Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov onun ərizə və teleqramlarla görüş üçün müraciət etmiş Ağdaş, Daşkəsən, Gəncə şəhərlərində müvəqqəti məskunlaşmış məcburi köçkün seçiciləri ilə Gəncə şəhərində qəbul keçirib.

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq sosial izolyasiya qaydalarını gözlənilməklə vətəndaşlarla fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini dinləyib, bəzi müraciətlər yerində cavablandırılıb. Digərləri isə aidiyyatı qurumlarla əlaqəli şəkildə araşdırılaraq nəticəsi haqqında məlumat veriləcəyi bildirilib.

Qəbul zamanı vətəndaşlara ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə koronovirus (Covıd 19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına ciddi şəkildə riayət edilməsi tövsiyə olunub.

İlham Əliyevdən mühüm SƏRƏNCAM
Prezident İlham Əliyev "Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon (dörd milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

“Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm”
“Biz, eyni zamanda, sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur”.

Bu sözləri Prezident İlham Əliyev iyunun 9-da 28 saylı birləşmiş şəhər xəstəxanasının nəzdindəki modul tipli xəstəxananın açılışında çıxış edərkən deyib.

“Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”, - deyə dövlət başçısı əlavə edib.

Karantin cərimələrini ödəmək istəməyənlərə xəbərdarlıq! | marja.az

Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla karantin rejiminin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.

Bundan əvvəl isə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idi.

Baş nazirin qərarı ilə karantin rejiminin pozulmasına görə cərimələr də bu təsnifata salınıb.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib - AZƏRTAC ...

Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür edib.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

“Əziz vətəndaşlar!

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan edilmişdir.\

Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza görə, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk!

Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz.

İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbr və təmkini nümayiş etdirərəcəksiniz.

Bir daha təşəkkür edirik!”, - deyə təşəkkürdə bildirilib.

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Daxili işlər orqanlarında yeni təyinat olub.

Oxu.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xaçmaz rayon qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Müşfiq Sadıqov vəzifəsindən azad edilib.

Onun yerinə bu vəzifəyə polis kapitanı İslam İsmayılov təyin olunub. O, daha əvvəl müəssisənin dövlət avtomobil müfəttişi vəzifəsində çalışıb.

Nazirin növbəti əmri ilə polis polkovnik-leytenantı Müşfiq Sadıqov isə Şəki regional imtahan-qeydiyyat və texniki baxış şöbəsinə rəis təyin edilib.

İyunun 13-ü, 14-ü və 15-də də qadağa tətbiq olunacaq

"Həftəsonu qadağalarının iyunun 13-ü, 14-ü və 15-də də tətbiq olunması nəzərdə tutulur".

Bunu Baş Nazir Əli Əsədov deyib.

Baş Nazir qeyd edib ki, xüsusi karantin qaydalarının yumşaldılmasından sonra əhali tələbləri daha çox pozub: “Ona görə də virusa yoluxanların sayında ciddi artım oldu.

Odur ki, vəziyyəti öz axarına buraxa bilmərik və qərara alındı ki, qəti sərt tədbirlər görülsün. Digər şəhərlərdə də yoluxma halları artarsa izolyasiya tədbirlərinin orada da tətbiqi həyata keçiriləcək”.

