Son xəbərlər

Dünyanın dörd tərəfində azərbaycanlılarla ermənilər arasında gərginlik yaşanır. Bu məsələ ilə bağlı müxtəlif fikirlər var. Bəzən bu fikirlər bir-birinə daban-dabana zidd olur.

Hesab edirik ki, bu gərginlik bizim xeyrimizədir. Niyə? Çünki hazırda dünyanın bütün agentlikləri, bütün dünya bu qarşıdurmadan danışır, yazır, göstərir. Bu məsələyə dünya miqyasında maraq yaranıb. 

Təbii ki, ortaya suallar çıxır. Araşdırıldıqda isə məlum olur ki, ermənilər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini işğal edib. İşğal faktı az qala bütün yazılarda qırmızı xətlə keçir. Mən ingilis və alman dillərində bu məsələ ilə bağlı gedən yazıları izləməyə çalışıram.

Bəli, Qərb mətbuatında ermənilərə simpatiya var. Ancaq Qərb mətbuatı həqiqətə arxa çevirə bilməz. Ona görə də istər-istəməz hadisənin kökündə erməni separatizminin dayandığı qeyd olunur. Avropada isə separatçıları sevmirlər. Çünki Avropa dövlətlərinin də separatçılarla ciddi problemləri var.

Məsələn, Almaniyanın həftəlik qəzeti olan “Die Zeit” qəzetini götürək. “Stolpernd in den Krieg?” (Müharibəyə tuş gəlmək?) adlı məqaləsində deyilir: “Dağlıq Qarabağ bölgəsi beynəlxalq hüquqa əsasən Azərbaycana məxsusdur, lakin həmin ərazidə tarixən ermənilər məskunlaşıb”. Bu məsələdə ən önəmli məqam həmin ərazinin beynəlxalq hüquqa görə kimə məxsus olmasıdır. Bu mövzuya toxunanlar bir qayda olaraq beynəlxalq hüquqa görə Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını vurğulamaq zorundadır.

“Die Zeit” qəzeti daha sonra yazır: “Ermənistanda 2019-cu ildə keçirilmiş son sorğu göstərdi ki, münaqişənin sülh yolu ilə həll olunacağına olan ümid durmadan azalır.

Azərbaycanda parlamenti ələ keçirən nümayişçilər isə hökumətin Dağlıq Qarabağı geri almaq üçün müharibəyə başlamasını tələb edirdilər. Azərbaycanın müdafiə naziri Ermənistandakı atom elektrik stansiyasını atəşə tutacağını və nüvə fəlakətinin baş verəcəyini bildirərək erməni tərəfini hədələyib”.

Gördüyünüz kimi, nə Ermənistanda, nə də Azərbaycanda xalq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına inanmır. Bu isə o deməkdir ki, müharibənin başlaması sadəcə zaman məsələsidir.

“Die Zeit” nədənsə Metsamor atom elektrik stansiyasının partladılması ilə bağlı səslənmiş fikri Azərbaycan müdafiə nazirinin ayağına yazır. Halbuki bu bəyanat Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlıya məxsusdur. 

O, belə demişdi: “Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun arsenalında olan ən yeni raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”. 

Bu fikir ona görə səsləndirilib ki, Ermənistan tərəfi müharibə başlayacağı təqdirdə Mingəçevir Su Anbarını partlatmaqla hədələyib. Nədənsə Almaniya nəşri Azərbaycan tərəfindən səslənən hədənin Ermənistan tərəfindən səslənən hədəyə cavab olduğunun üstündən sükutla keçib. Mən əminəm ki, bunu bilərəkdən edirlər. Çalışırlar ki, erməniləri mümkün qədər müsbət obrazda təqdim etsinlər.

