx tərəfdaşlıq münasibətlərimiz var. Əvvəlki dövrdə biz bu münasibətləri, eyni zamanda, Avropa İttifaqı prizmasından təhlil edirdik, dəyərləndirirdik. Amma artıq Böyük Britaniya Avropa İttifaqının üzvü deyil və həm bizim, həm də onların qarşılıqlı marağı gündən-günə artır. Böyük Britaniyanın BP şirkəti bizim strateji tərəfdaşımızdır. Biz keçən il bu tərəfdaşlığın artıq 25 illiyini qeyd etmişdik və bundan sonra ən azı 25-30 il birlikdə çalışacağıq. Əlbəttə ki, bu, ikitərəfli münasibətlərə də müsbət təsir göstərdi. Ancaq hər iki tərəfin fikri ondan ibarətdir ki, biz qeyri-neft sektorunda daha böyük işlər görməliyik. Bir sözlə, bu əlaqələr də bizim üçün çox önəmlidir.

Bildiyiniz kimi, biz hazırda Qoşulmama Hərəkatının sədriyik və bu sədrliyi 120 ölkənin yekdil qərarı ilə qazanmışıq. Bu sədrliyi öz üzərimizə götürəndə mən demişdim ki, bu, formal sədrlik olmayacaqdır. Biz beynəlxalq təşkilatlarda Qoşulmama Hərəkatına üzv ölkələrin maraqlarını, eyni zamanda, beynəlxalq hüququ, ədaləti dəstəkləyəcəyik və bunu əməli işlərdə göstərdik. Pandemiya dövründə bizim təşəbbüsümüzlə Qoşulmama Hərəkatının, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşləri keçirildi. Biz Qoşulmama Hərəkatına üzv ölkələrə həm birbaşa, həm də Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə humanitar yardım göstərdik. Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin təşəbbüskarı biz olmuşuq və bu təşəbbüsə bildiyiniz kimi, 130-dan çox ölkə qoşuldu. Hesab edirəm ki, bu, bizim növbəti siyasi uğurumuzdur.

Əlbəttə, fəaliyyətinizin əsas hissəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətləndiriləcək. Bu, bizim üçün əsas məsələdir, bu, milli məsələdir. Son illər görülmüş tədbirlər nəticəsində bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyublar. Əgər münaqişə getdiyi dövrdə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edibsə, ondan sonrakı dövrdə bütün digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, NATO və digər təşkilatlar. İki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi bənd var. Yəni, hüquqi baza tam təmin edilib.

O ki qaldı, münaqişənin həllinə, bizim mövqeyimizdə, qeyd etdiyim kimi, heç bir dəyişiklik ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, birmənalıdır və heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Orada bu yaxınlarda keçirilmiş qondarma “seçkilər” bunu bir daha təsdiqlədi. Çünki bütün aparıcı dövlətlər, qonşu dövlətlər, aparıcı beynəlxalq təşkilatlar bu “seçkilərin” tanınmaması ilə əlaqədar bəyanatlar vermişlər.

O ki qaldı, danışıqlara, mən bir daha demək istəyirəm ki, biz imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası olmalıdır. Mən demişəm ki, Minsk qrupunun işi çox fəal olmalıdır və onların mandatı çərçivəsində təkcə təmas xəttində, yaxud da ki, dövlət sərhədində atəşkəsin təmin edilməsi məsələsi yox, mahiyyət üzrə danışıqlar aparılmalıdır və bunun üçün artıq uzun illər ərzində formalaşmış baza var. Ancaq Ermənistan öz destruktiv addımları, qeyri-konstruktiv bəyanatları, sərhəddə və təmas xəttində törətdikləri hərbi cinayətləri ilə bütün bu danışıqlar konstruksiyasını məhv edir. Ermənistan danışıqlar formatını dəyişmək, danışıqların mahiyyətini pozmaq istəyir. Yəni, faktiki olaraq bu gün Ermənistan danışıqlar prosesini dağıdır və bunu hər kəs görür. Sadəcə olaraq, Ermənistan rəhbərliyinin açıqlamalarına fikir vermək kifayətdir. Onların hərbi rəhbərliyi bizi hədələməyə çalışır. Bizi yeni torpaqların işğalı ilə hədələmək istəyir. Ancaq bunlara bu günlərdə verilən dərs hesab edirəm ki, uzun müddət onların yaddaşından silinməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqının səbrinin həddi var. Ona görə danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əgər biz görsək ki, bu danışıqlar əhəmiyyətsizdir, onda buna uyğun şəkildə öz addımlarımızı da atacağıq və bəyanatlarımızı da verəcəyik.