Ülvi Quliyev: “Karantin rejiminin sərtləşdirilməsi vətəndaşın sağlamlığının qorunmasına xidmət edir”
Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu karantin rejiminin sərtləşdirilməsi Azərbaycan vətəndaşının sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Milli Məclisin sədri Sahibə Qafarova koronavirus pandemiyası ilə bağlı respbulikada yaranmış son durumla bağlı rəsmi Facebook səhifəsində müraciət edib.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili  Ülvi Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, son günlərdə ölkədə koronavirus epidemiyasına yoluxma hallarının dinamikasına nəzər  saldıqda xoşagəlməz bir mənzərə ilə rastlaşırıq. “Bu da ondan ibarətdir ki,  infeksiyaya yoluxanlarla sağalanların dinamikası  arasında ciddi fərq yaranmaqdadır. Baxmayaraq ki, pandemiya başladığı ilk zamanlarda  cənab Prezidentin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində həm epidemiya yoluxma halları nəzarət altına alındı, həm də   əhalinin sosial təminatı istiqamətində ciddi  uğurlu addımlar atıldı. Azərbaycan iqtidar-xalq birliyi nəticəsində dünyada  koronavirusa qarşı  mübarizə aparan ən nümunəvi ölkələrdən biri oldu. Epidemiayay yoluxma  halı minimum endi.  Azərbaycan təcrübəsi  digər ölkələrdə istifadə olunmağa başladı. Bunu nəticəsi olaraq  mayın əvvəlindən etibarən  ölkədə karantin rejimi yumşaldılmağa başlanıldı. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız karantin rejiminin yumşaldılması zamanı laqeydlik və məsuliyyətsizlik nümayiş etdirərək qaydaları pozaraq, ona riayət etmədi. Bundan sonra  vəziyyət yenidən mənfiyə doğru getməyə başladı. Vətəndaşdan fərqli olaraq dövlət  hər zaman olduğu kimi bu dəfə də üzərinə düşən vəzifəni layiqincə icra etmək  və prosesi nəzarətdə saxlamaq üçün koronavirusla bağlı vəziyyəti diqqətdə saxladı, vətəndaşları davamlı olaraq pandemiyadan qorunma qaydalarına və tövsiyyələrinə əməl etməyə çağırdı. Hətta xəbərdarlıq etdi ki, vəziyyət nəzarətdən çıxa bilər, ikinci dalğa geri qayıda bilər.  Acı nəticələr yaşana bilər. Lakin vətəndaşlarımız edilən bu çağırış və xəbərdarlqılara yenə də   əhəmiyyət verməyərək, məsuliyyətsiz davranışlarını davam etdirdilər. Çox təəssüf ki, zamanında əldə edilən uğurları qoruyub saxlamağa və tamamilə bu bəladan qurtulmaq mümkün olmadı. İndi də onun cəmiyyət olaraq hamımız acı nəticələrini yaşamaqdayıq”- deputat qeyd edib. 

Millət vəkili əlavə edib ki, baxmayaraq cənab Prezident və Birinci vitse-prezident xalqa müraciətlərində vətəndaşları nizam-intizam qaydalarına riayət edərək, məsuliyyətli olmağa çağırış etdi: “Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident  Mehriban xanım Əliyeva bu müddət ərzində bütün fəaliyyətlərini  insanların sağlamlığının müdafiəsinə yönəltdi. Ən çətin anlarda vətəndaşın yanında oldu və fəaliyyətləri ilə sübut etdilər ki,  yürütdükləri siyasətin mərkəzində ancaq və ancaq vətəndaş amili, onların sağlamlığı, təhlükəsizliyinin təmin olunması dayanır. Bunun əvəzində biz nə etdik?  Prezident və Birinci vitse-prezidentin çağırışına səs verib, onlara dəstək olub, real əməllərimizlə üzləşdiyimiz problemdən xilas olmaq əvəzinə, vəziyyəti  daha da  mürəkkəbləşdirdik. Ona görə də məcburi formada vətəndaşlarımızın sağlamlığının müdafiəsini təmin etmək üçün qaydaları sərtləşdirmək yolunu seçdi. Heç olmasa indi vətəndaş olaraq cəmiyyət qarşısındakı məsuliyyətimizi dərk edib qaydalara və tövsiyyələrə riayət etməklə üzləşdiyimiz bu bəladan xilas olaq.

Hər bir şəxs sosial məsuliyyətdən irəli gələn  vəzifəsini  dərk edərək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməklə, başqalarını da bu cür davranmağa dəvət etməlidir. Çünki hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. O baxımdan da   hökumətin karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərarı xalqımızın sağlamlığının təminatı  cəhətdən mühüm və zəruri addımdır”. 