Bir məqamı da vurğulayım ki, Almaniya qəzetləri də digər Qərb media orqanları kimi bu davanı həm də müsəlman-xristian müharibəsi kimi xarakterizə edirlər. Ona da diqqət edilir ki, Ermənistanın arxasında Rusiya, Azərbaycanın arxasında isə Türkiyə dayanıb. Düzdür, bəzi məqalələrdə o da qeyd olunur ki, Ermənistanla müqayisədə Azərbaycan daha çox Qərbin yanındadır. Ermənistan isə Rusiyaya bağlıdır. Bu məqam daha çox ABŞ və İsrail mətbuatında qabardılır.

Ermənistan və Azərbaycan tərəfindən səslənən hədələr məsələsi də qızğın müzakirələrə səbəb olur. Bir çox ekspert Vaqif Dərgahlının bəyanatını yanlış təqdim edir. Yeri gəlmişkən, bu bəyanat Qərbdə geniş rezonans doğurdu. Xatırladım ki, bu kimi bəyanatlar hər iki tərəfdən əvvəllər də səsləndirilib. Ancaq Qərb mətbuatı belə dərinliklərə gedə bilmir. Ən yaxşı halda “Die Zeit” kimi Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qarabağ münaqişəsi üzrə mütəxəssis kimi tanınan Tomas de Vaala üz tuturlar. Qeyd edirlər ki, o, uzun illərdir ki, Azərbaycanla Ermənistan arasında gərginliyin artdığınından bəhs edir. Ancaq onun səsini eşidən yoxdur.

Şübhəsiz ki, su tutumu baxımından Avropa miqyaslı strateji obyekt sayılan Mingəçevir su anbarı sərəncamında ən müasir silahlar olan Hava Hücumundan Müdafiə qoşunlarımızın qoruması altındadır. Ermənistanın belə bir obyekti vurması o qədər də asan məsələ deyil. Ancaq ermənilər elə ilk fürsətdə bizi su anbarını partlatmaqla hədələyirlər. Özü də qeyd etdiyim kimi bu, təzə söhbət deyil.

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın “Raketlərlə bütün Azərbaycanı Ağdama çevirəcəyik” bəyanatı yadınızdadırmı? S. Sarkisyanın Azərbaycanı “İskəndər” raketləri ilə hədələdikdə azərbaycanlı ekspertlərdən biri “Metsamor”a bir raket atsaq, Ermənistanda 150 il həyat olmaz”, demişdi. Bu kimi bəyanatlar 2017-ci ilin aprelində ciddi müzakirə mövzusu idi.

Son günlərdə Avropada keçirilən mitinqlərdə kürəyində “ASALA” yazılmış köynəklər geyinən erməni gənclərini də gördük. Türkiyə millətçilərinin təzyiqi altında fəaliyyətini dondurmaq məcburiyyətində qalmış ASALA-nın yeni simpatizanlarının “Bakı nəzərə alsın ki, 20 yanvar ASALA-nın ad günüdür”, hədəsini də tarix unutmayıb.

Orasını da deyək ki, aprel döyüşlərində rüsvayçı məğlubiyyətə uğrayan Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutyunyan “müharibə başlayacağı təqdirdə Mingəçevir su anbarını” partladacaqlarını, nəticədə Azərbaycan ərazisinin üçdə iki hissəsi su altında qalacağını bildirmişdi.

Biz xalq və dövlət olaraq Qarabağı terrorçulardan təmizləmək üçün müharibəyə hazır olmalıyıq. Bu münaqişənin danışıqlar yolu ilə həll olunmasına çalışmışıq. Elə bu məqsədlə də az qala 30 ildir ki, danışıqlara ciddi maraq göstərmişik. Ancaq kompromisə hazır olmayan Ermənistanla anlaşmaq mümkün deyil. Danışıqlar üçün ayrılmış zaman limiti isə çoxdan başa çatıb. Müharibə isə siyasi hədəflərə çatmağın başqa bir yoludur. Hədəf isə bəllidir: Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa olsun bərpa olunmalıdır və heç bir hədə bizi bu yoldan döndərə bilməz…   /musavat,com/

