Azərbaycan XİN Livana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Livana başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in rəsmi tvitter hesabında paylaşım edilib.

“Beyrut limanında baş verən dəhşətli partlayışlarla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların hamısının tez sağalmasını arzu edirik”,- deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, avqustun 4-də Beyrutda pirotexniki anbarda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan həlak olub, 4 mindən çox insan yaralanıb.

Milli Məclis bu gün toplanır

Bu gün - avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 6 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Əli Əsədovdan sərt karantinlə bağlı əlavə tədbirlər barədə

Baş Nazir Əli Əsədov Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.
Qərarda deyilir:

1. “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 6.1-ci bəndində “Siyəzən, Şəki,” sözləri “Salyan,” sözü ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “Siyəzən, Şəki,” sözləri “Salyan,” sözü ilə və “5 avqust” sözləri “31 avqust” sözləri ilə əvəz edilsin;

1.3. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “1.2. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə xidməti zərurətlə əlaqədar giriş-çıxış aşağıdakı qaydada həyata keçirilir:

2 1.2.1. aşağıdakı şəxslər xidməti vəsiqələri əsasında:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları ezamiyyə vərəqələri olduğu halda;

2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və ezamiyyə vərəqələri olduğu halda Milli Məclisin Aparatının əməkdaşları;

3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

4. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri; 5. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər ezamiyyə vərəqələri olduğu halda;

6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında);

1.2.2. aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri əsasında:

1. bu Qərarın 1.2.1-ci yarımbəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşları; 2. “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllüləri;

3. bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin işçiləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçiləri;
4. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;

1.2.3. kənd təsərrüfatı məhsullarının toplanılması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə 3 məlumatlar (o cümlədən ezamiyyə barədə məlumatlar) işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslər barəsində məlumatlar isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə olunmaqla “icaze.e-gov.az” portalına daxil edilməklə.”;

1.4. 1.3-1.12-ci bəndlər ləğv edilsin;

1.5. həmin Qərara əlavə - “Fəaliyyətinə icazə verilən sahələr”in 6.7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.8-ci bənd əlavə edilsin: “6.8. çimərliklərin fəaliyyəti (hovuzlar, su attraksionları, idman oyunu yerləri və onların ərazisində olan ictimai iaşə obyektlərində yerində xidmət istisna olmaqla).”.

2. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 160 nömrəli Qərarının 1.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:“1.7. çimərliklərin fəaliyyəti.”.

3. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. mətnində “Siyəzən, Şəki,” sözləri “Salyan,” sözü ilə əvəz edilsin;

3.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin;

“2.1. 2020-ci il 8 avqust saat 00:00-dan 2020-ci il 10 avqust saat 06:00-dək, 2020-ci il 15 avqust saat 00:00-dan 2020-ci il 17 avqust saat 06:00-dək, 2020-ci il 22 avqust saat 00:00-dan 2020-ci il 24 avqust saat 06:00-dək, 2020-ci il 29 avqust saat 00:00-dan 2020- ci il 31 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;”;

3.3. 2.2-ci bənddə “5 avqust” sözləri “31 avqust” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Koronavirus (COVID-19) pandemiyası dövründə çimərliklərdə fəaliyyətin təşkilinə dair Tələblər”i təsdiq etsin.

5. Müəyyən edilsin ki, çimərliklərin fəaliyyəti bu Qərarın 4-cü hissəsi ilə təsdiq edilən Tələblərə və “Çimərlik və su istirahət mərkəzlərində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”in tələblərinə uyğun təşkil olunur.

6. Bu Qərar 2020-ci il 5 avqust saat 06:00 tarixindən qüvvəyə minir.

Bu gündən Milli Məclisin növbədənkənar sessiyası başlayırBu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayır.

Parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib.

Bu tələbi nəzərə alan Milli Məclisin Sədri S.Qafarova avqustun 4-dən etibarən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın çağırılması ilə əlaqədar olaraq bu gün – avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclası keçiriləcək. Komitə iclaslarında 2020-ci ilin dövlət büdcəsinin zərfinə daxil olan məsələlər müzakirə olunacaq. Avqustun 5-i, 6-ı və 7-də isə Milli Məclisin plenar iclasları keçiriləcək.

Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılıblar.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətə buraxılmışdı.

Azərbaycan - Türkiyə birgə təlimləri nəyin mesajıdır?