“Biz rus deyilik ki, 50 nəfərlə toy edək?” Ümummilli arqumentimiz belədir. Bəli, etiraf edim ki, çox uğurlu arqument gətiriblər. “Şadlıq evləri” gəlirsiz qalıb, müğənnilər toysuz, mollalar yassız qalıb. Mərasim evləri artıq dolub-daşmır, adamlar hüzrlərini 10-15 adamla yığışıb təmtəraqlı məclislər olmadan keçirirlər. Hamını düşündürən bir ümidverici tarix var: bəlkə gələn ay, bəlkə də o biri ay vəziyyət düzəldi. Böyük çoxluq həvəslə əvvəlki adətlərə qayıtmaq eşqində. Ancaq virisun islah olunmaq fikri üfüqdə görünmür, proses uzandıqca əsəblər daha da gərilir. Virus öz inadında, azərbaycanlılar da öz inadında.

Bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, virus gələcəyi yenidən qurmağa çağırış edir, azərbaycanlılar da bir neçə ay öncə yaşadıqları və uzun illərdir yaşatdıqları adətlərə, vərdişlərə qayıdış üçün həsrət çəkirlə: ” Anlaşılandı, bir şadlıq evində hamı dolanırdı: müğənnidən başlamış qabyuyana qədər, aşbazdan tutmuş “Limuzin” sürücüsünə qədər. Gəlini bəzəyən də, bəy tərifi edən də dolanışığını bunun üzərində qurmuşdu. Bazar şadlıq evləri ilə kəsirini doldururdu, bir çox insan qidasını mərasim evlərindən qayıdan aşla təmin edirdi. Tamadası da, mollası da, xidmətçisi də, zirzəmidə saxta araq dolduranı da, çöldə dayanacağa baxanı da zəncirvari formada birlikdə göstərdikləri yaxşı-pis xidmətə görə bir qismət çörək qazanırdı. Anlaşılan bir gerçək var ki, bütün bu qazancların hamısı toy və ya yas sahibi sayılan Azərbaycan vətəndaşının aldadılaraq soyulması hesabına baş verirdi. Ancaq bu soyulmaq və aldadılmaq da məcburi şəkildə olmurdu, vətəndaş özü də bu soyulmaqdan və aldadılmaqdan xoşallanırdı. Hələ burası bir yana dursun, uzaq məmləkətlərdən böyük məbləğlər ödəyərək müğənni gətirirdi ki, desinlər adam prestij sahibidir. İndi birdən-birə virusin təhdidi ilə hamımızın həyatı sadələşib”.