“İşğalçı Ermənistana silah-sursat yardımı edən ölkələrdən biri də İordaniyadır. Bu da bizim müsəlman dövləti. İrandan və Fələstindən sonra müsəlman qənimi olan işğalçı dövlətə açıq yardım göstərən üçüncü İslam Əməkdaşlıq Təşkilatının üzvü. Bunlar peyğəmbərə qarşı savaşmaq üçün əl altından onun düşmənlərinə yardım edən münafiqlərdən heç nə ilə fərqlənmirlər”.
Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa deyib. O bildirib ki, əgər bu fakt sübuta yetirilsə, Azərbaycan-İordaniya parlamentlərarası işçi qrupunun tərkibindən istefa verəcək:
“Əgər bu fakt sübuta yetirilsə, o halda bəri başdan deyirəm: İllərdir üzvü olduğum Azərbaycan-İordaniya parlamentlərarası işçi qrupunun tərkibindən istefa verəcəyəm. Mən bütün ibadətlərini yerinə yetirən inanclı bir müsəlmanam, əgər kimsə qardaşım dediyi müsəlmanı öldürmək üçün onun düşməninə silah verirsə, yardım edirsə, ora maşınlarla ərzaq və yanacaq daşıyırsa, mənim üçün ermənidən də şərfəsizdir, ondan daha təhlükəli düşməndir. Biz Rusiya və İran kimi Ermənistana dəstək verən ölkələrlə də parlamentlərarası işçi qrupunun üzvüyük, burada qonşu dövlətlərlə münasibətləri qorumaq, bəzən də nələrəsə təsir göstərmək imkanları baxımından üzvlüyə səbrli yanaşırıq. Ancaq İordaniya bölgədə xüsusi marağı olmayan, marağı olsa belə, bunu Azərbaycan vasitəsi ilə daha rahatlıqla təmin edə biləcək bir dövlətdir. Düşmənimizə yardımı sübut olunsa, biz buna ancaq “xəyanət” deyəcəyik”. (modern.az)

Ceyhun Bayramov xaricdəki diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri ilə videokonfrans keçirib

İyulun 24-də Xarici İşlər naziri Ceyhun Bayramov son günlərdə bir sıra xarici ölkələrdə yerli azərbaycanlı icmaların üzvlərinin, eləcə də bu ölkələrdəki diplomatik nümayəndəliklərimizin radikal ermənilərin son dərəcə aqressiv və təxribatçı əməllərinin hədəfinə çevrilməsi ilə əlaqədar, ölkəmizin ABŞ, eləcə də bir sıra Avropa dövlətlərindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak ediblər.

Videokonfransın iştirakçıları son həftə ərzində Avropanın bir sıra paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qüvvələri tərəfindən dinc azərbaycanlı nümayişçilərə, habelə Azərbaycanın diplomatik nümayəndəliklərinə və diplomatik xidmət əməkdaşlarına qarşı vandalizm aktlarının törədilməsi, nifrətə əsaslanan cinayət əməllərinin törədilməsi ilə bağlı yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın bu ilin 12 iyul tarixində iki dövlətin beynəlxalq sərhədində başladığı hərbi təxribatı və Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən bəyanat və fəaliyyəti məsələsinə toxunaraq, işğalçı ölkənin bütün təxribatçı cəhdlərinin qarşının alındığını və beynəlxalq ictimaiyyətin bu xüsusda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlarla çıxış etdiyini qeyd edib.

Nazir xarici ölkələrdə erməni daşnaklarının özündə terror elementlərini ehtiva edən cinayət əməllərinin qarşısının alınması, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin və soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı aidiyyəti ölkələrin müvafiq qurumları ilə görülən işlər barəsində məlumat verib.

Dövlətimizin hər zaman olduğu kimi, soydaşlarımızın yanında olması vurğulanıb və son hadisələrdə xəsarət alan həmvətənlərimizə bütün lazımi yardımın göstərilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizə təlimat verilib. Nazir təxribatı törədənlərin müvafiq hüquqi məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.