Ermənistanın iyulun 12-dən etibarən Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya atəşlərinin müşayiəti ilə Azərbaycan Ordusunun mövqelərinə hücum cəhdi uğursuz alındı.
Oxu.az xəbər verir ki, Ermənistanın döyüş cəbhəsində, diplomatik sferada və diaspor fəaliyyətində uğradığı ardıcıl məğlubiyyətlər, üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərindən yardım gözləmək cəhdi Yerevanı çətin duruma salır.

KTMT-nin Nizamnaməsinin 7-ci maddəsinə əsasən, quruma üzv dövlətlər təhlükəsizliyə, sabitliyə, ərazi bütövlüyünə, suverenliyə təhlükə yarandıqda kollektiv müdafiə keçirmək hüququna malikdir.

İyulun 13-də Ermənistan tərəfi KTMT-nin iclasına ümidini dikmişdi, belə ki, hərbi qurumun Baş katibi Stanislav Zas Azərbaycan - Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırmışdı. Lakin bir neçə saat keçmiş qurum iclasın vaxtının təxirə salındığını bəyan etməklə, Ermənistana hərbi-diplomatik sahədə zərbə endirdi.

KTMT-nin altı üzvündən üçü, Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə, Belarus isə Qoşulmama Hərəkatı xətti ilə Ermənistanı təcavüzkar kimi tanıyıb Azərbaycana açıq dəstək ifadə edib.

Ümid yenə Rusiyayadır

Kremlin gözündə Nikol Paşinyan mənfi obrazdadır, çünki Ermənistanın baş naziri məxməri inqilabla hakimiyyətə gəldikdən sonra ölkəsinin ağasına qarşı fəaliyyət göstərir.

Gah xarici siyasət trayektoriyasında Qərb tərəfə sürüşmələr çox olur, gah da Rusiyanı qəzəbləndirəcək digər addımlar atılır. Təbii ki, Rusiya da öz forpostunu “cavab atəşi” ilə susdurur, çünki Ermənistana təsir göstərmək üçün Rusiyanın əlində kifayət qədər rıçaqlar mövcuddur.

Ən azından Rusiya Ermənistana satdığı təbii qazın qiyməti ilə təsir göstərir və Paşinyan bir müddətlik də olsa, geri çəkilir, amma əlinə fürsət düşən kimi yenə Moskvaya qarşı “savaş” ritorikasına keçir.

Bununla belə, Ermənistanın yeganə sığınacağı, ümid yeri Rusiyadır, Nikol Paşinyanın quyruğu qapı arasında qalan kimi xarici siyasətdə tərəzinin gözünü Rusiya tərəfə əyir.

Tovuz döyüşlərindən sonra Rusiya ilə Ermənistan birgə hava hücumundan müdafiə sistemi çərçivəsində hərbi təlimlərə başlaması da bunun əyani sübutudur - görünür, Moskva Yerevana yenə yeganə ümid yeri olduğunu xatırladıb.

Təlimlərə Tovuz döyüşlərindən sonra start verilməsi diqqət çəkir, nəzərə alaq ki, Tovuzdakı döyüşlərdə dronların xüsusi çəkisi var idi. Xatırladaq ki, Azərbaycan Ordusu dəfələrlə Ermənistan silahlı bölmələrinə məxsus pilotsuz aparatları məhv edib.

Maraqlı olan budur ki, Ermənistanın və Rusiya hərbçiləri təlimdə şərti düşmənin kəşfiyyat və zərbə dronlarına qarşı mübarizə metodlarını tətbiq edirlər.

Birgə hava hücumundan müdafiə sistemi haqqında müqavilə Ermənistana Rusiyanın qırıcı təyyarələri, S-300 sistemi və Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin kəşfiyyat məlumatlarından istifadə etməyə imkan verir.

Türkiyə ön planda

Lakin bu, Azərbaycanı qəti narahat etmir, Rusiya-Ermənistan təlimlərinə qarşı bəyanatlar səslənmir, çünki burada qeyri-adi bir şey yoxdur. Bununla belə, Türkiyə də Azərbaycanın yanında durduğunu və strateji müttəfiqlik ruhunun xarakterinə uyğun olaraq özünün regional qüvvələr balansında xüsusi çəkisinin olduğunu xatırladır.