Deputatın fikrincə, bu o deməkdir ki, artıq şadlıq evlərinin funksiyası dəyişməlidir: “Bir çox insanlar yeni ixtisasa keçməlidirlər, çünki bu xidmət sahəsinin yaxın zamanlarda arzulanan gəlirləri olmayacaq. Bu, eyni qaydada mərasim evlərinə də aiddir. Virusa yoluxma təhlükəsinə görə bir yerə toplaşmaq imkanı olmayacaq, bu o deməkdir ki, tədbirləri təxirə sala-sala getmənin də ağlabatan izahı yoxdur. Ən ciddi sosial gərginliyin bir mənbəyini də burada axtarmaq lazımdır. Burada dövləti narahat edən ən başlıca məsələ xeyli sayda vətəndaşın məşğulluqla və gəlirlərin aşağı düşməsi ilə bağlı problemlər yaşamasıdır. Odur ki, dövlət bu qəbildən olan vətəndaşlarını sıxıntıdan qurtarmaq üçün məşğulluqla bağlı şəbəkələşməni gücləndirməlidir, yeni iş yerlərini açmağa çalışan sahibkarları stimullaşdırmalıdır. Özəl sektorun alternativlərini artırmaq üçün inhisarçılığın hasarlarını söküb atmaq zərurəti hər kəs tərəfindən anlaşılmalıdır. İndi “biz rus deyilik ki, toyumuzu 50 nəfərlə keçirək”, yaxud da “biz iranlı deyilik ki, yasımızı məsciddə sadə formada keçirək” deyən azərbaycanlılar əslində bu məsələdə milli dirənişin öncülləri sayıla bilərlər. “Danabaş kəndinin məktəbi”ndə də böyük Mirzə Cəlil belə bir ifadəni məhz yüz ilin, yüz əlli ilin sonrasını düşünərək yazmışdı ki; “biz rus deyilik ki, uşaqları uşqola verək”. Bəlkə biz sadələşmək üçün bir az rus olaq, ağlımızı işlətmək üçün bir az yəhudi olaq, intizamlı olmaq üçün bir az alman olaq, yüksək əxlaqi dəyərləri əxz etmək üçün bir az yapon olaq, yaxşı-pis gözüyumulu Çingizxan yasasına tabe olan monqol olaq! Yuxarıdan bir az aşağı enək, görək axı bu millətlər niyə hər dəyişim prosesini bizdən erkən anlayaraq yaşam şərtlərini dəyişə bilirlər, yeni dövrün çağırışlarını dərhal duya bilirlər, bizsə inadla öz keçmiş və faydasız vərdişlərimizi yenidən dirçəltmənin hesabını aparırıq”.

İldən-ilə boşanmaların sayının artmasına diqqət çəkən Fazil Mustafa qeyd edib ki, insanlar öz maddi xoşbəxtliyini başqasına hansısa təmtəraqlı formada nümayiş etdirməyə aludə olduqlarından, çox vaxt ailənin ruhani mahiyyətini diqqətdən kənarda saxlayırlar: “Bu isə qısa müddət sonra dünyagörüşlərin təzadını ortaya qoyur və ailələr dağılır. Bu məmləkətdə ildən-ilə erkən yaşda xəstəliklərdən ölənlərin sayı artır. Düşürəm ki, insanlar öz yaşamını, qidasını, ünsiyyətini, sadələşdirə bilmədiyinə görə, əsəbin, gərginliyin, qohum, övlad yükünün ağırlığı altında əzilərək yaşamaqdan yorulurlar. Bir çox ağır xəstəliklərin mənbəyi bu stresdir, bu intriqalardır, bu paxıllıq simptomlarıdır. İndi uzun müddət – bir aymı, on aymı, bir ilmi – bəlli deyil, virusla dost kimi görüşüb düşmən kimi mübarizə aparmaq məcburiyyətini anlamış durumdayıq. Heç nəyi təxirə salmamalıyıq, yeni şərtlərə uyğun yolunu tapmalıyıq, kimsə yasda qarnını doyurmadığınıza görə sizdən inciməyəcək, kimisə toya çağırmadığınıza görə giley etməyəcək, elə fürsət düşmüşkən yeni və daha sadə adətlərin əsasını qoyaq, özümüzü gərginlikdən çıxaraq. Bu kimi yeniləşmə məsələlərində keçici də olsa rus olmağı gözə almağa dəyər, məncə…” (teleqraf.com)

Baş Nazir televiziya vasitəsilə xalqa müraciət edəcək
Bu gün Baş Nazir Əli Əsədov dövlət televiziyasında çıxış edəcək.

Çıxış Azərbaycan Televiziyası (AzTV) vasitəsilə saat 14:00-da yayımlanacaq. Qeyd edək ki, iyunun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqdə koronavirus infeksiyasına yoluxmanın artması ilə əlaqədar Azərbaycanda yenidən məhdudlaşdırmanın tətbiqinə başlanılacağı bildirilib.

Qeyd olunub ki, Baş Nazirin çıxışında məhdudlaşdırmanın detalları ətraflı şəkildə elan ediləcək.