AR Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri H.Hacıyev baş verən son hadisələrlə bağlı vəziyyətin bilavasitə Prezidentin və Birinci vitse-prezidentin nəzarəti altında olduğunu qeyd edib.

Erməni radikal qüvvələrinin vandalizmi nəticəsində xəsarət alan vətəndaşlarımıza və soydaşlarımıza müvafiq diqqətin göstərilməsinin vacibliyi, eləcə də irqçilik və nifrət zəminində cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməli olduqları bildirilib.

AR Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın həmvətənlərə ünvanladığı müraciətinin qəlbində vətən sevgisi olan hər bir soydaşımız üçün çox güclü bir ismarış olduğunu vurğulayan H.Hacıyev, bu müraciətdə QHT və insan hüquqlarının müdafiəçisi qismində çıxış edən təşkilatlara edilən çağırışın aidiyyəti üzrə bütün ünvan sahiblərinə çatdırılmasının zəruri olduğunu bildirib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor fəallarının Ermənistanın iki dövlətin beynəlxalq sərhədində törətdiyi hərbi təxribata etiraz olaraq, xarici ölkələrdə yalnız qanun çərçivəsində və dinc aksiyalarla çıxış etdiyini vurğulayıb.

Bu aksiyalarda çoxsaylı soydaşlarımızın Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək və Ermənistanın işğalçı siyasəti ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi güddüyü qeyd olunub.

Daha sonra Azərbaycanın ABŞ və bəzi Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri çıxış edərək, akkreditə olunduqları ölkələrdə radikal ermənilərin zorakılıq aktları nəticəsində xəsarət alan soydaşlarımızın vəziyyəti haqqında məlumat veriblər.

Videokonfrans iştirakçıları diplomatik nümayəndəliklərin, vətəndaşlarımızın və soydaşlarımızın təhlükəsizliyinin möhəkmləndirilməsi tədbirləri, təqsirkarların məsuliyyətə cəlb edilməsi, hüquqi müstəvidə müvafiq addımların atılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov vəziyyətin nəzarətdə saxlanılması və mütəmadi məlumat mübadiləsinin aparılması üçün bu kimi videokonfransların gələcəkdə də təşkilinin vacibliyini qeyd edib. Diplomatik nümayəndəlik və konsulluqların rəhbərlərinə görülmüş tədbirlər və əldə olunmuş nəticələr barədə Mərkəzi mütəmadi məlumatlandırmaq tapşırılıb.

Ermənilərin Belçikadakı icazəsiz aksiyası alınmadı

Azərbaycanın Belçikadakı səfirliyinin önündə təxribatçı və vandal hərəkətlərini reallaşdırmaq məqsədilə piket keçirmək istəyən ermənilər soydaşlarımızın etiraz aksiyası ilə qarşılaşıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ermənilərin səfirliyimizin qarşısında icazəsiz aksiya təşkil edəcəyindən xəbər tutan soydaşlarımız qısa zamanda Azərbaycan səfirliyinə yığışıb. Soydaşlarımız səfirliyin qarşısında ingilis dilində yazılmış "Ermənistanın təcavüzkar siyasətinə son!", "Xocalıya ədalət!" şüarlarını, Ermənistanın son təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini düzməklə ermənilərə təcavüzkar mahiyyətə malik ölkənin vətəndaşları olduqlarını bir daha xatırladıblar.

Aksiya ərzində Azərbaycanın dövlət himni, vətənpərvərlik marşları və mahnıları, "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, bizim olacaq!", "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "İşğalçı Ermənistana ar olsun!" kimi ədalətli şüarlar səsləndirilib. BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, ölkəmizin əzəli torpaqları olan Dağlıq Qarabağdakı qeyri-qanuni fəaliyyət göstərən qondarma və cinayətkar rejimi heç bir təşkilatın və ölkənin tanımadığı, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edəcəyi və ərazi bütövlüyünü bərpa edəcəyi erməni piketçilərinin diqqətinə çatdırılıb. Soydaşlarımızın birliyi qarşısında ermənilərin aksiyası baş tutmayıb.