Avqustun 1-dən etibarən Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq haqqında sazişinə əsasən, illik plana uyğun olaraq Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Ancaq bunun Tovuz döyüşləri ilə birbaşa əlaqəsi yoxdur, belə ki, Azərbaycanla Türkiyə hər il belə təlimlər keçirir.

Təlimlər iki ölkə arasında hərbi sahədə əməkdaşlıq proqramına uyğun olaraq əvvəlcədən planlaşdırılmış qrafik əsasında baş tutur. Təlimlər Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluğun təzahürüdür.

Bu təlimlər regionda işğalçı doktrina üzrə siyasət yürüdən və hərbi təcavüz həyata keçirən, yeni ərazilər əldə etməyə çalışan Ermənistana ciddi siqnaldır.

Ona görə də Azərbaycanla Türkiyənin hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı regional sülh və təhlükəsizliyin vacib komponenti kimi nəzərdən keçirilməlidir.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 28-də deyib ki, Ermənistanın tətbiq etdiyi siyasət həm bu ölkəni, həm də xalqını dalana dirəyir.

“Onlar bu cür davam edə bilməzlər. Ermənistanın Türkiyəyə münasibətdə məkrli planları, eləcə də, Azərbaycan ərazilərinə təcavüz planları var. Bu, qəbuledilməzdir. Ermənistan qonşuları ilə sülh şəraitində yaşamağı öyrənməlidir. Türkiyə ilə birgə hərbi təlimlər bu cür ölkələrə güclü siqnal ötürəcək”, - deyə H.Hacıyev əlavə edib.

Qardaşlıq müqaviləsinin mahiyyəti

Onu da nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycanın birgə addımları strateji tərəfdaşlıq və qarşılıqlı yardıma əsaslanır, yəni iki dövlət arasında müqavilə var və bunu bütün dünya bilir.

İndi isə Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqaviləyə (2010-cu ilin avqustun 16-da imzalanıb) nəzər yetirək.

Müqavilənin girişində yazılır ki, Azərbaycan və Türkiyə 1994-cü ilin 9 fevralında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u rəhbər tutaraq, habelə 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bəyan edirlər.

Müqavilənin 2-ci maddəsinə əsasən, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə edə bilər.

Eyni zamanda, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədilə bir-birinə qarşılıqlı yardım göstərə bilərlər.

Onu da bildirək ki, yuxarıda adını çəkdiyimiz Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyinin hüquqi təminatlarından biridir.

Ermənistan isə Tovuz döyüşlərinin getdiyi bir zamanda Naxçıvan istiqamətində də təxribatlara əl atdı, lakin hərbi planlar yenə dibə vurdu. Bu mənada, nəzərə almaq lazımdır ki, Türkiyə Qars müqaviləsindən irəli gələrək, Naxçıvan məsələsinə də həssaslıqla yanaşır.

Türkiyə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və bunu praktiki səviyyədə də göstərir. Ona görə də birgə təlimlərin bəzi siyasi spekulyasiyalara yol açması başadüşülən deyil, burada yeni və təəccüblü bir məqam axtarmağa dəyməz.

UFC yarışında qondarma rejimin “bayrağı”qaldırıldı

"UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma “bayrağının” qaldırılması ilə bağlı ölkəmizin ABŞ-ın Los Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən UFC prezidentinə etiraz məktubu göndərilib".

Bu sözləri XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb:

"UFC qaydalarına istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin bayraqlarının nümayiş etdirilməsinə icazə verildiyi qeyd olunaraq, yarışı siyasiləşdirmək cəhdlərinə görə erməni əsilli döyüşçüyə qarşı müvafiq nizam-intizam tədbirlərinin həyata keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması tələb edilib".

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polkovnik-leytenant Erol Əliyev işdən çıxarılıb.

O, Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi təyin olunub.

Qaradağ RPİ-nin İstintaq Şöbəsinin rəisi, polkovnik- leytenant Həsən İsmayılov da Xəzər RPİ İstintaq Şöbəsinin rəisi təyin edilib.

İlham Əliyev Ərdoğanın göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.

Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.

Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
"Əziz həmvətənlərim!

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!"

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində dövlətimizin başçısına və xalqımıza bayram münasibətilə ən xoş arzularını çatdırıb.

Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.

Dövlət başçıları əməkdaşlığımızın müxtəlif sahələrdə uğurlu inkişafının perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.