Demək olar ki, mən bizim xarici siyasətlə bağlı əsas məsələləri qeyd etdim. Əlbəttə, bu görüş əsnasında bütün başqa məsələləri əhatə etmək vaxt baxımından mümkün deyil. Ancaq əminəm, idarəetmədə əldə etdiyiniz təcrübə sizə imkan verəcək ki, qısa müddət ərzində işin içinə girəsiniz. Dediyim kimi, Azərbaycanın xarici siyasəti ölkəmizin maraqlarını tam təmin etmək üçün öz sözünü deyəcək. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

Nazir Ceyhun Bayramov dedi:

-Möhtərəm cənab Prezident, ilk növbədə, bu yüksək etimada görə mən Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Cənab Prezident, mən Sizi əmin etmək istərdim ki, bu gün burada səsləndirdiyiniz bütün fikirlər, Xarici İşlər Nazirliyinin fəaliyyətinə dair qeyd etdiyiniz bir sıra nöqsanlar və ölkəmizin strateji maraqlarının təmin edilməsi yönündə əsas istiqamətlər və vəzifələrlə bağlı olaraq sistemli və davamlı fəaliyyətin təmin edilməsi, həmçinin qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün əlimdən gələn bütün səyləri əsirgəməyəcəyəm. Siz qeyd etdiyiniz kimi, bu sahə mənim üçün yeni olsa da, qısa müddət ərzində bütün bacarığımı və biliklərimi bu işə yönəldərək, vəziyyəti daha dərindən təhlil edəcək, bir sıra təklifləri diqqətinizə təqdim edəcəyik. Həm Xarici İşlər Nazirliyinin mərkəzi aparatının, eyni zamanda, bütün diplomatik nümayəndələrimizin və səfirliklərimizin birgə işi təmin ediləcək. Qeyd etdiyiniz kimi, əsas məqsəd ölkəmizin strateji maraqlarının təmin edilməsi, onların qorunmasıdır. Fəaliyyətimizi son illər ərzində ölkəmizin Sizin rəhbərliyinizlə artan beynəlxalq imicinin və nüfuzunun daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın sözünün daha da gur eşidilməsi istiqamətində quracağıq.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim ki, məni Təhsil naziri təyin etdiyiniz müddət ərzində bu sahəyə olan diqqət və qayğınızı bütün təhsil işçiləri hər zaman hiss etmişlər. Bu müddət ərzində Sizin imzaladığınız çoxsaylı sərəncamlar və dövlət proqramları nəticəsində yüzlərlə yeni məktəb binaları tikilmiş, təhsil infrastrukturu müasirləşdirilmiş, təhsil işçilərinin əməkhaqları yüksəldilmiş, onların sosial vəziyyəti davamlı şəkildə yaxşılaşdırılmış, tələbə yerlərinin sayı artırılmışdır. Fürsətdən istifadə edərək, bütün təhsil ictimaiyyəti adından buna görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Bir daha qeyd etmək istərdim ki, mənə göstərdiyiniz yüksək etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Bütün səylərimi qarşıya qoyulan vəzifələrin icrasına, Sizin qeyd etdiyiniz məsələlərin sistemli şəkildə həllinə yönəldəcəyəm.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm və sizə uğurlar arzulayıram.

Yeni təyin olunan XİN rəhbəri kimdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.
Yeni XİN rəhbəri təyin olunan Ceyhun Bayramov haqqında bəzi məlumatları oxuculara təqdim edirik:

Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə "Salans Hertzfeld Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə "OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan "Chambers Global”, "IFLR1000” və "Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Təhsil Naziri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 oyun 2020-ci il tarixli sərəncamı ilə Xarici İşlər Naziri vəzifəsinə təyin olunub

Evlidir, 2 övladı var.

Prezident Elmar Məmmədyarovu işdən çıxardı

Prezident İlham Əliyev Xarici İşlər naziri Elmar Məmmədyarovu vəzifəsindən azad edib.

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, E. Məmmədyarov 2004-cü ildən XİN-ə rəhbərlik edirdi.

Prezidentin çağırışından sonra minlərlə gənc səfərbərlik üçün qeydiyyata alınır

“İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram”,-deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar”.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir. Bir daha xatırladır ki, hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən tam təmin edilir. Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər” -, deyə açıqlamada bildirilib.