Kamran Əliyev xaricdəki Baş prokurorlara rəsmi müraciət etdi

Baş Prokuror Kamran Əliyev xarici ölkələrdəki həmkarlarına müraciət edib.

Bu haqda Baş Prokurorluq məlumat yayıb:

“Məlum olduğu kimi, son bir həftə ərzində Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən təxribat xarakterli qanunsuz hərəkətlər törədilib.

Baş vermiş hadisələrlə bağlı Azərbaycanın Baş Prokuroru Kamran Əliyev tərəfindən Amerika Birləşmiş Ştatlarının Baş Prokuroru Vilyam Barr, Kaliforniya Ştatının Baş prokuroru Xavier Beccerra, Fransanın Paris şəhərinin Baş prokuroru Remy Heitz və Belçika krallığının Brüssel şəhərinin Baş prokuroru Johan Delmulleye həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib.

Həmin müraciətlərdə qeyd edilib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzkar mövqeyi ilə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyərək münaqişənin sülh yolu ilə həll olunmasına suni əngəllər törədir, habelə terrorçu siyasətinin təzahürü kimi bu ilin iyulun 12-də Azərbaycanla Ermənistanın sərhədində yerləşən Tovuzda təxribat törətmiş, o cümlədən beynəlxalq hüququn əsas norma və prinsiplərinə zidd olaraq mülki dinc əhalinin sıx yaşadığı əraziləri atəşə tutub.

Eyni zamanda göstərilmişdir ki, iyulun 21 və 22-si erməni icmasının çox saylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törətmişlər, nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Baş Prokuror diplomatik nümayəndələrimizin və həmsoydaşlarımızın təhlükəsizliklərinin təmin edilməsini xahiş etməklə, baş vermiş hadisələrlə bağlı qeyd edilən ölkələrin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli, tam və obyektiv araşdırmalar aparılacağına və təqsirkar şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb olunacaqlarına ümidvar olduğunu bildirib”.

Prezident sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılsın.

2. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci və 2-ci hissələrində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

“Ermənistan danışıqları dayandırmaq istəyir”

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlaması ilə əlaqədar şərh verib. 

“Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, Paşinyan tərəfindən bu ilin 23 iyul tarixində hökumətin iclası zamanı səsləndirilən fikirlər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə növbəti zərbədir:

Bununla, Ermənistanın rəhbərliyi danışıqlar prosesini dayandırmaq istəyir. Onun əvvəlki dövrlərdə də səsləndirdiyi çıxış və bəyanatları göstərir ki, Ermənistan danışıqlar prosesinə qarşıdır, danışıqların formatının dəyişdirilməsi iddiası ilə çıxış edir. Lakin, danışıqların formatı dəyişdirilə bilməz.

Ermənistanın işğalçı və təcavüzkar dövlət olaraq danışıqlara qeyd-şərt qoyması cəhdləri qəbuledilməzdir.

N.Paşinyanın çıxışında danışıqların mahiyyətinə zidd şəkildə xalqların öz müqəddəratını müəyyən etməsi prinsipindən danışmasına gəldikdə isə, bu növbəti dəfə danışıqların formatını pozmaq və təhrif etmək cəhdidir.

Ermənistanın bu kimi mövqeyi danışıqlardan boyun qaçırmaq kimi qiymətləndirilməlidir və ATƏT-in Minsk Qrupunun həmsədrləri buna müvafiq qiymət verməlidirlər. Həmsədrlər, Ermənistanın danışıqlar prosesini pozan bu açıqlamasına bilavasitə mövqe bildirməlidirlər.

Ermənistan rəhbərliyinin Azərbaycanın guya ki, mülki əhaliyə zərər yetirməsi barədə ittihamlarına gəldikdə xatırladırıq ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanlı etnik təmizləmə törədib və 1992-ci ilin Xocalı qətliamı bütün dünyaya bəllidir. Bu ilin 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı zamanı Tovuz rayonunun kəndlərdəki mülki insanları və obyektləri hədəfə alması və Ağdamlı kənd sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi təcavüzkar ölkənin terrorçu mahiyyətini bir daha ifşa etdi. Ermənistan tərəfində isə heç bir mülki şəxs ölməyib və yaralanmayıb. Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində baş vermiş gərginlik bilavasitə Ermənistanın əvvəlcədən planlaşdırdığı təxribatı idi.

Münaqişənin həlli üzrə danışıqlar prosesinə zərbə vuran bəyanatlarından sonra Ermənistanın münaqişənin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləməyə davam edəcəyi barədə fikirlər səsləndirməsi isə N.Paşinyanın riyakarlğından başqa bir şey deyildir.

Ermənistan baş naziri öz çıxışında, həmçinin Türkiyəyə qarşı əsassız iddialar irəli sürür. Türkiyə bölgədə sabitliyə və təhlükəsizliyə töhfə verən dövlətdir. Türkiyə ATƏT-in Minsk Qrupunun üzv ölkələrindən biridir. Türkiyə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləyir. Azərbaycan və Türkiyənin tərəfdaşlığı və həyata keçirdikləri birgə layihələr regionun inkişafına, sabitliyinə və çiçəklənməsinə xidmət edir.

Bölgədə sülh, sabitlik və təhlükəsizliyə təhdid yaradan isə məhz N.Paşinyan və onun yürütdüyü siyasətdir. Regionda baş vermiş gərginliyə görə bütün məsuliyyət şəxsən N.Paşinyanın üzərinə düşür.

XİN-dən Paşinyana CAVAB

"Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bu ilin 23 iyul tarixində hökumətin iclası zamanı səsləndirilən fikirlər ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə növbəti zərbədir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Bununla, Ermənistanın rəhbərliyi danışıqlar prosesini dayandırmaq istəyir. Onun əvvəlki dövrlərdə də səsləndirdiyi çıxış və bəyanatları göstərir ki, Ermənistan danışıqlar prosesinə qarşıdır, danışıqların formatının dəyişdirilməsi iddiası ilə çıxış edir. Lakin, danışıqların formatı dəyişdirilə bilməz.

Ermənistanın işğalçı və təcavüzkar dövlət olaraq danışıqlara qeyd-şərt qoyması cəhdləri qəbuledilməzdir.

Nikol Paşinyanın çıxışında danışıqların mahiyyətinə zidd şəkildə xalqların öz müqəddəratını müəyyən etməsi prinsipindən danışmasına gəldikdə isə, bu növbəti dəfə danışıqların formatını pozmaq və təhrif etmək cəhdidir.
Ermənistanın bu kimi mövqeyi danışıqlardan boyun qaçırmaq kimi qiymətləndirilməlidir və ATƏT-in Minsk qrupunun həmsədrləri buna müvafiq qiymət verməlidirlər. Həmsədrlər, Ermənistanın danışıqlar prosesini pozan bu açıqlamasına bilavasitə mövqe bildirməlidirlər.

Ermənistan rəhbərliyinin Azərbaycanın guya ki, mülki əhaliyə zərər yetirməsi barədə ittihamlarına gəldikdə xatırladırıq ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanlı etnik təmizləmə törədib və 1992-ci ilin Xocalı qətliamı bütün dünyaya bəllidir. Bu ilin 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı zamanı Tovuz rayonunun kəndlərdəki mülki insanları və obyektləri hədəfə alması və Ağdamlı kənd sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi təcavüzkar ölkənin terrorçu mahiyyətini bir daha ifşa etdi. Ermənistan tərəfində isə heç bir mülki şəxs ölməyib və yaralanmayıb. Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində baş vermiş gərginlik bilavasitə Ermənistanın əvvəlcədən planlaşdırdığı təxribatı idi.

Münaqişənin həlli üzrə danışıqlar prosesinə zərbə vuran bəyanatlarından sonra Ermənistanın münaqişənin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləməyə davam edəcəyi barədə fikirlər səsləndirməsi isə N.Paşinyanın riyakarlğından başqa bir şey deyildir.

Ermənistan baş naziri öz çıxışında, həmçinin Türkiyəyə qarşı əsassız iddialar irəli sürür. Türkiyə bölgədə sabitliyə və təhlükəsizliyə töhfə verən dövlətdir. Türkiyə ATƏT-in Minsk qrupunun üzv ölkələrindən biridir. Türkiyə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləyir. Azərbaycan və Türkiyənin tərəfdaşlığı və həyata keçirdikləri birgə layihələr regionun inkişafına, sabitliyinə və çiçəklənməsinə xidmət edir.

Bölgədə sülh, sabitlik və təhlükəsizliyə təhdid yaradan isə məhz N.Paşinyan və onun yürütdüyü siyasətdir. Regionda baş vermiş gərginliyə görə bütün məsuliyyət şəxsən N.Paşinyanın üzərinə düşür", - XİN rəsmisi vurğulayıb.

ABŞ-ın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.

Bu barədə XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüşdə X.Xələfov ilk olaraq Ermənistanın Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi hərbi təxribat ilə bağlı qarşı tərəfə məlumat verib.

Nazir müavini, ermənilərin sərhəddə törədikləri təxribatın Azərbaycan silahlı qüvvələri tərəfindən iflasa uğradılmasından sonra militarist erməni hakimiyyətinin işğalçı siyasətini gizlətmək üçün dünyanın müxtəlif ölkələrinin əsasən ermənilərin daha sıx məskunlaşdığı şəhərlərində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı hücum və təxribatlara əl atdığını diqqətə çatdırıb.

X.Xələfov bildirib ki, belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. 21 iyul tarixində Azərbaycanın Vaşinqtonda yerləşən Səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib.

Nazir müavini, ermənilərin daha bir təxribat və hücum əməlinin Los Anceles şəhərində baş verdiyini, erməni radikal qruplarının Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq Azərbaycana qarşı aqressiv formada təxribatçı şüarlarla müşayiət olunan etiraz aksiyası keçirdiyini bildirib. Aqressiv erməni nümayişçilərin Baş Konsulluğun önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan Azərbaycan icması üzvlərinə hücum etdiyi və biri qadın olmaqla yeddi nəfər Azərbaycanlının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub.
X.Xələfov qeyd edib ki, ABŞ-da Azərbaycan Baş Konsulluğu qarşısında dinc aksiya üçün yığışmış Azərbaycan icması nümayəndələrinə aqressiv erməni kütləsi tərəfindən edilən hücumun ABŞ polisi tərəfindən qarşısının alınmaması məyusedici haldır.

Nazir müavini əlavə edib ki, milli mənsubiyyətinə görə günahsız vətənpərvər Azərbaycanlılara erməni radikal qrupları tərəfindən polis qüvvələrinin gözü qarşısında hücum edilərək xəsarət yetirilməsi ABŞ-ın nüfuzuna xələl gətirir. Azərbaycan tərəfinin buna qəti etirazını bildirdiyini və öz qanuni vəzifələrini yerinə yetirməyənləri qınadığını deyən X.Xələfov, ABŞ hökumətindən bu cinayətləri törətmiş erməni radikal birləşmələrinin məsuliyyətə cəlb edilməsinin və bu təxribat hadisələrinə hüquqi qiymət verilməsinin tələb edildiyini diqqətə çatdırıb.

X.Xələfov, Səfirlik və Baş Konsulluğumuzun toxunulmazlığı və fəaliyyətinin təhlükəsizliyinin pozulması ilə müşayiət olunan hadisələrin araşdırılmalı olduğunu və təxribat törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıb.

Amerika Birləşmiş Ştatlarının Azərbaycadakı səfiri Örl Litzenberqer qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dolayı dərin təəssüf hissi keçirdiyini bildirib. Los Ancelesdə baş verən təxribatla bağlı danışan səfir, bunun bilavasitə aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirildiyinə dair təkzibedilməz sübutların mövcud olduğunu və dinc aksiya üçün oraya yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb. Örl Litzenberqer, ölkəsində dinc şəkildə söz azadlığı hüququnun dəstəkləndiyini, lakin ermənilərin Los Ancelesdə həyata keçirdiyi aksiyanın qaraguruhdan ibarət olduğunu qeyd edib. Səfir, bunun qəbuledilməz və ABŞ ərazisində baş verməməli bir hal olduğunu ifadə edib.

Səfir, Los Ancelesin yerli hüquq mühafizə orqanları rəhbərliyinin baş vermiş erməni təxribatı və onun qarşısının alına bilməməsindən dolayı üzrxahlıq etdiyini, məsələ ilə bağlı araşdırmaların aparılacağını və müvafiq tədbirlərin görüləcəyini qeyd edib.

Sonda Örl Litzenberqer görüşdə qaldırılan məsələlərin, o cümlədən Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məsələsinin rəsmi Vaşinqton qarşısında qaldıracağını ifadə edib.

“Kimin vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir”

“Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır”.

Bu sözləri Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib:

“Əkin sahələrinin müasir texnologiyalar əsasında suvarılmasına böyük ehtiyac var. Xüsusilə nəzərə alsaq ki, indi biz suya qənaət etməliyik. Ona görə biz bu işlərə xarici mütəxəssisləri cəlb etməliyik. İndi komissiya bu məsələ ilə məşğul olsun və eyni zamanda, biz gərək sahibkarları da həvəsləndirək. Yəni, sahibkarlar üçün həvəsləndirici addımlar atılmalıdır ki, onlar bu müasir texnologiyalara daha da yaxından cəlb olunsunlar. Ola bilər güzəştli kreditlər, yaxud da ki, hansısa imtiyazlar xətti ilə ki, təkcə dövlət öz üzərinə götürməsin. Onsuz da biz lazımi infrastruktur məsələlərini həll edəcəyik. Amma bu, sahibkarların özləri üçün də bir motivasiya yaratsın ki, müasir texnologiyalardan istifadə etsinlər. Burada, əlbəttə, maarifləndirmə işi aparılmalı, təqdimatlar keçirilməlidir, sahibkarlar görsünlər ki, əgər bu texnologiyadan istifadə edəcəklərsə, onda dövlətin güzəştləri nə olacaq və deməli, məhsuldarlıq nə qədər artacaq.

Yeraltı və yerüstü su resurslarının qiymətləndirilməsi məsələsi, hesab edirəm ki, həll olunub. Çatışmayan vəsait tezliklə ayrılmalıdır və həmçinin hidrotexniki qurğuların təftişinə də mütləq xarici mütəxəssislər cəlb edilməlidir.

Əkin sahələrinin suvarılması üçün qrafiklərin tətbiq edilməsi prosesi başlamışdır. Hesab edirəm ki, bu, çox əhatəli bir proses olmalıdır. Ölkə üzrə hər yerdə qrafiklər tətbiq edilməlidir və çox ciddi nəzarət olmalıdır. Bu məsələ həll olunarkən, əlbəttə ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemi ilə də uzlaşdırılmalıdır və fermerlər də buna cəlb edilməlidir. Çünki suların bölüşdürülməsi ədalətli olmalıdır. Yerlərdən gələn bəzi məktublar da göstərir ki, müəyyən hallarda bu ədalət prinsipi pozulur. Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır. Ona görə qrafiklər ədalətli olmalıdır və geniş ictimaiyyət bu işlərə cəlb edilməlidir. Əlbəttə ki, nəzarət mexanizmi olmalıdır. Mərkəzi və yerli icra orqanları birlikdə bu işlərlə məşğul olsunlar”.